Ömrün etməyəcək vəfa dedilər
33
NƏ ÜÇÜN BELƏSƏN
Gördükcə solğun çöhrəni,
Hər an xəyal üzür məni.
Nədir vadar edən səni,
Ömrü verirsən yelə sən?!
Könül, nə üçün beləsən?!
Nə tapmısan ağlamaqdan,
Qəm çələngi bağlamaqdan,
Nadan dərdi saxlamaqdan
Yanıb dönmüsən külə sən,
Könül, nə üçün beləsən?!
Bilirsənmi, gözəl mələk,
Çox yaraşır sənə gülmək?!
Bəsdir, yetər dərd-qəm çəkmək!
İntizardasan hələ sən?!
Könül, nə üçün beləsən?!
20.10.1973
Aydın Çobanoğlu
34
AĞLADIM
Qanmazın xam xəyalından
Göz yaşı töküb, ağladım.
Hər cür qüssə, qəm-kədəri
Odlara büküb, ağladım.
Yaralandım “dost” sözündən,
Haşa çəkdim pis üzündən.
Titrətmə qalxdı dizimdən,
Torpağa çöküb, ağladım.
Mehribanım, gözəl mələk,
Sənsən arzu, sənsən dilək!
Gördüm, qəfil qalxan külək
Ömrümü söküb, ağladım.
Söyləsin dil, desin dəhan,
Bilsin ellər, bütün cahan.
Mənimləsən hər bir zaman,
Bir nalə çəkib, ağladım.
Gözüm yaşı axdı dən-dən,
Söyləmə ki, acizəm mən.
Aydın, hicranın əlindən
Dad-aman çəkib, ağladım!
11.11.1973
Ömrün etməyəcək vəfa dedilər
35
ÜZÜLMƏSƏ
Şeyda bülbül fəqan etməz,
Güldən əli üzülməsə.
İgid ölməz əsrlərlə,
Eldən əli üzülməsə.
Aşiq dönməz əhli-dildən,
Sərv boylu incəbeldən.
Tərlan baxışlı gözəldən,
Əldən əli üzülməsə.
Qoy, dinləsin məni aləm!
Eşidilməz ahım, naləm.
Aydın bilməz nə dərd, nə qəm,
Teldən əli üzülməsə.
27.12.1974
Aydın Çobanoğlu
36
ALLAH, ALLAH
Bir dəryayam, yad əliylə
Bulanmışam, Allah, Allah!
Quduzların dişləriylə
Dalanmışam, Allah, Allah!
Ağ görənlər qara yazıb,
Düz işimi tərsə yozub.
İndiyəcən necə dözüb,
Dolanmışam, Allah, Allah?!
İnanmışam “mələklərə”,
Ömrüm gedib küləklərə.
Fitnələrə, kələklərə
Calanmışam, Allah, Allah!
Gəzmədiyim məni tapıb,
Ağrılarım cana hopub.
Yaraların gözü qopub,
Sulanmışam, Allah, Allah!
Gözü, könlü tox imişəm,
Çox yad gözə ox imişəm.
Elə bil ki, yox imişəm,
Yalanmışam, Allah, Allah!
Ömrün etməyəcək vəfa dedilər
37
Çobanoğlu, təklənmişəm,
El qəminə yüklənmişəm.
“Dilqəmi”nə köklənmişəm,
Çalınmışam, Allah, Allah!
Aydın Çobanoğlu
38
OLMALIDIR
Gözəl adlı hər nə varsa,
Düzü, gözəl olmalıdır.
İnsandırsa, hər addımı,
İzi gözəl olmalıdır.
Mina boyu, şux qaməti,
Düz ilqarı, sədaqəti,
Məhəbbəti, ünsiyyəti,
Sözü gözəl olmalıdır.
Çobanoğlu, hər bir anın,
Qəlbi ellə bir vuranın,
Gözəlliyi yaradanın
Özü gözəl olmalıdır.
Ömrün etməyəcək vəfa dedilər
39
QIRMIZI GEYİNDİ
Qələbənin sevincindən,
Ellər qırmızı geyindi.
Al bayrağın şəfəqindən
Yollar qırmızı geyindi.
Güldü torpaq, güldü Vətən,
Laləzardı, güldü Vətən.
Düz onuncu ildi, Vətən,
Əllər qırmızı geyindi!
Bəhrəlidir yayın, yazın,
Qəhrəmandır oğlun, qızın.
Zəhmətilə hər ulduzun
Çöllər qırmızı geyindi.
Öz hüsnü var payızın da,
Qışının sərt ayazında.
Aşıq Aydının sazında
Tellər qırmızı geyindi.
“Abşeron” qəzeti,
10.03.1980
Aydın Çobanoğlu
40
SÜLH İSTƏRƏM
Sülhün məğrur sarayını,
Ey yaradıb, quran, Vətən!
Keşiyində gecə-gündüz
Mərd, mübariz duran, Vətən!
Sülh istərəm hər an, Vətən!
Sülh – yüksəliş, sülh – səadət,
Sülh nur payı, sülh məhəbbət.
Sülh gələcək, əbədiyyət,
Sönməsin bu çıran, Vətən!
Sülh istərəm hər an, Vətən!
Həqiqətin aynasını,
Qardaşlığın binasını,
Haqq-ədalət dünyasını,
Sülh olubdur quran, Vətən!
Sülh istərəm hər an, Vətən!
Yerdə nahaq qan görəndə,
Üzgün, xəstə can görəndə.
Harda bağrıqan görəndə,
Qəlbim olur viran, Vətən!
Sülh istərəm hər an, Vətən!
Şər boğulsun beşiyində,
Öz evində, eşiyində.
Dursun sülhün keşiyində,
Qoca, cavan, piran, Vətən!
Sülh istərəm hər an, Vətən!
Dostları ilə paylaş: |