161
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4 Sosial-siyasi elmlər seriyası 2011
UOT 101.1.:316 (Sosial fəlsəfə)
SOSİAL İNTELLEKT VƏ MENTALİTET TƏCRÜBƏSİ:
SOSİAL-PSİXOLOJİ TƏHLİL
S.H.ƏLİYEVA
Bakı Dövlət Universiteti
sahibe71@mail.ru
Məqalədə intellekt və mental təcrübənin əlaqəsi göstərilir. İntellektual məkanda
mentalitetin psixoloji analizi koqnitiv nöqteyi-nəzərdən izah olunur.
Açar sözlər: koqnitiv təfəkkür, intellekt, mental təcrübə, mental struktur, mental mühit
Ən geniş mənada intellekt yüksək inkişaf etmiş və mürəkkəb orqanizm-
lərin psixi fəaliyyətinin xüsusi funksiyası kimi başa düşülür [1]. O, həmçinin
informasiyanı yaddaşda saxlamaq və ötürmək qabiliyyəti, yeni biliklərin
potensialı əsasında rasional qərarın qəbul olunması, məqsədlərin müəyyənləş-
dirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, ətraf mühitdəki hadisələrin
giymətləndirilməsi kontekstində şərh olunur. İntellekt, təfəkkür kimi mövcud
mental strukturlar şəklində fərdi mental təcrübənin təşkili formasıdır. Həmin
strukturlar mental məkanı yaradır [7]. İntellekt, sosial fenomen olaraq, praktik
fəaliyyət prosesində formalaşır. Obyektiv gerçəkliyin məntiqinə söykənən
hərəkət təfəkkürün də inkişafı gedişini müəyyənləşdirir. Lakin bu iki anlayışı
bir-birinə müncər etmək düzgün olmazdı, çünki təfəkkür prosesdir, intellekt
isə həmin prosesin keyfiyyəti kimi başa düşülür [6, 285] intellekti insan
tərəfindən gerçəkliyin dərk olunmasının əsas keyfiyyət mexanizmi də hesab
etmək mümkündür. Qeyd edək ki, ədəbiyyatda intellektin funksiyaları olaraq
öyrənmək qabiliyyəti, simvollardan istifadə etmək, ətraf mühitin qanunlarını
fəal mənimsəmək kimi cəhətlər göstərilir. Bu keyfiyyətlərdən çıxış etsək, biz
intellektin sosial təbiətə malik olması fikrini də söyləyə bilərik. Tədqiqatçı
M.A.Xolodnaya hesab edir ki, intellektin təbiətini öyrənmək üçün «İntellekt
nədir?» sualına deyil, ilk növbədə «intellekt öz xüsusiyyətlərinin daşıyıcısı
kimi nə deməkdir?» sualına cavab axtarmaq lazımdır [7,121-128]. Onun
fikrincə, intellektin daşıyıcısı fərdi mental təcrübədir. Bu kontekstdə bizə elə
gəlir ki, intellektin təbiətinin dərkində «mentalitet təcrübəsi» anlayışının araş-
dırılması mühüm metodoloji rol oynayır. Qeyd edək ki, həm intellekt, həm də
onun təbiətinin öyrənilməsində zəruri olan mentalitet sosial-psixoloji idrakın
162
müəyyən pilləsini təşkil edirlər. Sosial-psixoloji reallığın özü bir bütövlükdür.
Məsələ bundadır ki, psixoloji reallıq öz sosial mahiyyətindən təcrid olunarsa,
eləcə də, sosial bütövlüyün psixoloji əsaslarına nüfuz edilməzsə, onun tədqiqi
mümkün deyildir. Ümumiyyətlə, sosiallıq istər intellektin, istərsə də menta-
litetin təbiətinə, düşüncənin mental strukturlarına xasdır. Sosiallıq konkret
cəmiyyətdə ictimai münasibətlərin bu və ya digər xassə və xüsusiyyətlərinin
məcmusudur. Sosiallıq elə bir ümumi xüsusiyyətdir ki, o fərdlərin və müxtəlif
qrupların, ictimai münasibətlərin bu və ya digər xüsusiyyətlərinin inteqra-
siyasının nəticəsi kimi çıxış edir. Müxtəlif sosial oriyentasiyalı fərdlər və
qruplar arasında münasibətlərin xarakteri və məzmunu onların cəmiyyətin
ayrı-ayrı ictimai strukturlarında tutduqları konkret mövqedən və oynadığı
roldan asılıdır. Sosiallıq müxtəlif fərdlərin birgə fəaliyyətinin nəticəsidir [10,
478]. Bu səbəbdən, sosiallıq anlayışı məzmununa görə təbii və bioloji feno-
mendən daha geniş anlayışdır. Bu mənada, sosial psixoloji mühitdə formalaşan
intellekti, mentaliteti sosial təbiətsiz təsəvvür etmək mümkün deyildir. Bu
mülahizəni geniş kontekstdə götürsək, deyə bilərik ki, anlayışların və kate-
qoriyaların meydana gəlməsi problemin qoyuluşunun metodoloji şərtidir.
Ən ümumi şəkildə intellekt mövcud strukturlar şəklində fərdi mental
təcrübənin təşkili formasıdır , onda biz burada mental məkan, mental struktur-
lar və mental təcrübə anlayışlarını da açıqlamalıyıq.
Mental məkan deyərkən inikasın elə bir subyektiv diapozonu nəzərdə
tutulur ki, bunun çərçivəsində müxtəlif fikri «yerdəyişmələr» mümkün olur [3,
385-411]. Mental məkan mental təcrübənin dinamik forması olub subyektin
sosial ətraf aləmlə idrakın qarşılıqlı münasibətlərində aktuallaşır. Belə məka-
nın daxilində müəyyən qaydada bir-birləri ilə əlaqəli olan mental obyektlər
mövcuddur, başqa sözlə, yaddaşdakı mental xüsusiyyətlərin üzə çıxmasıdır.
Özü də bu mental obyektlər həmin məkanın birbaşa münasibətlərdə olan ele-
mentləri, yaxud personajlarıdır. Ayrı-ayrı məkanlar nisbi müstəqil olsalar da,
bir məkandan digərinə informasiyanın ötürülməsi yolları da istisna olunmur.
Səciyyəvi cəhət budur ki, mental məkanlar real təcrübədə alternativ reallığı
qurmaq üçün mühüm ilkin şərtdir. Burada modelləşdirmə mülahizələrinə üs-
tünlük verilir, yəni yeni bir reallıq haqqında düşünərkən və təsəvvüründə onun
obrazını yaradarkən, insandan məkanı formalaşdırmaq, onun obrazını yarat-
maq qabiliyyəti, hər məkan üzrə bilikləri düzgün paylaşdırmaq bacarığı tələb
olunur. Belə bir keyfiyyət sosial yaddaşın biliklərini canlandırmağa, həmin bi-
liklərin düşüncədə tutduğu, kök saldığı səbəblərini öyrənməyə kömək edir. Bu
sözün əsl mənasında intellektual fəaliyyətdir, real hadisələrin subyektiv
mənzərəsini yaratmaq prosesidir. Başqa sözlə, həyatı problemləri subyektiv
meyarlar, fərdi ölçülər kontekstində görmək, özü də intellektin gücü sayəsində
dərk etmək mental təcrübə toplamaq formasıdır. Sosial gerçəklikdə hadisələr
dəyişdikcə mentalitetdə formalaşmış obrazlar da dəyişir. Geniş kontekstdə
götürülsə, sosial proseslərin subyektiv obrazını yaratmaq qabiliyyəti mentali-
tetin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Sosial hadisələrin insan
163
tərəfindən necə görüldüyünü və duyulduğunu özündə ehtiva edən bu obrazlar
mental təcrübənin məzmununu daha da zənginləşdirir. Bütövlükdə sosial idrak
prosesi olan bu faktor mental təcrübənin intellektual fəaliyyətdə xüsusi dəyəri
şərtləndirir. İnsanın sosial-intellektual imkanları ictimai- münasibətlər mühi-
tində fəaliyyət göstərən fərdlərin çoxlu sayda müxtəlif ideyaları, obyektiv
təsəvvürləri yaratmağa meylli olması ilə sıx bağlıdır. İnsanı sosial varlıq
statusunda təqdim edən ən mühüm ictimai keyfiyyətlərdən biri budur. Bu mə-
nada mental təcrübə insanın sosial mühitə idraki münasibətinin əsasında duran
subyektiv-fərdi, sosial-psixoloji vəziyyətləri sistemidir. Həmin mental təcrübə,
əslində obyektiv reallıq mənasında fərdilikdir [5, 5-15]
Koqnitiv (idrakı) təcrübə. Burada məqsəd isə idrak subyektinin əhatə-
sində baş verənlərin qanunauyğun, dayanaqlı aspektlərini şüurunda, yadda-
şında həkk etdirməkdir. Başqa sözlə, bu növ təcrübənin başlıca təyinatı ətraf
mühitin bütün səviyyələrdə düşüncəyə təsiri barədə cari, aktual informasiyanı
operativ surətdə işləməkdir.
İntensional təcrübə şəxsiyyətin mentalitetində fərdi intellektual meyllə-
rin mövcudluğundan xəbər verir. Bu təcrübənin təyinatı müəyyən predmet
sahəsi üzrə subyektiv meyarları, həll axtarışlarının istiqamətlərini, informasiya
mənbələrini və onların işlənməsi formalarını müəyyənləşdirməkdir. Belə bir
təcrübəyə söykənərək reqlamentləşdirilmiş vəziyyətlərdə normativ vəzifələrin
həllinə, qeyri-standart fəaliyyət sahəsində yeni ideyaların əldə edilməsinə, yeni
biliklərin və vərdişlərin mənimsənilməsinə nail olmaq mümkündür. Deməli,
burada söhbət sosial idrak fəaliyyəti, xüsusilə mentalitet üçün vacib problem-
lərə toxunulur: insan informasiyanı necə qavrayır və təhlil edir, öz intellektinə
necə nəzarət edir və ümumiyyətlə, belə bir nəzarət mümkündürmü? İkinci bir
məsələ: insan niyə məhz bu cür düşünür və öz məqsədi naminə intellektindən
necə istifadə edir. Bütün bu məqamlar «mentalitet» anlayışının açılmasında,
mentalitetin insanın idrakı fəaliyyətindəki rolunun başa düşülməsində müs-
təsna əhəmiyyət kəsb edir. İnsanın intellektual həyatını daim müşayiət edən
arxetiplər mifologiyanın, dinin, incəsənətin mənbəyi olmuşdur. Arxeotiplər
bizi ənənəyə və ənənəni xarici aləmin ziddiyyətlərinə uyğunlaşdıraraq, nəsillə-
rin varislik əlaqələrini təmin edir və mental həyat tərzinin qorunmasında yar-
dımçı olur. Bir daha qeyd edək ki, bu prosesdə instinktiv davranış üstünlük
təşkil edir. Ənənədən kənara çıxmaq, yəni arxetiplərə yenidən baxıb onları
təshih etmək mentaliteti gərgin vəziyyətə salmaq deməkdir Arxetip (yunanca -
ilkin obraz) mifologiyada nəzəri təhlildə geniş istifadə olunan anlayış, ilk dəfə
İsveçrə psixoanalitiki K.Yunq tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.
Arxetiplər mühüm təsir qabiliyyətinə malikdirlər. Arxetipləri boğmaq deyil,
əksinə olaraq diqqətlə yanaşmaq lazımdır. Biz bu problemə ona görə toxunduq
ki, intellektin formalaşmasında və mentalitetin ilkin ünsürlərinin yaranmasında
obrazlılıq mühüm komponentlərdən biridir. Ümumiyyətlə, obrazlı başlanğıc
hər bir mentallığın əsasıdır. Mentalitetlə mədəniyyətin bir-birinə təsir mexa-
nizmlərini nəzərdən keçirməzdən əvvəl «mentalitet» anlayışının tərifləri
164
barədə müəyyən mülahizələrin söylənilməsinə ehtiyac duyulur. Geniş mənada
mentalitet yalnız özünü identifikasiya deyil, yəni insanın özünü bu və ya digər
millətə, ictimai təbəqəyə, peşəyə, cinsə, yaşa aid etməsi deyil, həmçinin
özünün mənsubluğu, yəni mədəniyyət, dil və yaşadığı ərazisi, tarixi keçmişi və
davranış stereotipləri haqqında müəyyən biliklərdir. Etnopsixoloqlar bunu
«Biz» obrazı adlandırırlar. Bu təsəvvürlər həmişə emosional məzmun daşıyır-
lar. Dar mənada mentalitet insanın dünyaya münasibəti, ona reaksiya verməsi-
dir. Başqa sözlə, mentalitet müxtəlif sosial qıcıqlanmalara reaksiyanı şərtlən-
dirən dayanaqlı dünyaqavrayışı vasitəsidir. Mentalitetin nüvəsini, onun mahiy-
yət məzmununu çoxlu sayda arxetiplər, stereotiplər, mifologemlər, ənənələr,
həmçinin sosiomədəni sistemində fərdin davranışına oriyentiplər verən iyerar-
xiyalaşmış norma və dəyərlər təşkil edir. Mentalitet istifadə olunan pri-
yomlardan, vasitələrdən, aləmin qavrama və başa düşmə prinsiplərindən ası-
lıdır. Bəziləri ümumi şəkildə, digərləri konkret formada düşünür. Elə şəxslər
də var ki, daha çox məntiqi rəhbər tutur, obyektiv faktlardan istifadə edir, bir
başqası isə məntiqi nəzərə almır, öz subyektiv təcrübəsi ilə kifayətlənir.
Konkret fərdin mentallığında onun formalaşdığı mühit üçün xarakterik olan
təfəkkür stereotipləri öz ifadəsini tapır. Cəmiyyətdə yaşayan insan istər- istə-
məz fəaliyyət göstərdiyi gerçəkliyin təfəkkür nümunələrini əxz edir, sosiumun
intellektual ənənəsinin təsirini hiss edir. İntellektindən və mentalitetindən asılı
olaraq insan özünün həyat məqsədlərini və dəyərlərini üzə çıxarır.
İntellektin formalaşması təfəkkürün mental keyfiyyətlərinin yaranması
və formalaşması prosesidir. Təbii ki, intellektin formalaşmasını informasiyasız
təsəvvür etmək mümkün deyil. Buna görə də onun mühüm funksiyalarından
biri informasiyanı işləməkdir. Lakin intellektin yüksək inkişaf səviyyəsi daha
çox sosial-psixoloji davranışın fəallığının tənzimləməsində təzahür edir.
Təfəkkürün və davranışın bir çox mental xüsusiyyətləri də bu prosesdə üzə
çıxır.Şəxsiyyətin daxili aləmi onun intellektinin sosial-psixoloji məkanıdır.
Obrazlı desək, insan öz aləminə daxili aləmin «girməsinə» imkan verir və bu
aləmi özlüyündə rasional dərk etməyə çalışır ki, məkanda özünün həyatını
düzgün qursun. Əgər bu mülahizəyə sağlam düşüncə fəlsəfəsindən yanaşsaq,
deməliyik ki, düzgün qurulmuş o həyatdır ki, insana fərdi sosiomədəni dəyər-
lərdən real istifadə etmək imkanları verir. Məhz buna görə də, insanın intel-
lekti və şüuru daim xarici aləmlə yaradıcı təmasda olmalıdır. Biz qeyd etdi-
yimiz sosial-psixoloji mexanizmin özü olduqca mürəkkəb və rəngarəng feno-
mendir, çünki o, daim dəyişmədə, dinamikadadır. Transformasiya prosesləri
göstərir ki, bu gün bərqərar olmuş sosial reallıqlar insanın iradəsindən asılı
olmayaraq tamamilə yeni problemlər meydana gətirir, dünən hakim kəsilmiş
ideyalar bu gün rədd edilir; xarici aləmin qeyri-müəyyənliyi, xüsusilə etiraf
edək ki, müasir cəmiyyətdə transformasiya proseslərindən irəli gələn qeyri-
müəyyənlik totalitar rejimdə formalaşmış daxili aləm tərəfindən çox çətinliklə
qavranılır, aktual şüur böyük təzadlarla üzləşməli olur.(2,41-53.)
Lakin sosial reallıqların dərki prosesində açılan şüurun özü infor-
165
masiyanı modelləşdirərkən, təhlil edərkən və qərar qəbul edərkən düzgün
model yaradana kimi çoxlu səhvlərə yol verir. Bu şərhlərin kökü bundadır ki,
(ilkin izah olaraq) informasiyanı şüur öz seçimi ilə qəbul edir, yəni o bu zaman
sanki artıq ilkin qərar qəbul etmiş olur, həmin informasiya dolayısı yolla
qərarın tərkibinə daxil olur.
Şəxsiyyətin sosial-psixoloji məkanında şüurda «mən»in qarşısında iki
informasiya qütbü durur: arzu edilən və qavranılan, yəni şüurlu «mən»in məz-
munu və xarici aləmin bilikləri durur, «mən»lə aləmin qarşılıqlı təsiri prosesi
gedir. Yeri gəlmişkən, bu proses avtomatizmə keçdikcə, artıq insan özünə nə-
zarət edə bilmir, şüur özünün aşağı səviyyələrinə enir, təhtəlşüurda arxetiplər
önə çıxır, insanı tipik həyat situasiyalarında standart davranış hərəkətlərinə
sövq edir. Bu baxımdan mentalitetin öyrənilməsi üçün təhtəlşüurda yerləşən
və həyat tərzinin tərkib hissəsi olan arxetiplərin rolu böyükdir. Bu sivilizasiya
və mədəniyyətlə bağlı problemlər baxımından çox az öyrənilmiş sahədir. Biz
deyərdik ki, «daxili aləm və mentalitet» probleminin öyrənilməməsi, demək
olar ki, ictimai, humanitar elmləri, müəyyən mənada inkişafdan dayandırmış-
dır. Məhz bu faktor mentalitet nəzəriyyələrinə müraciət etməyi daha da aktual-
laşdırır. Beləliklə, ibtidai sosial intellektin inkişafı mental təcrübənin təşəkkülü
ilə paralel getmiş, insan şüurunun formalaşmasının ilkin mərhələsini təşkil
etmiş, gələcək mədəniyyətin yaranması üçün ilkin intellektual baza olmuşdur.
ƏDƏBİYYAT
1.Большой толковый словарь по культурологии. М.: ВЕЧЕ-АСТ, 2003, 512.c
2. Банс В. Элементы неопределенностей в переходный период // журн. «Полис», 1993,
№1, c.41-53
3.Дисмор Дж. Ментальные пространства с функциональной точки зрения // Язык и ин-
теллект. М.: Прогресс, 1996, 512 с
4.Данилова Л.В. Традиция как специфический способ социального наследования //
журн. «Сов. Этнография», 1981, №3, с.42-51.
5.Каган М.С, Эткинд А.М. Индивидуальность как объективная реальность // журн. «Во-
просы психологии», 1989, №4, с. 5-15.
6.Кликс Ф. Пробуждающееся мышление. У истоков человеческого интеллекта. М.: Про-
гресс, 1983,302с.
7.Холодная М.А. Психология интеллекта. СПБ.: Питер, 2002, 272 с
8.Психологический энциклопедический словарь. М.: МТК Велби, Проспект, 2006, 560 с.
9.Российская ментальность. Материалы «Круглого стола» // журн. «Вопросы филосо-
фии», 1994, №1, с. 3-21.
10. Российская социологическая энциклопедия. М.: Норма, 1998, 478с.
11.Рубинштейн С.Л. Бытие и сознание: человек и мир. СПБ // журн. «Питер», 2003, 522 с.
166
ОПЫТ СОЦИАЛЬНОГО ИНТЕЛЛЕКТА И МЕНТАЛИТЕТА:
(социально-психологический анализ)
С.Г.АЛИЕВА
РЕЗЮМЕ
В статье раскрывается разница между мышлением и интеллектом. Комментиру-
ется психологический аспект в интеллектуальном развитии ментальности с точки зре-
ния когнитивности.
Ключевые слова: когнитив, мышление, интеллект, ментальный опыт, менталь-
ная структура, ментальное пространство.
SOCIAL INTELLECT AND MENTAL EXPERIENCE
(social and psychological analysis)
S.G.ALIYEVA
SUMMARY
The presented article reveals the difference between conscionsness and intellect. The
psychological analysis of mentality in the intellect space is cognitively commented.
Key words: mental area, mental structures,mental experience, cognitive consciousness,
intellect.
Dostları ilə paylaş: |