Şalaxo rəqsi



Yüklə 107,02 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü107,02 Kb.
#44125


      

       RAST MÜZİKOLOJİ DERGİSİ 

       Uluslararası Müzikoloji Dergisi 

      www.rastmd.com 

 

    Doi:

10.12975/rastmd.2017.05.03.000119



 

 

    



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



1745 

 

AZƏRBAYCAN  XALQ  RƏQSLƏRİNİN  TƏSNİFATI 



        Rauf Bəhmənli

1

 

ÖZET 

Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də rəqslərdir. Mədəniyyət 

incilərimizdən  sayılan  rəqs sənəti qədim  dövrlərdən zəmanəmizə  kimi  yaşayaraq 

xalqımızın  adət-ənənəsini,  insanların  ictimai  həyat tərzini, məişətini,  estetik  zövqünü 

özündə  əks  etdirmişdir.  rəqslərin  hər birinə  onların  özünəməxsus musiqi dilinə, 

intonasiyasına,  ritminə  uyğun  adlar  verilmişdir.  Bəzi rəqslər  öz  yarandığı  yerin,  tarixi 

ərazinin  adını  götürmüşdür.  Bu  sahədə  çalışan  görkəmli  musiqişünaslarımızdan 

Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin, Əhməd İsazadənin və başqalarının elmi 

əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı məsələlərinə də toxunulmuşdur. Aparılan 

araşdırmada rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da nəzərə alınmış, 

onların  oxşar  və  fərqli cəhətləri  müqayisəli  şəkildə  təhlil  edilərək yeni səpgidə  təşkil 

edilmişdir. 



Anahtar Kelimeler: oyun havaları, müqayisə, təsnifat, təhlil, əsər.  

THE CLASSIFICATION OF AZERBAIJANI FOLK DANCES 

ABSTRACT 

Dancing is one of the most common types of Azerbaijani folk music. Living from ancient 

times to our days the art of dance, which is considered one of the pearls of culture, has 

reflected the traditions of our people, their social life, welfare and aesthetic taste. Each of 

the dances according to their own  musical language,  intonation and rhythm  were  given 

corresponding names. Some dances were named after their place of origin or the historic 

area. From our outstanding musicologists working in this field Mammadsaleh Ismayilov, 

Bayram Huseynli, Ahmed Isazade and others, touched upon the question of classification 

of dances in their thesis and researches. In the study the previous classifications of dances 

in different arrangements were also taken into account, and by analyzing their similar and 

different features through comparative analysis, they were organized in a new style. 

Keywords: 

dance-music, comparison, classification, analysis, work

 

КЛАССИФИКАЦИЯ АЗЕРБАЙДЖАНСКИХ НАРОДНЫХ 

ТАНЦЕВ 

РЕЗЮМЕ 

Танцы – это одна из широко распространенных видов азербайджанской народной 

музыки. Искусство танца, которое считается одним из жемчужин культуры, жило с 

древнейших  времен  до  наших  дней,  отражая  традиции  нашего  народа, 

общественную  и  повседневную  жизнь  людей,  эстетические  взгляды.  Каждому  из 

танцев  были  даны  имена,  соответствующие  их  музыкальному  языку,  интонации, 

                                                

1

 Ü.Hacıbəyov adına BMA-nın doktorantı, habishka83@mail.ru, https://orcid.org/0000-0002-



9112-8768 


 

 Bəhmənli, R.                               Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017),  s. 1745-1757 

1746 


 

ритма.  Некоторые  танцы  приняла  названия  своего  место  происхождения  и 

исторического  развития.    В  научных  трудах,  исследованиях  выдающихся 

музыковедов, таких как Мамедсалех Исмаилова, Байрам Гусейнли, Ахмеда Изазаде 

и  других,  затронуты  классификации  танцев.  В  исследовании  также  были  учтены 

предыдущие  классификации  танцев  в  разных  аспектах,  путем  сравнительного 

анализа были по-новому проанализированы их сходства и различия. 

Ключевые слова: игровые мелодии, сравнение, классификация, анализ, 

произведение. 



GİRİŞ 

Azərbaycan xalq musiqisi çoxəsrlik tarixə malikdir. Şifahi-ənənəvi sənət kimi öyrənilən 

folklor musiqimiz əsrlərdən bəri inkişaf etdirilmiş, yeni-yeni çalarlarla zənginləşdirilmiş, 

istedadlı musiqi ifaçılarımız tərəfindən nəsildən-nəsilə ötürülərək bu günə kimi qorunub 

saxlanılmışdır.  Azərbaycan  xalq  musiqisinin  çox  geniş  yayılmış  növlərindən biri də 

rəqslərdir. Mədəniyyət incilərimizdən sayılan rəqs sənəti qədim dövrlərdən zəmanəmizə 

kimi yaşayaraq xalqımızın adət-ənənəsini, insanların ictimai həyat tərzini, məişətini, estetik 

zövqünü  özündə  əks  etdirmişdir.  Tarix boyu Azərbaycan  xalqının  həyatında  rəqs  janrı 

böyük  əhəmiyyət kəsb edib. Rəqs etməyi  çox  sevən  xalqımız  hər  bir  xoşbəxt  günündə, 

sevincli  anlarında  qol  qaldırıb  oynayıblar.  Çünki  bu  xalqın  kökündə,  qanında,  canında 

musiqi, ritm olub. Buna bizim “yallı”larımız, “qopuz”umuz, “qavaldaş”ımız tarixi mədəni 

sübutdur.  Qanında  musiqi  çağlayan  xalq  qəhrəmanlarımız  çətin  anlarında  belə  “Cəngi” 

sədaları  altında  düşmənə  qalib gəlmişlər.  Qərinələr  ötdükcə  insan təfəkkürünün  sürətlə 

inkişafı,  bəşər tarixində  baş  verən  mürəkkəb  proseslər  insanların  dünyagörüşünün 

zənginləşməsinə,  xalqın  həyatında  müxtəlif  dövrlərlə  bağlı  yeni-yeni  ənənələrin 

yaranmasına  gətirib  çıxarır.  Din  uğrunda,  hakimiyyət  uğrunda  əsrlərlə  aparılan  qanlı 

müharibələr, mərd igidlərin  döyüş  meydanlarında  göstərdikləri qəhrəmanlıq,  feodal 

dövrünün özünəməxsus qanunauyğunluqları, Azərbaycan ərazisindəki xanlıqlar və saray 

personajları, at yarışları, pəhləvanların, kəndirbazların müxtəlif tamaşaları, toy mərasimləri 

və bir çox bayram və el şənlikləri rəqslərimizin yaranmasına çox böyük təsir göstərmiş və 

onların əsas mövzusuna çevrilmişdir. 

      Müxtəlif xarakterə, oyun tərzinə,  mövzu  və  məzmuna,  aydın  musiqiyə  və  adlarının 

mənalarına görə Azərbaycan xalq rəqsləri bir neçə qrupa (təsnifata) bölünürlər. 

1.  Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər; 

2.  Bitki və gül-çiçək adları ilə bağlı rəqslər; 

3.  Daş-qaş, zinət və bəzək əşyalarının adları ilə bağlı rəqslər; 

4.  Əmək və təsərrüfatla bağlı məişət rəqsləri; 

5.  Qəhrəmanlıq və igidlik timsallı rəqslər; 

6.  Bayramlar və el şənlikləri ilə bağlı mərasim rəqsləri; 

7.  İnsan adları ilə bağlı rəqslər; 

8.  Məzəli rəqslər. 

1.  Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır. 

Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dilinə, intonasiyasına, ritminə uyğun 

adlar verilmişdir. Bəzi rəqslər öz yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. Bu da 

rəqsin  yaradıcılarının  vətənə  sevgisindən,  doğma  torpağına,  göz  açdığı  diyarına 

məhəbbətindən xəbər verir. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”, 

“Şamaxı”,  “Bakı”,  “Şuşa”,  “Əsgəranı”,  “Dəhnə”,  “Şağani”,  “Şərur”,  “Sabirabadı”  belə 

rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa 

bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Adları çəkilən oyun havalarından iki ada 



Azərbaycan  Xalq  Rəqslərinin  Təsnifatı 

 

1747 


 

malik olan “Şəki” rəqsi əsasən, yallı musiqisidir. Onun ikinci adı “Nuxa”dır. Nuxa Şəkinin 

əvvəlki adıdır. Bilirik  ki, Şəki Azərbaycanın çox qədim tarixə  malik  olan şəhərlərindən 

biridir. Onun şərəfinə həsr olunmuş bu rəqs həm kütləvi şəkildə yallı kimi, həm də solo 

ifada rəqs kimi oynanılır. 

 

Nota  1:



 Şəki rəqs havası. 

Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala, 

çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”, 

“Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraqqala”, “Qusar-çay” və başqaları buna 

aydın  nümunədir.  Bu  rəqslərdən bəzilərinin tarixi orta əsrlərə  aid  edilir.  “Kömürtəpə” 

adlanan qədim  yaşayış  yeri  Azərbaycanın  tarixi  abidələri  siyahısına  daxil  olan  mühüm  

ərazilərdəndir.  İndiki  Şabran  rayonu  ərazisində,  Qəndov  kəndinin cənubunda yerləşən 

Kömürtəpəyə  həsr olunan rəqsin musiqisi də  bu tarixi ərazinin  özü  kimi  qədim  və 

maraqlıdır. 

 

Nota  2:



 Kömürtəpə’ye həsr olunan rəqs. 

Azərbaycanda elə  rəqslər də  mövcuddur  ki,  onların  adları  hal-hazırda  qonşu  xalqların 

yaşadığı  ərazilərin  adı  kimidir.  Çünki  bu  ərazilərdə  də  tarix boyu azərbaycanlılar 

yaşayıblar, adət-ənənəmizi qoruyub saxlayıblar və musiqi mədəniyyətimizi daim inkişaf 

etdiriblər.  Qeyd  etmək  lazımdır  ki.  elə  indi də  Dağıstan,  Gürcüstan,  Türkiyə,  İran, 

Özbəkistan  və  digər  dövlətlərdə  çoxlu sayda azərbaycanlı  yaşayır.  Bu  tarixi  ərazilərin 

şəninə yazılmış Azərbaycan xalq rəqslərindən “Dilican”, “Tiflisi”, “Ənzəli”, “Aşxabadı”, 

“Məhərrəmkənd”,  “Qars”,  “Dağıstan”,  “Dərbəndi”,  “Əndican”,  “Çanaqqala”  və 

başqalarını  nümunə gətirə bilərik. Məhərrəmkənd – Dağıstan ərazisində, Samur çayının 

sahilində  yerləşən rayon mərkəzinin  adıdır.  Bu  gözəl məkana  həsr  edilmiş  rəqs 

Azərbaycanda çox tanınmış rəqslərdəndir. Sonrakı illərdə rəqsin musiqisinə ləzgi dilində 



 

 Bəhmənli, R.                               Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017),  s. 1745-1757 

1748 


 

şeir  (mətn)  əlavə  olunaraq  “Kanda-kanda”  adlanan  mahnı  kimi  də  oxunmuşdur. 

“Məhərrəmkənd” rəqsi “qaytağı” ritmində ifa edilir. Mahnı kimi orta tempdə, rəqs kimi isə 

tez tempdə səslənən bu oyun havasının not yazısında həm  6/8-nın, həm də 3/4 ölçülərinin 

ardıcıl növbələşən ritmik quruluşlarını müşahidə etmək olar. 

 

Nota  3:



 Məhərrəmkənd rəqsi. 

 

2.  Azərbaycanın göz oxşayan, çox mənzərəli təbiəti vardır. İstər coğrafi 



mövqeyi, iqlimi, istərsə də suyu, torpağı Vətənimizi təkrarolunmaz, əsrarəngiz bir diyara 

çevirmişdir. Bu cənnətin qapılarını üzümüzə açan gözəlliklərdən biri də təbiətin bizə bəxş 

etdiyi bitki, gül-çiçək aləmidir. Bu ürəkaçan gözəllikdən həzz alan xalqımız hər gülün, hər 

çiçəyin adına rəqslər yaratmışdır. “İnnabı”, “Darçını”, “Lalə”, “Qızılgül”, “Heyvagülü”, 

“Bənövşə”,  “Novruzgülü”,  “Reyhanı”,  “Almagülü”,  “Alçagülü”,  “Mixəyi”,  “Məxməri”, 

“Dağ çiçəyi”, “Yasəməni”, “Pambığı” bu rəqslərdəndir. 

Azərbaycanda nəfəs alətlərinin məşhur  ifaçılarından  biri,  zurna-balaban  ifaçılığında 

özünəməxsus  məktəb  yaratmış  ustad  sənətkarlardan  sayılan  Əli  Kərimov  (1874-1962) 

Cabbar Qaryağdıoğlu ilə görüşlərindən birini belə xatırlayır: “Biz Cabbarla Səlim bəyin 

toyunda görüşdük. Baharın gözəl çağı idi. Səhər-səhər Cabbarla çəmənlikdə gəzirdik. Bu 

gözəl bahar səhərinin təravəti, havadakı gül-çiçəyin ətri məndə elə bir təb yaratdı ki, istər-

istəməz  balabanı  əlimə  alıb  çalmağa  başladım.  Musiqi  sona  çatdıqda  Cabbar  maraqlı 

baxışlarla bu rəqsin adını məndən soruşdu. Mən də dedim ki, bilmirəm, elə indi improvizə 

etdim. Onda Cabbar təklif etdi ki, bu melodiyanın adını elə bu səhərə, çiçəklərin ətrinə həsr 

edərək “Bənövşə” qoyaq. Beləcə “Bənövşə” rəqsi yarandı.” [4, s. 14] 



Azərbaycan  Xalq  Rəqslərinin  Təsnifatı 

 

1749 


 

 

 



Nota  4:

 Bənövşə 

rəqsi. 

 

3.  Qədim dövrlərdən bəri bahalı daş-qaşlar, eləcə də qiymətli materiallardan 



 (qızıl  və  gümüş)  hazırlanmış  zinət  əşyaları  Azərbaycan  xalqının  məişətində  çox  geniş 

istifadə olunmuşdur. Əsasən, qadınların istifadə etdikləri bu bəzək əşyaları onların daha da 

yaraşıqlı, cazibəli görünməyinə təsir göstərmişdir. Feodal dövrünün saray xanımları aşağı 

təbəqədən  olan  xanımlardan  seçilmək  üçün  çox  qiymətli zinət  əşyararından  istifadə 

edərdilər.  Üstü  cürbəcür  daş-qaşlarla  (brilliant,  almaz,  yaqut,  zümrüd,  kəhrəba, firuzə) 

bəzədilmiş  silsilələr,  cıqqa  və  sırğalar,  çəçik  və  qolbaqlar, sinəbəndlər, bilərzik  və 

bazubəndlər,  üzüklər,  qızıl  pullarla  əhatə  olunmuş  papaqqabağılar,  qızıl  və  gümüşdən 



 

 Bəhmənli, R.                               Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017),  s. 1745-1757 

1750 


 

hazırlanmış  kəmərlər belə  bəzəklərdəndir.  Qadın  gözəlliyini  və  milli geyimlərimizin 

ornamentini əks etdirən bəzək əşyaları ilə bağlı xalq arasında bir çox rəqslər yaranmışdır. 

“Brilyantı”, “Yaqutu”, “Mirvari”, “Çervon”, “Almazı”, “Mərcanı”, “Onluq”, “Zümrüdü” 

və  başqaları  məhz,  bu  xalq  rəqslərindəndir.  Adlarını  qeyd  etdiyimiz  oyun  havalarından 

ikinci adı “Çatdadım” kimi tanınan “Mirvari” rəqsi, nəfəs alətləri ifaçılığında xüsusi yeri 

olan, zurna və balabanın virtuoz sənətkarı sayılan Həsrət Hüseynov (1927-1995) tərəfindən 

yaradılmışdır. O, bu rəqsi öz həyat yoldaşına həsr etmişdir. Çalındığı ilk gündən xalqın 

sevimli  rəqs  havasına  çevrilən  “Mirvari”  toy  şənliklərinin də  bəzəyi  sayılırdı.  Əsasən, 

kişilərin oynadığı, iti tempə malik olan bu rəqsə verilən “Çatdadım” adının isə çox maraqlı 

tarixi vardır. 1984-cü ildə Həsrət Hüseynovun bizə söylədiyi əhvalatdan belə məlum olur 

ki, “çatdadım” sözü yorulmaq mənasında işlədilib. Əhvalat isə belədir ki, cavanlığından 

çox  gözəl rəqs etməyi bacaran, lakin artıq yaşlı nəslin nümayəndələrindən sayılan kənd 

sakinlərindən  biri  hələ  də  toy  şənliklərində  “Mirvari”  rəqsini  tez  tempdə  yorulmadan 

oynayarmış.  Çox  cavanlar  onu  oynamaqla  yormağa  çalışmış,  amma  heç  kəs bunu 

bacarmamışdı. Toy məclislərinin birində qocanı oyunda üstələməyə söz verən gənclərdən 

biri axırda o qədər yorulur ki, musiqini saxlatdırıb nəfəsi kəsilə-kəsilə; “Adə, dayan da, 

mən çatdadım ki” söyləyir. Hamının gülüşünə səbəb olan bu əhvalat uzun illər boyu xalqın 

hafizəsində  yaşayaraq  bu  günə  qədər gəlib  çatmışdır.  Heç  təsadüfi  deyil  ki,  bu  gün 

Azərbaycanın bir çox bölgələrində toy şənliklərində əsasən, yaşlı nəslin insanları tərəfindən 

musiqiçilərə “Çatdadım” rəqsi sifariş edilir. 

 

Nota  5:

 Çatdadım rəqsi. 

 

4.  Tarixdən bizə məlumdur ki, uzaq keçmişdə Azərbaycan ərazisində çoxlu 



sayda qədim tayfalar mövcud olmuşdur. “Oğuz”lar, “qıpçaq”lar, “qınıq”lar, “tərəkəmə”lər, 

“kuti”lər, “lullubi”lər, “qarqar”lar, “ovşar”lar, “köçəri”lər, “turukki”lər və başqaları belə 




Azərbaycan  Xalq  Rəqslərinin  Təsnifatı 

 

1751 


 

tayfalardandır. Bu tayfalar daim köçəri həyat tərzi sürmüş, heyvandarlıqla məşğul olmuş, 

öz yaşayışlarını təmin etmək üçün  mal-qarasını yayda yaylağa, qışda qışlağa aparmaqla 

təsərrüfatlarını  genişləndirmişlər.  Bütün  çətinliklərə,  hər  cür  iqlim  şəraitinə  alışmış  bu 

“elat” qəbilələri, tərəkəmələr istilər düşməmiş, yazın axırları uzaq yola çıxaraq dağlara köç 

edər, sürülərini yaylaqlara çıxarar, soyuqlar düşməmişdən də qabaq yenidən isti ərazilərə, 

“aran” bölgələrinə qayıdardılar. Xalq rəqslərimizdən “Tərəkəmə”, “Köçəri”, “Ovşarı” və 

başqaları məhz, bu qədim tayfaların adları ilə bağlı el havalarıdır. 

Tərəkəmələrin  həyat tərzini  əks etdirən digər rəqslər  daha  maraqlı  məzmuna malikdir. 

Kollektiv təsərrüfatla bağlı, süd sağımı, yun qırxımı, eləcə də qoyunçuluğun inkişafında 

çobanların əməyi bu rəqslərdə bütövlüklə öz əksini tapmışdır. “Kolxozu”, “Xançobanı”, 

“Çobanı”, “Çobanlar”, “Keçiməməsi” və s. oyun havaları məhz, əmək və təsərrüfatla bağlı 

məişət rəqslərindəndir. Adları çəkilən rəqslərdən özünün çox maraqlı süjet xətti və oyun 

üslubu  ilə  seçiləni  “Xançobanı”dır.  Tez  tempə  malik  olan,  kişilərin  kollektiv  şəkildə 

oynadığı  bu  rəqs  teatrlaşdırılmış  formada  qurulmuşdur.  Belə  ki,  oyun  zamanı  rəqqaslar 

səhnədə  üc  tamamilə  müxtəlif  xarakterli  personaj  nümayiş  etdirirlər.  Onlardan  biri 

əyinlərinə dəri gödəkçələr geymiş və səhnədə əyilərək sanki qoyun sürüsünü təsvir edən, 

digəri  sürüyə  baxan  çobanların  personajlarıdır.  Üçüncü  obaraz  isə  çiynində  yapıncısı, 

başında qoyun  dərisindən papağı  və əlində  çomağı  olan baş çobandır (xançoban). Rəqs 

nisbətən orta tempdə başlasa da xançobanın gəlişindən sonra ritm tədricən sürətlənir. Baş 

çoban  yapıncısını  kənara qoyaraq digər çobanlarla birlikdə,  iti  tempdə,  mürəkkəb rəqs 

hərəkətlərini yerinə yetirərək öz məharətlərini göstərirlər.  

 

 

 



 

Nota  6:

 Xançoban rəqsi. 

 



 

 Bəhmənli, R.                               Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017),  s. 1745-1757 

1752 


 

5.  Azərbaycan xalqı qəhrəman xalqdır. Uzun əsrlər boyu müharibələr görmüş, 

hücum  və  basqınlara  məruz  qalmış,  tarixin  bütün  keçməkeçli  yollarını  aşaraq  geridə 

qoymuş  xalqımız  heç  zaman  ruhdan  düşməyərək  düşmən  basqınlarına  mərdliklə  sinə 

gərmiş,  qəhrəmanlıq  göstərmiş,  gücünü,  qüvvəsini səfərbər edib son nəticədə  döyüşdən 

qalib  çıxmışdır.  Hər  zaman  Vətən  yolunda  canını  qurban  verməyə  hazır  olan,  heç  vaxt 

qorxu bilmədən düşmən qarşısında keçilməz sədd yaradan xalqımızın igid övladları döyüş 

meydanlarına  atılarkən  “cəngi”lər  çalınar,  aşıqlar  sazı  sinələrinə  alıb  xalqı  qələbəyə 

səsləyərdilər.  Bu  səbəbdəndir ki, Azərbaycanın  azadlığı  və  istiqlaliyyəti  uğrunda  canını 

qurban verən Cavanşir, Babək, Koroğlu, Nəbi kimi xalq qəhrəmanlarımız olmuşdur. 

Düşmən  üzərində  çalınan  hər bir qələbə, zəfər  böyük  xalq  bayramlarına  çevrilərdi. 

İgidlərimizin şəninə  dastanlar qoşular, mahnılar bəstələnər, qələbə sevincini əks etdirən 

müxtəlif məzmunlu rəqs  havaları  yaradılardı.  “Cəngi”,  “Beşaçılan”,  “Qəhrəmani”  və  s. 

məhz, belə rəqslərdəndir. 

 

 

 



Nota  7:

 Cütçü rəqsi. 

Cəngi – ümumi məna kəsb edən, “yallı” kimi qədim tarixə malik olan rəqs növüdür. Adının 

kökü,  mənşəyi  “cəng”  sözündən  götürülmüşdür.  Cəng  ərəbcə  dava,  müharibə,  vuruş 

deməkdir. “Cəngi” xalqı qəhrəmanlığa çağıran, döyüşə səsləyən, şücayət göstərməyə sövq 

edən, insanlarda cəngavərlik əhval-ruhiyyəsi yaradan möhtəşəm bir musiqi nümunəsidir. 

Qədimdə  Oğuz  tayfaları  arasında,  orta  əsrlərdə  xanlıqlar  arasında  gedən  müharibələrdə 

təbillər  döyülər, zurna alətində  çalınan  “cəngi”lərin sədaları  düşməni lərzəyə  salar, 

döyüşün başlanmasını xəbər verərdi. Cəngilər yalnız hərbi yürüşlərdə deyil, pəhləvanların 

güləşmə  səhnələrində, kəndirbazların  çıxışlarında,  cıdır  yarışlarında  da  çalınır.  Bu 

səbəbdəndir ki, Azərbaycanda  çoxlu  sayda  “cəngi”  rəqsləri  mövcuddur.  “Kəndiri”, 

“Cütçü”,  “Atlanma”  və  başqaları  belə  oyun  havalarındandır.  Bu  rəqslərdən  ikinci  adı 

“Zorxana”  kimi  tanınan,  çox  maraqlı  tarixə  malik  olan  “Cütçü”  haqqında  məlumat 

verməliyik. Zorxana – güc sinama yarışları üçün nəzərdə tutulmuş yer (məkan) adıdır. Bura 



Azərbaycan  Xalq  Rəqslərinin  Təsnifatı 

 

1753 


 

əsasən,  öz  gücünə  inanan,  özünü  hər kəsdən  qüvvətli  sayan  cavanlar,  pəhləvanlar, 

idmançılar toplaşar, müxtəlif yarışlar, sinaqlar keçirərdilər. İştirakçılar cürbəcür ağır çəkili 

əşyaları  (gürz,  toppuz,  qılınc,  qalxan,  əmud  və  s.)  başları  üzərinə  qaldıraraq,  müxtəlif 

fəndlər  nümayiş  etdirərək  öz  məharətlərini  göstərərdilər.  Belə  “zorxana”lar  XIX  əsrdə 

Bakıda, Şəkidə və Şamaxıda çox geniç yayılmışdır. Şəkidə hal-hazırda “zorxana” binası 

bir tarixi abidə  kimi  qorunub  saxlanılır.  Qədim rəqslərimizdən  sayılan  “Zorxana”nın 

musiqisi Azərbaycan kino sənətinin incilərindən  hesab  edilən  “Yeddi  oğul  istərəm” 

fimlində, kəndlilərin cüt qoşub yer şumladığı səhnədə səsləndikdən sonra, xalq arasında bu 

havanın digər bir adı – “Cütçü” meydana gəldi. Rəqsin musiqisində igidlik, qəhrəmanlıq, 

mərdlik xüsusiyyətləri özünü qabarıq şəkildə əks etdirir. 

6.  Azərbaycan xalqı qədim dövrlərdən bəri öz tarixi yaddaşına həkk elədiyi 

və özünün  adət-ənənəsinə, məişətinə daxil etdiyi müəyyən hadisələri, unudulmaz günləri 

daim yaşatmaq üçün hər zaman müxtəlif bayramları, el şənliklərini və digər mərasimləri 

yüksək səviyyədə qeyd edir. 

Bildiyimiz kimi Azərbaycanda bir çox bayramlar mövcuddur. Xalqımızın böyük təntənə 

ilə  qeyd etdiyi bu bayramlardan biri də  Novruz  bayramıdır.  Novruzda  bayram 

şirniyyatlarının  hazırlanması,  səməni  göyərdilməsi,  yumurta  boyadılması,  xonçaların 

bəzədilməsi, çərşənbələrin keçirilməsi, tonqalların qurulması ilə yanaşı bu bayramı daha 

da yadda qalan edən  xalq  qarşısında  bir  çox  oyunların,  tamaşaların  keçirilməsidir. 

Kəndirbazların çıxışları, zorxanaların qurulması, pəhləvanların yarışları, cıdıra çıxmaq, at 

yarışları, xoruz döyüşdürmək, ayı oynatmaq və bir çox başqa oyunlara xalq böyük maraqla 

və həvəslə tamaşa edir. Məhz Novruz bayramı ilə əlaqədar, onun atributları ilə bağlı, eləcə 

də buradakı oyunlara, tamaşalara aid xalq arasında bu günümüzə qədər çoxlu sayda rəqslər 

meydana gəlmişdir.  “Səməni”,  “Novruzu”,  “Kəndiri”, “Cıdır”,  “Atlanma”,  “Pəhləvanı”, 

“Duy-duy”, “Şalaxo” və s. belə rəqslərdəndir. Bu oyun havalarından “Şalaxo” daha maraqlı 

tarixə malikdir. Belə ki, Novruz bayramlarında, əsasən qaraçılardan ibarət ayı oynadanlar 

kəndlərə  gedərdilər  və  bu  bayramda  öz  öyrətdikləri  ayıların  məharətini  xalq  qarşısında 

nümayiş etdirərdilər. Onların gəlişini səbirsizliklə gözləyən böyükdən-kiçiyə, hər kəs dövrə 

ətrafında toplaşaraq oturuqlu və ya ayaq üstə bu tamaşaları seyr edərdilər. Burada ayı öz 

sahibinin  əmrləri ilə  iki  pəncəsi  üstə  qalxaraq  dövrə  ətrafında  gəzər,  sonra  başını  yerə 

qoyub bir neçə dəfə tez-tez mayallaq aşar, musiqinin sədaları altında rəqs edərdi. Nəhayət, 

qaraçı ayının belinə şələ bağlayar və ayı bu şələni ayaq üstə qalxaraq belində daşıyardı. Bu 

səhnələrə tamaşa edənlər çox böyük həvəslə, əl çalaraq alqışlayıb yerlərdən tez-tez “Ay 

şələküm,  məyəllaküm”  sözlərinin deməklə  aranı  daha  da  qızışdırardılar.  “Şələküm, 

məyəllaküm”  burada  “şələ  daşıyan”,  “mayallaq  aşan”  mənasında  işlədilmişdir. Deməli 

“Şalaxo”  rəqsinin  adının  mənası  ayının  şələ  daşımasından,  yəni  “şələ”  sözündən 

götürülərək əvvəllər “Şələxo”, daha sonralar isə “Şalaxo” kimi deyilmişdir. 

“Şalaxo”  rəqsi  tez  tempdə  ifa  olunan  kişi  rəqslərindəndir. Rəqsin musiqisi əvvəlcə  orta 

(mülayim) tempdə başlayır. Burada ayaq burcutmaları, əllərin yumşaq-yumşaq öz ətrafına 

dairə şəkilli hərəkətləri kimi rəqs elementlərindən istifadə olunur. Sonra rəqsin sürəti get-

gedə tezləşir. Bu zaman rəqs onu ifa edən rəqqasdan çox böyük ustalıq və məharət tələb 

edir. Belə ki, rəqs tullanma, iri sıçrayışlı ayaq hərəkətlərilə çox zəngindir. Peşəkar səhnədə 

“Şalaxo”nu  ilk  dəfə  Azərbaycanın  əməkdar artisti, baletmeyster, rəqqas  Əlibaba 

Abdullayev (Əminə Dilbazinin dediklərindən) ifa etmişdir. “Şalaxo”nun not yazısından bir 

parçanı izləyək. 




 

 Bəhmənli, R.                               Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017),  s. 1745-1757 

1754 


 

 

 



 

Nota  8:

 Şalaxo rəqsi. 

 

Xalqımızın əsrlər boyu çox böyük şadyanalıqla qeyd  etdiyi, ulu babalarımızın  qoyduğu 



qanunlara əsasən, adət-ənənəmizə uyğun şəkildə  həyata keçirdiyi mərasimlərdən biri də 

toydur. Toy –  iki  sevən gəncin  yeni  yaradacaqları  müstəqil ailə  təməlinin rəmzidir. 

Azərbaycan toylarında kicikdən böyüyə qədər hər kəs; qohumlar, qonşular, dost-tanışlar, 

ümumiyyətlə hamı şadlanır, rəqs edir, sevinir, bəylə-gəlini təbrik edir, onlara xoşdəxtlik 

arzulayırlar. Məhz, bu mərasimlə bağlı, bəylə-gəlinin şərəfinə xalq arasında bir çox oyun 

havaları meydana gəlmişdir. “Gəlin havası”, “Toy”, “Vağzalı”, “Yaylıq” və başqaları belə 

rəqslərdəndir. “Vağzalı” rəqsi haqqında Kamal Həsənov yazır ki; “Vağzalı rəqsinin əsasını 

təşkil  edən,  əvvəllər  “Qarabağın  ağırı”  adlanan  qədim melodiya sonralar iki hissəyə 

şaxələnərək “Asta Qarabağı” və “Vağzalı” melodiyasına çevrilib”. [1, s. 31] 

Adlarını qeyd etdiyimiz oyun havalarından bu gün artıq üçüncü adı ilə yaşayan “Yaylıq” 

haqqında  məlumat  verməliyik.  Keçmiş  dövrlərdə  “Tapança”  adlanan  bu  rəqs sonralar 

“Yaylıq”, hal-hazırda isə “Qoçəli” kimi şöhrət tapmışdır. Əvvəla, deməliyik ki, bu rəqsi 

toy sahibinin məclisi idarə etmək üçün seçdiyi şəxs (tamada, masabəyi) oynayarmış. Toy 

məclisini idarə etmək çox böyük məsuliyyət tələb etdiyindən bu vəzifə elə adama həvalə 

olunurdu ki, böyükdən-kiçiyə, hamı ona hörmət etsin, onun sözündən çıxmasın. Çünki bəzi 

toylarda oynamaq üstündə mübahisələr düşərdi. Masabəyi dava düşəcəyini görüb silahla 

havaya  güllə  açardı,  hamı  sakitləşdikdən  sonra  şənlik  davam  edərdi. Rəqsə  verilən 

“tapança”  adı  buradan  götürülmüşdür.  Zaman  ötdükcə, bu adət nisbətən dəyişilmiş, 

masabəyinin  əlindəki  silah  çubuqla  əvəz  olunmuşdur.  O,  səs-küy  salanları  çubuqla 



Azərbaycan  Xalq  Rəqslərinin  Təsnifatı 

 

1755 


 

hədələyər, məclisdən çıxarardı. Toyda digər insanlardan seçilsin deyə, masabəyinin qoluna 

qırmızı yaylıq bağlayardılar. Bu dəb indi də bir çox kənd toylarında davam etdirilir. Rəqsə 

“yaylıq” adının verilməsi də bu adətlə bağlı olmuşdur. “Qoçəli” adı isə rəqsə inqilabdan 

əvvəl  Bakı  kəndlərində  verilmişdir  ki,  bu  da  “qoçu”  ləqəbi ilə  tanınan  Əlinin  adı  ilə 

bağlıdır. Çox hörmətli və cəsarətli insan kimi tanınan qoçu Əlinin masabəyi olduğu toy 

məclislərində heç kim cürət edib dava salmazdı. Məclisdə kimlərə söz veriləcəyi, kimlərin 

ardıcıllıqla oynayacağı məhz, qoçunun icazəsi və göstərişi ilə yerinə yetirilirdi. 

Ağır tempdə ifa edilən “Qoçəli” rəqsi öz musiqi məzmunu ilə, ritmik xüsusiyyətləri ilə çox 

sanballı və cazibəli oyun tərzi ilə seçilir. 

 

 

Nota  9:



 Qoçəli rəqsi. 

 

7.  Azərbaycan oyun havaları arasında insan adları ilə bağlı rəqslər çoxluq təşkil 



edir. “Nabat xanım”, “Xalabacı”, “Şəlalə”, “Mirzəyi”, “Hacıcan”, “Xanımı”, “Züleyxa”, 

“Sevinc”, “Bəsti”, “Qaryağdı”, “Təhməzi”, “Gülgəzi”, “Leyli pəri”, “Musaxanı”, “Ayşadı” 

və s. Belə rəqslərin çox olması bir neçə səbəbdən yaranmışdır. Əvvəla qeyd etməliyik ki, 

rəqs  havaları  yüksək  musiqi  duyumu  olan  insanlar,  oxumağı  və  ya  hansısa  bir  musiqi 

alətində  ifa etməyi bacaran musiqiçilər tərəfindən  yaradılır.  Bu  yaradıcı  insanlar  kəşf 

etdikləri hər yeni musiqini nəyəsə həsr etmiş, kiməsə ithaf edərək ona ad vermişlər. Elə 

rəqslər də var ki, yarandıqdan sonra bir müddət adsız qalmışdır. Yəni, müəllif melodiyanı 

yaratmış, lakin ona dəqiq bir ad seçməmişdir. Belə rəqslərdən bəziləri tez-tez toylarda, el 

şənliklərində, bayramlarda səslənmiş,  insanlar  tərəfindən qəbul  edilmiş,  sevilmiş,  lakin 

dəqiq adı olmadığı üçün xalq arasında bu rəqsə onu yaradan ifaçının öz adı verilmişdir. 

Məsələn, çox məşhur  oyun  havalarından  sayılan  “Mirzəyi”  Qarabağlı  ney  ifaçısı  Mirzə 

tərəfindən təxminən 1860-cı illərdə yaradılmışdır. 

Bəzi rəqslər onu yaradan müəllifin oğlunun, qızının və ya nəvəsinin adını qəbul etmişdir. 

Məsələn,  zurna  və  balabanın  məşhur  ifaçılarından  sayılan  Əli  Kərimov  (1874-1962)  öz 

nəvəsinin adına həsr etdiyi “Əfruzə” rəqsini yaratmışdır. Bu gün “Ay qız heyranın ollam” 



 

 Bəhmənli, R.                               Rast Müzikoloji Dergisi, Cilt V, Sayı 3, Özel Sayı (2017),  s. 1745-1757 

1756 


 

xalq  mahnısı  kimi  məşhurlaşan  “Gülgəzi”  rəqsinin  musiqisini  Naxçıvanlı  ney  çalan 

Həsənəli 1904–1905-ci illərdə yaratmışdır. Gülgəz Həsənəlinin yoldaşının adıdır. Rəqs də 

onun şərəfinə “Gülgəzi” adlandırılıb. [1, s. 39] 

Elə rəqslər də vardır ki, bir müddətdən sonra öz adını itirmiş, sonradan bu havanı gözəl 

oynayan, rəqs edən şəxsin (rəqqas və ya rəqqasənin) adı ilə adlandırılmışdır. Məsələn, bu 

gün  iki  hissəli rəqslərdən  “Tamara”  kimi  tanınan  oyun  havası  təxminən  1916-cı  ildə 

yaranmışdır. Onun adı toylarda bu rəqsi çox məharətlə oynayan məşhur Salyanlı rəqqasə 

Tamaranın  şərəfinə  verilmişdir.  Xalq  arasında  “Tamara”  adı  ilə  məşhurlaşan  rəqs  öz 

əvvəlki adını itirmişdir. 

Bu günümüzə qədər gəlib çatmış, insan adları ilə adlandırılan elə rəqs havalarına da rast 

gəlirik ki, həm ilkin adını, həm də sonrakı adını qoruyub saxlamışdır. Məsələn, “Balabəyi” 

rəqs havasının ikinci adı “Nilufəri”dir. İlk adı “Qorxmazı” olan rəqsə sonralar “Solmazı” 

adı da verilmişdir. 

8. 

Təsnifatın  sonuncu  bölməsinə  məzəli  əhvalatlarla  bağlı  xalq  rəqsləri 



daxildir.  Bəşər  tarixi  mövcud  olandan  bəri  hər  bir  insan  yaşadığı  həyatı  boyu  saysız-

hesabsız  gülməli, məzəli  əhvalatlarla  rastlaşmışdır.  Sonra  gördüyü  bu  əhvalatı  öz 

yaxınlarına söyləməklə onların da qəlbində gülüş yaratmışlar. Getdikcə insanlar arasında 

yayilan belə gülməli əhvalatlar çoxaldıqca, onlardan ən maraqlısını, ən məzəlisini xalq öz 

yaddaşına köçürmüşdür. Bu məzəli əhvalatlar gələcəkdə bütün folklor janrlarına sirayət 

etdiyi kimi, oyun havalarının da yaranmasına səbəb olmuşdur. Bütün məzəli rəqslər hansısa 

gülməli bir tarixi əhvalatla bağlı olub, öz musiqi məzmununda və ya oynanılarkən müxtəlif 

çalarlar, müxtəlif hərəkətlər vasitəsilə bu gülüşü özündə əks etdirmişdir. Belə rəqslərdən 

“Kəsmə”, “Lətifə”, “Naz eləmə”, “Xurcun”, “Qıtqılıda”, “Naz-nazı”, “Kim-kimə”, “Tapp 

elədi”  (“Sürüşdüm-düşdüm”  kimi  də  adlanır),  “Matanı”,  “Cığ-cığa”  və  başqalarının 

adlarını çəkə bilərik. 

İkinci adı “Sənəmi” kimi tanınan məşhur xalq rəqslərimizdən biri də “Qıtqılıda”dır. Süjetli 

rəqslərdən  sayılan  bu  oyun  havasında  həm  cavan,  həm də  yaşlı  qadın  obrazları  təsvir 

olunur.  Əsasən,  qız  toylarında  cavan  gəlinlər  yığışıb  birlikdə  rəqs edirlər.  Acıqlı  və 

deyingən qaynanasından  çəkinən utancaq gəlinlərdən biri oynayarkən qorxa-qorxa yan-

yörəsinə  baxır  ki,  birdən  qaynanası  gələr.  Nəhayət qaynana gəlir  və  cavanların  rəqsinə 

qoşulur.  Gəlin  dövrədəkilərin  arasında  gizlənir.  Ağır  tərpənən  qaynana  tez  tempdə  ifa 

edilən bu rəqsin ritminə  düşə  bilmir  və  yöndəmsiz, komik  hərəkətlərlə  oynayaraq 

insanlarda gülüş əhval-ruhiyyəsi yaradır. Rəqs “atlama” ritmində ifa edilir. Oyunda iştirak 

edən rəqqasələr dövrə ətrafında düzülürlər və tək-tək bu dövrənin mərkəzində oynayaraq 

öz  bacarıqlarını  göstərirlər.  Dövrədə  duranlar isə  əl  çalmaqla,  çırtıq  vurmaqla  və  digər 

ritmli küylərlə rəqsin ritmik müşayiətinə qoşulurlar. 

Məzəli rəqslərə  aid edilən,  çox  maraqlı  süjet  xəttinə,  oyun  üslubuna  və  ritmik 

xüsusiyyətlərinə  malik  olan  oyun  havalarımızdan  biri  də  “Naz  eləmə”dir.  Sevgiyə  həsr 

olunmuş, şən əhval-ruhiyyəli “Naz eləmə” oğlanla qızın birgə (duet) rəqsidir. Süjet xətti 

belədir ki, oğlan qıza aşiq olur, ürəyini ona açmaq üçün imkan  gözləyir. Qız isə utanır, 

üzünü oğlandan gizlədir. Lakin oğlan imkan tapıb rübəndi qızın üzündən çəkib sevgisini 

ona bildirir. Rəqsdə  obrazların  xarakterinin  açılmasında  ritmin  çox  böyük  əhəmiyyəti 

vardır. Belə ki, əvvəlcə orta tempdə ifa edilən rəqsdə, oğlan qıza ürəyini açdıqdan sonra əl-

ələ verərək oynayarkən ritm də tezləşir, sürətli tempə keçir və elə bu templə də bitir. 




Azərbaycan  Xalq  Rəqslərinin  Təsnifatı 

 

1757 


 

 

 



Nota  10:

 Naz eləmə rəqsi. 

Xalq rəqslərimizin bu günə kimi yazılmış bir neçə təsnifatı ilə tanışıq. Bu sahədə çalışan 

görkəmli  musiqişünaslarımızdan  Məmmədsaleh  İsmayılovun,  Bayram  Hüseynlinin, 

Əhməd İsazadənin  və başqalarının  elmi əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı 

məsələlərinə  də  toxunulmuşdur.  B.Hüseynlinin  “Azərbaycan xalq  rəqs musiqisinin 

klassifikasiyası” əsərində rəqs havaları öz  mövzüsu baxımından altı növə bölünmüşdür; 

Ənənəvi rəqslər, Zəhmət rəqsləri, Məişət rəqsləri, Qəhrəmani rəqslər, Yallı oyun-rəqsləri 

və  Müxtəlif  müvzulu  rəqslər.  [2, s. 5] M.İsmayılovun  “Azərbaycan xalq musiqisinin 

janrları”  əsərində  isə  oyun  havalarımız  ritmik  xüsusiyyətlərinə  görə;  Ağır-mülayim, 

Yüngül-oynaq, Qaytağı tipli cəld və İti rəqslərə bölünmüşdür. [3, s. 146] 

Təqdim olunmuş məqalədə rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da 

nəzərə  alınmış,  onların  oxşar  və  fərqli cəhətləri  müqayisəli  şəkildə  təhlil  edilərək yeni 

səpgidə təşkil edilmişdir. 

KAYNAKLAR 

1.    Həsənov K.N. Qədim Azərbaycan xalq rəqsləri. Bakı, İşıq, 1983, 59 s. 

2.    Hüseynli  B.X.  Azərbaycan xalq rəqs musiqisinin klassifikasiyası.  Azərbaycan 

İncəsənəti məcmuəsi. XIIc. (Azərb. EA-nın nəşri) Bakı, 1968, 67 s. 

3.    İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. Bakı, İşıq, 1960, 44 s. 

4.    Гусейнли Б.Х., Керимова Т.М. Али Керимов. М., СК., 1984, 48 с. 



Yüklə 107,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə