Hər gün mükəmməlliyə doğru
Ali təhsil sistemimizin köklü islahatlara ehtiyacı var. Bu islahatlar planı “2008-2012-ci illərdə Azarbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsasında dayanmalıdır. Əslində ali təhsil sistemimizin yenidənqurulması işi aparılmalıdır, gecikmədən və qaça-qaçsız, düşünə-düşünə və kompaniya xarakteri daşımadan, üzdən-üzdən deyil, dərindən, buraxdığımız səhvləri azca, kosmetik düzəltmək yolu ilə deyil, dünya təcrübəsini cəsarətlə nəzərə almaqla, qüsurlu, yarımçıq şəkildə deyil, peşəkarlıqla! Hər il, hər ay, hər gün ciddi işlər görülməlidir.
İnnovasiya sözünün hərfi mənası (in-novasiya) mövcud olanın içində yenilik etmək, olanı dəyişdirmək, yeniləşdirmək deməkdir. Köhnəni yeniləşdirmək çətin işdir, amma zəruridir. Bunu bəzən asta-asta, bəzən radikal şəkildə həll etmək lazım gəlir.
Ali məktəb müəllimlərinin (eləcə də orta və ibtidai məktəb müəllimlərinin) təkmilləşdirilməsi mexanizmi qurulmaldır. Burada özəl bölmə, onun ən yaxşı qurumları də mühüm rol oynaya bilər. Ali məktəb müəllimləri xarici dilləri, xüsusilə ingilis dilini bilmirsə, tədqiqat işində, yeniliyə qovuşmaqda çətinlik çəkəcək. Müəllimlik idealogiyasına yenidən nəzər salmaq zəruridir. Mühazirəçi müəllim kimi, hər şeyi bilən və son sözü deyən nüfuzlu şəxs kimi deyil, məşqçi kimi hərəkət etmək müasir ali məktəbin ruhuna daha uyğundur.
Ali məktəblərarası yarış ruhunu gücləndirmək (bu heç olmadığı üçün əvvəlcə onu yaratmaq), keyfiyyətin tərəfsiz və peşəkarcasına qiymətləndirilməsi işini ön plana çəkmək lazımdır. Dünya universitələrinin reyting cədvələri idmanda olan yarışa, turnir cədvəllərinə bənzəyir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan böyük dövlətlər (Çin kimi) öz universitələrini gücləndirib reytinq cədvəllərində yüksək yer tutmasını (məsələn birinci yüzlüyə düşməsini) təmin etməyi ciddi dövlət işi hesab edir, buna görə müəyyən sayda universitəni seçir, ölkədə “dünya səviyyəli” ali məktəbin əmələ gəlməsinə çalışırlar. Yarışda uğur qazanmaq üçün qabaqcıl dünya keyfiyyətinə nail olmaq, beynəlxalq əməkdaşlığı mühüm dərəcədə gücləndirmək zəruridir!
Hal-hazırda bir çox ölkələrdə hətta dövlət universitələri də bazarın müəyyən etdiyi iş dünyası qanunlarına az-çox uyğun hərəkət etməyə məcburdurlar. Amerikada vüsət alan bu meyl Avropaya, Avstraliya və Asiyaya da nüfuz etmiş və öz bəhrələrini verməkdədir (Howard Newby -2008).
Ali və orta-ixtisas-peşə təhsil ocaqlarında strateji inkişaf və fəaliyyət plan-proqramlarının hazırlanması və həyata keçirilməsi dünyada qəbul olunmuş təkmilləşmə mexanizmidir. Bizim ali məktəblərimizdə bu varmı?
Gələcəyə nikbin baxış
Azərbaycan zəngin neft və qaz ölkəsidir. Yeraltı sərvətlər yer üzünün işıqlanmasında rol oynayır, həyatın yer üstündə də zəngin olmasına zəmin yaradır. Üstəlik, əhalinin savada, biliyə sosializmdən miras qalmış meylliliyi, Azərbaycanın əlverişli iqlim və kənd təsərrüfatı zonalarına malik olması, eləcə də Şərqin Qərbi, Qərbin Şərqi, Şimalın Cənubu və Cənubun Şimalı kimi rollarda çıxış etməsi bu ölkənin yüksək templə inkişafına əsas verir. Təsadüfi deyil ki, Ümumi Daxili Məhsulun artım sürətinə görə Azərbaycan dünya rekordçusudur. Tərəfsiz beynəlxalq proqnozlar da Azərbaycanın inkişafına nikbin gözlə baxmağa əsas verir. Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə Ermənistanın ümumdaxili məhsulunun həcmi Azərbaycanın ÜDM-nun 38 faizini təşkil edirdi, BMİ (Business Monitor İnternational Ltd) proqnozlarına görə Ermənistan iqtisadiyyatı həcmcə Azərbaycan iqtisadiyyatından get-gedə daha da geri qalacaq, 2010-cu ildə onun ancaq beşdə biri qədər olacaq (21%).
Lakin yaxın zəfər coşğunluğu altında kef çəkmək vaxtı deyil. Qloballaşmanın mənfi təsirlərini azaltmaq, qazancın aparıcı olduğu müasir dünyada hər kəsin irəli getməsinə çalışmaq lazımdır. Gerçəkliklə arzu arasında uçurum yaranmamalıdır.
Hal-hazırda Azərbaycan hökuməti neft ehtiyatlarının, yəni qara qızılın insan potensialını, insan inkişafını gücləndirmək işində rolunu vurğulayaraq “Qara qızılın insan qızılına çevrilməsi” kimi iddialı proqram irəli sürmüşdür. Burada təhsilin inkişafı da xüsusi yer tutur, o cümlədən vətəndaşların xaricdə aparıcı universitələrdə və Azərbaycanda ciddi təhsil-təlim alması üçün təqaüd proqramı qismən işə düşmüşdür. Digər tərəfdən, tək tələbə təqaüdləri deyil, qurumlararası, məsələn, xarici universitələrlə Azərbaycan ali təhsil ocaqları arasında əməkdaşlıq proqramlarının müsabiqə əsasında maliyyələşdirilməsi də təhsilin inkişafı strategiyasında mühüm yer tutmalıdır.
Dünya təcrübəsi göstərir ki, beynəlxalq tələbə mübadiləsinin artırılması və özəl bölmənin güclənməsi üç böyük problemin – ali təhsilin əlyetən olmasının, dövlətin ali təhsilə çəkdiyi xərclərin səmərəli olmasının (həddindən çox böyüməməsinin) və ali təhsildə keyfiyyəti artırmağın həllinə kömək edir.
Və bir daha yada salaq – iş dünyası, sənaye, dövlət, elm və ali məktəbin səylərini birləşdirmək – budur inkişaf! “Dövlət ali məktəblər üçün nə edə bilər?” sualı “ali məktəblər dövlət üçün nə edə bilər?” sualı ilə yanaşı qoyulmalıdır!
Keçid iqtisadiyyatında olan ölkələrdə keçid dövrünün nə vaxt başlandığı məlumdur, onun nə vaxt qurtaracağı isə geniş müzakirə mövzusuna çevrilməyib. Bu barədə tarix öz hökmünü verəcək. Mümkündür ki, uzun gözləmək lazım gəlməyəcək. Azərbaycan Respublikası kimi böyük iqtisadi artım müşaiyət olunan ölkələrdə keçidin sonunda güclü iqtisadiyyata, sosial güvənliyə, yüksək mədəniyyətə malik bir dövlətin qurulması elm və təhsilin düzgün inkişafından mühüm dərəcədə asılıdır.
ISBN 978-9952-20-044-7
Hamlet Isaxanli
What is Happening in the Education System of the Contemporary World
and
What is Good For “the State Program on Reforms of Higher Education System in the Republic of Azerbaijan For the Period of 2008-2012”?
© Khazar University Press
Baku, Azerbaijan, 2008.
Dostları ilə paylaş: |