1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Böyük qrupda təsviri fəaliyyət təliminin məzmunu



Yüklə 301,97 Kb.
səhifə30/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   26   27   28   29   30   31   32   33   ...   64
tesviriince

14.Böyük qrupda təsviri fəaliyyət təliminin məzmunu.

Məktəbəqədər tərbiyə müəssisələrində təsviri fəaliyyət məşğələlərinin şagirdlərin inkişafinda böyük əhəmiyyəti var. Təsvirlər uşaqları ətraf aləmdə yaxşı istiqamətlənməyə, öyrənilən əşya və hadisələrin xüsusiyyətlərini daha dəqiq müəyyən etməyə və qiymətləndirməyə kömək edir. Uşaqlarda əşya və hadisələri təhlil etmək və ümumiləşdirmək onların əlamətlərini müəyyən etmək və fərqləndirmək (məsələn, uzunluğunu, enini, formasını, hündürlüyünü, müddətini), onlar arasındakı qarşılıqlı əlaqəni müəyyən etmək bacarığı inkişaf edir. Buna əsasən əşyaların arasında həcminə, hündürlüyünə, qalınlığına əsasən münasibətlərlə yanaşı əşyaların hissələrinin də hündürlüyə, formaya və yerləşməyə əsasən münasibətlərin də verilməsini öyrətmək mümkün olur. Əşyaların bu xüsusiyyətlərini yapmada, rəsmdə və aplikasiyada verə bilmək üçün uşaqlar yeni biliklər əldə edirlər. Fəzada yerləşmə (yuxarıda, aşağıda, yanlarda, ortada, sağda, solda); hündürlük dərəcəsi (hündür, daha yüksək ,ən yüksək); uzunluq (daha uzun, ən uzun). Bu məqsədlə təsvirdən əvvəl əşyaları nəzərdən keçirərək onları bir-biri ilə müqayisə etməyi, həmçinin bir əşyanın hissələrini fərqləndirməyi öyrənirlər.

Uşaqlar üçün bir əşyanın digəri ilə müqayisəsi onların hissələrinin müqayisəsindən daha asandır. Ona görə də hər şeydən əvvəl müxtəlif hündürlüyə, enə, uzunluğa malik eynitipli əşyaların (məsələn, müxtəlif hündürlüklü bir neçə ağacın, bir neçə binanın və ya bir neçə adamın) və s. yapılması, təsviri, yapışdırılması təklif olumalıdır.

Məşğələdən əvvəl müşahidə üçün əşyaları seçərkən tərbiyəçi böyük oyuncaq it və balaca küçük, böyük və balaca dovşan, böyük və balaca gəlincik götürə bilər. Cox şeyi- ağacları, binaları, müxtəlif quşları, insanları- uşaq bağcasının sahəsində, gəzinti zamanı, küçədə asanlıqla görmək olar. Əşyalar arasında özü görə bilməyi, onları müqayisə etməyi uşaqlara öyrətmək lazımdır.

Artıq orta qrupda uşaqlar sadə insan təsvirini, dördayaqlı heyvanların, quşların, balıqların, binaların, bəzi nəqliyyat növlərinin, ağacların və s. sadə təsviri üsullarını mənimsəyirlər. Böyük qrupda bu əşyaların təsviri üsulları dəqiqləşir.

Əgər uşaqlar əvvəl insanın başını dairəvi, donunu və ya kürkünü bitişik çəkirdilərsə, artıq baş oval formalı, bədən isə yuxarı və aşağı hissələrə ayrılır. Bunu daha yaxşı idman paltarında- mayka və ya futbolkada, yubka və ya tumanda olan uşağın təsvirində göstərmək olar. Başın həcmi koftanın uzunluğuna, əllər və ayaqlar isə bədənə nisbətdə götürülür (əllər tumanın axırına qədər, ayaqlar bədən uzunluğunda).

Əgər dirsəkdən bükülmüş əlləri təsvir etmək lazımdırsa, uşaqların diqqətini dirsəyin donun kəmər yerinə və ya köynəyin bitdiyi və yubkanın (şalvarın) başladığı yer səviyyəsində olmasına yönəldilir. Belə müqayisəni uşaqlar yaxşı başa düşür və bu məsələnin təcrübi həllinə kömək edir. Köynəyin dördbucaqlıya yaxın forması, çiyinlərin və qolların birləşmə yerlərini müəyyən etməyə kömək edir. Yubka aşağı doğru enərək çəkilir və ya kəsilir. Əgər uşaqlara don geyinmiş gəlincik və ya qız çəkmək təklif olunubsa, onlar bədənin deyil, donun formasını verirlər.

Uşaqların sifətin hissələri haqqındakı təsəvvürlərinin dəqiqləşdirilməsi üçün kitab illüstrasiyalarını nəzərdən keçirmək yaxşı olar. Bu zaman rəssamların gözləri, saçları müxtəlif təsvir etməsinə baxmayaraq yerləşdirilməsinin həmişə eyni olduğuna diqqət vermək lazımdır.

Heyvan hissələri arasında münasibəti uşaqlar yapmada daha yaxşı görə bilirlər. Böyük qrup uşaqları dördayaqlı heyvanların ayaqlarının cütlərlə - ikisi qabaqda, ikisi arxada-yerləşməsini asanlıqla mənimsəyirlər. Bədən qabaq və arxa ayaqlar üzərində “yerləşir”. Baş bədəndən yuxarıda yerləşir və boyunla ona birləşir (bəzi heyvanların boynu qısa, digərlərinin uzun olur). Dördayaqlıların sifəti qabarıq olduğundan onların başı uzunsov oval şəklindədir. Tədricən uşaqlar müxtəlif heyvanların-dovşanın, itin, tülkünün, ayının və s. sifətinin yapılması üsullarını mənimsəyirlər.

Təlim prosesində tərbiyəçi uşaqların diqqətini müxtəlif heyvanlar arasındakı oxşarlığa və fərqlərə o zaman yönəldir ki, onlar bir dördayaqlının təsviri üsullarını mənimsəyərək onu yapa, sonra isə istənilən heyvanı şəkildəki rəsmlə, oyuncaqla və s. müqayisədə təsvir edə bilsinlər. Beləki, uşaqlar it yapdıqdan sonra “Mən itlə gəzirəm” (və ya digər oxşar mövzularda) şəkil çəkdikdən sonra onlara seçim üzrə istənilən heyvanı yapmağı təklif edin. Uyğun oyuncaqları seçin, müxtəlif heyvan təsvirləri olan şəkilləri stolun üstünə və ya dayağa elə yerləşdirin ki, hamı onu görə bilsin. Onları yaxşı-yaxşı nəzərdən keçirməyi təklif etdikdən sonra bu heyvanların oxşarlığı haqda soruşun. Uşaqlar onların bədən quruluşunun oxşarlığını və eyni hissələrin olduğunu qeyd etdikdən sonra onlar arasındakı fərqi soruşun. Uşaqlar bədən formalarının proporsiyalarının müxtəlifliyini, başqalarının fərqliliyini, ayaqların, quyruğun, qulaqların qalın və nazikliyini görə bilirlər.

Oyuncaqları nəzərdən keçirdikdən sonra uşaqların yadına salın ki, onlar artıq it yapması zamanı heyvanları necə yapmaq lazım olduğunu öyrəniblər. İndi yadda saxlamaq lazımdır ki, kim hansı heyvanı yapacaq və onun oxşar olmaması üçün xüsusiyyətlərini verməyə çalışmalıdır. Uşaqlar artıq mənimsənilmiş təsviri üsullardan istifadə edirlər (çəkilmə, qoparma və s.).

Bu metodika üzrə məşğələlər il ərzində təkrarlanır, ancaq tərbiyəçi təsvir üçün başqa heyvanlar seçir. Təbiət haqda hekayələrin, şeirlərin, heyvanlar haqda nağılların məzmunu, gəzinti, ekskursiyalar zamanı müşahidələr, ev və vəhşi heyvanların təsviri, onların xüsusiyyətlərinin dəqiqləşməsi üçün zəngin vəsait verir.

Yapma və rəsm üçün mövzunu seçərkən, onların həmçinin, quruluşunun hissələrinin formalarının müxtəlifliyi haqda dəfələrlə danışmaq və izah etmək lazımdır. Bunlar uşaqların işlərinə gerçəklik və ifadəlilik verəcək.

Canlıları təsvir edərkən uşaqlar adətən dairəvi formalar verirlər. Düzbucaqlı forma- binaların, mebellərin, maşınların müxtəlif növ nəqliyyatın əsasıdır.

Maşınları, nəqliyyat növlərini uşaqlar küçədə müşahidə edir, oyuncaqlarda, şəkillərdə və fotoşəkillərdə nəzərdən keçirirlər. Tərbiyəçi uşaqlara avtomobilin əsas hissələrini-qabaq hissəni (motor olan) sürücünün kabinəsini, kuzovu (yük maşınının) və ya salonu (sərnişinlər üçün kiçik və ictimai nəqliyyatda) izah edir. Sonra uşaqlar müxtəlif yük maşınlarının kuzovunun müxtəlifliyini, kiçik maşınların, avtobusun xüsusiyyətlərini, qatar və vaqonların avtomobillərdən və.s quruluşca fərqləndiyini qeyd edirlər. Müxtəlif növ yerüstü nəqliyyatın təsvirini uşaqlar aplikasiyada və rəsm üsulları ilə yaradırlar. Maşınların, vaqonların forma və quruluşunu aplikasiyada vermək daha asandır. Ona görə də əvvəlcə uşaqlara qatar, avtobus, trolleybus və ya yük maşınını kəsib yapışdırmaq təklif etmək olar.

Orta qrupda uşaqlar düzbucaqlı və kvadratın künclərini dairəvi edərək düz xətt üzrə, oval və dairəvi formaları kəsməyi öyrəniblər-deməli bu və ya digər hissənin kəsilməsi üsulunu birbaşa nümayiş etdirmək lazım deyil, yada salmaq isə vacibdir. Əgər müəyyən olsa ki, uşaqların çox hissəsi maşının ayrı-ayrı hissələrini necə kəsmək lazım olduğunu dəqiq təsəvvür edə bilmir, uşaqlardan birinə (kimə inanırsınızsa) bunu necə etmək lazım olduğunu göstərməyi təklif edin.Uşağın nümayişi izahlı olmalıdır. Əgər uşaq bunu kifayət qədər dəqiq edə bilmirsə, ona kömək edin: söz nümayişi daha yaxşı anlamağa, təsvir üsullarını dərk edərək mənimsəməyə kömək edir.

Uşaqlar tərəfindən tapşırığın yerinə yetirilməsi zamanı müəllim formanın, hissələrin dəqiq verilməsinə, onların əsas hissəyə nisbətən düzgün yerləşməsinə diqqət verməlidir. Ola bilər ki, uşaqlardan kiməsə kömək lazım olsun :yada salmaq, məsləhət vermək, ola bilər ki hətta nümayiş göstərilsin.

Tərbiyəçi uşaqların müşahidəçilik və hər şeyi öyrənmək həvəsini inkişaf etdirərək onları əvvəllər çəkmədikləri və yapmadıqları əşyaların təsviri üsullarının müstəqil axtarışına yönəldir. Belə müstəqil axtarışlarda müəllimin uşaqlara köməyi köməkçi suallarda, əşyaları digərləri ilə müqayisə etmək təklifindən (tanış olmayanları məlum olanlarla) ibarətdir. Böyük qrupda uşaqlar bir neçə hissədən ibarət müxtəlif formalı və həcmli əşyaları təsvir etdiyi, aplikasiyada yerinə yetirə bildikləri üçün onlara həm əşyanı bütövlükdə, həm quruluş hissələrini, həm də onların yerləşməsini təsəvvür etməyi öyrətmək vacibdir. Təsvirin ölçüsü vərəqin həcminə uyğun olmalıdır: böyük vərəqdə iri təsvirlər vermək lazımdır ki, heç nə ilə bəraət qazandırılmayan boş yerlər qalmasın.Uşaqlara verilən tapşırıqdan asılı olaraq rəsm və aplikasiya üçün müxtəlif ölçülü vərəq seçmək faydalıdır.

Böyük qrupda rənglərin adlarının dəqiqləşdirilməsi və rəng təsəvvürlərinin zənginləşdirilməsi ilə yanaşı yeni məsələ qoyulur - rəngləri qruplara ayırmaq və qrupları bir-biri ilə fərqləndirmək. Uşaqlar parlaq (spektral) və tünd rəngləri-qara, boz, qəhvəyi fərqləndirir; ağ-olduğunu görür; bəzi rənglərin parlaq (dolğun) və açıq ola biləcəyini başa düşməyə başlayırlar.

Tərbiyəçi uşaqların aplikasiyada, rəsmdə rənglərdən necə istifadə etməsinin passiv müşahidəçisi olmamalıdır, lazım gəldikdə isə uşaqların diqqətini təsvirin rəng həllinə yönəldir, onları konkret halda hansı rəngli boyanı və kağızı seçmək lazım olduğu haqda düşünməyə vadar edir.

Tez-tez uşaqlardan rəng uyğunluğu haqda soruşmaq lazımdır: ”Belə gözəl görünürmü?” Bu zaman tərbiyəçinin xoşuna gələn uyğunluğu təkid etmək lazım deyil; uşaqlara üstünlük verdiyi rəngi seçmək imkanı vermək lazımdır.

Formanın, quruluşun, proporsiyanın gözəlliyini qeyd etmək uşaqlar üçün çətindir və onların zövqü hər şeydən əvvəl məhz rəng uyğunluğunun seçimində özünü göstərir. Zövqü tədricən, yaxşı nümunələrdə, uşaqların təsviri sənət əsərləri ilə tanışlıqda tərbiyə etmək lazımdır. Xətt və formanın, rəng seçiminin gözəlliyi dekorativ tətbiqi sənətdə özünü parlaq göstərir. Uşaqları xalq dekorativ-tətbiqi yaradıcılığı ilə, gil oyuncaqlarla, sonra bəzi sadə dekorativ kompozisiyalı ağac üzərində naxışlarla tanış etmək çox yaxşı olar.

Ölkəmizin istənilən vilayətində məşğələlərdə istifadə edilə biləcək xalq tətbiqi incəsənət əsərlərinin sevimli növləri var. Uşaqlara xalq oyuncaqları daha yaxındır. O, həm yapmada, həm də rəsmlərdə öz əksini tapır.

Ətraf aləmdə paltar, məişət əşyaları, binalar, maşınlar alışdığımız rənglərlə boyanıb. Uşaqlar daha müxtəlif rənglərdən istifadə edirlər, onları ahəngli, parlaq rənglər cəlb edir. Uşaqları ənənəvi rənglərdən istifadə etməyə məcbur etmək olmaz; gəmilər, təyyarələr, avtomobillər, binalar uşaqların rəsmlərində parlaq və müxtəlif rəngdə ola bilər. Uşaqlar təbiətlə tanış olarkən hadisələrin müəyyən rəngə malik olduğunu görürlər, ancaq bununla yanaşı bu rənglərin dəyişkən olduğunu da hiss edirlər: səmanın və suyun rəngi müxtəlif hava şəraitində dəyişir, yarpaq və otların rəngi ilin müxtəlif fəsillərində dəyişir, hətta günəş axşam və səhər öz rəngini dəyişə bilir. Uşaqlar 5 yaşından sonra əşya və hadisələrin daimi xüsusiyyətləri ilə yanaşı onların dəyişkənliyini də görüb, anlayır və öz yaradıcılığında əks etdirə bilirlər. Hər şeydən əvvəl bu rəngə, həcmə, hissələrin yerləşməsinə aiddir. Müəllim uşaq müşahidələrini rəğbətləndirməli, uşaqların diqqətini səmanın, suyun, bitkilərin rənginin təbiətin vəziyyətinə, ilin fəsillərinə və s. səbəblərdən dəyişməsinə yönəldir.

Aplikasiya məşğələlərində uşaqlar oncə sadə simmetrik əşyaların kəsilməsini mənimsəyirlər, sonra onlara daha mürəkkəb təsvirlər, kəpənəklər, böcəklər və.s təklif etmək olar. Müxtəlif əşyaların, insanların və heyvanların təsviri bacarıqlarına mənimsənilməsi uşaqlara nağılların, mahnıların, şeirlərin və hekayələrin məzmununu əks etdirmək imkanı verir. Bununla yanaşı hər dəfə uşaqlarla söhbətdə personajların və onların hərəkətlərinin səciyyəvi xüsusiyyətlərini müəyyən etmək, həmçinin onların nisbi həcmi və bir-birinə nisbətən yerləşməsini yada salmaq lazımdır. Buna fikir verilməzsə uşaqlar süjet yaradarkən personaqların həcm münasibətlərini yaddan çıxarır və verilən süjetin, hadisənin ifadəsi üsulları haqda fikirləşmirlər. Kiçik və orta qruplarda rəsm və yapma yolu ilə bunları ifadə etməyi bacarmayan uşaqlar təsvirləri hekayə ilə tamamlamağa, məzmunu sözlərlə izah etməyə öyrəniblər. Böyük qrupda isə rəsmlərə aplikasiya və yapmaya baxdıqda hər şeyi başa düşmək üçün obrazların həllində ifadəliliyi əldə etməyə çalışmaq lazımdır.

Uşaqlarla məşğələnin sonunda işlərini müzakirə etmək əvvəlkindən artıq əhəmiyyət kəsb edir. Uşaqların işlərinin təhlilini məşğələ bitdikdən sonra yada salmaq deyil, ona hazırlaşarkən nəzərdə tutmaq lazımdır. Xüsusilə də uşaqlara trafaret suallar vermək lazım deyil: burada nə təsvir olunub? Sənin daha çox nə xoşuna gəlir? və s. Təhlilin müəyyən məqsədi olmalıdır və tərbiyəçi uşaqların fikirlərinə rəhbərlik edərək onu əldə etməyə çalışmalıdır. İş onda deyil ki, işə görə bəzi uşaqlar danlanıb, digərləri təriflənsin. Uşaqlara görülən işin keyfiyyəti və tamlığı haqda fikir yeritməyin, nəyin onların fikrincə uyğunsuz alındığını seçə bilməyi öyrətmək lazımdır (bu zaman heç də həmişə uşaqların adını çəkmək lazım deyil). Bir neçə işi sadalayaraq, onların uğurlu və uğursuz həllini qeyd etmək lazımdır. Tərbiyəçinin tapşırıqlarını yerinə yetirməklə yanaşı yeni fikirləri də böyük uğur kimi qiymətləndirmək uşaqlarla birlikdə buna sevinmək lazımdır. Obrazın rəsm və yapmada ifadəliliyini qeyd etmək xüsusilə vacibdir. Əgər buna ciddi diqqət yetirilərsə uşaqlar özləri ifadəli elementləri görməyə başlayacaqlar.

Uşaqların işinə rəhbərlik ancaq məşğələnin əvvəlində nəyi necə etməyi izah etməklə deyil bütün məşğələ boyu həyata keçirilir. Bununla yanaşı həddən artıq himayə etmək və hərəkətləri nizama salmaq olmaz. Müxtəlif məşğələlərdə müəllimin davranışı müxtəlifdir, ancaq o həmişə kənar müşahidəçi deyil təsvir prosesinin fəal iştirakçısı olmalıdır.

Bəzən elə olur ki, uşaqlardan kimsə təsvirə daxil etdiyi əşyanın görünüşünü yaddan çıxarır. Tərbiyəçi uyğun şəkil və ya oyuncağa baxmağı məsləhət görə bilər. Lazım olan rəng çalarının olmaması isə çaşdırır. Onu yaratmağı təklif etmək lazımdır. Uşaq çətinlik çəkərsə ona kömək etmək və ya başqa uşağı buna cəlb etmək lazımdır. Kimsə çox kiçik təsvir yaratmağa başlayır-bunun düzəldilməsinə nail olmaq lazımdır. Beləliklə, yalnız uşaqların qarşısında məsələ qoymaqla yanaşı, müxtəlif üsullar tətbiq etməklə bütün uşaqları onun həllini təmin etməklə hər kəsin fəaliyyətinə rəhbərlik etmək vacibdir. Hər məşğələdə 2 məsələ qoyulur: uşaqlara yenilik öyrətmək və əldə edilən bilik-bacarıqları möhkəmləndirmək, həmçinin müstəqillik və təşəbbüs göstərmək üçün şərait yaratmaq lazımdır. Elə məşğələlər olur ki, yeni heç nə öyrədilmir, ancaq əldə edilmiş bacarıq və vərdişlər əsasında ətrafdakıların təsviri və ya dekorativ iş təklif edilir. Bu halda uşaqlardan bütün mənimsənilənlərin yaradıcı tətbiqi tələb olunur.

5-6 yaşlı uşaqlar yalnız rəngli karandaşlar və quaşla təsvir etmirlər: yeni vəsaitlər tətbiq edilir: akvarel, rəngli növlü mellər, sadə, qrafit karandaş (o kifayət qədər yumşaq olmalıdır ).

Akvarel boyalarla təsvir xüsusi üsulların mənimsənilməsini tələb edir: işə başlamazdan əvvəl boyaya təmiz su damcısı çiləyərək onları isladırlar, bu zaman fikir vermək lazımdır ki, uşaqlar fırçanın ucu ilə boyalara toxunmasınlar, çünki yumşaq boyalar asanlıqla bir-birinə keçir və ləkələnirlər. Onda rəsmdə təmiz rəng alınmaz. Uşaqlara boyanı səliqəli fırşaya yığmağı, digər rəngli boyadan istifadə etməzdən əvvəl fırçanı yumağı öyrətmək lazımdır. Akvarellə iş təsvirdən əvvəl rəngin yoxlanılması boya və su əlavə etdikdən sonra kağız üzərində təsvirə keçmək vacibliyi ilə bağlıdır. Rəsmin rənglərinin təmiz olması üçün uşaqlara məşğələ ərzində tez-tez suyu dəyişməyi öyrətmək lazımdır. Eyni zamanda nəzarət etmək lazımdır ki, əgər uşaqlar eyni rəngli boya ilə işləyəcəklərsə fırçanı yumasınlar.

Böyük və hazırlıq qruplarında uşaqlar hissələrinin tamlıq təşkil etdiyi düzbucaqlı kontura malik əşyaları, məsələn, güldan, keramik fiqurlar və s. təsvir edirlər. Əgər uşaqlar mürəkkəb formalı əşyaları hissələrlə hər hissənin daha sadə formasını verərək məsələn, heyvanın bədənini, başını, pəncələrini, quyruğunu ayrılıqda təsvir edirdilərsə, indi onlara konturu tam olaraq əşyanı və onun hissələrini bir xətlə çəkməklə təsvir etməyi öyrətmək olar. Ancaq bunun üçün rəsm prosesində təsvir olunan əşyanın konturunun istiqamətindən asılı olaraq əlin sərbəst dönməsini seçmək lazımdır. Bu vərdiş əşya və dekorativ rəsmdə tədricən formalaşır (müxtəlif istiqamətli qövslərin, dalğalı xətlərin, müxtəlif buruqların təsviri).

Böyük qrupda uşaqlara hərəkəti proporsiyaya uyğun formanın ölçülməsinə tabe etməyi öyrətmək lazımdır (müxtəlif hissəli və həcmli əşyaların təsviri zamanı hərəkətin idarə edilməsi). Bu bacarıq müəyyən qədər dairə və ovalın təsvirinin öyrənilməsi zamanı formalaşmağa başlayıb (orta qrupda). Böyük qrupda parçanın uzunluğunun və formanın həcminin fərqini verə bilmək bacarığı əşyaların proporsiyaları haqda bəzi biliklərin mənimsənilməsi ilə bağlıdır. Uşaq forma əmələ gətirən hərəkətləri yerinə yetirməyi bacarmadan bu hərəkətlərin müddətini tənzimləyə bilməz. Məhz buna görə də hərəkətin təsvirin parçalarının və hissələrinin ölçülməsini böyük qrupda forma əmələ gətirən hərəkətlər mənimsənildikdən sonra formalaşmağa başlayırlar.



Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə