BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2010
BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJINDA İCTİMAİ QAYDA:
AZƏRBAYCAN PERSPEKTİVİ
R.A.MİRZƏYEV
Bakı Dövlət Universiteti
ruslan mirzayev
Məqalədə ictimai qayda konsepsiyasının Azərbaycan Respublikasında tətbiq edilməsi
müzakirə edilir. Bu konsepsiyanı milli qanunvericiliyə daxil etməkdən imtina etməsinə
baxmayaraq, Azərbaycan Republikası üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə bağlı bu
konsepsiya ilə üzləşməli olur.
“Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu Birləşmiş
Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL)
1985-ci il redaksiyadakı Beynəlxalq Kommersiya Arbitrajı üzrə Model Qanunu əsa-
sında tərtib olunmuşdur. Qeyd edilən qanun 1999-cu ildə Azərbaycan Respublikası
Milli Məclisi tərəfindən qəbul olunarkən, 34.2 b (ii) və 36.1 b (ii) maddələri istisna
olmaqla Model Qanuna heç bir digər əsaslı dəyişiklik edilməmişdir (1). Model Qa-
nunun 34.2 b (ii)-ci maddəsi arbitraj qərarlarının mübahisələndirilməsi üçün, 36.1 b
(ii)-ci maddəsi isə arbitraj qərarlarının tanınması və icrasından imtina üçün əsaslardan
biri kimi arbitraj qərarının ictimai qaydaya uyğun olmamasını göstərir. Qeyd etmək
lazımdır ki, Model Qanunun 36.1 b (ii)-ci maddəsi Azərbaycanın da qoşulduğu “Xa-
rici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il Nyu-York Kon-
vensiyasının V. 2 (b) maddəsi ilə eyniyyət təşkil edir (2). Yəni, Model Qanun və
Konvensiyanın müvafiq maddələri arbitraj qərarlarının aidiyyəti dövlətin ictimai
qaydasına uyğun olmasını tələb edir. Lakin, Milli Məclis Azərbaycan Respublikası
üçün yeni olan ictimai qayda konsepsiyasını qanunvericiliyə daxil etməmək qərarına
gəlmiş və qanunun 1999-cu ildə qəbul olunan versiyasında arbitraj qərarlarının icti-
mai qaydaya deyil, ümumilikdə Azərbaycan Republikası qanunvericiliyinə uyğun
olması tələbini müəyyən etmişdir. Belə bir müddəa digər bir çox ölkələrin qanun-
vericiliyi ilə müqayisədə konservativ bir addım idi və beynəlxalq arbitraj qərarlarının
Azərbaycan Respublikası qanunvericiliyinin bütün imperativ normalarına uyğun
olmasının tələb edirdi. Arbitraj qərarının hər hansı bir imperativ normaya zidd olması
onun etibarsızlığına və ya onun tanınmasından və icrasından imtina olunmasına səbəb
ola bilərdi. Lakin, 2005-ci ildə Milli Məclis qeyd edilən qanuna dəyişiklik edərək,
beynəlxalq arbitraj qərarlarının bütün qanunvericiliyə deyil, yalnız Azərbaycan Res-
publikası Konstitusiyasına uyğun olması barədə müddəanı qanuna daxil etdi (3).
Nəticə etibarı ilə, Azərbaycan Respublikası davamlı şəkildə ictimai qayda konsep-
siyasını milli arbitraj qanunvericiliyinə daxil etməkdən imtina etdi. Beynəlxalq arbit-
raj qərarının mübahisələndirilməsi və ya tanınma və icrasından imtina olunması üçün
89
Konsitusiyaya və ya ictimai qaydaya uyğunluğun hansının daha geniş əhatə dairəsinə
malik olduğu bəlli deyil, bu, onların şərhindən asılıdır. Lakin aşağıda aparılan analiz
göstərir ki, adətən ictimai qayda daha geniş anlayışdır və konstitusiyaya əməl olun-
ması da onun tərkib hissəsidir.
UNCİTRAL Model Qanununu belə bir dəyişikliklə qəbul edərək Azərbaycan
Respublikası həm Respublika ərazisində arbitraj prosesi keçirilərkən, həm də xarici
arbitraj qərarları Respublikada icra olunarkən öz ictimai qaydası ilə bağlı tələblərin-
dən imtina etmişdir. Çünki, Azərbaycan Respublikası ərazisində qəbul olunan arbit-
raj qərarının mübahisələndirilməsi zamanı yalnız “Beynəlxalq arbitraj haqqında”
Azərbaycan Respublikasının Qanunu tətbiq olunur. Xarici arbitraj qərarlarının Azər-
baycan ərazisində icrasına münasibətdə isə Nyu-York Konvensiyasının müddəasına
uyğun olaraq yenə də “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının
Qanunu tətbiq olunur. Baxmayaraq ki, Konstitusiyaya əsasən Azərbayca Respub-
likasının qoşulduğu beynəlxalq sazişlər və qanunlar arasında ziddiyyət yaranarsa,
beynəlxalq sazişlər tətbiq olunur (4, Maddə 151), Nyu Konvensiyası maraqlı tərəfə
imkan verir ki, daha əlverişli qaydaya (rejimə) istinad etsin (5, Maddə VII).
Konvensiyanın müddəası ikimənalı oxunsa da, burada maraqlı tərəf dedikdə xarici
arbitraj qərarını icra etmək üçün müraciət edən tərəf nəzərdə tutulur (6, Fəsil 26,
səhifələr 33-36, 66) (7). Bu qayda həm də Nyu-York Konvensiyasının “daha əlverişli
hüquq müddəası” adlanır. Bu səbəbdən də, əgər milli qanunvericilik xarici arbitraj
qərarlarının tanınması üçün daha əlverişlidirsə, arbitraj qərarının icrasında maraqlı
olan tərəf Konvensiya deyil, sadəcə milli qanunvericiliyin əsasında qərarın icrası üçün
müraciət edə bilər. Bu müddəa Azərbaycana tətbiq edildikdə isə nəticə belədir: əgər
xarici arbitraj qərarı Azərbaycan Respublikasındakı ictimai qaydaya ziddirsə, lakin
Konstitusiyaya uyğundursa, qərarın icrasında maraqlı olan şəxs milli qanunvericiləy
istinadən qərarın icrasının tələb edə bilər.
Mövcud qanunvericiliyin hazırkı vəziyyətinin müsbət cəhəti ondan ibarətdir ki,
qanun mücərrəd bir ictimai qaydaya deyil, məlum bir sənədə, Azərbaycan Respub-
likasının Konstitusiyasına istinad edir, bununla da arbitrajın keçirilməsi və arbitraj
qərarlarının tanınması üçün çox ərverişli bir mühit yaradır. Əlbəttə ki, qanunun dəqiq-
liyi biznes mühitinin inkişafına müsbət təsir göstərir. Lakin əgər tərəzinin bir tərə-
fində biznes mühiti (o cümlədən investisiya mühiti) durursa, digər tərəfində dövlətin
suveren maraqları durur. Qanunvericiliyin hazırkı vəziyyəti dövlət maraqları və
dövlətin suveren huquqları üçün müəyyən mənada risk yarada bilər. Belə bir risk isə
heç də mücərrəd deyildir.
Azərbaycan Respublikasının Konstitusiya Respublikanın qanunvericilik siste-
minin əsasıdır (4, maddə 147). Təbiidir ki, heç bir konstitusiya cəmiyyətin və dövlətin
bütün maraqlarını, ən azından cari maraqlarını, əks etdirə bilməz. Dövlətin və
cəmiyyətin maraqlarına toxunan bir çox məsələ qanun, fərman və digər normativ və
normativ xarakterli aktlarda əks olunur. Arbitraj mübahisələri bir çox hallarda digər
ölkələrin qanunvericiliklərinə uyğun olaraq həll olunduqlarına görə və ya digər sə-
bəblərdən həmin arbitraj qərarları Azərbaycan Respublikası üçün böyül əhəmiyyət
daşıyan qanunlarla, Respublikada aparılan sosial və iqtisadi siyasətlə, həmçinin
ölkənin daxili və xarici siyasəti ilə ziddiyyət təşkil edə bilər. Azərbaycan da daxil
olmaqla, hər bir dövlətin konstitusiyada əks olunmayan cari və daimi maraqları möv-
cuddur. Məhz bu maraqları qorumaq üçün də əksər dövlətlər arbitraj qanunvericilik-
lərində ictimai qayda konsepsiyasını müəyyən edirlər. Azərbaycan kimi UNCİTRAL
90
Model Qanununu qəbul edən və post-Sovet ölkələri olan Rusiya Federasiyası və
Ukrayna belə Model Qanunu qəbul edərkən ictimai qayda konsepsiyasının öz
qanunvericiliklərinə daxil etmişlərdir (8, maddələr 34, 36) (9, maddələr 34,36).
İctimai qayda konsepsiyasının beynəlxalq kommersiya arbitrajı ilə bağlı milli
qanunvericiliyə daxil edilib-edilməməsi barədə qərar qəbul edilərkən, ictimai qayda
və müxtəlif ölkələrdə onun şərhi barədə ətraflı araşdırma aparılmalıdır. İctimai qayda
konsepsiyası yalnız kommersiya arbitrajına xarakterik bir anlayış deyil, o ölkə qanun-
vericiliklərinin və beynəlxalq hüququn digər sahələrində də tətbiq olunur. Məsələn,
"Müqavilə öhdəliklərinə tətbiq olunan hüquq haqqında" Roma Konvensiyasında (10,
maddə 16), "İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında" Avropa
Konvensiyasında (11, maddələr 6, 9), "Mülki və iqtisadi məsələlərdə aidiyyət və məh-
kəmə qərarlarının tanınması haqqında" Brussel Konvensiyasında (12, maddələr 27,
50), Haaqa-Visbi Qaydalarında (13, maddə 6) və digər beynəlxalq konvensiyalarda da
ictimai qayda anlayışı mövcuddur. İctimai qayda və ya "ordre public" hər bir ölkədə
hüquqi sistemin mövcudluğunun və fəaliyyətinin əsasını təşkil edən fundamental
prinsiplərdən ibarətdir. Belə fundamental prinsiplərin qorunması üçün qanunverici-
liklərdə ictimai qayda konsepsiyası mövcuddur. Dövlətlər üçün belə prinsiplərin
qorunması böyük əhəmiyyətə malikdir. Bu prinsipləri qorumaq məqsədilə ictimai
qayda konsepsiyası müəyyən hallarda tərəflərin iradə azadlığını məhdudlaşdırır.
Beynəlxalq kommersiya arbitrajı hüququnda ictimai qayda anlayışı bir konven-
siya olaraq ilk dəfə 1927-ci ildə Cenevrə Konvensiyasında əks olunmuşdur. Cenevrə
Konvensiyası müəyyən edir ki, arbitraj qərarının tanınması və icrası ölkənin ictimai
qaydasına və ya hüquq prinsiplərinə zidd olmamalıdır (14, maddə 1 (e)). Nyu-York
Konvensiyası isə bu tələbi daraltmış və müəyyən etmişdir ki, arbitraj qərarının tanın-
ması və icrasının ölkənin ictimai qaydasına uyğun olmaması məhkəmə tərəfindən
həmin qərarın tanınma və icrasından imtinaya əsasdır (5, maddə V 2 (b)). Nyu-York
Konvensiyasında qeyd olunan ictimai qayda anlayışı anqlo-sakson siteminin ümumi
hüququnda istifadə olunan və yalnız maddi məsələləri əhatə edən ictimai qaydaya
istinad etmir. Konvensiyadakı anlayış həm maddi, həm də prosessual məsələləri əhatə
edən, mülki hüquqdakı ictimai qayda, "ordre public", konsepsiyasına istinad edir.
Lakin Konvensiya ictimai qayda konsepsiyasını yalnız ümumi hüququn ictimai qayda
konsepsiyasına məhdudlaşdırmağa və ya hər hansı digər bir formada məhdudlaş-
dırmağa qadağa qoymur. Belə ki, Nyu-York Konvensiyası arbitraj qərarının tanınma
və icrasına münasibətdə minimum deyil, maksimum əsasları nəzərdə tutur. Yəni, Nyu
York Konvensiyasına üzv dövlətlər Konvensiyada arbitraj qərarlarının tanınma və
icrasından imtina üçün nəzərdə tutulmuş əsasları məhdudlaşdıra və ya onlardan
imtina edə bilər. Lakin dövlətlər Konvensiyada arbitraj qərarlarının tanınma və icrası
üçün nəzərdə tutulmuş əsasları genişləndirə, yəni imtina üçün digər əsaslar nəzərdə
tuta bilməzlər (6, Fəsil 26, səhifələr 33-36, 66) (7).
"Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Nyu-York Konven-
siyasının 5-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndində və "Xarici kommersiya
arbitrajı haqqında" UNCİTRAL Model Qanununun 34.2-ci maddəsinin "b" bəndinin
2-ci yarımbəndində və 36.1-ci maddəsinin "b" bəndinin 2-ci yarımbəndində nəzərdə
tutulmuş ictimai qaydanın anlayışı bu sənədlərin heç birində nəzərdə tutulmamışdır.
Bu səbəbdən də, ictimai qayda konsepsiyasının anlayışı milli qanunvericiliklərlə və
məhkəmə qərarları ilə müəyyən olunur. Bir çox ölkələrdə ictimai qayda konsepsiyası
milli hüquq sistemində geniş istifadə olunur və milli qanunvericiliyin bir çox
91
sahələrinin mühüm komponentidir. Lakin beynəlxalq kommersiya arbitrajında istifa-
də olunan ictimai qayda anlayışı milli qanunvericiliklərki ictimai qayda anlayışından
əksər hallarda fərqlənir. Məhz bu səbəbdən də ictimai qayda konsepsiyasının geniş
tətbiq olunmadığı Azərbaycan kimi ölkələrdə də beynəlxalq kommersiya arbitrajı ilə
bağlı belə bir konsepsiyanın tətbiq olunmasında heç bir problem yoxdur. Aşağıda
qeyd olunduğu kimi, "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Nyu-
York Konvensiyasının və "Xarici kommersiya arbitrajı haqqında" UNCİTRAL Model
Qanununun hazırlıq sənədləri ("travaux prepetoires"), hesabatlar və digər sənədlərdən
görünür ki, ictimai qayda konsepsiyası məhz beynəlxalq arbitraj qərarlarına münasi-
bətdə daha dar mənada şərh edilməlidir. Belə şərh bəzən sadəcə həmin konsepsiyanı
dar şərh etməklə, bəzən isə "beynəlxalq ictimai qayda"ya istinad etməklə həyata
keçirilir. Kommersiya arbitraj hüququ sahəsində çox nüfuzlu alimlərdən biri Nyu-
York Konvensiyası ilə bağlı qeyd edir: "baxmayaraq ki, 5-ci maddəsinin 2-ci bən-
dinin "b" yarımbəndi bu məsələyə aydınlıq gətirmir, heç bir şübhə yoxdur ki, müd-
dəada qeyd edilən ictimai qayda əslində həmin ölkənin məhz beynəlxalq ictimai
qaydasına istinaddır." (27, səhifə 996). Aydınlıq gətirmək üçün bu məqalədə belə bir
radikal ifadədən istifadə olunmalıdır ki, beynəlxalq ictimai qayda əslində həqiqi
beynəlxalq ictimai qayda deyildir. Qeyd edilən ictimai qaydanın beynəlxalq ictimai
qayda adlandırılmasının yeganə səbəbi isə onun beynəlxalq (xarici) arbitraj qərar-
larına münasibətdə tətbiq olunmasıdır. Başqa sözlə desək, beynəlxalq ictimai qayda
milli qanunvericiliyə əsasən müəyyən olunur və milli ictimai qaydanın tərkib hissə-
sidir. Bu məsələ ilə bağlı, məşhur alim Mauro Rubino-Sammartano qeyd edir ki, bey-
nəlxalq ictimai qayda "milli ictimai qaydanın daha vacib və daha mühüm hissəsidir"
(28, səhifələr 506, 962). Digər bir müəllif isə qeyd edir ki, beynəlxalq ictimai qayda
milli "hüquq sisteminin beynəlxalq kontekstdə ədalətin fundamental tələbləri ilə bağlı
mövqeyidir" (27, səhifə 996). Bu konsepsiyanın daha uğurlu adı fransız dilində
istifadə olunan "ordre public a usage international" ifadəsidir. Bu ifadə Azərbaycan
dilində "beynəlxalq istifadə üçün ictimai qayda" mənası verir. Lakin, beynəlxalq
aləmdə ingilis dilində olan "international public policy", yəni "beynəlxalq ictimai
qayda" daha geniş istifadə olunduğundan, bu məqalədə qeyd edilən konsepsiyaya
məhz "beynəlxalq ictimai qayda" kimi istinad olunacaqdır.
Əksər ölkələrdə milli ictimai qayda və beynəlxalq ictimai qayda birbaşa və ya
dolayısı ilə fərqləndirilir (16, səhifə 362). Başqa sözlə desək, bir qrup ölkələrdə
qanunvericilik və ya məhkəmələr birbaşa beynəlxalq ictimai qaydaya ("express
international public policy") istinad edir, digərlərində isə beynəlxalq arbitraj qərar-
larına münasibətdə ictimai qayda dar şərh olunur. Beynəlxalq arbitraj qərarlarına
münasibətdə ictimai qaydanın belə dar şərh olunması beynəlxalq ictimai qaydaya
dolayısı ilə istinad etmək ("implicit international public policy") adlanır.
Qeyd edilən ictimai qaydalar arasında belə fərq qoymaq təbiidir. Bu fərq, mə-
sələn, Amerika Birləşmiş Ştarlarının Ali Məhkəməsi tərəfindən belə əsaslandırılmış-
dır ki, bir ölkənin məhkəməsinin hansısa yerli marağa (milli ictimai qaydaya) görə ar-
bitraj müqaviləsini icra etməkdən imtina etməsi nəinki beynəlxalq iqtisadi fəaliyyətin
ardıcıllığını və gözləntilərini pozar, həmçinin müqavilə tərəflərinin məhkəmə üs-
tünlüyü əldə etmək üçün oynadıqları lüzumsuz və destruktiv oyuna səbəb olardı (17).
Nyu-York Konvensiyasının Layihə Komitəsi ictimai qayda konsepsiyasının dar
şərh olunmasını məsləhət görərək qeyd etmişdir ki, "konsepsiyanın tətbiqi arbitraj
qərarlarının tanınması və icrasının dövlətin hüquq sisteminin əsas prinsiplərinə açıq-
92
aydın zidd olma halları ilə məhdudlaşmalıdır." (18) Konvensiya üzrə İşçi qrup isə
qeyd etmişdir ki, "icradan ictimai qayda əsasında imtinaya əsas verən müddəa geniş
tətbiq dairəsinə malik olmamalıdır." (19) Baxmayaraq ki, bu tövsiyələr məcburi xa-
rakter daşımır və məhkəmələr üçün yalnız məsləhət və ya istiqamətverici bir sənəd
xarakteri daşıya bilər, əksər dövlətlərin məhkəmələri beynəlxalq arbitraj qərarlarına
münasibətdə ictimai qayda konsepsiyasının dar şəkildə şərh edirlər. Aşağıda qeyd
edilən məhkəmə işləri bu praktikaya daha da aydınlıq gətirir. Amerika Birləşmiş
Ştatlarında ictimai qayda konsepsiyasını dar şəkildə şərh edən ən vacib və ilk işlərdən
biri Parsons və Vittemor (Parsons & Whittemore) işidir. Qeyd edilən məhkəmə
mübahisəsində ABŞ məhkəməsi qərarında müəyyən etmişdir ki, "Konvesniyanın
ictimai qayda müdafiəsi dar şərh olunmalıdır. Xarici arbitraj qərarının icrasından
yalnız o halda imtina oluna bilər ki, belə icra həmin ştatın ən əsas əxlaq və ədalət
anlayışını pozsun" (20).
Avstriya Ali Məhkəməsi, Oberster Gerichtshof, müəyyən etmişdir ki, ictimai
qayda konsepsiyası dar şərh olunmalıdır və ictimai qayda konsepsiyası "beynəlxalq
qərarların harmoniyasını zərurət olmadıqca pozmamaq məqsədilə ancaq nadir hal-
larda istifadə olunmalı müstəsna bir qaydadır". Bununla yanaşı, məhkəmə qeyd et-
mişdir ki, ictimai qayda konsepsiyası federal konstitusiyanın, həmçinin cinayət,
xüsusi və prosessual hüququn əsas prinsiplərindən ibarətdir və "xarici arbitraj qə-
rarları yalnız Avstriyanın konstitusiya, cinayət, xüsusi və prosessual hüquqlarının əsas
prinsiplərinə zidd olduqları halda etibarsız hesab edilə bilərlər" (21). İsveçrənin Fe-
deral Ali Məhkəməsi isə müəyyən etmişdir ki, ictimai qayda bir imtina əsası olaraq
dar şərh olunmalıdır, xüsusilə də xarici qərarların tanınması və icrası kontekstində.
Məhkəmə həmçinin qeyd etmişdir ki, belə hallarda ictimai qaydanın tətbiq dairəsi
xarici ölkənin hüququnun tətbiqi ilə bağlı məsələlərlə müqayisədə daha dardır. İctimai
qayda yalnız o halda pozulmuş sayılır ki, arbitraj qərarının tanınması və icrası İs-
veçrənin ədalət konsepsiyasına "dözülməz şəkildə zidd" olsun. Məsələn, prosessual
hüquqla bağlı İsveçrə ictimai qaydası tələb edir ki, konstitusiyada da nəzərdə tutul-
muş, ədalətli proses və çəkişmə prinsipləri kimi fundamental prinsiplərə əməl olunsun
(22).
Hindistanın Ali Məhkəməsi isə məsələyə nisbətən fərqli mövqedən yanaşır.
Belə ki, məhkəmə beynəlxalq ictimai qaydaya istinad etmədiyini açıq şəkildə qeyd
edir. Lakin Hindistan Ali Məhkəməsi də xarici arbitraj qərarlarına münasibətdə
ictimai qaydanı dar şərh edir: ""beynəlxalq ictimai qayda"nın işlək bir anlayışının
olmadığı şəraitdə Nyu-York Konvensiyasının 5-ci maddəsində istifadə olunan ictimai
qayda ifadəsinin beynəlxalq ictimai qayda mənası verdiyini şərh etmək çətin olar. Bu
səbəbdən də, qeyd edilən ifadə, Hindistan Xarici Qərarlar Aktında müəyyən olunduğu
kimi, Hindistan məhkəmələri tərəfindən tətbiq olunan ictimai qayda doktrinası ilə
eyni mənanı ifadə edir və dar şərh olunmalıdır" (23). İctimai qaydanın xarici ölkələrin
məhkəmələri tərəfindən şərhi araşdırılarkən Amerika Birləşmiş Ştatlarında tətbiq
olunan xüsusi bir analiz metodu diqqəti cəlb edir. Bu metod "rəqib (və ya yarışan)
ictimai qaydalar" testi adlandırıla bilər. Bu rəqib ictimai qaydalar testinə əsasən
tərəzinin bir tərəfində qərarı "icra etmək marağı" (pro-enforcement bias), digər
tərəfində isə ədaləti qorumaq marağı dayanır. Bu testə əsasən qərarı icra etmək
marağı o qədər vacibdir ki, o da ictimai qaydanın bir tərkib hissəsi hesab olunur.
Qərarı icra etmək marağının əsasında dövlətin beynəlxalq ictimaiyyət qarşısında
öhdəlikləri, beynəlxalq kommersiyanın əhəmiyyəti, arbitraj prosesinin bütövlüyü,
93
qalib tərəfin qanuni götləntiləri, beynəlxalq arbitraj qərarlarına vahid münasibət,
arbitraj qərarlarının yekunluğu və digər maraqlar dayanır. Digər ictimai qayda, ədaləti
qorumaq marağına isə, həmin ərazidə ictimai qaydaya verilən anlayışa uyğun olaraq,
ədalətin əsas prinsipləri, əxlaq, həyata keçirilən siyasət, sosial və digər maraqlar
daxildir. Bu testi tətbiq edən məhkəmə qeyd edilən ictimai qaydaların hər ikisini
nəzərdə saxlamalı və onları müqayisə etməlidir. Əgər arbitraj prosesində baş vermiş
pozuntular, qərarın qanunsuzluğu və ya hansısa marağa uyğun olmaması qərarı icra
etmək marağında nəzərdə tutulmuş məsələlərdən üstün deyildirsə, məhkəmə arbitraj
qərarını icra edir. Əgər məhkəmə müəyyən edirsə ki, arbitraj qərarı elə maraqlara
toxunur ki, onlar hətta qərarı icra etmək marağından üstündür və qorunmalıdır, məh-
kəmə arbitraj qərarını icra etməkdən imtina edir. Belə bir analiz kifayət qədər praq-
matikdir və əhəmiyyətsiz pozuntulara görə arbitraj qərarlarının icrasından imtinanın
qarşısını alır. Bu metodun əlamətlərinə məşhur Şerk (Scherk) işi üzrə məhkəmə qəra-
rının əsaslandırma hissəsində (17) və digər ABŞ məhkəmə qərarlarında rast gəlinir.
Yuxarıda da qeyd edildiyi kimi, bəzi normativ aktlar (24, maddələr 1498, 1502)
(25, maddə 1051) və məhkəmə qərarları (26) birbaşa beynəlxalq ictimai qaydaya
istinad edir. Beynəlxalq ictimai qaydaya birbaşa istinad edən qanunlardan biri Fran-
sada qüvvədədir. Fransa Mülki-Prosessual Məcəlləsi qeyd edir ki, arbitraj qərarının
"tanınması və ya icrasının beynəlxalq ictimai qaydaya zidd olması" onun tanınma və
icrasından imtina üçün əsasdır (24, maddələr 1498, 1502). Əlcəzair qanunvericiliyi də
arbitraj qərarlarının beynəlxalq ictimai qaydaya uyğun olmasının tələb edir (25,
maddə 1051). Beynəlxalq ictimai qaydanın anlayışının müəyyən edilməsi məqsədilə
aparılmış ən geniş və ətraflı tədqiqatlardan biri 2000-2002-ci illərdə Beynəlxalq Hü-
quq Assosiasiyası tərəfindən həyata keçirilmişdir. Assosiasiyanın Beynəlxalq Kom-
mersiya Arbitrajı üzrə Komitəsi beynəlxalq ictimai qaydanın anlayışını belə vermiş-
dir:
"dövlət tərəfindən tanınan elə prinsip və qaydalar məcmusudur ki, müvafiq
prosedur (beynəlxalq prosessual ictimai qayda) və ya maddi məsələ (beynəlxalq
maddi ictimai qayda) ilə bağlı onların pozulması beynəlxalq kommersiya arbitraj
qərarının tanınması və icrasının qarşısını ala bilər.... Hər hansı dövlətin beynəlxalq
ictimai qaydası aşağıdakılardan ibarətdir:
- ədalət və ya əxlaqla bağlı (hətta birbaşa əlaqəsi olmasa belə) dövlətin
qorumaq istədiyi fundamental prinsiplər;
- dövlətin əsas siyasi, ictimai və ya iqtisadi maraqlarını qorumağa xidmət edən
qaydalar (bu qaydalar həmçinin "lois de police" və ya ictimai siyasət qaydaları kimi
də tanınır);
- dövlətin digər dövlətlərə və ya beynəlxalq təşkilatlara münasibətdə öz
öhdəliklərinə əməl etmək vəzifəsi" (29).
Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən aparılan tədqiqat müxtəlif ölkə-
lərdən bir çox mütəxəssisi cəlb etmişdir. Bu tədqiqat beynəlxalq kommersiya arbitra-
jının ictimai qayda konsepsiyasına ümumbəşəri bir anlayış müəyyən etmək üçün
uğurlu bir cəhd idi. Göründüyü kimi, tədqiqat ictimai qayda konsepsiyasının üç tərkib
hissəsini müəyyən edir: əxlaq və ədalətlə bağlı dövlətin fundamental prinsipləri, lois
de police (siyasi, ictimai və iqtisadi maraqlar) və beynəlxalq ictimaiyyət qarşısındakı
öhdəliklər.
Nəticə olaraq qeyd edilməlidir ki, "Beynəlxalq arbitraj haqqında" Azərbaycan
Respublikası Qanununun hal-hazırda qüvvədə olan redaksiyası beynəlxalq arbitraj
94
qərarları mübahisələndirilərkən və ya tanınarkən ölkənin suveren maraqlarına risk
yarada bilər. Belə ki, Konstitusiyaya uyğun olub, lakin dövlət siyasətinə, ictimai və
dövlət maraqlarına, əsas qanunlara zidd olan bir arbitraj qərarı Azərbaycan Respub-
likasında tanınarkən qanunvericilikdə heç bir maneə ilə üzləşməyəcəkdir. Əlbəttə,
bəlkə də bəzi məsələlərdə Konstitusiya elə geniş şərh oluna bilər ki, bir çox məsə-
lələri əhatə etsin və ya sadəcə Azərbaycan Respublikası suveren hüquqlarına istinad
edib arbitraj qərarını tanımaqdan imtina edə bilər. Lakin belə ekstrimal vasitələrə əl
atmağa ehtiyac varmı? Sadəcə ictimai qayda konsepsiyasına istinad etmək imkanı
olduğu halda nəyə görə ölkənin ali qanunu Konstitusiya məqsədli şəkildə geniş şərh
olunmalı və ya Azərbaycan Respublikası suveren hüquqlarına istinad edərək beynəl-
xalq öhdəlilərini yerinə yetirməməli və beynəlxalq reputasiyasını zədələməlidir? Mə-
qalənin nəticəsi bundan ibarətdir ki, dövlətin belə ekstrimal vasitələrə əl atmaqdansa,
beynəlxalq aləmdə çox geniş tətbiq olunan və dövlətin cari və daimi maraqlarını tam
əhatə edən ictimai qayda konsepsiyasını qəbul etməsi daha məqsədəuyğundur. Azər-
baycan Respublikasının Konstitusiyası, beynəlxalq öhdəlikləri və reputasiyası daha
vacibdir və onların əhəmiyyətinə görə milli hüquq sisteminə yad olan ictimai qayda
konsepsiyasının qanunvericilikdə qəbul edilməsi sahəsində işlər aparılmasına dəyər.
ƏDƏBİYYAT
1. "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikası Qanunu, №: 757-IQ, 18 noyabr
1999.
2. Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Konvensiyaya qoşulmaq barədə
Azərbaycan Respublikası Qanunu, № 734-I, November 9, 1999.
3. “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, №: 915-IIQD, 10 may 2005.
4. Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995.
5. New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards,
June 10, 1958.
6. Lew, Mistelis, Kröll, “Comparative International Commercial Arbitration” (Kluwer
Arbitration 2003).
7. Hilmarton Ltd. v. Omnium de traitement et de valorization- 23 March 1994-Cour de
Cassation [Supreme Court].
8. Law of the Russian Federation on International Commercial Arbitration, August 14, 1993.
9. Law of Ukraine on International Commercial Arbitration, February 24, 1994.
10. Rome Convention on the Law Applicable to Contractual Obligations of 1980.
11. European Convention for the Protection of Human Rights and Fundamental Freedoms,
November 4, 1950 12. Brussels Convention on Jurisdiction and the Enforcement of Jud-
gments in Civil and Commercial Matters, September 27, 1968. This Convention has been
replaced by Brussels I Regulation (Council Regulation (EC) No 44/2001).
13. International Convention for the Unification of Certain Rules of Law relating to Bills of
Lading (Amended by the Brussels Protocol 1968).
14. Geneva Convention on the Execution of Foreign Arbitral Awards, September 26, 1927.
15. Report of the United Nations Commission on International Trade Law on the work of its
eighteenth session (Vienna, 3-21 June 1985) (A/40/17).
16. Albert Jan van den Berg, “The New York Arbitration Convention of 1958: Towards a
Uniform Judicial Interpretation” (Kluwer Law and Taxation Publishers 1994).
17. Scherk v. Alberto-Culver Co., 417 U.S. 506 (1974).
18. Report of the Committee on the Enforcement of International Arbitral Awards, 28 March
1955, UN Doc. E/2704 and E/AC.42/4/Rev.1.
19. UN Doc E/CONF. 26/SR. 17.
20. Parsons & Whittemore Overseas Co., Inc. v. Societe Generale de L’Industrie Du Papier
(RAKTA). 508 F.2d 969 (1974).
21. Oberster Gerichtshof [Austrian Supreme Court], 26 January 2005, No. 3Ob221/04b
22. Federal Supreme Court of Switzerland, decision dated December 8, 2003. The case is
published by ICCA YB in 2004, available on Kluwer Arbitration.
95
23. Renusagar Power Co. Ltd. v. General Electric Co., Supreme Court of India, October 7,
1993, 10 Arb. Int. 2, 141.
24. Code of Civil Procedure of France.
25. Code of Civil and Administrative Procedure of Algeria.
26. Vigel S.p.A v. China National Machine Tool Corporation - 8 April 2004 - Corte di
Cassazione [Italian Supreme Court], First Chamber.
27. Fouchard, Gaillard, Goldman on International Commercial Arbitration, Edited by Emanuel
Gaillard and John Savage (Kluwer International c. 1999).
28. Mauro Rubino-Sammartano, “International Arbitration: Law and Practice” (2001), 2nd
edition, page 506 and 962, Kluwer Law International.
29. International Law Association, Committee on International Commercial Arbitration “Final
Report on Public Policy as a Bar of International Arbitral Awards” (New Dehli
Conference, 2002) and Resolution 2/2002.
ПУБЛИЧНЫЙ ПОРЯДОК В МЕЖДУНАРОДНОМ КОММЕРЧЕСКОМ
АРБИТРАЖЕ: АЗЕРБАЙДЖАНСКИЕ ПЕРСПЕКТИВЫ
Р.А.МИРЗОЕВ
РЕЗЮМЕ
Поскольку арбитраж – частный метод судебного решения, арбитражные решения
находятся не всегда в согласии с законами и законными интересами соответствующих
государств. Чтобы избежать таких условных проблем, государственное право и модель-
ные законы предусматривают правило публичного порядка. Арбитражные решения
обязаны быть в согласии с публичными порядками государств lex arbitri или большин-
ством государств. Однако, в отличие от большинства других стран законодательство
Азербайджанской Республики не предусматривает правило публичного порядка. Вмес-
то этого, в Азербайджанской Республике арбитражные решения должны быть в соот-
ветствии с Конституцией Азербайджанской Республики. В статье анализируются за-
коны и решения судов различных стран, а также мнения ученых и международных
организаций по вопросам интерпретации правила публичного порядка.
PUBLIC POLICY IN INTERNATIONAL COMMERCIAL ARBITRATION:
AN AZERBAIJANI PERSPECTIVE
R.A.MIRZAEV
SUMMARY
As arbitration is a private method of adjudication, arbitral awards are not always in
compliance with the laws and legitimate interests of relevant states. In order to avoid such
problems, conventions, national laws and model laws stipulate public policy rule. Arbitral
awards are required to be in compliance with the public policies of states of lex arbitri or host
states. However, unlike most other countries the legislation of Azerbaijan Republic does not
stipulate the public policy rule. Instead, in Azerbaijan Republic arbitral awards are required to
be in accordance with the Constitution of Azerbaijan Republic. The article analyzes laws and
court decisions of different countries as well as opinions of scholars and international orga-
nizations on the interpretation of the public policy rule.
96
Dostları ilə paylaş: |