25
DOĞMALARIMA
Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.
Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik
Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi,
Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan,
Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək
Nərəsi, Sel Əzəməti var…
Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında
oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün
Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması,
Özünü başqasında tapmaq Səadəti var.
Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündənkeçmə
Ülviyyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvələrlə Yarışı, Babəkin
tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sarsıdan Ruhu, Əzabdan alınan
Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.
Sizin Ruh Dünyanızda Zərdüştün Hürmüzdü, Füzulinin Məcnunu,
Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinası, Muğamın
Ülvi Ehtizazı var…
Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağsaqqallıq,
Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənənəsi, Qədimliyə pərəstiş,
Babaların Müqəddəs Ruhuna İnam var.
Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi
anlarsınız.
Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.
Dünyasızlarla döyüşün – Dünyanızı təsdiq etmək üçün!
Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.
Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz!
OCAQ MƏRAMI
Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani
Zənginliyə sonsuz Ehtiras yaşayır.
Ocaq həmin Ehtirasdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz
Nifrət yaşayır.
Ocaq həmin Nifrətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi
sərvətlərə sönməz Məhəbbət yaşayır.
Ocaq həmin Məhəbbətdən yaranmışdır!
26
Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir Pərəstiş
yaşayır.
Ocaq həmin Pərəstişdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Bütöv, Parlaq, Gözəl İnsan
Şəxsiyyətinə Çağırış yaşayır.
Ocaq həmin Çağırışdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Hərarətli və Dərin, Əzəmətli və Zərif,
Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyil yaşayır.
Ocaq həmin Meyildən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Qeyrət ilə Alçaqlıq, Ləyaqət ilə
Qəbahət, Cəngavərlik ilə Mənəvi Zəlillik, Vətənpərvərlik ilə Vətənsizlik
döyüşür.
Ocaq bu Döyüşün ön sırasındadır!
Dünyada, Həyatda, Xalqımızda Yanar Zəkanın Övladı olan, Dünya
Fikrinin Mahiyyətini özündə təcəssüm etdirən, Bədiiyyatla nəfəs alan,
Mənəviyyatı Həqiqət Odunda təmizləyən Qanadlı, Hissiyyatlı, Cəsarətli
İdraka zəruri Ehtiyac yaşayır.
Ocaq həmin Ehtiyacdan yaranmışdır!
XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz
həmin Bayrağı başımızın üzərinə qaldırırıq.
İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə öz
zəifliyi üzərində qələbə çala bilər.
İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən
böyük borcudur. Bütün çirkinlikləri daxildən silib atmaq olar. Pisliyin
bəraət imkanı yoxdur…
Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz
məqsədi sayır.
Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsızlıq,
yırtıcılıq, bədbinlik, eybəcərlik təbliğ edən “sənət”ə qarşı ikrah hissi
yaşayır.
Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüşündə ardıcıl, amansız
olacaqdır.
Dünyada, Həyatda, Xalqımızda müasir əxlaq, müasir gözəllik, müasir
həyat tərzi libasına bürünmüş, öz Əsilliyindən, Qədimliyindən, Xəlqi
Mahiyyətindən ayrılmış təcavüzkar, fəal, azğın qüvvələr yaşayır.
Onların puç və zərərli əqidəsini Ocaqda yandırıb külə döndərmək
lazımdır.
Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.
Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.
Biz Qərb solçuları kimi gələcəklə keçmiş arasında uçurum görmürük,
“ya gələcək, ya da keçmiş” demirik.