7
tendensiyalara, yeni texnologiyalara, o cümlədən yeni təhsilə
yiyələnmək zərurəti meydana çıxdı. Yeni təhsilin strategiyası
kimi metodikası da dəyişdi. Indi elm aləmində baş verən
saysız-hesabsız nailiyyətlərin hamısını şagirdə çatdırmaq
mümkün deyil. Həm də gələcəkdə ona bu elmi nailiyyətlərin
hansının gərəkli olacağını əvvəlcədən müəyyənləşdirmək
imkan xaricidədir. Buna görə də yaddaşa əsaslanan təhsil öz
yerini bacarığa əsaslanan təhsilə vermək məcburiyyətində qaldı.
Indi şagirdə elm qazanmaq yolunu öyrətmək lazımdır. O,
özünə lazım olan elmi müddəanı tapmağın yollarını
öyrənməlidir. Belə olsa lazımi məqamda istədiyi biliyi əldə
edəcək və öz fəaliyyətinə tətbiq edəcəkdir.
Bu gün ibtidai siniflərdə təhsil alan uşaqlar XXI əsrin,
onlara dərs deyənlər isə XX əsrin nümayəndələridir. Bu sözlər
təmtaraq xatirinə deyil. XXI əsr müstəqil Azərbaycanın sürətli
inkişafına güclü təkan verdi. Bu inkişaf məktəblə az bağlıdır.
Həyatımızın ümumi mənzərəsində yaranan yeni təsirlərlə daha
çox əlaqədardır.
Texnologiyalar qısa müddətdə həyatımıza daxil oldu.
Bu prosesdə yaşlı insanlar onu ya ləng qəbul etdilər, ya da
ümumiyyətlə ondan imtina etdilər. Uşaqlar isə günəş görməyən
bitkilərin üstünə şüa düşəndə cana gəldiyi kimi elektron
texnologiyalarını sürətlə mənimsədilər.
Siz cib telefonunuzda yalnız zəng etməyi və zəngləri
qəbul etməyi bacarırsınız. 7-8 yaşlı uşağınız isə onun altını
üstünə çevirir. Bu balaca aparatın nə qədər böyük imkanları
olduğuna siz ancaq heyrət edirsiniz. Övladınız isə onun “dilini
bildiyi üçün” ondan hesablama maşını, maqnitafon, radio,
məktub yazan və qəbul edən, elektron oyuncağı və s. kimi
istifadə edə bilir.
Belə bir məqamda böyüklərdən cürbəcür şikayətlər
eşidirik: indiki uşaqlar kitab oxumur, onlar sözə baxmır,
məktəbə getmək istəmir. Təəssüf ki, bunların hamısı doğrudur.
8
Amma bu vəziyyət bizə qətiyyən əsas vermir deyək ki, indiki
uşaqlar pozulub. Xeyr! Indiki uşaq bir sıra cəhətlərinə görə
valideynlərindən və müəllimlərindən xeyli qabağa getdiyi üçün
bizim dediklərimiz onları maraqlandırmır. Çünki
dediklərimizin çoxunun mənasız ya da gərəksiz olduğunu
uşaqlar çox gözəl başa düşürlər.
“Şagirdlər sərbəst mövzuda inşa yazmışdılar.
Qızlardan biri öz arzu-istəklərinin qanadında dünyanı xəyalən
gəzib-dolaşandan sonra özü-özünə sual vermişdi: - bu
dünyadan mən nə istəyirəm? Xoşbəxt olmaq üçün mənə nə
lazımdır? Özünün bu səmimi fəlsəfi sualına da uşaq
sadəlövhlüyü ilə hikməti cavab yazmışdı: - Mən istəyirəm ki,
evim olsun...
Evim olsun!!! Məşhur Amerika psixoloqu A.Q.
Maslou “Motivasiya və şəxsiyyət” monoqrafiyasında bu kövrək
tələbatı özünün önəmli tələbatlar piramidasının
interpretasiyasında prioritet tələbatlardan biri kimi
dəyərləndirir. Ömrü boyu, görəsən, kim bu arzu-istəklə
yaranmır?! Təzə gəlinlərin ailə konsepsiyasında isə bu motivlər
həmişə hisslərin dilində qaynaqlanır: onların möcüzəli
baxışlarında bənzərsiz toy nəğmələri kimi səslənir.
... Təəssüf! Min təəssüf!
Müəllim inşanı oxuyanda kinayə ilə güldü... Vərəqdə
isə ləkə vardı. Ləkə onun nəzərindən qaçmadı. Bu anda
müəllimin ürəyindən bir fikir keçdi: - Bir bunun iştahasına bax!
Dəftərini səliqə ilə saxlaya bilmir, könlündən ev keçir.
Vərəqdəki adi ləkə deyildi, ləkə göz yaşlarının izləri idi. Iz
“evim olsun” kəlmələrini yazanda bəlkə də həyəcanlanmışdı,
gözündə tumurcuqlanan bir damla yaş vərəqin üstünə
düşmüşdü. Və göz yaşı vərəqin üstündə gilələnəndə onun
xəyalında bəzədiyi evli dünyası da bir anın içində dağılmışdı,
qızın təkcə ləkələnmiş inşası qalmışdı, bir də acı-acı göynəyən
ev həsrəti. Müəllim onun göz yaşlarına məhəl də qoymadı. Bu
9
fikir bəlkə heç ağlına da gəlmədi. O, qızın qəribə uşaq
fəlsəfəsində də hikmət görmədi. Dərsdə isə onu ələ saldı. Ürəyi
bununla da soyumadı. Onu gülə-gülə “xüsusi mülkiyyətçi”
adlandırdı. Acı baxışlarla qızı süzüb kinayə ilə güldü və dedi:
“Boyu çıxmamış könlündən ev keçir...
Görəsən, müəllim şagirdin kövrək arzu-istəyi ilə niyə
maraqlanmadı? Onun qaynaqlarını nə üçün axtarmadi? Ən
başlıcası isə onu nə üçün ələ salıb acıladı? Bu sualların cavabı
aydındır. Müəllim şagirdə təlim prosesinin subyekti kimi deyil,
obyekti kimi yanaşmışdı. Inşanın məzmunu, səliqə-səhmanı
onun üçü şagirdin özündən daha əhəmiyyətli idi. Ənənəvi
dərslərin məntiqi də mahiyyətcə bu ehkamlara əsaslanırdı”. (32,
60-61)
Bəs belə bir məqamda nə etməliyik?
Necə etməliyik
ki, uşaqlar parta arxasında oturmağa ehtiyac duysunlar? Necə
edək ki, onlar bizim dediklərimizi acgözlüklə dinləsinlər? Işi
necə təşkil edək ki, yazılan kitablar uşaqlar üçün telefon,
kompyuter digər elektron texnologiyaları qədər gərəkli olsun?
Bu gün Avropada, Türkiyədə, Amerikada təhsil alan
gənclər hətta tətil günlərində belə Bakıya gəlmək, oxuduqları
unuversitetlərdən qırağa çıxmaq istəmirlər. Nə üçün? Həmin
ölkələrdə təhsil sistemi necədir? Kitablar hansı qaydada yazılır?
Müəllim-şagird münasibətləri necədir? Necə olur ki, Ankara
məktəblisini sinifdən çıxarmaq, bizim uşaqları sinfə salmaq
olmur.
Suallar çoxdur. Həmin sualların cavablarından biri
budur. Biz uşaqlarımız üçün gözəl dərsliklər yaratmalıyıq. Bu
dərsliklərin mətnləri, sual və tapşırıqları sözün həqiqi
mənasında cazibədar olmalıdır. Mətnlər müdrik və ibrətamiz,
tapşırıqlar uşaq ruhunu yerindən oynadan, ona düşünmək
xoşbəxtliyi verən, uşaq qəlbində çoxdan uyuyan həqiqi bacarığı
oyatmağa qadir olan tapşırıqlar verilməlidir.
10
Indiyə qədərki dərsliklərimiz öz zəmanəsinin
tələblərinə uyğun yazılmışdır. O zaman uşağa hazır bilikləri
vermək təhsilin əsas vəzifəsi idi. Hazır biliklər isə cansıxıcı
müddəalarla zəngin olduğu üçün şagird orta məktəbi qurtaranda
elə bil Məlikməmməd kimi qaranlıq dünyadan işıqlı dünyaya
qayıdır.
Müasir təhsil isə məktəbi elm öyrədən yer kimi
təsəvvür etmir. Əksinə, buraya elmi öyrənməyə gəlirlər. Onu
müəllimdən hazır şəkildə almağa yox, şagirdin özü onu kəşf
etməyə gəlir.
Bu “kəşfetmə” mənəvi prosesdir. Insanın yüksək bir
dağa çıxanda keçirdiyi nəşə kimi, heç kəsin keçə bilmədiyi bir
çayı üzüb keçəndə aldığı sevinc hissi kimi ona sevinc verir.
Uşağı məktəbə bağlayan bu ləzzətdir. Müəllim isə həmin
ləzzəti almaq üçün şagirdə şərait yaradır. O şagirdə elm vermir.
Elm əldə etmək bacarığı verir. Bu zaman uşaq internetə də
konkret məqsədlə girir, elmi biliklərini yeni-yeni məlumatlarla
zənginləşdirmək üçün saatlarla kompyuterin arxasında oturur.
Bir sıra hallarda uşaqların əldə etdiyi elmi məlumatlar
müəllimin özünün də biliklərini zənginləşdirir. O da geridə
qalmamaq üçün öz üzərində daim çalışır. Beləliklə məktəb bir
yarış meydanına çevrilir. Yarış isə insan psixologiyasında ən
önəmli yer tutan bir anlayışdır. Hər kəs yarışda qalib gəlmək
istəyir. Avropa məktəblərinin əsas cəhətlərindən biri budur.
Bizim təhsilimiz də Avropaya inteqrasiya edir. Köhnə
düşüncədən imtina etməli, məktəbimizi yeni tələblərə uyğun
qurmalıyıq. Bunun üçün birinci növbədə dərsliklərimizdən
başlamalıyıq.
2008-ci ildən başlayaraq ibtidai məktəblərimizdə yeni
tələblərə uyğun dərsliklər tədris olunmağa başladı. Bu kitabda
biz ana dilinin tədrisi ilə bağlı sual və tapşırıqların qoyuluşu
probleminə toxunmuşuq. Göründüyü kimi bu dərs probleminin
hamısı deyil, cüzi bir hissəsidir. Lakin bizim fikrimizicə sual və