Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   9   10   11   12   13   14   15   16   ...   151

belə bir ehtiram hissi yarada bilərdi. Sonra deyinə-deyinə sınaq şüşəsinin ağzını Bunzenov odluğunun 
üzərində dolandırdı: 
– Hər dəfə sınaq şüşəsinin tıxacını çıxaranda şüşənin ağzını oda verin. Bunu bir qayda kimi qəbul edin. 
Bu, texniki zərurətdir, texnika isə, cənablar, hər bir elmin başlanğıcıdır. Təəssüf ki, elmlə məşğul olanlar 
hər şeydən daha çox ona laqeydlik göstərirlər.  
Auditoriya səbirsizlənirdi. Niyə o, qurdalanır, niyə infeksiyanın tətbiqinə  başlamır. 
(Maks Qotlib isə bu arada şüşə həbsxanada olan digər hind donuzuna tamaşa edir və düşünürdü: "Yazıq 
günahsız məxluq! Niyə cürbəcür Dummkopfeləri  öyrənmək üçün mən onu öldürməliyəm? Təcrübəni bu 
kök cavan oğlanın üzərində aparmaq daha doğru olmazdımı?")  
  O, iynəni sınaq şüşəsinə saldı, işarə barmağıyla məharətlə porşeni  dartdı və sözünə davam etdi: 
– Yarım s. k. kultura götürün. Sizə deyim ki, iki cür həkim var –  biri üçün "s.k." "santimetrin kubu" 
anlamını verir, digəri üçün isə "çətin katar"  deməkdir. Amma onu da bilin ki, ikincilər həyatda daha çox 
uğur qazanırlar. 
(Qotlibin bu sözləri necə söylədiyini ifadə etmək mümkün deyil: sait səslərin azacıq uzunluğu, istehzalı 
iltifat, "s"-lərin fışıltısı və "d"nin küt, meydan oxuyan "t"-yə çevrilməsi…).  
Assistent donuzu möhkəm tutmuşdu. Qotlib qarın hissəsindəki dərini azacıq dartdı və cəld hərəkətlə 
iynəni onun bədəninə yeritdi. Donuz balası yüngülcə dartındı, ciyildədi, tələbə qızlar dəhşət içində geri 
çəkildilər. Qotlibin alim barmaqları iynənin nə vaxt qarın nahiyəsinə yetişəcəyini yaxşı bilirdi. O, şprisin 
içində porşeni axıra qədər möhkəm sıxdı. Sonra sakitcə dedi: 
– Bu yazıq donuz balası bir azdan Musa peyğəmbər kimi ölmüş olacaq. 
Tələbələr heyrətlə bir-birinə baxdılar.  
– Sizlərdən bəziləri fikirləşəcək ki, bu, faciə deyil. Bəziləri də Bernard Şou ilə birlikdə məni cəllad 
adlandıracaqlar, özü də dəhşətli cəllad. Sonra da deyəcəklər ki,  mən soyuqqanlıyam. Aranızda elələri də 
olacaq ki, ümumiyyətlə, heç nə düşünməyəcək. Fəlsəfi yanaşmada bu cür təzadlar həyatı daha maraqlı 
edir. 
Assistent donuzun qulağına metal jeton keçirənə və onu yenidən bankaya yerləşdirənə kimi, Qotlib 
jurnala heyvanın çəkisi, infeksiyanın yeridilmə tarixi və bakterial kulturanın müddəti ilə bağlı qeydlər 
etdi. Sonra aydın xəttlə, danışa-danışa onları lövhəyə köçürdü: 
– Cənablar, həyatda ən vacib şey yaşamaq deyil, yaşamaq haqqında düşünməkdir. Təcrübədə isə ən 
vacib şey onun keçirilməsi yox, səliqə ilə qeydə alınmasıdır. Mənə dəfələrlə söyləyiblər ki, bir çox 
əllaməçilər məlumatı beyinlərində saxlamağa üstünlük verirlər. Mən isə tez-tez böyük məmnuniyyətlə 
müşahidə edirəm ki, bu əllaməçilərdə, ümumiyyətlə, rəqəmləri qoruyub saxlaya biləcək baş yoxdur. 
Amma bunun özü də yaxşı əlamətdir. Çünki bu yolla onların çıxartdığı nəticələrdən dünya bixəbər 
qalacaq; digər tərəfdən də bu nəticələr elmi zibilləməyəcək. İndi infeksiyanı ikinci donuz balasına 


yeridirəm; tələbələr artıq dağılışa bilərlər. Növbəti görüşümüz üçün sizdən xahiş edərdim ki, laboratoriya 
sənətinin əsas sirri olan təmkini öyrənəsiniz deyə, Uolter Paterin "Epikürçü Mariy" kitabını oxuyasınız.  
 

 
Soyunub-geyinmə otağının qarmaqarışıqlığı içində Anqus Dyuer bir "diqamma"çıya deyirdi: 
– Qotlib qoca laboratoriya siçanıdır: o, təxəyyüldən məhrumdur, dünyaya çıxıb mübarizədən zövq almaq 
əvəzinə, burada gizlənib.  Amma əlləri çevikdi. Çox gözəl texnikası var. O, mükəmməl cərrah ola, ildə əlli 
min dollar qazana bilərdi. İndi isə o çətin ki, dörd min dollardan çox qazana. 
Ayra Xinkli təpədən-dırnağacan həyəcan içində evə tək yollanmışdı. Bu yekəpər və səsli-küylü dindar çox 
xeyirxah adam idi. O, müəllimlərin söylədiyi hər şeyi həqiqət kimi qəbul edirdi. Hətta deyilənlər çox şeyə 
zidd olsa belə… Amma canlıların öldürülməsi ilə barışa bilməzdi. Nədənsə keçən bazar kilsədə şəhidlərin 
ölümü,  qurbanlıq quzuların qanı, Emmanuelin damarından tökülən qanla dolu çeşmə haqqında etdiyi 
söhbət yadına düşdü; amma  fikirlər arasındakı əlaqə qırıldı və o,  mərhəmət hissi ilə "Diqamma Pi"yə 
tərəf yol aldı.  
Bu məqamda Gonbul Pfaffın əlindən tutmuş Klif Kloson gur-gur guruldayırdı: 
– Ay səni! Qotlib ata iynəni donuz balasına soxanda o, yaxşıcana dartındı ha...  
Gonbul isə yalvarıb-yaxarırdı:    
– Lazım deyil! Xahiş edirəm, lazım deyil! 
Martin Erousmit xəyalən eyni təcrübəni keçirdiyini təsəvvür edirdi; Qotlibin qüsursuz barmaqlarını yada 
salan kimi əlləri qeyri-ixtiyari qatlanaraq, onun hərəkətlərini yamsılamağa başlayırdı.  
 

 
Hind donuzları getdikcə lap hərəkətsiz olurdular. İki gündən sonra arxası üstə düşüb əl-ayaqlarını 
uzadaraq gəbərdilər. Həyəcanla yeni hadisələrin baş verəcəyini gözləyən tələbələr yarılma prosesinə 
toplaşdılar. Nümayiş stolunun üstündə knopkalarla deşik-deşik edilmiş taxta məcməyi  qoyulmuşdu – 
artıq uzun illər idi ki,  meyitlər knopkalar vasitəsilə bu taxtaya bərkidilirdi.  
Hind donuzları şüşə qabda tərpənməz və cansız halda uzanmışdılar, tükləri artıq pırpızlaşmışdı. 
Auditoriyadakılar bu heyvanların necə oynaq və canlı olduqlarını yada salmağa çalışırdılar. Assistent 
onlardan birinin pəncəsini taxtaya bərkidərək yardı. Qotlib lizola  batırılmış pambıqla  hind donuzunun 


qarnının dərisini yağladı, qarın nahiyəsindən boynuna qədər çərtdi və ürəyini qıpqırmızı qızdırılmış metal 
qaşıqla dağladı. Ətin çırtıltısını eşidən tələbələr tir-tir əsməyə başladılar.  Maks Qotlib İblisanə 
misteriyalardakı  din xadimi kimi damcıtökənlə qaralmış qanı heyvanın bədənindən sorub çıxardı.   
Daha sonra assistent şişmiş ağ ciyərləri, dalağı, qara ciyəri və böyrəyi şüşə parçasının üstünə yığıb, 
gözdən keçirmək üçün tələbələrə ötürdü. Artıq bir gözünü bağlamadan mikroskopla baxmağa öyrəşmiş 
tələbələr özlərini professionallar kimi aparır  və basili tanıdıqlarını sevinclə söyləyirdilər. Onlar mis vinti 
möhkəm buraraq düzgün fokus   tutan kimi şüşə parçası üzərindəki hüceyrələr gözləri önündə aydın 
şəkildə görünürdü. Amma tələbələr özlərində deyildilər, çünki Qotlib bu gün onlarla birlikdə qalmışdı; 
səssizcə stollar arasında gəzişir və bir-bir hamını müşahidə edirdi. Onlara göz qoyur, hind donuzlarının 
parçaları ilə necə işlədiklərinə nəzarət edirdi. Tələbələrin arasında isə laboratoriyada infeksiya qaparaq 
qarayaradan ölmüş hansısa tələbə haqqında əsəbi bir pıçhapıç düşmüşdü.  
 

 
Martin üçün bu günlər məmnunluq və sevinc hissi ilə yadda qaldı: xokkey oyununun coşqunluğu, 
preriyanın  genişliyi, klassik musiqinin kəşfi və yaradıcılıq sevinci, sanki, onun bütün günlərini bəzəyirdi… 
O, yuxudan çox erkən ayılır və sevinc hissi ilə ötən gün haqqında düşünürdü. Heç bir şeyə fikir vermədən 
öz işinə tələsirdi. 
Bakterioloji laboratoriyadakı basabas Martini cuşa gətirirdi. Tələbələr pencəyini soyunan kimi bulyonu 
filtrdən keçirməyə girişirdilər; onların barmaqları jelatinin  büzüşmüş yarpaqlarından yapışqan kimi 
olurdu. Bəzən də gümüşü qaubitsaya  bənzəyən avtoklavda  bəsləyici mühit hazırlayırdılar. Quruducu 
şkafın altında səsli-küylü "bunzenov" odluqları və Arnold sterilizatorundan çıxıb tavana doğru qalxan, 
pəncərələri bürüyən buxar Martini öz enerjisi ilə valeh edirdi. Dünyada onun üçün ən parlaq şey duru 
zərdabla doldurulmuş və qəhvəyi-qonur rəngə çalan ağzı pambıqlı sınaq boruları, gözqamaşdırıcı 
stəkanın içərisinə salınmış platin ilgək, kolba və retortalar , qensianviolit boyası ilə dolu böyük şüşəni 
qəribə formada birləşdirən hündür şüşə borucuqlardan ibarət fantasmaqorik çəpər idi.  
Martin, bəlkə də, Qotlibi gənclərə məxsus bir həvəslə təqlid etdiyi üçün gecələr laboratoriyada işləməyə 
başlamışdı. Uzun otaqda həmişə zülmət qaranlıq olardı, ancaq mikroskopun arxasındakı qaz borusu 
titrək-titrək işarırdı. İşığın konusu parlaq mis borunu əməlli-başlı aydınladır, Martin okulyar  üzərinə 
əyildiyi zaman isə onun qara saçlarına işıq zolağı salırdı. O, siçovullardan ifraz olunan tripanosomları 
tədqiq edirdi – metilen lili ilə boyanmış səkkizşüalı rozetkaları, nərgiz gülü kimi zərif orqanizmləri, 
bənövşəyi nüvələri, mavi hüceyrələri, qamçıların  nazik sırasını…  
Martin həyəcanlı və bir az da qürurlu idi: o triponosomun rənglənməsinin öhdəsindən çox gözəl gəlirdi, 
amma yarpaqların formasını korlamadan rəngləmək elə də asan deyildi.  
…Qaranlıqda ayaq səsləri eşidildi, bu, Maks Qotlibin yorğun addımları idi; bir az sonra onun əli Martinin 
çiyinlərinə endi. Martin dinməz-söyləməz başını qaldırdı və mikroskopu Qotlibə tərəf sürüşdürdü. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə