Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan
ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə
ömür sürmüşlər. Yerli şəraitə “uyğunlaşmağı”, güclülərə
“xidmət göstərməyi” yaxşı bacaran bu “millət” daim
xəyanətkarlıq, satqınlıq “nümunəsini” də ortaya qoyub.
Onların bu xislətlərindən yararlanmağa çalışan güclü
dövlətlər zaman-zaman “xidmətlərindən” bəhrələnmişlər.
Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına
belə, kömək göstərərək lazımi şərait yaratmışlar. Sonralar
ermənilər “Böyük Ermənistan” xülyasına düşərək
ərazilərini genişləndirməyə başlamış, “erməni soyqırımı”
mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli
sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış
və qəddarlaşmış, kütləvi qırğınlar törətmişlər. Belə
soyqırımılarının hədəfi isə, ilk növbədə, azərbaycanlılar
olmuşlar.
Yüz il bundan əvvəl – 1918-ci ilin
mart-aprel aylarında Bakı Sovetinin
mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələrinin
törətdiyi soyqırımı isə qəddarlığı və
amansızlığı ilə seçilmiş, Azərbaycanın
əyalətlərinə də yayılmışdır. Yetmiş illik
sovet dövründə erməni vəhşilikləri
və soyqırımıları xalqdan gizlədilmiş,
bu mövzuda danışmaq və yazmaq
yasaq edilmişdir. Yalnız dövlət
müstəqilliyi qazanılandan və ulu öndər
Heydər Əliyev 26 mart 1998-ci ildə
“Azərbaycanlıların soyqırımı haqqında”
fərman imzalayandan sonra keçmişdə
törədilənlərə obyektiv siyasi qiymət
verilmiş, 31 Mart “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmiş, tariximi-
zin “ağ ləkələr”dən təmizlənmiş halda
yazılmasına şərait yaradılmışdır.
Bu il dövlət başçısı cənab İlham
Əliyev “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında”
sərəncam imzalamışdır. Sərəncamda
erməni-bolşevik silahlı dəstələrinin
100 il əvvəl azərbaycanlılara qar-
şı törətdikləri bəşəri cinayətlər
barədə həqiqətlərin ölkə və dünya
ictimaiyyətinə daha dolğun çatdı-
rılması bir vəzifə olaraq qarşıya
qoyulmuşdur.
Rusiya imperiyasının süqutun-
dan sonra onun milli ucqarlarında, o
cümlədən Cənubi Qafqazda yaranmış
dövlətlər arasında ən çox ziddiyyətlər
qarşılıqlı sərhədlərin tanınmaması
zəminində yaranmışdı. Buna əsas
səbəb kimi Cənubi Qafqazda yaran-
mış yeni siyasi sərhədlərin ən azı,
son 100 ildə formalaşmış regionun
etnik və təsərrüfat xüsusiyyətlərini
nəzərə alınmadığını göstərmək olar.
Bundan başqa, mövcud olduqları
dövrdə yeni cümhuriyyətlərin siyasi
təşəkkülü, onların ərazilərinin təsbiti
prosesi müxtəlif vaxtlarda Cənubi
Qafqaz bölgəsi ətrafında yaranmış
beynəlxalq konyunktura, böyük
dövlətlərin münaqişə tərəflərinə təsir
və proseslərə müdaxilə etmək imkan-
larından asılı idi.
1918-ci il may-oktyabr ayla-
rında bu prosesi bölgədə bərqərar
olmuş türk-alman hegemonluğu
müəyyən edirdi. Təsadüfi deyil ki,
Cənubi Qafqaz respublikalarının
ilkin sərhədlərini məhz 1918-ci ilin
iyun ayının 4-də Batumda Osmanlı
komandanlığının hər üç dövlətin
nümayəndələri ilə ayrılıqda imzalan-
mış müqavilələri müəyyənləşdirmişdi.
Lakin həmin müqavilələr daha çox
Cənubi Qafqaz respublikalarının
Türkiyə ilə sərhədlərini təsbit etmişdi.
Respublikalar arasında isə qarşılıqlı
sərhədlərin müəyyən olunmasında
tərəflərin hər biri öz prinsiplərindən
çıxış edirdi. Azərbaycan tərəfi
sərhədlərin çəkilməsi məsələsində
tarixi-etnik prinsipindən çıxış
etdiyi halda, Ermənistan “ermənilər
yaşadığı torpaqlar erməni torpa-
ğıdır” prinsipinə üstünlük verir-
di. Ermənistan bu prinsipi hətta
erməni əhalisinin sayca azlıq təşkil
etdiyi və artıq Azərbaycan Xalq
Cümhuriyyətinin nəzarətində olan
bölgələrə də tətbiq etməyə çalışırdı.
Ermənistan ilə Azərbaycan ara-
sında qarşılıqlı sərhədlərin tanınması
yolunda ilkin addım kimi Batumda
əldə olunmuş şifahi razılaşmaya
əsasən, İrəvanın Ermənistana güzəşt
edilməsi əvəzində sonuncunun Yeliza-
vetpol quberniyasının dağlıq hissəsinə
olan iddialarından əl çəkməsini hesab
etmək olar. Lakin artıq konfrans
bitdikdən sonra Ermənistan tərəfi
burada əldə olunmuş razılaşmaların
kifayət etmədiyini, onların Cənubi
Qafqazın üç müstəqil dövləti üçün
deyil, Zaqafqaziya Federasiyası üçün
nəzərdə tutulduğunu bildirdi. 1918-ci
il iyulun 8-də İstanbul konfransında
Ermənistanın nümayəndə heyətinin
rəhbəri A.Aqaronyan Ermənistanın
xarici işlər naziri A.Ohancanyana
göndərdiyi teleqramda qeyd edirdi
ki, artıq Ermənistanın minimum
sərhədlərinə Qarabağ, Zəngəzur,
Sürməli, Dərələyəz, Naxçıvan, Şərur
əraziləri daxil edilməlidir. Sonrakı
hadisələr göstərdi ki, əslində, bu
teleqramda öz əksini tapmış fikirlər
1918-1920-ci illərdə Ermənistanın
Azərbaycana qarşı irəli sürdüyü ərazi
iddiaları üçün bir növ təlimat rolunu
oynayırdı.
1918-1920-ci illərdə Ermənistan
ilə Azərbaycan arasında ən çox
mübahisəyə səbəb olan bölgələr
arasında Qarabağ və Zəngəzur xüsusi
yer tuturdu. Hələ İstanbul konfran-
sına hazırlıq dövründə Azərbaycan
nümayəndə heyətinin rəhbəri
M.Rəsulzadə 1918-ci il avqustun
4-də xarici işlər naziri M.Hacınskiyə
göndərdiyi teleqramda bildirirdi ki,
Ermənistan nümayəndələri Osmanlı
hökumətinə göndərdikləri xəritələrlə,
statistik məlumatlarla zəngin olan
çoxsaylı layihələrlə həmin ərazilərin
əhalisinin 70 faizinin ermənilər
olduğunu sübut etməyə çalışırlar.
Bu dövrdə Ermənistan Qarabağ və
Zəngəzur uğrunda fəal diplomatik
səylərini həmin bölgələr ətrafında öz
hərbi hissələrinin, o cümlədən Andra-
nikın quldur dəstələrinin cəmləşməsi
və bu ərazilərdə 1918-ci ilin yay-
payız aylarında müsəlman əhalisinə
qarşı apardığı etnik təmizləmə
siyasəti ilə tamamlayırdı.
Qeyd etmək lazımdır ki,
müstəqilliyini elan etmiş Azərbaycan
hökuməti ilk dövrlərdə kifayət qədər
hərbi qüvvəyə malik olmadığından
və yalnız mərkəzdə öz dövlətçiliyini
möhkəmləndirməyə imkan tapdı-
ğından ölkənin bir sıra regionları ilə
hərtərəfli əlaqələr saxlamaq imkanın-
dan məhrum idi. Bunun nəticəsində
Qarabağ və Zəngəzur bölgələrində
yaşayan erməni əhalisi arasında
separatçılıq meyilləri Ermənistanın
təbliğatının qüvvətlənməsi
nəticəsində daha məqsədəuyğun
xarakter almış, onlar təcrid olun-
mağa və özlərinin xüsusi inzibati
vahidlərini yaratmaq istiqamətində
fəal iş aparmağa başlamışdılar. Belə
ki, 1918-ci il iyulun 22-də çağırılmış
Qarabağ ermənilərinin I qurultayı
bölgənin ermənilər yaşayan dağlıq
hissəsini müstəqil siyasi-inzibati
vahid elan etmiş və öz hökumətlərinin
yaradılmasını bəyan etmişdilər. İkinci
qurultaydan etibarən (15 sentyabr
1918-ci il) erməni separatçılarının
yaratdıqları hökumət “Erməni Milli
Şurası” adlanmağa başlayır.
1918-ci ilin sonlarında “Dördlər
ittifaqı”nın dünya müharibəsində
məğlubiyyəti ilə regionda təqribən il
yarım davam etmiş Antanta hegemon-
luğu dövrü başlayır. Onun bölgədə
əsas təmsilçisi rolunda çıxış edən
ingilis komandanlığı Ermənistan
ilə Azərbaycan arasında Qarabağ
və Zəngəzur ətrafında gedən ərazi
münaqişəsinin həlli yolunda 1919-cu
ilin yanvarında ilk konkret addım
ataraq bu bölgələrin Azərbaycanın
tərkibində qalmaq şərti ilə xüsusi
siyasi-inzibati vahidə – general-
qubernatorluğa ayırır və doktor
X.Sultanovu onun rəhbəri təyin
edir. Əslində, bununla çar Rusiyası
dövründə onun tərkibində olan və
müxtəlif inzibati bölgülər nəticəsində
tarixi inzibati-siyasi mənasını itirmiş
“Qarabağ” anlayışı AXC dövründə
əvvəlki mənasını yenidən özünə
qaytardı. İngilis komandanlığı-
nın bölgənin məhz Azərbaycanın
hüdudları çərçivəsində general-qu-
bernatorluğa ayırması, onun kimə
mənsub olmasından daha çox bu
dövrdə ingilis qoşunlarının məhz
Azərbaycanda yerləşdirilməsi, bu
isə bölgəyə nəzarətin daha effektiv
olacağı fikrindən irəli gəlirdi.
Qarabağ general-qubernator-
luğunun yaradılması və Xosrov
bəy Sultanovun onun başçısı təyin
olunması yerli erməni separatçıla-
rını və onlara dəstək verən Ararat
Respublikası hökumətini xeyli
təşvişə salmış, onların etirazlarına
səbəb olmuş və fəallıqlarını artırmış-
dır. Belə ki, Ermənistan hökuməti
özünün 21 yanvar 1919-cu il tarixli
iclasında Qarabağın və Zəngəzurun
ermənilər yaşayan dağlıq hissəsini
ölkənin ayrılmaz hissəsi elan etmiş
və həmin ərazilərdə müvəqqəti olaraq
ali hakimiyyəti erməni milli şurasına
tapşırmışdı. Ermənistan hökuməti
bölgədə vəziyyətə nəzarət etmək üçün
hətta ali komissar vəzifəsini təsis et-
miş və bu vəzifəyə Arsen Şaxmazyanı
təyin etmişdi.
Öz növbəsində, Erməni Milli
Şurası 1919-cu ilin fevralın 4-də
Böyük Britaniyanın Bakıdakı qoşun
hissələrinin komandanı Tomsona
göndərdikləri müraciətdə Paris konf-
ransının yekunlarına qədər Qarabağın
və Zəngəzurun ermənilər yaşayan
dağlıq hissəsində müvəqqəti erməni
idarəçiliyinin yaradılması təklifi ilə
çıxış edir. Həmin təklif əsasında
1919-cu il fevralın 19-21-də Qarabağ
ermənilərinin IV qurultayında xüsusi
sənəd qəbul olunmuşdu. Həmin
sənədə əsasən, Zəngəzurun və Qara-
bağın ermənilər yaşayan hissəsinin
idarə olunması üçün mərkəzi Şuşada
yerləşən vilayət şurası təşkil olunmalı,
onun tərkibinə yerli əhalidən 7 erməni
və 3 azərbaycanlı daxil olmalı idi. Şu-
raya daimi üzv kimi Şuşadakı ingilis
qoşunlarının nümayəndəsi seçilməli
və bölgənin strateji yerlərində ingilis
qoşunları yerləşdirilməli idi.
Əslində, bu sənədlər göstərir
ki, erməni separatçıları Qarabağ və
Zəngəzuru etnik prinsip əsasında
bölərək, bu ərazilərin bir hissəsini
Azərbaycandan ayırmaq, bölgədə
yerləşən ingilis qoşunlarından isə
ayırıcı qüvvə kimi istifadə etmək
istəyirdilər. İngilis qoşunlarının
bölgədəki nümayəndələrinin ilk
vaxtlarda ziddiyyətli bəyanatları
ermənilərin bu məqsədlərinin həyata
keçməsi üçün real zəmin yaratmışdı.
Belə ki, ingilis qoşunlarının Şuşadakı
nümayəndəsi mayor Mak-Mossen
1919-cu il martın 12-də Erməni Milli
Şurasına göndərdiyi məktubunda
göstərir ki, Sultanov general-quber-
nator vəzifəsini müvəqqəti tutur və
mübahisəli bölgələrin bu və ya digər
tərəfə mənsub olduğunu Sülh konf-
ransı təyin edəcək. Öz növbəsində,
general Tomson 1919-cu il martın
25-də İrəvanda olarkən bəyan
etmişdir ki, Azərbaycan hökuməti
tərəfindən yaradılmış Qarabağ
general-qubernatorluğu müvəqqəti
haldır və hazırda orada Azərbaycan
qoşunlarının və idarəçiliyinin
olması gələcəkdə bu ərazinin ona
mənsubiyyətini həll etmir. İngilis ko-
mandanlığının bu cür mövqeyi erməni
separatçılarını ruhlandırır və onla-
rın hökumət əleyhinə fəaliyyətinin
fəallaşmasına şərait yaradırdı.
Erməni milli şurasının nümayəndələri
cavab məktublarında ingilislərin bu
mövqeyini yüksək qiymətləndirərək
onları erməni xalqının himayəçisi və
maraqlarının əsas müdafiəçisi kimi
göstərirdilər.
Bölgədə yaranan nisbi sakitlikdən
istifadə edən Erməni Milli Şurası
diplomatik və hərbi hazırlıq səylərini
də artırırdı. Bununla bağlı, ilk
növbədə, Ermənistan hökumətinə
böyük ümidlər bağlanırdı. Erməni
Milli Şurası tərəfindən 1919-cu il
martın 17-də və 19-da Ermənistan
hökumətinə və onun bölgəyə təyin
etdiyi ali komissarına göndərdikləri
geniş məktublarda aşağıdakı əsas
məsələlər qoyulurdu:
1. Ermənistan hökuməti bütün
vasitələrdən istifadə edərək müttəfiq
dövlətlərlə danışıqlarda Qarabağ
qubernatorluğunun ləğvinə nail
olmalıdır; 2. Qarabağ ermənilərinin
nümayəndəsinə Avropaya getməsinə
və Sülh konfransında iştirak edən
Ermənistan nümayəndə heyətinin
tərkibinə daxil olmasına şərait yara-
dılmalıdır; 3. Bölgədə hərbi hissələrin
təşkili üçün vahid komandanlığın
yaradılması, təcrübəli komandirlər,
böyük sayda hərbi ləvazimat və
pul tələb olunurdu. Bununla bağlı
Ermənistan hökuməti qarşısında
məsələ qoyulurdu ki, Andranikin
Zəngəzurdan çıxarılmasına imkan
verilməməlidir və onun dəstələrinin
Qarabağa keçməsinə nail olunmalıdır.
Qeyd etmək lazımdır ki, general-qu-
bernator X.Sultanovun fəaliyyətinin
ilk dövrlərində qarşısında duran
mühüm məsələlərdən biri də Andra-
nikin silahlı dəstələrinin Zəngəzur
və digər bölgələrdə yaratdığı ciddi
təhlükəni birdəfəlik aradan qaldır-
maq idi. Sənədlərdən aydın olur ki,
Azərbaycan torpaqlarında, xüsusilə
Naxçıvanda və Zəngəzur bölgələrində
dinc əhaliyə qarşı vəhşiliklər törədən
Andranikin quldur dəstələri nəhayət
ki, 1919-cu ilin yazında bu bölgələrin
hüdudlarını tərk etdilər.
1919-cu il aprelin 3-də ingilis
qoşunlarının Şuşadakı nümayəndəsi
general Şatelvort xüsusi əmri ilə
Azərbaycan hökuməti tərəfindən
yaradılmış Qarabağ general-quber-
natorluğunun bölgədə ali hakimiyyət
orqanı olduğunu təsdiq etmiş və onun
əmrlərinin bütün əhali üçün məcburi
olduğunu bildirmişdir. Burada
xüsusilə vurğulanırdı ki, general-qu-
bernator Sultanovun qanuni fəaliyyəti
bölgədə yerləşən ingilis komandanlığı
tərəfindən tam dəstəklənəcək.
İngilis komandanlığının bu
qətiyyətli mövqeyi erməni sepa-
ratçıları üçün gözlənilməz oldu.
Buna cavab olaraq 1919-cu il
aprelin 23-24-də çağırılmış Qarabağ
ermənilərinin V qurultayında qəbul
olunmuş qətnamədə polkovnik Şatel-
vortun tələblərinə açıq etiraz bildirildi
və erməni əhalisinin Azərbaycanın
tərkibində hər hansı bir quruma tabe
olmayacağı bəyan edildi.
Buna baxmayaraq, general Şatel-
vortun Qarabağa səfərinin yekunla-
rına dair hazırladığı və Ermənistanın
xarici işlər naziri A.Xatisova 1919-cu
il mayın 3-də Tiflisdə təqdim olunmuş
hesabatda qeyd olunurdu ki, onun
hökumətinin nümayəndəsi Şaxmaz-
yan Zəngəzurda Azərbaycan əleyhinə
qoşun topladığı üçün qubernatorluğu
tərk etməlidir. Eyni tələb ilə mayın
5-də general Tomson çıxış edir. O,
Şaxmazyan kimilərini Qarabağda
yaranmış kövrək sabitliyin pozulma-
sında günahlandıraraq, Ermənistan
hökumətinin rəhbəri Xatisovdan
onun geri çağrılmasını tələb edir. Əks
halda, Tomson Şaxmazyanın həbs
olunacağını və səhra məhkəməsinə
veriləcəyini bildirirdi. 1919-cu il
may ayının sonunda Ermənistanın
Qarabağ və Zəngəzurda nümayəndəsi
təyin olunmuş A.Şaxmazyan və
Ermənistanın Şuşadakı ingilis hərbi
missiyası yanında nümayəndəsi
M.Arzumanyan ingilis zabitlərinin
müşayiəti ilə Azərbaycan ərazisini
tərk etmişdilər.
Beləliklə, Ermənistanın Qarabağı
və Zəngəzuru etnik prinsip əsasında
bölərək, bu yolla ermənilər yaşayan
əraziləri Azərbaycandan ayıraraq bu-
rada müvəqqəti erməni idarəçiliyinin
yaradılmasını istəyirdi. Bölgədə
yerləşən ingilis qoşunlarından isə
ayırıcı qüvvə kimi istifadə etmək
planlarının iflasa uğramasına baxma-
yaraq, ingilis komandanlığı bölgələrin
gələcək mənsubiyyəti məsələsində
Ermənistanın mövqeyindən çıxış
edərək bunun Paris konfransında
həllinə tərəfdar idi. Sonuncu fikir
1919-cu il avqustun 22-də Qarabağ
ermənilərinin cağırılmış fövqəladə
VII qurultayında Azərbaycan
hökuməti ilə bağlanmış müqavilənin
şərtlərində də öz əksini tapmışdır. 26
maddədən ibarət olan müqavilənin
Azərbaycan hökuməti üçün ən vacib
məqamları bunlar idi: 1.Qarabağın
dağlıq hissəsində Şuşada, Cavan-
şir və Cəbrayıl qəzalarında yaşa-
yan ermənilər özlərini müvəqqəti
olaraq Azərbaycan Respublikasının
sərhədləri daxilində hesab edirlər
(maddə 2); 2. Azərbaycan hökuməti
erməni nümayəndələri vasitəsilə
Erməni Milli Şurasının fəaliyyətinə
nəzarət edir (maddə 14) ; 3. Ha-
zırkı müqavilə hər cür vəziyyətdə:
mühasirə, hərbi və digər hallarda
qüvvədə qalır (maddə 26).
Bu müqavilə Ermənistan
hökumətinin etirazına səbəb olmuşdu.
Ermənistanın baş naziri A.Xatisov
1919-cu il 28 avqust bəyanatında
bildirirdi ki, 22 avqust razılaşması
ermənilər tərəfindən ingilis qoşun-
larının bölgəni tərk etdiyi şəraitdə
özlərini qorumaq üçün məcburiyyət
qarşısında qəbul edilmişdi. Bundan
başqa, Ermənistanın xarici işlər
nazirliyi özünün Gürcüstandakı
nümayəndəsi qarşısında 1919-cu
il sentyabrın 16-da göndərdiyi tam
məxfi təlimatda general Şatelvortun
və digər ingilis zabitlərinin Qara-
bağdakı fəaliyyəti və ümumiyyətlə,
ingilislərin Qarabağ məsələsinin
həllində tutduğu mövqe haqqın-
da geniş məruzənin hazırlanması
məsələsini qoyurdu. Təlimatdan
göründüyü kimi, bu sənədlər Parisdə
olan erməni nümayəndə heyətinə
çatdırılmalı idi. Eyni zamanda, avqus-
tun 28-də Qarabağ ermənilərinin iki
nümayəndəsi Arzumanov və Melik
Osipovun imzası ilə Ermənistanın
Azərbaycandakı səfirliyinə
göndərilən teleqramda ABŞ-ın yenicə
Ermənistana təyin olunmuş ali komis-
sarı V.Haskel qarşısında Qarabağda
Amerika general-qubernatorluğunun
yaradılması məsələsi qaldırılmışdır.
Lakin avqustun 28-də Bakıya gəlmiş
V.Haskel Azərbaycan hökumətinin
rəhbərliyi ilə görüşündən sonra ərazi
məsələləri ilə bağlı sentyabrın 1-də
irəli sürdüyü planında Qarabağ və
Zəngəzuru Azərbaycanın ayrılmaz
hissəsi kimi tanımışdır.
Bunlarla yanaşı, Qarabağ və
Zəngəzur məsələsi 1919-cu ildə
Azərbaycanın və Ermənistanın
iştirakı ilə cağırılmış bir neçə
konfransda əsas müzakirə
mövzusu olmuşdu. Bu dövrdə
Azərbaycan rəsmiləri verdikləri
bəyanatlarda Ermənistan ilə sərhəd
münaqişəsinin birdəfəlik həllində
maraqlı olduqlarını bildirmişdilər.
1919-cu il oktyabrın 13-də AXC
xarici işlər naziri M.Cəfərov
Ermənistanın Azərbaycanda diplo-
matik nümayəndəsi T.Bekzadyanla
görüşü zamanı bildirmişdi ki, əvvəl
keçirilən Zaqafqaziya konfransları-
nın təcrübəsi Ermənistanın verdiyi
vədlərə və əldə olunmuş razılaşma-
lara əməl etmədiyini göstərir. 1919-
cu il noyabrın 23-də Tiflisdə tərəflər
arasında hərbi əməliyyatların dayan-
dırılması və məsələlərin sülh yolu
ilə həll olunması razılaşmasının
Ermənistan tərəfindən pozulması-
nı, sonuncunun qeyri-konstruktiv
mövqeyini bir daha sübut edirdi.
1919-cu ilin dekabrın 14-dən 21-dək
Bakıda keçirilmiş növbəti sülh konf-
ransı zamanı Azərbaycan tərəfinin
sərhəd münaqişələrinin həlli üçün
Cənubi Qafqaz Respublikaları
Konfederasiyasının yaradılması
təklifinə Ermənistan etiraz edərək
demarkasiya xətti haqqında ilkin
sazişin bağlanmasını üstün tutdu.
Əslində, Ermənistanın məsələnin
həllindən boyun qaçırması Parisdə
davam edən danışıqlarla sıx bağlı
idi. Ermənistan ümid edirdi ki, onun
nümayəndələrinin böyük dövlətlər
qarşısında irəli sürdüyü memoran-
dumda öz əksinə tapmış, Qarabağ
və Zəngəzur da daxil olmaqla
Azərbaycana, Türkiyəyə və Gürcüs-
tana qarşı maksimum ərazi iddiaları
tezliklə müsbət həll olunacaq.
Lakin sonrakı hadisələr, yəni,
böyük dövlətlər tərəfindən yeni yaran-
mış Cənubi Qafqaz respublikaları ara-
sında olan ərazi ixtilaflarının aradan
qaldırılmasına dair müəyyən vahid
xəttin seçilə bilməməsi, digər tərəfdən
isə gündən-günə şimaldan artmaqda
olan Sovet Rusiyasının hərbi təzyiqi
regionu yeni geosiyasi hüdudlara
parçalanmaq təhlükəsi qarşısında
qoymuşdu. 1920-ci ilin aprelində
Şimali Azərbaycanın sovetləşməsi
Antantanın Cənubi Qafqazda hege-
monluğuna son qoydu. Bu andan
etibarən Ermənistan-Azərbaycan
ərazi münaqişəsində aparıcı subyektə
bolşevik Rusiyası çevrilir.
İlqar NİFTƏLİYEV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun Azərbaycanın
sovet dövrü tarixi şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent
AXC dövründə Ermənistanla sərhəd məsələsi,
Qarabağ və Zəngəzur bölgələrində erməni separatçılığı
Azərbaycanın beynəlxalq mədəni əlaqələri
yüksələn xətlə inkişaf edir
Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin
beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı demişdir:
“Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük
uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir.
Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir
ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək
var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş
qərarlar bunu bir daha təsdiqləyir.”
Söz yox ki, bu uğurlar sırasında
Azərbaycanın beynəlxalq mədəni
əlaqələri də əhəmiyyətli yer tutur. Son
15 ildə bu sahədə qazanılan uğurların
miqyası çox genişdir. Cənab Prezi-
dentin uğurlu mədəniyyət siyasəti
beynəlxalq mədəni əlaqələrimizin
də davamlı inkişafını təmin etmiş,
milli-mənəvi dəyərlərimizin xariçi
ölkələrdə təbliği, ölkələr arasında
mədəniyyətlərin qarşılıqlı tanıdıl-
ması istiqamətində məqsədyönlü
iş aparılmasına imkan yaratmışdır.
Amerikanın, Avropanın, Asiyanın,
demək olar ki, əksər dövlətlərində
milli mədəniyyətimiz təbliğ olu-
nur, bu ölkələrdə Azərbaycan
mədəniyyəti günləri, festivallar,
rəsm sərgiləri keçirilir. Bir-birinin
ardınca ABŞ-da, Fransada, İtaliya-
da, Yaponiyada, Küveytdə və Çində
keçirilən Azərbaycan mədəniyyəti
ilə bağlı tədbirlər böyük rezo-
nans doğurmuşdur. Bu gün uzaq
Amerikada Azərbaycan muğamı
səslənir, Fransada bizim milli
mədəniyyətimizə maraq ildən-ilə
artır. Xarici ölkələrin incəsənət
həvəskarları bu mədəniyyətin sahibi
olan Azərbaycanla tanışlıq üçün turist
kimi ölkəmizə üz tuturlar. Beynəlxalq
təşkilatlar da Azərbaycanın mədəni
irsinə xüsusi maraq göstərir.
Müxtəlif mədəniyyətlərin
bir-birinə qarşılıqlı təsiri,
mədəniyyətlərarası dialoqun ən
uğurlu vasitə kimi qəbul olunduğu
müasir qloballaşma şəraitində ümum-
dünya mədəni proseslərdə ölkəmizin
nüfuzunun artması ilə yanaşı,
Azərbaycan beynəlxalq səviyyədə
mədəniyyətlərarası və dinlərarası
dialoqun məkanı kimi tanınıb.
On illiyini qeyd etməyə hazırlaş-
dığımız “Bakı prosesi” Azərbaycanın
mədəni nailiyyətlərinin dünyada tanı-
dılmasında çox əhəmiyyətli rol oyna-
yıb. Azərbaycanda dörd dəfə keçiril-
miş Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumlarında dünyanın
müxtəlif qitələrindən olan dövlət
və hökumət rəhbərləri, mədəniyyət
nazirləri, görkəmli ictimai-siyasi
xadimlər Bakıda toplaşaraq dünyanın
qlobal problemlərinin həlli yollarını
axtarır, mədəniyyətlərarası dialoqun
bu prosesdə əhəmiyyətli rol oynaya
biləcəyini beynəlxalq aləmə bəyan
edirlər. Ümumiyyətlə, Ümumdünya
Mədəniyyətlərarası Dialoq forumları
müxtəlif mədəniyyətlərin qarşılıqlı
inteqrasiyasına böyük təkan verir,
xalqları, ölkələri bir-birinə daha da
yaxınlaşdırır.
"Eurovision-2011" beynəlxalq
musiqi müsabiqəsində azərbaycanlı
gənclərin – Eldar və Nigar duetinin
qələbə qazanması Azərbaycanın
ifaçılıq sənəti tarixində çox əlamətdar
bir hadisəyə çevrildi. 2012-ci ildə bu
möhtəşəm beynəlxalq müsabiqənin
Bakıda keçirilməsi isə ölkəmizin
beynəlxalq aləmdə nüfuzuna çox
güclü təsir göstərdi. Azərbaycan həm
İslam dünyası dövlətləri ilə, həm də
digər ölkələrlə sıx mədəni əməkdaşlıq
həyata keçirir.
Muğam sənətimizin dünyada
təbliği sahəsində görülən işlər də
diqqətəlayiqdir. Xalq artisti Alim
Qasımov və əməkdar artist Fərqanə
Qasımovanın Almaniyanın paytaxtı
Berlin şəhərində, Böyük Britaniya-
nın Qlazqo şəhərində (Şotlandiya)
verdikləri konsertlər Azərbaycan
musiqisinə bu ölkələrdə böyük maraq
olduğunu bir daha təsdiq etdi.
Son illər ərzində uşaq musiqi
məktəbi, incəsənət və rəssamlıq
məktəblərinin, Bakı Xoreoqrafiya
Akademiyasının şagird və tələbələri
bir sıra xarici ölkələrdə keçirilən
müxtəlif beynəlxalq tədbirlərdə – fes-
tival, müsabiqə və sərgilərdə uğurla
iştirak etmişlər.
Azərbaycan Respublikasının
Prezidenti “Azərbaycanda kitabxana-
ların fəaliyyətinin yaxşılaşdırılması
barədə” 20 aprel 2007-ci il
tarixli, “Azərbaycan Respublikasın-
da kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”nın təsdiq edilməsi
barədə 6 oktyabr 2008-ci il tarixli
sərəncamlar imzalayıb. Azərbaycan
Milli Kitabxanası bir sıra xarici
ölkələrdə milli mədəniyyətimizin,
kitabxana işi sahəsində qazanılmış
uğurların təbliğatçısına çevrilmişdir.
2007-ci ilin noyabrında Li-
viyanın Tripoli şəhərində “İslam
dünyasında mədəniyyət siyasəti:
keçmişə əsaslanaraq, gələcəyin
formalaşdırılması” mövzusunda təşkil
olunmuş İKT-yə üzv dövlətlərin
mədəniyyət nazirlərinin V konfran-
sında “Müsəlmanların İnkişaf və
Sivilizasiya Missiyası üçün Mədəni
həmrəylik strategiyası”, “Üzv
dövlətlərdə aparılan mədəniyyət
siyasətinin yeniləşməsi və beynəlxalq
dəyişikliklə uyğunlaşdırılmasına dair
Fəaliyyət Planı” və digər mühüm
sənədlər imzalanmışdır.
Azərbaycanın Birinci
vitse -prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım
Əliyevanın 2008-ci ildə Bakıda
İSESCO və UNESCO ilə birlikdə
«Mədəniyətlərarası dialoqda qadınların
roluna dair I Beynəlxalq konfrans”ın
keçirilməsi təşəbbüsü böyük rəğbətlə
qarşlanmışdır. Konfransın mühüm
qərarları arasında İKT-yə üzv ölkələrin
mədəniyyət nazirlərinin VI konfran-
sının 2009-cu ildə Bakı şəhərində
keçirilməsi və Bakının 2009-cu il
üçün İslam Mədəniyyətinin Paytaxtı
elan edilməsi də oldu.
“Bakı–İslam Mədəniyyətinin Paytaxtı
– 2009” mədəniyyət ilinin 2009-cu
il fevralın 18-də açılışı olmuş, açılış
mərasimində Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyev,
İSESCO-nun baş direktoru Ə.Q.Əl-
Tuveyeri və başqaları çıxış etmişlər.
İl boyu davam etmiş proqram
çərçivəsində 100-dən çox milli və
beynəlxalq tədbir keçirilmişdir.
Mədəniyyət ili ərzində Bakıda
“Mədəniyyətlərarası dialoqa dair Bakı
prosesi”nin davamlılığını təmin etmək
məqsədilə İKT-yə üzv dövlətlərin
mədəniyyət nazirlərinin VI konf-
ransı keçirilmişdir. Konfransda 40
ölkə və 17 beynəlxalq təşkilatdan
nümayəndələr iştirak etmişdi. Konf-
ransın qəbul etdiyi qətnamədə işğal
edilmiş Azərbaycan ərazilərində İslam
irsinin məhv edilməsinə səbəb olan
vandalizm hərəkətləri pislənilmiş,
BMT-nin Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
qəbul etdiyi 4 qətnamənin Ermənistan
tərəfindən dərhal və qeyri-şərtsiz
yerinə yetirilməsi tələb olunmuşdu.
Tədbirdə İslam ölkələri mədəniyyət
nazirləri konfransına sədrliyin iki il
müddətinə Azərbaycan Respublikasına
keçməsi, İslam Mədəniyyəti Paytaxt-
ları proqramının davam etdirilməsi ilə
bağlı müzakirələrdə Naxçıvan şəhəri
2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdu.
Azərbaycan Prezidenti İlham
Əliyev UNESCO ilə əlaqələrin
inkişafına xüsusi önəm verir. Dövlət
başçısı bu mötəbər təşkilatla qarşılıqlı
əlaqələrin inkişaf səviyyəsini nəzərə
alaraq hələ 2005-ci ilin sentyabrında
xüsusi sərəncam imzalamışdır. Bu
addım iki tərəf arasında əməklaşlığın
daha da genişlənməsinə, ölkəmizin,
təşkilatın xətti ilə keçirilən proqram
və layihələrində daha fəal iştirak
etməsinə təkan vermişdir.
Dövlətimizin mədəniyyət
siyasətində əsas prioritet sahə maddi
və qeyri- maddi irsin qorunmasıdır.
Bu, ərazisinin 20 faizinin Ermənistan
tərəfindən işğal edilmiş Azərbaycan
üçün xüsusi əhəmiyyət kəsb edən
məsələdir. Dövlətimiz xalqımı-
zın maddi və mənəvi mədəniyyət
nümunələrinin qorunması, onların
dünyada öz adı və ünvanı ilə təqdim
olunması istiqamətində məqsədyönlü
işlər aparır. Məhz bu uğurlu siyasətin
nəticəsində Azərbaycanın bir sıra
maddi və mənəvi sərvətləri artıq
UNESCO-nun Maddi-Mədəni İrs
Siyahısına daxil edilmişdir.
Milli- mənəvi dəyərlərimizin
dünyada təbliği sahəsində görülən
işlərin miqyası getdikcə genişlənir.
Bu, deməyə əsas verir ki, son 15 ildə
həyata keçirilən mədəniyyət siyasəti
öz bəhrəsini verməkdədir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
24 may 2018-ci il, cümə axşamı
8