Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə67/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

 
334
QOŞA GƏZƏK DÜNYANI 
 
Ömrümün ən əziz, ən şirin günü 
səni gözlədiyim gün imiş, gülüm. 
Gəl ki, əllərindən tutaraq yenə 
doyunca dörd yanı dolana bilim. 
 
Gəl-gəl, ürəyimdə tap öz yerini, 
coşğun qəlblərimiz  fərəhlə dolsun. 
Gəzək bu şəhərin  küçələrini, 
şəhər başdan-başa evimiz olsun. 
 
Səninlə yer üzü tamam tamaşa, 
Günəş nur göndərir, Ay bəyaz gecə. 
Dolaşaq dünyanı bəxtəvər, qoşa, 
ömür yarı nağıl, yarı əyləncə. 
 
Qır, qopar içimdə nə ki, qubar var, 
eşqimiz bulaqtək qaynayıb daşsın. 
Mənim xəyalımdan keçən arzular 
sənin ürəyində gül-çiçək açsın. 
 
Ah, nə xoş anlardır yaşayırıq biz, 
xoşbəxtlik göz ilə qaş arasında. 
İslansın istəkdən kirpiklərimiz, 
görünsün sevincdən yaş arasında. 
 
 
 
NEYLƏYİM 
 
Mobil Babayev musiqi bəstələmişdir. 
 
Ha deyirəm daha səni unudam, 
ürəyimlə bacarmıram, neyləyim? 
Öz içimdə gizli yanan bir odam, 
kimsə bilməz nədir yanğım, göynəyim, 
ürəyimlə bacarmıram neyləyim? 


 
335 
Bir nalə var indi bağrım başında, 
bir kölgə var üzüyümün qaşında. 
Dərddir axan gözlərimin yaşında, 
bu göz yaşlı dərdi kimə söyləyim? 
Ürəyimlə bacarmıram neyləyim? 
 
Əldən düşmüş bir xəstəyəm, heyim sən, 
qəlbim qəmdən qubarlıdır, neyim sən
soruşan yox dərmanımı – deyim-sən, 
qan-yaşımala islansa da köynəyim, 
ürəyimlə bacarmıram, neyləyim? 
 
Ay eşqimin əlçatmazı, Meracı,  
həyat kimi gah şirinsən, gah acı. 
Həm ağrımsan, həm ağrımın əlacı, 
bu taleyə, bu qismətə nə deyim, 
ürəyimlə bacarmıram, neyləyim? 
 
 
 
BİR AZ OVSUNLU OL 
 
Başında bir eşqin ayrılıq dəmi, 
gedirdin, bilmirdim neyləyəcəyəm. 
Mən artıq duymuşdum, bir daha səni 
heç yerdə, heç zaman görməyəcəyəm. 
 
Bu ki, son görüşdü, vida deyildi, 
bəs niyə xiffətdən boğulurdum mən? 
Sənin gözlərinə dolan o yaşdan 
mənim gizli-gizli yanırdı sinəm. 
 
Ay keçib, il ötüb o vaxtdan bəri, 
çəkir hər günümü sınağa zaman. 
Əgər yaşasam da qərinələri, 
mən səni unuda bilmərəm, aman! 
 


 
336
Xatirən qəlbimdən çıxmır bircə an, 
məni darıxmağa qoymursan, nədir? 
İndi də yuxuma girirsən müdam,  
dərdli ovqatımdan doymursan, nədir? 
 
Yetər iztirabın, əzabın yetər, 
bir az ovsunlu ol, qoy ölüm rahat. 
Əgər mələksənsə, möcüzə göstər
ruhumu cismimdən, gəl, özün çıxart! 
 
 
 
ÜRƏYİMİN OVSUNU 
 
Sən ruhumun söykənc yeri, 
gözlərimin işığı. 
Məni sərməst eyləyənim, 
ömrümün yaraşığı. 
 
Sən duyğumun sahibisən, 
ürəyimin ovsunu. 
Mümkünmü könlüm olmasın 
o surətin vurğunu. 
 
Sən ey sonsuz məhəbbətim, 
vəsf etdiyim qüdrətim. 
Cismimdəki can qədərdir 
önündəki heyrətim. 
 
Gözümdən əksin əskilsə 
kor olaram hər şeyə. 
Neyləyirəm o ömrü ki, 
məhkumsa sənsizliyə? 
 
Mən də bir cür divanənəm, 
mən də bir cür heyranın. 
Ölsəm, Tanrıya dua et, 
qəbul olsun qurbanın. 


 
337 
ÜZÜNDƏ AY İŞIĞI VAR 
 
Üzündə ay işığı var, 
dilində bülbül nəğməsi. 
Bu gözəlin ədasına  
Allah, Allah, göz dəyməsin. 
 
Nə füsunkar qönçədi bu? 
Min çiçəkdən incədi bu, 
hər istəkdən öncədi bu, 
qapısını qəm döyməsin. 
 
Qoy nurundan əfsunlanım, 
qoy səsindən ovsunlanım. 
Yansın bağrım, çıxsın canım, 
odundan  qəlbim göynəsin. 
 
Xiffətindən vərəm olum,  
yolunda can verən olum, 
bu Əsliyə Kərəm olum, 
el məndən dastan söyləsin. 
 
Baxıb məst olanda hərdən, 
ayağım üzülür yerdən. 
Bir gözəl naz satan yerdə, 
bir aciz oğlan neyləsin? 
 
 
 
SƏNDƏN SAVAYI 
 
Bir payız yağışı yağır nə vaxtdan, 
gecikir beləcə, yar, görüşümüz. 
Mənim ürəyimə yağan yağışdan 
kimsə xəbər tutmaz, kimsə üşüməz, 
yar, səndən savayı, səndən savayı. 
 


 
338
Bu yağmur selində, buludlu gündə 
gözlərim yol çəkər, ürəyim yanar. 
Qalmışam nigaran, xiffət içində, 
bu tənha anımda məni kim anar, 
ah, səndən savayı, səndən savayı. 
 
Ruhum uçub gələr yanına gülüm, 
«ucal» de, ucalım, «en» söylə, enim. 
Özümlə bacara bilmirəm, neynim, 
axı, bu dünyada kimim var mənim, 
de, səndən savayı, səndən savayı? 
 
Bəlkə bu xiffətlə yoruram səni, 
bəlkə incidirəm, məni bağışla? 
Kaş sənin ömrünə Günəş doğaydı 
mənim taleyimə yağan yağışla. 
Ay qəlbim arzusu, dilim harayı, 
nəyim var, kimim var, səndən savayı, 
tək səndən savayı, səndən savayı?! 
 
 
 
GİZLİ – GİZLİ 
 
Gizli-gizli duyğulandıq, 
gizli-gizli sevişdik. 
Gizli-gizli pıçıldaşdıq, 
gizli-gizli görüşdük. 
 
Gizli-gizli məktublaşdıq, 
telefonlaşdıq, danışdıq. 
Milyon-milyon sevənlərin 
ümmanına qarışdıq. 
 
Gizli-gizli məhrəmləşdik, 
qucaqlaşdıq, öpüşdük. 
Gizli necə hissimizi 
sirr saxladıq, ötüşdük. 


 
339 
Ah, nə gözəl günlər imiş, 
görmüşük bir zamanlar. 
Yuxu kimi, xəyal kimi 
yada düşür o anlar. 
 
İndi daha üzür məni 
gizli-gizli xatirən. 
Sən hardasan, ürəyindən 
nələr keçir, bilmirəm? 
 
 
 
BELƏ OLMAZ, ƏZİZİM 
 
Gör, haçandır yollar əzir gözümü, 
gör, nə vaxtdan nəfəsinə həsrətəm. 
Sən ki, yoxsan, itirmişəm özümü, 
nə üçündüür bu iztirab, bu sitəm? 
 
müddətdir eşitmirəm səsini
barı bir yol nömrəmi yığ, zəng elə. 
Günüm qara, səbrim tamam kəsilib, 
kim incidir sevdiyini bir belə? 
 
Əcəb məndən gizlədirsən özünü, 
soraq üçün heç ünvan da qoymursan. 
Dönük bilib döndərirsən üzünü, 
məni bu cür öldürməkdən doymursan. 
 
Bir şəhərdə yaşayırıq, axı biz, 
yəqin, hərdən çarpazlaşır izimiz. 
Bəlkə elə təsadüfən görüşdük, 
ovsunlandıq, qucaqlaşdıq, öpüşdük. 
 
Nə zamansa doğma idik, axı, biz, 
çoxmu çəkər bu küskünlük, bu dözüm? 
Günahkarı həm mənəm, həm ikimiz, 
belə olmaz, belə olmaz, əzizim. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə