37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların
ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və
(və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz
səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf
etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər
bölməyə bilər.
37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun
olaraq müəyyən edilir.
8-ci fəsil
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi
Maddə 38. Nikah müqaviləsi və onun məzmunu
38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə
və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən
sazişdir.
38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş
rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin
əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri
əmlaka dair bağlana bilər.
38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin
gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və
vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak
münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna
malikdirlər.
38.5. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən
müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.
38.6. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz
hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara
münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak
münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın)
saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox
əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar
nəzərdə tutula bilməz.
Maddə 39. Nikah müqaviləsinin bağlanma qaydası
39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də
nikah dövründə istənilən vaxtda bağlana bilər.
39.2. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi
nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq
olunur.
Maddə 40. Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab
edilməsi
40.1. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cü
maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər.
40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.
40.3. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və
pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər.
40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan
vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam
verilir.
40.5. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin
etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə
və ya qismən etibarsız hesab edilə bilər.
40.6. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah
müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin bu Məcəllənin
38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin
bağlandığı andan etibarsız hesab edilir.
15
9-cu fəsil
Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət
Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi
41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-
arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə
bilər.
41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə
alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən
edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına
yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin
əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
41.3. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait
hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda,
ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.
41.4. Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki
qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu halda ödəmənin
ər-arvadın əmlakına yönəldilməsi bu Məcəllənin 41.2-ci maddəsinə uyğun həyata
keçirilir.