Con Lokk, Dövlət idarəçiliyi haqqında ikinci traktat (1689)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü0,54 Mb.
#58526


 

 

 

Dövlət idarəçiliyi haqqında ikinci traktat 

Con Lokk 

1689


 

 

 



“Azad Düşüncələr” Assosiasiyası

  

 




 

www.azadliqciragi.org

 



Mündəricat 



 

KITAB HAQQINDA ....................................................................................................................... 3 

KITABDAN IXTISARLAR ................................................................................................................ 4 

M

ÜLKIYYƏT HAQQINDA



 .................................................................................................................. 4 

S

IYASI CƏMIYYƏTLƏRIN BAŞLANĞICI HAQQINDA



 ................................................................................... 5 

S

IYASI CƏMIYYƏT VƏ DÖVLƏTLƏRIN MƏQSƏDLƏRI HAQQINDA



 ................................................................ 5 

Q

ANUNVERICI HAKIMIYYƏTIN MIQYASI HAQQINDA



 ................................................................................ 6 

T

IRANIYA HAQQINDA



 ..................................................................................................................... 9 

D

ÖVLƏTIN SÜQUTU HAQQINDA



 ........................................................................................................ 9 

 

 




 

www.azadliqciragi.org

 



Kitab haqqında 



“Dövlət  idarəçiliyi  haqqında  iki  traktat”  siyasi  fəlsəfi  əsər  olaraq,  1689-cu  ildə  Con  Lok 

tərəfindən  anonim  şəkildə  nəşr  edilmişdir.  Birinci  traktat  Robert  Filmersin  “Patriarx  və  ikinci 

traktat”ını  cümlə-cümlə  təkzib  edərək,  patriarxalizmə  qarşı  çıxır,  təbii  hüquqlara  və  müqavilə 

nəzəriyyəsinə əsaslanan siyasi və vətəndaş cəmiyyəti nəzəriyyəsinin təsvirini verir.  

İkinci  traktat  vətəndaş  cəmiyyəti  haqqında  nəzəriyyəni  əks  etdirir.  Lok  təbii  vəziyyətin 

təsvirindən  başlayır,  onun  Tomas  Hobsun  nəzərində  “hər  kəsin  hər  kəsin  əleyhinə  olduğu 

müharibə”  vəziyyətindən  daha  sabit  təsvirini  verir.  Sübuta  yetirir  ki,  bütün  insanlar  təbii 

vəziyyətdə  Allah  tərəfindən  bərabər  yaradılmışdır.  Bundan  çıxış  edərək,  o  yalnız  insanların 

razılığı  əsasında  yaranan  dövlətin  legitim  olduğunun  aydınlaşdırılması  prosesində,  mülkiyyətin 

və sivilizasiyanın hipotetik təşəkkülünün izahına keçir. Beləliklə, insanların iradəsi olmadan idarə 

olunan hər hansı hökumət nəzəriyyəyə görə süquta uğramalıdır. 

İkinci traktat Lokun burada inkişaf etdirdiyi bir sıra mövzularla yaddaqalandır. O, fərdlərin 

bir-birinə  itaət  etmək  öhdəliyinin  olmadığı,  ancaq  hər  kəsin  özü  tərəfindən  təbii  qanunun  tələbi 

ilə mühakimə etdiyi təbii vəziyyətin təsviri ilə başlayır. Bu həm də istila və köləlik, mülkiyyət, 

səciyyəvi dövlət və dəyişiklik hüququnu əhatə edir. 

 

 



 

 

 




 

www.azadliqciragi.org

 



Kitabdan ixtisarlar 



Mülkiyyət haqqında

 

27.  Yer  kürəsi  və  üzərindəki  bütün  varlıqların  insanların  ümumi  sərvəti  olmasına 

baxmayaraq,  hər  bir  şəxsin  də  özünə  məxsus  mülkiyyəti  vardır:  bu  cür  mülkiyyətə  insanın 

özündən  başqa  heç  kimin  haqqı  yoxdur.  Deyə  bilərik  ki,  bədənin  zəhməti  və  əllərin  əməyi 

tamamilə ona məxsusdur. O hər hansı bir şeyin təbiətdən gələn ilkin formasını dəyişirsə, ona öz 

əməyini  əlavə  edirsə  və  özünə  məxsus  olan  nəyisə  ona  qoşursa,  bununla  həmin  şeyi  öz 

mülkiyyətinə  çevirmiş  olur.  O  hər  hansı  bir  şeyi  təbiətin  yaratmış  olduğu  ümumi  vəziyyətdən 

çıxarmaqla,  ona  öz  əməyi  ilə  nəsə  əlavə  etməklə,  başqalarını  həmin  şey  üzərində  ümumi 

hüquqlardan məhrum edir. Bu əmək həmin zəhmət çəkənin müstəsna mülkiyyəti olduğundan, bir 

zamanlar  hamı  üçün  ümumi  olan  əmtəəyə  əlavə  edilmiş  hər  hansı  cizgiyə  özündən  başqa  heç 

kimin hüququ yoxdur. 

28.  Palıd  ağacının,  yaxud  meşədəki  ağacların  altından  yığdığı  qoza  və  almalarla  qidalanan 

hər kəs onları özününküləşdirir. Heç kəs bu qidanın ona məxsusluğunu inkar edə bilməz. Onda 

sual  edirəm,  nə  vaxtdan  bunlar  onun  özününkü  olmağa  başlayır?  Həzm  edildikdən  sonramı? 

Yaxud  yeyəndə?  Yaxud  onları  suda  qaynadanda?  Yaxud  evə  gətirəndə?  Və  yaxud  da  onları 

yığanda? Aydındır ki, ilk yığımla insan onları özününküləşdirə bilməyibsə, onda başqa cür əldə 

edə  bilməz.  Qeyd  edilən  zəhmət  həmin  şeylərə  münasibətdə  onlara  məxsus  olan  və  ümumi 

olanlar  arasında  fərq  yaradır:  hər  şeyin  anası  olan  təbiətin  yaratdığından  başqa  məhsula  nə  isə 

əlavə  edir  və  onu  həmin  insanın  özəl  hüququna  çevrir.  Kimsə  deyə  bilərmi  ki,  onun  həmin 

topladığı  qozalara  və  almalara  hüququ  yoxdur,  çünki,  həmin  insan  onları  özününküləşdirərkən 

bəşəriyyətin razılığını almamışdır? Hamıya ümumilikdə məxsus olanı bu cür özününküləşdirmək 

oğurluq idimi? Əgər belə razılıq zəruri olsaydı, onda Allahın verdiyindən asılı olmayaraq, insan 

ehtiyac  çəkərdi.  Biz  yığcam  halda  ümumini  görür  və  ümumi  mülkiyyət  olandan  bir  hissəni 

götürmək  üçün  onu  təbiətin  yaratdığı  vəziyyətdən  çıxararaq  mülkiyyətə  çeviririk.  Bunsuz 

ümuminin heç bir faydası yoxdur. Bu zaman o və ya digər hissənin götürülməsi ümumi hüquqlara 

malik  olanların  aydın  ifadə  edilmiş  razılığından  asılı  deyil.  Beləliklə,  digərləri  ilə  hüququm 

olduğu  hər  hansı  bir  yerdə  atımın  yediyi  ot,  qulluqçularımın  kəsdiyi  torf,  hər  hansı  yerdən 

qazdığım  filiz  kimsənin  razılığına  ehtiyac  olmadan  mənim  mülkiyyətimə  çevrilir.  Onları 

olduqları vəziyyətdən çıxarmağa sərf etdiyim əmək mənim onlar üzərində hüququmu təmin edir.  

32. Lakin indi mülkiyyətin əsas mahiyyəti yer üzərindəki meyvələr və ya heyvanlar deyil, yer 

kürəsinin özüdür; çünki bütün ağırlıq onun üzərinə düşür və qalan hər şeyin yükünü də o daşıyır. 

Düşünürəm ki, oradakı  mülkiyyətin də əvvəlki kimi əldə edilməsi  aydındır.  İnsan  nə qədər çox 

torpaq  becərir,  əkir,  inkişaf  etdirir,  şumlayır  və  məhsulundan  istifadə  edirsə,  o  qədər  də 

mülkiyyətə sahib olur. O, öz əməyi  ilə həmin mülkiyyəti ümumidən ayırır:  heç kim onu həmin 

mülkiyyətə olan  hüquqlardan  məhrum edə  bilməz. Deyək ki,  digərlərinin də  həmin  mülkiyyətə 

bərabər hüququ var və buna görə də, o, bütün başqa yoldaşlarının, bəşəriyyətin razılığı olmadan o 

mülkiyyəti  özününküləşdirə,  ümumidən  ayıra  bilməz.  Allah  dünyanı  bəşəriyyətə  bəxş  edəndə, 

insana  həm  də  zəhmət  çəkmək  hökmü  vermişdir  ki,  onun  ehtiyacı  da  bunu  tələb  edir.  Allah  və 

onun  iradəsi  insana  təbiəti  ram  etməyi,  bununla  da,  ona  özünə  məxsus  əməyini  əlavə  etmək 

hökmü vermişdir. O da Allahın bu əmrinə tabe olaraq hər yeri ram etdi, əkdi və becərdi. Bununla 

da,  hazır olana elə  bir  şey  əlavə etdi  ki,  həmin  şey  başqa  heç kimin  hüququ  olmayan  və  ya ona 

zərər verilmədən alına bilməyən mülkiyyətidir. 



 


 

www.azadliqciragi.org

 



Siyasi cəmiyyətlərin başlanğıcı haqqında 



95. İnsanlar, artıq deyildiyi kimi, təbiətən azad, bərabər və müstəqildirlər. Heç kimi özünün 

razılığı  olmadan  bu  vəziyyətdən  çıxarmaq  və  onu  digərinin  siyasi  iradəsinə  tabe  etmək  olmaz. 

Hər hansı şəxsin öz təbii azadlığından imtina etməsi və özünü vətəndaş cəmiyyətinin buxovlarına 

təslim etməsinin yeganə yolu digər insanlar arasında rahat, təhlükəsiz və sakit mühitdə yaşamaq, 

öz mülkiyyətindən zövq almaq, onların icmasına aid olmayanlardan qorunmaq üçün birləşmək və 

icma  yaratmaq  məqsədilə  digərləri  ilə  razılaşmasıdır.  İstənilən  insan  bunu  edə  bilər,  çünki  bu, 

digərlərinin  azadlığına  xələl  gətirmir;  onlar  təbii  azadlıq  vəziyyətində  olduğu  kimi  qalırlar. 

İstənilən  insan  razılaşaraq  icma,  yaxud  dövlət  yaratmaq  istədikdə,  birləşərək  siyasi  şura  təşkil 

edirlər ki, burada çoxluqda olanların fəaliyyət və azlığı məhdudlaşdırmaq hüququ olur.  

96.  Müəyyən  sayda  insan  hər  bir  fərdin  razılığına  əsasən  icma  yaratdıqda,  bununla  yalnız 

çoxluğun  iradəsi  və  göstərişləri  ilə  vahid  orqan  kimi  hərəkət  etmək  səlahiyyətinə  malik  bir 

orqanlı icma yaratmış olur. Bu, bütün icmada fərdlərin razılığı ilə fəaliyyət göstərir və hər hansı 

orqanın eyni istiqamətdə hərəkət etməsini zəruri sayır. O da zəruri hesab olunur ki, həmin birlik 

çoxluğun razılığı ilə böyük qüvvənin apardığı istiqamətə yönəlsin. Əks təqdirdə, onun bir vahid 

toplum kimi hərəkət etməsi, yaxud birlik və ya icma formasında mövcudluğunu davam etdirməsi 

mümkün  deyil.  Çünki  onun  yaradılması  orada  birləşən  bütün  fərdlərin  razılığı  ilə  olmuş  və 

beləliklə,  hər  kəs  çoxluq  tərəfindən  idarə  edilmək  haqqında  razılıq  vermişdir.  Ona  görə  də, 

görürük ki, normal qanunlarla hərəkətə gətirilən toplantılarda çoxluğun hərəkəti hamının hərəkəti 

kimi  qəbul  edilir  və  əlbəttə,  təbiət  və  ağıl  qanununa  əsasən  çoxluğun  qüvvəsi  kimi  müəyyən 

edilir.  

 

Siyasi cəmiyyət və dövlətlərin məqsədləri haqqında 

123.  Əgər  deyildiyi  kimi,  insan  təbii  vəziyyətində  tam  azaddırsa:  əgər  o,  ən  yüksək  varlıq 

kimi  öz  şəxsiyyətinin  və  mülkiyyətinin  tam  sahibidirsə,  heç  kimdən  asılı  deyilsə,  niyə  öz 

azadlığından  əl  çəkməlidir?  Niyə  o,  öz  imperiyasından  imtina  edərək,  başqa  bir  qüvvənin 

hökmranlığına  və  nəzarətinə  keçməlidir?  Buna  aydın  bir  cavab  var:  baxmayaraq  ki,  təbii 

vəziyyətində  insanın bu cür hüququ var, lakin ondan istifadə imkanı  qeyri-müəyyəndir və daim 

digərlərinin  təcavüzünə  məruz  qalır.  Çünki  digərləri  də  onun  qədər  kral  və  ya  ona  bərabər 

insanlar  olduğundan,  onların  çox  hissəsi  haqq  və  ədalətə  riayət  etmədiyindən,  insanın  malik 

olduğu mülkiyyətdən istifadə etməsi təhlükəli və xeyli dərəcədə müdafiəsizdir. Bu hiss onu azad, 

lakin  qorxu  və  davamlı  təhlükələrlə  dolu  vəziyyətdən  imtina  etməyə  məcbur  edir.  Heç  də 

səbəbsiz  deyil  ki,  o,  həyatlarının,  azadlıqlarının  və  əmlaklarının  (bunların  hamısını  birlikdə 

mülkiyyət adlandırıram) qarşılıqlı  müdafiəsi üçün artıq  birləşmiş  və  ya  birləşmək  istəyən digər 

insanlarla cəmiyyət yaratmağa çalışır.  

124.  İnsanların  ittifaqlarda  birləşməyinin  və  dövlət  idarəçiliyinə  keçmələrinin  böyük  və 

başlıca məqsədi mülkiyyətlərini qorumaqdır. Bunun üçün təbii vəziyyətdə çox şeyə ehtiyac var.  

Birincisi,  elə  bir  təsis  edilmiş,  razılaşdırılmış,  tanınmış  qanuna  ehtiyac  var  ki,  o,  hamı 

tərəfindən  doğru  və  yanlışın  standartı  kimi,  onların  arasındakı  bütün  ziddiyyətləri  həll  edən 

ümumi  ölçü  kimi  qəbul  olunsun.  Təbiət  qanunları  bütün  ağıllı  insanlar  üçün  aydın  və 

ağlabatandır.  Buna  baxmayaraq,  insanlar  öz  maraqları  naminə  qərəzli  və  həmin  qanunları 

öyrənmək üçün cahil olduqlarından, onun xüsusi hallara tətbiq edilən və onlar üçün məcburi olan 

qanuna çevrilməsinə icazə verməyə meylli deyillər.  



 

www.azadliqciragi.org

 



125.  İkincisi,  təbii  vəziyyətdə  bütün  fərqləri  əsaslandırılmış  qanunlar  əsasında 



müəyyənləşdirmək səlahiyyətinə malik tanınmış və bitərəf hakimlərə ehtiyac var. Bu vəziyyətdə 

hər  kəs  təbiət  qanununun  həm  hakimi,  həm  icraçısı,  həm  də  insanlara  münasibətdə  qərəzli 

olduqlarından,  ehtiras  və  qisas  onları  özlərinə  aid  məsələlərdə  uzaqlara  aparmağa  meyllidir; 

saymazlıq və biganəlik isə insanları başqalarına etinasız edir.  

126.  Üçüncüsü,  təbii  vəziyyətdə  tez-tez  haqlı  cəzanın  dəstəklənməsi  və  icrası  üçün  gücə 

ehtiyac olur. Ədalətsizliklə təhqir olunanlar imkan düşdükdə, öz ədalətsizliklərinə güc vasitəsilə 

haqq  qazandırmağa  cəhd  edəcəklər:  belə  müqavimət  cəzalandırmanı,  onu  icra  edənlər  üçün 

qorxulu və zərərli edir.  

127.  Beləliklə,  bəşəriyyət  təbii  vəziyyətin  üstünlüklərinə  baxmayaraq,  pis  vəziyyətə 

düşdükcə və ya həmin vəziyyətdə qaldıqca, daha tez cəmiyyətə doğru sürüklənir. O artıq reallığa 

çevriləndə  görürük  ki,  belə  şəraitdə  müəyyən  sayda  insan  çox  nadir  hallarda  uzun  müddət 

birlikdə  yaşaya  bilir.  Hər  bir  şəxsin  başqalarını  buraxdıqları  xətalara  görə  cəzalandırmaq 

gücündən  qeyri-müəyyən  və  qeyri-mütəmadi  şəkildə  istifadə  etməsindən  yaranan  narahatlıqlar 

insanları  dövlətin  qanunları  altında  sığınacaq  axtarmağa  və  mülkiyyətlərini  qorumağa  məcbur 

edir. Məhz bu, onları təkbaşına tətbiq etdikləri cəzalandırma hüququndan məmnuniyyətlə imtina 

etmək  məcburiyyətinə  gətirir.  Bu  funksiyanı  təkbaşına  icra  edəcək  şəxs  isə  onların  arasından 

təyin edilir. Bu cür qaydalarla icma və ya bu məqsədlə onun səlahiyyət verdiyi insanlar razılığa 

gəlirlər.  Və  bununla  biz  ilkin  hüququn,  həm  qanunverici,  həm  icraedici  hakimiyyətin,  həm  də 

dövlət və cəmiyyətlərin təşəkkülünün şahidi oluruq. 

131. İnsanlar cəmiyyətə daxil olduqda, təbii vəziyyətdə malik olduqları bərabərlik, azadlıq və 

icra  hüququnu gələcək cəmiyyətin tələb edəcəyi  şəkildə  istifadə etmək üçün qanunverici orqana 

təslim edirlər. Ona baxmayaraq, bu yenə də hər bir kəsin özünü, azadlığını və mülkiyyətini daha 

yaxşı  qorumaq  niyyəti  ilə  baş  verir;  (Çünki  heç  bir  ağıllı  varlıq  öz  şəraitini  pisə  dəyişmək 

niyyətində  ola  bilməz).  Cəmiyyətin,  yaxud  onun  təsis  etdiyi  qanunverici  orqanın  gücü  onun 

ümumi  məqsədindən  irəli  gedə  bilməz:  o,  təbii  vəziyyətdə  yaşamanı  təhlükəli  edən  və 

çətinləşdirən  yuxarıda  qeyd  etdiyimiz  üç  təhlükədən  hər  kəsin  mülkiyyətini  qorumalıdır. 

Beləliklə, əlində birliyin qanunverici, yaxud ali hakimiyyəti olan hər kəs ekspromt əmrlərlə deyil, 

bütün insanlara elan edilmiş və tanış olan müəyənləşdirilmiş qanunlarla idarə etməyə borcludur. 

Bunları icra edən hakimlər qərəzsiz və vicdanlı olmalı, bütün ziddiyyətləri həmin qanunlarla həll 

etməlidirlər. İcmanın gücü də yalnız icma daxilində belə qanunların icrası və ya xarici hücum və 

müdaxilələrin  qarşısını  almaq,  icmanı  istilalardan  qorumaq  üçün  icma  xaricində  səfərbər 

olunmalıdır.  Və  bütün  bunlar  başqa  bir  məqsədə  deyil,  yalnız  sülhə,  təhlükəsizliyə  və  xalqın 

ictimai rifahına istiqamətlənməlidir.  

 

Qanunverici hakimiyyətin miqyası haqqında 

134. İnsanların cəmiyyət halında birləşmələrinin  ən  əsas  məqsədi öz mülkiyyətlərindən sülh 

və  təhlükəsizlik  şəraitində  istifadə  etməkdir.  Bunun  üçün  ən  yaxşı  vasitə  və  alət  cəmiyyətdə 

bərqərar  olmuş  qanunlardır.  Birliklərin  birinci  və  fundamental  müsbət  qanunu  qanunverici 

orqanın  təsis  olunmasıdır.  Hətta  qanunverici  orqanın  özünü  idarə  edən  birinci  və  fundamental 

təbii  qanun  cəmiyyətin  və  (ictimai  rifahla  uyğun  gəldiyi  qədər)  ona  aid  olan  hər  bir  şəxsin 

mühafizəsidir.  Bu  cür  qanunvericilik  nəinki  birliyin  ali  hakimiyyətidir,  həm  də  icmanın  etibar 

etdiyi əllərdə müqəddəs və dəyişməzdir. Hər hansı bir şəxsin fərmanı xalq tərəfindən seçilmiş və 

təyin  edilmiş  qanunverici  orqan  tərəfindən  səlahiyyətləndirilməmişdirsə,  qanuni  qüvvəyə  və 

məcburiyyətə  malik  deyil;  hansı  formada  dəyişməsindən  və  ya  hansı  qüvvə  tərəfindən 



 

www.azadliqciragi.org

 



dəstəklənməsindən  asılı  olmayaraq.  Çünki  bunsuz  qanun  tələb  olunan  mütləq  keyfiyyətə  malik 



olmur.  Bu  da  cəmiyyətin  razılığıdır  ki,  onun  iradəsi  əleyhinə  heç  kimin  qanun  yaratmaq 

səlahiyyəti  yoxdur. Bu ancaq onların razılığı  və  onlar tərəfindən verilmiş  səlahiyyətlə ola  bilər. 

Ona görə də, daha  vacib şəkildə  hamının  yerinə  yetirməyə  borclu  olduğu tabeçılık  sonda  bu ali 

hakimiyyətdə başa çatır və onun yaratdığı qanunlarla tənzimlənir. Heç bir kənar qüvvəyə, yaxud 

yerli  ikinci  dərəcəli  hakimiyyətə  içilmiş  and  öz  inamına  uyğun  hərəkət  edən  cəmiyyət  üzvünü 

qanuna tabe olmaqdan çəkindirə bilməz. Nə də onu qüvvədə olan qanunlara əks  hərəkət etməyə 

və  ya  onların  icazə  verdiyindən  artıq  hərəkətə  məcbur  edə  bilməz.  Hər  hansı  bir  şəxsin  sonda 

cəmiyyətdə ali sayılmayan bir hakimiyyətə tabeçiliyini təsəvvür etmək səfehlik olardı.  

135.  Qanunvericilik  istər  bir  və  ya  çox  şəxsdən  ibarət  olmasından,  istərsə  daimi  və  ya 

fasilələrlə  mövcud  olmasından  asılı  olmayaraq,  hər  hansı  birliyin  ali  hakimiyyətidir,  lakin 

bununla belə...  

Birincisi, bu hakimiyyət heç bir vəchlə insanların taleyi və var-dövləti üzərində mütləq zorakı 

ola bilməz. Qanunverici hakimiyyətin cəmiyyətin hər bir üzvünün şəxsə, yaxud topluma verdiyi 

müştərək  hakimiyyət  olmasına  baxmayaraq,  o,  cəmiyyətə  daxil  olan  və  cəmiyyətin  xeyrinə  öz 

gücündən  əl  çəkən  insanların  təbii  vəziyyətdə  malik  olduqlarından  artıq  ola  bilməz.  Çünki  heç 

kim başqasına özünün malik olduğundan artıq hakimiyyət ötürə bilməz. Və heç kim nə özü, nə də 

başqası  üzərində  zorakı  hakimiyyətə  malik  olub,  öz  həyatını,  yaxud  başqasının  həyatını  və  ya 

mülkiyyətini məhv edə bilməz. İnsan, sübut edildiyi kimi, özünü başqasının zorakı hakimiyyətinə 

məruz  qoya  bilməz.  Belə  ki,  o,  təbii  şəraitdə  digərlərinin  həyatı,  azadlığı,  mülkiyyəti  üzərində 

sərbəst deyil və yalnız təbii vəziyyətin ona özünü və bəşəriyyətin qalan hissəsini mühafizə etmək 

üçün verdiyi qədər hakimiyyətə malikdir. Bu, onun etdiyi, yaxud birliyə və beləliklə, qanunverici 

hakimiyyətə verə biləcəyidir. Beləliklə, qanunvericilik bundan artığına malik ola bilməz. Onların 

hakimiyyəti  ən  çox  cəmiyyətin  ictimai  rifahı  limitində  məhdudlaşır.  Bu  elə  bir  qüvvədir  ki, 

qorunmaqdan başqa digər məqsədi yoxdur. Buna görə də, heç vaxt öz subyektlərini məhv və ya 

əsir  etməyə,  yaxud  qəsdən  iflasa  uğratmağa  hüququ  yoxdur.  Təbii  qanunun  öhdəlikləri 

cəmiyyətdə sona yetmir. Yalnız bir çox hallarda aydınlaşdırılır və əməl olunmasını gücləndirmək 

üçün onlara insan qanunları ilə təsbit olunmuş cərimələr əlavə olunur. Beləliklə, təbiətin qanunu 

bütün  insanlar,  qanunvericilər  və  həmçinin  digərləri  üçün  də  əbədi  qayda  kimi  durur.  Onların 

digər  insanların  fəaliyyəti  üçün  yaratdığı  qaydalar,  həmçinin  öz  hərəkətləri  təbiətin  qanununa, 

yəni  Allahın  iradəsinə  uyğun  olmalıdır.  Bu,  bir  bəyanatdır  və  təbiətin  fundamental  qanunu 

bəşəriyyəti qorumaqdır. Heç bir insan sanksiyası bundan yaxşı və bundan güclü ola bilməz.  

136. İkincisi, qanunverici, yaxud ali hakimiyyət öz üzərinə ekspromt zorakı fərmanlarla idarə 

etmək səlahiyyəti götürə bilməz. O, ədalət yaymağa borcludur  və subyektlərin  hüquqlarını elan 

olunmuş qanunlarla və tanınmış səlahiyyətli hakimlər vasitəsilə müəyyən etməlidir: təbiət qanunu 

yazılmadığından,  insanların  ağlından  başqa  heç  yerdə  mövcud  deyildir.  Müəyyən  qanun 

olmadıqda, ehtiras,  yaxud  maraq ucbatından  həmin qanundan  yanlış  sitat gətirənlərə  və  ya  onu 

düzgün  tətbiq  etməyənlərə  yanlış  olduqlarını  inandırmaq  çətin  olur.  Beləliklə,  bu  qanun 

hüquqların  müəyyənləşdirilməsinə  xidmət  edə  və  ona  sığınan  insanların  mülkiyyətini  mühafizə 

edə bilmir. Bu hallar xüsusən öz işlərinə görə hər kəsin hakim, şərhçi və  icraçı olduğu hallarda 

çox baş verir. Beləliklə, haqlı olan insan yalnız öz adi gücünə sığındığı üçün özünü haqsızlıqdan 

qoruya və müqəssiri cəzalandıra bilmir. Adi halda insanların mülkiyyətinə zərər gətirən bütün bu 

ədalətsizliklərdən yaxa qurtarmaq, öz mülkiyyətlərini qorumaq və mühafizə etmək üçün insanlar 

birləşərək  bütün  cəmiyyətin  vahid  gücünü  və  hər  kəsin  nəyə  malik  olduğunu  müəyyənləşdirən 

əsaslı  qaydalar  əldə  edirlər.  Bu  məqsədlə  insanlar  təbiətən  malik  olduqları  bütün  hakimiyyəti 

daxil  olduqları  cəmiyyətə  təslim  edir  və  elan  edilmiş  qanunlarla  idarə  olunacaqlarını  inamla 

icmada  etibarlı  qanunverici  hakimiyyət  hesab  etdikləri  əllərə  tapşırırlar.  Əks  təqdirdə,  onların 




 

www.azadliqciragi.org

 



təhlükəsizliyi, sakitliyi və mülkiyyəti təbii vəziyyətdə olduğu kimi, hələ də qeyri-müəyyənlikdə 



qalacaq.  

137. Mütləq zorakı hakimiyyət, yaxud müəyyənləşdirilmiş daimi qanunsuz idarəetmənin heç 

biri  cəmiyyət  və  dövlətin  məqsədinə  uyğun  gələ  bilməz.  Əgər  insanlar  həyat,  azadlıq  və 

mülkiyyətlərinin qorunmasına, hüquq və mülkiyyətin müəyyənləşdirilmiş qaydaları ilə öz əmin-

amanlıqlarının  mühafizə  olunacaqlarına  inanmasaydılar,  təbii  vəziyyətin  azadlığından  imtina 

edib, cəmiyyətin qanunlarına tabe olmazdılar. Təsəvvür etmək belə mümkün deyil ki, buna cəhd 

edərdilər;  hətta  onların  kiməsə,  yaxud  kimlərəsə  öz  şəxsiyyət  və  mülkləri  üzərində  sərbəst 

hakimiyyət  verməyə,  öz  qeyri-məhdud  iradələrini  zorakılıqla  onlara  icra  etdirmək  üçün  bu 

qüvvəni  magistrata  tapşırmağa  səlahiyyətləri  olsaydı  belə.  Bu,  təbii  şəraitdə  özünü  daha  pis 

vəziyyətə  salmaq  olardı.  Burada  onların  öz  hüquqlarını  başqalarının  müdaxiləsindən  qorumaq 

üçün sərbəstlikləri vardı və belə müdaxilənin bir, yaxud daha çox şəxs tərəfindən törədilməsindən 

asılı  olmayaraq,  müdafiə  üçün  bərabər  qüvvələrə  malik  idilər.  Təsəvvür  edək  ki,  onlar  özlərini 

mütləq  sərbəst  hakimiyyətə  və  qanunvericinin  iradəsinə  təslim  etmiş,  özlərinin  istənilən  vaxt 

qurban getməsi üçün  tərk-silah olmuş,  qanunvericini  isə silahlandırmışlar.  Bu zaman rəhbərliyi 

altında 100000 insan olan şəxsin zorakı gücünə məruz qalan şəxsin vəziyyəti, 100000 tək adamın 

zorakılığına məruz qalmış insanın vəziyyətindən daha pisdir. Çünki heç kim əmin deyil ki, gücü 

100000  dəfə  çox  olan  belə  rəhbərliyin  iradəsi,  digər  insanların  iradəsindən  daha  yaxşıdır.  Və 

məhz  buna  görə  də,  birliyin  formasından  asılı  olmayaraq,  idarə  edən  hakimiyyət  cəmiyyəti 

ekspromt diktə və qeyri-müəyyən sərəncamlarla deyil, elan edilmiş və qəbul olunmuş qanunlarla 

idarə  etməlidir.  Əgər  insanlar  bir  nəfəri,  yaxud  çoxluğun  müştərək  qüvvəsinə  malik  olan  bir 

nəfəri  silahlandırsaydılar,  onlar  da  insanları  öz  təsadüfi  fikirlərinin,  yaxud  çılğın  və  naməlum 

iradələrinin ölçüsüz  və qeyri-məhdud  əmrlərinə,  öz hərəkətlərinə  heç  bir  bəraət qazandırmadan 

itaətə məcbur etsəydilər, onda bəşəriyyət təbii vəziyyətdə olduğundan daha pis günə düşərdi. Ona 

görə də, dövlətin malik olduğu hakimiyyət ancaq cəmiyyətin rifahına xidmət etməli olduğu üçün, 

o,  zor  və  istəkdən  asılı  olmamalı,  müəyyənləşdirilmiş  və  elan  edilmiş  qanunlarla  idarə 

edilməlidir.  Yəni  həm  insanlar  öz  vəzifələrini  bilməli,  həm  də  qanun  daxilində  sağ-salamat  və 

təhlükəsiz  olmalıdırlar.  İdarə  edənlər  də,  onun  hüdudları  daxilində  davranmalı,  əllərindəki 

hakimiyyətdən  sui-istifadə  etməməli,  onu  öz  iradələri  əsasında  bilmədikləri  məqsədlər  üçün 

işlətməməlidirlər.  

138.  Üçüncüsü,  ali  hakimiyyət  heç  kəsin  mülkiyyətinin  hər  hansı  hissəsini  onun  razılığı 

olmadan  götürə  bilməz.  Çünki  dövlətin  məqsədi  mülkiyyəti  qorumaqdır  və  insanlar  buna  görə 

cəmiyyətə  daxil  olurlar.  Bu,  insanların  mülkiyyətə  malik  olması  şərtini  nəzərdə  tutur  və  tələb 

edir.  Bunsuz  onlar  uduzmuş  hesab  olunardılar.  Çünki  cəmiyyətə  daxil  olmağın  əsas  məqsədi 

mülkiyyətin  qorunmasıdır:  onu  mənimsəmək  hər  kəs  üçün  kobud  səfehlik  olardı.  Ona  görə  də, 

icmanın qanununa əsasən cəmiyyətdə mülkiyyəti olan insanların onlara məxsus bütün əmtəələrə 

hüquqları  var.  Onların  razılığı  olmadan  bu  mülkiyyəti,  yaxud  onun  bir  hissəsini  heç  kim  ala 

bilməz.  Bunsuz  ümumiyyətlə,  onların  mülkiyyəti  də  olmazdı.  Çünki  başqasının  öz  hüququna 

əsasən istədiyi vaxt mənim razılığım olmadan götürə biləcəyi mülkiyyətdə mənim heç bir payım 

yoxdur.  Buna  görə  də,  hər  hansı  birliyin  ali  və  ya  qanunverici  hakimiyyətinin  istədiyini  edə 

biləcəyini,  subyektlərin  mülkiyyətindən  sərbəst  istifadə  edəcəyini,  yaxud  istəyəndə  onun  hər 

hansı  bir  hissəsini  mənimsəyə  biləcəyini  düşünmək  yanlış  olardı.  Bu  məsələ  qanunvericiləri 

bütünlükdə,  yaxud  qismən  dəyişən  toplantılardan  ibarət  olan  dövlətlərdə  o  qədər  də  qorxulu 

deyil. Çünki burada üzvlər toplantı ləğv edildikdə, cəmiyyətin qalan hissəsi kimi ölkə qanununun 

subyektinə  çevrilirlər.  Lakin  qanunvericiliyin,  mütləq  monarxiyada  olduğu  kimi,  daimi  bir 

assambleyanın  və  ya  bir  şəxsin  əlində  olduğu  hallar  hələ  də  qorxuludur,  çünki  onlar  bütün 

icmadan  fərqli  olmaq  haqda  düşünə  bilərlər.  Buna  görə  də,  öz  var-dövlətlərini  və 




 

www.azadliqciragi.org

 



hakimiyyətlərini  digər  şəxslərdən  istədiklərini  götürməklə  genişləndirməyə  meylli  olacaqlar. 



Beləliklə, əgər subyektlərə rəhbərlik edən kəs hər hansı özəl şəxsin mülkiyyətindən istədiyi qədər 

pay götürə və onu istədiyi kimi istifadə edə bilirsə, onda insanların mülkiyyəti heç də əminlikdə 

olmayacaq; hətta həmin icmanın üzvləri arasında davranışı tənzimləyən yaxşı və ədalətli qanunlar 

olsa belə.  

141.  Dördüncüsü,  qanunverici  qanun  yaratma  səlahiyyətini  başqa  əllərə  ötürə  bilməz:  xalq 

tərəfindən  verilən  hakimiyyət  olduğundan,  o,  başqasına  ötürülə  bilməz.  Yalnız  xalq 

qanunvericiliyi  təsis  etmək  və  onun  hansı  əllərdə  olacağını  təyin  etməklə  birliyin  formasını 

müəyyənləşdirə bilər. Xalq “biz bu şəxslərin hazırladığı və o formada olan qaydalara tabe olacaq, 

onlar əsasında  idarə olunacağıq”  söylədikdən sonra  kimsə deyə  bilməz ki, onlar üçün  başqaları 

qanun  hazırlamalıdır.  Həm  də,  insanlar  qanun  yaratma  səlahiyyəti  verdikləri  və  seçdikləri 

şəxslərin  tətbiq  etdikləri  qanunlardan  başqa  hər  hansı  qanuna  riayət  etməyə  borclu  deyillər. 

Qanunverici  hakimiyyət  insanların  könüllü  səlahiyyət  ötürməsindən,  o  cümlədən  təsisatdan 

törəndiyi  üçün  müsbət  səlahiyyət  ötürülməsindən  başqa  bir  şey  ifadə  edə  bilməz.  Bu  da 

qanuvericilər  deyil,  qanunlar  hazırlamaqdır.  Qanunvericinin  öz  qanun  yaratma  səlahiyyətlərini 

başqalarına ötürməyə və onu başqa əllərə verməyə hüququ yoxdur.  

142.  Bütün  bunlar  hər  bir  dövlət  formasında  Allahın  və  təbiətin  qanunları,  cəmiyyətin 

inamının öhdəlikləridir ki, istənilən birliyin qanunvericilik hakimiyyətinin əsasını təşkil edir.  

Birincisi, onlar elan olunmuş müəyyənləşdirilmiş qanunlarla idarə olunmalıdır. Bu qanunlar 

xüsusi  hallarda  dəyişməməli,  varlı  üçün  bir,  yoxsul  üçün  digər,  saraydakı  üçün  bir,  şum  sürən 

kəndli üçün başqa cür olmamalıdır.  

İkincisi, bu qanunlar başqa bir məqsədə deyil, xalqın rifahına xidmət etməlidir.  

Üçüncüsü,  onlar  xalqın,  yaxud  deputatların  razılığı  olmadan  mülkiyyət  vergilərini 

qaldırmamalıdırlar.  Bu  xüsusən qanunvericiliyin  daimi  fəaliyyət göstərdiyi,  lakin  ən azı,  xalqın 

özünün  müəyyən  müddətə  seçdiyi  deputatlara  qanunvericilik  səlahiyyətlərinin  hər  hansı  bir 

hissəsini saxlamadığı dövlətlərə aiddir. 

Dördüncüsü,  qanunverici  qanun  yaratma  səlahiyyətini  başqasına  nə  verə  bilər,  nə  də 

verməlidir. O ancaq xalqın ixtiyarına buraxıla bilər.  

 

Tiraniya haqqında 

199.  Uzurpasiya  başqasının  hüququna  səlahiyyət  dairəsində  güc  tətbiqidir.  Tiraniya  isə 

hüququ çatdığından artıq güc tətbiqidir ki, buna heç kimin  haqqı ola bilməz. Və bu da hər hansı 

şəxsin  əlindəki  hakimiyyətdən  tabeliyində  olan  insanların  rifahı  üçün  deyil,  öz  xüsusi  separat 

üstünlüyü üçün istifadə etməsi deməkdir. Əgər idarə edən titulundan asılı olmayaraq, qanuna yox, 

öz  iradəsinə,  öz  qaydalarına  əsasən  hərəkət  edərsə,  onun  əmrləri  xalqın  mülkiyyətinin 

qorunmasına  yox,  onun  ambisiyasının,  intiqamının,  acgözlüyünün  və  digər  qeyri-normal 

ehtiraslarının kifayətlənməsinə xidmət edəcək.  

 

Dövlətin süqutu haqqında 

211.  Dövlətin  süqutu  barədə  danışan  hər  bir  şəxs,  hər  şeydən  əvvəl,  cəmiyyətin  süqutu  ilə 

dövlətin  süqutu  arasındakı  fərqi  müəyyənləşdirməlidir.  İcmanı  təşkil  edən  amil,  insanları  azad 

təbii  vəziyyətdən  vahid  siyasi  cəmiyyətə  gətirən,  hər  kəsin  bir-biri  ilə  əməkdaşlıq  edəcəyinə, 

vahid bir şura kimi və beləliklə, vahid aydın birlik şəklində hərəkət edəcəyinə dair razılıqdır. Belə 




 

www.azadliqciragi.org

 

10 


ittifaqın  süqutunun  yeganə  səbəbi  demək  olar  ki,  onlar  üzərində  qələbə  çalmış  xarici  qüvvənin 

istilası  olur.  Çünki  bu  halda  (özünü  vahid  bütöv  və  müstəqil  bir  qurum  şəklində  qorumaq  və 

dəstəkləməyə  qadir  olmamaq)  bir  quruma  aid  olan  ittifaq  zəruri  şəkildə  pozulur  və  hər  şey 

əvvəlki vəziyyətinə qayıdır. Hamı vəziyyətini istədiyi kimi dəyişmək azadlığına malik olur və öz 

təhlükəsizliyini  yararlı  bildiyi  başqa  bir cəmiyyətdə təmin  edir. Cəmiyyətin çökdüyü  vaxt onun 

dövlətinin  süqutu  labüddür.  Beləliklə,  fateh  xəncərləri  dövlətlərin  köklərini  kəsir  və  cəmiyyəti 

hissələrə  parçalayır,  məğlub  və  ya  dağılmış  çoxluğu  zorakılıqdan  qorumalı  olan  cəmiyyətin 

mühafizəsindən  və  asılılığından  ayırır.  Dünya  dövlətləri  bu  yolla  süquta  uğramaq  təhlükəsi 

barədə çox yaxşı təlimatlandırılıb və lap başlanğıcdan bunu qəbul edib. Bu haqda çox danışmağa 

da,  cəmiyyətin  süqut  etdiyi  yerdə  dövlətin  qala  bilməyəcəyini  sübut  etməyə  də  çox  arqument 

gətirməyə ehtiyac yoxdur. Bu, binanın materiallarının tufandan dağılıb tökülərkən, yaxud zəlzələ 

vaxtı bir yığın qarmaqarışıq yumağa çevrilərkən çərçivəsinin də qala bilməyəcəyinə bənzəyir.  

212. Kənardan alt-üst olmaqdan əlavə, dövlətlər daxildən də süquta uğrayır.  

Birincisi, qanunvericilik dəyişdiriləndə. Vətəndaş cəmiyyəti sülh dövlətidir. Burada müharibə 

vəziyyəti  münsiflər  məhkəməsi  tərəfindən  istisna  edilir,  bunu  onlar  öz  qanunvericiliklərində 

təsbit  edirlər.  Onların  arasında  əmələ  gələcək  bütün  fərqləri  aradan  qaldırmaq  üçün 

qanunvericilikdə qeyd olunur ki, birliyin bütün üzvləri vahid, biri digərini anlayan canlı orqanizm 

şəklində birləşir. Bu birliyə forma, həyat və vahidlik verən ruhdur. Bu vaxtdan etibarən müxtəlif 

üzvlər  müştərək  nüfuza,  rəğbətə  və  birliyə  malik  olurlar.  Buna  görə  də,  qanunvericilik 

pozulduqda  və  ya  buraxıldıqda,  ardınca  süqut  və  ölüm  gəlir.  Çünki  cəmiyyətin  mahiyyəti  və 

birliyi vahid iradəyə malik olduğundan və qanunvericilik çoxluq tərəfindən təsis olunduğundan, 

həmin vahid iradəni bəyan edir. Qanunvericilik konstitusiyası cəmiyyətin birinci və fundamental 

aktıdır.  Burada  şəxslərin  rəhbərliyi  və  qanunların  tələbləri  əsasında  birlikləri  davam  etdirmək 

barədə bənd təsbit olunmuşdur.  

Bundan əlavə, xalqın razılığı ilə təyin edilmiş və səlahiyyətləndirilmiş şəxslərdən başqa heç 

kəsin digərləri üçün məcburi qanunlar təsis etmək səlahiyyəti yoxdur. Əgər xalqın təyin etmədiyi 

kimsə, yaxud daha çox şəxs qanun  yaradarsa, onlar bunu icazəsiz etmiş olar ki, insanlar həmin 

qanunlara  əməl  etməyə  borclu  deyillər.  Bu  da  həmin  qanunlara  riayət  etməyin  qanunsuz 

olduğunu  bildirir  və  insanlar  özlərinə  daha  yaxşı  hesab  etdikləri  yeni  qanunvericilik  təsis  edə 

bilərlər.  Çünki  xalq  onu  nəyəsə  cəlb  etmək  istəyən  səlahiyyətsiz  şəxslərə  müqavimət 

göstərməkdə  sərbəstdir.  Hər  bir  insan  öz  iradəsinin  ixtiyarındadır,  ancaq  cəmiyyətin  iradəsini 

ifadə edən şəxslər burada istisna təşkil edir və belə səlahiyyətə, yaxud ixtiyara malik olmayanlar 

həmin yeri zorakılıqla tutmuş hesab olunurlar.  

220. Bu və buna oxşar hallarda,  yəni  hökümət süqut etdikdə,  insanlar özlərinə əvvəlkindən 

fərqlənən şəxsləri, yaxud formanı təhlükəsizlikləri və rifahları üçün məğlub saysalar, hər ikisinin 

dəyişdirildiyi  yeni qanunvericilik təsis etməkdə  sərbəstdirlər. Çünki cəmiyyət heç  vaxt kiminsə 

səhvi  üzündən,  özünü  qorumaq  kimi  təbii  və  əzəli  hüququnu  itirə  bilməz.  Bu,  hüquqda 

razılaşdırılmış qanunvericilik və onun hazırladığı qanunların ədalətli və qərəzsiz icrası vasitəsilə 

qoruna bilər. Lakin bəşəriyyətin vəziyyəti o qədər miskin deyil ki, lap son məqamda bu vasitədən 

istifadə etmək məcburiyyətində qalsın. İnsanlara zülm və hiyləgərlik və ya xarici qüvvəyə təslim 

olmaqla  əldən getmiş qanunvericilik əvəzinə  yenisini təsis edə  biləcəklərini demək, onlara artıq 

iş-işdən keçəndən sonra kömək gələcəyini və ya xəstəliyin müalicəsiz olduğunu söyləmək olardı. 

Bu,  əslində  onlara  əvvəlcə  qul  olmağı,  sonra  isə  öz  azadlıqlarının  qayğısına  qalmağı  təklif 

etməkdən başqa bir şey deyil. Və bu, zəncirləndikdən sonra onlara artıq azad insan kimi hərəkət 

edə  biləcəklərini  söyləməyə  bənzəyir.  Əgər  bu,  açıq-aydın  belədirsə,  onda  yardım  göstərmək 

deyil,  ələ  salmaq  olur.  İnsanlar  tamamilə  bu  vəziyyətə  düşənədək  ondan  xilas  vasitələrini 




 

www.azadliqciragi.org

 

11 


tapmasalar,  heç  vaxt  tiraniyadan  azad  ola  bilməzlər.  Buna  görə  də,  onlar  nəinki  vəziyyətdən 

çıxmaq, həmçinin bunun qarşısını almaq hüququna malikdirlər.  

221.  Dövlətin  çökməsinin  ikinci  səbəbi  qanunvericiliyin,  yaxud  şahzadənin  öz 

məsuliyyətlərinin əksinə hərəkət etməsi ola bilər.  

Birincisi,  etibar  olunmuşlar  hər  hansı  şəxsin  mülkiyyətini  işğal  etməyə  cəsarət  edəndə, 

özlərini,  yaxud  icmanın  bir  hissəsini  xalqın  ağası,  onun  həyatının,  azadlığının  və  ya  var-

dövlətinin zorakı sahibi etmək istədikdə, qanunvericilik onlara qarşı hərəkət edir.  

222.  İnsanların  cəmiyyətdə  birləşməsinin  məqsədi  mülkiyyətlərini  qorumaqdır.  Və  onların 

qanunvericilik  seçməkdə  və  ona  səlahiyyət  verməkdə  məqsədi  cəmiyyətin  bütün  üzvlərinin 

mülkiyyətlərini  qorunması:  hər  bir  cəmiyyət  üzvünün  hakimiyyətinin  məhdudlaşdırılması  və 

dominantlığının azaldılması üçün qanunların hazırlanması və qaydaların yaradılmasıdır. Heç vaxt 

təsəvvür  etmək  mümkün  deyil  ki,  bir  şəxsin  cəmiyyətə  daxil  olmaqla  qorumaq  istədiyi 

mülkiyyətinin  məhv  edilməsi  üçün  qanunvericiliyə  səlahiyyət  verilməsi  cəmiyyətin  iradəsinə 

uyğun  olsun.  İnsanlar  məhz  buna  görə  seçdikləri  qanunvericilərə  tabe  olurlar:  qanunvericilər 

xalqın  mülkiyyətini  ələ  keçirməyə  və  məhv  etməyə,  yaxud  onları  zorakı  hakimiyyətin  köləsi 

səviyyəsinə  salmağa  cəhd  etdikdə,  xalqa  qarşı  müharibə  elan  etmiş  olurlar.  Xalq  da  itaətdən 

imtina edərək, Alahın bütün insanlar üçün güc və zorakılığa qarşı təmin etdiyi ümumi sığınacağa 

pənah  aparır.  Ona  görə  də,  hər  dəfə  qanunvericilik  ya  ambisiyaya,  ya  səfehliyə,  ya  da 

korrupsiyaya  görə  cəmiyyətin  bu  fundamental  qaydasını  pozaraq,  xalqın  həyatı,  azadlığı  və 

mülkləri  üzərində  mütləq  hakimiyyəti  ələ  keçirmək,  yaxud  onu  başqasının  ixtiyarına  verməyə 

cəhd  etdikdə,  onlara  tam  başqa  məqsədlərlə  verilmiş  məsuliyyəti  pozmuş  olur  və  hakimiyyət 

xalqa  keçir.  Xalqın  da  yeni  qanunvericilik  yaratmaqla  (özləri  yararlı  bildikləri  kimi)  öz  əzəli 

azadlığını  bərpa  erməyə,  öz  əmin-amanlığı  və  təhlükəsizliyini  təmin  etməyə  hüququ  var. 

İnsanların cəmiyyətə üzv olmaqlarının səbəbi məhz budur.  

222.  Ola  bilsin,  bu  haqda  deyiləcək  ki,  xalqın  cahil  və  həmişə  narazı  olması  hökümətin 

özülünü  insanların  qeyri-sabit  rəyi  və  qeyri-müəyyən  yumoru  əsasında  qurmaq,  onu  dağılmağa 

məruz qoymaqdır. İnsanlar əvvəlki hökümətdən təhqir görəndə, qanunvericilik yarada bilirlərsə, 

onda  heç  bir  hökumət  uzun  müddət  qalmağa  qadir  olmaz.  Cavabım  budur:  tamamilə  əksinə, 

bəzilərinin düşüncəsinə görə, insanlar öz köhnə formalarını asanlıqla tərk ermirlər. Onları vərdiş 

etdikləri çərçivədə  buraxdıqları  səhvləri düzəltməyə  inandırmaq çox çətindir.  Lap  anadangəlmə 

qüsurlar  olsa  da-  hətta  dünya  görəndə  ki,  buna  imkan  var,  onları  dəyişmək  asan  iş  deyil. 

İnsanlardakı, öz konstitusiyalarını tərk etməyə xas olan astagəllik və antipatiya istər bu krallıqda- 

bu əsrdə, istərsə də, keçmiş zamanlarda bir çox inqilablar zamanı müşahidə olunmuşdur. Bu, hələ 

də  bizdə  qalmaqdadır  və  bizi  bəzi  uğursuz  cəhdlər  intervalından  sonra  yenidən  əvvəlki 

qanunvericimiz  olan  krala,  lordlara  və  nümayəndələrə  qaytarmışdır.  Şahzadələrimizin  başından 

tacı  götürmək  üçün  nə  qədər  oyun  qursaq  da,  bu,  xalqın  onları  dəyişdirməsinə  nail  olması  ilə 

nəticələnməmişdir.  

229. Dövlətin  məqsədi  bəşəriyyətin rifahı olmalıdır. Bəşəriyyət üçün  hansı  yaxşıdır:  xalqın 

tiranlığın nəhayətsiz iradəsinə dözməsi, yoxsa hökmdarlar öz hakimiyyətlərindən ölçü bilmədən 

və  onların  mülkiyyətini  qorumaq  üçün  deyil,  məhv  etmək  üçün  istifadə  etdikdə,  müqavimət 

göstərməsi? 

232.  Kimsə  haqsız  güc  işlədirsə,  cəmiyyətdə  çoxunun  etdiyi  kimi,  özünü  güc  işlətdiyi 

şəxslərə qarşı müharibə vəziyyətinə qoyur: və bu vəziyyətdə bütün əvvəlki əlaqələr ləğv olunur. 

Bütün  digər  hüquqlar  qüvvəsini  itirir  ki,  beləliklə,  hər  kəsin  özünümüdafiə  və  aqressora 

müqavimət göstərmək hüququ var.  

240. Burada ümumi sual ortaya çıxa bilər: hakim kim olmalıdır, öz məsuliyyətlərinin əksinə 

hərəkət edən şahzadə, yaxud qanunvericilik? Belə şayiələri ancaq pis niyyətli və təfriqəçi adamlar 



 

www.azadliqciragi.org

 

12 


xalq arasında yaya bilər, axı şahzadə ancaq öz imtiyazları üçün çalışır. Buna belə cavab verirəm: 

Xalq  hakim  olmalıdır:  çünki  inanılmış  şəxsi,  yaxud  onun  yardımçısını  yaxşı  və  ona  etibar 

olunmuş  məsuliyyətə  uyğun  hərəkət  etdirən  hakim  olmalıdır.  Bəlkə,  onun  ixtiyar  verdiyi  və 

məsuliyyətinin öhdəsindən gələ bilmədikdə, onu azad etməyə səlahiyyətlilər olmalıdır? Əgər bu, 

ayrı-ayrı  şəxslərin  xüsusi  vəziyyətlərində  məntiqə  uyğundursa,  onda  niyə  milyonların 

mənafeyindən söhbət getdiyi  önəmli  bir  vaxtda belə olmasın?  Hətta  qarşısı alınmayacağı  halda 

böyük  təsiri  olacaq  və  düzəldilməsi  çətin  baha  başa  gələcək  ziyanın  qorxulu  olduğu  bir  anda 

belə? 


 241. Lakin kimin hakim olacağı sualı heç də onu bildirmir ki, ümumiyyətlə, hakim yoxdur: 

çünki yer üzündə, insanların arasındakı ziddiyyətləri həll etməyə ədalət sistemi olmadıqda, göydə 

Allah hakimdir. Yalnız o haqqdır və haqqın hakimidir. Lakin bütün  başqa hallarda olduğu kimi, 

bu  halda  da,  hər  kəs  özünün  hakimidir.  İstər  başqa  biri  özünü  ona  qarşı  müharibə  vəziyyətinə 

qoyduqda, istərsə də, Çepta kimi Ali hakimə müraciət etməli olduqda. 

242.  Qanunun  boş,  yaxud  şübhəli  olduğu  və  bunun  mühüm  nəticələri  ola  biləcəyi  anlarda 

şahzadə ilə xalq arasında ziddiyyət yaranarsa, düşünürəm ki, bu halda ən yaxşı münsif xalq şurası 

olmalıdır.  Çünki  şahzadə  ona  həvalə  olunmuş  məsuliyyətə  malikdirsə  və  qanunun  ümumi 

qaydalarından  yayınırsa, kimsə  özünü  incidilmiş  hesab edir. Beləliklə,  şahzadənin qanuna zidd, 

məsuliyyətini  aşdığı  güman  edilirsə,  onda  xalq  şurasından  (hansı  ki,  bu  ixtiyarı  şahzadəyə  o 

verib)  mükəmməl  hakim  ola  bilməz.  Onlar  bu  prosesin  nə  qədər  uzanacağını  nəzərdə  tuturlar? 

Lakin  şahzadə,  yaxud  administrasiyada  oturan  kimsə,  məsələnin  bu  üsulla  həllindən  yayınırsa, 

onda çarə kimsəyə  yox, Allaha qalır. Yer üzündə özündən  yüksək qüvvə tanımayan  və  yerdəki 

hər  hansı  hakimə  müraciət  üçün  icazə  verməyən  qüvvə  ilə  müharibə  vəziyyəti  alınarsa,  onda 

incidilmiş tərəfin ümidi ancaq Allaha qalır. O, öz-özünə mühakimə aparır və lazım bildiyi vaxtda 

bu müraciətdən yararlanıb, günahkarı cəzalandırmağı düşünür.  

243. Sonda, hər bir fərdin cəmiyyətə daxil olduğu vaxt onun ötürdüyü səlahiyyətlər, cəmiyyət 

mövcud olduqca ona qayıtmır, icmada qalır. Bunsuz heç bir icma və ya ittifaq mümkün deyil ki, 

bu  da  ilkin  sazişə  ziddir.  Belə  ki,  cəmiyyət  qanunvericilik  səlahiyyətini  bir  qrup  şəxsin  və 

sonradan  onların  xələflərinin  toplantısına  (həmin  səlahiyyətin  xələflərə  ötürülə  bilən  olması 

haqqında  tapşırıq  ilə)  verdikdən  sonra,  həmin  hakimiyyət  davam  etdikcə  bu  cür  qanunyaratma 

səlahiyyəti onlara geri qayıtmır. Belə ki, qanunverici hakimiyyətə daim davam etmək səlahiyyəti 

verməklə, onlar öz siyasi gücünü həmişəlik həmin qanunverici orqana ötürür və bir daha qaytara 

bilmirlər.  Lakin  onlar  qanunverici  orqan  üçün  müəyyən  vaxt  təyin  edirlərsə  və  bu  cür  ali 

hakimiyyəti  bir şəxsə  və  ya toplantıya  yalnız  müvəqqəti  verirlərsə,  yaxud  hakimiyyətdə olanlar 

ondan  sui-istifadə  edirsə,  onda  bu  hüquq  müsadirə  edilir.  Müsadirə  edildikdən  sonra  və  ya 

müəyyən edilmiş  vaxt başa çatdıqdan sonra  bu  hüquq cəmiyyətə qayıdır. Beləliklə,  insanlar ali 

hakimiyyət  kimi  çıxış  etmək  hüququna  malik  olur,  qanunverici  hakimiyyət  kimi  mövcud 

olmaqda, yaxud yeni forma yaratmaq və ya köhnə formanı düzgün hesab etdiyi əllərə  verməkdə 

davam edirlər.  

 

 

 



 

 

 



 

 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə