Qax rayon Mədəniyyət və Turizm Şöbəsi mks-nin Metodiki-biblioqrafiya şöbəsi Nizami Gəncəvi – 875



Yüklə 62,32 Kb.
tarix26.11.2017
ölçüsü62,32 Kb.
#12764

Qax rayon Mədəniyyət və Turizm Şöbəsi

MKS-nin Metodiki-biblioqrafiya şöbəsi

Nizami Gəncəvi – 875

(Metodiki vəsait)

Qax-2016
NizamiGəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri.

Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin qızıl fondunun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Nizami Gəncəvi-875
Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) — dünya şöhrətli Azərbaycan şairi və mütəfəkiri,Azərbaycan ədəbiyyatının və dünya ədəbiyyatının ən görkəmli nümayəndəsi.

Həyatı

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir.

Nizami Gəncəvi təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Ölüm günü

Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda olan yazı onun qriqorian təqvimi ilə 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyini güman etməyə əsas verir.



Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. Qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını "Leyli və Məcnun", əsərində özünə qüsur tutmuş, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunmuşdur:

Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.
Nizami Gəncəvi

Nizami Gəncəvi Gəncədə anadan olub. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.


Lirikası

2013-cü ildə Zəncan Universitetinin professoru, azərbaycanlı alim Hüseyn Türksoy Misirin Xədəviyyə kitabxanasında, Nizami qovluğunda Nizami Gəncəviyə aid olduğu iddia edilən azərbaycanca-türkcə divan nüsxəsi tapmışdır. Prof. Sənan İbrahimov divana ön söz yazaraq, onu transliterasiya edib, nəşr etdirmişdir

Nizaminin iqtisadi fikirləri

Nizami Gəncəvinin iqtisadi fikrini araşdırmaq və sistemə salmaq üçün onun fikir dünyasını bütövlükdə dərk etmək, yaşadığı ictimai-iqtisadi mühitə yaxından bələd olmaq tələb olunurdu. Bunun üçün nizamişünaslığa dair əsas mənbələrlə tanış olmadan, fəlsəfi, əxlaqi və bədii görüşlərini öyrənmədən, onun "Xəmsə" boyu sənədləşmiş iqtisadi ideya və fikirlərini araşdırmaq çətin olardı.

Artıq XII əsrdə Azərbaycanda iqtisadi fikir və ideyalar özünün yüksək inkişaf səviyyəsinə çatmışdır.28 N.Gəncəvi (1141-1209) əmək və sərvət haqqında mükəmməl təlim yaradır. Bu təlimə görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. Dahi söz ustası böyük mütəfəkkir şairimiz N.Gəncəvi əməyin yüksək nətiçələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması ideyasını hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması fikri, əmək adamının daima öz baçarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür.

Dahi mütəfəkkir alimimiz N.Gəncəvi alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsindən bəhs edir, tələb və təklifin əmtəələrin bazar qiymətlərinə təsirini aydın təsvir edir.

XII əsrdə N.Gəncəvi Azərbaycanda pul sistemi haqqında, ümumiyyətlə pulun sosial-iqtisadi təbiəti haqqında mükəmməl elmi fikir və təsəvvürlər yaradır.

N.Gəncəvinin "Xəmsə"sində səpələnən xüsusi forma və üsulunda ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın nəzərə çarpır. Bu baxımdan onun irsinin tədqiqi göstərir ki, Nizami Gəncəvi çox zaman humanizm və demokratizmi dahi mütəfəkkirin iqtisadi ideyalarının da əsasını təşkil edir. Nizami Gəncəvi çox hallarda əməyə, sərvətə, mübadiləyə, pula, bölgü və istehlaka öz əxlaq fəlsəfəsi mövqeyindən yanaşmışdır. Əmək və əməkçi surətləri (obrazları) demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini təşkil edir.

Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin nəzəri-iqtisadi ideyaları onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiyyətin ictimaiiqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymətli fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və s. haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiymətli töhfədir.

N.Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iqtisadi fikir tariximizin ən qiymətli inciləridir. N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoyduğu vəzifəni "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə şərəflə yerinə yetirmişdir.

N.Gəncəvinin "Xəmsə"sində: "Sirrlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" kimi böyük əsərlərində özünün dünyagörüşünü, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqları, onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirlərini poetik formada əks etdirmişdir. O yazır: "Yeni tarixlərdən ziyadə Yahudi, Nəsrani (xristian) və Pəhləvi tarixini aradım...., hər dildə olan xəzinələri topladım".

Böyük mütəfəkkir şairimizin "Dünyanın ucqarlarına dağılmış kitabları, Ərəb və Dari dilində deyilmiş sözləri, Buxari və Təbərinin əlyazmalarını... müxtəlif evlərin (sarayların) xəzinələrində saxlanılan əsərləri topladım, öyrəndim, "nə qədər gizli və dərin elmlər vardırsa" hamısından xəbərdar oldum və varlıqların sirrini axtarmağa başladım".

N.Gəncəvi öz yüksək bilik səviyyəsi və yiyələndiyi dillərin vasitəsilə Şərqin böyük mütəfəkkirlərinin: Əl Fərabi, İbn Sina, Biruni, Əl Kindi və başqa görkəmli alimlərin əsərləri ilə tanış olmuş, antik, hind və yunan fəlsəfəsini və mədəniyyəti mənimsəmişdir. Buna görə də o dahi şair olmaqla yanaşı öz dövrünə qədər və öz zəmanəsində mövcud olan əsas bilik sahələrinə: tarix, fəlsəfə, məntiq, ilahiyyət, astranomiya, kimya, fizika və s. dərindən bələd olan və bunlardan bəşəriyyətin faydalanması üçün

yollar arayan böyük mütəfəkkir alimdir.

N.Gəncəvinin əsərlərində insan, onun dünyada yeri və rolu, insanın insana, insanın cəmiyyətə və onu əhatə edən təbii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər əsas yer tutur. Onun nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, o öz dövrünün mühüm ictimai, iqtisadi və siyasi hadisələrinə, bu hadisələrin cərəyan etdiyi mühitə biganə qalmamışdır.

Dahi Nizami özünün dərin müşahidəçilik qabiliyyəti və elmi müşahidələri sayəsində XII əsrdə Azərbaycanda və ona qonşu olan ölkələrdə mövcud olan ictimai-iqtisadi quruluşun xarakterini və ziddiyyətlərini açıb göstərməyə çalışmışdır. Onun "Xəmsə"si əvvəldən axıradək yaşadığı dövrün ictimai, iqtisadi, sosial və mənəvi problemlərin

həllinə, öz xalqının və bütün bəşəriyyətin əzab-əziyyətdən, ictimai bərabərsizlikdən xilas olması məsələlərinə yönəldilmişdir. O. keçmişdən danışarkən öz dövrünün ictimai quruluşuna və üsul-idarəsinə qarşı açıq və kəskin etirazlarını bildirmiş və cəmiyyətin gələcəyinə nikbin nəzərlərlə baxmışdır. Buna görə də N.Gəncəvinin yaradıcılığı öz aktuallığını itirməmiş, bəşər sivilizasiyasına 900 ilə yaxındır ki, xidmət etmiş və indi də etməkdədir.

N.Gəncəvinin iqtisadi ideyaları onun Azərbaycan iqtisadi fikrinin inkişafında tutduğu yer xüsusi və geniş tədqiqat obyekti olmamışdır. Lakin bu mövzuda ilk təşəbbüsü unudulmaz görkəmli iqtisadçı alimimiz, respublikada mühasibat və təhlil nəzəriyyəsinin əsasını yaradan mərhum prof. Ə.Q.Fərəcovun 50-ci illərdə yazdığı bir neçə məqalə və 1956-cı ildə nəşr olunmuş «Nizaminin iqtisadi görüşləri haqqında»kı 50 səhifəlik kitabçası vardır. Görkəmli alimimiz Ə.Fərəcovun dahi mütəfəkkir şairimiz

N.Gəncəvinin iqtisadi görüşləri haqqındakı ilk təşəbbüsü təqdirəlayiqdir və Azərbaycan iqtisadi fikir tarixinin yazılması və öyrənilməsi üçün də əhəmiyyətlidir. Bunu da qeyd etməliyik ki, Ə.Fərəcovun əsərində N.Gəncəvinin iqtisadi görüşlərinin yalnız bir qismi işıqlandırılmış, onun iqtisadi hadisələr və proseslər haqqındakı elmi ideyaları tam əhatə olunmamışdır. Həmin kitabçada istər-istəməz dahi Nizamiyə və onun iqtisadi ideyalarına yalnız marksizm-leninizm metodologiyası baxımdan yanaşılmışdır. Buna görə də bütövlükdə Nizami irsinə və onun bizim üçün tədqiq olunması ən çox vaçib olan iqtisadi-nəzəri ideyalarına obyektiv və qərəzsiz yanaşılması yenidən müstəqillik qazanmış Azərbaycanımızın bazara keçid dövrünün başlıca tələblərindən biridir.

Bunu da qeyd etməliyik ki, N.Gəncəvinin «Xəmsə»sində səpələnən, xüsusi forma və üslubla ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın formada nəzərə çarpır. Buna görə də dahi mütəfəkkir şairimizin irsinin tədqiqi göstərir ki, onun humanizm və demokratizmi iqtisadi baxışlarının da əsasını təşkil edir. İqtisadi-nəzəri və tarixi araşdırmalar mövqeyindən yanaşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haqqında irəli sürdüyü fikir və ideyalar çoğdaş dövrümüzdə də çox mütərəqqi və öz aktuallığını itirməyən bir sistem haqqında ifadə edilmişdir.

N.Gəncəvinin «Xəmsə»sindəki iqtisadi fikir və ideyalar yaşadığı dövrün ictimai-iqtisadi quruluşunun, ən çox feodalizm dövrünün tənqidi təhlili və ifadəsi kimi meydana çıxmışdır. O, ən çox feodal mülkiyyət formaları, ondan doğan ziddiyyətlər, vergi sistemi haqqındakı fikirlər öz əksini tapmışdır. Elə buna görə də şərq dünyasına məxsus xüsusiyyətlərə malik olan feodal mülkiyyət formalarına qısa nəzər salmadan N.Gəncəvinin bu sahədə irəli sürdüyü iqtisadi fikirləri dərk etmək çətindir.

Tarixi mənbələrdə və N.Gəncəvinin əsərlərində verilən məlumatlara görə o dövrdə vergilərin çox olduğu aydın olur ki, bu da vergilərin miqdarı, növləri və toplama formaları haqqında müxtəlif fikirlər söyləməyə əsas verir.

Bu da məlumdur ki, Nizaminin yaşadığı dövr (XII əsr) Azərbaycanda və eləcə də Yaxın və Orta Şərq ölkələrində intibah (renessans) dövrü adlandırılmışdır. Bu dövr Şərqdə ondan xeyli əvvəl başlamış və N.Gəncəvinin yaşadığı XII əsrdə özünün ən yuksək inkişaf mərhələsinə çatmışıdır ki, bu dövrdə intibahın ən böyük simalarından biri N.Gəncəvi olmuşdur. İntibah adlandırılan həmin dövr elmin, sənətin və mədəniyyətin geniş vüsət alması və çiçəklənməsi dövrü kimi səciyyələndirilir.

N.Gəncəvi «Xəmsə»də daxili və xarici ticarət mənbələrinə, onların inkişafına və aparılması qayda-qanunlarına dair qiymətli fikirlər söyləmişdir. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara şərait və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edir. Həm də onların dükanlarını, mallarını oğru-quldurlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir. Bunu nəzərdə tutub yazır ki, «Bu çartı-bazarla mən necə dükan qurum ki, oğru-quldurdan amanda qalım. Kimin bu çartı-bazarda dükanı

varsa, onu hər tərəfdən yarıb oğurlayıblar. Əgər oğru aparandan səs-səmir çıxmadısa, demək oğru tutan darğanın əli mala çatıb».35 Bununla da o, xarici ticarətlə məşğul olan tacirlərdən danışarkən yenə də onların hüquqlarının müdafiə olunmasını xatırladan, yollarda qarşılaşdıqları təhlükədən xilas olmaq üçün tədbirlər görülməsini vacib hesab edirdi.

N.Gəncəvi ölkələr və xalqlar arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin mütərəqqi yolunu düzgün qiymətləndirərək deyir ki, «Dünya al-ver siyasətində çiçəklənməyə başlanmışdır». Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin yaşadığı doğma Gəncə şəhəri o dövrdə Qafqazda deyil, həm də yaxın və Orta Şərqin ən böyük və

sənətkarlığın, tiçarətin, mədəniyyətin yüksək inkişaf etdiyi mərkəzlərdən biri idi. 1139-cu ildə baş verən fəlakətli zəlzələdən əvvəl və şəhərin bərpa edilməsindən sonra onu görən və ya tarixi materiallara istinad edərək Gəncəni təsvir edən tarixçilərin və səyyahların əsərlərində orada iqtisadi və mədəni həyatın yüksək inkişafından, gözəl tikililərindən, ətrafında göz oxşayan bağ-bağçalarından, əhalisindən, xoş və mülayim iqlimindən danışılır. O dövrün məşhur Ərəb tarixçisi İbn-əl-Əsir (1160-1234) Gəncəni Arranın anası və mərkəzi adlandırmışdır. O qeyd edirdi ki, 1139-cu ildə (sentyabrın 30-da) Arranın da digər vilayətlərində baş verən dəhşətli zəlzələdən ən çox dağıntıya və insan tələfatına məruz qalan şəhər olmuşdur. Bu zəlzələ nəticəsində təxminən 230 minə qədər insan, o cümlədən, Gəncə hakimi Qara Sunqurun 2 oğlu tələf olmuş və külli miqdarda saraylar, evlər dağılıb batmışdır.Bunlardan Müşdəsəsid Bəhruzə məxsus olan böyük istehkam, zəngin xəzinə və əmlak da dağılmış və

xarabalıqlar altında qalmışdır.

Beləliklə, dahi mütəfəkkir N.Gəncəvinin iqtisadi fikir və ideyaları, onun «Xəmsə»sindəki iqtisadi baxışları sistem halında yaşadığı ictimai iqtisadi quruluşun tənqidi təhlili və ifadəsi kimi meydana çıxmışdır. Onun bu sahədə söylədiyi fikir və ideyaların «Xəmsə»boyu səpələnmiş beyitlərdə, misralarda yaratdığı çox saylı obrazların deyimlərində iqtisadçıların adət etmədiyi bir tərzdə açıqlanır və nəticədə onun baxışları bir sistem halında müəyyənləşir. Buna görə də o dövrdə iqtisad elmi olmadığını, iqtisadi fikrin başqa elm sahələri tərkibində inkişaf etdirilməsini nəzərə alaraq dahi mütəfəkkir şair N.Gəncəviyə haqq qazandırmaq və qiymət vermək olar.

Dünya səviyyəsində tanınması



20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırib.

Hazırladı: MKS-nin metodisti Əfəndiyeva Leyli.
Yüklə 62,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə