MÖVZU. İNTİBAH DÖVRÜNÜN İNCƏSƏNƏTİNDƏ CİNSLƏRİN
QARŞILIQLI ƏLAQƏLƏRİ
▪
Antroposentrizm, humanizm – İntibah dövrünün incəsənətinin başlıca xüsusiyyətləridir.
▪
İntibah dövrünün incəsənətinin başlıca mövzularından biri kişi və qadın obrazlarıdır.
▪
Azərbaycan şairlərinin yaradıcılığında qadın obrazları.
İntibah dövrü (fr. Renaissance) – insan cəmiyyətinin tarixində ən parlaq səhifələrindən biridir. Bu
dövr kilsənin uzunmüddətli hökmdarlığından sonra, bəşər övladların, sevinc və parlaq məzmunla dolu
həyata qayıtması dövrü idi. Humanistlərin başlıca tələbi – iqtisadi, siyasi və mənəvi sahələrdə kilsənin
hökmranlığına, təzyiqinə son qoyulması idi. Humanizm hərəkatının məqsədi – yeni, erkən orta əsrlərin
dini-feodal mədəniyyətə qarşı qoyulan dünyəvi mədəniyyətin yaradılması idi. İntibah dövrünün
nümayəndələri həm də zəka azadlığı uğrunda çıxış edirdilər, çünki bu azadlıq vasitəsilə insan, heç bir
əngələ rast gəlmədən, öz qabiliyyəti və yaradıcı qüvvələrini inkişaf etdirə bilərdi.
İntibah dövrü, başdan-ayağacan spiritualizmin canına işləmiş halda olan ilahi iradəyə tabe olmaq,
ondan asılı olmaq haqqındakı abstrakt dini təsəvvürlərə əsaslanan xüsusi bədii formaları yaratmış orta
əsr dövrünü əvəz etmişdir. Mənəvi gözəlliyin normasını özündə təcəssüm edən orta əsrin asketik ideala
qarşı, İntibah dövrü, dünyanın yeni bədii duyumunun dəqiq və ardıcıl şəkildə işlənib hazırlanmış,
humanist prinsiplərini qoydu. Orta əsr mədəniyyətindən fərqli olaraq, belə bir fikir irəli sürülürdü ki,
Allah yox, məhz insan hər bir şeyin ölçüsü və meyarıdır; insanın üzərində bütün sənətkarların diqqəti
cəmləşir, onlar insanın gücünü, enerjisini, gözəlliyini, dünyada onun əhəmiyyətini alqışlamaqdan
yorulmuşdur. Renessanın nəhəngləri, incəsənətin müxtəlif növlərinin fəlsəfi və ictimai fikrin bütün
estetik, etik və intellektual normalarını insanda axtarıb tapmışdılar. İnsanın, istər ədəbiyyatda, istərsə də
incəsənətdə olduğu kimi, bütün duyğu və ehtiraslar zənginliyində göstərirdilər. Renessansın dahiləri
insanı, fiziki cəhətdən gözəl, kamil təsvir edir, onu ən ali, ən müqəddəs sevgi və ehtiram obyekti kimi
tərənnüm edir, antik mədəniyyətin humanist ənənələrini yenidən canlandırırdılar. Azadlıq insanın ən
zəruri və təbii hüquqlarından biri hesab olunurdu. İnsansevərlik, humanizm, Renessansın əsas məğzi,
başlıca məzmununa çevrilirdi.
Humanist və maarifçilik ideyalarının inkişafı, cəmiyyət və incəsənətdə kişi və qadınların sosial
rolları haqqında əvvəlki təsəvvürlərə mühüm təsir göstərdi. Əvvəldən humanistlərin əsərlərində qadının
kişilərlə bərabər qiymətləndirilməsi haqqında imkanın olması, onlar tərəfindən qəbul edilməsə də, insanı
öz baxışları, meylləri, özünüdərki ilə bərabər təsvir edən humanizm konsepsiyası, yeni qender
münasibətlərinin formalaşmasına böyük təsir göstərdi.
Qadın və kişilərin münasibətləri sahəsində Renessansın inqilabi əhəmiyyəti, əsasən insanın ruhu və
cisminin azad edilməsində idi. Orta əsrdə yüz illərlə hökm sürən qəddar terrordan, kişi və qadın
arasında sevgi, onun tərənnümü, nəhayət ki, incəsənət əsərlərində öz parlaq ifadəsini tapdı. Qender
münasibətlərində həyat eşqi ilə dolu humanist başlanğıcı nəinki cəmiyyətin bütün sahələrinə müdaxilə
etdi, həm də mədəni tərəqqinin qüdrətli hərəkətverici qüvvəsinə çevrildi, incəsənətdə bədii yaradıcılıq və
dəyişikliklərin stimulu oldu. Renessansın, dünyanın duyumunun parlaq nümunəsini biz, Bokkaçço,
Petrarka, Rable, Aretino İntibahın digər titanları-Servantes, Şekspirin yaradıcılığında, onların qadın və
kişi münasibətlərində bir-birinə olan sevginin tərənnümündə görürük. İntibah dövrünün incəsənətinin
bədii sərvətlərində, dövrün bütün coşğun çalarları, qadın və kişi arasındaki münasibətlərin bütün, haqlı
olaraq «sevgi emalatxanası» adlandırıla biləcək məziyyətləri öz əksini tapmışdır.
İntibah dövründə sevgi mövzusu bütün insan məkanı və insanla bağlı olana ümumi marağın
artması şəraitində çiçəklənib açılmışdır. Sevgi, antik dövründə özünə xas olan və orta əsrlərdə dini-
xristian statusu ilə əvəz edilən həyati fəlsəfi kateqoriyası statusunu özünə qaytardı. «Səma sevgisi»ilə
«cismani sevgi» qarşıdurmada «cismani», adi sevgi, öz hüquqlarını müdafiə edərək, haqq səsini
ucaldırdı. Humanistələrin bir çox əsərlərində sevginin qüdrətinin ucaltması, onu yaradıcı, quruculuq
işlərində istifadə etmək arzusu ifadə olunur.
XV-ci əsrin Florensiya neoplatonik Marsilio Fiçininin fəlsəfi əsərlərində dünya quruluşunun
mərkəzində bütün ilahi sucetləri yerləşdirilib, gücü aşıb-daşan, ahəngdar dünya quruluşunda kosmosun
bütün guşələri ilə sevginin qüdrətli telləri ilə bağlı olan insanı yerləşdirib. Harmoniyanın yaşaması,
həyatın, kainatın göz-qamaşdırıcı gəzəlliyinin qavranılması, bundan həzzin alınması, dünya ilə vəhdətin
duyumu hissinə heyran olunmaqda qovuşur, yalnız nəciblik və ucalıq ruhu ilə onun canından keçir.
Sevgi – dünyanın təmtəraqlı, əzəmətli binasını möhkəmləndirən, insanların isə ən ümumi qardaşlıq
birliyində birləşdirən ən möhkəm qurşaqdır, – Fiçino Platonun «Ziyafəti» əsərinin təfsirində belə bir
qənaətə gəlir.
Ruhu ilə cismani gözəllik vahiddir, ehtiras, həyəcan və duşuncələrə malik olan insan isə-Allahın
qüdrətilə yaradılanların ən parlaq nümunəsidir.
M.Fiçino əhəmiyyətli dərəcədə daxilən fərqlənən məhəbbətin üç əsas növünü göstərir: məxluqların
özünə bərabər olanlara, özündən yüksək olanlara, bir də özündən alçaq olanlara sevgi. Üçüncü halda
sevgi-riqqətli, mütəəssir qayğıkeşlikdə, hamilikdə, ikinci halda-alicənab pərəstişdə, ehtiramda özünü
göstərir, üçünçü halda isə-bütün sahələrə nüfuz edən humanizmin əsasınını təşkil edir. Oxşar motivləri,
Pikodella Mirandolanın yazdığı Benivenisin «Sevgi nəğməsi» nə təfsirlərində tapmaq olur, lakin sevginin
mahiyyəti və əhəmiyyəti haqqında Renessans təsəvvürü özünün ən yüksək pafosuna ifadəolunma
zirvəsinə Cordano Brunonun fəlsəfi təlimində tapmışdır.
Onun «Qəhrəmanlıq şövqü» dialoqunda sevgi «qeyri rasional coşğunluqdan, ağılsız və heyvani
olana doğru meyl» dən fərqli olan mübarizəyə insan, təbiətin böyük sirlərini öyrənməyə sövq edən, ölüm
qorxusuna, əzab-əziyyətlərə həqarətlə baxmağına əminliyi artıran, sonsuz, qüdrətli, tükənməz Təbiətə
qovuşmaq fərəhini vəd edən qəhrəman, alovlu ehtiras kimi təqdim olunur. «Sevgi hər şey deməkdir, o,
hər bir şeyə təsir edir, onun haqqında hər şey demək-ona hər bir şeyi aid etmək olar». Cordano Bruno öz
qələminin qüdrəti ilə sevgini, hər şeyi əhatə edən insanı məğlub edilməz edən kosmik qüvvəsinə çevirir.
İnsan da ilahiyə, təbiətə, onun əzəməti mənasında aidiyyati olan bir məxluq olmaq arzusu ilə yaşayır.
Söhbət Florentsiyalı L.Ebreonun öz «Sevgi dialoqlarına» təsvir etdiyi, sonradan B.Spinoza tərəfindən də
istifadə olunan Allaha olan intellektual sevgi ilə yaşamasından gedir.
İntibah dövrünün digər nümayəndəsi alman panteisti, mistisizmin təmsilçisi Yakob Bömenin də
yaradıcılığında sevgi kosmik qüvvə kimi təsvir edilir. O, sevgi və qəzəbi insan tarixinin hərəkətverici
qüvvəsi, ilahinin səciyyəvi keyfiyyətləri olduğunu bəyan edir; burada onlar, müvafiq olaraq, xeyir və
şərə çevrilir. Allah tərəfindən dünyanın yaradılmasını qəbul edən Böme bu ideyanı özünəməxsus tərzdə
izah edir: Allahda əzəldən həm sevgi, həm də nifaq olduğu üçün o, təbiətin cisimlərinə özünü bölüb
müdaxilə etdi. Bu yolla Adəm də yarandı: ilk insan olaraq o, əvvəldən əksinə olaraq, kişi və qadın
başlanğıclarının bölünməzliyini təmsil edirdi, o, qız-kişi və kişi-qız, yəni androgin olub. Sevgi həsrətinə
mübtəla olan androgin Adəm eyni zamanda iki günaha batdı. Bunun nəticəsində sevgi müdriklik ilə
bütövlülüyü, yəni ilahi bətndə malik olduğu kamilliyi itirdi. Sevgi ilə müdrikliyin yeni qovuşma
prosesinin başlanğıcını, İsa peyğəmbərin bəşər nəslinin günahlarının təmizləmə aktında görmək olar.
Sevginin gələcəyi-onun ağıl ilə birləşməsində insanlar arasında ağıllı sevginin yayılmasındadır. Bu sxem
çox fantastik xarakter daşısa da, burada onun insanlar tərəfindən hər bir şey olan sevgisi də, dünya
sirlərinin dərk olunması prosesində də kamilliyə nail olmaq arzusu ilə ilhamlanması açıq sezilir.
Androgin insan ideyası hələ antik dövrdən məlumdur, Platon da bu problemə öz munasibətini bildirib,
sonrakı dövrlərdə də sevgi fəlsəfəsində dəfələrlə müzakirə edilib, misal olraq, filosof N.Berdyayevin
adını çəkmək olar.
İntibah dövrünün incəsənətində qender stereotipi artıq, qəti şəkildə formalaşaraq, özünü ifadə
etməyə başladı. Bu prosesin əsasında, incəsənətdə orta əsrin rasional məhdudiyyətlərdən humanistlərin
ideyalın himayəsi altında qadın obrazının sərbəstləşməsi dururdu. Nəticədə qadının qender stereotipi
Müqəddəs Məryəmin mənəvi rasional obrazı ilə birmənalı əlaqəsini tədricən itirir, açıq-aşkar hissi
mənaları ifadə etməyə başlayır. İnsanın məhdud xarakterli xristian stereotiplərinin aradan qaldırılması
ayrı-ayrı qender məsələlərin estetik tərəfini gücləndirdi. Məhz buna görə incəsənətdə qadın başlanğıcını
özündə ifadə edən duyğu və empatiyanın qender stereotipini özündə daşıyan, (bununla tamaşaçıya
əsərlərin fəal, dolub-daşan təsiri daha da güclənir) əsərlər xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Qender stereotiplərini qeyd edilən tərzdə ifadə edən müəlliflər sırasında Leonardo da Vinçi, Rafael,
Korreco, Bottiçellini, onların yaratdığı çoxsaylı madonnalarını göstərmək olar.
Leonarlo da Vinçinin madonnaları ilk baxışdan anlaşıqlıdır; onların yer üzündə yaşamasının poetik
qayəsi hər kəsə aşkar şəkildə sevinc bəxş edir. Onlar öz hissləri, təbiəti ilə insanlarla həmahəngdirlər.
Yetkin zərifliyin cazibədarlığı burada ana olmaq alicənablığından, mənəvi yüksəlişdən geridə qalmır. Bu
madonnaların vəzifəsi – vaxtı ilə ikonaların yerinə yetirdiyi vəzifədir: dini məqsədlərə cavab vermək.
Lakin onların görüşünü heç də xristianlığın asketizm ideyalarını bizə xatırlatmır. Burada xristianlıq,
humanizmin dünyəvi ideyalar vasitəsi ilə qavranılır. Allahın anası burada əvvəlki kövrəkliyini və dindar
adma bənzərliyini itirir, daha adi insani canlı duyğuların incəliklərininn ifadəsində zəngin olur.
Böyük Rafael portretdə insanın bənzərsiz görünüşünü, onun mənəvi düşüncələrini çox dəqiq ifadə
edə bilirdi. O, madonna obrazı üzərində xüsusi səliqə ilə çalışırdı. Rəssam deyirdi ki, madonnaları təsvir
edəndə, bütün tanıdığı və gördüyü gözəl qadınları xatırlayırdı. Rafaelin madonnaları öz analıq duyğuları
aləminə qərq olublar; lap gənc ana məhz belə özünü aparır; bütün dünya bağrına basdığı körpəsində
təcəssüm olunub.
Maraqlıdır ki, Rafaelin müxtəlif illərdə bütün madonnaların baxışları öz uşağına yönəldilib.
«Bağban-madonna, «Konnestebile madonnası» kimi şedevr sayılan əsərlərdə anaların əzəli hissləri olan
sevgi, incəlik, mehribanlıq ifadə olunub. «Quş əlində madonna» əsərində ananın qucağından qaçıb quşu
tutmaq istəyən uşaq da, gülü əlində oynayan digər uşaq da ananın diqqətindən yayılmır. Rafaelin
yaratdığı yalnız ikisi – “Sikstin madonnası» və «Kürsüdəki madonna» əsərlərində tamaşaçıya baxır. İlk
dəfə olaraq rəssam burada ananın sakit tənhalığını pozur, onu, bir növ, geniş, əhatəli dünyaya baxmağa
dəvət edir. «Kürsüdəki madonna» bu çağırışı sanki qəbul edir, amma onun baxışı həyəcanlıdır, o sanki öz
uşağının müdafiəsinə qalxır, «Sikstin madonnanın» baxışı isə, qəmgin olsa da gələcəyə ümidlə doludur,
bu gələcəyə doğru əzəmət və sadəliklə irəliləyir, özü ilə ən böyük sərvətini – oğlunu aparır. Ola bilsin ki,
onun cazibədarlığının əsası məhz bu, insanlara ünvanlanan etibar və məhəbbətdədir. Dini süjet ali vəzifə
naminə ölümlə, iztirablarla üzləşməyə hazır olan qadının əzəmətinin himninə çevrilir. İgidliyin
gözəlliyinə, madonnanın zahiri gözəlliyi uyğun gəlir, o, ucaboy, qamətli, məlahətliliyinin çiçəkli bir
dövründə olan güclü qadındır. Rafaelin lövhəsi, analığı, onun mənəvi gözəlliyini, uca səadətini, eyni
zamanda da əzablılığını təcəssüm edir.
İntibah dövrünün əsasında müəyyən (istər qadın olsun, istərsə də kişi) sintetik, yəni
ümumiləşdirilmiş obrazın ideal şəkildə inkişaf etmiş mənəvi və fiziki cəhətdən gözəl olan mükəmməl bir
obrazın yaradılmasına qarşısıalınmaz bir meyl duyulur. Belə ideal obraz Bottiçelli, Leonardo da Vinçi,
Mikelandcelo, Titsian və digər sənəkarların yaracılığında mərkəzi problemə çevrilir. Məhz onların
qismətinə, insanın yüksək cürətlərin, ruhun nəcibliyinin şöhrətləndirilməsi düşüb. Bu dahi rəssamlar, öz
ideallarının tam dolğunluğunu, bu ideallara tabe etdirdiyi və müşahidə etdiyi həyatın rəngarəngiliyinin
ifadəetmənin bədii-estetik vasitələrinin inanılmaz zənginliyini aşkar etdirər.
İntibah dövrünün incəsənətində insan şəxsiyyətinə yaranmış böyük maraq, portret tanrının geniş
yayılmasına səbəb oldu. Qadın və kişi portretlərinin təsvirləri antik modellərinin təsiri altında yaransa
da, indiyə qədər bizi, öz qürürlu ciddilik, gözəllik və kamillik ilə cəlb edirlər. Belələri sırasında Rafaelin
«Donna Belatonun portreti», «Çiynində sincab dərili xanım», «Baltasar Kastilyoninin protreti», Leonardo
da Vinçinin «Çeçiliya Qallerianinin portreti», «Cokonda», D.Bellininin «Kişi portreti», Tutsianın «Əli
əlcəkli cavan kişinin portreti» kimi əsərlər bu qəbildəndir. Bu portretlərin məqsədi tamaşaçılara nəinki
hər bir insanın özünəməxsusluğunu, həm də kişi və qadın fərdiyyətçiliyi, şəxsiyyətin aliliyi haqqında
humanist təsəvvürlərinin çatdırılması idi.
Portret canrında yaradılmış əsərlərin şahı Leonardo da Vinçinin «Mona Liza» («Cokonda»)
əsəridir. İlk dəfə olaraq, dünyəvi portret, dini mövzüda olan kompozisiyalarla bir sırada durur. Bu
portetin başlıca keyfiyyəti – onun insaniliyidir. Burada insan zəkasının dərinliyi və tükənməzliyi
açıqlanır. Madonnanın üzünün ifadəsini tutmaq olmur. Burada cazibədar təbəssüm, incə istehza, həssas
fərasət gözə çarpır. Məlahətli zəriflik burada iradə ilə birləşib daxili gərginlik qəribə bir təmkinliklə
çulğalaşır. Bu qadının hədsiz dərəcədə mənalı sifəti ay işığının landşaftı üzərində verilib. Fikir var ki,
«Mona Liza» Leonardo da Vinçinin şifirlənmiş avtoportretidir.
Marianna de Frankın (1985) tədqiqatlarına görə, qadın davranışının qender stereotipinin əsasında
onun duyğular aləmi durur: qadınlar insanlar arasındakı münasibətləri daha yaxşı dərk edir, öz hisslərini
açıq və bacarıqla ifadə edir (mimikaya da müraciət edilir). Sənətkar, görünür ki, Mona Lizanın sosial
statusunu duyaraq, yaratdığı əsərin qəhrəmanının gülüşündə bunun yığcam ifadəsini verə bildi.
Qeyd edək ki, ümumiyyətlə Renessans sənəti Orta əsr dövrü ilə qadınların cəmiyyətdə rolunun
artması ilə səciyyələnir. Cəmiyyətdə qadının rolu artır. Gözəl görünüşlə yanaşı onun savadı, ağlı,
intellekti, ümumi mədəniyyəti də yüksək qiymətləndirilməyə başlandı. Gözəl qadın mövzusu, onun
tərənnüm edilməsi, onun fiziki və mənəvi gözəlliyinin tərifi ədəbiyyat və incəsənətdə aparıcı mövzu
oldu. Məhz təsviri sənət qadının, onun imkanlarının ifadə olunmasının hədsizliyinin, analıq və qadın
mərhəmətinin ideallarının ahəngdar və kamil şəkildə ifadə olunması sahəsinə çevrildi.
Rəssamların diqqət mərkəzində çılpaq qadın bədəninin təsviri olub. Bu mənada S. Botiçellinin
«Veneranın (Zəhranın) anadan olması» maraq doğurur. Külək əsdikcə o, dənizin sularında
balıqqulağının içində sahilə doğru üzür, burada onu, pəri qarşılayaraq, onun çılpaq, hədsiz dərəcədə
gözəl bədənini çəki çəkilmiş rəngli örpəklə örtməyə hazırlaşır. Veneranın üzü zərif ıə cavandır, onun
zahiri görünüşü gözəl və pakdır. Eyni zamanda Veneranın təsvirində onun qızıla çalan buruq-buruq olan
saçları ilə bağlı bir gərginlik var. Bədəni bürüyən bu saçlar ilanlar yumağını xatırladır. İnsanda bu
günahsız, pak ilahənin gələcəkdə özü ilə gətirə biləcək dağıdıcı ehtiraslar duyğusu istər-istəməz yaranır.
Corconenin «Yatan Venera» rəsmi çox şöhrətlidir. Gözəl çılpaq qadın çəmənlikdə gül-çiçək içində
yatır, ətrafdakılar onun yuxusunu qoruyur. Ağaclarda bir yarpaq da tərpənmir, göydəki qızıla çalan
bulud da quruyub yerində qalıb. Getdikcə uzaqlaşan təpələrin yumşaq cizgiləri bir növ yatan gözəlin
bədəninin cizgilərini təkrarlayır. Bu cizgilər çox hamardır. Sakitlik, dinclik, ruhun paklığı olduğca
rahatdır. Bəlkə də, gözəl qadının onun beşiyi olan Yer kürəsinin belə aydın, belə sadə təsviri indiyə qədər
olmayıb. Dünya incəsənətində bu qadın bədəninin ən poetik təsvirlərindən biridir. Burada qadın
gözəlliyinin idealı, xöşbəxtlik arzusu öz ifadəsini tapıb.
Rəssam Karavaco öz lövhələrində təsvir etdiyi qadınların daha demokratik tipini axtarır. Öz
qəhrəmanlarını o, şəhər izdihamlarında, xalqın arasında güclü, parlaq xarakterləri, yadda qalan sifətləri
axtarıb tapır. Qaraçı qadınlar, üzü qırışmız qoca qadınlar, cavan kəndli qadınlar rəssamın diqqət-
nəzərində olur. Onu həyatda səmimiyyətlə, bir-başa gördüyü, muşahidə etdiyi canr səhnəcikləri cəlb
edir. Qəhrəmanların yaşadıqları həyatı, onların evi, ailəsi, uşaqlarına bağlı olaraq həyatın mənasını təşkil
edir. Bu varlığın, yəni qadın aləminin simvolik modeli rəssamın hər bir lövhəsində yenidən
rekonstruksiya edilir.
İntibah dövrünün feminizmində də qəhrəman, ruhu və bədəni güclü, dəyanətli olan, özünü
müdafiə edə bilən, cəsarətli və öz bacarıqlarında inamlı olan qadın idealı təbliğ olunur. Bu mənada
Corconinin «Yudif» adlı rəsmi, müəyyən maraq kəsb edir. Qədim İncil rəvayətinə görə, Yudif öz
canından belə keçib, düşmən düşərgəsinə daxil olur, onun başçısının başını üzür. Sucet qəhrəmanın
cizgiləri, onun daxili sakitliyini, öz işinin haqlı tutduğunun fiziki ifadəsidir. Üzündə xəfif təbəssüm,
kiprikləri, gözlərini kölgəli saxlayır, o, zərifliyin təcəssümüdür. Yudifin obrazında yeni qender
orientasiyaları özünü biruzə verir, burada qadının qender statusu, davranış və motivasiya stereotipləri
dəyişilir.
Renessans incəsənətində kişi gözəlliyi, bədənin fiziki kamilliyini təkminləşdirmək tələbatı yenidən
üzə çıxdı. Kişi bədənidə, qadın bədəni kimi, bədii-estetik təsvirinin layiqli predmetinə çevrildi. İntibah
dövrünün rəssamları üçün qadın və kişi bədəninin bütün xüsusiyyətlərinin təsviri, (quruluşu, müxtəlif
hərəkətlərə olan həvəs) əsl tələbatına çevrildi. Proporsiyalar (nisbətlər) haqqında təlimin yaradılmasında,
insan anatomiyasının mahiyyətinin öyrənilməsində onların böyük xidməti olub.
İntibah dövrünün incəsənətinin maskulinliyinin müxtəlif növləri təmsil olunub: yeniyetmə
oğlanlar və zərif kişi obrazlarından tutmuş, cəsarətli, güclü kişilərin obrazlarınadək. O dövrün
rəssamlarının əksəriyyəti, zərif oğlanların (Leonardo da Vinçi «Baxus», Pinturikkio «Oğlan portreti»)
şəklinin çəkməsinə üstünlük verirdilər.
XV-XVI əsrlərdə zadəqan mədəniyyətində kişilərdə zadəganlıq əlaməti sayılan qadın zərifliyi,
incəlik (zəriflik, süstlük mənasında) alqışlanır və təsviri sənətdə mümkün qədər çox təsvir olunurdu:
Titsianda, Rubensdə Adonisin portretləri, Rembrantda «Hannimedin qaçırılması», Velaskesin «İngilis
don Antonio», Van Deykdə zərif cizgilərlə çəkilmiş «Avtoportertini» burada misal olaraq gətirmək olar.
Cəsarətli, qüvvəli kişi obrazının ən parlaq təcəssümünü biz böyük rəssam və heykəltəraş olan
Mikelandcelonun yaradıcılığında tapa bilirik. O, müxtəlif incəsənət növlərində Renessans dövrünün
məzmununu hədsiz dərəcədə parlaq və qüvvətli şəkildə açıqlamış, öz səviyyəsi və əhatəliliyinə görə
misli görünməmiş əsərləri yaratmışdır. Mikelandcelonun diqqət mərkəzində döyüşən, nəhəng insan
durur. Bu mənada Davudun heykəli müəyyən maraq doğurur. Florentsiyanın höküməti yerləşən
Sikkoriya meydanına yerləşdirilmiş heykəl, ictimai səcdə yerinə çevrildi. O zaman Florensiya
respublikası öz azadlığı uğrunda mübarizə aparmaq əzmində idi. Vətəndaşlar inanırdılar ki, kiçik
Florensiya vaxtı ilə nəhəng Qoliafa gənc çoban qalib gəldiyi kimi qalib gələcək. Mikelandcelonun
yaradıcılığında başlıca mövzuya çevrilmiş şücaət, qəhrəmanlıq ideyası məhz bu heykəldə ifadə olunur.
Gəncin gözəl bənizində qəzəb ifadə olunub. Qəzəbli baxışı düşmənə zillənib, əli sapandı sıxır. Bədəni
gözəldir, Davud qüvvəli və qoçaqdır.
Mikelandcelonun digər heykəlində («Zəncirlənmiş əsir») əsərin qəhrəmanı, əlinə – ayağına
bağlanmış zəncirləri qırmaq istəyir. Burada heykəltəraş heyranedici bir dəqiqliyi ilə naümidlik,
qəhrəmancasına göstərilən səy, həddindən böyük gərginliyi təsvir etdi.
Digər «Can verən əsir» əsərində qəhrəman, əksinə, öz zəncirlərini qırmır. Bu gözəl və güclü fiqur
vasitəsilə dəhşətli fiziki əziyyətlərdən azadolunma vəziyyəti açıqlanır, gözəl yarıçılpaq kişi bədəni təsvir
olunur.
Mikelandcelo zəif insanları göstərməyib. Onun kişi obrazları, lap ölüm ayağında, ya da ki, ümidini
itirmiş kimi təsvir olunsa da həmişə güclüdürlər. Onun kompozisiyalarından parlaq olanlardan biri
«Adəmin yaradılması»dır. (Sikstin kapellasının damında naxışlar): burada yaradıcılığının əbədi simvolu
açıqlanır. Yaradan Allahın əlinin dəyməsi Adəmə elektrik qığılcım təsirini göstərir: onun gözəl,
yarıçılpaq bədənində həyat canlanır. Bu naxışlar dahiyanə sənətkar tərəfindən yaradılmış faciə
simfoniyası kimi qavranılır. Bu insanın yaradıcılıq qüvvəsinin zirvəsi, onun cismani və mənəvi
gözəlliyinin alqışlanmasıdır.
İntibah dövründə qadın gözəlliyinin öz idealı olub. XV əsrdən başlayaraq müxtəlif, qadın
gözəlliyinə həsr olunmuş, özündə ona olan tələbləri yaşadan çoxsaylı traktatlar yaradılır. Misal olaraq,
XV əsrdə Anyolo Firensiola tərəfindən yazılmız «Qadının gözəllikləri haqqında» traktatını göstərmək
olar. «Qadının bədən quruluşu böyük, möhkəm, həm də yığcam olmalıdır. Həddindən artıq böyük. iri,
yaxud xırda, arıq bədən yaxşı ola bilməz. Ən gözəl boy-yumru, qədd-qamətli, ağ, ləkəsiz olmalıdır.
Çiyinləri iri olmalı, sinəsində bir dənə də sümük bilinməməlidir. Bədəni nə arıq, nə də kök, amma ətli,
sulu, müəyyən ölçülərdə olmalıdır, bu ölçülərin üzərində fərasətlilik, cəldlik, çariçəni xatırladan qədd-
qamət olmalıdır».
Bütün insanların gözündə gözəl sayılan və gözəl görünən ümumbəhəri norma var. Rəsam ayrı-ayrı
ideal cəhətləri sintez edib, ifadə etməyə çalışanda, nəzərə almalıyıq ki, onlar həqiqətdə bir insana yox,
ümumiyyətlə insanlara aiddir.
O dövrdə mövcud olan qadın gözəlliyi ölçülərinə uyğun rəssamlar bir çox qadın obrazlarını
yaradırdılar. Titsianın rəsmlərində böyük bədənli, təmtəraqlı gözəllər məhz bu qəbildəndir. Rubensin
lövhələrindən biri olan «Virsaviya» da onun yaradıcılığının təntənəsi, şedevridir. İncildə söylənilir ki, çar
Davud bir dəfə, sərkərdə Uriyanın arvadı – Virsaviyanı suda çimən görüb. Onun gözəlliyinə heyran
qalan çar dəhşətli cinayətə əl atıb: Uriyam müharibəyə, özü də ən qızğın döyüşlər gedən əraziyə
göndərib. Ölüm xəbəri gələndə çar Virsaviyanı özünə alır. Digər lövhələrində də o, analoji gözəl,
dolubədənli, həyatsevər qadın obrazlarını – «Diananın şikardan qayıtması», «Qraf Tomas Arundel və
onun arvadı», «Yelena Furmanın portreti» əsərlərində yaratmışdır. Onun qırmızı yanaqlı
madonnalarında heç bir müqəddəs paklıq əlamətləri yoxdur. Onun apostolları-qəribə görünən sağlam
qocalar və körpələrdir, antik əfsanələrin qəhrəman qadınları isə – dolğun, dadlı yeməkləri, şənlənməyi
xoşlayan Antverpen qadınlarını xoşlayır. Rubensin xoşbəxt dolğun həyatı onun rəsmlərində ayna kimi
əks olunub. Onun fırçası dəyən yerdə canlı həyat çiçəklənir, qızğın rənglər səpələnir.
Bütün qeyd edilənlər İntibah dövrünün incəsənətində qender münasibətlərinin inkişafına aid
müəyyən təsəvvür yaradır. Təsviri sənət, heykəltəraşlıq və digər sənət sahələrində qadın gözəlliyi
tərənnüm edilir. Qadının qəlbindəki harmoniyanı əks etdirir, analıq və qadın mərhəməti ideallarını
şöhrətləndirirdi. Rəssamların və tamaşaçıların təsvirində qadın eyni zamanda ilham pərisi və səcdə
obyekti kimi sıxış edir, yaradıcılığa qadır olan isə kişi idi, onun hökmran mövqeyi son nəticə etibarilə
qadını incəsənətlə bağlayan bir çox münasibətlərdən uca tutulurdu. İntibahın ifadə etdiyi bütün yeni
meyllər və tendensiyalar sırasında cinsindən asılı olmayaraq, şəxsiyyətin dərki, onun müsbət
cəhətlərinin, yenilməz ucalığının açıqlanması durur. Məhz humanizm sözün ən geniş və ümumi
mənasında Renessans incəsənətinin mahiyyətini təşkil edir, burada ümumi şəkildə dövrün mənəvi
təcrübəsi, şüurda baş verən inqilab açıqlanır.
Azərbaycanda İntibah dövrü Atabəylər və Səfəvilər dövlətləri arasındakı mərhələyə təsadüf edir və
üç hissəyə bölünür (XII-XV əsrlər). Bu dövrdə təbii və ictimai elmlər gur çiçəklənir, memarlıq, şəhər
tikintisi, incəsənətin müxtəlif növləri xeyli inkişaf edir. Nizami Gəncəvinin yaradıcılığı o dövrün farsdilli
ədəbiyyatının ən uca zirvəsini təşkil edirdi. Bu ədəbiyyat öz növbəsində geniş şöhrət qazanan
Azərbaycan poeziya məktəbinin tərkib hissəsi idi.
Böyük Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin poemalarını tədqiq edərkən biz
görürük ki, o, kainat, əxlaqi və sosial münasibətlər, kişi və qadınların haqqındaki suallara dönə-dönə
cavab axtarırdı. Nizaminin etik baxışlarının ən dəyərlisi onun qadına, sevgiyə və ailəyə olan baxışlarıdır.
Burada Nizaminin humanistliyi öz ən parlaq ifadəsini tapmışdır. Onun tərəfindən yazılmış Leyli, Şirin,
Nüşabənin obrazları bu günə qədər öz məlahətini və gözəlliyini itirməyiblər. Şəriətin ehkamlarına qarşı
çıxaraq (burada qadın alçaq və günaha batmış məxluq kimi qələmə verilirdi), Nizami zəngin mənəvi
keyfiyyətlərə, ağıla, qabiliyyətə, cəsarətə malik olan qadın obrazlarını yaratmışdı. Çariçə Nüşabəni
xatırlayaq: «O, dövləti, burada ağıllı və ədalətli qayda-qanunları yaradaraq idarə edir». Şairin dediyinə
görə, bu qadın bir çox kişilərdən fəaldır, məsləhətdə önəmli, qəlbən aydın və qururludur. Onun cəsarəti
və müdrikliyi qarşısında hətta Makedoniyalı İsgəndər diz çökmüşdü. Nüşabənin ərazisinə yürüşlə gedən
böyük sərkərdə çariçə ilə görüşür. Nüşabə sərkərdə ilə söhbətdə özü haqqında belə danışır:
«Erkən tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir insanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz»
(s. 212)
Bu sözlə Nüşabə o dövr üçün çox qeyri-adi olan ideyanı-qadın və kişinin cəmiyyətdə bərabər
olması ideyasını irəli sürür. Belə yolla Nizami qadın haqqında dini mövhumatı rədd edir (qadının alçaq
bir məxluq kimi qiymətləndirilməsi), qadın və kişilərin bərabərhüquqlu olması uğrunda çıxış edirdi.
«İqbalnamə» əsərində Nizami monoqamiyanı nigahın yeganə məqbul formasının olduğu ideyasını
irəli sürüb. O yazır ki, kişilər üçün elə bir arvad bəsdir, əgər onun çoxlu arvadı varsa, deməli heç biri
yoxdur. Nizaminin bu fikirləri əsaslı şəkildə şəriətlə ziddiyyət təşkil edir: məlumdur ki, şəriət qadınların
qapalı yaşamasını və çoxarvadlılığı məqbul sayır.
Ailələr möhkəm olmur, çoxarvadlı kişi tək qalır, çünki arvadların heç biri onu sevmir. Nizami
çoxarvadlılığın, uşaqların tərbiyəsi işi üçün də zərərli olduğunu qeyd edir.
Onun fikrincə, müxtəlif arvadlardan müxtəlif xasiyyətli uşaqlar doğulur, onlar bir-birilə dostluq
etməyəcəklər, çünki anaları bir deyil. «Əgər oğlunu ədəbli görmək istəyirsənsə, onda, sinəsində bir qəlb olduğu
kimi atası da, anası da bir olmalıdır» (6).
Qadın azadlığı ideyasını təbliğ edən Nizami, çox vaxt islamaqədərki dövrünü ideallaşdırır: o
zaman qadınlar çadra və çarşab nə olduğunu bilmir, dövlət və ictimai işlərə onlar buraxılmırdılar, öz
taleyinə sahib durur, kişilərlə məclisdə yan-yana oturub yeyib içirdilər.
Nizaminin kişi və qadının sevgisi haqqında ideyaları, xüsusi olaraq, diqqəti cəlb edir. Xatırladaq ki,
orta əsr dini xadimləri, bu münasibətləri, insan təbiətinin günahkar tərəflərinin ifadəsi kimi
qiymətləndirirdilər. Nizami belə fikirlərdən çox uzaqdır. Öz humanist baxışlarına sadiq olaraq o, qadını
gözəl və uca məxluq, sevgini isə – insan təbiətinin uca və nəcib ifadəsi olduğunu hesab edirdi. Qadın və
kişi arasındakı məhəbbət – insan ruhunun ali və təbii vəziyyətidir. Şair dərin rəğbətlə sevgidən,
sevgililərdən yazır, onların mənəvi vəziyyətini açıqlayır. Nizami hesab edir ki, əsil sevgi hissi insanı
həvəsləndirir, onu ilahi göylərə qədər ucaldır, daxilində olan yaradıcı qabiliyyətlərini oyada bilir. Sevən
insan öz sevgisi naminə böyük igidlik göstərə bilər. «Xosrov və Şirin» poemasında Nizami daşyonan
Fərhadın, Şirinə olan sevgisi naminə daş qayasını yardı. Uca sevgi hissi ona, yenilməz və ecazkar qüvvə
verdi. Bu nikbin sevginin təsiri altında, avara, şəhvətpərəst və qayğısız bir hökmdar olan Xosrov
alicənab, xeyirxah bir insana çevrildi.
Nizaminin fikrincə, sevgi-nigahın mənəvi motivi, onun etik əsası olmalıdır. Yalnız cəsarətsiz və
cılız insanlar öz ehtirasların quluna çevrilərək, özünü yüngül əlaqələrdə israf edir, eyş-şürətin düşgünü
olurlar. Möhkəm xasiyyətli insan öz sədaqəti və namusunu hər bir sınaqdan qoruyur, öz sevgilisinin
qədrini bilir. «Xosrov və Şirin» əsərində Mehin Banunun dilindən şair deyir ki, sevən qız yalnız öz
xoşbəxtliyini düşünməli, öz qiymətsiz olan namusunu qoruyub saxlamalıdır. Öz paklığını qoruyub
saxlamaq üçün o, özünü almalı, sevgi gücünü, xasiyyət möhkəmliyini əldə etməli, sevdiyi adamın
dalınca sürünməməlidir.
«Yaraşmaz kişinin dalına düşmək,
Bu sifət qadında olmasın gərək,
Çox tezətər gülü əldə tutdular
İyləyib, iyləyib sonra atdılar». (6)
Xosrovu atəşli məhəbbətlə sevən Şirin yoldan çıxmır, paklığın və ali hisslərini qoruyur. Nizami
Şirini fəal, hərəkətdə olan, öz xoşbəxtliyi uğrunda daima mübarizə aparan bir insan kimi təsvir edir. O,
sevdiyi adama ərə gedib, öz taleyini özü həll etdi. Nizami cazibədar, mənəvi cəhətdən zəngin Şirin
obrazını yaradaraq, qadına, sevgiyə, kişi və qadınların qarşılıqlı münasibətlərinə olan ənənəvi feodal
baxışlarını rədd edir.
Nizaminin qadınlar haqqında fikirləri mütərəqqi və liberal səslənirdi. Onun noemalarında qadınlar
müstəqil, sərbəst, təşəbbüskardırlar, onlar cəmiyyətin aparıcı qüvvəsi olmağa qadirdirlər, onlara cəsarət,
düzgünlük, vicdanlılıq, hazırcavablılıq xasdır. Şairin əsərlərində qadınlar – əxlaqın və namusun
qoruyucusu, ailə ocağının yaradıcısıdırlar.
Qadın və kişinin arasındakı sevgi kimi uca mövzusunu, İntibah dövrünün böyük Azərbaycan şairi
Mühəmməd Füzuli öz yaradıcılığının şedevri olan «Leyli və Məcnun» poemasında açıqlamışdır. Burada
o, özünü, insan qəlbinin dahi bilicisi kimi ifadə etdi. Nizami tərəfindən dahiyanə işlənib hazırlanmış
Leyli və Məcnun faciəsini Füzuli özünün yaratdığı konsepsiya əsasında yenidən öz təəssüratından
keçirərək, bir sıra canlı bədii obrazları yaratdı. Lirik şerlərdə təcəssüm edilən sevgi mövzusunu Füzuli, öz
poemasında daha geniş və çoxşahəli şəkildə açıqlayır. Sevginin gücü burada insanın, onun hiss və
meylləri, təbii ehtiyaclarının qüvvəsi kimi qiymətləndirilir.
Feodalizm dövründə, mənəvi meyllər azadlığı küfr kimi, islama qarşı çıxması kimi
qiymətləndirildiyi şəraitində, məsələnin bu kimi qoyuluşu heç də asan iş deyildi. Əgər müsəlman
qadının vəziyyətini, onun adi insan hüquqlarından məhrum edilməsini, ərinin özbaşınalığa dözməli
olduğunu nəzərə alsaq, onda sevgi kolliziyasının işıqlandırılmasının sosial əhəmiyyəti göz qabağındadır.
Şair öz poemasında insanın, qəlbindəki ən məhrəm, gizli saxlanılan hisslərin ifadəsinə hüququn olması
ideyasını müdafiə edir. Sevgini müdafiə etmək mümkündür və vacibdir: ona qurban verilməlidir, o,
ifadənin cəm edilməsini tələb edir. Qanun, qayda, adət-ənənələr ona qarşı çıxır, sevgi basılır, alçaldılır,
təhqir edilir. Yalnız böyük qəlbi olan insan, əyilmədən, taleyin ağır zərbələrini qəbul edə bilər, çünki
sevgi – birinci növbədə əzabkeşlikdir. Yalnız təmənnasız sevən adam, Füzulinin lirik qəhrəmanları tək,
öz sevgi iztirablarından həzz ala bilər.
Yarəb, bəlayi – eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi – eşqdən etmə cuda məni
Qeysin Leyliyə sevgisi nəinki pak və idealdır, o, həm də çox güclüdür. Leyli, öz sevgilisini ondan
da artıq sevir. Öz qadın zərifliyi ilə belə o, Məcnunla birləşəcəyinə ümidini itirmir. Onu İbn Salama ərə
verirlər, o isə ərindən uzaqlaşır, özünü qoruyub saxlayır. Leylinin iztirabları, onun həyatının yolu çox
təbii görünür, onlar sosial və psixoloji cəhətdən həqiqidir və mümkün qədər dəqiq Şərqdə qadın – qulun
vəziyyətini özündə əks etdirir. Sevgi hissinin formalaşdığı sosial və mənəvi həddlərinə faciyəvi şəkildə
uyğun gəlməməsi, xoşbəxt finalın mümkünsüzlüyü onunla nəticələnir ki, Məcnunun sevgisi, həyatdan
təcrid edilmiş, platonik xarakter alır. Leylidən ayrı düşmüş Məcnun mənən ona qovuşur, axırda Leyli
onun üçün öz əvvəlki əhəmiyyətini itirir. Ruhlar qovuşur, bütün maddi olan sanki ideal şəklə düşür.
Məcnun, Leylidən düşəndən sonra, «korluğuna» o qədər alışır ki, Leylinin göz qabağına gətirilən obraz
ona o qədər yaxın olub ki, həqiqi Leyli, anlaşıqsız olub, ona artıq lazım deyil: sevgililərin xoşbəxtliyinə
mane olan səbəblər şəxsi faciə həddlərini aşır, geniş sosial – fəlsəfi məna alır, böyük insan arzusunun
gerçəkləşməsinə, təbii, heç nə ilə məhdudlaşmayan yaşaması və inkişafına mane olan gerçəkliyi ifşa edir.
Tariximiz, ölkəmizin həyatında, mədəniyyət və incəsənətin böyük rol oynayan bir çox azərbaycanlı
qadının adlarını qoruyub saxlamışdır. Bu mənada XII əsrdə yaşayıb yaratmış şairə Məhsəti Gəncəvinin
(Mənicə xanım) şəxsiyyəti xüsusi maraq kəsb edir. Nizaminin müasiri olan məşhur şairə Gəncədə,
Xarabat küçəsində yaşayırdı. M.S.Ordubadinin qeyd etdiyi kimi, bu küçədə incəsənət adamları
yaşamışdır; onlar nəinki xalq arasında, həm də xeyriyəçi feodalların saraylarında böyük rəğbətlə
qarşılanırdılar. O zaman Şərqin şəhərlərində elə küçələr olub ki, burada yalnız müğənnilər, musiqiçilər,
rəqqaslar məcnunlaşmışdı. Ruhanilər belə küçələri «mənəviyyatsızlıq yuvası» adlandırırdı. (2) Məhsəti
hərtərəfli təhsil almışdır: onun poetik irsi ilə tanışlıq göstərir ki, onun, təbii elmlər, bir sıra humanitar
elmlər, o cümlədən fəlsəfə sahələrində dərin bilikləri olub. O, həm də musiqiçi kimi məşhurlaşmışdı,
şahmat oynuna dərindən bələd idi.
Məhsəti gənc ikən, incəsənətə yiyələnməyə başladı. Dörd yaşında atası onu məktəbə qoydu; o
istəyirdi ki, qızı savadlı olsun. 10 yaşında o, musiqini öyrənməyə başladı. Xanəndə və musiqiçilər onu bir
neçə musiqi alətlərdə çalmağı öyrətdilər. Öz bacarıqlarını o, sultan Mahmud Selcukinin sarayında
nümayiş etməyə başladı.
Məhsətinin əsərləri əsasında, onun, Gəncə xatibinin (ruhani şəxs) oğlu Əmir Əhmədlə sevgisi
haqqında yazılmış poema bu cünə gəlib çatmışdır. Bu poemanı şair Cövhər rubai üslubunda yazmışdır;
özü də bu rübailər şairənin öz şerlərindən götürülmüşdür.
Dərin fəlsəfə məzmunu daşıyan rübailər dünya və şərq poeziyası xəzinəsinə tam hüquqla daxil
edilmişdir. Şairənin poetik irsinə 400 rübai və bir qədər şerlər daxildir.
Məhsətinin əsərləri milli ənənələrə daxildir, humanist, həyatsevər məzmununa malikdir. Humanist
ənənələrə sadiq olaraq, o, insanları dolğun sevinclə dolu həyatı yaşamağa çağırır, ölümdən sonra həyatın
mövcudluğunu şübhə altına alır. Məhsətinin, axirət həyatına ümidlərin boş olması, insanın, bu dünyada
bütün nemətlərdən dadmağa haqqın olması ideyaları, hakim dini-əxlaqi ekham olan – ölümdən sonra
cənnət nəşəsinin olması ideyasına qarşı çıxırdı. Şairənin təsəvvüründə insan – maddi və mənəvi
başlanğıcların vahidliyi, ruh və cisimin ayrılmaz bədənidir. Məhz bu dünyada o, parlaq məzmunlu,
sevinclə dolu həyata can atmalıdır. Məhsətinin həyatsevər poeziyası o dövr üçün çox cəsarətli idi, o,
şəriətin kəlamlarına, hakim qanun – qaydalara qarşı çıxırdı, yəni insanları sevinc dolu həyata
istiqamətləndirirdi.
Hakim ideologiyaya qarşı çıxış edən şairə öz əsərlərində ruhanilərin qüsurlarını, onların
ikiüzlülüyü, riyakarlığı, mühafizəkarlığını tənqid atəşinə tuturdu. O, cəsarətlə mövcud ictimai
münasibətlər və qaydalara, xalqa qarşı olan ədalətsizliyə, əsarətə qarşı çıxış edir, xalqın məzlum və
hüquqdan məhrum olmasından yazır. Lakin Məhsəti səhvən düşünürdü ki, hökmdarı, ona nəsihət
verməklə dil tökməklə, o, öz xalqının qayğısına qalmağı, ədalətliyi, xeyri və vəzifəsini gözləməyi çalışsın.
Bir filosof kimi, Məhsəti materialist baxışlara tərəf çıxır. Varlığın əsasında o, dörd elementin
olmasını göstərir: su, hava, torpaq, od; bu elementlərin nisbəti əsasında bütün mövcud varlıq əmələ gəlib.
Burada dialektikanın elementlərini də tapmaq mümkündür. Məhsətinin fikrincə, dünya daima
hərəkətdədir, dəyişilir, inkişaf edir və fırlanır. Dünya – əksliklərin vəhdəti, keyfiyyət və əlamətlərin
qarşılıqlı şəkildə bir-birinin inkar edilməsidir. Əksliklər bir-biri ilə həm daimi mübarizədə, həm də ki
vəhdətdədir. Varlığın ilkin məkanı, dünyada mövcud hadisələrin səbəbi, hər bir şeyi hərəkətə gətirən
«Tale»dir; «Tale özü hərlənməklə bütün cisimləri də hərləndirir». (3) Məhsəti öz gözəl şerlərilə özü-özünə
abidə yaratdı:
Dün kaşı kuzəni daşlara çaldım,
Sərxoşdum, bilmədim, əlimdən saldım.
Kuzə dilə gəldi dedi ki: «Mən də
Sənin kimi idim, bu günə qaldım!»
Mən tikansız təzə ətirli güləm,
Qəmlərini çəkən şeyda bülbüləm.
Şahların qolunda oturan qırğı,
Düşmüşdür toruna, eyləmə sitəm!
Heç pozan olmadı qəza, qədəri,
Doğradı ümidi eşqin xəncəri.
Eşqin badəsini içdim, can verdim,
Heyhat tapılmadı eşqin gövhəri! (3)
Məhsətinin cəsarətli, azadsevər, tənqidi ruhda olan yaradıcılığı Azərbaycanın fəlsəfi poeziyasında
azad fikirliliyin inkişafında böyük rol oynayıb. İntibah dövrünün böyük şairləri olan Nəsimi, Nizami,
Füzuli ilə bir sırada adı çəkilən Məhsətinin yeganə qadın olması onun bir əfsanəyə çevirir. Təsadüfi deyil
ki, avstriyalı tədqiqatçı F. Mayer ona, öz «Gözəl Məhsəti» adında əsərini həsr etmişdir.
Müasir Azərbaycan rəssamı E.Qurbanov, Məhsətinin bədii, estetik obrazını öz «Məhsəti» rəsmində
ifadə etmişdir. Burada şairə, qüllü-ətirli, quş mahnıları ilə dolu «cənnət bağı»nda arfada musiqini ifa
etdiyi zaman təsvir edilmişdir.
Məhsətinin zərif, nəfis yaradıcılığının timsalında biz görürük ki, hətta patriarxal cəmiyyətdə ayrı-
ayrı qadınlar kişilərlə bir səviyyədə özünü həyat fəaliyyətinin müxtəlif sahələrində – təhsil, mədəniyyət,
incəsənətdə ictimai həyatda ifadə etməyə qadir idilər. Onların həyat və yaradıcılığı – istər ailə, istərsə də
vətəndaşlıq və mədəniyyət müstəvilərində tarixi yaradıcılıq prosesində iştirak etmək hüququna «qadın
iddialarını»n təsdiqidir.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR
1. İntibah dövrünün incəsənətində qender münasibətlərinin izahında stereotiplər necə dəyişib?
2. İntibah dövrünün incəsənətində kişi və qadın obrazları nə kimi rol oynayır?
3. Müsəlman Renessansı nədir?
İş üsulları – diskussiya, paylanmaq üçün materiallar, R.Mustafayev adına təsviri sənət muzeyinə
ekskursiyanın keçirilməsi.
PETRARKANIN LAURAYA HƏSR OLUNMUŞ SONETİ
Qəlbim sevgi atəşindən nura boyandı,
Sənə layiq sözüm, sənətim yoxdur,
Səmavi məlahətlik süzülür səndən,
Cismani tamahlardan çox uzaqsan sən.
Qızılgüldən qırmızı, ağdan ağsan sən,
Həqiqət, gözəlliyin dahisisən sən,
Sinə dolur sevinclə, həzz alıram mən,
Coşğunluq dalğasında görəndə səni,
Kaş ki, bacaraydım bu şerimlə mən,
Yazdığım sözlərlə dünyaya yayım,
Sənin şöhrətini, amma xülyadı bu…
Qoy onda vətənim eşitsin məni: Alp dağları,
Dəniz dalğası da zərif Lauranın adını desin. (7)
ƏDƏBİYYAT
1. Али-заде Г.Г. Философия красоты человека. – Б., 1995
2. Алпатов Л.М. Художенственные проблемы итальянского Возрождения. – М., 1976
3. Антология азербайджанской литературы. Т. 1 – Б., 1960
4. Брагина Л.М. Итальянский гуманизм. – М., 1977
5. Лосев А.Ф. Эстетика Возрождения. – М., 1978
6. Мустафаев Дж. Философские и этические воззрения Низами. – Б., 1962
7. О любви и красотах женщин: трактаты о любви эпохи Возрождения. – М., 1992
8. Поэты Возрождения: Переводы. – М., 1989
9. Проблемы Азербайджанского Ренессанса. Сбор. соч. – Б., 1984
10. Семья. Сб. в 2 т. – М., 1990
11. Философия любви. / Под ред. Горского Д. – М., 1990
12. Фукс Э. Иллюстрированная история нравов: эпоха Ренессанса. – М., 1993
Dostları ilə paylaş: |