Ali təhsildə qeyri-akademik xidmət
Ali məktəbdə təhsilin keyfiyyəti və onun qiymətləndirilməsi, ciddi və çevik idarəetmə sisteminin qurulması kimi mühüm işlərə təhsil nazirliyi və ya digər əlaqədar hökumət qurumları deyil, birinci növbədə ali məktəbin özü nəzarət etməli, bu işlərin də tədris və tədqiqat kimi çox vacib olduğunu dərk etməli, uyğun mexanizmləri işləyib hazırlamalıdır. Ali təhsildə keyfiyyətin artırılması mərkəzinin, tədris plan və proqramları, tələbənin biliyinin qiymətləndirilməsi, elektron təlim üsulları, ömürboyu təhsil və məsafədən təhsil konsepsiyalarını hazırlayıb həyata keçirən mərkəzlərin fəaliyyəti çox mühümdür. Öz tələbələrinə tədrisdən kənar, yəni qeyri-akademik, insani xidmət sistemi qurmadan ali məktəb yaxşı inkişaf edə bilməz.
Ali məktəb-öyrətmək və öyrənmək məqsədi ətrafında birləşmiş insanların yaşadığı bir məkandır, yaşayış məntəqəsidir, şəhərcikdir. Bu şəhərin yaşaması üçün uyğun inzibatçılığın və idarəçiliyin, təsərrüfat həyatının və xidmət sektorunun qurulması zəruridir. Ali məktəbin əsas əhalisi tələbələrdir. Ali məktəbin tipindən, yerləşdiyi ölkədən, böyük-kiçikliyindən asılı olaraq tələbələrin sayı müəllim və idarəetmə-xidmət bölməsində çalışanların ümumi sayından 10-15 dəfə çox olur. Ali məktəb qocaman olsa belə həmişəcavandır, sakinlərinin əksəriyyəti həyat təcrübəsi az olan gənclərdir, oxumaq-öyrənməklə yanaşı onların hər cür qayğıya və yardıma ehtiyacı var.
Yaxşı ali məktəb elmi araşdırmalarla, müasir və keyfiyyətli tədrislə yanaşı tələbələrə dayaq duran, onlara hər cəhətdən kömək edə bilən xidmət sistemi ilə də seçilir. Üstəlik müasir ali təhsil keçmişdəkindən qat-qat rəngbərəngdir – daha çox seçmə fənlər, daha çox ixtisaslar, tələbələrin fərdi tələblərini nəzərdə tutan yeni tədris modelləri və üsulları, daha beynəlmiləl tələbə tərkibi, informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə... Bu və digər xüsusiyyətlər müasir ali məktəbdə tələbələrə xidmətin də qat-qat ciddi və rəngbərəng olmasını zəruriyyətə çevirir. Bu məsələlərin vaxtında və uyğun şəkildə həll edilməsi üçün xüsusi ixtisaslaşmış işçi-mütəxəssislər qrupu fəaliyyət göstərməlidir.
Tələbə mərkəzli təhsil modeli tələbələrlə işin fəal qurulmasını tələb edir. Tələbələrin bir qrup şəklində müəllimin ətrafında birləşməsi (müəllim mərkəzli sistem) deyil, hər bir tələbənin marağının ayrı-ayrılıqda təmin edilməsi, müəllimin tələbələrlə yanaşı çalışaraq onları sadəcə yönəltməsi ön plana çəkilir. Müəllim rəhbər deyil, son söz sahibi olan böyük şəxs deyil, o, təcrübəli ustadır, məşqçidir. Kredit yığma (qazanma) əsasında qurulan təhsil modeli məhz tələbə mərkəzli sistemdir, bu sistemdə hər tələbənin yalnız özünə məxsus irəliləmə trayektoriyası olur.
Ali məktəbin tələbələrlə ilk təması onların ali məktəbə qəbulu ərəfəsində baş verir. Ali məktəblər şəbəkəsi bütövlükdə götürüldükdə tələbə olmaq istəyənlərin hamısının arzusunu yerinə yetirə bilmir. Hətta yüksək inkişaf etmiş ölkələrdə də ali təhsil almaq arzusunda olan, amma bunu gerçəkləşdirə bilməyənlər mövcuddur. Onlara mane olan əsas amil isə hər-hansı qadağa deyil, ancaq maliyyə çətinliyidir. ABŞ-da ödənişsiz ali təhsil mövcud olmadığı üçün imkansızlar yalnız uyğun fondlardan uzun müddətli və aşağı faizli (illik 6-8% ətrafında) borc götürməklə təhsil ala bilir. Avropa Birliyi və Yaponiyada dövlət ali məktəbə daxil olmaq istəyənlərin yalnız bir qisminin xərcini öz üzərinə götürür, digərləri isə ödənişli təhsil almalı olur. İnkişaf etməkdə olan ölkələrdə isə yoxsulluq dərəcəsi yüksək olduğu üçün ödənişli təhsil ala bilməyənlər çoxdur; buna əsas səbəb tələbələrə əlverişli şərtlərlə borc verilməməsidir. Ödənişli təhsil almağa imkanı olan gənclər isə hökumətin qadağalarına görə ali məktəbə qəbul ola bilmirlər, yəni ölkədə ali təhsil əlyetən deyil.
Ali məktəblərə qəbul mexanizmi necədir? Şimali və Mərkəzi Avropada ali məktəblərə qəbul ya orta məktəb imtahanlarındakı orta qiymətə görə, ya məzunluq imtahan qiymətlərinə görə aparılır, yəni xüsusi qəbul imtahanları keçirilmir. Bəzən də tələbə qəbulu ali məktəbə qəbul imtahanları vasitəsi ilə aparılır (orta məktəb məzunluq imtahanları olmayan hallarda) və ya qəbul üçün hər iki imtahanın nəticəsi nəzərə alınır. Əlbəttə, özəl ali məktəblərə tələbə qəbulunu hər yerdə həmin ali məktəblər özü aparır, dövlət bu işə qarışmır (cüzi istisnalarla).
Ali məktəbə qədəm basan tələbələrlə ilk mühüm iş tələbə orientasiya, istiqamətləndirmə günlərinin keçirilməsidir. Tələbənin qəbul olunduğu ali məktəb və ümumiyyətlə, ali təhsil haqqında təsəvvürləri qısa zamanda genişləndirilməli, tələbə öz ali məktəbini doğma ev, vətən, alma-mater kimi hiss etməlidir. Orientasiyanın vizual və şifahi tərəfi ilə yanaşı yazılı və elektron materialların mövcudluğu vacibdir-tələbələrin Universitə web-sitesi, Universitə kataloqu, müxtəlif qayda və məlumat kitabçaları, o cümlədən tələbə yaddaş kitabçası ilə yaxından tanış olması zəruridir.
Dərslər başlanarkən tələbələr hər fənn üzrə ali məktəbin web-sitesi (internet səhifəsi) vasitəsilə əvvəlcədən və ya ən geci ilk dərs zamanı müəllim tə-rəfindən dərsin məzmun, forma və imtahan prinsipi barədə məlumatların daxil edildiyi fənn-dərs planı (İngiliscə “syllaby”) ilə tanış edilməlidir. Fənn-dərs planı uyğun fənnin məzmunu və biliyin qiymətləndirilməsi barədə müəllimlə tələbələr arasında bağlanmış müqavilə kimi də şərh oluna bilər.
Tələbələrə maliyyələşmə mənbələri, o cümlədən dövlət qaynaqları, bank sistemi, borc və kredit götürmə imkanları, yerli və beynəlxalq fondlar, adlı və xüsusi məqsədli təqaüdlər və s. barədə məlumat və məsləhətlərin verilməsi inkişaf etmiş ölkələrdə adi hala çevrilmişdir, keçid dövründə olan ölkələrdə isə bu cür xidmətlər yenidir və məzmun cəhətdən kasıbdır. Keçid dövründə olan və ödənişli təhsilə geniş yol verən hökumətlərin böyük əksəriyyəti, təəssüf ki, tələbələrə dayaq ola biləcək maliyyələşdirmə və borc götürmə sistemi hazırlamayıb. Aşağı (bakalavr) və yuxarı bütün təhsil pillələrində oxumaq istəyən tələbələrə borc götürmək imkanı yaradılmalıdır. Təhsil müddəti başa çatdıqdan bir qədər, məsələn, iki il sonra borclar qaytarılmağa başlanılır və bu, məsələn, 10 il ərzində başa çatdırılır. Ali təhsil almaq istəyənlərə ölkəmizdə faizsiz və ya çox aşağı faizlərlə borc verilməsi məsələsinin Neft Fondu və ya xüsusi qurulmuş digər fond çərçivəsındə həll olunması da mümkündür.
Tələbələrə psixoloji, tibbi və hüquqi sahələrdə məsləhətlər verilməsi və ilkin yardımın edilməsi də çox vacibdir; bu işlər, adətən, xüsusi mərkəzlər vasitəsi ilə görülür. Bəzi xidmətlər, məsələn tədrislə bağlı məsləhətlərin verilməsi, uyğun fakültə və ya departmentin yanında, onların iştirakı ilə göstərildiyi halda, digər xidmətlər, məsələn psixoloji yardım daha mərkəzləşdirilmiş qaydada təşkil edilir.
Tələbələrin idman və incəsənətlə məşgul olması həm tələbə həyatının canlı və məzmunlu keçməsinə kömək edir, həm ali məktəblə tələbəni bir-birinə qovuşdurur, tələbələri bir-birinə yaxınlaşdırır.
Ali məktəbdə fəaliyyət göstərən tələbə birlikləri tələbə həyatının təşkilində və ümumiyyətlə ali məktəbin həyatında mühüm rol oynayır. Qərb dünyasında bir ali məktəb daxilində qeydiyyatdan keçmiş yüzlərlə tələbə birlikləri, klub və təşkilatları, dərnəkləri fəaliyyət göstərir. Ağla gələn hər ideya bir birliyin əsasında dayana bilər- tədrisdə nümunə, vətəndaşlıq, yerliçilik, siyasət, din, elmin müxtəlif sahələrinə maraq, idman, mədəniyyət və incəsənət kimi. Tələbə birlikləri liderlik, özünüidarə kimi xüsusiyyətlərin və bir sıra bacarıq və vərdişlərin, o cümlədən biznes vərdişlərinin inkişafında da rol oynayır.
Fiziki və mental qüsurları olan tələbələrin xüsusi qayğıya və xidmətə ehtiyacı olduğu aydındır. Təəssüf ki, keçid dövründə olan ölkələrdəki ali məktəblərin bu halda da öyünməli cəhətləri çox deyil.
Ali məktəblərdə tələbələrə və yeni məzun olanlara dayaq duran ən vacib xidmətlərdən biri peşə-məşğulluq mərkəzlərinin (career centers) fəaliyyət göstərməsidir. Tələbələri işə düzəlmə psixologiyası və üsulları ilə tanış edən bu mərkəz işverən şirkət və təşkilatlarla yuxarı kurs tələbələri arasında əlaqələr yaratmağa, onları bir-birinə yaxınlaşdırmağa çalışır. Məzunlar assosiasiyasının qurulmasına və fəaliyyətinə kömək etmək də ali məktəbin ciddi işlərindən biridir.
Ali məktəbin idarəedilməsində, o cümlədən də keyfiyyətin artırılması prosesində tələbələrə və məzunlara rol ayrılması mühüm məsələdir.
Ali məktəbdə beynəlxalq tələbə mərkəzinin fəaliyyəti, yəni beynəlxalq tələbə xidmətinin təşkili xarici tələbələrin ali məktəbin həyatına rahat daxil olmasını asanlaşdırır, onları təcrid olunma təhlükəsindən qoruyur, eyni zamanda ali məktəbi müxtəlif mədəniyyətlərin, irq, din və dillərin bərabər mövcud olduğu və bir-birini zənginləşdirdiyi, hətta bir-birini həvəsləndirdiyi məkana çevirir. Mövcud stereotiplərin aradan qaldırılmasında, tələbələrin xoşqılıqlı olmasında, fərqli din, mədəniyyət və irqləri yaxından tanımasında ali məktəbdəki beynəlxalq mühit həlledici rol oynayır. Ali məktəblərimizdə xarici tələbələrin təhsil alması müəllimlərin məsuliyyətini artırır, həmçinin ali məktəbi müəllim seçimində daha diqqətli olmağa məcbur edir. Əlbəttə ki, xarici tələbələrin ölkəmizin xoş məramlı elçilərinə çevriləcəyi də siyasi cəhətdən mühümdür.
Qloballaşma ilə internasionallaşma.
Yollar, meyl və əlamətlər
Qloballaşma ilə internasionallaşma fərqli hadisələrdir. Böyük güclərin yaxın iştirakı ilə baş verən qloballaşma sərbəst bazar iqtisadiyyatı və texnoloji inkişafın törəməsi, məhsuludur. Rabitədə və kompüterləşmiş informasiya sistemlərində fövqəladə sıçrayış bütün dünya boyu iş qurmaq imkanı verir. Universitələrin dünya üzrə sıralandırılmasını, çoxsaylı reyting cədvəllərinin meydana çıxmasını da qloballaşmanın nümayişi saymaq olar. Qloballaşmış iqtisadiyyat rəqabətin həddindən artıq genişləndiyi və qaynaqların çoxaldığı dünya deməkdir. Ziddiyyətli xarakter daşısa da, müəyyən istismara yol açsa da, qloballaşma hadisəsi dünyanı bütövləşdirir. Korporasiyaların ucuz işçi qüvvəsi dalınca başqa ölkələrə baş vurması da buradan gəlir. Qloballaşmanın güclənməsi ilə sosializmin çökməsi eyni vaxta düşdü və azad iqtisadiyyat dünyanı tam bürüdü (Robert M. Berdahl-2008).
Dünya Bankı, Beynəlxalq Maliyyə Fondu, Dünya Ticarət Təşkilatı kimi, millətlərarası nəhəng korporasiyalar kimi qlobal güclərin hakimiyyəti dövründə ayaq üstündə qalmaq, sonra yerimək, yürümək və zəngin ölkələr sırasına daxil olmaq fövqəladə dərəcədə çətindir. Nəzəri imkan bilik iqtisadiyyatındadır, elm və təhsilin iş dünyası ilə birliyindədir, dövlətin bu işi çox mühüm hesab etməsindədir.
Internasionallaşma milli olanın beynəlxalq aləmə çıxarılmasıdır, lakin nəzarət və idarəetmə əsasən milli olaraq qalır. Qloballaşma isə milli sərhədlərinin aşılmasıdır, millinin nəzarətindən çıxıb dünya bazarına daxil olmaqdır, sərhədlərdən kənarda sərmayə qoyuluşudur. Qlobal bazarı milli hökumət tənzimləyə bilmir. Qloballaşma özəlləşmənin böyük miqyasa çatmasıdır. Ali təhsil sahəsinin qloballaşmaya bu qədər məruz qalacağını, bəlkə mütəxəssislər də gözləmirdilər. Qapalı bir dövlət olan Çində hal-hazırda 1400 ətrafında xarici ali məktəblərin bu və ya başqa formada fəaliyyət göstərməsinə icazə verilibdir!
Ali təhsildə internasionallaşma əsasən tələbə və elmi işçlərin, idarəedənlərin və müəllimlərin beynəlxalq aləmə çıxışının artması, həmçinin müxtəlif təhsil modellərinin tətbiqi ilə əlaqədardır. Qloballaşma isə ali məktəbin məkanı mühüm dərəcədə aşma qabiliyyətidir. Buraya filialların qurulması, başqa təhsil ocağına lisenziya verilməsi (françayz etmə) də daxildir. Amerikanın, Avstraliyanın, Avropanın və bəzi digər bölgələrin universitələri bu üsuldan istifadə edərək, Çin, ərəb dünyası və digər yerlərdə birbaşa fəaliyyət göstərirlər.
Xarici tələbələrin cəlb edilməsi bütün dünyada ali məktəblərin ən əsas qayğılarından birinə çevrilib. Bir ölkənin gənclərini oxutmaq əvəzinə bütün dünya gənclərini potensial tələbəsi kimi görmək ali məktəbin ən böyük arzusudur və bu, heç də fantastik arzu deyil, sadəcə “dünya içində dünya universitəsi” olmağa çalışmaq lazımdır. 2005-2006-da təhsil eksportu Avstraliyaya 10 milyard Avstraliya dolları gəlir gətirmişdi, bu, turizmdən sonra ikinci yer deməkdir, yun və taxıl kimi Avstraliyanın ənənəvi məhsullarından daha çox deməkdir! (John Niland-2008). Xarici tələbələrin gətirdiyi pullar Birləşmiş Ştatlar kimi nəhəng iqtisadiyyata malik ölkənin beşinci ən böyük xidmət iqtisadiyyatıdır (David Ward-2008).
Təhsildə qloballaşa bilənlər əsasən tədqiqat yönlü ali məktəblərdir, yalnız onlar böyük nüfuz sahibidir, sənaye və iş dünyası ilə yalnız onlar dostluq edə bilirlər..
Təhsil ocaqlarının ölkə daxilində, bir qrup ölkəni əhatə edən bölgələrdə və beynəlxalq aləmdə geniş əməkdaşlıq şəbəkələrinin qurulması qloballaşma dövründə güc qazanma cəhətdən zəruriyyətə çevrilmişdir. Təhsil siyasəti üzrə məsləhətləşmələr, birgə dərəcə (joint degree) və ya iki diplom verilməsinə (double degree) hesablanan proqramlar və onların akkreditasiyası təhsildə keyfiyyətin artırılması probleminin həllinə də kömək edə bilir. Bologna Prosesinin tərkib hissəsi kimi Avropa ali məktəblərində birgə magistr və doktor proqramlarının işlənilməsi və birgə dərəcələrin verilməsi nəzərdə tutulmuşdur; bu, hal-hazırda Avropanın çox yerində həyata keçirilməkdədir. Bu şəbəkəqurma fəaliyyəti, təhsil ocağının müstəqilliyini möhkəmlətməkdə, onun hökumətdən asılılığını azaltmaqda da mühüm rol oynayır. Ölkəmizdə bu işi görmə qabiliyyəti olan ali məktəblərə yaşıl işıq yandırmaq lazımdır.
Azərbaycan beynəlxalq tələbə mərkəzinə çevrilmək potensialına malikdir. Mülayim iqlimə və cəlbedici mədəniyyətə malik Azərbaycanı, genişlənən Avropanın bir parçası kimi, dünyanın hər yerindən, xüsusilə də Yaxın Şərq, Hind-Çin dünyası və Afrikadan gələn tələbələr ölkəsi kimi təsəvvür etmək çətin deyil; bu ölkələrdən bir dəstə tələbə artıq Azərbaycanda təhsil almaqdadır.
Ali məktəblərin fiziki və ruhi cəhətdən sağlamlaşması, tədris plan-proqramlarının müasirləşməsi, bürokratik əngəllərin aradan qaldırılması, ali məktəblərə ilin istənilən vaxtında bu tələbələri dəvət etmək imkan verilməsi Bakını müxtəlif millətlərin və mədəniyyətlərin özünü rahat hiss etdiyi elm, təhsil, mədəniyyət ocağına çevirə bilər. Bu məsələnin siyasi və iqtisadi əhəmiyyəti də çox böyükdür.
Sənaye-iş dünyası,
yüksək texnoloji inkişaf və ali təhsil
Info-bio-nano texnologiyalar! Yeni elmi kəşflər edən, onların tətbiqlərini axtarıb tapan, onları iş dünyasına gətirə bilən ali məktəb-sənaye-iş dünyası birliyi bəşəriyyəti irəli aparan əsas qüvvədir!
Yüksək araşdırmalar gücünə sahib olan ali məktəblə sənaye-iş dünyasını birləşdirən koridor varmı, varsa nədir? Kiçik koridora inkubator deyilir, burada elmi ideya və texnologiyaların tətbiqi ilə kiçik iş qurmaq, onu şirkətə çevirmək məsələsi qoyulur. Böyük koridor isə texnoloji park (texnopark) adlanır, inkubatordakına bənzər iş geniş miqyasda və daha dərindən görülür. Ali məktəbdə çalışan alimlər texnoloji parklar vasitəsi ilə sanki iş dünyasının, böyük şirkət və korporasiyaların tədqiqat və inkişaf bölməsi (Research and Development Division) roluna sahib çıxırlar. İstedadlı tələbələr, xüsusilə yuxarı dərəcə (magistr, doktor) almaq üçün oxuyanlar burada praktikadan gələn məsələlər ətrafında tədqiqat aparır, eyni zamanda iş dünyasına bağlanırlar. Azərbaycanda bu sahədə nə qədər maarifləndirmə işi aparılsa da, inkubator işində kiçik işlər görülsə də, təəssüf ki, ciddi bir nəticə əldə edə bilməmişik.
Ölkənin strateji inkişafı təbiət elmləri, xüsusilə bio-tibbi sahə və mühəndislik-texnologiya ilə bağlıdır, dünya universitələri əsasən bu istiqamətdə yarışırlar. Onu da qeyd edək ki, bilik iqtisadiyyatının rolunu hamıdan birinci dərk edən çox böyük şirkətlər öz daxilində intellektual güc toplamağa çalışırlar; bəzi şirkətlərdə işləyən Nobel mükafatı laureatlarının və digər nüfuzlu alimlərin sayı universitələrin çoxu üçün əlçatmazdır.
Yaponyada universitələrlə sənaye-iş dünyası arasındakı münasibətlərə misal: birgə tədqiqat layihələrinin sayı 1991-də 1139 idi, 2004-də isə 9378 oldu, bu müqavilələrin dəyəri həmin müddətdə 5 dəfə artdı! (Yuko Harayama and Rene Carraz-2008).
Çindəki Tsnghua universitəsinin öz holdinqi var (təxminən 260 milyon dollarlıq kapitala sahib). Bu holding bilik iqtisadiyyatı sahələrinə sərmayə qoyur. Sənaye-universitə münasibətləri Qərbə nisbətən Çində daha sıx birgə iş ideyasını həyata keçirməkdədir. Tayvan və Sinqapurda elm parkları dövlətin köməyi ilə nəhəng ölçülər almışdır. Sinqapur Asiyanın biotibbi tədqiqat və həmçinin ali təhsil qovşağına çevrilmək məqsədini qarşısına qoymuşdur. Faktik olaraq bir şəhərdən ibarət bu kiçik ölkədə xarici tələbələrin sayı səksən mini keçib (Tony Tan Keng Yam-2008). Burada 1982 və 2000-ci illər arasında Elm parkından təqribən 300 texnologiya şirkəti yaranmışdır (Wayne C. Johnson – 2008).
Universitə-Biznes-Sənaye münasibətləri tətbiqi məsələlərin həlli ilə fundamental məsələlərin həllini sintez etməyə imkan yaradır. Neft və qaz mühəndisliyi, digər texnoloji sahələr, kompyuter elmləri, iqtisadi və siyasi tədqiqatlar, biologiya, səhiyyə, təhsil üzrə maraqlı tədqiqatlar bu baxımdan maliyyə qaynaqları cəlb edə bilir.
Xəzər Universitəsinin işləyib hazırladığı və həyata keçirməkdə olduğu bir əməkdaşlıq modeli barədə qısaca məlumat, zənnimcə, yerinə düşür. Üçbucaq təhsil-sənaye modeli üç tərəfin iştirakını nəzərdə tutur – 1) Xəzər universiteti, 2) şirkət və ya korporasiya, 3) nüfuzlu xarici ali məktəb. Şirkətin qaldırdığı problemlər, məsələn, zəruri tədqiqat işinin aparılması, ixtisasartırma kurslarının təşkili, işçilərin ehtiyac hiss olunan sahə üzrə magistratura pilləsində hazırlanması iki ali məktəbin birlikdə səyi nəticəsində həll edilir. Ali məktəblərin hər biri təklikdə bu problemi lazımı səviyyədə həll etməkdə çətinlik çəkə bilər (kadrlar, məsafə, diplom və s. kimi məsələlər birgə fəaliyyət nəticəsində daha yaxşı həll olunur). Şirkət, öz növbəsində, ali məktəblərin tədqiqatçı müəllimlərinin təkmilləşdirilməsi üçün maliyyə qaynağı açmaqla, tələbələrə bütün təhsil boyu təqaüdlər təyin etməklə hər iki ali məktəbin inkişafına öz töhfəsini verir. İki ali məktəbin bir-birinə yaxınlaşması, tədqiqatların daha lazımlı sahələrə yönəlməsi, sənaye-iş dünyası ilə əlaqənin inkişafı da hər iki ali məktəb üçün faydalıdır. Böyük Britaniya və Norveç ali məktəbləri, BP və StatoilHydro kimi şirkətlərlə tərəfdaşlığı nəzərdə tutan belə üçbucaq modelinin həyata keçirdiyimiz bir variantı Dünya Bankının 3-cü Bilik İqtisadiyyatı Forumunda ən çox bəyənilən layihələrdən biri olmuşdu (Budapeşt, 23-26 mart, 2004).
İş dünyası, sənaye, elm, ali təhsil və dövlətin birliyi – budur inkişafın təməli!
İlk dəfə öz əqli məhsulunu cəmiyyətə açıq elan etmək işində MIT böyük, o vaxta qədər görünməmiş addım atdı - internetdə 1800-ə yaxın fənnə açıq giriş elan etdi (OpenCourseWare – AçıqFənn Toplusu). Fənnin planı, mühazirə mətnləri, misal-məsələ həlli, laboratoriya və layihə işlərinin planı, imtahan materialları...açıq, ödənişsiz istifadəyə verildi. Dünyanın hər yerində həm müəllimlər, həm tələbələr bu xəzinədən faydalanırlar (Azərbaycanda bu imkandan istifadə edənlər barədə eşitməmişəm). Müxtəlif ölkələrdə buna bənzər digər addımlar da atıldı, o cümlədən “OpenCourseWare” Çində mandarincəyə və ispandilli ölkələrdə ispancaya tərcümə edilir. Ən görkəmli işlərdən biri Google-2007 print kitabxana layihəsi oldu – bir sıra universitələrin kitabxanasını rəqəmləşdirmək, scan-elektron surət çıxarmaq yolu ilə dünyaya açmaq işi başlanıldı (məsələni nisbətən məhdudlaşdıran yeganə cəhət müəllif hüquqlarının qorunmasıdır). Bu cür açılmalar təhsilə heyrətamiz imkanlar verir və bu cür universitələr dünyanı əhatə edən, dünyaya yayılan “Meta Universitə”yə çevrilirlər (Vest-2006). İnsanın meydana gətirdiyi bütün yazılı qaynaqları cəmi insanlara çatdırmaq imkanı bəşəriyyətin hər zaman arzuladığı azad və bərabər imkanlar dünyasının qurulması işinə böyük xidmətdir. “Məkan, zaman, monopoliya və ya arxaik qanunlarla məhdudlaşmayan, bilik cəmiyyətinin ehtiyaclarına cavab verən, texnologiya ilə əl-qolu açılmış və bütün bəşəriyyətə xidmət etmək gücünə malik qlobal universitet” (James J. Duderstadt-2008) qurmaq arzusu gözəldir! Bu yolda sadalanan əngəllərə bizim cəmiyyətə xas olan stereotipləri, önyarğıları, ortalama yanaşmaları da əlavə etmək olar.
İnternet dünyasının ən maraqlı lıayihələrindən biri hər bir insanın yaza bildiyi və düzəlişlər edə bildiyi “Wikipedia” adlı virtual ensiklopediyadır. Bu xəzinəni həmişə ensiklopediya nümunəsi hesab olunan “Encyclopaedia Britannica” ilə müqayisə edirlər. Sonuncunun elmi dəqiqliyi həlledici üstünlük kimi göstərilir. Bu belədir, lakin əhatə genişliyi, durmadan yeniləşməsi, zamanla yanaşı addımlaması “Wikipedia”nın böyük üstünlüklərini ortaya qoyur. Maraq üçün Azərbaycan və azərbaycanlılar mövzusunu iki ensiklopediyada müqayisə etsək müqayisəedilməz nəticələrə gəlib çıxarıq. Bir tərəfdə Qara Qarayevi erməni bəstəkarı kimi qələmə verən, mövzumuzu çox xəsisliklə işıqlandıran “Encyclopaedia Britannica”nı, digər yanda mövzumuzu çox geniş əhatə edən, ilk addım üçün kifayət qədər və düzgün məlumat verən “Wikipedia”nı görəcəyik.
İnformasiya texnologiyaları cəmiyyəti dəyişdirən, köhnəni yeni ilə əvəz edən, köhnəni yeniləşdirən qüvvədir.
Dünyamızda məsafələr azalıb, obrazlı dildə məsafələrin yox olduğunu, öldüyünü deyirlər. İnternet dünyası insanları, müxtəlif qurumları, xalq və dövlətləri “bizi təcrid ediblər” ah-vayından azad edib. Nə istəyirsən yaz, göstər, səsləndir və dünyanın elan lövhəsinə - internetə yerləşdir ki, hamı oxusun, görsün, eşitsin, xəbərdar olsun. Artıq dünyanın elektron bütövlüyü haqqında cəsarətlə danışmaq olur. Gənclər, xüsusilə yeniyetmələr yeni kompüter-internet sivilizasiyasının üzvləridir, elektron dünyanın vətəndaşlarıdır.
Milli İnternet ərazilərinin- xüsusi ünvanların (National Domains) sayına görə vəziyyətimiz elə də ürəkaçan deyil, 2007-ci ilin sonlarına olan məlumatdan bəzi misallara baxaq: Niderland – 17 400 000, Çex Respublikası – 6 230 000, Türkiyə – 1 160 000, Estonia – 479 000, Gürcüstan – 68 000, Ermənistan – 60 800, Monqolustan – 20 300, Azərbaycan – 19 300. Ölkə əhalisinə nisbətdə internet ərazilərinin həcminə görə isə (2 milyon 692 min səhifə) internet ərazilərinin sayı ilə müqayisədə azca yaxşıyıq – dünyada 89-cu yerdəyik (Estoniya –10, Ermənistan – 69, Gürcüstan –72-cidirlər).
Ali təhsilin maliyyələşdirilməsi
Təhsil sisteminin maliyyələşdirilməsi dövlətin əlində təhsil sisteminin idarəedilməsi üçün əsas ideya və üsuldur, bütün inkişaf etmiş ölkələrin təcrübəsi bunu söyləyir. Üstəlik “hərə layiq olduğu yeri tutsun” prinsipinin kökündə də ali məktəblərin dövlət tərəfindən müsabiqə əsasında maliyyələşdirilməsi nəzərdə tutulur. Bu gün ölkəmizdə istifadə olunan ali məktəblərin dövlət tərəfindən birbaşa maliyyələşdirilməsi mexanizmi qəti surətdə müasir meyllərə cavab vermir, ali məktəblərin rəqabət əsasında inkişafına xidmət etmir, daha doğrusu, bu inkişafa mane olur.
Əvvəl də qeyd etdiyimiz kimi, əsl ali məktəblər qlobal rəqabətə davam gətirməlidir, bütün dünya üzrə yarışda iştirak etməlidir. Ali təhsil sistemimizdə rəqabətin aparıcı gücə çevrilməməsi, azad rəqabət şəraitinin yaranmaması ali məktəblərimizin inkişafdan qalmasının əsas səbəblərindən biridir. Azərbaycanda yaxşı ya pis, keyfiyyətli ya keyfiyyətsiz təhsil verməsindən asılı olmayaraq bütün dövlət ali məktəbləri onlara dövlət tərəfindən ayrılmış “pay”ı alır. Əslində isə dövlət ali məktəbi deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında (və ya orta məktəbi bitirmək üçün keçirilən obyektiv imtahanlarda) uğur qazananları birbaşa maliyyələşdirsəydi və onlar bu maliyyə vəsaitini seçdikləri, ürəkdən istədikləri ali məktəbə təqdim edərək orada oxusaydılar, bütün maraqlı tərəflər qazanardı. Dövlət maliyyələşdirməni artırmadan onun daha ədalətli paylanmasını təmin edər, ali məktəblər dövlət təhsil təqaüdünü qazanan tələbələri cəlb etmək üçün keyfiyyəti artırmaq yolu ilə daha müasir və cazibədar olmağa çalışardı. Bu paylanma vasitəsi ilə özəl ali məktəblər də dolayı yolla dövlətdən layiq olduqları köməyi almış olardı. Oxumaq arzusunda olanlar isə pulsuzluqdan məcbur olduqları pulsuz və keyfiyyətsiz ali məktəb əvəzinə ürəkdən seçim edə bilərdi.
Ali məktəbə qəbul olan tələbələri maliyyələşdirməklə yanaşı dövlət müstəqil akkreditasiyanın rəyi və ali məktəbin təqdim etdiyi əsaslandırılmış layihə əsasında hər ali məktəb üçün müəyyən özək (ingiliscə çox işlənən “core”) vəsait də ayırmaqla maliyyələşmə sisteminin ilk iki xəttini müəyyən etmiş olardı. Maliyyələşmənin üçüncü xətti ali məktəbin öz tədqiqat və inkişaf (R&D) xarakteri daşıyan layihələri əsasında milli və beynəlxalq fondlardan aldığı vəsaitlərdən, dördüncüsü isə ali məktəbə bağışlanılan vəsaitlərdən təşkil oluna bilər. Bağışlanılan vəsait ali məktəbin sərbəst, gəlir gətirən, sərmayə edilə bilən fondudur (İngiliscə “endowment”).
Yaponiyada 2001-ci il universitə islahat proqramı tərəfsiz qiymətləndirmə və müsabiqə yolu ilə bütün ali məktəblərin (milli-dövlət, dövlət və özəl) inkişafı, yüksək standartlara cavab verməsinə mütənasib maliyyələşdirilməni ön plana çəkdi. Onu da qeyd edək ki, 2001-də Təhsil, Elm, İdman və Mədəniyyət nazirliyi Elm və Texnologiya Agentliyi ilə birləşdirilərək Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya nazirliyinə çevrildi. Eyni zamanda dövlət universitələrinin cari xərclərinin hər il müəyyən miqdarda azaldılması da qərara alındı.
Rusiyada 2006-cı ildə təqdim edilmiş ən yaxşı layihələrə əsasən keçirilən yarışın nəticəsində 17 ali məktəb birinci dərəcəli, 40-ı isə ikinci dərəcəli qalib elan edildi; hər ali məktəb iki il müddətinə 8 milyon dollarla 40 milyon dollar (ekvivalent) arasında maliyyə yardımına layiq görüldü. Bu maliyyə yardımının təyinatı mühüm cihazlara və aparıcı xarici universitələrə göndərilmək də daxil olmaqla elmi-tədqiqata kömək idi (Vladimir Troyan-2008).
Çində dünya səviyyəli müəyyən sayda ali məktəbin yaranmasına kömək məqsədilə 1998-ci ildə Çin hökumətinin başçısı yeni proqram elan etdi. Müsabiqə əsasında seçilən ali məktəblər hökumətdən böyük maliyyə dəstəyi aldılar, 9 ali məktəb xüsusi fərqlə irəli çəkildi (Jie Zhang-2008).
Bir daha qeyd edək ki, maliyyələşdirməni tam dövlət işi hesab edənlər böyük azlıqda qalacaqlarına şübhə etməsinlər. Amerika Birləşmiş Ştatlarında maliyyə qaynaqlarının 25 %-i federal ştatdan, 20%-i mərkəzi dövlətdən, 55%-i isə özəl bölmədən (təhsil haqqı, korporasiyalar və xeyriyyəçilikdən) gəlir. Bu balans özəl bölməyə doğru dəyişməkdədir. Bir çox iri tədqiqat yönlü ictimai (public) universitələrin dövlətdən aldığı cəmi kömək onun maliyyəsinin 20-25 (və ya daha aşağı) faizini təşkil edir.
Dostları ilə paylaş: |