ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   47   48   49   50   51   52   53   54   55

Arbetnot çiyinlərini çəkdi:  
– Bunu onun özündən soruşsanız, daha doğru olar. Ancaq mən yenə də 
yanıldığınızdan əminəm. 
Puaro səsini yüksəldərək qarsonlardan birini çağırdı.  
– 11 nömrəli kupeyə gedib, ingilis xanıma buraya gəlmək lütfündə bulunmasını 
söyləyin. 
– Baş üstə, cənab.  
Qarson uzaqlaşdı. 
Dörd adam da səssiz-səmirsiz oturmuşdular indi. Arbetnotun üzü daşdan 
oyulmuşdu, sanki; ifadəsiz üz xətləri gərgin idi. 
Qarson geri döndü.  
– Gəlir, cənab. 
– Təşəkkür edirəm. 
Bir - iki dəqiqə sonra Mari Debenham vaqon-restorana girdi. 
 
VII fəsil 
Mari Debenham kimdir 
 
 Şapkasız idi gənc qadın. Başını meydan oxuyurmuş kimi arxaya atmışdı. Alnında 
arxaya doğru dalğalanan saçları, qabarmış burun pərləri, dalğaları cəsarətlə yaran 
bir gəminin ön tərəfindəki oyma fiqura bənzəyirdi. Bu anda çox gözəl idi. Baxışları 
qısa bir an üçün Arbetnota doğru süzüldü. Sonra da Puaroya baxaraq: 
– Məni görmək istəmisiniz? – deyə soruşdu. 
– Sizdən bu səhər bizə nəyə görə yalan söylədiyinizi soruşmaq istəyirdim, 
madmazel. 


– Yalanmı söylədim? Nə demək istədiyinizi anlaya bilmirəm. 
– Armstronq faciəsi zamanı o evdə yaşadığınızı bizdən gizli saxladınız. Mənə 
Amerikaya heç getmədiyinizi söylədiniz.  
Puaro onun bir an diksindiyini, sonra da özünü topladığını gördü.  
Mari Debenham:  
– Bəli, – dedi. – Doğrudur bu. 
– Xeyr, madmazel. Bu yalandır. 
– Məni səhv başa düşdünüz. Mən demək istədim: mənim yalan söyləməyim 
doğrudur. 
– Demək belə. Bunu inkar etmirsiniz? 
Miss Debenhamın dodaqları acı bir gülümsəməylə büküldü: 
– Əlbəttə. Əgər yalanımı tutmusunuzsa, artıq başqa yolum qalmır. 
– Ən azından, heç olmasa, açıq danışırsınız, madmazel. 
– Görünür, əlimdən başqa bir şey gəlmir. 
– Bəli, doğrudur, əlbəttə. Və indi, madmazel, sizdən bu yalanların səbəbini soruşa 
bilərəmmi? 
– Səbəbinin çox aydın olduğunu fikirləşirdim, müsyö Puaro. 
– Mənim üçün heç aydın deyil, madmazel. 
Gənc qadın sakit, amma bir az gərgin səslə:  
– Mən dolanışığımı işləyərək təmin etmək məcburiyyətindəyəm, – dedi. 
– Yəni, demək istəyirsiniz ki...? 
Mari Debenham başını qaldıraraq Puaronun üzünə baxdı.  
– Bir qızın ağıllı-başlı bir iş tapması və bunu əldən buraxmaması üçün necə 
mübarizə aparmalı olduğu haqqında bilginiz varmı əcəba, müsyö Puaro? Bir 


cinayət hadisəsi üzündən istintaqa çəkilən, tutulan, adı, hətta bəlkə də, fotosu 
ingilis qəzetlərində çıxan bir qızı orta təbəqədən olan bir ana, uşağına dayə olaraq 
tutarmı, sizin fikrinizcə? 
– Əgər günahkar deyilsinizsə, nəyə görə tutmasın? 
– Günah? Bunun günahkar olmaqla əlaqəsi yoxdur. Əsas məsələ odur ki, adın 
qəzetlərə düşməsin! Bu günə qədər həyatda başarıcı oldum, müsyö Puaro. Yaxşı 
ailələrin yanında bol maaşla çalışdım. Heç bir faydası olmayacağını bilə-bilə, 
çatmış olduğum bu səviyyəni təhlükəyə atmalı deyiləm. 
– Bu baxımdan siz deyil, mən qərar verə bilərdim, madmazel. Bunu söyləməyimə 
izn verin. 
Mari Debenham çiyinlərini çəkdi. 
– Məsələn, bir nəfərin şəxsiyyəti barədə mənə yardım edə bilərdiniz. 
– Nə demək istəyirsiniz? 
– Yəni Nyu-Yorkda dərs verdiyiniz qızı, xanım Armstronqun bacısı qrafinya 
Andrenini tanımamağınız mümkündürmü? 
– Qrafinya Andreninimi? Xeyr. – Mari Debenham başını buladı: – Bəlkə, bu, sizə 
çox qəribə gələcək... Ancaq mən onu tanımadım. Mən onu gördüyüm zaman hələ 
balaca uşaq idi. Üç ildən daha artıq bir müddət keçdi aradan. Bəli, Qrafinya mənə 
kimisə xatırladırdı. Buna görə elə fikirləşə-fikirləşə qalmışdım. Ancaq elə yad bir 
havası var ki, onun o kiçik amerikalı məktəb şagirdi olduğu ağlıma belə gəlmədi. 
Vaqon-restorana girərkən ona, sadəcə, nəzər saldım və üzündən çox paltarına 
baxdım. – Xəfifcə gülümsədi. – Qadınlar belədir. Sonra... başım qarışıq idi, ona 
görə də heç fikir vermədim. 
– Sirrinizi mənə söyləməyəcəksinizmi, madmazel? Puaronun səsi yumşaq və təsirli 
idi. 
Mari Debenham güclə eşidiləcək alçaq səslə:  
– Söyləyə bilmərəm, – dedi. – Söyləyə bilmərəm.  


Sonra birdən-birə, ən gözlənilməz bir anda özünü saxlaya bilmədi, üzünü irəliyə 
uzatdığı qollarının arasında gizlədərək hıçqıra-hıçqıra, titrəyə-titrəyə ağlamağa 
başladı. Arbetnot ayağa sıçrayıb yöndəmsiz bir şəkildə onun yanında dayandı:  
– Mən... bura baxın ha... – Duruxaraq döndü. Dəhşətli bir hikkəylə Puaroya baxdı. 
– Səni xıncım-xıncım edərəm ha, murdar liliput!  
Buk etiraz etdi.  
– Müsyö! 
Arbetnot təkrar gənc qadına tərəf dönmüşdü:  
– Mari... xahiş edirəm... 
Mari Debenham ayağa qalxdı:  
– Bir şey yoxdur. Artıq keçdi. Artıq mənə bir sözünüz qalmadı, elə deyilmi, müsyö 
Puaro? Əgər varsa, gəlib məni taparsınız. Ay Allah, özümü əməlli-başlı gic kimi 
aparıram! 
Tez-tələsik salondan çıxdı. 
Arbetnot onun arxasınca getməzdən öncə yenə Puaroya döndü: 
– Miss Debenhamın bu işlə heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi. Başa 
düşdünüz? Əgər ona baş qoşsanız, onu incitsəniz, qarşınızda məni görəcəksiniz, – 
deyərək başını dik qaldırıb hirslə qapıdan çıxdı. 
Puaro:  
– İngilislərin əsəbiləşməyindən xoşum gəlir, – dedi. – Çox əyləncəli olurlar. 
Həyəcanları artdıqca nə danışdıqlarını da bilmirlər. 
Buna baxmayaraq, ingilislərin özünü necə aparması Buku heç maraqlandırmırdı. 
Dostuna duyduğu heyranlıq xeyli artmışdı.  
– Qeyri-adisiniz, dostum! – deyə bağırdı. – Bir möcüzə də göstərdiniz! Möcüzə 
kimi bir tapıntıdır bu. 
Doktor Konstantin də heyranlıqla:  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə