«GƏncliK» povesti



Yüklə 56,54 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü56,54 Kb.
#42116
növüYazı


«GƏNCLİK» POVESTİ 

Salam Qədirzadənin «Gənclik» povesti son zamanlarda yazıçılarımızın nəzərini cəlb edən 

mühüm və aktual bir movzuya - texniki-peşə məktəbi şagirdlərinin həyatına həsr edilmişdir. Hər 

il bu məktəblərdən yüzlərlə bənna, çilingər, dülgər, xarrat və s. çıxaraq vətənimizdə aparılan 

quruculuq işlərinə xidmət edirlər. Təbiidir ki, həyatımızın bu mühüm sahəsi ədəbiyyatımızın 

diqqəti xaricində qala bilməzdi. 

«Gənclik» povesti kolxozçu cavan Kamilin texniki-peşə məktəbində oxumaq üçün Bakıya 

gəlməsilə başlanır. 

Həyatında birinci dəfə olaraq, anasından belə uzun müddətə ayrılıb şəhərə gedən Kamil yolda 

Şəhla adlı qızla tanış olur. Şəhlanın təbiiliyi, sadə və ağıllı hərəkətləri Kamilə dərin təsir 

bağışlayır. Onlar öz həyatları, gələcək planları barədə həvəslə söhbətə girişərək, Bakıya çatanda 

səmimi dost kimi ayrılırlar. Nəhayət, biz Kamili sənət məktəbinin direktoru Səlimovun 

kabinetində, sonra isə yataqxanada öz yeni yoldaşları arasında görürük. 

Hər yerdə onu mehribanlıqla qarşılayırlar. Şagirdlər onunla köhnə və səmimi bir dost kimi rəftar 

edirlər. Tanış olmadığı qayda-qanunları ona öyrədirlər. 

Kamilin qəlbi fərəh və xoşbəxtliklə çırpınır. O, oxumağa gəldiyinə sevinir. Bakının qüdrət və 

gözəllikləri, əzəmətli binalar Kamili həyəcanlandırır, onda irəliyə - inkişafa doğru olan meyl və 

həvəsi daha da gücləndirir. Kamilə elə gəlir ki, heç bir çətinlik onun qarşısında dayana 

bilməyəcəkdir. 

Lakin işdə belə olmur. Özünə güvənən, ötkəm təbiətə malik olatı Kamil şagird yoldaşları 

arasında özündən daha zirək, daha bacarıqlı oğlanlar görür. Məktəb həyatındakı ciddi intizam, 

hər şeyin vaxtında və müəyyən bir cədvəllə aparılması, xüsusən bədən tərbiyəsi dərsi ona xoş 

gəlmir. 

Oxumaqda da bir sıra müvəffəqiyyətsizliklərə uğrayan Kamil yavaş-yavaş sıxılmağa başlayır. 

Buraya gəldiyi ilk günlərdəki şənliyini itirir, həvəsdən düşür. Yoldaşları ilə acıqlı və sərt rəftar 

edir. Dərslərinə yaxşı hazırlaşmır. Kəndlərini həsrətlə xatırlayır. 

Kamilin bu vəziyyətini görüb hiss edən yoldaşları divar qəzetində onun karikaturasını çəkib bərk 

tənqid edirlər. Kamil yoldaşlarının bu haqlı tənqidinə dözmür, hirslənir, divar qəzetini xəlvətcə 

cırıb məktəbdən qaçır. Kəndə getməyə pulu olmadığı üçün gecəni dəniz qırağında, açıq havada 

keçirərək səhərisi gün atasının keçmiş dostugilə gəlir. O, Kamilin məktəbi buraxıb kəndə 

qayıtmaq niyyətini biləndə acıqlanır, onu məzəmmət edir. 

Nəhayət, Kamil öz səhvini başa düşərək, məktəbə qayıdır və bundan sonra onun şagirdlik 

həyatında yeni bir dövr başlanır. 

Kamil indi məktəbin bütün qayda-qanunlarına, intizamına ciddi surətdə əməl edir, dərslərinə 

yaxşı hazırlaşır, bilmədiklərini yoldaşlarından soruşur. 

Beləliklə, Kamil məktəb kollektivinin köməyilə inkişaf edərək qabaqcıl şagirdlər sırasına çıxır. 

Povestin ikinci hissəsində texniki-peşə məktəbi şagirdlərinin məktəb binası tikmələri təsvir 

olunur. Kamil burada artıq bacarıqlı bir bənna olaraq meydana çıxır. Yoldaşları ilə yarışır. 

Məşhur bənna İbrahim Nəcəfovun konveyer üsulunu mənimsəyərək öz işində tətbiq edir. 

Salam Qədirzadənin ilk böyük əsəri olan bu povest bir sıra yaxşı cəhətləri ilə nəzər-diqqəti cəlb 

edir. Müəllif qələmə aldığı həyatı yaxından və diqqətlə öyrənmişdir. Texniki-peşə məktəbindəki 

hadisələr, Kamilin qısa müddətdəki inkişafı aydın səhnələrlə oxucunun gözləri qarşısından gəlib-

keçir. Müəllif qəhrəmanı daima hərəkətdə və fəaliyyətdə təsvir edərək, onun xarakterini, 

təbiətindəki ziddiyyətləri, rast gəldiyi çətinlikləri realist bir qələmlə açıb göstərməyə çalışır, artıq 

təfərrüatdan, lüzumsuz mükalimələrdən qaçır, həyat həqiqətindən uzaqlaşmamağa, hər şeyin öz 

yerində və real olmasına cəhd edir. Şagirdlərdən Əsəd, Zəki, Qiyas yaddaqalan, canlı surətlərdir. 

Biz onları duyuruq. 

Əsəd surəti xüsusilə diqqətəlayiqdir. O, şən, zarafatcıl, zirək, bacarıqlı bir oğlandır. Təbiətən şair 

olan Əsəd, eyni zamanda, yaxşı bir yoldaş və fəal bir ictimaiyyətçidir. O, Kamili lap ilk gündən 

bir dost kimi sevir, qüsurlarının ləğv olunmasına çalışır, onları tənqid edir. Lakin o, yaxşı bir 

yoldaş kimi, yalnız tənqid etməklə kifayətlənməyərək, eyni zamanda, Kamilin özünü cəmiyyət 



qarşısında doğrultmasına da kömək edir, onun bilmədiklərini öyrədir, yoldaşlarından geri 

qalmamasına çalışır. 

Gənclərə məxsus bu nəcib yoldaşlıq münasibəti Kamilin düzgün yola düşməsində mühüm rol 

oynayır.  Onun təbiətindəki yaxşı cəhətləri hərəkətə gətirir. 

Əsədin vaxtilə uşaq evində tərbiyəçisi olan Anacandan məktub alması povestin təsirli 

yerlərindəndir. Anacan Əsəd üçün həqiqi, qayğıkeş bir ana olmuşdur. Onu doğma oğul kimi 

sevmiş, dərdinə qalmışdır. Buna görə də, Anacanın onun müvəffəqiyyətlərindən xəbər tutması 

Əsədi sevindirir, mütəəssir edir. 

Əsədin şairlik istedadı texniki-peşə məktəbi şəraitində inkişaf edərək ictimaiyyət üçün müəyyən 

əhəmiyyətə malik xeyirli bir hal alır. Bununla müəllif çox doğru olaraq göstərmək istəyir ki, 

bizim ölkəmizdə heç bir istedad məhv olmur, hansı şəraitdə olursa-olsun, inkişaf edir. yüksəlir. 

Zəki də Əsəd kimi öz yoldaşını sevən, onun irəli getməsini arzu edən və bunun üçün hər cürə 

köməyə hazır olan bir gəncdir. Paxıllıq, eqoizm, özündən bədgümanlıq kimi mənfi hisslər onun 

təbiətinə ziddir. 

Lakin başa düşmək olmur ki, müəllif nə üçün Azərbaycan kəndindən gəlmiş bir cavan üçün heç 

də xarakterik olmayan «anam canı» ifadəsini yerli-yersiz ona təkrar etdirir? Bu, əsasən, ağır 

təbiətli, ağıllı bir oğlan kimi göstərilən Zəki surətinə bir şitlik və yüngüllük gətirir. 

Zarafatı sevən, şən, duzlu bir oğlan Qiyas da öz xarakterik xüsusiyyətləri ilə yoldaşlarından 

seçilir. 

«Gənclik» povestində müəllifin müşahidə qabiliyyətinə malik olduğunu göstərən bir sıra canlı 

səhnələr vardır. 

Bütün bunlar əsər haqqında ciddi tənqidi mühakimə yeritmək, müəllifdən daha yaxşı yazmağı 

tələb etmək üçün haqq verir. Ona görə də, biz «Gənclik» povestində hiss etdiyimiz bütün 

qüsurları, səmimi yoldaşlıq tənqidi ilə, aydın bir şəkildə açıb gostərməliyik ki, müəllif əsəri kitab 

halında çapa hazırlayarkən onları düzəltsin, təkrar etməsin. 

Biz bu qüsurlardan danışarkən, eyni zamanda, məsələyə nəsrimizin ümumi inkişafı nöqteyi-

nəzərindən yanaşmalıyıq. 

«GəncIik» povestindəki başlıca və mühüm nöqsanlardan biri müəllim kollektivinin zəif, quru və 

sönük göstərilməsidir. Əsərdə bir sıra müəllimlərin yalnız adlan çəkilir: Kazım Əzimzadə, 

məktəb direktoru Səlimov, usta Məlik və sairə. Bunların heç biri, sözün həqiqi mənasmda, canlı 

adam deyil. 

Biz onların öz şagirdləri ilə münasibətində ürəyi sarsıdan, yadda qalan kiçik bir səhnəyə rast 

gəlmirik. Biz bu adamların ancaq quru nəsihət və öyüdlərini eşidirik. 

Bunlar hissiyyatca yoxsul, fikircə dayaz adamlardır, ona görə də

bunların verdikləri öyüd-



nəsihətin uşaqlara təsir edəcəyinə inanmaq mümkün deyil. Bu nə üçün belə olmuşdur? 

Mənim fıkrimcə, «Gənclik» povestindəki müəllim kollektivinin bu cür sönük çıxması müəllifin 

başqa mühüm bir səhvindən irəli gəlmişdir. 

Bu səhv ondan ibarətdir ki, Salam Qədirzadə baş qəhrəmanı olan Kamilin inkişafını onu əhatə 

edən şərait və kollektivlə dialektik bir vəhdət halında götürmək əvəzinə, hər şeyi - şəraiti də, 

kollektivi də süni olaraq qəhrəmanın hərəkətlərinə tabe etmişdir. Nəticədə Kamil, bir növ, 

«ərkəsöyün uşaq» vəziyyətinə düşmüşdür. Belə ki, məktəbdə hamı ancaq Kamillə məşğul olur, 

hamı yalnız onun «düzəlməsi» haqqında düşünüb-danışır. Bu adamların özlərinin işi, xarakterik 

xüsusiyyətləri, duyğu və düşüncələri isə meydana çıxmır. 

Halbuki biz Kamili həyatın fikir və ehtiraslarla, xarakterik çarpışmalarla dolu canlı axınında 

görməli idik. O zaman direktorun öyüd-nəsihətlərinə də, usta Məlikin xatirələrinə də qəhrəmanla 

birlikdə maraqla qulaq asıb mütəəssir olardıq. Onları sevərdik. Axı, Kamili və onun yoldaşlarını 

yetişdirən, onların həyatlarına istiqamət verən həmin insanlardır. Necə ola bilər ki, bir ailədə 

uşağın nə cür böyüyüb boya-başa çatdığından danışasan, ona tərbiyə verən, qayğısını çəkən ana-

atanın kim olduğundan danışmayasan, onların böyük taleyi ilə oxucunun qəlbini hərəkətə 

gətirməyəsən?! 




Baş qəhrəmanın inkişafına gəldikdə, burada da bir sıra qüsura yol verilmişdir. Məsələn, müəllif 

inandırmağa çalışır ki, Kamil fitrətən elə bənna imiş. Guya, o, məktəb uşağı olduğu zaman 

birdən üç günlərlə dərsdən qaçar, palçıq və sement taparaq hörgü hörərmiş. 

Uşağın öz dərsinə bu cür münasibət göstərməsindən, haqlı olaraq, təşvişə düşən ana onun 

müəlliminə şikayət edib deyir: 

«- Bu divan malalamağa azı bir həftə vaxt itirib. O hasarı, yalan olmasın, dörd-beş dəfə söküb, 

təzədən tikib.» 

Müəllim isə, uşağı dərsə həvəsləndirmək, onun maraq və enerjisini nizama salmağa çalışmaq 

əvəzinə, məktəbdən çıxarıhb bənnalıq öyrənməyə göndərilməsini məsləhət görür. Əlbəttə, bir 

uşağın bənnalığa və ya dəmirçiliyə marağı ola bilər. Lakin bu heç də o demək deyildir ki, uşaq 

gərək mütləq dərsdən ayrılıb usta olmağa göndərilsin. 

Müəllif, Kamilin keçmişi haqqındakı fıkirlərini eyniylə usta İbrahim haqqında da təkrar edir. 

Guya, uşaqlıqda İbrahimin də fikri-zikri bənnalıq imiş. Belə hallar, müəllifin arzusunun əksinə 

olaraq, əsərə sünilik gətirir. Qeyri-inandırıcı və uydurma görünür. Çünki heç kəs anadan dəmirçi 

və ya bənna olaraq doğulmur. 

Məsələni bu cür qoymağm kökündən yanlış olduğunun izaha ehtiyacı yoxdur. Texniki-peşə 

məktəblərinə, müəllifin özünün də göstərdiyi kimi, on yeddi-on səkkiz yaşlı gənclər göndərilir və 

bu yaşa qədər onlar müəyyən ümumi təhsil almış olurlar. 

Bundan başqa, bütün il boyu kolxozda işləmiş Kamifin şəhərdə ipə-sapa yatmaması, məktəb 

nizam-intizamına tabe olmaması, heç bir tənqidə tab etməməsi, vaxt rejiminin ona dozülməz 

görünməsi, əlbəttə, bizim şəraitdə tipik hadisə deyildir. 

Tutaq ki, Kamil həqiqətən kənddən şəhərə əmək intizamının, vaxt rejiminin nə demək olduğunu 

bilməyən, qayda-qanuna tabe olmağı sevməyən bir adam kimi gəlmişdir. O zaman müəllif onun 

texniki-peşə məktəbində rast gəldiyi çətinlikləri, keçirdiyi əhvali-ruhiyyəni, daxilində çarpışan 

ziddiyyətləri dərindən açıb göstərməli idi. 

Əlbəttə, təsirli bir sözün, ya hərəkətinmi insan təbiətində müəyyən təbəddülata səbəb olması 

mümkündür. Lakin, bu o zaman mümkündür ki, bu təsiri - qəhrəmanı əhatə edən şərait, kollektiv 

daha da gücləndirsin. 

Təəssüf ki, kollektivin Kamilə olan kömək və təsiri olduqca tələsik göstərilmiş, psixoloji 

cəhətdən dərinləşdirilib əsaslandırılmamışdır. 

Məsələn, Kamil öz hərəkətlərindən peşman olub düzələndən sonra məktəb binasının tikintisində 

Əsədlə yarışa girir. Müəllif həmin yarışı belə təsvir edir: 

«- Hə, necəsən, Kamil? - deyə onun yanındakı divarın üstündən Əsədin səsi eşidildi. 

Kamil başını qaldırmadan: 

- Yüz on dörd, - deyə cavab verdi. 

Əsəd palçığı kəmçələyib şappıltı ilə daşın üstünə çırpdı: 

- Mən yüz iyirmi yeddi!» 

Dostlar hər beş-on dəqiqədən bir bu qayda ilə danışaraq, hörgüyə neçə daş qoyduqlarını bir-

birilərinə eşitdirirlər. Kamil əvvəlcə Əsədin artıq daş qoymağına əhəmiyyət vermir. Ona elə gəlir 

ki, Əsədin tikdiyi hissə mütləq onunkundan keyfiyyətsiz olacaq: «Yəqin Əsəd başdansovdu tikir, 

yoxsa, bu gün heç cür məni ötə bilməzdi, deyə düşünür.» 

Madam ki, Kamil onunla yarışan Əsədin binanı başdansovdu tikməyinə, işinin keyfiyyətsiz 

olacağına bu qədər əmin idi, deməli, gərək o, bir dost kimi bu məsələdən ciddi surətdə narahat 

olaydı. Yoldaşının və onun işlərinə rəhbərlik edən usta Məlikin nəzərini bu vəziyyətə cəlb 

edəydi. Çünki, axı, onlar illərlə yaşayacaq böyük bir bina tikirdilər. Lakin, Kamil belə hərəkət 

etmir. Susub nəticəni gözləyir. Bir istehsalatda iki qabaqcıl gənc arasında gedən yarışı belə təsvir 

etmək nə dərəcədə düzgündür? Müəllif, Kamiün şəxsində yarışın insanları qəlbən necə 

saflaşdırdığını, onları necə qüvvət və səmimiyyətlə bir-birilərinə bağladığını göstərməli idi. Biz 

onun təsvirində bu yarışın həyatı irəli aparan təkanverici qüdrətini hiss etməli idik. 

Biz bir-birilə yarışan iki gəncin əməyindəki gözəlliyi, şeriyyəti duyub fərəhlənməli idik. 



Müəllif, Kamil ilə Şəhlanın məhəbbətini təsvir edərkən də öz qarşısına ciddi bədii problem 

qoymamışdır. Sevgi qəhrəmanın işi və taleyi ilə üzvi surətdə bağlanmamışdır. Onun həyatında 

baş vermiş elə mühüm bir hadisə ilə də əlaqədar deyil. 

Povestdə məhəbbətin nə demək olduğunu hələ bilməyən iki gənc arasında başlamış səmimi 

dostluq əvvəllər təbii və inandıncı təsvir edilir. Lakin bu dostluq sevgiyə çevrildikdə, müəllifin 

qələmi zəifləyir. Əhvalat bəsit bir hal alır. 

Kamii ilə Şəhla hərdənbir görüşüb ordan-burdan iki kəlmə söhbət edərək ayrılırlar. Onlar, hətta, 

bir-birilərilə danışmağa söz də tapmırlar. Əlbəttə, mən bununla heç də onu demək istəmirəm ki, 

gərək Şəhla ilə Kamil bir-birilərinə eşqnamə oxuyardılar. Əksinə, müəllifin sevgi səhnələrini 

xəsis boyalarla təsvirə çalışması yaxşıdır. Lakin bir sənət həqiqəti də var ki, bu «xəsis boyalar» 

həmin məhəbbətdəki dərinliyi, səmimiyyəti bütün nəciblik və ehtirasilə canlandırmağa xidmət 

etməli idi, onu bayağılaşdırmamalı idi. 

İki saf təbiətli gənc arasında yaranan məhəbbət onların mənəvi gözəlliklərini, ruhi həyəcanlarını, 

ürəklərindəki həyat sevgisini daha dərindən duyub hiss etməkdə oxucuya kömək etməli idi. 

Xarakterlərə bir zənginlik və təravət gətirməli idi. 

Sevgi məsələsinin havadan asılı kimi yüngül verilməsi təkcə «Gənclik» povestinin deyil, son 

zamanlarda yazılmış bir sıra başqa nəsr əsərlərimizin də ciddi nöqsanlarındandır. Bir də görürsən 

müəllif əsas məsələyə - qəhrəmanların taleyinə dəxli oldu-olmadı - bir sevgi əhvalatı calayır və 

bu «sevgi» o qədər ehtirassız, səthi və mənasız olur ki, oxuduqca darıxıb həmin səhifələri 

ötürmək istəyirsən. Mənim fikrimcə, məhəbbət məsələsi ya heç qoyulmasın, ya da, əgər, 

qoyulursa, gərək mütləq poetik yüksəkliyə qaldırılıb qəhrəmanların həyatında mühüm rol 

oynasın. Ancaq, elə-belə, sevgini sevgi xatirinə göstərmək həqiqi sənət yolu deyil. 

Kamran Məmmədov «Ədəbiyyat qəzeti»ndəki məqaləsində Kamilin gecə-gündüz, hətta, istirahət 

günlərində belə daima işdə, öyrənməkdə göstərilməsini haqlı olaraq tənqid edir. Doğrudan da, nə 

üçün bu gəncləri, onların müəllimlərini bir dəfə də öz evlərində görmürük? Məgər, ailə 

münasibətləri, səmimi yoldaşlıq söhbəti və mübahisələri də həmin adamların həyatının müəyyən 

bir hissəsi deyilmi? Məgər, əmək insanın həyatını tarixin heç bir dövründə görünməmiş dərəcədə 

fərəhli və mənalı etməmişdirmi? 

Son zamanlarda yazılmış əsərlərimizdə çox mühüm bir nöqsan nəzəri cəlb edir ki, gənc nasirləri 

həmin nöqsandan vaxtında uzaqlaşdırmaq lazımdır. 

Bu nöqsan adi əhvalatçılıqdan ibarətdir. Kolxozlarda zərif yunlu merinos qoyunları yetişdirmək 

məsələsi, yaxud başqa bir məsələ meydana çıxdıqda, yazıçı dərhal bu barədə bir əhvalat 

quraşdıraraq yazmağa başlayır. Çoban merinos qoyunu yetişdirmək istəyir, kolxoz sədri geridə 

qalmış adam olduğu üçün buna zidd çıxır, nəhayət, yuxarılar bu işə qarışıb münaqişəni həll edir. 

Müəllif öz əsərindəki quruluğa, cansıxıcılığa, dilin bərbad olmasına, xarakterlərin cılızlığına, 

fikirlərin dayazlığına, duyğuların ibtidailiyinə qətiyyən əhəmiyyət verməyərək, quraşdırdığı 

əhvalatı inadkar bir səbrlə uzadır, hey yazıb tökür. Tənqidçilər də belə yoldaşları başa salmırlar 

ki, az-maz fantaziyası olan hər bir savadlı adam müəyyən məsələ haqqında bir əhvalat düzəldib 

yaza bilər, bunun sənətə dəxli yoxdur. Nəsrin bu cür adiləşib quru bir akta çevrilməsi ilə kəskin 

mübarizə lazımdır. 

Əlbəttə, Salam Qədirzadənin povesti haqqında bu sözləri demək ədalətsizlik olardı. Orada 

yazıçının bacarığına dəlalət edən yaxşı cəhətlər olduğunu mən yuxarıda qeyd etmişəm. *    

Ancaq,   «Gənclik»  povesti   «əhvalatçılıq»,   adi  «nağılçılıq» təsirlərindən tamamilə xali 

deyildir. 

Müəllif çox zaman, xüsusilə, əsərin ikinci hissəsində qəhrəmanın düzəlməsini, bu işdə ona olan 

təsirləri sadəcə nağıl edir. Əhvali-ruhiyyələrin, psixoloji ziddiyyətlərin dərindən meydana 

çıxmasına, təsvir etdiyi səhnələrin parlaq və təsirli olmasına, oxucunu sarsıtmasına az əhəmiyyət 

verir. Şeirdə, dramaturgiyada olduğu kimi, nəsr əsərində də hər bir sözün, hər bir detalın dərin 

bədii mənası olmalıdır. 

Salam Qədirzadə qəhrəmanlarının xarici görünüşlərini, paltarlarını təsvir edir, lakin bunu onların 

xarakteri, psixologiyası, həyata olan münasibətləri ilə bağlamır. Ona görə də, bu təsvirlərin bədii 

əhəmiyyəti az olur. Məlumdur ki, həqiqi bədii əsərdə adamların xarici görünüşü, geyimi, adətləri 




yalnız elə-belə, onun şəklini çəkmək üçün deyil, xarakterin dərindən açılıb izah olunması üçün 

təsvir edilir. Çünki, insanın xarakteri ilə onun xarici görünüşü, geyimi, adət və hərəkətləri 

arasında bir ahəng, bir uyğunluq olduğu aydındır. 

«Gənclik» povestinin dili aydın və səmimidir. Müəllif qələmə aldığı səhnəni asanlıqla oxucunun 

gözləri qarşısında canlandıra bilir. Əlbəttə, bu, yazıçı üçün nailiyyətdir. Lakin, Salam 

Qədirzadənin dilindəki sadəlik bəzən tamam bir adiliyə, bəsitliyə çevrilir. Biz onun dillində 

güclü obraz və təşbehlərə, sarsıdıcı, qüvvətli ifadələrə az rast gəlirik. 

Bu məsələdə bəzi tənqidçi yoldaşların da təqsiri az deyil. Onlar bu və ya digər yazıçının 

dilindəki bəsit sadəliyi yaxşı bir xüsusiyyət kimi qələmə verərək onları arxayınlaşdırır, qüvvətli 

təşbeh və obrazlar, dolğun və tutarlı cümlələr, bir deyişdə hədəfə dəyən kəskin ifadələr yaratmaq 

zərurətini qarşıya qoymurlar. 

Madam ki, sənət obrazlı təfəkkürdür, demək, onun dili bəsit və cansız ola bilməz! 

Buna görə də, yazıçı «Bakı doğrudan da gözəl şəhərdir» deməklə yaxasını qurtara bilməz! O, bu 

gözəlliyi bütün sirr və incəlikləri ilə rəsm etməlidir. Onu ikinci dəfə yaratmalıdır. Həqiqi realist 

sənətin gücü də bundadır və biz ümidverən gənc nasir yoldaşları bu parlaq sənət yoluna 

çağırmalıyıq. Təcrübəli yazıçı yoldaşlarımız bu işdə onlara kömək etməlidirlər. 

Salam Qədirzadə on ildən artıq yazıçılıq təcrübəsinə malik bacarıqlı bir nasirdir. Onda öz əsərləri 

üzərində işləyib, onu daha da dərinləşdirmək qabiliyyəti vardır. Arzumuz budur ki, «Gənclik» 

povestini kitab halında çap edərkən, göstərilən nöqsanların ləğv olunmasına çalışıb, gələcək 

əsərlərinin bədii yüksəkliyinə xüsusi fikir versin. 



«Azərbaycan» jurnalı,  N27,  1953-cü il 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 56,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə