birinə oxşayan,
klassik üslublu, yalançı mülkləri, saysız-hesabsız qasırğalarla
dağıdıb tökdüyü xaraba məhəllələri görməsəydim, prezident vaqonunun
pəncərəsindən gördüyüm dünyanı mənə, anam Bendisyon Alvaradonun bir-birinə
oxşayan boz quşcuğazlarını rənglədiyi akvarel boyaları kimi bu cür alabəzək
göstərməkçün, dəmir yolunun hər iki tərəfi boyu uzanan gül-çiçəklərin doğruçu
olduğuna inana bilməzdim!» Yeni əyanları, bir vaxt general Rodriqo de Aqiların
elədiyi kimi ona yarınmaq məqsədilə, yaxud Letisiya Nasareno kimi, sevgidən çox,
rəhmdillikdən, yaxud onu artıq narahatçılıqdan qurtarmaq, əslində isə sonradan
onu öz hakimiyyətinin quluna çevirmək məqsədilə aldatmırdılar; hər şey, illüziya
və yalan idi, hətta məktəbli qızların xoru, onların yaşıl ağaca qonan çopur
quşcuğaz haqqında oxuduqları mahnı da saxtaydı;
bir sözlə, doğruçu olan bir şey
yox idi. Bu, həyat deyil, Allah bilir nədi! O, dövlətin çiçəklənməsi naminə,
ölkənin, kinə və başqa dərmanlar istehsal edən müəssisələrinin bərpası haqda
dekret imzaladı və bütün yalanları unutmağa, reallıqla barışmağa çalışdı, reallıq isə
onun gözləmədiyi süprizlərlə dolu idi; dünyanın bu qədər dəyişdiyi, həyatda ona
tabe olmayan nəyinsə olduğu ağlına belə gəlməzdi. «Sənayemizi necə dirçəldək,
mənim generalım, axı, yalnız sizin, səmərəsiz yerə dağıdılan saysız-hesabsız, şəxsi
sərvətlərinizdən savayı nə kinə ağacımız, nə kakaomuz, nə indiqomuz, nə də ayrı
bir şeyimiz qalmayıb! O bu məqamda da özünü itirmədi, qoca səfir Rauksberiyə
kəskin
mətnli bir məktub göndərdi ki, bəlkə səfir, domino oyunu ərəfəsində, xilas
üçün, heç olmasa, bir şey tapa; səfir də ona, elə onun üslubunda cavab verdi: «Heç
nə eləyə bilməyəcəksiz, zat aliləri! Dənizi çıxmaqla, bu ölkə qara qəpiyə də
dəyməz. Dəniziniz o qədər şəffaf və iştah açandı ki, bütün dünyanı doyura biləcək
xərçəng şorbası bişirmək üçün bircə, altını odlamamaq qalır. Bax belə, zat aliləri,
odu ki, fikirləşin, borclarınızın əvəzinə, dənizi qəbul etməyə hazırıq, yoxsa
borclarınızı,
sizin kimi, zat aliləri, işgüzar qəhərəmanların heç yüz nəsli də ödəyə
bilməyəcək!»
O, Rauksberinin təklifini ciddi qəbul etmədi, onu pilləkənəcən ötürə-ötürə, öz-
özünə: «Anam, Bendisyon Alvarado, bax bir gör, bu qrinqolar necə vəhşidilər! –
deyə fikirləşdi. – Bunların beynində bircə şey var, necə olursa-olsun, dənizi həzm-
rabedən keçirtmək.» O, qonaqla adəti üzrə, onun çiynini şappıldada-şappıldada
ayrıldı, yenə tək-tənha xəyallar dumanına qərq oldu, xəyalən yaylaqların
dumanlıqlarına üz qoydu, azmış adamlar kimi, dörd bir yanı bomboş sarayda
dolaşdı; camaat isə artıq de Armas meydanını boşaltmışdı, standart plakatları
özləriylə aparmış, hökumətin verdiyi trafaret şüarları gizləmişdi ki,
bir də belə bir
hadisəyə bənzər nə isə baş verəndə, istifadə etsinlər. Camaat, əsgərlər çəpiklərə ara
veriləndə, payladıqları pulsuz yemək-içmək bitən kimi çıxıb getdi; indi, təkcə de
Armas meydanı yox, onun, hər bir kəsin, istədiyi vaxt içəri girə bilməsi üçün
qapıları açıq qoymağı əmr etməsinə baxmayaraq, sarayın özü də bom-boş idi; bir
vaxtlarsa, bura hamının eviydi, daha indiki kimi dəfn kontoruna oxşamırdı. Bir də
ki, lap elə də tək deyildi; cüzamlı xəstələri, ifliclər, korlar – bir sözlə, uzun illərini
iqamətgahın divarları dibində yola salanlar – Yerusəlim darvazalarının önündə,
günün altında qaralan Demetrio Aldousun, bu çarəsiz xəstələrin bura qayıtdığını
sanki gözləriylə gördüyü kimi geri qayıtmışdılar;
onlar bilirdilər ki, taleyin bütun
zərbələrini dadan, ən sərt ehtiraslara əyilməyən, unutqanlığın ən məkrli
151
tələlərindən, ölməz olduğuna görə yaxasını qurtaran bu adamın əlindən şəfa duzu
istəyəcəklər. Hə, Demetrio Aldousun təsəvvürünə gətirdikləri düz çıxdı; səhər
sağımından sonra fermadan qayıdarkən, general, bütün bu məsləkdaşlarını yenidən
gördü; onlar kərpiclərdən ocağabənzər nə isə düzəldərək, konserv qablarında
özlərinə zir-zibildən nahar hazırlayırdılar; bütün patio onlarla doluydu; yara-
xoralılar, yaralarının şirəsindən üzülüb cırılan həsirlərini ətirli qızılgül kollarının
altına sərib, əlləri qoyunlarında uzanmışdılar; onlara yemək hazırlamaqdan ötrü
əməlli-başlı ocaq çatmağı tapşırdı, təzə həsirlər aldı; xəstələrin iqamətgaha daxil
oması üçün pationun içəri hissəsində palma yarpaqlarından talvar hazırlamağı
tapşırdı; amma xeyri yox idi, yenə elə bir gün olmurdu ki, gah bu cüzamlını, gah o
birini, İran xalçalarının üstündən durquzmasınlar, ya hansısa kor, sarayın içində
azıb qalmasın, ifliclərdən biri, pilləkənlərdən yumalanıb ölümcül əzilməsin; o,
cüzamlıların,
içəri girərkən, divarlara söykənə-söykənə, öz irin və qan ləkələrini
ora-bura yaxmaması üçün qapıları bağlamağı əmr etdi; saray əyyaşlarının, karbol
turşusu iyi verməsini qadağan etməsinə baxmayaraq, sanitar xidməti binaya, həmin
o turşudan səpdi; xidmətçilər, cüzamlıları, korları və iflicləri, bir ucdan hey qovur,
onlar isə elə hey iqamətgaha, saray otaqlarına soxulurdular; görünür, onları bura
yenə, artıq heç kimin heç nə umub gözləmədiyi köməksiz qocanın ecazkar
sovqatlarıyla şəfa tapacaqlarına
olan yenilməz, qədim, vəhşi bir inam sürükləyirdi.
Qoca, yuxulu adamalarsayağı, öz xatirələr bataqlığında veyillənir, hara gəldi
dürtdüyü yaddaş kağızlarının köməyilə, haraya gedəcəyini əl havasına tapır, tor
yelləncəyində keçirdiyi saatlarda, yeni səfir Fişerdən yaxasını necə qurtarmaq
barədə düşünürdü; səfir, ölkədə sarı qızdırma epidemiyasının başlandığının elan
edilməsini tələb edirdi; səfirin təkidi, əslində – öz ölkəsinin gəmiləriylə, buranın
ərazisinə dəniz piyadalarının yeridilməs üçün bir bahanə idi; qarşılıqlı yardım
müqaviləsinə görə, dəniz piyadaları qeyri-müəyyən müddətə - can verən ölkəmizə
yeni nəfəs gələnəcən burada qalmalıydılar. O, nə edəcəyini götür-qoy edir, yadına,
rejimin ilk illərini salır və xatırlayırdı ki, o vaxt o epidemiyaya əsaslanaraq, öz
üzərinə bütün fövqəladə səlahiyyətləri götürmüşdü, xalq
kütlələrinin təlatümündən
yaranan ciddi təhlükəyə cavab olaraq, hərbi qanunları tətbiq etmişdi. Lakin onda o,
ölkədə sarı qızdırma yox, taun olduğunu elan etmiş, mayakın üstündə sarı bayraq
qaldırılmış, liman bağlanmış, istirahət günləri ləğv edilmiş, ölənlər üçün elliklə göz
yaşı tökmək, dəfn zamanı hüznlü marşlar səsləndirmək qadağan edilmişdi;
prezidentin fövqəladə tapşırıqlarının icrasını təmin eləməyə cəlb olunmuş silahlı
qüvvələr, yoluxmuş adamlarla istədiklərini etmək hüququ qazanmışdılar;
qollarında sanitar sarğısı olan əsgərlər, müxtəlif mövqeli adamları kütləvi şəkildə
qətlə yetirir, rejimdən narazılıqda şübhələndikləri sakinlərin mənzillərinin
qapılarına qırmızı dairələr cızır, cinayətkarların, kişisifət lesbiyankaların və
narkomanların alınlarını, mal-qaranı nişanlayan tək, işarələyir; səfir Mitçelin
təkidiylə gələn sanitar missiyası, prezident sarayı sakinlərini tauna yoluxmaqdan
xilas etməklə məşğul olurdu; missiyanın üzvləri, döşəmənin
zir-zibilini analiz
adıyla yığıb, onu lupayla tədqiq edir, su qablarına dezinfeksiya həbləri atır,
laboratoriya heyvanlarına, hansısa ürəkbulandırıcı horra yedizdirirdilər, generalsa,
gülməkdən uğunub, tərcüməçiylə onlara: «Axmaqlıq eləməyin, canablar, burda
sizdən başqa xəstə-filan yoxdu!» - deyirdi. Onlarsa: «Yox-yox, var, zat aliləri!
152