Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb
dəvələrə tamaşa
etdim, dənizə baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada
salıb fikrə daldım.
İçimə bir kədər çökmüşdü.
Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona
sadağa verdim, əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki,
iyrənərək əlimi çəkdim. Bir az sonra isə zavallını təhqir etmiş olduğumu düşündüm.
Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk edib onu axtardım. Lakin onu
tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim.
Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə
yeni bir müdir təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu
halda, yeni müdir ikidə bir yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı.
Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı
verdiyi üçün allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi.
Sinfimizə iki
erməni və bir rus tələbə gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan
biri oxumağı buraxıb on altı yaşında evlənmiş, digəri isə məktəb tətili zamanı qan
davasının qurbanı olmuşdu.
Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə
Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında oldum. Bir dəfə də Gerundiyum1 ilə
Gerudiviyum2 arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım.
Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu
dinlədikdən sonra latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız,
boş şey
olduğunu bilirdi. Sonra türk, iran, rus medal və ordenlərinin hamısını yaxasına taxıb,
direktorun yanına getdi. Atam məktəbin laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar
hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə keçirdim. Bu arada məktəbdə tələbələrin iki
güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin qəti qadağan olduğunu bildirən
bir elan asıldı. Nəhayət, keçən beş il ərzində şəhərə telefon xətti çəkildi və iki yeni
kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın ən gözəl qızlarından
biri olaraq
qalmaqda idi.
Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə
qalmışdı. Mən evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm.
Evimizin ikinci mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara,
İsfahan və Kəşhan xalıları ilə bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və
çayların təsvirilə dolu idi. Çünki, xalıları toxuyanlar bütün meşələri,
gölləri öz gözləri ilə
görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki naxışların nə olduğunu bilməzdi.
- ----------------------------------------
1. Latın və İngilis dillərində feli isim. Red.
2. Latın dilində feli sifət. Red.
---------------------------------------------------
Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı
tikanlı kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları
sıxaraq onlardan şirə çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl
rənglərin sirri yüz illər qədər qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün
3
toxucu on ildən artıq əmək sərf edərdi. Ondan sonra xalının üstündə ov və döyüşən
cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr toxunar, qıraqlarında isə
Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət əsəri
divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq
görünürdü. Otaqda alçaq bir divan,
sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və
bunların aralarında da son dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu
kitabları bağlayıb evin hamar damına çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə
bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır qapısının girişində Ərəbcə yazılar
olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına bənzər küçələrlə
dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq
istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın
arxasında baxışları tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi.
Onun da arxasında kəskin qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən
gözəl mənzərəsi idi.
Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim.
Buraya neft axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı
sevmədikləri üçün buradan çıxıb gedirdilər.
Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm.
Özümü zərrə qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də
narahatçılığım yox idi. Məzun olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı
olsam da, fabrik-zavodlarımızda çalışan
işçilər tənbəlliyimə deyil, hər halda özümü bir
növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət edəcəkdilər. Gerçəkdən də
məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və kokardlı boz tələbə
uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan da
narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay.
Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim.
Buna qərar
vermişdim, çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan
olan xarici dilləri öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan
bilirdim. Üstəlik Lazarev institutu tələbələrinin uniforması da bütün uniformaların ən
gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi
günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən ibarət idi. Tələbələrin
uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər. Rusların
hörmətini qazanmasam Nino mənə ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq
onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər
Nino məni istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu
qaçırmalıyam. Ninonu atımın tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam.
Orada da Nino mənə təslim olacaqdı. Çünki onun başqa çarəsi yoxdur!
Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü.
Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım.
Həqiqətən də vaxt çatmışdı.
Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü.
Xristian poçtunun
gətirdiyi və teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi
o zaman əmim, üç arvadı və iki qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları
4