Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə11/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   ...   8   9   10   11   12   13   14   15   16

həyatının iyirmi ilini qapalı bir məişətdə yaşayıb, qayğısız güzəran keçirən mən 

təbiətin qəribə bir şəkildə istini və soyuğu, həyatı və ölümü, sevinci və ümidsizliyi 

bir-birinə  belə bir  quvvətli, belə heyrətamiz  bir vəhdətdə birləşdirməsini necə 

öyrənə bilərdim?! O gecə, odlu sözlər və mübarizə, ehtiras, qəzəb və nifrətlə, göz 

yaşları ilə dolu, yalvarışlarla, sərxoşluq və sərməstliklə dolu bir gecə idi. Bu gecə 

mənə min illərə bərabər intəhasız gəldi. Həmin gecə biz iki adam – biri 

qeyzlənmiş, digəri qeyri-şüuru – birgə təkanla özümüzü uçuruma atıb, bir ölüm-

dirim döyuşündən yeni hisslər, yeni düşüncələrlə çıxdıq. 

Lakin mən bu barədə danışmaq istəmirəm. Mən heç nəyi təsvir edə bilmirəm və 

heç təsvir etmək də istəmirəm. Mən yalnız səhər oyandığım zaman o tənha 

dəqiqələrimdən söz açmaq istəyirəm. Mən daş kimi bir yuxudan oyanıb indiyə 

qədər görmədiyim o müsibətli gecədən xilas oldum. Mən uzun müddət çalışdım ki, 

gözümü açam və gözümü açarkən ilk dəfə mənim nəzərimə toxunan başım 

üzərindəki yad tavan, sonra isə bilmirəm necə gəlib düşdüyüm o özgə, mənə yad, 

mənə tanış olmayan o mənfur otağın yöndəmsiz görkəmi oldu. Əvvəlcə mən öz-

özümü inandırmağa çalışdım ki, bu yuxudur, boğucu, qarmaqarışıq, ağır 

qarabasmadan sonra adamı bürüyən daha yüngül, daha aydın bir yuxudur, lakin 

pəncərə önündə nüfuzedici, parlaq, həqiqi günəş şüası, səhər işığı görünür, 

aşağıdan küçənin hay-küyü, təkərlərin taqqıltısı, tramvay zənglərinin və insanların 

aydın səsləri gəlirdi, mən qəti başa düşdüm ki, heç də yuxu görmürəm, oyağam. 

Özümə gəlmək üçün mən qeyri-iradi olaraq bir az dikəldim və bu zaman… 

nəzərlərimi yana çevirərək... gördüm ki, yox, mən heç bir vaxt bu dəhşətimi şərh 

edə bilməyəcəyəm. Yad bir adam mənimlə enli çarpayıda... düz yanımda uzanıb 

yatır... ancaq yad, yad, yad, yarıçılpaq, tamam naməlum, yad bir adam. 

Yox, bu dəhşət, mən bilirəm, təsvirəgəlməz bir dəhşətdir. Bu dəhşət məni elə 

bürüdü ki, gücümü itirib arxası üstə yatağa düşdüm. Lakin bu insanı bir qədər 

rahatlayan özündən getmə, yaxud bihuş olmaq deyildi, əksinə, bir an içərisində 

başıma gələn bütün dəhşəti, təsviredilməz müsibəti xatırladım, həyadan və abırdan 

ölmək istəyirdim, axı mən bu yad, bu özgə adamla necə olub ki, bu çarpayıya, bu 

iyrənc xarabaya gəlib düşmüşəm. Mən bu gün də aydın xatırlayıram ki, ürəyimin 

döyüntüsü, sanki, dayandı, nəfəsimi kəsdim, elə bil, mən bununla həyatımın 

axınını dayandırmaq, düşüncələrimi, bu aydın, bu dəhşətli surətdə aydın 

düşüncələrimi söndürmək, məhv etmək istəyirdim. Qəribə idi: mən hər şeyi dərk 

edirdim, lakin heç nəyi başa düşə, ayırd edə bilmirdim. 




Əlim, ayağım bumbuz olmuş halda çarpayıda nə qədər beləcə uzalı qaldığımı heç 

bir zaman xatırlaya bilməyəcəyəm. Yalnız ölü, meyit tabutda beləcə uzanıb qala 

bilər. Mən təkcə bunu xatırlayıram: gözlərimi yumub Allaha yalvarırdım ki, qoy 

bütün bunlar pərvərdigarın sehrli qüvvəsi ilə həqiqət olmasın, doğru olmasın. 

Lakin mənim gərginləşmiş duyğularım artıq yalanı qəbul etmirdi, mən qonşu 

otaqdan insan səsi və su şırıltısı eşitdim, dəhlizdən ayaq səsləri gəldi və bütün bu 

səslər hər şeyin doğru olduğunu, amansız, rəhmsiz bir həqiqət olduğunu söyləyirdi. 

Bu əzabverici vəziyyətin nə qədər davam etdiyini demək çətindir; belə hallarda 

saniyələr, elə bil, başqa vaxtlara nisbətən daha uzun olur. Lakin birdən məni başqa 

bir qorxu, sümüklərimə qədər işləyib, bədənimi üşütməyə salan bir qorxu bürüdü: 

adını bilmədiyim bu adam birdən oyanıb, mənimlə danışmağa başlar. Mən o saat 

başa düşdüm ki, mənim bircə çıxış yolum var: geyinmək və o oyanmamış çıxıb 

qaçmaq. Bir daha onun gözünə görünməmək, bir daha onunla danışmamaq! Qaçıb 

vaxtında xilas olmaq, qaçmaq, qaçmaq, geriyə – öz əvvəlki, o sakit həyatıma, öz 

otelimə qayıtmaq və birinci qatarla bu lənətəgəlmiş yerdən, bu ölkədən biryolluq, 

birdəfəlik çıxıb getmək, bir daha onunla qarşılaşmamaq, heç bir vaxt gözlərinə 

baxmamaq, nə bir şahidə, nə bir ittihamçıya, nə də bu işdə bir iştirakçıya möhtac 

olmaq! Bu fikir mənə qüvvət, cəsarət verdi: mahir oğrular kimi ehmallı hərəkətlə 

nəfəsimi çəkib, yavaşca çarpayıdan sürüşüb paltarlarımı axtarıb tapdım. Ehmalca 

geyinməyə başladım, bütün bədənim tir-tir əsirdi, qorxurdum ki, bu saat oyanacaq. 

Nəhayət ki, geyinib qurtardım. Bircə şlyapam qalmışdı, çarpayının o biri 

ayağından asılmışdı və mən pəncələrim üstə yeriyib, onu götürmək istərkən bu an 

dözə bilməyib, hörgüdən düşən qəfil daş kimi həyatımı əzmiş bu yad adamın üzünə 

bir də baxmalı oldum. Yalnız bircə dəfə mən onun üzünə baxmaq istədim, lakin... 

qəribə idi, dərin yuxuya getmiş bu cavan oğlan, həqiqətən, mənə tanış gəlirdi. İlk 

baxışda mən gördüyüm o sifəti heç tanımadım. Sanki, bu üz dünənki üz deyildi. 

Onun ehtirasdan dəhşətli, gərginlikdən yöndəmsiz bir şəkildə qıc olmuş üzünün 

qırışıqlarını, elə bil, silib tamamilə təmizləmişdilər, bu şəxsin sifəti indi tamamilə 

başqa görkəmdə idi: eynən uşaq üzü, körpə üzü kimi aydın, təmiz, işıqlı idi. Dünən 

bir-birinə sıxılan dişləri arasına tikilib bir-birinə dirənən dodaqları indi son dərəcə 

yumşaq, xəyala dalmış adamların ağzı kimi azacıq açıq idi. Elə bil, bu dodaqlara 

aydın bir təbəssüm qonmuşdu, dalğalı sarışın saçları yumşalıb qırışsız alnına 

yayılmışdı. O, rahat-rahat nəfəs alır, sinəsi ahəstə-ahəstə qalxıb-enirdi. 



Yadınızdamı, mən sizə danışdım ki, qumar masası başında mən heç bir zaman heç 

kəsdə bu adamın sifəti qədər gərgin, ehtiraslı, müdhiş bir sifət görməmişdim. Mən 

sizə yenə də deyirəm: heç bir vaxt, bəzən yuxularında nədənsə həyəcanlanıb üz-

gözündə qəribə təlaş oynaşan körpələrimin o məsum sifətlərində də belə nurlu, 

belə şəfəqli cizgilər, belə xəfif bir sakitlik görməmişdim. O, indi cənnətə düşmüş 

kimi bütün qayğı, qorxu və həyəcanlardan tamamilə xilas olmuş kimi görünürdü. 

Belə gözlənilməz bir mənzərəni görərkən, elə bil, bütün vahimələri üzərimdən ağır 

bir yük kimi götürdülər – mən daha utanmırdım, yox, mən hətta, az qala, 

sevinirdim də. Bütün o dəhşətli hadisələr, bütün o ağlasığmaz, o dərkedilməz 

hadisələr birdən-birə xüsusi məna kəsb etdi, mən şadlandım, bir qürur hissi ilə 

sevindim ki, əgər mən özümü qurban verməsə idim, zərif bir çiçək kimi burada 

sakitcə, rahat-rahat yatan bu cavan, bu gözəl oğlanı indi kim bilir haradasa – 

qayaların arasında qanına qəltan olmuş, ölmüş halda, eybəcərləşmiş bir sifətdə, 

vahiməli bir tərzdə, gözləri bərələ qalmış halda tapardılar. Mən onu xilas etmişəm, 

o, artıq xilas olmuşdur! Və mən bu dəfə – başqa cür deyə bilmirəm – bir ana 

nəvazişi ilə yenidən həyata qaytardığım bu oğlana təkrar bir nəzər saldım. Elə bil, 

mən özüm onu doğmuşdum, doğma balalarıma nisbətən daha böyük əzabla

işgəncə ilə. Ola bilsin ki, bu sizə gülməli gəlir, lakin bu çirkli, mənfur otaqda, bu 

iyrənc zibilli mehmanxanada məni birdən-birə elə bir hiss bürüdü ki, elə bil, mən 

kilsədəydim, əsrarlığı və müqəddəsliyi məmnun bir halda duyur və hiss edirdim. 

Həyatımın o müdhiş dəqiqələrində yeni, daha valehedici, daha fərəhli anlar doğdu. 

Bilmirəm, bir şeyə toxundum, yoxsa da ağzımdan bir söz çıxdı, nə oldusa, o, 

gözlərini açdı. Mən qorxub geriyə çəkildim. O, təəccüblə ətrafına baxdı, eynən o 

dərin, o ağır yuxudan oyanıb ətrafa baxdığım kimi. Onun nəzərləri bu yad, bu özgə 

otağı dolaşıb təəccüblə mənim üzərimdə dayandı. O, hələ ağzını açmamış, 

fikirlərini toplamağa imkan tapmamış mən tez özümü ələ ala bildim. Onu bir söz 

belə deməyə qoymamaq, heç bir suala cavab verməmək, heç bir təklifə razı 

olmamaq, heç nəyi izah etməmək, dünən və bu axşam nələr baş verdiyi barədə heç 

bir kəlmə də danışmamaq! 

– Mən çıxıb getməliyəm, – deyə tələsik dilləndim. – Siz burada qalın, geyinin. Saat 

12-də kazinonun girəcəyində görüşərik, orada mən hər şeyi qaydasına qoyaram. 



Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə