Sərbəst işin mövzusu: Mədəniyyət və silvizasiya Mədəniyyət və sivilizasiya



Yüklə 36,08 Kb.
tarix14.06.2018
ölçüsü36,08 Kb.
#49033

Ad: Səməd

Soyad: Abbasov

Fənn: AR

Fakültə: BİM

İxtisas: BM



Kurs və qrup:

Sərbəst işin mövzusu: Mədəniyyət və silvizasiya

Mədəniyyət və sivilizasiya


Mədəniyyət sözü latınca: cultura sözündən olub torpağın becərilməsi, tərbiyə, inkişaf mənasında başa düşülmüşdür. İlk dövrlərdə mədəniyyət insanın təbiətə məqsədəuyğun təsiri, torpağın əkilib becərilməsi, yəni yaxşı məhsul almaqdan ötrü onun dəyişdirilməsi kimi anlaşılmışdır.
İntihab dövrünün filosofları mədəniyyətə ideal, universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli təhsil, tərbiyə almağa, elmə və incəsənətə təsir etməyə, dövlətin möhkəmləndirilməsinə kömək etməyə qadir bir qüvvə kim baxırdılar. Onlar eyni zamanda barbarlıqdan fərqlənən müəyyən ictimai quruluş kimi sivilizasiya problemini də irəli sürürdülər. 
XIX əsrdə mədəniyyətin təkamül inkişafı nəzəriyyəsi yarandı. Bu kulturoloji konsepsiyanın tanınmış nümayəndələridən biri ingilis etnoqrafı və tarixçisi E.B.Taylor (1832– 1917) olmuşdur. Taylorun anlamında mədəniyyət yalnız mənəvi mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi və əxlaqi normalar və s.– dir. Taylor qeyd edirdi ki, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm də ayrı– ayrı xalqlar üçün spesifik olan dəyərlər də vardır. Mədəniyyətin inkişafında təkcə onun daxili təkamülünü deyil, həm də tarixi təsirin və tarixi mənimsənilmənin əhəmiyyətini də Taylor qeyd etmişdi. O göstərirdi ki, mədəni inkişaf düz xətlə gedə bilməz. Lakin təkamülçü kimi O, bütün və əsas diqqətini bəşəriyyətin mədəni inkişafının vəhdətdə olmasını sübut etməyə vermişdir. Bununla yanaşı, o, tənəzzül imkanlarını, geriyə hərəkəti, mədəni deqradasiyanı da inkar etmirdi. Maraqlıdır ki, tənəzzül və tərəqqi münasibətlərini təhlil edərkən O, tərəqqinin qələbəsinə şübhə etmədiyini bəyan edirdi.
Taylorun vahid xətt təkamül nəzəriyyəsi XIX əsrin sonunda həm yenikantçılar və M.Veber tərəfindən, həm də «Həyat fəlsəfəsinin nümayəndələri, O.Şpenqler, A.Toynbi tərəfindən tənqid edilmişdir.
Yeni kantçı Rikkert, məsələn, təklif edir ki, mədəniyyətə dəyərlər sistemi kimi baxılsın. O, aşağıdakı dəyərləri sadalayır: həqiqət, gözəllik, ilahi müqəddəslik, mənəviyyat, xoşbəxtlik, xüsusi müqəddəslik. Dəyərlər xüsusi aləmi, xüsusi fəaliyyət növü yaradır ki, burada insanın dünyanı mənəvi mənimsəməsinin bəzi cəhətləri görünür. Vindelband qeyd edir ki, mədəniyyət insanın dünyanı anlaması və dərk etməsindən asılı olaraq dəyərlər dünyası– məsuliyyəti hiss etmək dünyasıdır. Dəyərlər şüurdadır, onların gerçəklikdəki təcəssümü hər cür rifahın yaradılması deməkdir.
«Həyat fəlsəfəsi»nin nümayəndələri də yeni kantçılar kimi, təbiətlə tarixi kəskin şəkildə fərqləndirirlər. Şpenqlərə görə, tarix ayrı– ayrı qapalı mədəniyyətlərin bir– birini əvəz etməsidir. Bu zaman vahid tarixi prosesin mövcudluğu istisna edilir. Bütün mədəniyyət ayrıca götürülmüş insanın yaş dövrlərini: uşaqlıq. Yeniyetməlik, gənclik və qocalıq dövrlərini keçirir. Tale mədəniyyəti doğumdan ölümə qədər olan yolu keçməyə məcbur edir. Şpenqlərə görə, tale elə anlayışdır ki, onu izah etmək qeyri– mümkündür, onu yalnız hiss etmək olar. Tale mədəniyyəti istiqamətləndirir, onun konkret məzmunu isə xalqın ruhu ilə müəyyən olunur. Ruh özünün bütün imkanlarını– xalqlar, dillər, etiqadlar, incəsənət, dövlət, elm və s. vasitəsilə gerçəkliyə çevirdikdən sonra mədəniyyət ölür. Şpenqlərə görə, mədəniyyət– xalqın ruhunun xarici təzahürüdür. Sivilizasiya dedikdə O, hər bir mədəniyyətin mövcudluğunun son mərhələsini başa düşür. Böyük şəhərlərdə adamlar çoxaldıqca texnika inkişaf edir, incəsənət deqradasiyaya uğrayır, xalq «simasız kütləyə» çevrilir. Şpenqlər belə hesab edir ki, sivilizasiya mənəvi tənəzzül epoxasıdır.
Hazırda çoxsaylı kulturoloji konsepsiyalar yaranmış və yayılmışdır. Bunlar K.Levi– Strossun antropologiyası, neofreydistlərin, ekzistensialistlərin, ingilis yazıçısı Ç.Snounun və başqalarının konsepsiyalarıdır. Bir sıra kulturoloji konsepsiyalar sübut edir ki, vahid mədəniyyətin yaranması qeyri– mümkündür. Onlar Qərb və Şərq mədəniyyətinin əksliyini göstərərək mədəniyyət və sivilizasiyanın texnoloji determinasiyasını əsaslandırırlar.
Bəs, əslində mədəniyyət nədir? Çoxsaylı tədqiqatçıların bu fikri ilə razılaşmaq lazımdır ki, mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, cəmiyyətdə mədəni və sosiallığın birliyi yalnız onun aşağı pilləsində mövcud olmuşdur. Əmək bölgüsündən sonra, yəni əkinçiliklə maldarlıq, sənətkarlıqla əkinçilik, ticarətlə əkinçilik, maldarlıqla sənətkarlıq ayrıldıqdan sonra sosial problemlər müstəqil inkişaf yoluna başlayır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir. Lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, yəni özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi yaradıcılıqla üst– üstə düşmür. Bunu başa düşməkdən ötrü maddi və mənəvi mədəniyyətləri bir– birindən fərqləndirmək lazımdır. Maddi mədəniyyət– insan əməyi və zəkası ilə yaradılmış maddi sərvətlərin məcmusudur; istehsal vasitələri, əmək cismi ictimai varlığın maddi əsaslarıdır. Maddi mədəniyyət insanın təbii gerçəkliyi mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri– binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya daxildir. Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr, adamların təlabatı və mənafelərin inkişaf səviyyəsi və s. daxildir.
Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirmək olmaz. Mənəvi istehsal– ideyaların, normaların, dəyərlərin məcmusudur. Mənəvi mədəniyyət daha geniş anlayış olub, mənəvi istehsalı da özünə daxil edir. Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq mədəniyyətə belə bir tərif vermək olar. Mədəniyyət– cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən– nəsilə vermək bacarığıdır. Mədəniyyət insanın sirli– sehirli dünyasıdır. Onun özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur.
«Sivilizasiya» latınca civilis sözündəndir, «vətəndaşlıq», «dövləti» mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. Təsadüfi deyildir ki, bir sıra tədqiqatçılar cəmiyyətin ümumdünya tarixi inkişaf prosesini bildirmək üçün «sivilizasiya» anlayışını işlətmişlər. «Ailənin, xüsusi mülkiyyətin və dövləti mənşəyi» adlı əsərində F.Engels Morqanla birlikdə bəşər tarixinin vəhşilik, barbarlıq və sivilizasiya dövrlərindən ibarət olduğunu qeyd etmişdir.
Ümumiyyətlə, son dövrlərdə sivilizasiya problemi ön plana çıxmışdır. Bununda bir sıra səbəbləri vardır. Birincisi, müasir dünyada elmi– texniki inqilabın genişlənməsi Qərbin və Şərqin bütün ölkələrində istehsal texniki vasitələrinin və üsullarının inkişafına kömək etmişdir. İkincisi, keçmiş SSRİ– də sosializm quruculuğuna yeni baxış, kapitalist inkişafına istiqamət götürülməsi iki əsas Şərq– Qərb sivilizasiyası haqqında mübahisənin güclənməsinə səbəb olmuşdur. Belə bir dilemma yarandı: Bəşər sivilizasiyası birdir, yoxsa bir neçədir? Bəşəri inkişafın yolları içərisində formasyon, yaxud sivilizasiya arasında fərq vardır. Bu fərqi hələ İ.Kant göstərmişdir. Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirdikdən sonra sivilizasiya başlanır. Sivilizasiyalı adam heç vaxt başqasına pislik etməyən adamdır. O, mədəni və nəzakətlidir, diqqətli və mehribandır. Kant mədəniyyəti mənəvi qəti imperativ ilə əlaqələndirir. Qəti imperativ praktiki qüvvəyə malikdir və əqlə uyğun olaraq insan əməlini hamı tərəfindən qəbul edilmiş normalara uyğun məcraya istiqamətləndirir.
Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiya ən çox mədəniyyətlə eyniləşdirilir. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: «Mədəniyyət və yaxud sivilizasiya». Lakin O, eyni zamanda bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti– mədəniyyətin mənimsənilməsi üsulu– ədəbiyyatda çox az işlənmişdir. Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir– birindən fərqləndiririk.

Şərq və Qərb sivilizasiya tipləri


Bəşər tarixinə müraciət etsək, görərik ki, hələ ən qədim dövrlərdən Şərq və Qərb sivilizasiyası bir– birindən fərqlənmişdir. Tarixçilərin tədqiqatları sübut edir ki, lap əvvəldən sivilizasiyanın spesifikası adamların əmək fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Həmin əmək fəaliyyətlərinə də öz növbəsində coğrafi mühit, əhalinin sıxlığı və digər amillər təsir göstərmişdir. Bir mərkəzdən su ilə təminatın idarəsinə əsaslanan düyü əkinçiliyi sistemi Asiya istehsal üsulunun inkişafını bir növ həvəsləndirmişdir. Bunun üçün isə bir rəhbərlik və işin «ictimai» xarakteri, sosial imtiyazlar ierarxiyası, mənəvi sahədə isə dünyanın sahibinə– mütləq hökmdara– allaha (səmaya, günəşə) və onun yerdəki nümayəndələri imperatora, yaxud feodala, ağaya tabe olmaq səciyyəvi hal hesab olunurdu. 
Göründüyü kimi, ictimai həyatın spesifikasına maddi dəyərlərin mənimsənilməsinin texnoloji və sosial iqtisadi üsulları böyük təsir göstərmişdir. Buraya həmçinin düyü sahələrinin suvarılmasının təşkili, düyünün yığılması, ierarxik idarə strukturu və s. də daxildir.
Sivilizasiyanın inkişafına və xüsusiyyətlərinə ictimai şüurun dini və fəlsəfi formalarının məzmunu, və ya həmçinin cəmiyyətin digər dəyərlərinin mənimsənilməsində mühüm vasitə kimi istifadə edilməsi də təsir göstərmişdir. Çində buddizm və konfutsiçilik, Hindistanda buddizm, brəhmənizm yoqların fəlsəfəsi insanın bütün həyat fəaliyyətinin reqlamentasiyasının müəyyən edilməsində, başlıca rol oynamışdır. Qərb sivilizasiyası monolit kult strukturu və təkhakimiyyətliyin təsirinə az məruz qalmışdır. O, daha çox fəal surətdə elmin, incəsənətin və siyasətin təsiri altında dəyişmişdir. Şərq sivilizasiyası üçün maddi və mənəvi dəyərlər mənimsəmək, həmçinin avtoritar paternalizm, ümumi tabelik, dövlətdə, icmada, ailədə başçının qəbul edilməsi şəraitində onların istehsalı xarakterikdir. 
İnsanın sözə baxan, xeyirxah, ləyaqətli kimi formalaşması şərq ölkələri adamının bütün həyat tərzinə möhürünü vurmuşdur. Bu, həm də mədəniyyət və onun mənimsənilməsi üsullarına da öz təsirini göstərmişdir. Spesifik insan başlanğıcı kimi həmin hal burada tam şəkildə mühüm əhəmiyyət daşıyır. Qərb sivilizasiyası üçün texnika və texnologiyanın surətli inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin surətlə dəyişməsi xarakterikdir. Təsadüfi deyildir ki, onun mədəniyyətində elmi rasionallıq xüsusi bir qüvvə kimi üstünlük təşkil edir.
Şərq və Qərb sivilizasiyaları öz aralarında qarşılıqlı təsir göstərirdi. Bu qarşılıqlı təsir nəticəsində öz mədəniyyəti əsasında yeni mədəniyəti mənimsəyən müxtəlif «hibrid» cəmiyyətlərin yaranması mühüm rol oynamışdır. Bu gün Qərb– «inkişaf etmiş ölkələr»in sinonimidir. Bu əlamətə əsasən bəzi politoloqlar Yaponiyanı Qərbə aid edirlər ki, bu qətiyyən düzgün deyildir. Qərb ölkələri ilə ümumi texnoloji bazisə malik olmasına baxmayaraq, Yaponiya hətta ümumbəşəri dəyərlərin mənimsənilməsi baxımından belə Şərq sivilizasiyası ölkəsi olaraq qalmaqdadır. Biz tam hüquqla nəinki Şərq və Qərb sivilizsiyası haqqında danışa bilərik, həmçinin Qərb və Şərq mənəvi sivilizasiyası haqqında da söhbət aça bilərik. Sivilizasiya bütövlükdə sosial– mədəni hadisə olmasına, baxmayaraq, mədəniyyətin özünün varlığının mənasıdır, bütün ictimai həyata təsir etmək mənasıdır. Onun «nüvəsi» mənəvilikdir.

Texniki sivilizasiyalar


Texnikanın inkişaf səviyyəsi ilə xarakterizə olunan sivilizasiyalar mövcuddur. Qərbdə sivilizasiyanın tədqiqatçıları (D.Bell, Q.Kan, Z.Bjezinski, R.Aron və başqaları) onun «industriala qədər», «industrial» və «postindustrial» kimi xarakterizə etmişlər. Axırıncını hazırda «informasiyalı», «texnotronlu» və s. də adlandırırlar. Həqiqətən də adını çəkdiyimiz texniki sivilizasiyaların hər biri öz texniki səviyyəsinə, insanın istehsal alətləri ilə birləşməsi, onun əmək vərdişləri və istehsal təcrübəsi, istehsalın idarə formaları və s. daxildir. Həmin texniki sivilizasiyaların hər biri üçün texnikanın və texnoloji subyekt kimi insanın inkişafının öz səviyyəsi səciyyəvidir. Texnikanın səviyyəsi bu və digər istehsal aləti tipinin, o cümlədən maşının yayılması dərəcəsindən asılıdır. Məsələn, Ptolomey dövrü Misirində (b.e.ə. 100 və 50– ci illər arasında) «mühəndis» Geron eolepil, bir növ buxar maşını (bu buxarın praktiki olaraq işlənməsindən 18 əsr qabaq olmuşdur) kəşf etmişdi ki, o da öz növbəsində məbədin ağır qapısını müəyyən məsafədən açmağa qadir mexanizm idi. Bu kəşf o zaman digər kəşflərlə (sorucu nasos, termometr və s.) birlikdə çox məşhur olmuşdur. Kəşflər qruplarla, çoxsaylı seriyalarla davam etmişdir. Lakin qədim cəmiyyətdə hətta bütün «günahlar» antik dünyaya şeylərin istehsalı üçün zəruri olan işçi qüvvəsini verən quldarlıq quruluşunda idi. Elə buna görə də horizontal su dəyirmanları yalnız buğdanı döymək üçün yararlı idi. Buxar isə maraqlı və sirli oyuncaqlara xidmət etmək üçün istifadə edilmişdi.
«İndustriala qədər sivilizasiya» üçün keyfiyyətcə yeni texnika xasdır. Su və yel dəyirmanları, onlarla bərabər yaranan ağackəsən, mahud toxuyan, kağız istehsalı da təşkil olunurdu. Burada əməyin ən ümumi bölgüsü baş verirdi ki, bu da öz növbəsində istehsal alətlərinin rəngarəngliyini tələb edirdi. «Üçüncü» bölmənin (sənaye və kənd təsərrüfatından sonra) sürətli tərəqqisi vəkillərin, notariusların, həkimlərin, universitet müəllimlərinin sayının artması ilə müşahidə edilir. Dağ– mədən sənayesi və digər sahələr təşəkkül tapır, şəhərdə sənətkarlıq çiçəklənir.
«İndustriala qədərki sivilizasiya» dövründə, xüsusilə XV əsrdə elmi– texniki kəşflər atmosferi özünü göstərir. Leonardo da Vinçidən sonra yüzlərlə italyan öz qeyd dəftərçələrini möcüzəvi maşınların proyektləri ilə doldururdular. Onda belə bir sual alınır? Nə üçün «industriala qədər sivilizasiya» dövründə, antik dövrdə olduğu kimi, kəşflər kütləvi xarakter ala bilmədi. Buna marksizm belə cavab vermişdir. Həmin dövrdəki mövcud tələbatlara əməyin məhsuldarlıq səviyyəsi tamamilə uyğun gəlirdi. Çünki ucuz işçi qüvvəsi kifayət qədər idi.
«İndustrial sivilizasiya» XVI– XVII əsrlərin sənaye inqilabları və iqtisadi yüksəlişlə əlaqədar idi. Sənaye inqilabı texniki sivilizasiyanın «industrial sivilizasiya» tipini müəyyənləşdirir. Texnikanın keyfiyyət dəyişikliyi təkcə özü ilə, iqtisadiyyatın inkişafı ilə əlaqədar olmuşdur. Yenilik bazarın marağı və tələbatı ilə əlaqədar idi. Kömür sənayesi digər sahələrin, xüsusilə buxarın istifadə olunmasına həvəs oyatmışdır.
«İndustrial sivilizasiyası» cəmiyyətin bütün həyat tərzinin dəyişməsinə, o cümlədən kənd təsərrüfatının, nəqliyyatın, rabitənin, peşə vərdişlərinin, təhsilin, tərbiyənin və mədəniyyətin dəyişməsinə böyük təsir göstərmişdir.
Bu gün filosof və sosioloqlar insan cəmiyyətini yeni, bütün xalqlar üçün ümumi olan vahid postindustrial (informasiyalı, texnotronlu) sivilizasiyaya daxil olduğunu elan edirlər. Belə bir sual yaranır. Görəsən hansı: formasion, yaxud sivilizasion yanaşma düzgündür. Əslinə qalanda onların biri o birisini rədd etmir. «Postindustrial sivilizasiya» üçün səciyyəvi olan cəhət maşınların mexaniki sistemi deyil, mikroenergetika və informatikaya, ən yeni intellektual texnologiyaya əsaslanan istehsalın avtomatlaşdırılmasıdır. Bu yeni texniki və texnoloji baza insan və cəmiyyətin bütün həyat tərzini dəyişir. Asudə vaxt problemi, özü də mənəvi sivilizasiya texniki sivilizasiyanın simasını müəyyən edir, milli mədəniyyətə münasibətini ifadə edir. Mədəniyyət yeni olana laqeyd deyildir. Din, etika, sosial qaydalar, ictimai şüur da cəmiyyətdə mövcud olan maddi və mənəvi sərvətlərə laqeyd deyildir. Bunu alman sosioloqu M.Veber «Protestant etikası və kapitalizm ruhu» adlı əsərində çox yaxşı göstərmişdir. Onun fikrincə, protestant etikası sənaye istehsalının inkişafına, sahibkarlıq fəaliyyətinə həlledici təsir göstərir. Bu etikaya görə allah tərəfindən seçilmiş insan sahibkarlıq üçün yeni əxlaqi keyfiyyətlərə malik olur.
Onda bəs Yapon möcüzəsini nə ilə izah etmək olar? Şübhəsiz, Yapon texniki sivilizasiyası öz kökləri ilə yapon mədəniyyətinə, yapon mənəvi mədəniyyətinə söykənir. Yaponiya çox bacarıqla ənənəvini mədəniyyətdə əks etdirir ki, bu da onun texniki sivilizasiyasına kömək edir. Misilsiz əməksevərlik ən yeni texnika və işləmək bacarığı ilə birləşir. Bəşəriyyətin gələcəyi kimi postindustrial cəmiyyətdən danışarkən texnoloji bazis baxımından bütün xalqlar üçün ümumi olmasına baxmayaraq ayrı– ayrı xalqlara və mədəniyyətlərə tətbiqi öz spesifikasına malik olacaqdır.






Yüklə 36,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə