Xix əsrdə Azərbaycanda mədəni-maarifin inkişafı Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti ölkədə öz siyasi və iqtisadi



Yüklə 196,26 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü196,26 Kb.
#52010


“Mədəni-maarif”.-2011.-№2.-S.20-23.

XIX əsrdə Azərbaycanda mədəni-maarifin inkişafı

Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti ölkədə öz siyasi və iqtisadi

mövqelərinin  möhkəmlənməsinə  yardım  etməyə  qadir  olan  məmurlar  ordusu  hazırlamağı  təmin  edən  yeni

xalq təhsili sisteminin tətbiq edilməsi zərurəti ilə qarşılaş dı.

Çarizmin  Azərbaycandakı  məktəb  siyasəti  ona  məxsus  bütün  mənfi  xüsusiyyətləri  ilə  birlikdə

Rusiyanın  milli  müstəmləkə  siyasətinin  bir  hissəsi  idi.  Bununla  belə  o,  obyektiv  olaraq,  gələcəkdə

Azərbaycan  əhalisinin  yeni,  mütərəqqi  yolla  təhsil  alması  üçün  zəmin  hazırladı.  Bu  dövr  Azərbaycan

xalqının maarifçilik tarixində ibtidai rus məktəblərinin təşkili ilə yanaşı, ənənəvi təhsil formalarının inkiş afı

ilə xarakterizə olunur.

Şimali Azərbaycanın işğalından sonra da ibtidai təhsil bütövlükdə müsəlman ruhanilərinin ixtiyarında olan,

buna  görə  də  dini  dünyagörüşünün  mənbəyinə  çevrilən  məktəblərdə-mollaxanalarda  cəmləşmişdi.  Bir  çox

məktəblər çoxillik tarixə malik idi. Məsələn, Şuşadakı İbrahim xan məscidi nəzdində əsası 1801-ci ildə qoyulmuş

məktəb XIX yüzilliyin ikinci yarısında da fəaliyyət göstərmişdi.

XIX yüzilliyin birinci yarısında Azərbaycan mədəniyyətinin qabaqcıl nümayəndələri maarifin yayılmasının

vacibliyini bütün kəskinliyi ilə başa düşür, onu xalqın əsrlər boyu davam edən geriliyini aradan qaldırmağın başlıca

vasitəsi hesab edirdilər.

1832-ci ildə A.Bakıxanov Bakıda pansionlu dünyəvi məktəbin layihəsini işləyib hazırladı. Layihədə ana dili

və  fars  dili  ilə  yanaşı,  rus  dili,  tarix,  coğrafiya,  hesab  fənlərinin  tədrisi  nəzərdə  tutulurdu.  Lakin  layihə  həyata

keçmədi. Bu zaman artıq ölkədə rus ibtidai məktəblərinin yeni şəbəkəsi yaranmağa başlamışdı (1, s. 127-128).

Azərbaycanda rus dövlət məktəbləri Zaqafqaziya məktəbləri haqqında 1829-cu il "Əsasnamə"silə meydana

gəlmişdi və ümumrusiya xalq maarifi sisteminin bir hissəsi sayılırdı.  Bununla belə, diyarda mövcud ictimai-siyasi

şəraitlə əlaqədar onlar özlərinə məxsus bəzi xüsusiyyətlərə də malik idi.

Məktəblərin  təşkili  və  proqramların  tərtibi  zamanı  çar  məmurları  çoxəsrlik  milli  mədəniyyəti  və  dini

amilləri nəzərə almaya bilməzdilər. Çar hökumətinin maarif sahəsindəki siyasətinin həyata keçirilməsi müəllimlərin

üzərinə  qoyulurdu.  Rusiya  üçün  xarakterik  olan  savadlı  və  qabiliyyətli  müəllimlərin  çatışmazlığı  Qafqazda,  o

cümlədən Azərbaycanda xüsusilə kəskin hiss edilirdi.

Bu çatışmazlıq müəllimlərin maddi təminatının pis olması, ağır sosial vəziyyətləri ilə izah edilirdi. 1835-ci

il  "Əsasnaməsi"nə  görə,  müəllimlərin  illik  əmək  haqqı  gümüş  pulla  cəmisi  280-300  manat  idi.  Məktəb

nəzarətçilərinin  maaşı  isə  bundan  80  manat  artıq  idi.  Bu,  məhəllə  nəzarətçilərinin  əmək  haqqından  (455  manat)

xeyli az idi. Müəllimlərin siyasi cəhətdən etibarlı olmasına çox mühüm əhəmiyyət verilirdi.

İşə  qəbul  edilərkən  müəllimlər  sədaqətlə  xidmət  edəcəkləri  və  gizli  cəmiyyətlərlə  əlaqələri  olmayacaqları

haqqında  "sədaqət  andı" içməli  idilər.  Rus  dili  müəllimlərinin  çoxmillətli  diyarın  ruslaşdırılmasında,  müstəmləkə

siyasətinin həyata keçirilməsində fəallıq göstərmələrinə böyük əhəmiyyət verilirdi (1, s. 130).

Bütövlükdə  Azərbaycandakı  rus  məktəblərinin  proqramı  tamamilə  müstəmləkə  siyasəti  mənafeyinə  tabe

edilmişdi  ki,  onların  içərisində  də  məmur  kadrları  hazırlamaq  ən  vacib  vəzifə  idi.  Çar  hökumətinin  maarif

sahəsindəki siyasəti rus təhsil müəssisələrində olan kitabxanaların tərkibində özünü daha aydın göstərirdi.

Kitabxanalar  yalnız  xalq  maarif  nazirliyinin  məsləhət  gördüyü  kitablardan  təşkil  olunurdu.  Müsəlman

məktəbləri  əhalinin  vəsaiti  hesabına  saxlanılırdı.  Yalnız  rus  dili  müəllimləri  istisna  təşkil  edirdilər,  onlara  ildə

dövlət  xəzinəsindən  200  man.  verilirdi.  Ölkənin  sosial  və  iqtisadi  inkişafı  ilə  meydana  gələn  maddi  və  mənəvi

tələbat  Azərbaycanın  savadlı  adamlarının  elmi,  ədəbi,  fəlsəfi  maraq  dairələrini  xeyli  dərəcədə  yeniləşdirir  və

genişləndirirdi.

Dünyəvi  təlim  və  tərbiyə  ocaqlarının,  xüsusilə  qəza  məktəblərinin,  dövrü  mətbuatın  və  milli  teatrın

rüşeymlərinin meydana gəlməsi xidmətdə olan köhnə ziyalıların mənəvi cəhətdən yeniləşməsinə, yeni, müasir tipli

ziyalıların yaranmasına yardım göstərirdi. Qabaqcıl zadəgan ziyalıları Avropa maarifi ilə tanış olmağa başlayırdılar.

Bunun nəticəsində Azərbaycanda elmi təfəkkürün fəlsəfə, filologiya, coğrafiya, astronomiya kimi ənənəvi sahələri

nəzərə çarpacaq dərəcədə canlanır və inkişaf edirdi.

Faktlara  və  şəxsi  təcrübəyə  əsaslanan  dəqiq  və  əsaslandırılmış  konkret  elmi  tədqiqatlar  meydana  gəlirdi.

Belə bir şəraitdə Azərbaycan alimləri, hər şeydən əvvəl, doğma diyarın tarixi keçmişini dərk etməyə daxili tələbat

hiss  edirdilər.  Vətən  tarixini  bilmək  həvəsi  öz  əsərləri  ilə  Azərbaycanda  gerçək  tarixi  bilikləri  yayan  və  inkişaf

etdirən vətənpərvər ruhlu tarixçilərin və salnaməçilərin bütöv bir nəslinin meydana gəlməsinə yardım göstərdi (1, s.

136).

XIX  əsrdən  etibarən  Azərbaycan  müstəmləkə  vəziyyətində  olmasına  baxmayaraq,  maarifçilik  sahəsində



əsaslı işlər görülmüşdür. Bu dövrdə bir çox xadimlərimiz müxtəlif maarifçilik ideyaları yaymış, mətbu  orqanların

açılmasına təşəbbüs göstərmişlər. Xeyriyyəçilikdə xüsusi rol oynamış Hacı Zeynalabdin Tağıyev - "Kaspi", "Molla

Nəsrəddin",  "Füyuzat"  və  s.  mətbu  orqanların  sərmayələşdirilməsində,  "Qızlar  məktəbi",  "Ünasiyyə"  məktəbinin



təsisində xüsusi rol oynamışdır (2).

"Kaspi"  qəzetinin  1901-ci  ildə  dərc  olunmuş  "İlk  rus-müsəlman  qadın  məktəbinin  açılması"  başlıqlı

məqalədə deyilirdi: "Bakı şəhərinin baş keşişi A.Yunitski təbrik çıxışında demişdi: Hacı! Siz həyatda çox xeyirxah

işlər  görmüsünüz,  onlardan  alnınıza  çoxdan  gözəl  bir  çələng  toxumusunuz.  Lakin  sizin  Bakıda  tikdiyiniz  qadın

rus-müsəlman məktəbi bu çələngin ən qiymətli brilyantı kimi parlayacaqdır". Bütün Rusiya müsəlmanları arasında

ilk  müsəlman  qız  məktəbinin  açılması  Azərbaycan  tarixində  misilsiz  hadisə  idi.  Ö.F.Nemanzadə:  "Burada

Tağıyevin açdığı qız məktəbini görməsəydim türk maarifinin üzərinə qara bir cız çəkərdim" (3, s. 179).

Maarifçilikdə  xüsusi  rol  oynamış  xadimlərdən  biri  -  Abbasqulu  ağa  Bakıxanov  Rusiya-Türkiyə

müharibəsindən  sonra  özünü  demək  olar  ki,  bütünlükdə  elm,  maarif  və  bədii  yaradıcılıq  işinə  həsr  etdi.  O,  hələ

1829-cu  ildən  "Tiflisskiye  vedomosti"  qəzetində  iştirak  etməyə  başlamışdı.  Qəzetin  Azərbaycan  həyatından  bəhs

edən  maraqlı  yazıları  azərbaycanlı  müəllifləri  də  bu  qəzetdə  iştirak  etməyə  həvəsləndirirdi.  Qəzet  rus  və  gürcü

ədəbi  ictimaiyyəti  ilə  daha  yaxın  əlaqə  saxladığından  onun  səhifələrində  Azərbaycan  həyatına  aid  materiallar

nisbətən az dərc edilirdi.

A.A.Bakıxanov  rus  və  gürcü  nəşrlərinin  redaktorlarını yaxşı  tanıyırdı.  Qəzetin  ətrafına  toplanmış  dövrün

mütərəqqi fikirli adamları ilə sıx əlaqə saxlayırdı. "Tiflisskiye vedomosti" qəzetində müxtəlif original məqalələr və

tərcümələrlə  çıxış  edən  A.A.Bakıxanov  öz  yazılarında  Azərbaycan  ədəbiyyatını,  Şərq  şairlərinin  əsərlərini  təbliğ

etməyə çalışırdı.

"Tiflisskiye vedomosti" qəzeti A.Bakıxanov şəxsiyyətinə və yaradıcılığına böyük maraq göstərirdi. Bu da,

əlbəttə,  Bakıxanovun  özünün  ictimaiyyət  arasında  layiqli  nüfuz  qazanması  ilə  əlaqədar  idi.  Tədqiqatçılar  haqlı

olaraq göstərirdilər ki, A.A.Bakıxanov bu qəzetin təkcə məhsuldar müəlliflərindən biri yox, həm də onun rəngarəng

çıxması üçün çalışanlardan biri olmuşdur (6, s 276)

XIX əsrin I yarısında Zaqafqaziyada ilk mətbu nəşr hesab olunan "Tiflisskiye vedomosti"də A.A.Bakıxanov

ilk  azərbaycanlı idi  ki,  həm  qəzetin  buraxılmasında,  həm  də  onun  səhifələrində  çıxış  və  iştirak  edirdi.  Bu  böyük

mütəfəkkirdən  başlanan  yol  sonrakı  illərdə  daha  da  genişləndi  və  işıq  üzü  görən  yeni  mətbuat  səhifələrində

azərbaycanlı müəlliflərin imzaları artmağa başladı.

Bakıxanov yaxşı başa düşürdü ki, xalqın tarixi taleyindən, ədəbiyyatından, dilindən, məişətindən söz açmaq

üçün  ilk  növbədə  mətbuata  malik  olmaq  lazımdır.  Əlbəttə,  əgər  bu  mətbuat  millidirsə,  yazıçının  müraciət  etdiyi

xalqın öz ana dilində çıxırsa, şübhəsiz, o, doğma şəraitdə mədəni tərəqqi üçün daha geniş imkanlar açır. Lakin əgər

hələlik obyektiv tarixi səbəblər üzündən milli mətbuat yoxdursa, onda Qafqazdakı başqa xalqların, ilk növbədə isə

rusdilli mətbuatın verdiyi tribunadan bacarıqla istifadə etmək lazımdır.

Bu həqiqəti birincilər sırasında başa düşən Bakıxanov öz əməli fəaliyyəti ilə sonrakı Azərbaycan yazıçı və

ictimai  xadimlərinin  böyük  bir  qrupu  üçün  nümunə  oldu.  İstər  Bakıxanov, istərsə  də  ondan  sonra  gələn  yazıçı və

jurnalistlər öz əsərlərini Qafqazın rusdilli mətbuat orqanlarında çap etdirərkən ilk növbədə milli nailiyyətləri daha

geniş miqyasda təbliğ etmək məqsədi izləyir, digər tərəfdən isə bu vasitə ilə Ümumqafqaz ədəbi-ictimai həyatında

yaxından iştirak edirdilər (4, s. 121).

A.A.Bakıxanov dünyəvi təhsil məktəbi açmağın müfəssəl bir layihəsini tərtib edib, Qafqazın o zamankı baş

hakimi  Baron  Rozene  vermişdi. Həmin  layihə  belə  adlanır: "Mayor  Abbasqulu  ağa  Bakıxanov 1832-ci  il  fevralın

20-də  tərtib  etdiyi  müsəlman  məktəbinin  təsis  edilməsi  layihəsidir"(5).  Həmin  dövrdə  A.A.Bakıxanov  məktəb  və

maarifçilik baxışlarını tədqiq etmək baxımından bu layihənin böyük əhəmiyyəti vardır.

A.A.Bakıxanov yerli xalqlar arasında maarifin geniş yayılmasına mühüm ictimai məna verərək göstərir ki,

maarifin  inkişafı,  məktəblərin  açılması  dövlətdə  sağlam  fikirli  adamların  artmasına  böyük  təsir  edə  bilər.  Belə

adamlar isə təbiidir ki, dövlətin gördüyü tədbirlərin xalq arasında geniş yayılmasına təsir göstərər.

A.A.Bakıxanovun layihəsində göstərdiyi fikirlər bizi tam yəqin edir ki, görkəmli maarifçi vətəninə, xalqına

xidmət  etməyi,  bu  məqsədlə  maarifi  inkişaf  etdirməyi,  milli-dünyəvi  məktəblər  yaratmağı öz  fəaliyyətinin  başlıca

işi hesab edirdi. Onun "mən həmvətənlərimin faydası üçün bütün qabiliyyətimi bu işə həsr edirəm" deməsi ömrünün

sonuna kimi xalqının maariflənməsi, tərəqqisi işinə xidmət etmişdir.

Təxminən  15  il  sonra  çar  üsul-idarəsi  bu  tipli  məktəblərin  zərurətini  dərk  etdi.  Çarizmin  müstəmləkəçilik

siyasətinin bir növ davamı kimi məktəblər vasitəsilə müsəlmanların məişətinə, maarifinə və təhsilinə rus təsiri daxil

etmək məqsədilə bir sıra iri şəhərlərdə məktəblər açılmasına icazə verildi.

Görkəmli  dramaturq,  yazıçı,  filosof,  ictimai  xadim  Mirzə  Fətəli  Axundov  (1812-1878)  Azərbaycanın

ictimai-siyasi  tarixində,  tərəqqipərvər  elmi-estetik  məfkurəsində  yeni  səhifələr  açmış,  milli  ədəbiyyat  və

mədəniyyətimizin gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.

Müstəmləkə  üsul-idarəsi  şəraitində  inqilabi-demokratik  ideyaların  ardıcıllıqla  təbliğindən  çəkinməyən,

insanların xoşbəxtliyi kimi son dərəcə xeyirxah bir məqsəd uğrunda mətanətlə çarpışan fədakar maarifçi yazırdı ki,

mən xalq yolunda hər şeyi qurban verməyə hazıram... Mən ancaq öz xalqının dostuyam...

Bizim  məqsədimiz  ondan  ibarətdir  ki,  azadlığın,  ədalətin  bayrağını  yüksəklərə  qaldıraraq,  xalq  üçün  öz

həyatını rahat qurmaq, xoşbəxtliyə çatmaq imkanı yaradaq. M.F.Axundovun sözlərinə görə, məhz Mirzə Şəfi Vazeh

ilk  dəfə  onu  "maarifçilik  ideyaları" ilə  tanış  etmiş,  gözləri  önündən  "qəflət  pərdəsini"  qaldırmışdır.  Alimin  yeni

əlifba  ilə  bağlı  layihələri,  məşhur  fəlsəfi  traktatı,  ictimaiyyət,  estetika,  siyasi  iqtisad,  xalq  maarifi  haqqındakı

əsərləri  eləcə  arxivində  qalmış,  mahiyyətcə  inqilabi-demokratik  ideyalar  yaydığı  üçün  sağlığında  işıq  üzü




görməmişdir.

Ədibin inqilabi-demokratik ideyaları keçən əsrin 60-70-ci illərində İrana, Türkiyəyə də nüfuz etmiş, Yaxın

Şərq  ölkələrinin  ədəbiyyat  və  incəsənətində  tərəqqipərvər  cərəyanların  formalaşmasına  əhəmiyyətli  təsir

göstərmişdir.

Həsən  bəy  Məlikov  (Zərdabi)  (1837-1907)  -  Azərbaycanın  görkəmli  ziyalısı,  Moskva  Universitetini

namizədlik  diplomu  ilə  bitirən  ilk  müsəlman,  Azərbaycanın  ilk  universitet  təhsilli  alim  və  müəllimi,  müsəlman

dünyasının  ilk  təbiətşünas  alimi,  Bakı Gimnaziyasının  ilk  müsəlman  müəllimi  (1869-cu  il),  təkcə  Azərbaycanda

deyil,  bütün  müsəlman  Şərqində  müsəlman  xeyriyyəçilik  hərəkatının  banisi  ("Cəmiyyəti-Xeyriyyə",  1872),  öz

şagirdləri  ilə  birlikdə  Bakıda  Azərbaycan  dilində  ilk  teatr  tamaşası  göstərən  mədəniyyət  xadimi  (1873-cü  il),

Rusiyada  ilk  türkdilli  qəzetin  -  "Əkinçi"nin  naşiri,  Azərbaycan  mətbuatının  banisi  (22  iyul  1875-ci  il),

Azərbaycanda  ilk  qızlar  gimnaziyasının  açılmasının  təşəbbüskarı,  təşkilatçısı,  Azərbaycan  müəllimlərinin  birinci

qurultayının təşkilatçısı və qurultayın sədri(1906) olmuşdur (6).

1877-ci  il  sentyabrın  29-da  "Əkinçi"  öz  nəşrini  dayandırmağa  məcbur  oldu.  Milli  mətbuatımızın  ilk

qaranquşu olan bu qəzet iki illik ömür yaşasa  da xalqın milli və müasir ruhda tərbiyə olunmasında  çox böyük rol

oynadı.  Maarifçisi  və  demokratik  ideyaların  carçısı  olan  "Əkinçi"  realist  ədəbiyyatımızın  inkişafında  müstəsna

xidmətlər  göstərdi.  Məhz  buna  görə  də  belə  tərəqqipərvər  qəzet  mürtəce,  işğalçı  bir  rejimin  əsarəti  altında  çox

yaşaya bilmədi.

Cəlil  Hüseynqulu  oğlu  Məmmədquluzadə  (1869  -  1932),  yazıçı,  dramaturq,  jurnalist,  ictimai  xadim

olmuşdur.  İlk  nömrəsi  1906-cı il  aprelin  7-də  (20-də)  çıxan  "Molla  Nəsrəddin"  jurnalının  nəşrinə  başlamaqla  o,

Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o

"Molla Nəsrəddin" adı ilə tanındı.

Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər

Faiq  Nemanzadə,  Əli  Nəzmi,  Əliqulu  Qəmküsar  kimi  yazıçı  və  jurnalistlərlə  möhkəm  ideya-yaradıcılıq  əlaqəsi

yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti,

beynəlxalq aləmdə böyük nüfuz qazandırdı.  Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət"

mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı (7).



XIX  əsrdə  mədəni-maarifin  inkiş afında  böyük  xidmətləri  olmuş,  xalqın  oyanmasında  böyük  yerə,

rola  malik  mütəfəkkirlərdən  M.K.  Kazımbəy,  M.Camal,  M.Ş.Vazeh,  M.C.Topcubaşov,  S.Şirvaninin  və

baş qalarının xidmətləri danılmazdır.

Rəna BAYRAMOVA,

Azərbaycan Respublikasının Prezidenti 

yanında DİA-nın baş müəllimi,

tarix elmləri namizədi

ƏDƏBİYYAT

1.

Azərbaycan tarixi. IV cild. Bakı - 2000.



2.

Vikipedia.az.orq.

3.

S.Süleymanova. Azərbaycanda ictimai-siyasi hərəkat. Bakı - 1999.



4.

A.Bakıxanov - Maarifə doğru ilk addım. Bakı - 1992.

5.

A.Bakıxanov. Rus çarizminin ilk siması. Bakı - 1992.



6.

http: Vikipedia.orq Həsənbəy Zərdabi 

7.

http: Vikipedia.orq Cəlil Məmmədquluzadə



Резюме

Рена Байрамова. 

Главный преподаватель Государственной Академии Управления при Президенте 

Азербайджанской Республики. Кандидат исторических наук.

В  этой  статье  речь  идет  об  уровне  культорно-посвятительской  работы, о  народном  образовании, о

проблемах, которые перед школами, и о решениях этих проблем. В решениях этих задач сыграли большую

роль А.Бакыханов, М.'Гопчубашов, М.Ш.Вазех, М.Ф.Ахундов, Х.Зердаби, З.Тагиев и другие.



Summary

Rena Bayramov. 

National Academy of Management under the President of the Republic 




of Azerbaijan. Candidate of historical sciences, lecturer.

This  article  is  about  the  level  of  kultorno-postvyatitclskoy  work  on  public  education,  the  problems  that

faced  the  schools  and,  the  solutions  to  these  problems.  In  solving  these  problems  played  a  large  role  Bakyhanov

A.M. Topchubashov, M.Sh. Vazeh, M.F.Akhundov, H. Zеrdabi, H.Z. Tagiyev and others.



Yüklə 196,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə