Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
101
Açar sözlər: NATO, Rusiya, təhlükəsizlik, tərəfdaşlıq, əməkdaşlıq, təşəbbüs,
genişlənmə
Keywords: NATO, Russia, security, partnership, cooperation, initiative,
enlargement
Ключевые слова: НАТО, Россия, безопасность, партнерство,
сотрудничество, инициативность, расширение
NATO-nun
transformasiya
siyasəti və
Rusiya faktoru
(1992-1997-ci illər)
Elman NƏSİROV
Xəyal İSKƏNDƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında
Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər üzrə elmlər doktoru, professor
elmannasirov@yahoo.co.uk
Azərbaycan Respublkası Silahlı Qüvvələrinin
Hərbi Akademiyasının dissertantı
xayal1333@gmail.com
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
102
Giriş
“Soyuq müharibə” başa çatdıqdan və Sovet İttifaqı dağıldıqdan son-
ra Avroatlantik məkanda yeni beynəlxalq münasibətlər sistemi qurmaq
üçün yeni mərhələ başladı. 1992-ci il oktyabrın 2-də ABŞ-ın Dövlət kati-
bi Ceyms Beyker və AFR-in Xarici işlər naziri Hans-Ditrix Qenşerin imzala-
dıqları sənəddə “Vankuverdən Vladivastoka qədər” ərazini əhatə edəcək
Avroatlantik məkanın yaradılması irəli sürüldü [1]. Bu fikri NATO-nun Baş
katibi Manfred Vörner oktyabrın 9-da ABŞ-da səfərdə olarkən bir qədər də
inkişaf etdirərək bildirmişdir ki, Vankuverdən Vladivastoka qədər uzanan
ərazidə yeni dünya nizamının yaradılması NATO-nun əsas məqsədlərindən
biri olmalıdır [2,112]. Qısası 1991-ci ildə NATO-nun yeni strateji konsep-
siyanı qəbul etməsi özünü “soyuq müharibə”dən sonrakı eraya uyğun-
laşdırması və sovet caynağından canlarını yenicə qurtarmış ölkələr ilə
əməkdaşlığa başlaması üçün əsas mərhələ oldu və “hüdudlarından” kənara
çıxmasına bir növ təkan verdi. Avropanın gələcək təhlükəsizliyinin təşkilati
əsaslarını müəyyən edən Roma sənədinə görə, heç bir qurum təklikdə Av-
ropanın qarşısında duran problemləri həll etmək iqtidarında deyil. Buna
görə də, NATO Avropanın yeni təhlükəsizlik strukturunun yaradılmasına
çalışırdı. Elə bir struktur ki, onun çərçivəsində NATO, ATƏM, Avropa İttifaqı,
Qərbi Avropa Birliyi və Avropa Şurası bir-birini tamamlamalı, eyni zamanda
özünəməxsus funksiyaları saxlamalı idilər.
Məşvərətçi orqan olan Şimali Atlantika Əməkdaşlıq Şurasının (ŞAƏŞ)
yaradılması bu sahədə atılmış ilk addım sayılmalı idi. 1991-ci il dekab-
rın 20-də Şuranın ilk iclası keçirildi. Şuranın əsas vəzifəsi təhlükəsizlik
sahəsində əməkdaşlığa və ölkələr arasında münasibətlərin inkişafına yardım
göstərməkdən ibarət idi. Bu qurumun fəaliyyətinin nəticəsi olaraq “soyuq
müharibə” dövründən miras qalmış psixoloji və mental rudimentlər aradan
qalxmalı idi. Məhz bundan sonra bərabər məsuliyyət üzərində qurulacaq
ümumi təhlükəsizliyə ümid etmək olardı. ŞAƏŞ-ə Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinə (ATƏM) əvəzləyici kimi yanaşmaq da yanlış olar-
dı. Belə ki, ATƏM-in prioritetində olan ümumavropa təhlükəsizliyinin hərbi
aspektlərinin ŞAƏŞ çərçivəsində müzakirə edilməsi, əksinə tamamlayıcı funk-
siya yerinə yetirirdi. Lakin ŞAƏŞ öz fəaliyyətində yalnız geniş müzakirələrin
aparılması ilə kifayətlənmirdi. Bu qurumun nəzdində bir neçə qrup yaradıldı
ki, bunların da əsas hədəfi əməkdaşlığın konkret istiqamətlərində planlı işin
aparılmasının təşkil edilməsi idi [3,29]. Beynəlxalq aləmdə gedən mürəkkəb
geosiyasi prosesləri nəzərə alan ABŞ başda olmaqla Qərb liderləri bununla
da keçmiş Varşava Müqaviləsi Təşkilatı və postsovet ölkələrinin gələcəkdə
NATO-ya mərhələ-mərhələ cəlb edilməsinin tərəfdarı olduqlarını elan et-
miş oldular.Lakin Rusiyanın Şərqi Avropa və postsovet məkanını yenidən öz
təsiri altına almaq məqsədini xarici siyasətinin prioriteti elan etməsi NATO-
nun transformasiya siyasətində əsas maneəyə çevrildi və sonralar bu xarici
siyasət kursu daha “sərt” formaya keçdi.
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
103
1. “Soyuq müharibə”dən sonra Rusiyanın xarici siyasət
strategiyası
Rusiya dövlət müstəqilliyini əldə etdikdən bir neçə ay sonra Xarici işlər
naziri Andrey Kozırev xarici siyasət strategiyasını müəyyənləşdirərkən iki
əsas prioritet istiqamət təyin etmişdi: birincisi, ABŞ və Qərbi Avropa ilə
qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək; ikincisi, yenicə müstəqillik
qazanmış MDB ölkələri ilə dostluq münasibətləri qurmaq. Kozırev xüsusilə
qeyd etmişdi ki, bütün dünya Rusiyanın müasir demokratik ölkə və etibarlı
tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə köməklik göstərməlidir.
Belə bir transformasiya nəticəsində Rusiya öz imperialist ambisiyalarına üs-
tün gələ və Qərb birliyinin yeni üzvü kimi əsaslı iqtisadi islahatları həyata
keçirməklə qlobal təhlükəsizliyə öz töhfəsini verə bilərdi. Kozırevin bu
mövqeyi “Atlantizm” adlanırdı [4]. Ona görə də ABŞ-da və bütün Avropa-
da müzakirə olunan genişlənmə prosesi Rusiyanın siyasi elitasında, demək
olar ki, heç bir narahatlıq doğurmurdu.
Rusiya hər vəchlə yeni demokratik Rusiya ilə Sovet imperiyası arasın-
dakı fərqi göstərməyə çalışırdı. Rusiyaya görə, SSRİ-nin dağılmasında bu
ölkənin rolu digər sovet ölkələrinin hər birinin rolundan daha böyük idi və
əgər Rusiya istəməsəydi, SSRİ heç vaxt dağılmazdı. Bir qrup məşhur şəxsin
və dövlət xadiminin daxil olduğu Müdafiə və Xarici Siyasət Şurasının 1992-
ci ilin avqustunda qəbul etdiyi “Rusiya üçün strategiya” adlı sənədində
deyilirdi: “Rusiya Qərblə strateji tərəfdaşlıq yaratmalıdır. Bu tərəfdaşlıqda
Rusiyanın üzərinə düşən vəzifə Şərqi Avropa, Orta Asiya və Uzaq Şərqdə
vəziyyəti nizamlamaqdan ibarət olmalıdır” [3,35].
1992-ci ilin ortalarında Kozırev yeni era üçün Rusiyanın xarici siyasət
maraqları və prioritetlərini əks etdirən konsepsiyanın hazırlanma-
sı prosesinə start verdi. Həmin sənəd 1993-cü ilin yanvar ayında “Rusi-
ya Federasiyasının xarici siyasət konsepsiyası” adı altında nəşr olundu və
aprel ayında Prezident Yeltsin tərəfindən təsdiq edildi. Konsepsiyada əks
olunan doqquz prinsipin əksəriyyəti Rusiyanın etibarlı tərəfdaş kimi möv-
qeyinin möhkəmləndirilməsi və iqtisadi islahatların həyata keçirilməsinə
əsaslanırdı. Yalnız bir prinsip təhlükəsizlik siyasətinə istinad edirdi. Kozıre-
vin mövqeyi ictimaiyyətin kollektiv rəyini əks etdirsə də, bəzi analitiklər bu
addımın atılmasında daha diqqətli olmağı məqsədəuyğun hesab edirdilər.
Məsələn, Rusiyanın ABŞ-dakı səfiri Vladimir Lukin ABŞ-ın “Xarici siyasət”
jurnalında dərc olunan məqaləsində Kozırevdən fərqli olaraq daha praq-
matik mövqedən çıxış edərək qeyd edirdi ki, Rusiya nəinki öz maraqlarının
müdafiəsi, həmçinin qlobal təhlükəsizliyə töhfəsini vermək üçün yenidən
supergüc olmalı və ABŞ-la əməkdaşlıq bərabər tərəfdaşlıq əsasında həyata
keçirilməlidir [3,29]. Oxşar fikirlər Prezident Yeltsinin məsləhətçisi Sergey
Stankeviç tərəfindən səsləndirildi. Sergey Stankeviç hesab edirdi ki, Rusiya
“atlantistlərin” kursunu tutmamalıdır, çünki bu kurs ona gətirib çıxaracaq ki,
Rusiya Avropa ölkəsi və yaxşı təşkil olunmuş şəkildə dünya iqtisadiyyatının
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
104
bir parçası olacaq. Bununla da Atlantik bir-
liyinin üstün üzvlərinə - Birləşmiş Ştatlara
və Almaniyaya çox böyük önəm vermək
məcburiyyətinə düşəcək [5]. Bu məsələdə
Duma da qəti mühafizəkar mövqeyini or-
taya qoydu.
Beləliklə, 1993-cü ilin avqust ayında
Moskvada yaranan etirazı nəzərə alan
Yeltsin mövqeyini və əvvəlki bəyanatını
dəyişdi. Sentyabr ayının 15-də Yeltsin
ABŞ Prezidenti Klintona və digər Qərb
liderlərinə yazdığı məktubda Mərkəzi və
Şərqi Avropa ölkələrinin NATO-ya da-
xil edilməsinə qarşı olduğunu bildirdi.
Həmin məktubun sonunda Prezident
Yeltsin Rusiyanın Şərqi Avropa ölkələrinin
təhlükəsizliyi, ərazi bütövlüyü, suverenliyi,
sərhədlərinin toxunulmazlığı və regionda
sülhün təminatı üçün NATO ilə iş birliyinə
hazır olduğunu bildirsə də, Şərqi Avropa
ölkələrinin öz fikir və mövqelərini, demək olar ki, nəzərə almamışdı [6].
Əslində NATO-nun şərqə doğru genişlənməsinə Moskvanın baxış buca-
ğı tamamilə fərqli idi. Rusiyaya görə ABŞ və Qərbi Avropanın Şərqi Avropa
ölkələri ilə əməkdaşlığı yeni koalisiyanın yaranmasına gətirib çıxara bilərdi
ki, bu da Rusiya üçün arzuolunan deyildi. Buna görə də genişlənmə siyasəti
Rusiya cəmiyyətində şübhə və daha çox hiddətlə qarşılanırdı və rusiyalı
siyasətçilər bu siyasətə qarşı çox sərt mövqe nümayiş etdirirdilər.
NATO-nun genişlənməsinə qarşı Rusiyanın mövqeyi Avropanın yeni ge-
osiyasi vəziyyətindən asılı idi. Bir çox problemlərin mövcudluğuna baxma-
yaraq Rusiya regionun ən nəhəng ölkəsi idi və bir çox təsir imkanlarına ma-
lik idi. Rusiya üçün NATO "soyuq müharibə" təşkilatı olaraq qalmaqda da-
vam edirdi. Belə neqativ mövqe, sözsüz ki, özünü geosiyasi imperativlərdə
əks etdirməyə başladı. Bu imperativlər əslində o qədər də anlaşılan deyildi,
amma rəsmi Moskva istər Alyansın genişlənməsini tamamilə dayandır-
maq, istər effektivliyini azaltmaq, istərsə də tamamilə başqa bir istiqamətə
yönəltməklə NATO-nun transformasiyasına hər vəchlə mane olmağa çalı-
şırdı.
Bu dəyişiklik əsasən iki regionda özünü göstərdi: birincisi, Rusi-
ya xüsusən də Belarus və Ukrayna daxil olmaqla Qərbə inteqrasiya xətti
götürən MDB ölkələrinə müxtəlif təzyiqlər göstərməyə, ikincisi NATO-nun
Mərkəzi və Şərqi Avropa ölkələrinə doğru genişlənməsinə qarşı çıxmağa
başladı. Bununla Rusiya əvvəllər nüfuz dairəsində olan regionları yenə də
öz təsir sahəsində saxlamağa, Mərkəzi və Şərqi Avropa ölkələrinin neytral
mövqedə qalmasına çalışırdı. Bu, həmin vaxtlara təsadüf edirdi ki, NATO
NATO-nun genişlənməsinə
qarşı Rusiyanın mövqeyi
Avropanın yeni geosiyasi
vəziyyətindən asılı idi. Bir çox
problemlərin mövcudluğuna
baxmayaraq Rusiya regionun
ən nəhəng ölkəsi idi və bir
çox təsir imkanlarına malik
idi. Rusiya üçün NATO "soyuq
müharibə" təşkilatı olaraq
qalmaqda davam edirdi. Belə
neqativ mövqe, sözsüz ki,
özünü geosiyasi imperativlərdə
əks etdirməyə başladı.
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
105
ilə Rusiya arasında gərginlik açıq-aşkar hiss olunurdu. Rusiya onunla xü-
susi münasibətlər qurulmadan genişlənmə baş verdiyi təqdirdə Alyansı acı
nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq da edirdi. Bu xəbərdarlıq silahlar
üzərində nəzarət müqaviləsinin pozulması, Rusiya tərəfindən idarə olunan
bir hərbi blokun yaradılması və başqa təxribatçı addımlardan ibarət idi.
Öz sərhədlərinə hər hansı hərbi təhlükənin olduğunu müşahidə etdiyi
halda Rusiyanın NATO-ya qarşı çıxmasına haqq qazandırmaq olar. Lakin
Rusiya NATO ilə sərhədində ikiqat təhlükəsizlik zonası yaratmağa çalışırdı.
Birinci zona rəsmi Moskva ilə yaxın əlaqələr qurmaqla Belarus və Ukray-
na tərəfindən təmin edilməli idi, əks-təqdirdə bu ölkələr Rusiya tərəfindən
xaosa sürüklənə bilərdi. Həm Rusiya ordusuna, həm də qonşuluqdakı
ölkələrin təcavüzünə qarşı həssas hesab olunan ikinci zona bitərəf Avropa
dövlətləri tərəfindən təmin edilməli idi. Rusiyaya görə, bu dövlətlərin Al-
yansın təmin edə biləcəyi kollektiv müdafiə vasitəsilə öz təhlükəsizliklərini
və toxunulmazlıqlarını saxlamaq və təkmilləşdirmək məqsədilə NATO-ya
daxil olmaq üçün heç bir hüquqi haqları yox idi. Bununla Rusiya başqa
ölkələrin hesabına öz təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bu, o
qədər də asan deyildi, çünki daha təhlükəsiz mühit formalaşdırmaq üçün
NATO-ya üzv olmaq Şərqi Avropa ölkələrinin hüquqi və siyasi haqqı idi.
Həmin ölkələrin Alyansa daxil olması elə bir formada təşkil edilə bilərdi
ki, bu proses öz sərhədlərini müdafiə etmək iqtidarında və nəhəng nüvə
ölkəsi olan Rusiya üçün heç bir hərbi təhlükə yaratmazdı. Əslində Rusiya-
nın NATO-nun genişlənməsinə qarşı çıxması yeni erada təhlükəsizliyi təmin
etmək üçün sağlam təməllər üzərində qurulmuş strateji nəzəriyyədən de-
yil, onların “soyuq müharibə” dövründəki düşmənçilik münasibətlərindən
irəli gəlirdi.
Rusiya rəsmi dairələrinin bu mövzu ətrafında mövqeyini isə əgər belə
demək mümkünsə, “açıq şantaj” kimi xarakterizə etmək olardı. Bu, hələ
ilk dəfə Şimali Atlantika Əməkdaşlıq Şurasının 1992-ci ilin dekabr ayında
Stokholmda keçirilən sessiyasında irəli sürülən “Şok diplomatiyası”nda öz
təzahürünü tapmışdı. “Şok diplomatiyası” siyasətinin mahiyyəti Rusiyada is-
lahatlar uğursuzluqla nəticələnəcəyi təqdirdə hakimiyyətə milliyyətçi və sol-
revanşist qüvvələrin gəlmə ehtimalı ilə dünya birliyini təhdid etməkdən ibarət
idi [3,36]. Sözsüz ki, Rusiyanı Avropaya daxil edilməməsi qorxutmurdu, çünki
Rusiya Avropasız da mövcudluğunu saxlayacaqdı. Lakin narahatlıq doğuran
bir çox suallar var idi: NATO-nun növbəti addımı nə olacaq? Alyansa daha
hansı ölkələr üzv olacaq? Genişlənmə prosesi hara qədər davam edəcək?
MDB ölkələrinin aqibəti necə olacaq? Bütün bu narahatlıqlar fonunda NATO
1996-1997-ci illər genişlənməsinin əhatə dairəsi barədə konkret qərarını
elan etmədiyi müddətdə Rusiyanın verəcəyi reaksiya məlum deyildi. Amma
Rusiyanın tutduğu mövqe Alyansa yeni üzvlərin qəbul edilməsi prosesini
daha da sürətləndirə bilərdi və yaranan hər hansı bir böhran onun özünün
məğlubiyyətinə səbəb olardı. Buna görə də Rusiya daha diplomatik metod-
lardan istifadə etməklə ən azından digər maraqlarına hörmət ediləcəyinə
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
106
əmin ola bilərdi. Yalnız bundan sonra təhlükəsizlik və iqtisadi genişlənməni
müşayiət edən səmərəli dialoqdan söz açmaq mümkün olardı.
Bir çox səbəblər əsas verir qeyd edək ki, Rusiyanın bu “etatizm” siyasəti
özündə uzunmüddətli və çoxşaxəli hədəfləri əks etdirirdi. Çünki güclü
dövlətlər öz təhlükəsizliklərini sığortalamaq üçün, adətən, qonşuluqlarında
yerləşən ölkələri bilavasitə öz təsir sahəsində saxlamağa çalışırlar. “Etatizm”
siyasəti müasir ruslar tərəfindən Rusiyanın strateji tələbatlarına uyğun gələn
bir model hesab olunurdu. Çünki Rusiya kapitalizmi tamamilə mənimsəmək
və müasir iqtisadiyyat qurmaq üçün növbəti onillik boyu, bəlkə də, daha
çox bir müddətə mübarizə aparmalı idi. Bununla yanaşı, Rusiya tamamilə
zəifləmiş hərbi qüdrətini bərpa etmək üçün bir prosesə start vermişdi. Bu
proseslə sülh, böhran və münaqişə zamanı bütün tapşırıqları icra etmək
iqtidarında olan sayca kiçik, amma güclü bir ordu yaradılmalı idi. Belə bir
orduya ancaq on il sonra nail olmaq mümkün idi. Lakin bu iqtisadi və hərbi
məhdudiyyətlər Rusiyanın xarici siyasət kursundakı ambisiyalarını reallaş-
dırmasına maneə hesab oluna bilməzdi. Buna görə də Rusiya “etatizm”
siyasətində çox iddialı idi. Rusiya MDB ölkələrində hökmranlıq etməklə
yanaşı, NATO-nun genişlənməsinin qarşısını almaq üçün Mərkəzi və Şərqi
Avropa ölkələrini də müəyyən dərəcədə təsir dairəsində saxlamağa çalışır-
dı. Maraqlı məqam o idi ki, Rusiya bu siyasəti Qərblə normal münasibətlər
çərçivəsində (özünü vəziyyətə uyğunlaşdıraraq və qarşılıqlı güzəştlərə
getməklə), yoxsa yeni “soyuq müharibə”yə səbəb ola biləcək daha sərt
mövqe tutmaqla (Qərb üçün real hərbi təhlükə yaratmaqla) tənzimləyəcək?
Sonuncu ehtimalı nəzərə alaraq Qərb genişlənmə siyasətində daha ehtiyat-
la davranmağa başladı. Lakin Rusiya təhlükəsinin qarşısını almaq üçün güc-
lü Alyansın mövcudluğu zərurətə çevrilmişdi və Qərb genişlənmə prosesini
vacib, eyni zamanda arzuolunan və düzgün hesab edirdi. Buna baxmaya-
raq, yuxarıda qeyd etdiyimiz kimi, Alyansın genişlənməsi vəziyyəti daha
da mürəkkəbləşdirə bilərdi, çünki NATO üzvləri bir-birinə çox bağlı olan
güclü bir kollektiv müdafiə təşkilatıdır və üzvlük əldə edən bütün ölkələr
çox vacib öhdəliklər götürürlər və genişlənmə prosesi Alyansla yeni üzvlər
arasında yaxın hərbi əlaqələrin inkişaf etdirilməsini də əhatə edir. Ona görə
də bu proses çox uzun zaman tələb edirdi. İlk mərhələdə, ən azı beş il sonra
Polşa, Çexiya, Macarıstan və Slovakiyanın Alyansa daxil edilməsi planlaş-
dırılırdı. Sonra cərəyan edə biləcək hadisələr hər kəs üçün naməlum idi.
Qərb ölkələrinə görə, genişlənmə prosesi Mərkəzi və Şərqi Avropada yeni
dövrün geosiyasi vəziyyətini yüngülləşdirəcək və Qərb ailəsinə yeni de-
mokratik ölkələrin daxil olmasına imkan yaradacaqdı. Lakin bu proses bir
o qədər də riskli idi, çünki Qərb birliyini bilavasitə Rusiyanın sərhədlərinə
yaxınlaşdırırdı [7].
Buna görə Qərb üçün diqqətlə düşünülmüş strateji planlama zəruri idi.
Effektiv planlama konkret hədəflərin təyin edilməsilə başlayır. Qərbin üç
əsas hədəfi var idi: üzv ölkələrin transatlantik təşkilata bağlılığını qorumaq;
Mərkəzi və Şərqi Avropada ictimai-siyasi sabitliyi təmin etmək, bazar iqti-
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
107
sadiyyatını inkişaf etdirmək və qərbyönümlü meyilləri gücləndirmək; MDB
ölkələrində sabitliyə nail olmaq üçün Rusiya ilə konstruktiv münasibətlər
qurmaq.
Lakin 1994-cü il yanvar ayının ortalarında Prezident Bill Klinto-
nun Moskvaya səfəri zamanı Prezident Yeltsin NATO-nun “Sülh naminə
tərəfdaşlıq” (SNT) təşəbbüsünü dəstəkləsə də, Rusiyanın proqrama qo-
şulmaqda maraqlı olmadığını açıq-aşkar hiss etdirdi. Xarici Əlaqələr
Komitəsinin sədri təyin olunmuş Vladimir Lukin SNT proqramının imza-
lanmasının Rusiyanın həyati vacib maraqlarına təhdid olduğunu bildirdi və
Birləşmiş Ştatları Rusiyanı Mərkəzi Asiya və Qafqazdan sıxışdırıb çıxarmaq-
da ittiham etdi [8,35]. Fevral ayının sonunda Prezident Yeltsin Duma və
Federasiya Şurasının birgə iclasında çıxış edərək bildirdi ki, Rusiyanın xarici
siyasəti ölkənin milli maraqlarının müdafiəsinə əsaslanmalıdır. O, xüsusilə
vurğuladı ki, Rusiya qoşulmadığı təqdirdə Şərqi Avropa ölkələri NATO-
ya qoşula bilməz. Bundan əlavə, Prezident Yeltsin qeyd etdi ki, Qərblə
əməkdaşlıq davam etdiriləcək, amma öz milli maraqlarının müdafiəsi Rusi-
yanın toxunulmaz haqqı olaraq qalmalıdır [9].
Rusiya elitasının geniş spektri aşağıdakı müxtəlif səbəblərə görə SNT
proqramına qoşulmanın tərəfdarı deyildi [3,39]:
- əvvəla, hələ 1992-ci ildə Boris Yeltsin Rusiyanın NATO-ya üzvlüyünü
xarici siyasətinin əsas məqsədlərindən biri kimi bəyan etmişdi. Lakin SNT
proqramı Rusiyanı digər kiçik Avropa dövlətləri ilə birlikdə NATO-ya üzv
olmaq üçün növbə gözləməyə məcbur edirdi. Əvvəlki mövqelərin itirilməsi
ilə barışmayan siyasi elitanın bir qrup nümayəndəsi bunu Rusiyanın
fövqəldövlət statusuna xələl gətirə biləcək hal hesab edirdilər.
- ikincisi, belə hesab edilirdi ki, digər MDB dövlətlərilə bir yerdə proqra-
ma qoşulmaq, Rusiyanın birlik daxilində lider roluna zərbə vurmaqla yana-
şı, MDB daxilində strateji əməkdaşlıq prosesini əngəlləyə bilər. Buna görə
də Rusiya üçün şəxsi təhlükəsizlik zolağının yaradılmasının zəruriliyi qeyd
edilirdi.
- üçüncüsü, SNT proqramının bəndlərindən biri hərbi təhlükəyə məruz
qalan dövlətə NATO ilə məsləhətləşmələr aparmaq imkanları yaradır-
dı. “Fövqəldövlət” təfəkkürlü qüvvələr isə belə hesab edirdi ki, Rusiya-
ya hərbi təhlükə zamanı kimləsə məsləhətləşmələr aparmaq lazım deyil.
Fövqəldövlət statusuna iddia edən dövlət özünü müdafiə etməyi də ba-
carmalıdır. Əksinə SNT proqramı Rusiya üçün onun statusuna uyğun ola-
raq Avropa təhlükəsizliyi problemləri ətrafında müzakirələr aparmaq üçün
əlavə imkanlar yaratmalıdır [10].
- dördüncüsü, proqramın NATO və digər ölkələrin orduları ilə
əməkdaşlıq məsələsinə aid bəndində ordu üzərində demokratik nəzarətin
zəruriliyindən danışılırdı. Bunun isə əsas iki şərti irəli sürülürdü: müdafiə
nazirinin mülki şəxs olması və orduda yeni geosiyasi şəraitə uyğun islahat-
ların aparılması. Ordunu şəxsi “votçina”sı hesab edən Rusiya generaliteti
həm bu “votçina”nı kimləsə bölməyi nəzərdə tutan birinci, həm də xeyli
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
108
general postunun ixtisar edilməsini nəzərdə tutan ikinci müddəa ilə prinsi-
pial olaraq razılaşmaq istəyindən uzaq idi [11].
Rusiya demək olar ki, bütün 1994-cü il boyu gah SNT proqramına qo-
şulmaq istəyi barədə NATO-ya müraciət etdi, gah da kəskin etirazlarla Al-
yansdan gələn təklifləri rədd etdi. İlin əvvəllərində Rusiya SNT təşəbbüsünü
dəstəklədiyini bildirsə də, sonradan Qərblə Bosniya məsələsində yaranan
anlaşılmazlıqlar nəticəsində proqramdan üz döndərdi. Bir müddət sonra
yenidən təşəbbüsü dəstəklədiyini bildirdi, amma qısa zaman içərisində
yenidən geri çəkildi və ABŞ-Rusiya hərbi təlimlərini təxirə saldı. Martın
sonlarında Rusiya yenidən SNT proqramına qoşulmaqda maraqlı olduğunu
bildirdi, amma bu dəfə ona “xüsusi münasibət” göstərilməsini və Avropanın
təhlükəsizliyi ilə bağlı olan bütün məsələlərdə qarşılıqlı məsləhətləşmələrin
aparılmasını tələb etdi. Nəhayət, 1994-cü ilin iyun ayında Rusiya SNT
proqramına qoşulmağa qərar verdi. NATO Rusiyanın Alyansın qərarvermə
prosesində iştirakına razılıq verməsə də, Rusiyaya supergüc kimi münasibət
göstərilməsinin zəruri olduğunu etiraf etdi [8,64].
Danışıqlar bütün yay fəsli boyu davam etdirildi və görünürdü ki, Rusiya
payızda SNT proqramında aktiv iştirak edəcək. Dekabr ayında NATO-ya üzv
ölkələrin xarici işlər nazirlərinin toplantısında Kozırev Alyansın genişlənmə
siyasətində israrlı olduğuna görə ölkəsinin mövqeyinin dəyişdiyini elan
etdi və bildirdi ki, Rusiya SNT proqramında iştirak etməyəcək. Daha son-
ra o, "NATO-nun genişlənməsi haqqında tədqiqat"ın başlanması üçün
hazırlanan məruzədə Rusiya ilə yetərincə məsləhətləşmələr aparılmadığı-
na görə öz etirazını bildirdi. Həmin ərəfədə Rusiya mediasında “Kozırev
Qərbin səmimiliyinə şübhə edir”, “Rusiya ikili standartlardan narazıdır”,
“Brüsseldə böhran yaşanır”, “NATO-nun genişlənmə planları Avropada “so-
yuq sülh”ü qaçılmaz edir” kimi ən çox diqqət çəkən xəbər başlıqları Rusiya
ictimaiyyətində ciddi narahatlıq doğururdu.
Bir neçə gün sonra, dekabr ayının 5-də Budapeştdə ATƏT-in sammi-
ti keçirildi. Sammitdə Prezident Yeltsin NATO-nun Rusiya maraqlarının
əleyhinə genişlənəcəyi təqdirdə "soyuq sülh"ün qaçılmazlığı barədə Qərbə
xəbərdarlıq etdi [12].
2. NATO-nun transformasiya siyasəti və Rusiya faktoru
1995-ci ilin əvvəllərində NATO-nun genişlənməsinə qarşı Rusiyada eti-
razlar get-gedə daha sərt xarakter almağa başladı və SNT proqramı ilə
bağlı danışıqların müddəti uzadıldı. 1995-ci ilin fevral ayında Sergey Ka-
raqanovun “Başqa bir məğlubiyyətin qorxusu” başlığı altında nəşr edilən
məqaləsində genişlənmə prosesi ilə bağlı narahatlıq aşkar hiss olunur-
du. Müəllif həmin məqalədə qeyd edirdi: “NATO-nun genişlənmə planları
yeni Yalta danışıqlarına zərurət yaradır, eyni zamanda, Avropanın yenidən
bölünməsi riskini gündəmə gətirir. Rusiya ona təklif olunan şərtləri qəbul
etdiyi təqdirdə məğlub olacaq. Lakin bu mübarizədən Avropa da qalib çıx-
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
109
mayacaq. Ona görə də biz əlimizdən gələni etməliyik ki, bu proses dayan-
dırılsın və ya ən azından təxirə salınsın. Bunların heç biri mümkün olma-
dıqda isə biz öz blokumuzu yaratmalıyıq” [13,19]. Lakin Brüsseldən gələn
qeyri-rəsmi ismarıclara əsasən belə nəticə çıxarmaq olardı ki, NATO-nun
genişlənmə prosesi yavaş templə həyata keçiriləcək.
1995-ci ilin may ayında faşizm üzərində qələbənin 50 illik yubileyi
münasibətilə Moskvaya səfər edən Prezident Bill Klintonla Boris Yeltsin
arasında görüş keçirildi. Həmin görüşdə iqtisadi məsələlərdən daha çox
təhlükəsizlik məsələləri müzakirə olundu. Tərəflər arasında bəzi müqavilələr
imzalansa da, narahatlıq hissi və gərginlik hiss olunmaqda idi. Prezident
Klinton öz çıxışında qeyd etdi ki: “Bizim aramızda müəyyən fərqlər möv-
cuddur, lakin biz münasibətlərimizi normal qaydaya salmaq və ümumi
təhlükəsizliyimizi təmin etmək üçün bir çox məsələləri həll etməyə davam
edirik”. Prezident Yeltsin bu fikrə soyuq bir şərh verməklə kifayətləndi:
“Hətta Budapeşt sammitindən sonra bir çox istiqamətlərdə fərqlər hələ də
aradan qalxmayıb. Önəmli olan odur ki, biz bütün məsələlərə maraqlar və
münasibətlərdəki balansı saxlamaq şərtilə müraciət edirik” [14]. Lakin Yelt-
sin NATO-nun genişlənməsi prosesi ilə bağlı narahatlığını bildirsə də, SNT
proqramında iştirak etməyə razılaşdı.
Üç həftə sonra keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin
növbəti toplantısında Kozırev Rusiyanın SNT proqramında aktiv iştirakına
imkan verəcək iki sənəd imzaladı. Birinci sənəd birgə təlim və fəaliyyətlərin
həyata keçirilməsi üçün əsas təşəbbüsləri, ikinci sənəd isə spesifik
əməkdaşlıq sahələrini əhatə edirdi.
Bununla da NATO genişlənmə prosesini həyata keçirməklə yanaşı sabit
münasibətləri təmin etmək məqsədilə Rusiya ilə paralel danışıqların apa-
rılmasına razılıq verdi. Bunun ardınca isə “16+1” toplantısı keçirildi və Ko-
zırev NATO xarici işlər nazirləri ilə yeni yanaşmanı müzakirə etdi. Yenə də
NATO-nun genişlənməsinə qəti qarşı çıxan Kozırev bu prosesin Rusiyanın
milli maraqlarına qarşı olduğunu və Avropada yenidən geosiyasi qarşı-
durmanın yarana biləcəyinin istisna olmadığını bildirdi. Kozırev Rusiya ilə
NATO arasındakı təhlükəsizlik müqaviləsində Rusiyaya “xüsusi münasibət”
göstərilməsinin nəzərdə tutulması məsələsinin zəruriliyini irəli sürdü və
qeyd etdi ki, ancaq o halda Rusiya Şərqi Avropa ölkələrinin Alyansa qoşul-
masına etiraz etməyəcək [15,65].
Kozırev 1995-ci ilin ortalarında Rusiyanın yeni strateji doktrinasını ye-
kunlaşdırdı və ABŞ-ın “Xarici siyasət” jurnalında onun “Tərəfdaşlıq, yoxsa
soyuq sülh?” başlığı altında Rusiyanın mövqeyini açıq əks etdirən məqaləsi
dərc olundu [16]. Həmin məqalədə Kozırev qeyd edirdi ki, rus xalqı Rusiya-
nın beynəlxalq arenada dövlət maraqlarının müdafiəsi üçün özünə güvənən
bir güc mərkəzi olmasını istəyir. O, Birləşmiş Ştatlarla olan münasibətləri
evlilikdən sonrakı “bal ayı”na bənzədərək hər gün ortaya çıxan problemlərin
yeganə həllini praktiki fəaliyyətdə görürdü. Praktiki fəaliyyət nə ola bilərdi?
Kozırev belə bir fəaliyyət kimi NATO-nun genişlənməsinin dayandırılmasını
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
110
hesab edirdi. O qeyd edirdi ki, tərəfdaşlıq o zaman səmərəli olur ki, qarşılıq-
lı maraqlar nəzərə alınsın. Ümumiyyətlə, Kazırevin bu məqaləsi son üç ildə
(1992-1995) Rusiyanın strateji düşüncəsinin nə dərəcədə dəyişdiyindən
xəbər verirdi.
1995-ci ilin son ayları daha çox fikir ayrılığı və qarşıdurmalarla müşahidə
olundu. NATO üçün bu aylar Avropanın təhlükəsizlik məsələlərində Alyan-
sın etibarının artması ilə yadda qaldı. Sentyabr ayında Alyansın “NATO-nun
genişlənməsi haqqında tədqiqat”ı nəşr olundu. Bu da öz növbəsində möv-
cud vəziyyəti daha da gərginləşdirdi. Rəsmi Moskvanın mövqeyinə görə,
bu tədqiqatda Rusiyanın maraqları qətiyyən nəzərə alınmamışdı və Alyan-
sa üvlük üçün müraciət edən ölkələrin qeyd-şərtsiz qəbulu nəzərdə tutulur,
bu ölkələrin ərazisində xarici orduların və nüvə silahlarının yerləşdirilməsi
isə istisna olunmurdu.
Genişlənmə fonunda NATO-Rusiya razılaşmasının növbəti aktı 1996-cı il
dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində qəbul olundu. Azərbaycan
Respublikasında daha çox Qarabağ probleminin müzakirəsi ilə yad-
da qalan Lissabon sammitinin başlıca məsələsi NATO-nun şərqə doğru
genişlənməsi kontekstində Avropada təhlükəsizliyin təmin edilməsinin
mümkünlüyünü müəyyən etmək idi. Sammitin yekun sənədlərində NATO-
nun genişləndirilməsi barədə konkret heç nə deyilməsə də, qəbul edilmiş
bəyannamənin razılaşdırılmış bəndləri və görüşdən sonrakı hadisələrin ge-
dişi sübut edirdi ki, Qərblə Rusiya arasında nüfuz dairələrinin yeni bölgüsü
baş vermişdir [3,89].
1996-cı il dekabr ayının 10-da Şimali Atlantika Şurası Brüsseldə top-
landı. Həmin toplantıda müttəfiqlər Prezident Klintonun 1997-ci ildə
NATO-nun növbəti sammitinin keçirilməsi təklifini qəbul etdilər. Sammi-
tin 8-9 iyul tarixlərində Madriddə keçirilməsinə və bir neçə ölkənin Al-
yans üzvlüyünə dəvət edilməsinə, nəhayət, həmin ölkələrin üzvlüyünün
1999-cu ildə NATO-nun 50 illik yubileyi ərəfəsində reallaşdırılmasına qərar
verdilər, eyni zamanda Alyansın digər ölkələrin üzvlüyünə açıq olduğunu
bir daha elan etdilər [17]. Lakin buna nail olmaq üçün ilk növbədə Rusi-
ya məsələsi həll edilməli idi. Moskvanın NATO-nun genişlənməsinə qarşı
çıxması onun ABŞ və digər Qərb ölkələri ilə münasibətlərini riskə atırdı.
Alyansın genişlənməsinə qarşı olanlar hesab edirdilər ki, transformasiya
prosesi Rusiyanı özündən çıxaracaq, bu yolla keçmiş SSRİ-nin hərbi po-
tensialını, xüsusən də nəhəng nüvə infrastrukturunun imkanlarını azalt-
maq üçün birgə səylərin mümkünlüyü heçə endiriləcək [18]. Amma bu
gərginliyin çözülməsi istiqamətində müəyyən addımlar atılmalı idi. Klin-
ton Administrasiyası və “genişlənmə”nin digər tərəfdarları üçün Rusiya
məsələsi aydın idi. Vaşinqtonun NATO-nun genişlənməsi, daha təhlükəsiz
və böyük Avroatlantik cəmiyyətin yaradılması haqqında məsələni öz xari-
ci siyasətinin prioritet məqsədi elan etməsi Rusiya ilə siyasi, hərbi-strateji
əlaqələrdə dərin böhran yaratmışdı. 90-cı illərin birinci yarısına qədər ABŞ-
ın NATO-nun genişlənməsi məsələsinə münasibətdə nümayiş etdirdiyi
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
111
mövqe Rusiyadakı siyasi proseslərdən müəyyən qədər asılı olduğu halda,
sonrakı illərdə bu asılılıq tədricən zəifləmişdi. Dünyada yeni beynəlxalq
münasibətlər sisteminin formalaşması, ABŞ Konqresində NATO-nun
genişləndirilməsinin tərəfdarları kimi çıxış edən respublikaçıların üstünlük
təşkil etməsi ABŞ-Avropa münasibətlərinə böyük təsir göstərdi və nəticədə
Transatlantika münasibətləri ciddi təkamülə məruz qaldı. Dünyanın yeganə
fövqəldövlətinə çevrilən ABŞ üçün NATO-nun əhəmiyyəti daha da art-
dı [8]. Bu dövrdən başlayaraq Rusiya Alyansın genişlənməsi ilə əlaqədar
daha sərt mövqe nümayiş etdirməyə başladı. Alyansın nüfuz dairəsinin və
hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması nəticəsində ABŞ-
ın qitədə rəqib kimi Rusiyanın geosiyasi və hərbi potensialının bərpasına
imkan verməyəcəyini anlayan Moskva NATO-ya ABŞ-ın liderlik etməsini
qəbul etmirdi. 1996-cı il iyulun 23-də ABŞ Konqresi NATO-nun şərqə
doğru genişlənməsi haqqında 3364 saylı qətnamə qəbul etdi. Qətnamə
ilə Polşa, Macarıstan və Çexiyanın NATO-ya qəbul edilməsi istiqamətində
aparılacaq işlərə yardım məqsədilə 60 milyon dollar vəsaitin ayrılması
ilə yanaşı, Ukrayna, Moldova və Baltikyanı dövlətlərin də NATO-ya dəvət
edilməsi haqqında qərar qəbul edildi. ABŞ bununla faktiki olaraq NATO-
nun genişləndirilməsi məsələsini həyata keçirməkdə nə qədər qərarlı ol-
duğunu və Rusiyanın da bu prosesə heç bir vəchlə mane ola bilməyəcəyini
nümayiş etdirmiş oldu. NATO-nun genişlənməsi və Rusiyaya qarşı sərt xətt
siyasətinin yürüdülməsinin tərəfdarı kimi tanınan ABŞ-ın yeni Dövlət katibi
Madlen Olbraytın 1997-ci ilin əvvəllərində Avropaya səfəri ilə NATO-nun
şərqə doğru genişlənməsi məsələsi ətrafında aparılan danışıqların növbəti
mərhələsi başladı. Lakin Rusiyaya səfəri zamanı Madlen Olbrayt Moskvanı
Alyansın genişlənməsinin Rusiyanın təhlükəsizliyini təhdid etməyəcəyinə
inandırmağa çalışdı [19]. Beləliklə, Klinton Adminstrasiyası nə Rusiyanın,
nə də hər hansı bir NATO ölkəsinin genişlənməyə qarşı olmasını qəbul edə
bildi. Bununla da Adminstrasiya Rusiya ilə münasibətləri inkişaf etdirmək
məsələsini öz xarici siyasətinin prioritet istiqamətinə çevirdi və bu mövzuda
hər hansı narazılığın yaranmamasını qarşısına məqsəd qoydu. NATO-nun
genişlənməsinin Rusiyanın razılığı ilə baş verməsinə tərəfdar olan Almani-
ya və Fransaya görə Rusiyanın bərabərhüquqlu üzv kimi NATO-nun digər
üzvləri ilə bərabər masa arxasında oturmasına imkan verən xüsusi komitə
yaradılmalı idi. Məhz həmin masa arxasında bütün təhlükəsizlik və müdafiə
məsələləri - müştərək missiyalarda iştiraketmə, raket əleyhinə müdafiə sis-
teminin yaradılması sahəsində əməkdaşlıq, hərbi məlumatların mübadiləsi
və s. müzakirə olunmalı idi [20].
1997-ci ilin mart ayında Prezident Yeltsin Rusiyanın mövqeyini aşağıda-
kı şəkildə ümumiləşdirdi [21,112]:
- Rusiya NATO-nun genişlənmə planlarına, xüsusən də şərqə doğru
irəliləməsinə qarşı mövqeyində dəyişməz qalır və genişlənmə barəsində
verilən qərar yeni qarşıdurmaya gətirib çıxara bilər;
- NATO və Rusiya arasında Rusiyanın təhlükəsizliyinə təminat verən sənəd
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
112
imzalanmalıdır və Alyans öz hərbi infrast-
rukturunun şərqə doğru genişlənməməsi
barədə öhdəlik götürməli, eləcə də hal-
hazırda olan hərbi bazalardan başqa
hərbi baza yerləşdirməməlidir. Bundan
əlavə, nüvə silahlarının yerləşdirilməməsi
barədə öhdəlik sənəddə qeyd edilməlidir;
- NATO-nun transformasiyası ilə bağ-
lı müştərək müzakirələr aparılmalı və bu
müzakirələrdə Avropanın təhlükəsizliyi ilə
bağlı bütün məsələlərdə Rusiyanın ma-
raqları nəzərə alınmalıdır.
NATO-nun genişlənməsinə qarşı sərt
mövqe nümayiş etdirməsinə baxmayaraq
Rusiya rəhbərliyi Alyansın genişlənmə prosesinin qaçılmaz olduğunu qəbul
etdi və bəzi güzəştlərə getməyə məcbur oldu. Amma Rusiya öz maraqları
ilə bağlı NATO qərarları üzərində təsirini saxlamağa çalışırdı. Bu məsələ
1997-ci il Helsinki Zirvə toplantısında Bill Klintonun Rusiya Prezidenti Bo-
ris Yeltsinlə görüşünün əsas müzakirə mövzusu oldu. Beləliklə, NATO-nun
genişlənməsi prosesinin qarşısını almaqda aciz qalan Rusiya məcburiyyət
qarşısında qalaraq NATO ilə danışıqlara girib, Alyansın genişlənməsinin Ru-
siya üçün gələcəkdə doğura biləcək mənfi nəticələrini minimum səviyyəyə
endirmək istiqamətində fəaliyyətə başladı. Həmin görüşdə hər iki lider belə
bir nəticəyə gəldi ki, Alyans genişlənəcəyi təqdirdə NATO-nun transforma-
siyasını və Rusiya reallıqlarınının detallarını əks etdirən yeni bir sənəd ol-
madığı müddətdə tərəflər arasında kəskin narazılıqlar davam edəcək [22].
İki ay sonra Parisdə Prezident Boris Yeltsin və Alyans liderlərinin iştirakı ilə
“Rusiya Federasiyası ilə NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq
və təhlükəsizlik haqqında əsas akt” imzalandı. Aktda tərəflərin demokratiya
və təhlükəsizlik prinsipləri əsasında Avroatlantik məkanda uzunmüddətli və
hərtərəfli sülhün təmin edilməsi məqsədi bəyan olunurdu. NATO ölkələri
bloka yeni daxil olan dövlətlərin ərazisində nüvə silahı yerləşdirməmək
və hərbi fəallığı məhdudlaşdırmaq, Avropada silahlanmanın əvvəlki
səviyyəsini saxlamaq haqqında öhdəlik götürdülər. Razılığa əsasən, Ru-
siya-NATO Birgə Daimi Məşvərət Şurası yaradılmalı və ildə iki dəfə xarici
işlər və müdafiə nazirləri, hər ay isə səfirlər və NATO Şurasındakı daimi
nümayəndələr səviyyəsində məsləhətləşmələr aparılmalı idi. Bu Şurada iş-
tirak edən tərəflər tam hərəkət azadlıqlarını saxlayırdılar, lakin Rusiya bu
dəfə də can atdığı veto hüququnu ala bilmədi [26]. Aktda keçmiş rəqiblərin
strateji tərəfdaşlığının ilkin şərtləri əks olundu. Lakin əməkdaşlığın real-
laşmasında yanaşmalar fərqlənirdi. Ehtimal ki, tərəflər sadəcə əməkdaşlıq
oyunu oynayırdı. Əslində bütün bunlar bir növ Rusiyanın sakitləşdirilməsinə
yönəlmişdi. Alyans ümid edirdi ki, Rusiya tədricən yumşalacaq, NATO ölkəsi
olmasa belə ən azından etibarlı tərəfdaş olacaq. Kommunist Partiyasının
NATO-nun genişlənməsi
prosesinin qarşısını almaqda
aciz qalan Rusiya məcburiyyət
qarşısında qalaraq NATO ilə
danışıqlara girib, Alyansın
genişlənməsinin Rusiya üçün
gələcəkdə doğura biləcək mənfi
nəticələrini minimum səviyyəyə
endirmək istiqamətində
fəaliyyətə başladı.
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
113
sədri Gennadi Züqanov bu müqaviləni “Versal” müqaviləsinə bənzədərək,
Rusiyanın tamamilə təslim olması kimi qiymətləndirdi [13,28].
Aktı imzalamaqla Rusiya aşağıdakı dörd məqsədə nail olmağa çalışırdı:
▪
NATO-nun genişlənməsinin hərbi təsirlərini minimuma endirmək
(Rusiya istəyirdi ki, onun sərhədlərində hərbi bazaların yerləşdirilməməsi
barədə Alyansdan təminat alsın);
▪
Alyansın gələcəkdə genişlənməməsi barədə (xüsusən də Baltikyanı
ölkələr ilə münasibətdə) təminat almaq;
▪
NATO-nun gələcək transformasiyası üzərində, xüsusən də “Yeni
strateji konsepsiya”nın hazırlanması prosesində təsir imkanlarını artırmaq;
▪
BMT və ATƏT-in mandatı olmadan ordudan istifadə olunmaması
barədə NATO-nun öhdəlik götürməsinə nail olmaq.
Əslində aktın imzalanması Rusiyadan daha çox NATO-nun xeyrinə idi.
Lakin müttəfiqlər Rusiyanın narahatlığına son qoymaq üçün bəzi güzəştlər
etdilər. Ən əsası Moskva əmin edildi ki, Alyansa yeni üzvlərin qəbul
edilməsilə Mərkəzi və Şərqi Avropada təhlükəsizlik mühiti Rusiyanın ziya-
nına dəyişməyəcək. Müttəfiqlər eyni zamanda hərbi qüvvə və vasitələrin
yerləşdirilməsi baxımından da müəyyən güzəştlər etdilər. Onlar yeni üzv
olan ölkələrin ərazisində nüvə silahları yerləşdirməyə və nüvə siyasətini
dəyişməyə heç bir plan və niyyətlərinin olmadığını rəsmən bəyan etdilər
[23].
Rusiya ilə münasibətlər “yumşaldıqdan” sonra növbəti sual ortaya çıxdı:
Alyansa əvvəlcə hansı ölkələr dəvət olunmalı idi? Bütün müttəfiqlər razılığa
gəldilər ki, beş namizəd ölkə - Çexiya, Macarıstan, Polşa, Rumıniya və Slo-
veniya üzvlüyə daha hazırdırlar. Bununla da aktın imzalanması NATO-nun
“soyuq müharibə”dən sonrakı ilk genişlənməsi üçün əlverişli şərait yarat-
dı və razılaşma əldə edildi ki, ilk üç ölkə 1997-ci ilin iyul ayında Madrid
Zirvə toplantısında üzvlüyə dəvət olunsun. Yenə eyni sual qalmaqda davam
edirdi ki, əgər əlavə ölkələrə üzvlük təklif olunacaqsa, bu ölkələr hansı-
lar olacaq? Alyansın genişlənməsi məsələsinə öncədən könülsüz olsa da,
Fransa Rumıniyanın üzvlüyünü dəstəklədi. Bunun iki səbəbi var idi: Birin-
cisi, ABŞ Rumıniyanın üzvlüyünü az dəstəklədiyi üçün Fransa NATO-nun
ABŞ-ın aparıcı ölkə olması imicinə qarşı çıxmaq istəyirdi. İkincisi, Rumıniya
rəsmi Parisə Buxarestlə uzunömürlü bağlar və gələcək perspektivlər vəd
edirdi. Sloveniyanın namizədliyi onun yeganə NATO qonşusu olan İtaliya
tərəfindən güclü şəkildə dəstəklənirdi. Paris və Roma hər iki ölkənin Al-
yansa daxil olmasını dəstəklədi və bu vəziyyət digər yeddi NATO ölkəsi
(Belçika, Kanada, Yunanıstan, Lüksemburq, Portuqaliya, İspaniya və Türkiyə)
tərəfindən dəstəkləndi. Bunun əksinə olaraq, İslandiya və Britaniya sadəcə
ilk üç ölkənin namizədliyinin tərəfində idilər, çünki Britaniya Alyansın bu
şəkildə genişlənməsini heç də istəmirdi. Digər dörd üzv ölkə (Danimarka,
Almaniya, Niderland və Norveç) Alyansa üç, dörd və yaxud beş ölkənin
dəvət olunması barəsində tamamilə qərarsız idilər [21,131].
Bütün ziddiyyətlərinə baxmayaraq, həmişə olduğu kimi yenə də Alyansla
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
114
bağlı həlledici qərarlar ABŞ-a məxsus idi, çünki Qərbi Avropa dövlətləri ABŞ-
ın iştirakı olmadan təhlükəsizliklərinin təmin edilməsinin qeyri-mümkün
olduğunu gözəl bilirdilər. Beləliklə, sonda ABŞ sadəcə üç ölkə - Çexiya Res-
publikası, Macarıstan və Polşanın dəvət edilməsi seçimini dəstəklədi, eyni
zamanda “açıq qapı” siyasətini təkrar bəyan etdi. Bu qərarın verilməsində
ABŞ-ın dörd səbəbi var idi: Birincisi, ABŞ Senatında Rumıniya və Slove-
niyanı dəstəkləyən senatorlar var idi. Buna görə də sadəcə üç ölkənin
üzvlüyü üçün Senatdan kifayət qədər dəstək alacağına inanırdı. İkincisi,
NATO ən azından ilkin mərhələdə çox ölkə dəvət etməkdənsə, az sayda
ölkənin üzvlüyünün reallaşmasını vacib hesab edirdi. Üçüncüsü, Alyansın
genişlənməsinə ayrılan maliyyə vəsaitinin əsas rol oynadığını nəzərə al-
saq, ilk mərhələdə daha az ölkənin üzv olması məqsədəuyğun idi. Nəhayət,
sonuncusu, Administrasiya “açıq qapı” siyasətini yeritməyə qərarlı oldu-
ğundan birinci mərhələdən sonra bir, yaxud da iki ölkənin dəvət edilməsi
önəmli deyildi. Önəmli olan o idi ki, əgər birinci mərhələ gerçəkləşərsə,
ikinci mərhələdə, sözsüz, gerçəkləşəcək. Bəzi NATO liderlərinin narazılıqla-
rına baxmayaraq, ABŞ qəti mövqeyini ortaya qoydu və bu ölkələrin üzvlüyə
namizədliyini heç bir ölkə məhdudlaşdıra bilmədi [20].
Nəticə
1993-cü ildə Rusiyanın daha fərqli, yəni “etatizm” siyasətinə keçid al-
ması artıq NATO-nun transformasiyası istiqamətində əsas maneəyə çev-
rilmişdi. Bu yeni siyasət kursu Rusiyanın imperialist maraqlarına xidmət
edəcəyi anlamına gəlmirdi, lakin Rusiyanın regionda supergüc olması və
cərəyan edən hadisələrin gedişatına təsir imkanlarını nəzərə alaraq onunla
hesablaşmağın zəruri olması məsələsini ortaya qoyurdu. Amma belə bir
reallıq var idi ki, Rusiya nə qədər müqavimət göstərsə də, bəzi Şərqi Avropa
ölkələri müəyyən zaman çərçivəsində NATO-ya üzv olacaqdılar, çünki bu
ölkələr Avropa ailəsindən kənarda qala bilməzdilər. Onların tarixi inkişaf
prosesinin məntiqi bunu zəruri edirdi. Beləliklə, 1996-cı il dekabr ayının
10-da Şimali Atlantika Şurası Brüsseldə toplandı. Bu toplantıda növbəti
il üçün yeni üzvlərin dəvət olunması və Rusiya kimi gərgin bir ölkə ilə
münasibətləri korlamadan genişlənməni necə həyata keçirəcəkləri məsələsi
müzakirələrin əsas mövzusuna çevrildi və müttəfiqlər rəsmi Moskvanın na-
rahatlığına son qoymaq üçün bəzi güzəştlər etdilər. Bununla da transfor-
masiya istiqamətindəki Rusiya maneəsini müvəqqəti də olsa aradan qal-
dırmış oldular. Nəhayət,1997-ci il iyul ayının 8-də Madriddə keçirilən NATO
sammitində NATO-ya üzv qəbul edilməsi üçün iki illik sınaq müddətinin
verildiyi Çexiya Respublikası, Macarıstan və Polşa rəsmən Alyansa dəvət
edildilər.
Say 1-2 (15-16) • 2016 | STRATEJİ TƏHLİL
115
İstifadə edilmiş ədəbiyyat:
1. Кудрявцев В. Политика НАТО на перемене. // MEMO, 1992, №5.
2. Hacıyeva X. Azərbaycan Respublikasının xarici siyasətində aparıcı qərb dövlətləri və
NATO (1991-1995): Tarix e.n. al. dər. alm. üçün təqd. olunmuş dis. 07.00.03 - Ümumi
tarix, BDU, 2001, 168 s.
3. Əzimli A. Azərbaycan - NATO münasibətləri (1992-2000) Bakı: Adiloğlu 2001.
4. Andrei Kozyrev. A New Russian Foreign Policy for a New Era.// Russian Federation
Permanent Mission to the United Nations, Press Release, 1992, №41.
5. Stankevich S. Russia in Search of Itself. // National Interest, Summer 1992, pp. 47-51
6. Letter of Russian President Boris Yeltsin to US President Bill Clinton, 15 September
1993, reproduced in SIPRI Yearbook 1994, Oxford University Press, Oxford, 1994, Ap-
pendix 7 A, pp. 249-250.
7. Richard H. Ullman. Securing Europe. Princeton University Press, 1991.
8. Richard L.Kugler with Marianna V. Kozintseva. Enlarging NATO: Russia factor. National
Defense Research Institute, 1996.
9. Fred Hiatt. Yeltsin Promises Assertive Russia. // Washington Post, February 24, 1994,
p. 1
10. Лагунина И. Почему не устраивает партнерство? //Новое время, 1994, №14,
c.28-29
11. Ряабов И.С. Партнерством проблемы. // Новое время, 1995, №34, c. 27
12. Daniel Williams. Russia Minister Balks at NATO's Expansion Plans. // Washington Post,
December 1, 1994
13. Luis José Rodrigues Leitão Tomé. Russia and NATO Enlargement. 2000, 58 p.
14. Ann Devroy and Fred Hiatt. U.S, Russia Cite Discord at Summit. // Washington Post,
May 10, 1995, p. A01
15. Michael Dobbs. NATO Has Initial Talks with Russia. // Washington Post, May 31, 1995,
p. A1
16. Andrei Kozyrev. Partnership or Cold Peace? // Foreign Policy, Summer,1995, № 99, pp.
3-14.
17. Final Communiqué, Ministerial Meeting of the North Atlantic Council, Brussels, De-
cember 10, 1996, in NATO Review, January 1997, pp. 31-35.
18. Michael E. Brown. The Flawed Logic of NATO Expansion. // Survival, vol. 37, №1, pp.
34-52.
19. Олбрайт М. Госпожа Госсекретарь (мемуары). 2004, 566 с.
20. John F. Harris and William Drozdiak. Clinton Limits Initial Expansion of NATO to Three.
// Washington Post, June 13, 1997, p. A1; and William Drozdiak. NATO Split on Expan-
sion Exposes Broader Division. // Washington Post, June 14, 1997, p. A14
21. Gerald B. Solomon. NATO Enlargement Debate, 1990-1997, The Blessings of Liberty.
// Praeger publisher, March 30, 1998, 208 p.
22. Clinto William. Fact Sheet: Joint Statement on European Security. // Helsinki: Office of
the Press Spokesman, The White House, March 21, 1997.
23. Ulrich Brandenburg. NATO and Russia: a natural partnership. // NATO Review, vol. 45,
№4, July-August 1997, web edition, p. 3
STRATEJİ TƏHLİL | Say 1-2 (15-16) • 2016
116
Elman Nasirov
Khayal Iskandarov
NATO's transformation policy and the Russian factor (1992-1997)
After Russia adopted a new foreign policy of "statism" it became the main
obstacle to NATO's transformation. Of course that version of "statism" should
not be considered as imperialism but Russia wanted to be respected as a su-
perpower in the region, because it had a capability to influence the regional
countries by leveraging all means it had. However, it is a reality that no matter
how strongly Russia opposed NATO enlargement, Eastern European countries
would eventually be in NATO's sphere of influence in a certain time frame,
because they could not stay out of the European family. The logic of evolving
historical process made it necessary. Thus on December 10, 1996 the North
Atlantic Council's meeting was held in Brussels where the main topic was how
to invite new members to NATO for the next year without deteriorating rela-
tions with Russia. Finally, on July 8, 1997 in NATO’s Madrid summit three co-
untries - Czech Republic, Hungary and Poland those were given two-years trial
period for the membership were officially invited to the Alliance.
Эльман Насиров
Хаял Искандаров
Политика трансформации НАТО и Российский фактор (1992-1997)
После того, как Россия приняла новую внешнюю политику "этатизма",
он стал главным препятствием на пути к трансформации НАТО. Конечно,
эта версия "этатизма" не была империализмом, но Россия хотела быть
уважаемым в регионе в качестве сверхдержавы, потому что это было
возможностью влиять на региональные страны путем использования
всех средств, которые она имела. Однако, независимо от сопротивление
России расширению НАТО, страны Восточной Европы не могли
оставаться в стороне от европейской семьи и стали членами военно-
политического альянса. Логика исторических процессов сделала это
необходимым. Таким образом, 10 декабря 1996 года состоялось заседание
Североатлантического совета в Брюсселе, где основной темой было
то, как пригласить новых членов в НАТО на следующий год, не ухудшая
отношений с Россией. Наконец, 8 июля 1997 года в Мадриде три страны
- Чехия, Венгрия и Польша, которые были даны два года испытательного
срока, были официально приглашены в Альянс.
Məqalə redaksiyaya daxil olmuşdur: 30.03.2016
Təkrar işləməyə göndərilmişdir: 20.04.2016
Çapa qəbul edilmişdir: 12.05.2016
BMT-nin yeni rolu:
müasir dövrün
paradoksları
və təhlükələri
kontekstində
Dostları ilə paylaş: |