43
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və
çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq
təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk
növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori)
və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə
malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik
olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi
nəticəsində aradan qaldırılır.
Bir sıra ölkələrdə bu prinsiplər qanunvericilikdə ifadə olunmuşdur. Bu mənada Azərbaycan
Respublikası istisna təşkil etmir. Belə ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan
Respublikasında bu prinsipləri əks etdirən üç qanun qəbul edilmişdir: 1994‐cü və 1999‐cu il tarixli
“Normativ hüquqi aktlar haqqında” qanunlar və 2011‐ci il tarixli “Normativ hüquqi aktlar
haqqında” Konstitusiya Qanunu.
Həmin prinsiplərin təyinatı hüquqtətbiqetmə orqanları, xüsusən məhkəmələr tərəfindən hüququn
şərh edilməsi zamanı yaranan kolliziyaların aradan qaldırılmasından ibarətdir.
Qeyd edilməlidir ki, konkret iş üzrə faktiki halların araşdırılması və qanunvericiliyin təfsiri
əsasında tətbiq olunmalı olan normaların seçiminin ilk növbədə Konstitusiyanın 147‐ci
maddəsinin II hissəsinin və 149‐cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi
və hüququn şərhi zamanı iyerarxiya prinsipinin tətbiq edilməsi ümumi yurisdiksiyalı
məhkəmələrin hüquqtətbiqedici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir.
Digər tərəfdən, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında
ziddiyyət yarandıqda isə məhkəmələr bu məsələni zaman prinsipinə uyğun olaraq müstəqil həll
etməlidirlər. Bu prinsipin mənasına görə hətta sonrakı qanunda əvvəl qəbul olunmuş qanunun
normalarının qüvvədən düşməsinə dair xüsusi qeyd yoxdursa belə, bu qanunlar arasında açıq,
aydın və barışmaz kolliziya yarandıqda sonrakı qanun tətbiq edilir.
Göstərilənlərə müvafiq olaraq və adıçəkilən prinsiplərin hüquq sistemindəki əhəmiyyətini nəzərə
alaraq, Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə əlaqədar aşağıdakıları
qeyd etməyi vacib hesab edir.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11‐ci maddəsinin məzmununa görə
normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya
prinsipinə verilmişdir, kolliziya aradan qaldırılmadıqda isə ikinci növbədə ardıcıl olaraq
Konstitusiya Qanununun 10.2‐10.5‐ci maddələrinin normaları tətbiq edilir.
İyerarxiya prinsipinin məzmunu, Konstitusiyanın 148 və 149‐cu maddələrinin müddəalarına
müvafiq olaraq Konstitusiya Qanununun 2‐ci maddəsində təsbit olunmuşdur. Digər tərəfdən,
Konstitusiya Qanununun 2.5‐ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə
Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
Göründüyü kimi, bu norma mülki‐hüquq münasibətlərini tənzimləyən eyni növ normativ hüquqi
aktlar sırasından Mülki Məcəlləni ayırır və onun digərlərinə, o cümlədən Mənzil Məcəlləsinə
nisbətən üstün hüquqi qüvvəyə malik olduğunu müəyyən edir.
Sorğuda qaldırılan məsələ faktiki olaraq Mülki Məcəllənin 228.5‐ci və Mənzil Məcəlləsinin 30.4‐cü
maddələri arasında olan kolliziyanın həlli üçün nəzərdə tutulan prinsiplərdən (iyerarxiya və ya
zaman) birinin seçimi ilə bağlıdır.
Konstitusiya Məhkəməsinin Plenumu normativ hüquqi aktlar arasında yaranan kolliziyaların həll
edilməsinə yönələn zaman prinsipindən çıxış edərək və “Normativ hüquqi aktlar haqqında”
Konstitusiya Qanununun 17 fevral 2011‐ci il tarixindən qüvvəyə minməsini nəzərə alaraq hesab
edir ki, həmin tarixə qədər qüvvədə olan hüquq normaları arasında yaranan istənilən kolliziya, o
cümlədən 1 oktyabr 2009‐cu il tarixindən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4‐cü və Mülki
Məcəllənin 228.5‐ci maddələri arasında olan kolliziya əvvəlki “Normativ hüquqi aktlar haqqında”
Qanunun 7‐ci maddəsinə uyğun həll edilməlidir.
44
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Həmin Qanunun 7‐ci maddəsi müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar
arasında ziddiyyət yarandıqda daha yüksək qüvvəyə malik olan normativ aktın tətbiqini, eyni
hüquqi qüvvəyə malik normativ aktlar arasında ziddiyyət yarandığı təqdirdə isə onlardan zaman
baxımından daha gec qüvvəyə minmiş aktın tətbiqini tələb edirdi.
Nəzərə alınmalıdır ki, əvvəlki “Normativ hüquqi aktlar haqqında” Qanunun 7‐ci maddəsində,
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5‐ci maddəsində təsbit olunmuş
zaman prinsipinin (Lex posterior derogat legi priori) məzmunu ondan ibarətdir ki, əgər sonrakı
qanunda əvvəl qəbul olunmuş qanunun normalarının qüvvədən düşməsinə dair xüsusi qeyd
olmasa da, bu qanunlar arasında kolliziya yarandıqda sonrakı qanun qüvvədə olur. Əvvəlki
qanunun qüvvəsi isə yalnız onun sonrakı qanuna zidd olmayan hissəsində yol verilir.
Beləliklə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki
Məcəllənin 228.5‐ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə
hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki
olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin
mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin
sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009‐cu il oktyabrın 1‐dək yaranmış
münasibətlərə Mülki Məcəllənin 228‐ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin
30.4‐cü maddəsinin müddəaları tətbiq edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qayda hüquqi müəyyənlik prinsipindən
irəli gələn qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin edilməsi məqsədilə
yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə
əlaqədar məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil
olunmamalıdır.
Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən halda yuxarıda
göstərilən prinsiplər baxımından tətbiq edilməli norma yalnız konstitusiya hüquqlarının
tələblərinə uyğun olduqda tətbiq edilə bilər. Bu mənada nəzərə alınmalıdır ki, məhkəmə
təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya‐hüquqi mənasına uyğun
tətbiq olunmalıdır.
Normativ hüquqi aktların kolliziyası konstitusiya hüquqlarının toqquşmasına gətirib çıxardıqda,
belə ziddiyyətlərin aradan qaldırılması məsələsi konstitusiya əhəmiyyəti daşıyır və bu hallarda
mövcud hüququn konstitusiya‐hüquqi mənasının müəyyənləşdirilməsinin təmin edilməsi
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir.
Məhz bu mövqedən çıxış edərək və sorğunun mahiyyətini nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu Mənzil Məcəlləsinin 30.4‐cü maddəsinin nəzərdən keçirilməsini zəruri
hesab edir.
Qanunverici bu maddədə yaşayış sahəsinin mülkiyyətçisinin Konstitusiyada təsbit olunmuş
mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı bəzi müddəaları müəyyən etməklə yanaşı,
müvafiq hüquq münasibətlərinin iştirakçılarının mənzil maraqlarının müdafiəsi məqsədilə bu
hüququn məhdudlaşdırılmasını da nəzərdə tutmuşdur.
Konstitusiyanın 29‐cu maddəsinin I hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin
mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində
sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən
məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız
qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13‐cü maddəsinin müddəaları nəzərə alınmaqla
başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın
inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın
13‐cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə