ÖLÜMDƏN GÜCLÜ
Sent-Corc–stritdəki nikah bürosundan çıxan Çarlz Kler qızını «bu skripkaçı»yla – ərə getdiyi
adamla birlikdə aparan taksinin arxasınca tələsmədən addımlayırdı. Yaxşı tərbiyə qaydaları, əlbəttə,
ona Betti ilə, bu nikah mərasiminin ondan başqa yeganə şahidi olan yaşlı mürəbbiyyə ilə birlikdə
getməyə imkan vermirdi. Cüssəli, həm də gözü yaşlı bu qadın, hətta düz on altı il ehtiyatda olmasına
baxmayaraq, köhnə qvardiya zabitinə məxsus ölçülü və ritmik yerişini itirməyən
mütənasib, düz
bədənli, biri üçün əsla münasib yol yoldaşı ola bilməzdi.
Zavallı Betti! Qadın haqqında dilxor ovqatla düşünürdü – heç bir halda burada, pilləkəndəcə göz
yaşlarına güc verməməliydi. Görünür, indi Cip gedəndən sonra özünü tək-tənha hiss edəcəkdi, ancaq
onun özü qədər də yox! Açıq rəngli əlcək geydirilmiş yeganə əli ilə, – o biri qolu kəsilmişdi – dəqiq
cizgiləri olan dodaqlarının kənarlarında vız durmuş bığlarını burdu. Tutqun fevral günü olsa da, palto
geyməmişdi, o, hətta qaraya bürünməyi artıq hesab eləyib, silindir də qoymadı, əvvəlcədən toyun hiss
olunmadan keçəcəyini bildiyindən boz kostyumunu, fetr şlyapasını geydi. Heç bir halda qəlb
narahatlığını büruzə verməmək kimi əsgərə və ovçuya xas olan vərdişi həyatının
bu kədərli günündə də
ona sadiq oldu, ancaq onun tez-tez qıyılan açıq qəhvəyi gözləri qəzəblə işıldayırdı, bəzən isə, sanki,
hansısa ciddi hisslərə müqavimət göstərmək iqtidarında deyilmiş kimi gözləri tutqunlaşır, elə bil,
tamamilə göz yuvalarında itirdi.
Uzunsov, codlaşmış sifəti, batıq yanaqları, sərt cizgiləri olan çənəsi, balaca qulaqları, qara saçları,
çallaşmağa başlayan gicgahları ona iradəli, özünə güvənən, enerjili adam görkəmi verirdi. Bütün özünü
ələ almaq tərzi onu göstərirdi ki, həmişə modaboz olan və bir qayda olaraq, formaya üstünlük verən
birisi kimi o, bu an daha əhəmiyyətli şeylərin olduğunu başa düşür. İnsan müəyyən
olunmuş tipdir, o,
isə nəyləsə tipik deyildi. Belə adamların keçmişi tez-tez baş verən faciələrlə zəngin olur.
Parka doğru gedərək, Mayn-stritə döndü. Həmin ev buradaydı, – baxmayaraq ki, vaxt vardı,
bütün küçə tamam başqa cür görünürdü…İyirmi üç il bundan əvvəl, unudulmaz noyabr gecəsi, Cip
doğulanda qəlbində ümidsizlik olan sahibsiz bir it, dumanda bir xəyal kimi yaxınlığında var-gəl elədiyi
məhz həmin ev. İçəri girməyə icazəsi olmayan qapının arxasından ona heç bir kişinin heç bir vaxt
sevməyəcəyi qədər sevdiyi qadının öldüyünü dedilər. Dünyaya uşaq gətirərək, ölmüşdü və yalnız ikisi
uşağın ondan olduğunu bilirdilər! Doğum vaxtının keçdiyini bilərək, dumanda saatlarla gəzəsən və
nəhayət, sonda bu xəbəri… eşidəsən! Yəqin, insanın bəxtinə düşən ən ağır qismət onun həddən artıq
çox sevməsidir!
Nə qədər qəribə olsa da, məhz bu gün, yeni ağır itkidən sonra yolu bu evin yanından düşdü!
Lənətə gəlmiş təsadüf – keçən payız Bisbadendə podaqranın onu yaxalaması çox lazımmış! Lənətə
gəlmiş təsadüf – gərək bu tip Forsen öz uğursuz skripkası ilə Cipin gözünə sataşaymış! On beş il
bundan əvvəl də Uinton özünü bu gün olduğu kimi atılmış, heç kimə lazım olmayan birisi kimi hiss
eləmişdi. Yalnız Cip onun yanına gələndən sonra bu hisslərinə son qoyulmuşdu. Sabah Mildxenmə
qayıdacaqdı, bəlkə də, fasiləsiz at çapması ona yaxşı təsir edəcəkdi. Cipsiz… Cipsiz yaşamaq!
Skripkaçı! Bəlkə də, ömründə heç vaxt at minməyən tip!.. Sanki, insanı
iki yerə bölürmüş kimi
qamçısını qəzəblə yellədi.
Hələ heç vaxt Xayd-parkın yaxınlığındakı şəxsi klubu ona bu qədər mənasız gəlməmişdi. Özündə
kök salmış bir adətlə kart oynanılan otağa keçdi. Artıq qaranlıq düşmüşdü, elektrik işığı yanırdı, bir
neçə daimi oyunçu abajuru kölkə salan lampanın işığında oturmuşdular – o, rişxəndlə qara ağacdan
düzəldilmiş masalara, oturacaqların arxalıqlarına, kartlara, qədəhlərə, içində kofe olan qızılı fincanlara,
siqaret tutmuş pardaxlanmış dırnaqlı əllərə baxırdı. Tanışı ona piket oynamağı təklif elədi. Saymazyana
halda masa arxasına keçdi. Bric – bu gödəldilmiş eybəcər qumar oyunu həmişə onun incə zövqünü
təhqir edirdi. Pokerdə həyəcanlandırıcı nəsə vardı. Piket dəbdən düşsə də, onun
üçün yeganə dəyəri
olan, hələ də hansısa qaydanı qoruyub saxlayan oyun kimi qalmışdı. Əlinə yaxşı kart gəldi və beş funt
uddu, klub çərənləmələrinin sıxıntısından can qurtarmaq üçün o, bu puldan həvəslə əl çəkərdi. İndi
gənclər haradaydılar? Nyunbernə çatmışdılarmı? Cip gözləri vəhşi pişiyin yaşıl gözlərinə bənzəyən bu
isveçli ilə üzbəüz oturmuşdu və o, tamam qapalı, özgə, əcnəbi idi! Dəyərsiz birisiydi – ya da ola bilsin,
o, Uinton adamlarla atları ayırd eləməyi yadırğamışdı. Allaha şükürlər olsun, Cipin pullarını sonuncu
fartinqinə qədər qoruyub saxlaya bilmişdi. Düşünəndə ki, bu oğlanın qolları onun gur saçlı, qonur
gözlü qızını, – bütün görünüşü ilə ona fədakarcasına sevdiyi qadını xatırladan bu gözəl, zərif varlığı
qucaqlayır, onu qısqanclığa yaxın bir hiss bürüyürdü.
Kart oyunları otağından çıxanda onu baxışlarla müşaiyyət edirdilər, o, başqalarında qürur hissi
oyadan adamlardandı, baxmayaraq ki, heç kim dəqiq deyə bilməzdi, məhz niyə. Ətrafındakı bir çox
kişilər onun malik
olduğu dəyərlərə malikdilər, ancaq onun kimi diqqəti öz üzərlərinə çəkə bilmirdilər.
Ola bilər, burada məhz həmin tipik olmayan xarakter və keçirdiyi həyatın vurduğu möhür öz sözünü
deyirdi?
Klubdan çıxıb tələsmədən Pikadilli boyunca Sent-Cemsə doğru, Beri– stritdəki öz evinə yola
düşdü. Bu ev, hələ gəncliyindən onun London sığınacağı, – bu küçədə hər şeyi uçurub yerində yenisini
tikən londonluların, onun fikrincə, az qala şəhərin yarısını korlayan ehtiraslarına tuş gəlməyən çox az
evlərdən biri idi.
Qapını meşəcüllütü kimi qara, iti,
mülayim gözləri olan, aşırmalı dar şalvar, uzun toxunma yaşıl
jilet geyib, önlük taxmış qaradinməz birisi açdı.
– Marki, bu gün mən evdəyəm, – o dedi, – missis Marki mənə nahar hazırlasın. Nə olsa.
Marki başıyla deyiləni eşitdiyini təsdiqlədi, onun qara xətt altında qaşları ilə birləşən gözləri
sahibini təpədən dırnağa kimi süzdü. Dünən axşam arvadı deyəndə ki, indi sahibi tək-tənha olacaq,
onda da başını tərpətməklə kifayətlənmişdi. Arxadakı otağa keçəndə Marki başının hərəkəti ilə küçəni,
sonra isə yuxarını göstərdi. Bu hərəkətdən onun hər şeyi başa düşən arvadı nəticə çıxartdı ki, o, ərzaq
üçün getməlidir, çünki ev sahibi evdə nahar eləyəcək. Qadın gedəndən
sonra Marki Cipin qoca
mürəbbiyəsi Bettinin yanında oturdu. Gombul qadın hələ də sakitcə ağlayırdı. Bu, onun əhvalını tamam
korladı, özünün də it kimi ulamağa hazır olduğunu hiss edirdi. Bir neçə dəqiqə sakitcə qadının göz
yaşlarından islanmış, enli, qırmızı sifətinə baxandan sonra başını yırğaladı və Betti hıçqırıqlarını
boğub, bütün ətli bədəni ilə titrəyərək, sakitləşdi. Marki ilə hesablaşmaq lazım gəlirdi.
Uinton əvvəlcə qızının yataq otağına girdi. Boşalmış otağın səliqəli yır-yığışına, gümüşü çərçivəli
güzgüyə diqqətlə baxıb, qırxılmış bığlarını burdu. Sonra isə öz otağına gedib işığı yandırmadan
buxarının qabağında oturdu. Kimsə otağa baxardısa, onun yatdığını zənn elərdi, ancaq o yatmamışdı,
mürgü gətirən rahat oturacaq və buxarının dinclik yayan alovu onu uzaq keçmişlərə aparırdı. Necə də
mənasız təsadüfdü, məhz bu gün onun evinin yanından keçib getməli olmuşdu!
Nəzəriyyədə qəlblərin yaxınlığına görə insanın, ən son halda da kişinin həyatının yeganə qızğın
məhəbbətdən ötrü darmadağın edilməsi kimi halları qəbul eləmirlər. Həqiqətdə isə belə kişilər var,