RAST MÜZİKOLOJİ DERGİSİ
Uluslararası Müzikoloji Dergisi
www.rastmd.com
Doi:
10.12975/rastmd.2017.05.03.000119
1745
AZƏRBAYCAN XALQ RƏQSLƏRİNİN TƏSNİFATI
Rauf Bəhmənli
1
ÖZET
Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də rəqslərdir. Mədəniyyət
incilərimizdən sayılan rəqs sənəti qədim dövrlərdən zəmanəmizə kimi yaşayaraq
xalqımızın adət-ənənəsini, insanların ictimai həyat tərzini, məişətini, estetik zövqünü
özündə əks etdirmişdir. rəqslərin hər birinə onların özünəməxsus musiqi dilinə,
intonasiyasına, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz yarandığı yerin, tarixi
ərazinin adını götürmüşdür. Bu sahədə çalışan görkəmli musiqişünaslarımızdan
Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin, Əhməd İsazadənin və başqalarının elmi
əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı məsələlərinə də toxunulmuşdur. Aparılan
araşdırmada rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da nəzərə alınmış,
onların oxşar və fərqli cəhətləri müqayisəli şəkildə təhlil edilərək yeni səpgidə təşkil
edilmişdir.
Anahtar Kelimeler: oyun havaları, müqayisə, təsnifat, təhlil, əsər.
THE CLASSIFICATION OF AZERBAIJANI FOLK DANCES
ABSTRACT
Dancing is one of the most common types of Azerbaijani folk music. Living from ancient
times to our days the art of dance, which is considered one of the pearls of culture, has
reflected the traditions of our people, their social life, welfare and aesthetic taste. Each of
the dances according to their own musical language, intonation and rhythm were given
corresponding names. Some dances were named after their place of origin or the historic
area. From our outstanding musicologists working in this field Mammadsaleh Ismayilov,
Bayram Huseynli, Ahmed Isazade and others, touched upon the question of classification
of dances in their thesis and researches. In the study the previous classifications of dances
in different arrangements were also taken into account, and by analyzing their similar and
different features through comparative analysis, they were organized in a new style.
Keywords:
dance-music, comparison, classification, analysis, work
КЛАССИФИКАЦИЯ АЗЕРБАЙДЖАНСКИХ НАРОДНЫХ
ТАНЦЕВ
РЕЗЮМЕ
Танцы – это одна из широко распространенных видов азербайджанской народной
музыки. Искусство танца, которое считается одним из жемчужин культуры, жило с
древнейших времен до наших дней, отражая традиции нашего народа,
общественную и повседневную жизнь людей, эстетические взгляды. Каждому из
танцев были даны имена, соответствующие их музыкальному языку, интонации,
1
Ü.Hacıbəyov adına BMA-nın doktorantı, habishka83@mail.ru, https://orcid.org/0000-0002-
9112-8768
Bəhmənli, R. Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017), s. 1745-1757
1746
ритма. Некоторые танцы приняла названия своего место происхождения и
исторического развития. В научных трудах, исследованиях выдающихся
музыковедов, таких как Мамедсалех Исмаилова, Байрам Гусейнли, Ахмеда Изазаде
и других, затронуты классификации танцев. В исследовании также были учтены
предыдущие классификации танцев в разных аспектах, путем сравнительного
анализа были по-новому проанализированы их сходства и различия.
Ключевые слова: игровые мелодии, сравнение, классификация, анализ,
произведение.
GİRİŞ
Azərbaycan xalq musiqisi çoxəsrlik tarixə malikdir. Şifahi-ənənəvi sənət kimi öyrənilən
folklor musiqimiz əsrlərdən bəri inkişaf etdirilmiş, yeni-yeni çalarlarla zənginləşdirilmiş,
istedadlı musiqi ifaçılarımız tərəfindən nəsildən-nəsilə ötürülərək bu günə kimi qorunub
saxlanılmışdır. Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də
rəqslərdir. Mədəniyyət incilərimizdən sayılan rəqs sənəti qədim dövrlərdən zəmanəmizə
kimi yaşayaraq xalqımızın adət-ənənəsini, insanların ictimai həyat tərzini, məişətini, estetik
zövqünü özündə əks etdirmişdir. Tarix boyu Azərbaycan xalqının həyatında rəqs janrı
böyük əhəmiyyət kəsb edib. Rəqs etməyi çox sevən xalqımız hər bir xoşbəxt günündə,
sevincli anlarında qol qaldırıb oynayıblar. Çünki bu xalqın kökündə, qanında, canında
musiqi, ritm olub. Buna bizim “yallı”larımız, “qopuz”umuz, “qavaldaş”ımız tarixi mədəni
sübutdur. Qanında musiqi çağlayan xalq qəhrəmanlarımız çətin anlarında belə “Cəngi”
sədaları altında düşmənə qalib gəlmişlər. Qərinələr ötdükcə insan təfəkkürünün sürətlə
inkişafı, bəşər tarixində baş verən mürəkkəb proseslər insanların dünyagörüşünün
zənginləşməsinə, xalqın həyatında müxtəlif dövrlərlə bağlı yeni-yeni ənənələrin
yaranmasına gətirib çıxarır. Din uğrunda, hakimiyyət uğrunda əsrlərlə aparılan qanlı
müharibələr, mərd igidlərin döyüş meydanlarında göstərdikləri qəhrəmanlıq, feodal
dövrünün özünəməxsus qanunauyğunluqları, Azərbaycan ərazisindəki xanlıqlar və saray
personajları, at yarışları, pəhləvanların, kəndirbazların müxtəlif tamaşaları, toy mərasimləri
və bir çox bayram və el şənlikləri rəqslərimizin yaranmasına çox böyük təsir göstərmiş və
onların əsas mövzusuna çevrilmişdir.
Müxtəlif xarakterə, oyun tərzinə, mövzu və məzmuna, aydın musiqiyə və adlarının
mənalarına görə Azərbaycan xalq rəqsləri bir neçə qrupa (təsnifata) bölünürlər.
1. Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər;
2. Bitki və gül-çiçək adları ilə bağlı rəqslər;
3. Daş-qaş, zinət və bəzək əşyalarının adları ilə bağlı rəqslər;
4. Əmək və təsərrüfatla bağlı məişət rəqsləri;
5. Qəhrəmanlıq və igidlik timsallı rəqslər;
6. Bayramlar və el şənlikləri ilə bağlı mərasim rəqsləri;
7. İnsan adları ilə bağlı rəqslər;
8. Məzəli rəqslər.
1. Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır.
Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dilinə, intonasiyasına, ritminə uyğun
adlar verilmişdir. Bəzi rəqslər öz yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. Bu da
rəqsin yaradıcılarının vətənə sevgisindən, doğma torpağına, göz açdığı diyarına
məhəbbətindən xəbər verir. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”,
“Şamaxı”, “Bakı”, “Şuşa”, “Əsgəranı”, “Dəhnə”, “Şağani”, “Şərur”, “Sabirabadı” belə
rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa
bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Adları çəkilən oyun havalarından iki ada
Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
1747
malik olan “Şəki” rəqsi əsasən, yallı musiqisidir. Onun ikinci adı “Nuxa”dır. Nuxa Şəkinin
əvvəlki adıdır. Bilirik ki, Şəki Azərbaycanın çox qədim tarixə malik olan şəhərlərindən
biridir. Onun şərəfinə həsr olunmuş bu rəqs həm kütləvi şəkildə yallı kimi, həm də solo
ifada rəqs kimi oynanılır.
Nota 1:
Şəki rəqs havası.
Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala,
çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”,
“Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraqqala”, “Qusar-çay” və başqaları buna
aydın nümunədir. Bu rəqslərdən bəzilərinin tarixi orta əsrlərə aid edilir. “Kömürtəpə”
adlanan qədim yaşayış yeri Azərbaycanın tarixi abidələri siyahısına daxil olan mühüm
ərazilərdəndir. İndiki Şabran rayonu ərazisində, Qəndov kəndinin cənubunda yerləşən
Kömürtəpəyə həsr olunan rəqsin musiqisi də bu tarixi ərazinin özü kimi qədim və
maraqlıdır.
Nota 2:
Kömürtəpə’ye həsr olunan rəqs.
Azərbaycanda elə rəqslər də mövcuddur ki, onların adları hal-hazırda qonşu xalqların
yaşadığı ərazilərin adı kimidir. Çünki bu ərazilərdə də tarix boyu azərbaycanlılar
yaşayıblar, adət-ənənəmizi qoruyub saxlayıblar və musiqi mədəniyyətimizi daim inkişaf
etdiriblər. Qeyd etmək lazımdır ki. elə indi də Dağıstan, Gürcüstan, Türkiyə, İran,
Özbəkistan və digər dövlətlərdə çoxlu sayda azərbaycanlı yaşayır. Bu tarixi ərazilərin
şəninə yazılmış Azərbaycan xalq rəqslərindən “Dilican”, “Tiflisi”, “Ənzəli”, “Aşxabadı”,
“Məhərrəmkənd”, “Qars”, “Dağıstan”, “Dərbəndi”, “Əndican”, “Çanaqqala” və
başqalarını nümunə gətirə bilərik. Məhərrəmkənd – Dağıstan ərazisində, Samur çayının
sahilində yerləşən rayon mərkəzinin adıdır. Bu gözəl məkana həsr edilmiş rəqs
Azərbaycanda çox tanınmış rəqslərdəndir. Sonrakı illərdə rəqsin musiqisinə ləzgi dilində
Bəhmənli, R. Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017), s. 1745-1757
1748
şeir (mətn) əlavə olunaraq “Kanda-kanda” adlanan mahnı kimi də oxunmuşdur.
“Məhərrəmkənd” rəqsi “qaytağı” ritmində ifa edilir. Mahnı kimi orta tempdə, rəqs kimi isə
tez tempdə səslənən bu oyun havasının not yazısında həm 6/8-nın, həm də 3/4 ölçülərinin
ardıcıl növbələşən ritmik quruluşlarını müşahidə etmək olar.
Nota 3:
Məhərrəmkənd rəqsi.
2. Azərbaycanın göz oxşayan, çox mənzərəli təbiəti vardır. İstər coğrafi
mövqeyi, iqlimi, istərsə də suyu, torpağı Vətənimizi təkrarolunmaz, əsrarəngiz bir diyara
çevirmişdir. Bu cənnətin qapılarını üzümüzə açan gözəlliklərdən biri də təbiətin bizə bəxş
etdiyi bitki, gül-çiçək aləmidir. Bu ürəkaçan gözəllikdən həzz alan xalqımız hər gülün, hər
çiçəyin adına rəqslər yaratmışdır. “İnnabı”, “Darçını”, “Lalə”, “Qızılgül”, “Heyvagülü”,
“Bənövşə”, “Novruzgülü”, “Reyhanı”, “Almagülü”, “Alçagülü”, “Mixəyi”, “Məxməri”,
“Dağ çiçəyi”, “Yasəməni”, “Pambığı” bu rəqslərdəndir.
Azərbaycanda nəfəs alətlərinin məşhur ifaçılarından biri, zurna-balaban ifaçılığında
özünəməxsus məktəb yaratmış ustad sənətkarlardan sayılan Əli Kərimov (1874-1962)
Cabbar Qaryağdıoğlu ilə görüşlərindən birini belə xatırlayır: “Biz Cabbarla Səlim bəyin
toyunda görüşdük. Baharın gözəl çağı idi. Səhər-səhər Cabbarla çəmənlikdə gəzirdik. Bu
gözəl bahar səhərinin təravəti, havadakı gül-çiçəyin ətri məndə elə bir təb yaratdı ki, istər-
istəməz balabanı əlimə alıb çalmağa başladım. Musiqi sona çatdıqda Cabbar maraqlı
baxışlarla bu rəqsin adını məndən soruşdu. Mən də dedim ki, bilmirəm, elə indi improvizə
etdim. Onda Cabbar təklif etdi ki, bu melodiyanın adını elə bu səhərə, çiçəklərin ətrinə həsr
edərək “Bənövşə” qoyaq. Beləcə “Bənövşə” rəqsi yarandı.” [4, s. 14]
Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
1749
Nota 4:
Bənövşə
rəqsi.
3. Qədim dövrlərdən bəri bahalı daş-qaşlar, eləcə də qiymətli materiallardan
(qızıl və gümüş) hazırlanmış zinət əşyaları Azərbaycan xalqının məişətində çox geniş
istifadə olunmuşdur. Əsasən, qadınların istifadə etdikləri bu bəzək əşyaları onların daha da
yaraşıqlı, cazibəli görünməyinə təsir göstərmişdir. Feodal dövrünün saray xanımları aşağı
təbəqədən olan xanımlardan seçilmək üçün çox qiymətli zinət əşyararından istifadə
edərdilər. Üstü cürbəcür daş-qaşlarla (brilliant, almaz, yaqut, zümrüd, kəhrəba, firuzə)
bəzədilmiş silsilələr, cıqqa və sırğalar, çəçik və qolbaqlar, sinəbəndlər, bilərzik və
bazubəndlər, üzüklər, qızıl pullarla əhatə olunmuş papaqqabağılar, qızıl və gümüşdən
Bəhmənli, R. Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017), s. 1745-1757
1750
hazırlanmış kəmərlər belə bəzəklərdəndir. Qadın gözəlliyini və milli geyimlərimizin
ornamentini əks etdirən bəzək əşyaları ilə bağlı xalq arasında bir çox rəqslər yaranmışdır.
“Brilyantı”, “Yaqutu”, “Mirvari”, “Çervon”, “Almazı”, “Mərcanı”, “Onluq”, “Zümrüdü”
və başqaları məhz, bu xalq rəqslərindəndir. Adlarını qeyd etdiyimiz oyun havalarından
ikinci adı “Çatdadım” kimi tanınan “Mirvari” rəqsi, nəfəs alətləri ifaçılığında xüsusi yeri
olan, zurna və balabanın virtuoz sənətkarı sayılan Həsrət Hüseynov (1927-1995) tərəfindən
yaradılmışdır. O, bu rəqsi öz həyat yoldaşına həsr etmişdir. Çalındığı ilk gündən xalqın
sevimli rəqs havasına çevrilən “Mirvari” toy şənliklərinin də bəzəyi sayılırdı. Əsasən,
kişilərin oynadığı, iti tempə malik olan bu rəqsə verilən “Çatdadım” adının isə çox maraqlı
tarixi vardır. 1984-cü ildə Həsrət Hüseynovun bizə söylədiyi əhvalatdan belə məlum olur
ki, “çatdadım” sözü yorulmaq mənasında işlədilib. Əhvalat isə belədir ki, cavanlığından
çox gözəl rəqs etməyi bacaran, lakin artıq yaşlı nəslin nümayəndələrindən sayılan kənd
sakinlərindən biri hələ də toy şənliklərində “Mirvari” rəqsini tez tempdə yorulmadan
oynayarmış. Çox cavanlar onu oynamaqla yormağa çalışmış, amma heç kəs bunu
bacarmamışdı. Toy məclislərinin birində qocanı oyunda üstələməyə söz verən gənclərdən
biri axırda o qədər yorulur ki, musiqini saxlatdırıb nəfəsi kəsilə-kəsilə; “Adə, dayan da,
mən çatdadım ki” söyləyir. Hamının gülüşünə səbəb olan bu əhvalat uzun illər boyu xalqın
hafizəsində yaşayaraq bu günə qədər gəlib çatmışdır. Heç təsadüfi deyil ki, bu gün
Azərbaycanın bir çox bölgələrində toy şənliklərində əsasən, yaşlı nəslin insanları tərəfindən
musiqiçilərə “Çatdadım” rəqsi sifariş edilir.
Nota 5:
Çatdadım rəqsi.
4. Tarixdən bizə məlumdur ki, uzaq keçmişdə Azərbaycan ərazisində çoxlu
sayda qədim tayfalar mövcud olmuşdur. “Oğuz”lar, “qıpçaq”lar, “qınıq”lar, “tərəkəmə”lər,
“kuti”lər, “lullubi”lər, “qarqar”lar, “ovşar”lar, “köçəri”lər, “turukki”lər və başqaları belə
Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
1751
tayfalardandır. Bu tayfalar daim köçəri həyat tərzi sürmüş, heyvandarlıqla məşğul olmuş,
öz yaşayışlarını təmin etmək üçün mal-qarasını yayda yaylağa, qışda qışlağa aparmaqla
təsərrüfatlarını genişləndirmişlər. Bütün çətinliklərə, hər cür iqlim şəraitinə alışmış bu
“elat” qəbilələri, tərəkəmələr istilər düşməmiş, yazın axırları uzaq yola çıxaraq dağlara köç
edər, sürülərini yaylaqlara çıxarar, soyuqlar düşməmişdən də qabaq yenidən isti ərazilərə,
“aran” bölgələrinə qayıdardılar. Xalq rəqslərimizdən “Tərəkəmə”, “Köçəri”, “Ovşarı” və
başqaları məhz, bu qədim tayfaların adları ilə bağlı el havalarıdır.
Tərəkəmələrin həyat tərzini əks etdirən digər rəqslər daha maraqlı məzmuna malikdir.
Kollektiv təsərrüfatla bağlı, süd sağımı, yun qırxımı, eləcə də qoyunçuluğun inkişafında
çobanların əməyi bu rəqslərdə bütövlüklə öz əksini tapmışdır. “Kolxozu”, “Xançobanı”,
“Çobanı”, “Çobanlar”, “Keçiməməsi” və s. oyun havaları məhz, əmək və təsərrüfatla bağlı
məişət rəqslərindəndir. Adları çəkilən rəqslərdən özünün çox maraqlı süjet xətti və oyun
üslubu ilə seçiləni “Xançobanı”dır. Tez tempə malik olan, kişilərin kollektiv şəkildə
oynadığı bu rəqs teatrlaşdırılmış formada qurulmuşdur. Belə ki, oyun zamanı rəqqaslar
səhnədə üc tamamilə müxtəlif xarakterli personaj nümayiş etdirirlər. Onlardan biri
əyinlərinə dəri gödəkçələr geymiş və səhnədə əyilərək sanki qoyun sürüsünü təsvir edən,
digəri sürüyə baxan çobanların personajlarıdır. Üçüncü obaraz isə çiynində yapıncısı,
başında qoyun dərisindən papağı və əlində çomağı olan baş çobandır (xançoban). Rəqs
nisbətən orta tempdə başlasa da xançobanın gəlişindən sonra ritm tədricən sürətlənir. Baş
çoban yapıncısını kənara qoyaraq digər çobanlarla birlikdə, iti tempdə, mürəkkəb rəqs
hərəkətlərini yerinə yetirərək öz məharətlərini göstərirlər.
Nota 6:
Xançoban rəqsi.
Bəhmənli, R. Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017), s. 1745-1757
1752
5. Azərbaycan xalqı qəhrəman xalqdır. Uzun əsrlər boyu müharibələr görmüş,
hücum və basqınlara məruz qalmış, tarixin bütün keçməkeçli yollarını aşaraq geridə
qoymuş xalqımız heç zaman ruhdan düşməyərək düşmən basqınlarına mərdliklə sinə
gərmiş, qəhrəmanlıq göstərmiş, gücünü, qüvvəsini səfərbər edib son nəticədə döyüşdən
qalib çıxmışdır. Hər zaman Vətən yolunda canını qurban verməyə hazır olan, heç vaxt
qorxu bilmədən düşmən qarşısında keçilməz sədd yaradan xalqımızın igid övladları döyüş
meydanlarına atılarkən “cəngi”lər çalınar, aşıqlar sazı sinələrinə alıb xalqı qələbəyə
səsləyərdilər. Bu səbəbdəndir ki, Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda canını
qurban verən Cavanşir, Babək, Koroğlu, Nəbi kimi xalq qəhrəmanlarımız olmuşdur.
Düşmən üzərində çalınan hər bir qələbə, zəfər böyük xalq bayramlarına çevrilərdi.
İgidlərimizin şəninə dastanlar qoşular, mahnılar bəstələnər, qələbə sevincini əks etdirən
müxtəlif məzmunlu rəqs havaları yaradılardı. “Cəngi”, “Beşaçılan”, “Qəhrəmani” və s.
məhz, belə rəqslərdəndir.
Nota 7:
Cütçü rəqsi.
Cəngi – ümumi məna kəsb edən, “yallı” kimi qədim tarixə malik olan rəqs növüdür. Adının
kökü, mənşəyi “cəng” sözündən götürülmüşdür. Cəng ərəbcə dava, müharibə, vuruş
deməkdir. “Cəngi” xalqı qəhrəmanlığa çağıran, döyüşə səsləyən, şücayət göstərməyə sövq
edən, insanlarda cəngavərlik əhval-ruhiyyəsi yaradan möhtəşəm bir musiqi nümunəsidir.
Qədimdə Oğuz tayfaları arasında, orta əsrlərdə xanlıqlar arasında gedən müharibələrdə
təbillər döyülər, zurna alətində çalınan “cəngi”lərin sədaları düşməni lərzəyə salar,
döyüşün başlanmasını xəbər verərdi. Cəngilər yalnız hərbi yürüşlərdə deyil, pəhləvanların
güləşmə səhnələrində, kəndirbazların çıxışlarında, cıdır yarışlarında da çalınır. Bu
səbəbdəndir ki, Azərbaycanda çoxlu sayda “cəngi” rəqsləri mövcuddur. “Kəndiri”,
“Cütçü”, “Atlanma” və başqaları belə oyun havalarındandır. Bu rəqslərdən ikinci adı
“Zorxana” kimi tanınan, çox maraqlı tarixə malik olan “Cütçü” haqqında məlumat
verməliyik. Zorxana – güc sinama yarışları üçün nəzərdə tutulmuş yer (məkan) adıdır. Bura
Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
1753
əsasən, öz gücünə inanan, özünü hər kəsdən qüvvətli sayan cavanlar, pəhləvanlar,
idmançılar toplaşar, müxtəlif yarışlar, sinaqlar keçirərdilər. İştirakçılar cürbəcür ağır çəkili
əşyaları (gürz, toppuz, qılınc, qalxan, əmud və s.) başları üzərinə qaldıraraq, müxtəlif
fəndlər nümayiş etdirərək öz məharətlərini göstərərdilər. Belə “zorxana”lar XIX əsrdə
Bakıda, Şəkidə və Şamaxıda çox geniç yayılmışdır. Şəkidə hal-hazırda “zorxana” binası
bir tarixi abidə kimi qorunub saxlanılır. Qədim rəqslərimizdən sayılan “Zorxana”nın
musiqisi Azərbaycan kino sənətinin incilərindən hesab edilən “Yeddi oğul istərəm”
fimlində, kəndlilərin cüt qoşub yer şumladığı səhnədə səsləndikdən sonra, xalq arasında bu
havanın digər bir adı – “Cütçü” meydana gəldi. Rəqsin musiqisində igidlik, qəhrəmanlıq,
mərdlik xüsusiyyətləri özünü qabarıq şəkildə əks etdirir.
6. Azərbaycan xalqı qədim dövrlərdən bəri öz tarixi yaddaşına həkk elədiyi
və özünün adət-ənənəsinə, məişətinə daxil etdiyi müəyyən hadisələri, unudulmaz günləri
daim yaşatmaq üçün hər zaman müxtəlif bayramları, el şənliklərini və digər mərasimləri
yüksək səviyyədə qeyd edir.
Bildiyimiz kimi Azərbaycanda bir çox bayramlar mövcuddur. Xalqımızın böyük təntənə
ilə qeyd etdiyi bu bayramlardan biri də Novruz bayramıdır. Novruzda bayram
şirniyyatlarının hazırlanması, səməni göyərdilməsi, yumurta boyadılması, xonçaların
bəzədilməsi, çərşənbələrin keçirilməsi, tonqalların qurulması ilə yanaşı bu bayramı daha
da yadda qalan edən xalq qarşısında bir çox oyunların, tamaşaların keçirilməsidir.
Kəndirbazların çıxışları, zorxanaların qurulması, pəhləvanların yarışları, cıdıra çıxmaq, at
yarışları, xoruz döyüşdürmək, ayı oynatmaq və bir çox başqa oyunlara xalq böyük maraqla
və həvəslə tamaşa edir. Məhz Novruz bayramı ilə əlaqədar, onun atributları ilə bağlı, eləcə
də buradakı oyunlara, tamaşalara aid xalq arasında bu günümüzə qədər çoxlu sayda rəqslər
meydana gəlmişdir. “Səməni”, “Novruzu”, “Kəndiri”, “Cıdır”, “Atlanma”, “Pəhləvanı”,
“Duy-duy”, “Şalaxo” və s. belə rəqslərdəndir. Bu oyun havalarından “Şalaxo” daha maraqlı
tarixə malikdir. Belə ki, Novruz bayramlarında, əsasən qaraçılardan ibarət ayı oynadanlar
kəndlərə gedərdilər və bu bayramda öz öyrətdikləri ayıların məharətini xalq qarşısında
nümayiş etdirərdilər. Onların gəlişini səbirsizliklə gözləyən böyükdən-kiçiyə, hər kəs dövrə
ətrafında toplaşaraq oturuqlu və ya ayaq üstə bu tamaşaları seyr edərdilər. Burada ayı öz
sahibinin əmrləri ilə iki pəncəsi üstə qalxaraq dövrə ətrafında gəzər, sonra başını yerə
qoyub bir neçə dəfə tez-tez mayallaq aşar, musiqinin sədaları altında rəqs edərdi. Nəhayət,
qaraçı ayının belinə şələ bağlayar və ayı bu şələni ayaq üstə qalxaraq belində daşıyardı. Bu
səhnələrə tamaşa edənlər çox böyük həvəslə, əl çalaraq alqışlayıb yerlərdən tez-tez “Ay
şələküm, məyəllaküm” sözlərinin deməklə aranı daha da qızışdırardılar. “Şələküm,
məyəllaküm” burada “şələ daşıyan”, “mayallaq aşan” mənasında işlədilmişdir. Deməli
“Şalaxo” rəqsinin adının mənası ayının şələ daşımasından, yəni “şələ” sözündən
götürülərək əvvəllər “Şələxo”, daha sonralar isə “Şalaxo” kimi deyilmişdir.
“Şalaxo” rəqsi tez tempdə ifa olunan kişi rəqslərindəndir. Rəqsin musiqisi əvvəlcə orta
(mülayim) tempdə başlayır. Burada ayaq burcutmaları, əllərin yumşaq-yumşaq öz ətrafına
dairə şəkilli hərəkətləri kimi rəqs elementlərindən istifadə olunur. Sonra rəqsin sürəti get-
gedə tezləşir. Bu zaman rəqs onu ifa edən rəqqasdan çox böyük ustalıq və məharət tələb
edir. Belə ki, rəqs tullanma, iri sıçrayışlı ayaq hərəkətlərilə çox zəngindir. Peşəkar səhnədə
“Şalaxo”nu ilk dəfə Azərbaycanın əməkdar artisti, baletmeyster, rəqqas Əlibaba
Abdullayev (Əminə Dilbazinin dediklərindən) ifa etmişdir. “Şalaxo”nun not yazısından bir
parçanı izləyək.
Bəhmənli, R. Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017), s. 1745-1757
1754
Nota 8:
Şalaxo rəqsi.
Xalqımızın əsrlər boyu çox böyük şadyanalıqla qeyd etdiyi, ulu babalarımızın qoyduğu
qanunlara əsasən, adət-ənənəmizə uyğun şəkildə həyata keçirdiyi mərasimlərdən biri də
toydur. Toy – iki sevən gəncin yeni yaradacaqları müstəqil ailə təməlinin rəmzidir.
Azərbaycan toylarında kicikdən böyüyə qədər hər kəs; qohumlar, qonşular, dost-tanışlar,
ümumiyyətlə hamı şadlanır, rəqs edir, sevinir, bəylə-gəlini təbrik edir, onlara xoşdəxtlik
arzulayırlar. Məhz, bu mərasimlə bağlı, bəylə-gəlinin şərəfinə xalq arasında bir çox oyun
havaları meydana gəlmişdir. “Gəlin havası”, “Toy”, “Vağzalı”, “Yaylıq” və başqaları belə
rəqslərdəndir. “Vağzalı” rəqsi haqqında Kamal Həsənov yazır ki; “Vağzalı rəqsinin əsasını
təşkil edən, əvvəllər “Qarabağın ağırı” adlanan qədim melodiya sonralar iki hissəyə
şaxələnərək “Asta Qarabağı” və “Vağzalı” melodiyasına çevrilib”. [1, s. 31]
Adlarını qeyd etdiyimiz oyun havalarından bu gün artıq üçüncü adı ilə yaşayan “Yaylıq”
haqqında məlumat verməliyik. Keçmiş dövrlərdə “Tapança” adlanan bu rəqs sonralar
“Yaylıq”, hal-hazırda isə “Qoçəli” kimi şöhrət tapmışdır. Əvvəla, deməliyik ki, bu rəqsi
toy sahibinin məclisi idarə etmək üçün seçdiyi şəxs (tamada, masabəyi) oynayarmış. Toy
məclisini idarə etmək çox böyük məsuliyyət tələb etdiyindən bu vəzifə elə adama həvalə
olunurdu ki, böyükdən-kiçiyə, hamı ona hörmət etsin, onun sözündən çıxmasın. Çünki bəzi
toylarda oynamaq üstündə mübahisələr düşərdi. Masabəyi dava düşəcəyini görüb silahla
havaya güllə açardı, hamı sakitləşdikdən sonra şənlik davam edərdi. Rəqsə verilən
“tapança” adı buradan götürülmüşdür. Zaman ötdükcə, bu adət nisbətən dəyişilmiş,
masabəyinin əlindəki silah çubuqla əvəz olunmuşdur. O, səs-küy salanları çubuqla
Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
1755
hədələyər, məclisdən çıxarardı. Toyda digər insanlardan seçilsin deyə, masabəyinin qoluna
qırmızı yaylıq bağlayardılar. Bu dəb indi də bir çox kənd toylarında davam etdirilir. Rəqsə
“yaylıq” adının verilməsi də bu adətlə bağlı olmuşdur. “Qoçəli” adı isə rəqsə inqilabdan
əvvəl Bakı kəndlərində verilmişdir ki, bu da “qoçu” ləqəbi ilə tanınan Əlinin adı ilə
bağlıdır. Çox hörmətli və cəsarətli insan kimi tanınan qoçu Əlinin masabəyi olduğu toy
məclislərində heç kim cürət edib dava salmazdı. Məclisdə kimlərə söz veriləcəyi, kimlərin
ardıcıllıqla oynayacağı məhz, qoçunun icazəsi və göstərişi ilə yerinə yetirilirdi.
Ağır tempdə ifa edilən “Qoçəli” rəqsi öz musiqi məzmunu ilə, ritmik xüsusiyyətləri ilə çox
sanballı və cazibəli oyun tərzi ilə seçilir.
Nota 9:
Qoçəli rəqsi.
7. Azərbaycan oyun havaları arasında insan adları ilə bağlı rəqslər çoxluq təşkil
edir. “Nabat xanım”, “Xalabacı”, “Şəlalə”, “Mirzəyi”, “Hacıcan”, “Xanımı”, “Züleyxa”,
“Sevinc”, “Bəsti”, “Qaryağdı”, “Təhməzi”, “Gülgəzi”, “Leyli pəri”, “Musaxanı”, “Ayşadı”
və s. Belə rəqslərin çox olması bir neçə səbəbdən yaranmışdır. Əvvəla qeyd etməliyik ki,
rəqs havaları yüksək musiqi duyumu olan insanlar, oxumağı və ya hansısa bir musiqi
alətində ifa etməyi bacaran musiqiçilər tərəfindən yaradılır. Bu yaradıcı insanlar kəşf
etdikləri hər yeni musiqini nəyəsə həsr etmiş, kiməsə ithaf edərək ona ad vermişlər. Elə
rəqslər də var ki, yarandıqdan sonra bir müddət adsız qalmışdır. Yəni, müəllif melodiyanı
yaratmış, lakin ona dəqiq bir ad seçməmişdir. Belə rəqslərdən bəziləri tez-tez toylarda, el
şənliklərində, bayramlarda səslənmiş, insanlar tərəfindən qəbul edilmiş, sevilmiş, lakin
dəqiq adı olmadığı üçün xalq arasında bu rəqsə onu yaradan ifaçının öz adı verilmişdir.
Məsələn, çox məşhur oyun havalarından sayılan “Mirzəyi” Qarabağlı ney ifaçısı Mirzə
tərəfindən təxminən 1860-cı illərdə yaradılmışdır.
Bəzi rəqslər onu yaradan müəllifin oğlunun, qızının və ya nəvəsinin adını qəbul etmişdir.
Məsələn, zurna və balabanın məşhur ifaçılarından sayılan Əli Kərimov (1874-1962) öz
nəvəsinin adına həsr etdiyi “Əfruzə” rəqsini yaratmışdır. Bu gün “Ay qız heyranın ollam”
Bəhmənli, R. Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017), s. 1745-1757
1756
xalq mahnısı kimi məşhurlaşan “Gülgəzi” rəqsinin musiqisini Naxçıvanlı ney çalan
Həsənəli 1904–1905-ci illərdə yaratmışdır. Gülgəz Həsənəlinin yoldaşının adıdır. Rəqs də
onun şərəfinə “Gülgəzi” adlandırılıb. [1, s. 39]
Elə rəqslər də vardır ki, bir müddətdən sonra öz adını itirmiş, sonradan bu havanı gözəl
oynayan, rəqs edən şəxsin (rəqqas və ya rəqqasənin) adı ilə adlandırılmışdır. Məsələn, bu
gün iki hissəli rəqslərdən “Tamara” kimi tanınan oyun havası təxminən 1916-cı ildə
yaranmışdır. Onun adı toylarda bu rəqsi çox məharətlə oynayan məşhur Salyanlı rəqqasə
Tamaranın şərəfinə verilmişdir. Xalq arasında “Tamara” adı ilə məşhurlaşan rəqs öz
əvvəlki adını itirmişdir.
Bu günümüzə qədər gəlib çatmış, insan adları ilə adlandırılan elə rəqs havalarına da rast
gəlirik ki, həm ilkin adını, həm də sonrakı adını qoruyub saxlamışdır. Məsələn, “Balabəyi”
rəqs havasının ikinci adı “Nilufəri”dir. İlk adı “Qorxmazı” olan rəqsə sonralar “Solmazı”
adı da verilmişdir.
8.
Təsnifatın sonuncu bölməsinə məzəli əhvalatlarla bağlı xalq rəqsləri
daxildir. Bəşər tarixi mövcud olandan bəri hər bir insan yaşadığı həyatı boyu saysız-
hesabsız gülməli, məzəli əhvalatlarla rastlaşmışdır. Sonra gördüyü bu əhvalatı öz
yaxınlarına söyləməklə onların da qəlbində gülüş yaratmışlar. Getdikcə insanlar arasında
yayilan belə gülməli əhvalatlar çoxaldıqca, onlardan ən maraqlısını, ən məzəlisini xalq öz
yaddaşına köçürmüşdür. Bu məzəli əhvalatlar gələcəkdə bütün folklor janrlarına sirayət
etdiyi kimi, oyun havalarının da yaranmasına səbəb olmuşdur. Bütün məzəli rəqslər hansısa
gülməli bir tarixi əhvalatla bağlı olub, öz musiqi məzmununda və ya oynanılarkən müxtəlif
çalarlar, müxtəlif hərəkətlər vasitəsilə bu gülüşü özündə əks etdirmişdir. Belə rəqslərdən
“Kəsmə”, “Lətifə”, “Naz eləmə”, “Xurcun”, “Qıtqılıda”, “Naz-nazı”, “Kim-kimə”, “Tapp
elədi” (“Sürüşdüm-düşdüm” kimi də adlanır), “Matanı”, “Cığ-cığa” və başqalarının
adlarını çəkə bilərik.
İkinci adı “Sənəmi” kimi tanınan məşhur xalq rəqslərimizdən biri də “Qıtqılıda”dır. Süjetli
rəqslərdən sayılan bu oyun havasında həm cavan, həm də yaşlı qadın obrazları təsvir
olunur. Əsasən, qız toylarında cavan gəlinlər yığışıb birlikdə rəqs edirlər. Acıqlı və
deyingən qaynanasından çəkinən utancaq gəlinlərdən biri oynayarkən qorxa-qorxa yan-
yörəsinə baxır ki, birdən qaynanası gələr. Nəhayət qaynana gəlir və cavanların rəqsinə
qoşulur. Gəlin dövrədəkilərin arasında gizlənir. Ağır tərpənən qaynana tez tempdə ifa
edilən bu rəqsin ritminə düşə bilmir və yöndəmsiz, komik hərəkətlərlə oynayaraq
insanlarda gülüş əhval-ruhiyyəsi yaradır. Rəqs “atlama” ritmində ifa edilir. Oyunda iştirak
edən rəqqasələr dövrə ətrafında düzülürlər və tək-tək bu dövrənin mərkəzində oynayaraq
öz bacarıqlarını göstərirlər. Dövrədə duranlar isə əl çalmaqla, çırtıq vurmaqla və digər
ritmli küylərlə rəqsin ritmik müşayiətinə qoşulurlar.
Məzəli rəqslərə aid edilən, çox maraqlı süjet xəttinə, oyun üslubuna və ritmik
xüsusiyyətlərinə malik olan oyun havalarımızdan biri də “Naz eləmə”dir. Sevgiyə həsr
olunmuş, şən əhval-ruhiyyəli “Naz eləmə” oğlanla qızın birgə (duet) rəqsidir. Süjet xətti
belədir ki, oğlan qıza aşiq olur, ürəyini ona açmaq üçün imkan gözləyir. Qız isə utanır,
üzünü oğlandan gizlədir. Lakin oğlan imkan tapıb rübəndi qızın üzündən çəkib sevgisini
ona bildirir. Rəqsdə obrazların xarakterinin açılmasında ritmin çox böyük əhəmiyyəti
vardır. Belə ki, əvvəlcə orta tempdə ifa edilən rəqsdə, oğlan qıza ürəyini açdıqdan sonra əl-
ələ verərək oynayarkən ritm də tezləşir, sürətli tempə keçir və elə bu templə də bitir.
Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
1757
Nota 10:
Naz eləmə rəqsi.
Xalq rəqslərimizin bu günə kimi yazılmış bir neçə təsnifatı ilə tanışıq. Bu sahədə çalışan
görkəmli musiqişünaslarımızdan Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin,
Əhməd İsazadənin və başqalarının elmi əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı
məsələlərinə də toxunulmuşdur. B.Hüseynlinin “Azərbaycan xalq rəqs musiqisinin
klassifikasiyası” əsərində rəqs havaları öz mövzüsu baxımından altı növə bölünmüşdür;
Ənənəvi rəqslər, Zəhmət rəqsləri, Məişət rəqsləri, Qəhrəmani rəqslər, Yallı oyun-rəqsləri
və Müxtəlif müvzulu rəqslər. [2, s. 5] M.İsmayılovun “Azərbaycan xalq musiqisinin
janrları” əsərində isə oyun havalarımız ritmik xüsusiyyətlərinə görə; Ağır-mülayim,
Yüngül-oynaq, Qaytağı tipli cəld və İti rəqslərə bölünmüşdür. [3, s. 146]
Təqdim olunmuş məqalədə rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da
nəzərə alınmış, onların oxşar və fərqli cəhətləri müqayisəli şəkildə təhlil edilərək yeni
səpgidə təşkil edilmişdir.
KAYNAKLAR
1. Həsənov K.N. Qədim Azərbaycan xalq rəqsləri. Bakı, İşıq, 1983, 59 s.
2. Hüseynli B.X. Azərbaycan xalq rəqs musiqisinin klassifikasiyası. Azərbaycan
İncəsənəti məcmuəsi. XIIc. (Azərb. EA-nın nəşri) Bakı, 1968, 67 s.
3. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. Bakı, İşıq, 1960, 44 s.
4. Гусейнли Б.Х., Керимова Т.М. Али Керимов. М., СК., 1984, 48 с.
Dostları ilə paylaş: |