Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   18   19   20   21   22   23   24   25   ...   151

Birdən qız onun yanında əyləşdi və ağlamağa başladı: 
– Bütün həftəni sizin üçün elə darıxmışam ki… 
Beləliklə, Martin artıq qızların hər ikisinə xəyanət edirdi. Leora onu həddindən artıq çox maraqlandırırdı; 
elə indi də, əslində o, Madelinanı yox, Leoranı əzizləyirdi; amma onun aclığı  Madelinanın qismətinə 
düşmüşdü və qız dili dolaşa-dolaşa "Sizin üçün burada yaxşıdır, hə? Buna elə şadam ki…" deyəndə, o 
cavabında heç nə söyləyə bilmədi. O, Leora haqqında danışmaq, Leora haqqında qışqırmaq, onunla – öz 
qadını ilə birlikdə şadyanalıq etmək istəyirdi. O, çətinliklə olsa da, dilindən bir neçə təkzibedilməz və 
həvəssiz kompliment çıxarda bildi; dedi ki, Madelina qəşəng, gənc qadındır və ingilis ədəbiyyatında 
güclüdür.  
Saat onda Martin öz soyuqluğu ilə  qızı heyrət və məyusluq içində qoyaraq çıxıb getdi. O,  nəhayət, artıq 
özünü əclaf və murdar köpək kimi hiss edə bilirdi.  
Martin Klif Kolsonun yanına tələsirdi.  
O, Klifə Leora haqqında heç nə danışmadı. Çünki onun istehzalı sözlərini dinləmək istəmirdi. Martin 
otağa heç nə olmayıbmış kimi girə bildiyi üçün özü ilə qürur duyurdu. Klif yalın ayaqlarını yazı stolunun 
üstünə qaldıraraq əyləşmişdi,  Şerlok Holmsu oxuyurdu; özünü aldatmaq üçün onu Oslerovun "Tibb" 
kitabının üstünə qoymuşdu. 
– Klif, içmək lazımdır! Yorulmuşam. Barninin yanına dəyək, bəlkə, nəsə tapdıq. 
– Sən lap yaxşı beyni, dili olan və onları rombensefalın köməkliyi ilə istənilən sürətlə hərəkət etdirə bilən 
adam kimi danışırsan.  
– Oh, az özünü ağıllı göstər! Bu gün hirsliyəm. 
– Aha, oğlan öz sevimli və namuslu Madelinası ilə dalaşıb. Nədir, bu qız zavallı Martikinsin xətrinə dəyib? 
Əla. Daha danışmıram. Gedək! Yaşasın içki! 
Yol boyu Klif professor Robertşo haqqında üç yeni lətifə danışdı, hər üçü də ədəbsiz; üçündən ikisi 
açıqdan-açığa uydurulmuşdu və demək olar ki, Martinin kefini açdı.  
…Barninin yanında adətən bilyard oynayır və tütün satırdılar; Moqalisdə yerli hakimiyyət tərəfindən içki 
qadağan olunsa da, burada həmişə əlaltdan içki tapmaq olardı.  
Onları görən kimi Barni tüklü əlini Klifə uzatdı. Onlar təmtəraqla salamlaşdılar: 
– Barni, qoy bu axşamın bərəkəti  üstünüzdən əskik olmasın. Qoy sizin qan damar sisteminiz nöqsansız 
işləsin … Bax, mən də, mənim həmkarım tibb doktoru, professor Eqbert Erousmit də böyük 
məmnuniyyətlə onun sağlığına sizin məşhur çiyələk şərbətinizdən bir şüşə – lap elə ikisini də boşalda 
bilərik.  


– Əla, Klif!  Sizdəki ağız deyil, əsl musiqi qutusudur. Siz həkim olanda, əlimi amputasiya etmək lazım 
gələrsə, mütləq sizə müraciət edəcəyəm; siz onu mənim xətrimə kəsərsiniz, hə? Bağ çiyələyindən 
hazırlanmış meyvə şərbəti, centlmenlər? 
Barninin birinci otağı impressionist üslubda işlənmiş tabloya bənzəyirdi, burada bilyard stolu, siqaret 
qalağı, şokolad plitkaları, bir neçə oyun kartı və idman qəzetlərinin çəhrayı vərəqləri ora-bura 
səpələnmişdi. Arxa otaqda isə hər şey daha sadə idi; qəribə dadı olan şirin qazlı su yeşikləri, böyük 
buzxana, iki stol və  ətrafına düzülmüş qırıq stullar... Barni üstündə meyvə suyu etiketi olan şüşələrdən 
iki stəkana tünd viski tökdü və Martinlə Klif onları götürüb yumru stola tərəf getdilər. Çox tez təsir etdi. 
Martinin dumanlı kədəri optimizmlə əvəzləndi və o, Klifə dedi ki, idealizmi  ifşa edən kitab yazmağa 
hazırlaşır; o, bu sözün altında ikili adaxlılığı ilə bağlı nəsə ağıllı-başlı bir iş görmək lazım gəldiyini nəzərdə 
tuturdu. Tapdı! O, Leora və Madelinanı səhər yeməyinə dəvət edəcək, onlara həqiqəti söyləyəcək və 
hansının onu həqiqətən sevdiyini görəcək. Tapdığına sevindiyindən, gülə-gülə daha bir stəkan viski istədi; 
sonra Klifi "yaxşı oğlan", Barnini isə "cəmiyyətin xilaskarı" adlandırdı və onu eşitməsinlər deyə, 
tərəddüdlü addımlarla telefon budkasına doğru getdi. 
Telefonçu onu Zenit xəstəxanası ilə calaşdırdıqda, o, gecə növbətçisini çağırdı; gecə növbətçisi laqeyd və 
hər şeydən şübhələnən adam idi: 
– İndi təcrübəçiləri telefona çağırmaq üçün doğru zaman deyil! On ikinin yarısıdır! Siz kimsiniz ki? 
Martin dilinə gələn "buralarda ol, kim olduğumu sənə deyəcəyəm" sözlərini güclə saxladı və dedi ki, 
Leoranın xəstə nənəsinin yanından danışır; guya, yazıq qadın lap pisləşib və gecə növbətçisi heç nədə 
günahı olmayan bir adamın ölümünü öz vicdanına götürmək istəmirsə… 
Leora dəstəyi götürəndə o, tez və bu dəfə ayıq səslə danışdı, sanki, naməlum adamların hücumlarından 
yalnız bu qızın himayəsi altında gizlənə bilərdi. 
– Leora? Danışan Kürəndir. Sabah birin yarısında "Qrand"ın vestibülündə gözləyin. Mütləq! Çox vacibdir! 
Bir təhər yoluna qoyun – nənəniz xəstələnib! 
– Yaxşı, əzizim. Gecəniz xeyirə qalsın, – o, elə bunları dedi. 
Madelinanın mənzilindən isə uzun müddət cavab vermədilər, sonra missis Foksun yuxulu və cingiltili səsi 
eşidildi: 
– Bəli, bəli. 
– Martindir. 
– Kim? Kim? Kim? Sizə Foksun mənzili lazımdır? 
– Hə, hə. Missis Foks, danışan Martin Erousmitdir. 


– A-a-ah, ah. Salam mənim əzizim. Zəng səsinə ayıldım, yuxulu-yuxulu səsinizi tanıya bilmədim. Elə 
qorxdum ki. Dedim, yəqin, teleqramdır, ya da daha nəsə. Elə bildim Madelinamın başına bir iş gəlib. Nə 
olub, əzizim? Oh, ümid edirəm ki, hər şey qaydasındadır?  
Öz doğma torpağından qoparılmış və yad ölkələrə atılmış bu yaşlı qadının ona bağlılığı, inamı Martini 
əməlli-başlı məhv etdi. O, öz sərxoş məğrurluğunu itirdi və ümidsizlik içərisində, sanki, həyatın ağırlığı 
yenidən çiyinlərinə çökübmüş kimi, köksünü ötürdü: "Yox, heç bir şey baş verməyib, sadəcə, Madelinaya 
bir söz  deməyi yaddan çıxarmışam və…  Belə gec zəng etdiyim üçün ü-ü-üzr istəyirəm, amma, elə bu 
dəqiqə Madlla danışa bilərəmmi?" 
Madelina hay-külə gəldi: 
– Marti, əzizim, nə olub? Ümid edirəm heç bir şey baş verməyib? Əzizim, siz ki, indicə burada idiniz? 
– Qulaq asın, əz-əzizim. Sizə deməyi unutdum. Mənim Zenitdə yaxşı bir dostum var, sizi onunla tanış 
etmək istəyirəm. 
– O kimdir ki? 
– Sabah görəcəksiniz. Qulaq asın, sizinlə birlikdə Zenitə getmək istəyirəm,  görüşməyiniz üçün… səhər 
yeməyi zamanı görüşəcəksiniz. Düşünürəm ki, – anlaşılması çətin olan bir rahatlıqla əlavə etdi – sizi 
"Qrand"da qəşəng bir səhər yeməyinə qonaq etmək istəyirəm.  
– Ah, necə də xoşdur! 
-…Deməli belə, gəlin saat on ikiyə iyirmi dəqiqə qalmış şəhər kənarında görüşək, Kollec-skverdə . Gələ 
bilərsiniz? 
Qarmaqarışıq səs eşidildi: 
– Ah, şad olardım, amma… Saat on birdə seminarım var, buraxmaq istəməzdim, bir də Mey Qarmona söz 
vermişəm ki, onunla birlikdə mağazaları gəzəcəyəm; o, çəhrayı krepdeşin paltarına uyğun tufli axtarır, 
amma eləsini axtarır ki, çölə-bayıra da geyinə bilsin. Biz də birlikdə səhər yeməyi yemək istəyirdik, ola 
bilsin, "Karvan-Kollec-saray"da… Doğrusu, onunla kinoya getməyə hazırlaşırdım, bəlkə də, yanımızda 
başqa biri də oldu… Anam deyir ki, Alyaska haqqında yeni film çox gözəldir, bu gün tamaşa edib, nə 
qədər ki, proqramdan çıxartmayıblar mən də baxmaq istəyirdim, Əslində isə, mənim evə qayıtmağım, 
işləməyim və ümumiyyətlə, heç yerə getməməyim daha doğru olardı. 
– Madelina, qulaq asın, bu, çox vacibdir! Siz mənə inanmırsınız? Gələcəksiniz, yoxsa yox? 
– Yox, əlbəttə ki, sizə inanıram, əzizim. Yaxşı, çalışaram gəlim. On ikiyə iyirmi dəqiqə qalmış? 
– Hə. 
– "Kollec-skver"də? Yoxsa Blutmanın kitab dükanının yanında? 
– Kollec-skverdə! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə