“Qanun”. 2010.№06. S. 3-10. HÜQuqi DÖVLƏT İdeyasinin yaranmasi və İNKİŞafi quliyev Aqşin İsabala oğlu



Yüklə 217,53 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü217,53 Kb.
#80427


“Qanun”.-2010.-№06.-S.3-10.

HÜQUQİ DÖVLƏT İDEYASININ YARANMASI VƏ İNKİŞAFI

Quliyev Aqşin İsabala oğlu,

hüquq elmləri üzrə fəlsəfə doktoru

Hüquqi dövlət problemi qədim dövrün, orta əsrlərin və Yeni dövrün qabaqcıl fikirli ziyalılarını, mütərəqqi

ideyalı mütəfəkkirlərini  həmişə  düşündürmüşdür.  Hüquqi  dövlət  nədir,  bu  ideya  nə  vaxt  meydana  gəlmiş  və  necə

inkişaf  etmişdir,  hüquqi  dövlətin  məqsədi  və  təyinatı  nədən  ibarətdir  -  bu  kimi  suallar  baxışlarından  və

mükalimələrindən asılı olmayaraq filosofların, hüquqşünasların, sosioloqların və tarixçilərin praktiki olaraq həmişə

diqqət  mərkəzində  olmuşdur.  Maraqlıdır  ki,  bu  dövlət  tarixi  inkişafın  ayrı-ayrı  dövrlərində  qanunun  dövləti,



ədalətin dövləti, ümumrifah dövləti və ya qanunçuluq dövləti kimi adlarla adlandırılmışdır.

Hüquqi  dövlət  ideyasının  mənası və  məzmunu  mütəfəkkirlərin,  siyasi  və  ictimai  xadimlərin  bir  qismində

bəzən  digər  mütəfəkkirlərin  və  dövlət  xadimlərinin  həmin  ideyanın  mənasına  və  məzmununa  dair  fikirləri  ilə

üst-üstə  düşməmişdir.  Məsələn,  mütəfəkkirlərin  bir  qismi  hüquqi  dövlət  ideyasını son  həddə  xüsusi  mülkiyyətlə,

müəyyən siniflərin və təbəqələrin zənginliyi, özgə əməyindən müxtəlif formalarda istifadə ilə əlaqələndirmiş, digər

mütəfəkkirlər isə bunların tamamilə əksini söyləmişdir.

Hələ XVI yüzillikdə ingilis monarxiyasının lord-kansleri və "Utopiya" əsərinin müəllifi Tomas Mor deyirdi

ki,  xüsusi  mülkiyyət  şəraitində  nə  ədalət,  nə  bütün  cəmiyyətin  rifahı,  nə  də  ən  yaxşı  dövlət  quruluşu  haqqında

danışmaq qeyri-mümkündür. Belə baxışlar və mühakimələr sonrakı yüzilliklərdə də mövcud olmuşdur. Şübhəsiz ki,

yanaşmalar öz xarakterinə görə həm oxşar, həm də ziddiyyətli səciyyə daşımışdır. Lakin məsələnin mahiyyəti bunda

deyil.  Hüquqi  dövlətin  necə  adlandırılmasından  asılı  olmayaraq,  o,  həmişə  qanunun,  qanunçuluğun,  xeyir  və

ədalətin,  humanizmin  dövləti  kimi  təsəvvür  və  təqdim  edilmiş,  bənzəri  olmayan  dövlət  qismində  ideyalarda

yaşamışdır. Hüquqi dövlət bəzən, hər şeydən əvvəl, varlıların, sonra isə artıq cəmiyyətin qalan təbəqə və siniflərinin

hakimiyyətinin mövcud olduğu dövlət quruluşu kimi səciyyələndirilmişdir.

Hüquqi dövlət məsələsi zəmanəmizdə də geniş müzakirə olunan əsas mövzulardan biridir. Hüquqi dövlətə

belə  böyük  diqqətin  əsas  səbəbi  təkcə  onun  yaranmış  ideyasının  humanist  ideya  olmasında  deyil,  həm  də  bu

ideyanın ən adekvat rəsmiləşdirilməsi və səmərəli şəkildə həyata keçirilməsi yollarının axtarılmasından ibarətdir.

Hüquqi  dövlət  ideyasının,  eləcə  də  hüquqi  dövlət  nəzəriyyəsinin  humanist  ideyaları növündə  rüşeymləri,

hökmran  sinfin  demokratizm,  azadlığın  bərqərar  olması  və  qorunması,  hüququn  və  qanunun  hökmranlığı

prinsiplərinə  geniş  və  ya  məhdud  iddiaları  hələ  Qədim  Yunanıstanın,  Romanın,  Hindistanın,  Çinin  və  Qədim

dünyanın digər sivilizasiyalarının mütəfəkkir filosoflarının tarixçilərinin, yazıçılarının öz dövrü üçün qabaqcıl olan

mükalimələrində izlənilmişdir.

Qədim  yunan  filosof  -  idealisti  Platonun  məşhur  "Dövlət",  "Siyasət",  "Qanunlar"  dialoqlarında  belə  bir

mülahizə yürüdülürdü ki, qanunun qüvvəsinin olmadığı və onun kiminsə hakimiyyəti altında olduğu yerdə dövlətin

məhvi  labüddür.  Müvafiq  surətdə  qanunların  bir  neçə  insanın  mənafeləri  naminə  bərqərar  olduğu  yerdə  söhbət

dövlət quruluşu haqqında deyil, ancaq daxili iğtişaşlar barəsində gedir.

Platon deyirdi: "...Biz dövləti onun əhalisinin zümrələrindən birini deyil, bütövlükdə dövləti xoşbəxt etmək

üçün yaradırıq. Lakin ədaləti belə dövlətdə tapacağımıza, pis dövlət quruluşunda isə ədalətsizliyi görəcəyimizə və

bu müşahidələr əsasında bizi uzun zaman məşğul edən məsələni həll etməyə ümid etmişik. İndi biz təxəyyülümüzdə

elə bir xoşbəxt dövlət qururuq ki, orda yalnız kimsə deyil, bütövlükdə hamı xoşbəxt olsun (2, s. 126).

Artıq eramızdan əvvəl VI yüzillikdə Afina dövlətinin demokratik əsas üzərində təşkili prosesində qüvvənin

və  hüququn  birliyi  ideyasını  yeddi  yunan  müdriklərindən  biri  hesab  olunan  Solon  öz  islahatlarında  həyata

keçirməyə  başlamışdır.  Solon  öz  islahatlarının  mahiyyətini  belə  ifadə  edirdi:  "Hamını mən  azad  etdim.  Buna  isə

qanunun hakimiyyəti, qüvvənin və hüququn birliyi ilə nail oldum" (4, s. 21). Aristotelin qeyd etdiyi kimi, Afinada

demokratiya məhz Solondan başladı.

Ümumiyyətlə,  dövlətçiliyin  yalnız  ədalətli  qanunların  hökmranlıq  etdiyi  yerdə  mümkün  olması haqqında

fikir ardıcıl olaraq Heraklit, Platon, Aristotel, Siseron və bir çox digər antik mütəfəkkirlərin yaradıcılığında inkişaf

etdirilmişdir. Məsələn, hüququn və dövlətin zəruri daxili qarşılıqlı əlaqəsinin nə qədər hüquqi dövlət ideyası üçün

əhəmiyyətli  olduğunu  Aristotel  belə  ifadə  edirdi:  "Ədalət  anlayışı  dövlət  haqqında  təsəvvürlə  bağlıdır,  belə  ki,

ədalətin ölçüsünə xidmət edən hüquq siyasi ünsiyyəti tənzimləyən normadır" (5, s. 380).

Aristotelə  görə  demokratik  dövlətlərdə  qanunlar  həlledici  rola  malikdir.  Məhz  qanunun  aliliyi  ölkədə

nizam-intizam  yaradır.  Əslində  mütəfəkkir  bu  fikirləri  ilə  hüquqi  dövlət  haqqında  danışır  və  yazırdı:  "Qanunun

həlledici rol oynadığı demokratik dövlətlərdə demaqoqlara yer yoxdur, orda yaxşı vətəndaşlar birinci yerə qoyulur.

Lakin harda ki, ali hakimiyyət qanuna əsaslanmır, orda demaqoqlar peyda olurlar. Ali hakimiyyət çoxuna, hər kəsə

ayrılıqda deyil, hamıya ancaq bir yerdə məxsus olur" (1, s. 142).

Böyük mütəfəkkir əsas üstünlüyü qanunun hakimiyyətinə verirdi. Onun fikrincə, bərabərliyi məhz qanunun

hakimiyyəti yaradır və bu, ədalətin tələbidir. Aristotelə görə, "...ədalət tələb edir ki, bütün bərabərlər hansı dərəcədə

tabeçilikdə bulunursa, o dərəcədə də hökm sürməlidir və hər kəs növbə ilə həm hökm sürməli, həm də tabeçilikdə




bulanmalıdır.  Burda  artıq  bizim  işimiz  qanunla  əlaqəlidir,  yaxud  qayda  elə  qanunun  özüdür  ki  var.  Buna  görə

vətəndaşlar arasında kiminsə birinin deyil, qanunun hökm sürməsi yaxşı olardı. Buna əsasən, hətta hakimiyyətin bir

neçə adamın əlində olması yaxşı hesab edilsə belə, bu axırıncıları qanunu qorumaq və ona xidmət göstərmək üçün

təyin etmək lazımdır" (1, s. 124). Göründüyü kimi, Aristotelin nəzərində hüquqi dövlət qanunun hökmranlıq etdiyi

dövlətdir.

Hakimiyyətlərin  bölgüsü  nəzəriyyəsinin  sonrakı  inkişafı  üçün  antik  dövr  mütəfəkkirlərinin  (Aristotelin,

Polibinin, Siseronun və başqalarının)  idarəçiliyin "düzgün" (qanunun hökmranlıq etdiyi forma) və "qeyri-düzgün"

(özbaşınalıq)  formalarının fərqləndirilməsi  haqqında  söhbətin  getdiyi  müddəaları xüsusi  əhəmiyyət  kəsb  etmişdir.

Aristotel  xüsusən  də  "qarışıq"  idarəçilik  formasına  üstünlük  vermişdir.  Həmin  üstünlük  ondan  ibarət  idi  ki,

"qarışıq" idarəçilik  formasında müxtəlif  sadə  "düzgün"  idarəçilik  formalarının dəyəri  əlaqələndirilirdi.  Aristotelin

fikrincə, "...dövlət quruluşu formalarının müxtəlif olmasını, onların sayını və onların sayının uyğunluğunu yaddan

çıxarmaq olmaz. Yaxşı qanunları da, dövlət quruluşu formalarından hər kəs üçün münasib olanını da qabaqcadan bu

cür  nəzərə  alıb  onlara  diqqət  yetirmək  lazımdır.  Müəyyən  dövlət  quruluşuna  tətbiq  etməklə  qanunları  çıxarmaq

lazımdır  -  belədə  də  onların  hamısı çıxır  -  əksinə,  dövlət  quruluşunu  qanunlara  tərəf  çəkib  gətirmək  lazım  deyil.

Doğrudan  da  dövlətlərdə  vəzifələrə  aid  olan  qayda  dövlət  quruluşunu  şərtləşdirir,  yəni  onların  bölgüsü  üsulu  ali

hakimiyyətin  xarakterini  üzə  çıxarır,  hər  bir  siyasi  münasibətin  son  məqsədini  müəyyən  edir.  Amma  qanunlar

müəyyən  dövlət  quruluşunun  nə  ilə  səciyyələndiyini  fərqləndirməlidir"  (1,  s.  132).  Aristotel  dövlətin  "qarışıq"

idarəçilik forması haqqında danışarkən "Afina politiyasına" daha böyük üstünlük verirdi.

Hüquqi dövlət ideyasının xarakteristikası üçün Mark Tulli Siseronun siyasi-hüquqi təlimində ehtiva olunan

ümumi  birlik  kimi  müddəanın  böyük  əhəmiyyəti  olmuşdur.  Dövlətə  xalqın  işi, malı kimi  tərif  verən  Siseron  izah

edirdi  ki,  "xalq  hansısa  tərzdə  bir  yerə  toplaşmış  adamların  istənilən  birliyi  deyil.  O,  hüquq  və  mənafelər  birliyi

məsələlərində  bir-biri  ilə  sazişlə  bağlı  olan  çoxsaylı  adamların  birliyidir"  (12,  s.  20).  Siseronun  fikrincə,  dövlət

təkcə  öz  azad  üzvlərinin  ümumi  mənafelərinin  ifadəsi  kimi  deyil,  həm  də  eyni  zamanda  müəyyən  mütəşəkkil  -

hüquqi təsisat, "ümumi hüquq qaydası" kimi razılaşdırılmış hüquqi ünsiyyətdir (12, s. 24).

Humanist motivlər, cəmiyyətdə məşğuliyyətindən və mövqeyindən asılı olmayaraq, bütün insanların mənəvi

azadlığı  haqqında  ideyalar  Senekanın  çoxsaylı  traktatlarında  xüsusilə  ucadan  və  tələbkarlıqla  səslənirdi.  Onun

"Xoşbəxt  həyat  haqqında",  "Mərhəmət  haqqında",  "Ruhun  sakitliyi  haqqında",  "Lutsiliyə  mənəvi  məktub"  adlı

traktatları, "Medeya", "Aqamemnon", "Edip" faciələri xüsusilə diqqəti cəlb etmişdir. Senekanın "Danışan alətlərin"

- kölələrin müdafiəsi üçün çıxışı son dərəcə təqdirəlayiqdir.

Senekanın siyasi-hüquqi təliminə uyğun olaraq bütün insanlar öz aralarında o mənada bərabərdirlər ki, onlar

taleyin  hakimiyyəti  altında  eyni  cür  olmaqla,  "birgə  köləlik  yoldaşlarıdırlar.  Seneka  öz  dostu  Lutsiliyə  yazırdı:

"Mən sənin yanından gələnlərdən sevinclə bilirəm ki, sən öz kölələrinlə yaxınların kimi davranırsan. Bu sənin ağıl

və  savadından  irəli  gəlir.  Onlar  kölədirlərmi?  Xeyr,  insandırlar.  Onlar  kölədirlərmi?  Xeyr,  onlar  sənin  ev

qonşularındır.  Onlar  kölədirlərmi?  Xeyr,  əgər  xarıtlayırsansa,  onlar  sənin  birgə  köləlik  yoldaşlarındır,  fortunanın

hakimiyyəti  sənin  də,  onların da  üzərində  eynidir".  Daha  sonra:  "Mənə  kiminsə  kölə  olmadığını göstər.  Kölələrlə

diqqətli ol, özünü lovğalanmadan yüksəkdə göstər: qoy onlar səndən qorxmasın, sənə hörmət etsinlər..." (3, s. 469,

471).

Belə demokratik və humanist motivlər yüzillikləri adlayaraq sonrakı dövlətlərin və hüquqa dair baxışlarına



və  doktrinalarına  hopmuşdur.  Belə  humanist  ideyalara  uyğun  olaraq  cəmiyyətdə  və  dövlətdə  şər,  zorakılıq  və

özbaşınalıq deyil, hüquq və qanun zəfər çalmalıdır. Bu kimi motivlər təkcə Qədim Yunanıstanda və Romada deyil,

eləcə də Qədim Hindistanda, Çində və Azərbaycanda da inkişaf etmişdi. "Şüur şeylərdən doğur və şeylərdə də ölür"

və ya "Həyat ölüm kökü, ölüm isə həyatın köküdür" tipli formulalarda uyuyan aləm haqqında sadəlövh materialist

təsəvvürlərlə  yanaşı,  məsələn,  Çində  ən  qədim  dövrlərdə  filosoflar  və  hüquqşünaslar  tərəfindən  ölkədə  hökmran

quldarlıq  quruluşuna  dair  belə  bir  fikir  irəli  sürülürdü  ki,  "dövlətdə  qanuna  əsaslanan  qayda  şahlıq  etməlidir".

Təsdiq edilirdi ki, əgər hökmdar ömrünün sonunadək təhlükəyə məruz qalmaq istəmirsə, o, ədalətli olmalı, "ölkənin

idarə  olunması isə  asayişə  uyğun  olmalı",  sakitlik  olmalıdır.  Ölkədə  qayda  yaratmaq  olmaz,  çünki  "ölkə  ədalətlə

idarə olunur".

Əlbəttə  ki,  bu  qəbildən  olan  fikir  və  mülahizələri  olduqları  kimi  birbaşa  müasir  hüquqi  dövlət

konsepsiyasını formalaşdıran  ideya  və  prinsiplər  sisteminə  daxil  etmək  sadəlövhlük  olardı.  Bu  həm  də  ona  görə

mümkün  deyildir  ki.  Həmin  ideya  və  fikirlər  heç  də  həmişə  məntiqiliyə,  müəyyənliyə  və  ardıcıllığa  malik

olmamışdır.  Bundan  başqa,  onların  bəzilərinin  "Hüquqi  dövlət"  nəzəriyyəsinin  təşəkkülü  prosesinin  texniki

başlanğıcını qoymuş ideya və görüşlərlə radikalcasına ziddiyyət təşkil etməmələrinə baxmayaraq bunları bilavasitə

göstərilən  sistemlə  üzvi  sürətdə  əlaqələndirmək  olmaz.  O  cümlədən,  məşhur  Çin  filosofu  Lao  Tszının

mühakimələrini - postulatlarını misal göstərmək olar. Lao Tszının ideyalarına uyğun olaraq "qanunların və əmrlərin

yetişdiyi vaxt oğruların və quldurların da sayı artır; "Hökumətin sakit olduğu zaman xalq sadəlöhv olur. Hökumət

fəal olduqda, xalq bədbəxt olur"; "dövləti kiçik, xalqı isə nadir etmək lazımdır".

Lakin belə mühakimə və əqli nəticələrin özünəməxsusluğuna baxmayaraq, qədim humanist fikir, dövlətə və

hüquqa  dair  görüşlər  və  o  dövrün  qabaqcıl  fikirli  mütəfəkkirlərinin  mütərəqqi  ideyaları,  şübhəsiz  ki,  nəticədə

hüquqi dövlət nəzəriyyəsinin təməlini təşkil edən humanist görüşlərin və ideyaların bütün sonrakı inkişaf prosesinin

ilkin əsasına xidmət etmişdir.




Məlumdur  ki,  hüquqi  dövlət  haqqın-da  indiki  konsepsiyaların  yaradılması prosesinin  tam  başa  çatmasına

hələ  çox  qalırdı.  Bunun  üçün  uzun  intellektual  yol,  hətta  yüzillik  deyil,  minillik  lazım  gəlmişdir.  Bununla  belə,

başlanğıc son dərəcə ümidverici olmuşdur. Başlıcası həmin yoldan kənara çıxmamaq idi.

Feodalizmdən burjua münasibətlərinə keçid dövründə siyasi hakimiyyət və onun bütün hüquqi təşkilat

üçün formal bərabərliyi problemləri həlledici əhəmiyyət kəsb etmişdir. Hakimiyyətlərin bölgüsünə əsaslanan nizami

sistem bir şəxsin, orqanın və ya ittifaqın hakimiyyət inhisarçılığım rədd edirdi.

K. Marksın  sözlərinə  görə,  "feodalizmin  əksinə  olaraq  burjua  cəmiyyətinin  hüquqi  təsəvvürlərinin  klassik

ifadəçisi"  XV  yüzilliyin  ingilis  mütəfəkkiri  Con  Lokk  olmuşdur  (9,  s.  371).  C.Lokkun  izahında  hüququn

hökmranlığın ideyası dövlət növündə təzahür edir. Burada qanunun aliliyi mövcuddur. Məhz qanun təbii qanunların

nə fərdin azadlıqlarının özgəniinkiləşdirilməməsini tanıyır. Belə cəmiyyətdə hakimiyyətlərin bölgüsü - qanunverici

hakimiyyətə,  icra  hakimiyyətinə  və  federativ  hakimiyyətə  bölgü  vardır.  C.Lokk  məhkəmə  hakimiyyətini  icra

hakimiyyətinə,  xarici  icra  hakimiyyətini  isə  federativ  hakimiyyətə  aid  edirdi.  Mütəfəkkir  hüququn  hökmranlıq

etdiyi belə dövləti despotizmə (idarəçiliyin bütün qalan növlərinə) qarşı qoyurdu.

C.Lokk  dövlətin  hüquqi  əsasını və  mənbəyini  təşkil  edən  xalq  suverenliyi  və  ictimai  müqavilə  ideyasına

arxalanaraq,  "hakimiyyətin  hər  cür  qanunsuz  təzahürlərinə  müqavimət  göstərməyin  qanuniliyi  doktrinasının"

əsaslandırılması mövqeyindən çıxış edirdi (8, s. 116). C.Lokk hüquqi dövlətçilik şəraitində hüququn klassik liberal

doktrinasının  bir  çox  müddəalarını  rəhbər  tutur  və  fərdlərin  azadlığını  ön  plana  çəkirdi.  Mütəfəkkir  yazırdı:

"Hökumətin hakimiyyəti altında olan insanların azadlığı ondan ibarətdir ki, insanlar həyat üçün daimi olan qaydaya,

cəmiyyətdə  hər  kəs  üçün  ümumi  olan  rifaha  malik  olsunlar  və  burda  müəyyən  edilən,  yaradılan  qanunverici

hakimiyyət olsun; bu, qanunun qadağan etmədiyi bütün hallarda əməl edilməli olan azadlıqdır  və o, başqa insanın

özbaşına  iradəsindən  daimi  asılılıqda  olmalıdır"  (8,  s.  16-17).  Burada  C.Lokk  tərəfindən  fərdin  azadlığının

əsaslandırılmış hüquqi prinsipi sonradan hamı üçün bir növ hüquqi aksioma çevrilmiş "qanunla qadağan olunmayan

hər şeyə icazə verilir" formulasından yalnız qismən fərqlənir.

Hüquqi  dövlət  nəzəriyyəsinin  inkişafı  üçün  növbəti,  xüsusən  də  XVIII-XX  yüzilliklərin  mütəfəkkirləri

tərəfindən  çox  işlər  görülmüşdür.  Hüquqi  dövlət  nəzəriyyəsinin  bir  sıra  müddəaları, o  cümlədən  qabaqcıl sosial  -

siyasi  fikrin  daşıyıcıları  olan,  özbaşınalıq  və  qanunsuzluq  əleyhinə  mübarizə  aparan  Ş.L.Monteskye  və  bir  çox

başqa mütəfəkkirlərin səyilə inkişaf etdirmişdir.

XVIII yüzilliyin  fransız hüquqşünası Ş.L.Monteskyenin  yaradıcılığında  hakimiyyətlərin  bölgüsü  haqqında

yeni  təsəvvürlər  özünün  müntəzəm  təhlilini  tapmışdı.  Hər  bir  dövlətdə  hakimiyyətin  üç  növünü  -  qanunvericilik,

icra  və  məhkəmə  hakimiyyətini  fərqləndirən  Monteskye  qeyd  edirdi  ki,  onların  sui-istifadələrin  qarşısını  alması

üçün  müxtəlif  hakimiyyətlərin  bir-birini  qarşılıqlı  sürətdə  dəstəkləyə  bildiyi  qaydanın  olması  zəruridir.  Dövlət

quruculuğuna  aid  olan  siyasi  azadlıqların  təmin  edilməsinin  başlıca  şərti  hakimiyyətlərin  bölgüsü  və  onların

bir-birini qarşılıqlı surətdə dəstəkləməsidir. Bu, Monteskyenin əsas siyasi və dəyişməz mövqeyi idi.

Ş.L.Monteskyenin  siyasi-hüquqi  təliminə  uyğun  olaraq  siyasi  azadlıqların  digər  aspekti  vətəndaşın

təhlükəsizliyindən ibarətdir. O, belə təhlükəsizliyi təmin edən vasitələr içərisində cinayət qanunlarının keyfiyyətinə

və ədalət mühakiməsinin aparılmasına mühüm əhəmiyyət verirdi. Mütəfəkkir yazırdı: "Əgər vətəndaşın təqsirsizliyi

qorunmursa, deməli, onun azadlığı da qorunmur. Cinayət mühakimə icraatı zamanı rəhbər tutulmalı olan ən yaxşı

qaydalar haqqında məlumatlar bütün dünyada insanlıq üçün vacibdir. Həmin məlumatlar artıq bəzi  ölkələrdə  əldə

edilmişdir və başqa dövlətlər tərəfindən də qavranılmalıdır" (11, s. 318).

C.Lokkun  və  Ş.L.Monteskyenin,  hər  şeydən  əvvəl,  hakimiyyətlərin  bölgüsü  və  vətəndaşların  hüquq  və

azadlıqlarının təmin  edilməsi  haqqında  təlimləri  sonrakı illərdə  təkcə  hüquqi  dövlətçiliyə  dair  nəzəri  təsəvvürlərə

deyil,  həm  də  erkən  burjuaziya  dövrünün  konstitusiya  qanunvericiliyinə  və  dövlət-hüquqi  praktikasına  görkəmli

təsir göstərmişdir. Bu təsir, məsələn, Amerika Birləşmiş Ştatlarının 1787-ci il Konstitusiyasında, Fransanın 1789-cu

il  insan  və  vətəndaş  hüquqları  Bəyannaməsində  müfəssəl  şəkildə  təzahür  etmişdir.  O  cümlədən  adı  çəkilən

Bəyannamənin  16-cı  maddəsində  bəyan  edilən  "hüquqlardan  istifadənin  təmin  edilmədiyi  cəmiyyətdə

hakimiyyətlərin bölgüsü aparılmır və o, konstitusiyaya malik deyil" müddəası son dərəcə diqqətəlayiqdir.

Bəyannamənin  5-ci  maddəsi  daha  böyük  maraq  doğurur.  Orada  deyilir:  "Qanun  yalnız  cəmiyyət  üçün

zərərli  olan  əməlləri  qadağan  edə  bilər.  Qanunla  qadağan  olunmayan  hər  şeyə  icazə  verilir  və  heç  kəs  qanunla

nəzərdə  tutulmayan  hərəkətləri  etməyə  məcbur  edilə  bilməz".  Bu,  həmin  hüquqi  prinsipin  ilk  qanunvericilik

təsbitidir.

Hüquqi  dövlət  nəzəriyyəsinin  fəlsəfi  cəhətdən  əsaslandırılması  ilə  XVII  yüzilliyin  böyük  alman  filosofu

İ.Kant  çıxış  etmişdir.  Mütəfəkkir  yazırdı: "Dövlət  hüquqi  qanunlara  tabe  olan  insan  çoxluğunun  birliyidir"  (6,  s.

233).  İ.Kanta  görə,  dövlətin  rifahı  yüksək  dərəcədə  dövlət  quruluşunun  hüquqi  prinsiplərlə  razılaşdırılmasından

ibarətdir.  Hakimiyyətin  bölgüsünün  (qanunverici,  icra  və  möhkəm  hakimiyyətinin)  olub-olmamasından  aslı

olmayaraq, Kant idarəçiliyin aşağıdakı iki formasını fərqləndirir və qarşı-qarşıya qoyurdu:

1) respublika (mahiyyətinə görə bu, hüquqi dövlətin özüdür);

2) despotiya.

İ.Kant  yazırdı:  "Respublikaçılıq  -  icra  hakimiyyətinin  (hökumət)  qanunvericilik  hakimiyyətindən

ayrılmasının  dövlət  prinsipidir;  despotizm  -  bu,  dövlət  qanunlarının  onları  verənin  özü  tərəfindən  təkbaşına  icra

olunması prinsipidir; bu isə ümumi idarənin hökmdarın xüsusi iradəsi qismində çıxış etməsidir" (7, s. 267).



Hüquqi  dövlət  nəzəriyyəsinin  inkişafına  hüquqi  dövlətin  burjua  pozitivist  konsepsiyasının  da  mühüm

təsiri  olmuşdur.  Həmin  istiqamət  XIX  və  XX  yüzillikdə  hüquqi  pozitivizmin  müxtəlif  cərəyanları  tərəmdən

ayrı-ayrı variantlarda təzahür etmişdir. K.Gerber, A.Daysi, H.Ellinek, R.İyerinq, N.Korkunov, P.Laband, A.Esmen,

H.Kelzen  və  başqaları  bu  istiqamətin  görkəmli  nümayəndələri  hesab  olunurlar.  Bunların  hüquqi  dövlət

konsepsiyasının mahiyyəti (özünün bütün müxtəliflikləri ilə) dövlətin bu və ya digər quruluşunu yaratmaq səyindən

ibarət olmuşdur. Həmin konsepsiyalara uyğun olaraq dövlət qanunvericilik normaları əsasında yaradılmalıdır.

Hüquqi  dövlətin  hüquqi-pozitivist  yönümlü  müxtəlif  konstruksiyalarının  daxili  ziddiyyətləri  və

çatışmazlıqları aydın  nəzərə  çarpır.  Həmin  konstruksiyalarda  bir  tərəfdən  qüvvə  üzərində  bərqərar  olan,  özbaşına

hüquq  yaradan  dövlət  hüquqdan  yüksəkdə  durur,  digər  tərəfdən  isə  hüququn  özündə  bəzi  məhdudiyyətlər  üçün

vasitələr nəzərdə tutulur. Belə hüquqların realizə olunması hakimiyyətin bilavasitə özündən asılı vəziyyətdə salınır.

Yəni  hüququn,  hüquq  normalarının  həyata  keçirilməsi  dövlət  hakimiyyətinin  mahiyyəti  ilə  (siyasi  rejimlə)

əlaqələndirilir.

Pozitivist  konsepsiyalarda  söhbət  mahiyyət  etibarilə  hüquqi  dövlət  deyil,  "qanunların  dövləti"  (yuxarıda

adları çəkilən  müəlliflərin  özləri  də  bu  ifadəni  tez-tez  işlədirlər)  haqqında  gedir.  Bu  qanunları  yaradan  dövlətin

özündə  olduğu  kimi,  qanunlarda  da  ən  başlıca  olan  -  onların  hüquqauyğunluğunun  (legitimliyinin)  obyektiv

məzmunlu kriteriyası çatışmır. Belə ki, həmin qanunlarda onları özbaşmalıqdan və qeyri-azadlıqlardan və bunların

formalarından fərqləndirən hüquqi xarakter çatışmır.  Bununla belə, nəzəri  cəhətdən  aydındır  ki  (bunu  praktika  da

inandırıcı şəkildə  təsdiq  edir),  qanunlar  antihumanist,  despotik,  terrorçu,  başqa  sözlə,  antihüquqi  xarakterə  malik

olduqları hallarda da verilə və icra oluna bilərlər.

Şübhəsiz  ki,  belə  qanunlar  və  belə  qanunçuluq  hakimiyyətlərinin  özbaşınalıqlarını  və  hakimiyyət  altında

olanların hüquqsuzluğunu leqallaşdırır.

Hüquqi  pozitivimizin  nümayəndələrində  öz  mahiyyətinə  görə  nəzəriyyə  və  təcrübənin  yuxarıda  göstərilən

problemlərinə ziddiyyətli olmayan və inadcı görünən cavablar yoxdur.

Keçmiş SSRİ-də sovet hüquqi dövlət problemi hüquq elmində XX yüzilliyin 70-ci illərinə doğru müzakirə

edilməyə başlamışdı. Ümumxalq dövləti qismin-də qələmə verilən sovet sosialist dövləti hüquqi dövlət probleminə

perspektivdə  olan  istiqamət  kimi  yanaşırdı.  Yenidənqurma  şəraitində  isə  SSRİ-də  hüquqi  dövlət  perspektivinin

bütün  puçluğu  üzə  çıxdı.  Çünki  nə  dövlət,  nə  də  onun  verdiyi  qanunlar  hüquqi  dövlətin  xarakterinə  və  təbiətinə

uyğun  gəlmirdi.  Çünki  SSRİ  qanunun  və  ya  hüququn  aliliyini  deyil,  yalnız  dövlətin  hər  şeydən,  hətta  insanın

özündən  belə  üstünlüyünü  qeyri-şərtsiz  qəbul  edirdi.  Xüsusi  və  ümumi  hüquq  totalitar  dövlətə  tamamilə  yad

hüquqlar idi. Birpartiyalı sistem insan hüquq və azadlıqlarının təminatından daha çox partiyanın qərarlarının yerinə

yetirilməsini ön  plana  çəkmişdi.    Kommunist  partiyası və  onun  nüfuzu  dövlətin  özünün  də  nüfuzunu  üstələmişdi.

Təsadüfi deyildir ki, dövlətlərarası rəsmi görüşlərdə SSRİ-də dövlətin başçısının adı deyil, ilk növbədə partiyanın

liderinin  (Sov.İKP  MK-nın  Baş  katibinin)  adı  çəkilirdi.  Bu  isə  inkişaf  etmiş  demokratik  dövlətlərin  liderlərinin

təəccübünə, bəzi hallarda isə hətta onlarda ikrah hissinin oyanmasına səbəb olmaya bilməzdi.

Sovet  dövlətçiliyinin  və  hüququn  inkişaf  istiqaməti  kimi  hüquqi  dövlət  ideyasının  gerçəkləşməsinə  sovet

dövlətinin  yaxın  keçmişi  də  mane  olurdu.  Tarixi  təcrübə  göstərir  ki,  inzibati-amiranəlik  forması  və  siyasi

hakimiyyətin bu sistem üzrə təşkili hüquqi dövlətin humanist ideyasının tələblərinə heç bir vəchlə cavab vermirdi.

Belə  ki,  keçmiş  SSRİ-də  hakimiyyətlərin  bölgüsü,  şəffaf  seçkilərin  keçirilməsi  qeyri-mümkün  idi.  Bazar

iqtisadiyyatı haqqında söhbət belə gedə bilməzdi.

Hüquqi  dövlətin  sosialist  konsepsiyası  yalnız  sözdə  xalq  suverenliyinin  demokratik  ideyasını  ifadə  edən

prinsipləri, institut və hüquq normalarını və bunların mükəmməl bir sistem təşkil etdiyini bəyan edirdi. Məhz xalq

suverenliyinin  dövlət  suverenliyinin  mənbəyinin  olduğu  bəyan  edilsə  də,  əslində  xalqın  adından  sui-istifadə

olunurdu.  Mərkəzdə  (Kremldə)  qapalı  şəraitdə  nələrin  baş  verdiyindən  xalqın  əsla  xəbəri  olmurdu.  Kütləvi

informasiya  vasitələrində  saxtalaşdırılmış  və  təhrif  edilmiş  məlumatların  tamamilə  yalan  olduğunu  əhali  yalnız

xarici radio kanalları (hərçənd ki, belə verilişləri dinləmək qadağan olunmuşdu) vasitəsilə öyrənə bilirdi.

Nəzərə almaq lazımdır  ki, dövlət  və ümumiyyətlə hüquq kimi, hüquqi dövlət  və hüquqi  qanun  da  məqsəd

deyil,  sosial-tarixi  cəhətdən  şərtləşən  ümumi  ifadə  forması,  insanlar  arasındakı  ictimai  münasibətlərdə  azadlığın

təşkili və qaydaya salınmasıdır. Azadlıq həmişə qeyri-azadlığa qarşı dayanmışdır. Azadlıqla qeyri-azadlıq arasında

sərhədlər  tarixən  müəyyən  edilmişdir  və  bu  sərhədlərin  özü  qeyri-müəyyəndir.  Hər  hansı  cəmiyyətdə  azadlığı

olmayanların hüquqları da olmur. Yaxud hüquqları boğulanların azadlığı haqqında söhbət gedə bilməz.

İnsanın, vətəndaşın hüquq  və  azadlıqlarının realizəsi,  onların  müdafiəsi  və  təminatı, hüquqi  prinsiplərinin

həyata keçirilməsindəki ardıcıllıq və dövlət hakimiyyətinin məhz hüquqi prinsiplər əsasında təşkil edilməsi - bütün

bunlar hüquqi dövlət, hüquqi qanun və hüquqi qanunçuluq deməkdir. Hüquqi dövlət ideyası məhz hüquqi qanunları

dövlətin  fəaliyyətinin  əsas  hərəkətvericisi  hesab  edir.  Hüquqi  dövlət  ideyası  insan,  şəxsiyyət  amilini  ön  plana

çəkərək,  dövlətin  tərəqqisini,  gələcəyini  və  həyata  keçirilməli  olan  ən  yaxın  və  uzaq  perspektivlərini  insanın,

şəxsiyyətin fövqündə görür.

İndiki  şəraitdə  hüquqi  dövlət  ideyası  hakimiyyətlərin  bölgüsünü  ən  vacib  amil  hesab  edir.  Hələ  XIX

yüzilliyin 70-ci illərində böyük alman mütəfəkkiri F.Engels qeyd edirdi ki, hakimiyyətlərin bölgüsü sadələşdirmə və

nəzarət etmə məqsədilə dövlət mexanizminə tətbiq edilən əməyin işgüzar bölgüsündən başqa bir şey deyildir (10, s.

203). Məhz hakimiyyətlərin bölgüsü özündə təşkilati-hüquqi mexanizmləri və onların qarşılıqlı fəaliyyətini ehtiva




edir.  Hakimiyyətlərin  bölgüsü  bütövlükdə  dövlətin  və  hüququn  intensiv  inkişafının  xülasəsi  və  başlıca

göstəricisidir.  O,  dövlətin  hüquqi  xarakterinin  təşkilati  ifadəsidir.  Hakimiyyətlərin  bölgüsü  hüququn  və  hüquqi

qanunçuluğun hökmranlıq rejimi üçün zəruri zəmindir.

Hüquqi  dövlət  ideyası  müasir  Qərb  hüquqşünaslarının  və  siyasətçilərinin,  eləcə  də  sosioloqlarının

əsərlərində  xeyli  işıqlandırılmış  və  inkişaf  etdirilmişdir.  Bu,  düzünə,  hər  şeydən  əvvəl  isə  dolayı  formada  cari

qanunvericilik aktlarında, hətta bir sıra Qərb dövlətlərinin konstitusiyalarında təsbit edilmişdir.

Məsələn, hüquqi dövlət ideyası İspaniyanın 1978-ci il Konstitusiyasında birbaşa  təsbit edilmişdir. Belə ki,

Konstitusiyanın  1-ci  maddəsinin  1-ci  bəndində  deyilir:  "İspaniya  -  bu,  sosial,  hüquqi  və  demokratik  dövlətdir,

azadlıq,  ədalət,  bərabərlik  və  siyasi  plüralizm  onun  ali  sərvətidir".  Həmin  ideya  Almaniya  Federativ

Respublikasının  1949-cu  il  tarixli  Əsas  Qanununun  20  və  28-ci  maddələrində  belə  bəyan  edilir:  "Almaniya

Federativ  Respublikası  demokratik  və  sosial  federativ  dövlətdir"  və  "torpaqların  konstitusiya  quruluşu  bu  əsas

qanunun ruhunda respublika, demokratiya və sosial-hüquqi dövlətin əsas prinsiplərinə uyğun olmalıdır".

Hüquqi  dövlət  ideyası özünün  dolayı təsbitini  Avstraliyanın,  Yunanıstanın,  İtaliyanın,  Fransanın, İsveçin,

İsveçrənin və bir sıra başqa yüksək inkişaf etmiş dövlətlərin konstitusiyasında tapmışdır.



İstifadə olunmuş mənbələr:

1. Aristotel. Siyasət. Böyük etika / Tərc. F.Təbibi. Bakı, 2006

2. Platon. Dövlət / Tərc. A.Tağıyev. Bakı, 1999

3. Античная литература. Рим: Хрестоматия. М., 1981

4. Аристотель. Афинская политика. М., 1937

5. Аристотель. Сочинения: В 4-х томах. Т.4. М., 1983

6. Кант И. Сочинения. Т.4, Ч 11

7. Кант И. Сочинения. Т.6

8. Локк Дж. Избранные философские произведения. Т. 11, М., 1960

9. Марк К., Энгельс Ф. Соч., Т.26, 4.1

10. Маркс К., Энгельс Ф. Соч., Т.5

11. Монтескье Ш.Л. Избранные произведения. М., 1955



12. Цицерон. Диалоги. М., 1966

Yüklə 217,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə