gördünüz. Ah! Onu tanımaq sizin üçün qətiyyən çətin olmadı, bundan ötrü xüsusi səy və bəsirət
tələb
olunmurdu. Heyhat! Ərinizin üzündəki ifadəyə diqqətlə baxmaq kifayət idi – əriniz həmin qadına öz
baxışlarıyla sığal çəkirdi. O, qadınla mümkün qədər az danışmağa çalışırdı, lakin onlar, guya, bilmədən,
təsadüfən bir-biri ilə qarşılıqlı mübadilə aparırdılar – gah güclə seziləcək baş yelləməklə, gah zorla
nəzərəçarpacaq təbəssümlə. Elə düşünürdülər ki, heç kəs heç nə görmür, amma siz hamısını ürək
ağrısıyla görürdünüz axı! Ev sahibəsi sizə bildirdi ki, Başqa qadın özü sizinlə görüşmək istəyib.
– Nəyə görə?
– Bilmirəm… o, sizin haqqınızda çox şey eşidib… və sizinlə tanış olmaqdan ötrü ürəyi gedirdi.
Öz müsahibinizin saxta və laqeyd tonundan siz dərhal başa düşdünüz ki, o da hər şeyi bilir. Siz eyni
vaxtda həm sarsıldınız, həm də dilxor olub çətin vəziyyətə düşdünüz – hər şeydən əvvəl də ona görə ki,
bu qadın sizin şəxsi ərinizi əlinizdən almağı özünə rəva görmüşdü. Özünüzə bu məsələdə hesabat
vermədən siz artıq çoxdan elə fikirləşirdiniz ki, əriniz təkcə sizə məxsusdur, düşünürdünüz ki, o, sizin
bir parçanızdır. Sizin gözlərinizdə o artıq başqaları kimi sərbəst adam deyildi, yox, o, sanki, sizin
cisminizə çevrilmişdi. Ona görə də Başqa qadının onu sizdən qoparmağa – eynən sizin əlinizi kəsib
qopartmaq, yaxud nişan üzüyünüzü oğurlamaq kimi – heç bir haqqı yox idi.
Sizi həmçinin o da çətin bir duruma salmışdı ki, Başqa qadın eyni vaxtda həm sizin xəyalınızda
yaratdığınız surətə uyğun gəlirdi, həm də özgə cür idi. Və doğrudan da, ərinizin yeni fikir və
cəhdlərinin, hətta yeni sözlərinin mənbəyini dərhal aydın eləmək üçün ona qulaq asmaq kifayət idi.
Qadın atlar və cıdır barəsində danışırdı, sizin ərinizdə yaxın vaxtlardan bu qədər qeyri-adi maraq
doğurmuş kitabların müəlliflərindən sitatlar gətirirdi. Amma siz onu da gördünüz ki, Başqa qadın heç
də sizin qədər cavan, açıq söyləsək, heç də sizdən qəşəng deyil. Düzdür, onun alnı gözəl, gözləri
ifadəlidir. Amma elə olanı budur. Onun ağzı sizə şəhvani və vulqar göründü. Danışığı canlı olsa da,
duzlu deyildi və sizi çox tez darıxdırdı. «Görəsən, bunda nə tapıb axı?» – siz çaşqın halda özünüzdən
soruşdunuz.
Evinizə qayıdandan sonra siz dərhal ərinizin üstünə atıldınız:
– O ər-arvad cütlüyü kim idi? Sən onları haradan tanıyırsan?
– İşgüzar münasibətlərdir, – əriniz mızıldandı və söhbətin mövzusunu dəyişmək istədi.
Amma siz onu təngə gətirməkdə israrlı idiniz.
– Mən o qadında xoşagələn bir şey görmədim. Hər şeydən göründüyü kimi, yamanca özündən
müştəbehdir, amma düzünə qalsa, bundan ötrü heç bir xüsusi əsası yoxdur.
Əriniz səbrini basmağa cəhd göstərdi, ancaq onun marağı elə güclü idi ki, özünü saxlaya bilməyib sizə
zidd getməyə başladı.
– Mən heç də sənin kimi düşünmürəm, onun barəsində ayrı fikirdəyəm, – əriniz laqeyd görkəm almağa
çalışaraq sizə cavab verdi, – o, gözəl və çox məlahətli qadındır.
– Gözəldir! Sən, yəqin, onun ağzına fikir verməmisən!
O, hiddətlə çiyinlərini çəkdi və bir qədər özündənrazı halda cavab verdi:
– Əksinə, mən onun ağzının necə olduğuna çox yaxşı fikir vermişəm!
Siz ümidsizlik içində ağına-bozuna baxmadan rəqibi alt-üst eləməkdə (siz belə düşünürdünüz) davam
etdiniz. Yorğun və üzücü səhnələrdən sonra əriniz də, siz də yalnız gecə saat ikidə yuxuya getdiniz.
Səhər əriniz sizə qarşı çox soyuq idi.
– Mən naharı evdə etməyəcəyəm, – o dedi.
– Niyə?
– Ona görə ki, mən naharı evdə etməyəcəyəm, vəssalam. Mən hələ ki öz başımın ağasıyam, ya yox?
Onda sizə çatdı ki, qabaqcadan böyük səhvə yol vermisiniz. Aşiq olmuş kişini sevgilisi barədə pis fikir
söyləməklə ondan ayırmaq olmaz. Qadın onun gözündə gözəldir; siz deyəndə ki, bu, belə deyil, o,
özünün aldandığını yox, onu fikirləşir ki, siz, sadəcə, həqiqətin gözünə düz baxmağı bacarmırsınız, ən
başlıcası isə – bunu eləmək istəmirsiniz, çünki son dərəcə qısqancsınız. Biz hələ bu barədə danışacağıq.
Əlvida.
BAŞQA QADIN HAQQINDA
İkinci məktub
Siz ağıllı qadınsınız və təhlükəni lazımınca dəyərləndirdiniz. Ah! Sizin birinci niyyətiniz onların
həyatını dözülməz etmək oldu. Fikirləşdiniz ki, ərimi özümmü izləməyə başlayım, yoxsa bunu bir ayrı
adama həvalə edim? O qadının da əri var, özü də, yəqin, heç nədən şübhələnmir. Bax elə onun
ürəyindəcə həyəcan qığılcımı oyatmaq və arvadının hər addımına göz qoymağa onu məcbur etmək
lazımdır – bundan asan nə var ki? Lakin tək qaldıqda siz uzun müddət kədərli düşüncələrə qərq
oldunuz.
«Hə, mənim qısqanclıq üçün bütün əsaslarım var və mən onların həyatını zəhərləməyi bacararam.
Amma bununla nəyə nail olacağam? Ərimin gözündə mən onunçün dünən axşamkı ərəfədə olduğu
kimi – təəssüf doğuran bir əngəl, bir zəhlətökən, hətta bir ifritə kimi qalacağam. Hər necə olsa da, bu
vaxtacan onu mənimlə birgə xatirələr, birgə vərdişlər və – belə düşünürəm ki! – səmimi duyğular
bağlayırdı. O, mənim qarşımda öz günahını hiss edirdi, mənim iztirab çəkməyimdən özü də əzab
çəkirdi və məni sevgidən məhrum etməyə hazırlaşdığı üçün mehriban davranışıyla qismən
mükafatlandırmağa çalışırdı.
Hazırlaşırdı?.. Yalnız hazırlaşırdı? Onun dözüb durmadığını hələ heç nə sübut eləmir. Bu qadın,
göründüyü kimi, o qədər də sərbəst deyil; ərim ondan da betər. Ola bilər ki, onlar hələlik yalnız
gəzintilərlə, barda ara-sıra söhbət etməklə kifayətlənirlər… Əgər mən onu acıqlandırsam, ona mənim
əsirim olduğunu hiss etdirmiş olaram, birdən onun da ağlına gələr ki, məndən ayrılsın. Hərgah qadın da
həmin fikrə düşsə, kim bilir, bəlkə, onda məsələ daha yoğunlayar, onlar daha uzağa gedərlər. Ola bilər
ki, bizdə iş heç ayrılmağa qədər gedib çıxmasın, amma ehtiyatsız hərəkətə yol verməklə mən öz əlimlə
ailəmizi dağıtmış olaram, halbuki bunun əvəzində bir qədər təmkinli olsam…»
Amma elə bu yerdəcə yeni hiddət dalğasından sizin ürəyiniz sancmağa başladı.
«Amma hər necə olsa, bu necə də haqsızlıqdır, xalis haqsızlıq! Mən bütün həyatımı ona gözüyumulu
şəkildə vermişəm. Toyumuzdan sonra başqa kişilərə mən heç gözümün ucuyla da baxmamışam. Onlar
mənə nəsə düz-əməlli kimi görünməyiblər, hamısı məni yalnız ərimə faydalı olduqları dərəcədə
maraqlandırıb, vəssalam... Amma mən haqlıydımmı? Bununla öz ərimə mənim tərəfimdən tam
arxayınlıq hissi təlqin etməmişdimmi?.. Rəfiqələrim məni tez-tez xəbərdar edirdilər: «Ehtiyatlı ol…
Kişilər daim maraq və həyəcan hiss etməlidirlər. Əgər sən ərin üçün sirr olmaqdan çıxsan, onda bu sirri
başqa yerdə axtaracaq…» Halbuki mənim əlimdə bu çox asan iş idi, elə indi də onun qəlbində
qısqanclıq doğurmaq mənimçün sadə məsələdir… Özü də heç bir səfeh hərəkətə yol vermədən – sadəcə,
başqa kişilərin zərif etiraflarına bir qədər az biganəlik göstərməklə… Onun bir neçə dostu hələ də
mənim nazımı çəkməyə girəvə gəzir. «Axşam sizin evinizə baş çəkmək olarmı?» – onlar soruşurlar. –
«Jak işgüzar səfərdə olduğu müddətdə sizi teatra apara bilərəmmi?» Mən həmişə boyun qaçırtmışam,
ərimə sadiq qalmağı özümçün biryolluq qət etmişəm. Bəs əgər mən o təklifləri qəbul etsəydim və o da,
öz növbəsində, mən sarıdan yüngülcə əzab çəksəydi, bəyəm bu hərəkətlər ona xatırlatmazdımı ki, onun
arvadı da başqa kişilərdə maraq doğura, o da başqalarına xoş gələ bilər?»
Əlbəttə ki, bu planı başınızdan çıxarmağa sizin ağlınız çatdı. Bu çox axmaq və təhlükəli plan idi.
Axmaq idi ona görə ki, heç bir halda öz təbiətinə zidd getmək olmaz. Ər nə qədər günahkar olsa da, siz
onu sevirdiniz, ərinizin dostlarına isə bir qədər artıq sərbəstlik versəniz, onlar çox tez bir zamanda
özlərinə qarşı sizdə ikrah doğurardılar. Təhlükəlidir ona görə ki, ərinizin reaksiyasının necə olacağını
təxmin etmək mümkün deyil. Sizin əyləncənizdən ehtiyat etmək üçün əlində əsas olduqda o, peşmanmı
olacaqdı, tövbəmi edəcəkdi – necə biləsən? Tərsinə alınmazmı? Başqa qadının dərdindən divanə kimi o
fikirləşə bilər: «Arvadım üçün daha da pis! İndiyəcən mən ona rəhm edirdim. Amma əgər o özü bizim
ailəmizi xilas etməyə çalışmırsa, onun nazı ilə oynamaq heç lazım da deyil. Bir-birimizi bu yükdən
azad edək».
İşvəkarlıq ikiağızlı xəncərdir. Bu silah onunla yöndəmsiz hərəkət edən, səriştəsiz davranan adamı
yaralayır. Siz bunu anladınız. «Bəs necə hərəkət etməli?» – təklikdə nahar edərkən hələ də acı