Ekoloji təmiz kənd təsərrüfatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və
heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı
münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. ekoloji təmiz kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq
edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi,
habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı,
dövriyyəsi və sertifikatlaşdırılması;
1.1.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları - ekoloji təmiz kənd
təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan məhsullar;
1.1.3. ekoloji müşahidə - ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd
təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun
istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər aparmaqla
məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək
üçün fəaliyyət;
1.1.4. ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma - ekoloji təmiz kənd
təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd
təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsi barədə ekoloji müşahidə
orqanının məlumatları əsasında sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən
sənədləşdirmə proseduru;
1.1.5. ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya) dövrü - ənənəvi kənd
təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq
norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət;
1.1.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları - ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair
tələbləri müəyyənləşdirən normativ sənəd;
1.1.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı -
ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının nümayişi və satışının təşkili
məqsədi ilə onların etiketində nəşr və ya qrafik təsvir formasında göstərilən nişan;
1.1.8. aqroekosistem - kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak
edən torpaq sahələrini, tarlaları, heyvanları, meşələri, təbii yem sahələrini, su
hövzələrini və insanları əhatə edən ekoloji sistem;
1.1.9. genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələri - gen
mühəndisliyi metodlarının tətbiqi ilə yeni genetik kombinasiyaya malik canlı
orqanizmlər və onların təkrar istehsalından əldə olunmuş törəmə məhsullar.
1.2. Bu Qanunda işlədilən "ekoloji təmiz" anlayışı beynəlxalq qanunvericilikdə
işlədilən "bioloji", "üzvi" və "təbii" anlayışları ilə eyni mənanı ifadə edir.
Maddə 2. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Standartlaşdırma
haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları
haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara
uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd təsərrüfatı
məhsullarının kimyəvi-sintetik (süni) maddələrin tətbiqi ilə istehsalı, daşınması,
saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 3. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi
3.0. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi aşağıdakı
ekoloji , sosial və iqtisadi məsələlərin həllinə nail olmaqdır:
3.0.1. ekoloji təmiz kənd təsərrüfatının tətbiqi əsasında keyfiyyətli kənd
təsərrüfatı və ərzaq məhsullarının istehsalına və onların insan sağlamlığı üçün
təhlükəsizliyinə;
3.0.2. torpağın münbitliyinin və strukturunun bərpasına, qorunmasına,
saxlanmasına və artırılmasına;
3.0.3. ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına;
3.0.4. təbii ehtiyatlardan səmərəli istifadə olunmasına;
3.0.5. bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan
tələbatın ödənilməsinə və bu sahədə rəqabətin formalaşdırılmasına;
3.0.6. istehlakçıların hüquqlarının müdafiəsinə;
3.0.7. kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alternativ fəaliyyət
növlərinin təklif edilməsinə.
Maddə 4. Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri
4.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı ümumi prinsiplərə əsaslanır:
4.0.1. istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların və ətraf mühitin
mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması;
4.0.1-1. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin
mühafizəsi;
[1]
4.0.2. kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrin
istifadəsindən imtina edilməsi, hər hansı çirkləndirici və potensial təhlükəli
texnologiyaların tətbiqinin qadağan edilməsi;
4.0.3. torpağın təbii imkanları ilə ekoloji təmiz kənd təsərrüfatının
harmoniyasına şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi, həmçinin
heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə
biomüxtəlifliyin qorunması və artırılması;
4.0.4. yerli şəraitə yüksək dərəcədə uyğunlaşma xüsusiyyətlərinə malik, xəstəlik
və zərərvericilərə genetik davamlı bitki sortlarından istifadəyə əsaslanan
balanslaşdırılmış növbəli əkin sistemlərinin tətbiq edilməsi;
4.0.5. bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların
tətbiqi;
4.0.6. qapalı təbii dövran üsulunu tətbiq etməklə torpağın təbii münbitliyinin
daim sabit saxlanması və yüksəldilməsi, bitkiçilik və heyvandarlıq sistemlərinin
inteqrasiyası;
4.0.7. ekoloji təmiz kənd təsərrüfatı məkanında torpaqların təbii bərpasının və
özünütəmizləmə proseslərinin stimullaşdırılması, torpaqda çirkləndiricilərin
toplanmasını məhdudlaşdıran və onların torpaqdan bitkiyə keçməsinin qarşısını
alan, su hövzələrinin və atmosferin çirklənməsi mənbəyini nəzarətdə saxlayan
səmərəli texnologiyaların tətbiqi;
4.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin
könüllülük prinsipləri əsasında həyata keçirilməsi və genişləndirilməsi.
Maddə 5. Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlənməsi
5.0. Ekoloji təmiz kənd təsərrüfatının tənzimlənməsində dövlətin vəzifələri
aşağıdakılardır:
5.0.1. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı,
qablaşdırılması, markalanması, sertifikatlaşdırılması, saxlanması və satışını
reqlamentləşdirən normativ hüquqi aktlar və normativlər təsdiq etmək və inkişafına
dair xüsusi layihələr hazırlamaq;
5.0.2. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına dair milli
standartların hazırlanmasını təşkil etmək;
5.0.3. ekoloji təmiz kənd təsərrüfatı sahəsində mövcud olan normativ hüquqi
aktların beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;
5.0.4. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən qeyri-təbii və
tətbiqi qadağan edilən təbii vasitələrin siyahısını təsdiq etmək;
5.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçidə dair qaydaları və bu fəaliyyətlə
məşğul olmaq istəyən subyektlərin üzərinə düşən öhdəlikləri müəyyən etmək;
5.0.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkil edilməsinə yardım
etmək, bu sahədə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin
uçotunu aparmaq və onlar tərəfindən normativ hüquqi aktların və normativlərin
tələblərinin yerinə yetirilməsinə, aqroekosistemin monitorinqinə dövlət nəzarətini
həyata keçirmək;
5.0.7. ekoloji təmiz kənd təsərrüfatında istifadəsi qadağan olunan maddələrin
və orqanizmlərin təyin edilməsi üçün müasir avadanlıqlar və ləvazimatlarla təchiz
edilmiş müvafiq laboratoriyaların təşkilinə, mütəxəssislərin hazırlanmasına
köməklik göstərmək;
5.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində ekoloji müşahidə və
sertifikatlaşdırma üzrə orqanları və onların səlahiyyətlərini müəyyən etmək, onlara
akkreditasiya sənədləri vermək;
5.0.9. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş
orqanların uçotunu aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
5.0.10. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş
orqanlar tərəfindən qüvvədə olan normativ hüquqi aktların və normativlərin
pozulması müəyyən edildiyi hallarda onlara verilmiş akkreditasiya sənədlərinin
dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul etmək;
5.0.11. ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işlərinin
aparılmasını və kadr potensialının formalaşmasını nəzarətdə saxlamaq və
planlaşdırılmasını həyata keçirmək;
5.0.12. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin maarifləndirilməsi və
təhsili işini, informasiyanın yayılmasını təşkil etmək;
5.0.13. ekoloji təmiz kənd təsərrüfatına keçən təsərrüfat subyektlərinin
fəaliyyətinin stimullaşdırılması barədə təkliflər hazırlayıb müvafiq icra hakimiyyəti
orqanına təqdim etmək;
5.0.14. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalı
müəssisələrinin texnoloji avadanlıqlarını qeydiyyata almaq, onların attestasiyasının
həyata keçirilməsinə və müvafiq uyğunluq sertifikatlarının verilməsinə nəzarət
etmək;
5.0.15. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının
formalaşmasına yardım etmək;
5.0.16. ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıqda
Azərbaycan Respublikasını təmsil etmək, qanunvericiliklə müəyyən edilmiş digər
vəzifələri həyata keçirmək.
II fəsil
Ekoloji təmiz kənd təsərrüfatının təşkili
Maddə 6. Ekoloji təmiz kənd təsərrüfatına dair tələblər
6.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir:
6.0.1. ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması;
6.0.2. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna
olmaqla sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından
(stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik
qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında
ekoloji təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi;
6.0.3. ekoloji təmiz məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin
materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması;
6.0.4. ekoloji təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə
yol verilməməsi;
6.0.5. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik
modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən
imtina edilməsi;
6.0.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emalında yalnız
beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə
olunması;
6.0.7. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraitinin
beynəlxalq sanitariya-gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının
norma və tələblərinin yerinə yetirilməsi;
6.0.8. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində bitki və heyvan
xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədi ilə
kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin
subyektlərin ekoloji təmiz kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və
onların bərpasının bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş müddətdən
sonra təmin edilməsi;
6.0.9. kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda
ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin
saxlanan kənd təsərrüfatı məhsullarının ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsulu kimi dövriyyəsinin dayandırılması.
Maddə 7. Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər
7.0. Bitkiçilikdə aşağıdakı ekoloji tələblərə cavab verən əkinçilik sistemi tətbiq
edilir:
7.0.1. torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılmasının
kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli
əkin, çürümüş peyin, kompost, yaşıl gübrələr və s.) tənzimlənməsi;
7.0.2. müvafiq aqrotexniki üsulların seçilməsi və yalnız ekoloji cəhətdən
təhlükəsiz və tətbiqinə icazə verilmiş təbii və qeyri-təbii vasitələrdən istifadə
edilməsi;
7.0.3. növbəli əkinlərdə çoxillik və birillik paxlalı ot bitkilərinin, onların dənli
paxlalı bitkilərlə qarışıq səpinlərindən istifadə olunması;
7.0.4. yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, zərərverici və xəstəliklərə qarşı
davamlı olan bitki növlərindən və sortlarından istifadənin genişləndirilməsi;
7.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçmiş və ya keçməkdə olan əkin
sahələrinin kimyəvi-sintetik (süni) maddələr tətbiq olunduğu əkin sahələri ilə
növbələşdirilməməsi;
7.0.6. toxumçuluqda ən azı bir il, çoxillik bitkilər isə iki il ekoloji təmiz kənd
təsərrüfatı subyektlərində becərilmiş və ekoloji tələblərə uyğun sertifikatlaşdırılmış
bitkilərdən alınan səpin və əkin materiallarından istifadə olunması;
7.0.7. bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız
aqrotexniki, mexaniki, fiziki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd
təsərrüfatında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə olunması;
7.0.8. genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen
mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə
olunması.
[2]
Maddə 8. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər
8.1. Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər aşağıdakılardır:
8.1.1. ekoloji təmiz heyvandarlıq məhsulları istehsalı və ilkin emalında ekoloji
cəhətdən zərərsiz texnologiyalardan istifadə olunması;
8.1.2. heyvanların çoxalmasında təbii üsullardan istifadənin genişləndirilməsi,
xəstəliklərin qarşısının alınmasında tətbiqinə icazə verilən baytarlıq preparatlarından
istifadə edilməsi;
8.1.3. ekoloji təmiz kənd təsərrüfatında xəstəliklərə davamlı, yerli şəraitə
uyğunlaşdırılmış yüksək məhsuldar heyvan cinslərindən istifadə olunması;
8.1.4. biomüxtəlifliyin zənginləşdirilməsi və ekoloji təmiz kənd təsərrüfatında
heyvandarlıqla bitkiçiliyin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi;
8.1.5. heyvanların yemləndirilməsində ekoloji təmiz kənd təsərrüfatı
subyektlərində istehsal edilən yemlərdən istifadə olunması;
8.1.6. yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı
artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və
yemləmə məqsədilə istifadəsinə yol verilməməsi;
8.1.7. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində heyvanların profilaktikası və
müalicəsində, heyvandarlıq məhsullarının emalında və dövriyyəsində tətbiqinə icazə
verilən baytarlıq preparatları və digər vasitələrdən istifadə edilməsi.
8.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda
yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl
etməklə aşağıdakı hallarda yol verilir:
8.2.1. subyektin genişləndirilməsi üçün nəsil dəyişdirildikdə və ya subyekt yeni
heyvan cinsi üzrə ixtisaslaşdırıldıqda;
8.2.2. təbii fəlakət və ya heyvanların kütləvi qırğını zamanı sürünün (naxırın)
baş sayının bərpası həyata keçirildikdə;
8.2.3. heyvanların çoxaldılması üçün törədicilərin dəyişdirilməsinə ehtiyac
olduqda.
Maddə 9. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydaları
9.1. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri ekoloji təmiz kənd təsərrüfatı və
ərzaq məhsulları istehsalına könüllü keçən və ya həmin məhsulların dövriyyəsi ilə
məşğul olan və bu barədə müvafiq sənəd (sertifikat) almış hüquqi və fiziki
şəxslərdən təşkil olunur.
9.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektləri iri sənaye mərkəzləri daxilində,
zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında
yerləşməməli, bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji
təmiz torpağa, suya, sağlam mal-qaraya və əlverişli əkinçilik şəraitinə malik
olmalıdır.
9.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili aşağıdakı qaydada
həyata keçirilir:
9.3.1. ekoloji təmiz kənd təsərrüfatı subyekti kimi fəaliyyət göstərmək istəyən
hər hansı bir subyekt bu barədə ekoloji müşahidə orqanına müraciət etməlidir;
9.3.2. ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün tələblərini yerinə
yetirmək üçün öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada öhdəliklər
götürməli və müvafiq tələblərə əməl etməlidir;
9.3.3. ekoloji müşahidə orqanı tərəfindən təsərrüfatda araşdırmalar, təhlillər və
müşahidələr aparmasına lazımi şərait yaratmalı və bu orqanın tövsiyələrini yerinə
yetirməlidir.
9.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsal edən
subyektlərdə eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə
məhsul istehsalına bir qayda olaraq yol verilmir. Eyni vaxtda ekoloji təmiz və
ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı müstəsna hallarda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
9.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti statusu almış təsərrüfatlar istehsalı
genişləndirmək
və
fəaliyyətin
səmərəliliyini
təmin
etmək
məqsədi
ilə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz aralarında, müvafiq emal və satış
subyektləri ilə kooperasiya əlaqələri yarada və müvafiq cəmiyyətlərdə və
assosiasiyalarda birləşə bilərlər.
Maddə 10. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü
10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının
müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və
balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.
10.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq
standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:
10.2.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;
10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;
10.2.3. yem bitkiləri və otlaqlar üçün - 2 il;
10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;
10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;
10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;
10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün -
10 həftə;
10.2.8. arı ailələri üçün - 1 il.
10.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə
akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan
sonra başlanır.
10.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən
istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan
tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal
metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.
10.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq
edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə
akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid
dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan
məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.
10.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydaları,
habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii
vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III fəsil
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidələr və sertifikatlaşdırma
Maddə 11. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin tanınması
11.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə və sonrakı fəaliyyətində
bütün ekoloji standartlara, normativlərə və tələblərə əməl edən kənd təsərrüfatı və
ərzaq məhsulları istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarlara ekoloji
müşahidə orqanının məlumatları və sertifikatlaşdırma orqanının təklifi əsasında
ekoloji təmiz kənd təsərrüfatı subyekti olmasını təsdiq edən müvafiq sənəd
(sertifikat) verilir.
11.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat)
onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir:
11.2.1. subyektin adı və ünvanı;
11.2.2. fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi;
11.2.3. fəaliyyətin xarakteri və məhsulun növləri;
11.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə
riayət edilməsi barədə subyektin öhdəliyi;
11.2.5. ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və
sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı;
11.2.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən
məhsulların ekoloji tələblərə uyğun olması barədə ekoloji müşahidə və
sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri.
11.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın)
forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 12. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya
olunmuş orqanlar
12.1. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə orqanlar dövlət və ya xüsusi
mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti
orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər.
12.2. Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş
orqanlar aşağıdakı tələblərə cavab verməlidirlər:
12.2.1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava,
pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin
laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş
laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;
12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla
ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması,
idxalı, ixracı və satışı ilə məşğul olmamalı.
12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma
qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma
13.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması
torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün
mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə
akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.
13.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı,
qablaşdırılması, saxlanması, daşınması və satışı ilə məşğul olan subyektlərə
sertifikatlar bu sahədə müəyyən olunmuş milli standartların tələblərinə əməl edildiyi
hallarda verilir.
13.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması
qaydaları və sertifikatların nümunəvi formaları beynəlxalq standartların tələbləri
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının, toxumluq səpin və
əkin materiallarının kodlarına onların bu məhsula aid olduğunu göstərən işarə və ya
rəqəmlər əlavə edilir.
13.5. Ekoloji müşahidə və sertifikatlaşdırma prosedurlarından keçmiş ekoloji
təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına aşağıdakı hallarda ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanı vurulur:
13.5.1. ekoloji təmiz kənd təsərrüfatında nəzərdə tutulmuş metodlarla istehsal
və emal olunduqda, qablaşdırıldıqda və markalandıqda;
13.5.2. bütün istehsal, emal və dövriyyə mərhələlərində ekoloji müşahidə və
sertifikatlaşdırma prosedurlarına məruz qaldıqda.
13.6. Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd
təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.
Maddə 14. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları
14.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları
insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələblərinə
görə ənənəvi kənd təsərrüfatı məhsullarına nisbətən daha ciddi və məcburi tələblərə,
norma və qaydalara cavab verməlidir.
14.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları müvafiq
icra hakimiyyəti orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada
hazırlanır və təsdiq edilir.
14.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının standartları
hazırlanarkən müvafiq məhsullar üzrə beynəlxalq standartların tələbləri nəzərə
alınmalıdır.
14.4. Müvafiq icra hakimiyyəti orqanları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının standartları barədə müxtəlif vasitələrlə istehlakçıları tam və səhih
informasiya ilə təmin edir, bu sahədə maarifləndirmə işləri aparır, ekoloji təmiz kənd
təsərrüfatı subyektlərinin siyahısını mətbuatda dərc etdirməklə ictimaiyyəti
məlumatlandırır.
IV fəsil
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi
Maddə 15. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının marketinqi
və satışı
15.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı məhsulun
istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən
səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata keçirilir.
15.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarında səmərəli
marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik
səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə
məsafəsi, daşınma, saxlanma, satışın təşkili xərclərinin səviyyəsi və s. məlumatlar
təşkil edir.
15.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən
təmiz olduğunu təsdiq edən sertifikata malik olan hüquqi və ya fiziki şəxs, həmin
məhsulları ekoloji təmiz məhsul kimi sata bilər.
15.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə
məşğul olan hər bir şəxs onların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla
qarışmamasına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır.
15.5. Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi milli
standartların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan
ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarıla bilər.
15.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi milli və
beynəlxalq standartların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 16. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
markalanması
16.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO"
sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır.
16.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü başa çatana
kimi istehsal edilən məhsullara "EKO-keçid" markası vurulur.
16.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının
markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və
ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir.
16.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal
olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır
və etiketi üzərində "EKO" sözü göstərilir.
16.5. Yerli və idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bu
məhsulların standartlarına uyğun emal edildikdə alınan məhsul ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsulu kimi markalanır.
16.6. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları
ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal
edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu
hesab edilmir və ümumi qaydada markalanır.
16.7. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması
müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir. Etiketin üzərində və ya
qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar
əks olunmalıdır:
16.7.1. istehsal və emal müəssisənin adı, ünvanı və milli əmtəə nişanı;
16.7.2. ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə
məhsulun adı;
16.7.3. ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş
orqanların adı və kodu;
16.7.4. məhsulun saxlanma şəraiti;
16.7.5. məhsulun istehsal tarixi və yararlılıq müddəti;
16.7.6. ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla
birgə anbara yığılmasının qadağasına dair göstəriş.
16.8. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar
göstərilməli, müvafiq qanunvericiliyə uyğun hazırlanmış milli əmtəə nişanı
olmalıdır.
16.9. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycan
Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya
olunmuş
orqanizmlər
və
onların
törəmələrindən istifadə
edilməməsi
haqqında göstərilməlidir.
[3]
16.10. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması
və daşınması
17.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və
daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları saxlanma yerlərində
(anbarlarda, soyuducularda) ənənəvi üsullarla istehsal edilmiş məhsullarla
qarışdırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir.
17.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının saxlanmasında qanunvericiliklə nəzərdə tutulan qaydada istilik,
nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.
17.4. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması
müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-
təbii metodlardan istifadə olunmasına yol verilmir.
17.5. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi
prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi
qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma
üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış
qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə
ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda
saxlanılır.
17.6. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasında
istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına,
qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, habelə ekoloji müşahidə
aparılmasına imkan verməlidir.
Maddə 18. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və
ixracı
18.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
18.2. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının idxalını və ixracını belə məhsulların dövriyyəsi ilə məşğul olmağını
təsdiq edən müvafiq sənəd (sertifikat) almış sahibkarlıq subyektləri həyata keçirirlər.
18.3. Azərbaycan Respublikasına satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsulları aşağıdakı tələblərə cavab verdikdə idxal oluna bilər:
18.3.1. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
keyfiyyəti bu sahədə qüvvədə olan milli və beynəlxalq standartların tələblərinə
uyğun olduqda;
18.3.2. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının
beynəlxalq sertifikatının orijinalı birinci alıcıya qədər məhsulu müşayiət etdikdə;
18.3.3. idxal edilən məhsulun ekoloji təmiz kənd təsərrüfatının tələblərinə
uyğun istehsal olunduğunu təsdiq edən sənədləri olduqda;
18.3.4. idxal edilən məhsulun uyğunluq, keyfiyyət və fitosanitar sertifikatları
olduqda.
18.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və
ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik
modifikasiya
olunmuş
orqanizmlərdən
və
onların
törəmələrindən istifadə
edilməməsi haqqında məlumat göstərilməlidir.
[4]
V fəsil
Ekoloji təmiz kənd təsərrüfatının maliyyə və elmi təminatı, beynəlxalq
əməkdaşlıq və qanunvericiliyin pozulmasına görə məsuliyyət
Maddə 19. Ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatı
19.1. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının
maliyyə təminatı investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən
bu fəaliyyətdən əldə edilən vəsaitlər və digər mənbələr hesabına formalaşır.
19.2. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihələrinin dövlət büdcəsi
hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə müəyyən edilir.
19.3. Ekoloji təmiz kənd təsərrüfatının inkişafı layihəsinə investisiyaların cəlb
edilməsinə, dünyada geniş yayılmış yüksək məhsuldar bitki sortlarının və heyvan
cinslərinin idxal edilməsinə, elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların ekoloji
təmiz kənd təsərrüfatında tətbiqinə dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi
mühit yaradılır.
Maddə 20. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı
20.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının əsas məqsədi
xəstəliklərə, zərərvericilərə davamlı və yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar
bitki sortlarının və heyvan cinslərinin geniş yayılmasını təmin etmək, torpaqların
münbitliyinin bərpası və artırılması, üzvi gübrə və kompostların hazırlanması
texnologiyalarının elmi əsaslarını müəyyən etmək və ekoloji təmiz kənd
təsərrüfatının inkişafına zəmin yaratmaqdır.
20.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı aşağıdakı istiqamətlərdə
aparılır:
20.2.1. ekoloji təmiz kənd təsərrüfatı üzrə mütəxəssislərin və ixtisaslı kadrların
hazırlanması;
20.2.2. kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi
kursların, seminarların və konfransların təşkili, xarici ölkələrdə keçirilən belə
tədbirlərdə fermerlərin və mütəxəssislərin iştirakı;
20.2.3. elmi-tədqiqat işlərinin aparılması;
20.2.4. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili və
maarifləndirilməsi işinin təşkili, informasiya yayımının genişləndirilməsi;
20.2.5. ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi,
jurnalların və kitabların nəşr edilməsi;
20.2.6. bu sahədə əldə edilən elmi nailiyyətlərin istehsala tətbiqinin təmin
edilməsi, sərgilər və yarmarkaların təşkili.
20.3. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən qaydada hüquqi və fiziki şəxslər tərəfindən həyata
keçirilir.
Maddə 21. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq
21.1. Ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, xarici dövlətlərlə
bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları
əsasında həyata keçirilir.
21.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
ekoloji təmiz kənd təsərrüfatı sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda
nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları
tətbiq olunur.
Maddə 22. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında
təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 23. Mübahisələrin həlli
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı,
markalanması, saxlanması, daşınması və satışı ilə əlaqədar mübahisələr Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun qaydada həll olunur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 650-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1
fevral
2013-cü
il
tarixli 550-IVQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 206)
2.
22 oktyabr 2013-cü il tarixli 778-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
( “Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1293)
3.
28
oktyabr
2014-cü
il
tarixli 1093-IVQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1367)
4.
14
iyun
2016-cı
il
tarixli 285-VQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1
fevral
2013-cü
il
tarixli 550-IVQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 206)ilə 4.0.1-1-ci maddə əlavə edilmişdir.
[2]
14 iyun 2016-cı il tarixli 285-VQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156) ilə 7.0.7-ci maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.0.8-ci maddə əlavə edilmişdir.
[3]
22 oktyabr 2013-cü il tarixli 778-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, № 11, maddə 1293) ilə 16.9-cu maddəsində “ Alıcıların seçim etmək hüququnu
təmin etmək məqsədilə” sözləri çıxarılmışdır, “ istifadə haqqında məlumatlar” sözləri “ istifadə
edilməməsi haqqında məlumat” sözləri ilə əvəzedilmişdir.
[4]
28
oktyabr
2014-cü
il
tarixli 1093-IVQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1367) ilə 18.4-cü maddəsində “istifadə haqqında
məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |