Maddə 85.
Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq
hüququ
85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri
vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna
malikdirlər:
85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində
keçmiş arvad;
85.1.2. sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək
sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil
olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
24
85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək
qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il
müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan
keçmiş ər (arvad).
85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada)
ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.
Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə
məhkəmə qaydasında tutulan alimentin miqdarı
Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş
olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan
alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti,
tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan
sabit pul məbləği formasında müəyyən edilir.
Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və
ya bu vəzifənin müddətlə məhdudlaşdırılması
87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövründə və nikah
pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri)
saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:
87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin,
narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli
nəticəsində itirdikdə;
25
87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;
87.0.3. nikah çox çəkmədikdə.
15-ci fəsil
Ailənin başqa üzvlərinin aliment öhdəlikləri
Maddə 88. Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək
qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi
Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması
üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına
çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və
bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan
uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.
Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi
Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz
valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və
nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti
olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün
valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da
eyni hüquq verilir.
Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi
Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün
yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala
bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini
tələb etmək hüququna malikdirlər.
Maddə 91. Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi
91.1. Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək
qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış
övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına
çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini
tələb etmək hüququna malikdirlər.
91.2. Faktik tərbiyəçilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və
saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları
saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.
91.3. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulan vəzifələr qəyyumluğa
(himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə
həvalə olunmur.
Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi
92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və
qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan
övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə,
əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə
qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.