və hansı hərəkəti etdiyini ölçüb-biçir. Ən yaxşı tamaşalar – bilərəkdən hazırlanan
və incə şəkildə
oynanılan tamaşalardır. Bu tamaşanı təkcə qadınlar oynamırlar. Dahi sərkərdələr – Napoleon, Liote –
nadir hallarda, yalnız buna zərurət olduqda hirslənib özlərindən çıxırdılar. Amma bu vaxt onların
hiddəti bütün çərçivələri uçurub dağıdırdı! Bərk hiddətlənmiş vəziyyətdə Liote öz marşal kepini yerə
çırpmış və sonra da ayaqlamışdı. Həmin günlərin birində o, hələ səhər erkən öz çaparına demişdi:
– Mənim köhnə kepimi mənə gətir.
Ondan nümunə götürün. Öz hiddət və qiyamınızı mühüm şəraitlər üçün qoruyub saxlayın: öz göz
yaşlarınızın keşişi olun. Tamaşalar nadir olduqda effekt doğurur. Az qala, hər gün ildırımlar guruldayan
ölkələrdə onlara heç kim fikir vermir. Özümdən misal gətirmək istəmirəm. Təbiətim etibarilə mən az
hiddətlənən, gec qıcıqlanan adamam, lakin mənim də ildə bir və ya iki dəfə özümdən çıxmağım olur –
aşkar ədalətsizlik və cahillik əndazəni aşanda, məni adi sakitlikdən məhrum edib təbdən çıxaranda.
Belə günlərdə ətrafımdakı adamların hamısı mənə güzəştə gedir. Gözlənilməzlik – qələbənin
girovlarından biridir. Tamaşalar az, lakin parlaq olmalıdır, xanım. Əlvida.
QIZIL MİSMAR HAQQINDA
Nəhayət ki, siz mənə cavab verdiniz! Əlbəttə, aydındır ki, adınızı bildirmədən. Naməlum qadın
mənimçün naməlum olaraq da qalır. Amma indi mənə ən azından sizin xəttiniz tanışdır və bu xətt
mənim xoşuma gəlir. Düz, aydın, oxunaqlı hərflər – ədəbli, nəzakətli, abırlı bir adamın xətti və həm də
abırlı bir qadının xəttimi? Ola bilsin! Mümkündür! Amma öz məktubunuzda siz mənə qeyri-adi bir
sual verirsiniz.
«Artıq beş ildir ki, – siz öz məktubunuzda yazırsınız, – mənim həssas və ağıllı bir dostum var. O,
demək olar ki, hər gün mənim yanımda olur, hansı kitabları oxumağım barədə, teatrda hansı tamaşalara
baxmağım haqda mənə məsləhətlər verir, bir sözlə, mənim asudə vaxtımı xoş bir tərzdə doldurmağa
çalışır. Biz heç vaxt dostluq sərhədlərindən kənara çıxmırıq; onun məşuqəsi olmağa mənim
meylim-həvəsim yoxdur, lakin o, buna cəhd edir, inad göstərir, az qala, məni didib-parçalayır; o
təsdiqləyir ki, məndə məğrurluq ehtirasdan çoxdur və o, bundan dözülməz dərəcədə əziyyət çəkir; deyir
ki, bu vəziyyət uzun müddət davam edə bilməz və günlərin bir günü mənimlə görüşməyə son qoya
bilər. Bu şantajın qarşısında güzəştə getmək lazımdırmı? İyrənc, amma düzgün sözdür, çünki çox
gözəl bilir ki, onun dostluğu mənimçün zəruridir. Bir halda ki o, nəsə başqa şeyə cəhd edir, onda,
görünür, mənim dostluğumu yetərincə qiymətləndirmir – belə deyilmi?..»
Xanım, mən bilmirəm siz Sent-Bövün «Qızıl mismar» povestini oxumusunuz, ya yox? O, bu povesti
ondan ötrü yazıb ki, sizinlə münasibətdə olan dostunuz kimi eyni münasibətdə olduğu bir qadını fəth
etsin. Bir qədər ovçu Dianaya uyğun gələn, uşağı olmayan və öz yaşından cavan görsənən füsunkar
gənc qadın sevginin sonuncu bəxşişindən imtina etməklə onu olmazın əzablara düçar etmişdi; o, ən
usta fəndlərlə arzuedilən lütfkarlığı əldə etməyə can atırdı. «Çoxdan tanıdığın və sevdiyin otuz beş-qırx
yaşlı qadına – qoy lap bircə dəfə olsun! – sahiblənmək elə bir şeydir ki, mən həmin şeyi dostluğun
ikilikdə vurulmuş qızıl mismarı adlandırıram».
Sent-Böv belə hesab edirdi ki, bu «qızıl mismarla» bənd edilmiş zəriflik sonradan insanın bütün ömrü
ərzində, sadəcə, minnətdarlıq, dostanə bağlılıq, yaxud maraqların birliyi əsasında yaranmış
hissiyyatdan daha etibarlı qalır. Öz fikrinin təsdiqi üçün o, XVIII əsrin gözəl bir yazıçısının sözünü
misal çəkirdi: «Hansısa on beş dəqiqə çəkən intim yaxınlıqdan sonra bir-birini hətta sevgiylə də deyil,
ən azından cazibə ilə doyduran iki adam arasında elə bir etibar, elə bir ünsiyyət rahatlığı, bir-birinə
qarşı elə bir incə diqqət yaranır ki, belə bir şey heç onillik möhkəm dostluqdan sonra da peyda ola
bilməzdi».
«Qızıl mismarın» bu problemi indi sizin də qarşınızda durur, xanım. Mənim başa düşdüyümə görə,
sizin dostunuz da sualı eynən Sent-Bövün Sofi Luvre d’Arbuvil dövründə qoyduğu kimi qoyur;
şıltaqlığı ona daim məmnunluq bəxş edən (ola bilsin, hətta buna görə özünə hesabat verməyən), lakin
onu doydurmayan işvəkar bir xanımla rastlaşmaqla kişi, həqiqətən də, Tantal əzabları çəkir. Amma hər
necə olsa da, mən «qızıl mismara» inanmıram. İlk təcrübə nadir hallarda ən uğurlusu olur. Belə ki, bu
cür mismarlarla dolu bütöv bir taxta parçası tələb olunur.
Doğrusuna qalsa, əgər sizin dostunuz özünün təsdiq elədiyi kimi belə dözülməz əzablara məruz qalıbsa,
onda gərək sizin müqavimətinizi çoxdan dəf edəydi. Qadınlar dost kimi qalmağın mümkün olduğu
həssas kişiləri intuitiv şəkildə hiss edirlər. Hərçənd bu, onların özlərini hətta bir qədər təəccübləndirir
(bir ingilis xanım platonik məhəbbətin mahiyyətini belə izah etmişdi: «Qadın kişinin nə istədiyini
anlamağa can atır, halbuki kişi heç nə istəmir»), amma hər necə olsa, onlar tamamilə məmnundurlar
və hətta yaranmış vəziyyətdən sui-istifadə edirlər. Lakin əsl sevgilinin peyda olması yetər ki, «dostluq
əlamətlərinə» dərhal da əlvida deyilsin, dərhal xitam verilsin. Şatobrianın öz istəyinə nail olduğu həmin
dəqiqədən etibarən Jülyetta Rekamye təkcə ona məxsus olmağa başladı. Jülyetta sevgi çiçəklərini uzun
müddət toxunulmaz saxlamağa cəhd etsə də, sonradan əmin olmuşdu ki, elə bəhrə də yaxşı şeydir. Əgər
bacarsanız, bundan səmərəli dərs götürün. Ən yaxşı falları tapmacalar vasitəsilə izah edirlər. Əlvida.
MÜHAZİRƏÇİNİN GƏLİŞİ HAQQINDA
– Səncə, bu odur?
– Buna əminəm.
– Amma görkəmindən heç də yazıçıya oxşamır.
– Onun görkəmi qayğılı adamın görkəmidir… O, bizi axtarır… Salam, hörmətli metr.
– Ah! Salam… Siz cənab Bernarsınız?
– Özüdür ki var. Bu isə mənim xanımımdır… O, heç cür inanmaq istəmirdi ki, siz – elə sizsiniz…
Şəkillərdə siz əslində olduğunuzdan yaşlı görünürsünüz… Səfər sizi çox yormadı ki?
– İt kimi yorulmuşam… Bütün günü yoldayam… Candərdi nahar… Bir sözlə… Amma mühazirənin
başlanmasına qədər mənim hələ iki saat vaxtım var, dincəlməyə imkan taparam.
– Deyək ki, bu iki saat olmayacaq… Sizi mehmanxanaya yola salmazdan qabaq mən sizə zalı
göstərmək istərdim… Zalı görmək sizin ürəyinizcə olacaq, sizə xoş olacaq.
– Düzünə qalsa, yox… Axı bundan adama xoş olmur…
– Son dərəcə mütəəssirəm, cənab metr, amma bizim ora baş çəkməyimiz vacibdir. Mən görüş barədə
cənab Blavski ilə, kinoteatrın sahibi ilə şərtləşmişəm və o, indi bizi gözləyir… Bilirsiniz, cənab Blavski
çox küsəyən adamdır, hər şey tez xətrinə dəyir… Üstəlik də, hörmətli metr, yaxşı olar ki, yerindəcə
mən sizə bəzi şeyləri izah edim… Bizim zalımız böyükdür, amma akustikası elə də fərli deyil…
Bərkdən danışmaq lazım gələcək və həmişə də masanın böyründə dayanmaq, azacıq sola tərəf üz tutub
danışmaq lazımdır…
– Güman edirəm ki, heç olmasa, səhnə sizdə qızdırılır, mən bu yaxınlarda zökəm olmuşdum və mənim
həkimim…
– Təəssüf ki, yox. Ümumi istilik sistemi əlbəttə ki var, amma işləmir… Yeri gəlmişkən, zal ağzınacan
dolu olanda tez qızır… Di gəl ki, bədbəxtlikdən, bu axşam adam çox olmayacaq.
– Niyə ki, bilet az satılıb?
– Çox az satılıb, cənab metr, çox az… Cəmisi iyirmi beş, uzaqbaşı otuz bilet… Amma narahat olmayın,
mən bundan xəbər tutanda göstəriş verdim ki, zalın boş görünməməsi üçün məktəblərə və kazarmalara
havayı giriş biletləri göndərsinlər.
– Sizdə həmişə belə olur?
– Yox, nə danışırsınız, hörmətli metr, bizdə mühazirələrin böyük uğurla keçdiyi hallar da olub… Lakin
bu axşam meriyanın konsert salonunda Jak Tibo çalacaq. Bələdiyyə teatrı isə burada qastrolda olan
Barenin truppasının ifasında «Çətin vaxtlar» tamaşasını göstərəcək… Ona görə də mühazirə, təbii ki…
– Bəs siz qabaqcadan konserti təşkil edənlərlə və teatrın direktoru ilə danışa bilməzdiniz?
– Burada məsələ müəyyən qədər siyasət məsələsidir, hörmətli metr… Siz axı özünüz yaxşı bilirsiniz ki,
yerli ədavət nə deməkdir… Hər nə cür olsa da, biz, onsuz da, çox adam yığa bilməzdik. Mühazirənin
mövzusu – «Stendalın romanları» – burada çox az adamı cəlb edir… Sizi ruhdan salmaq istəməzdim,