Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında
da bir
zamanlar nəcib insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər
keçmişdi. O zaman ölkəmizə Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general
olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu
xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin qapısını açmış
və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı zabitin müşayiəti ilə
şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük
ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb
qızardılırdı. Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi.
Ziyafətin sonunda
knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb
Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin
xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına
qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər
kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam
da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox
keçmədən çar bu cinayətin
intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı.
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın
qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında
düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri
zaman Hüseynquluxan bir yeraltı keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da
İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə
ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola bilməz”.
Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından
salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi.
Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala divarlarının bayırındakı Rus hakiminin
yanına gedə idilər. Lakin rus hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə
yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar
sözə baxan və ədalətli
insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi bizim xalqın
xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı.
Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı
oğurlanan şəxsləri qəzəbləndirirdi.
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib,
orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət
və Allahın qanunlarına əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin
daimi hökmü idi. Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir,
şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan davaları
da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin qaranlıq vaxtlarında arxa
küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi. Sonra çuval
dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu.
Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O,
tanrının qanununu yerinə yetirmişdir.
Qanun isə deyirdi ki, zina edən qadın
öldürülməlidir.
9
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə
doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin
günortadan sonrakı durğunluq vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam
Cəfərin təriqətinə mənsub bir insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir.
Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki,
elə burada, eyni küçədə,
doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək yeyən, gülər
gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!
III
Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların
yaxaları zərlə işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz
başı açıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı
başlamışdı. Tələbələrin hamısı rus pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, –
baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız ikisi dövlət kilsəsinə mənsub idi.
Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri
qızılı xaç tutan keşiş duaya başladı. Buxurun (1) iyi salonu bürüdü. Müəllimlərlə dövlət
kilsəsinə mənsub olan iki tələbə bir-birlərini izləyərək diz çökdülər.
Pravoslav kilsəsinin
zərif musiqisi ilə söylənən kəlmələr qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu
səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu sözlərə neçə dəfə qulaq asmışıq.
Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar ikinci Nikolay
Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda
səyahət edənlərə, bilicilərə və
iztirab çəkənlərə, din çar və Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban
verən bütün döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...”
Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı qartallı gerbin
altında Bizans ikonasına bənzər böyük qızılı çərçivədə çar həzrətlərinin portreti asılmışdı.
Çarın sifəti uzunsov, saçları sarışın
idi və o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun
döşündəki medal və ordenlərinin sayı-hesabı yox idi. Səkkiz il ərzində onun medal və
ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər dəfə də medal və orden çoxluğu
nəticəsində onların sayını çaşdırmışam.
Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. Amma
sonralar çariçanın portreti divardan çıxarılmışdı. Çünki ölkənin bəzi müsəlmanları
çariçanın portretində onun yaxası xeyli açıq olmasından narazı qalıb uşaqlarını məktəbə
buraxmaqdan imtina etmişdilər.
- ------------------------------------------
1. Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran.
--------------------------------------------
Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox həyəcanlı bir
gün idi. Bu həyəcanlı gündə mən də özümü qeyri-adi şəkildə aparırdım. O böyük günü
ləyaqətlə başa vurmaq naminə mən də səhər tezdən hazırlıq işləri görməyə başlamışdım.
Sübh açılan kimi özümə söz vermişdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Lakin
10