mövhumatçı inama qapılır, camaatın
istəyini yerinə yetirə-yetirə, hər kəsə, imkan
daxilində, onun istədiyini verir, ona təklif olunanları qəbul edirdi; çünki ona bu
boyda fədakarlıqla inananları, onun əsl və uydurma əzəmətini tərənnüm edənləri,
azca da olsa, sevindirməyə bilməzdi; amma indi bir kəs ondan, nə isə istəmirdi, heç
adicə: «Sabahınız xeyir, mənim generalım! Necə yatmısız?» - deyən də yox idi.
Pəncərə şüşələrini çilik-çilik edə-edə, ordunun canına vəlvələ salsa da, onu, hələ ki,
sağ olduğuna inandıran gecə partlayışları da yox idi… sarayın, gecələr onu
yatmağa
qoymayan bu ölü sakitliyindən, o partlayışlar yaxşıydı; indi o, guya
hakim-mütləq idi, amma divardakı kölgəsindən də gücsüzüydü; verdiyi, yaxud
verməyə hazırlaşdığı bütün əmrlər, o, hələ ağzını açmağa macal tapmamış yerinə
yetirilirdi; ağlına yenicə gələn gizli arzuları, artıq kiminsə tərəfindən icra olunurdu;
siesta saatlarında adəti üzrə tor yelləncəyində uzana-uzana, oxuduğu rəsmi qəzetlər
də bu barədə yazırdı. Yekə-yekə hərflər, onun hər addımı, havanı necə udması,
bütün niyyətləri barədə bar-bar bağırırdı; şəkillərdə, onun tikdirmək niyyətində
olduğu, lakin bu barədə əmr verməyi unutduğu körpü, uşaqlara, yalnız küçə
süpürmək qaydaları öyrədilən məktəb və nəhayət, onun özünə də məlum olmayan
nəyinsə təntənəli açılışında, sağmal inəyin və çörək ağacının yanında, ordenli,
bərbəzəkli formasında lent
kəsdiyi məqam həkk olunmuşdu; o, heç cür rahat
olmur, iri, ağır ayaqlarını, kimsəsiz, boş otaqlar boyu qoca fil kimi sürüyə-sürüyə
yeriyir, elə hey nəyi isə axtarır, nəyisə itirmək qorxusu canından əl çəkmirdi;
otaqları gəzdikcə isə belə məlum olurdu ki, yenə kimsə quş qəfəslərinin üstünə
tünd örtük çəkib; fermadakı inəkləri sayıb, bütün pəncərələrdən görünən dənizə
baxdı: hər şey yerində və salamat idi deyə, çırağı əlinə alıb yataq otağına getdi, bir
dəfə isə, dəhlizdə gəzişərkən, qəfildən prezident qvardiyasının qarovul otağında
qulağına
öz səsi gəldi; oğrun-oğrun ora boylananda, tüstüdən dumana bürünmüş
otaqda, televizor ekranının tutqun işığı altında mürgüləyən bir qrup zabiti gördü;
ekrandakı o özüydü, indikindən bir az arıq, səliqəli geyimdə: «Hər halda, bu mən
idim, ana!»
Dövlət gerbinin qarşısında, üstündə üç cüt qızıl çərçivəli gözlük olan masa
arxasında falçı arvadın dediyi – ölməli olduğu kabinetində oturmuşdu; əslində, heç
vaxt dilinə gətirə bilmədiyi çətin elmi terminlərlə danışaraq, dövlət işlərinin
analiziylə bağlı çıxış edirdi; bu mənzərə onu, bir vaxt gül-çiçək içində itib-batan
meyitinin tamaşasına baxdığı andan daha çox həyəcanlandırdı: «Bu diri adam
özüm idim, ana, utandığımdan, camaatın üzünə çıxa
bilməyən, xalqın qarşısında
çıxış etməkdən xoflanan adam, indi öz səsiylə danışırdı!.. Bu doğurçu, adi insan
mən idim, ana! Bu möcüzənin nə demək olduğunu ha götür-qoy elədimsə də, bir
şey anlamadım, yerimdəcə donub qaldım!» Həmin bu televizya verilişi, generalda
böyük qəzəb partlayışı, rejimin sonsuz illəri ərzində yeganə narazılıq partlayışı
oyatdı; Xose İqnasio Saens de la Barra, onun hüzurunda özünü soyuqqanlı
aparırdı: «Şişirtməyə dəyməz, general - Xose İqnasio şirin səsiylə deyirdi - bu
qanunsız yollara, qanun çərçivəsində tərəqqi adlı gəmimizi qəzadan qurtarmaq
naminə əl atmalı olduq. Bu, ilahidən gələn buyruq idi, general,
onun köməyilə də
xalqın, canlı insanın hakimiyyətinə, sizin varlığınıza olan şübhələrini azalda bildik,
general! Camaat bilməlidi ki, hər ayın son çərşənbəsi, siz hökumətin fəaliyyəti
barədə məruzə edirsiz. Onlar bunu, dövlətin radio-televiziyasıyla eşidib-
147
görməlidirlər. Axı, bu sayaq məruzələr ümumi qəm-qüssəni aradan qaldırır?!..
«Məsuliyyəti öz üzərimə götürürəm, general! Mikrafonlu günəbaxana oxşayan bu
vazı bura mən qoymuşam. Bütün dedikləriniz, cümə günləri
sizdən soruşduğum
sualların cavabları bu mikrafonla yazılırdı. Verdiyiniz sadəlöhv cavabların, hər ay
millətə olan müraciətlərinizin bir hissəsini təşkil etdiyi heç ağlınıza belə gəlmirdi!
Amma onu da deyim ki, sizin əvəzinizə, özgəsinin şəkli istifadə olunan kadrlarda,
demədiyiniz sözlərdən istifadə olunmayıb. Buna özünüz də əmin ola bilərsiz: bu da
kino-lentləri və qrammofon yazısı olan vallar!» Xose İqnasio Saens de la Barra,
kino lentlərini və valları, bir də gördüyü işlərin siyahısı yazılmış vərəqi stolun
üstünə qoydu: «General, bu vərəqi elə yanınızda imzalayıram ki, taleyimi
istədiyiniz kimi həll edəsiz!» O, gözlərini heyrətlə Xose İqnasio Saens de la
Barraya zillədi və birdən-birə anladı ki, Xose İqnasio onun yanına, ilk dəfədi ki,
köpəksiz, silahsız, ölü kimi solğun sifətdə gəlib… ah çəkib: «Yaxşı, Naço,
vəzifənizi icra edin.» - dedi və həmişəkindən bir az da qoca,
hədsiz yorğun
vəziyyətdə, yumşaq kreslosuna yayxanıb, şəkillərdəki qəhərəmanın satqın
gözlərinə baxmağa başladı; qoca qəmli və tutqun idi, sifətində, müəmmalı
niyyətlərinin əbədi ifadəsi donub qalmışdı; həmin bu daşlaşmış ifadəni, Xose
İqnasio Saens de la Barra iki həftə sonra - öz dobermanını zorla sürüyə-sürüyə,
onun kabinetinə, təqdimatsız-filansız girəndə gördü: «Mühüm xəbər var, əla
həzrətləri! Silahlı üsyan hazırlanır! Bunun qabağını ancaq siz ala bilərsiz!»
General axır ki, uzun illərdən bəri bu divar kimi yarılmaz adamın, cadügar qəlbi
kimi, sirli qəlbində aradığı kiçik çatı gördü: «Anam mənim, Bendisyon Alvarado…
bu bədbəxt-qurumsaq qorxusundan ölür ki!» - deyə ürəyində fikirləşdisə də,
içindəkini biruzə vermədən, Saens de la Barranı nəvazişlə qarşıladı və: «Narahat
olmayın, Naço, vaxtımız çoxdu hələ, bizə, bu qarmaqarışıq xəbərlərin içindən, əsl
həqiqəti tapmağa mane olan yoxdu!» - dedi. Bunu eşidən Saens de la Barra, cib
saatına baxıb: «Yeddiyə az qalıb, general! Bu
dəqiqə qoşun komandirləri öz
evlərində, arvad-uşaqlarıyla şam yeməyini başa vururlar, şam yeməyini evdə
yeyirlər ki, evdəkilər də heç nədən şübhələnməsin; onlar evlərinin arxa qapısından,
adi geyimdə, mühafizəçisiz-filansız çıxıb, onları qapılarının ağzında gözləyən
xidməti avtomobilə minəcəklər; bu maşınları onlar, onları izləyəcək adamlarımızı
çaşdırmaq üçün, teleyfonla çağırtdırıblar. Onların sürücüləri bizim adamlardı,
general, amma bu, onların ağıllarına da gəlmir!» «Aha! – general gülümsədi. –
Belə həyəcanlanmaq lazım deyil, Naço! Bir məni yaxşı-yaxşı başa salın görüm,
kəsdiyiniz başların reyestrinə əsasən, belə çıxır ki, düşmənlərimizin sayı,
əsgərlərdən çoxdu, əgər belədisə, onda necə olub ki, siz indiyə qədər sağ-salamat
qalmısız?» Saens de la Barra isə cib saatının zəif çıqqıltılarına qulaq asırdı, çünki
həyatı bu dəqiqə bu çıqqıltılarından asılıydı: «Üç saatdan az qalıb, general! Piyada
qoşunlarının komandiri,
indi Kondedəki kazarmalara, hərbi dəniz qüvvələri
komandiri, liman qalasına, hava donanması komandiri isə San-Xeronimo bazasına
yola düşür. Onları hələ ki, ələ keçirmək olar. Komandirlərin ardınca, tərəvəz
furqonu cildində, milli təhlükəsizlik furqonları düşüb». Generalın əhvalı bu sözdən
sonra da dəyişmədi; general hiss edirdi ki, Xose İqnasio Saens de la Barranın get-
gedə artan bu həyəcanı onu, bu adamın, ağır yükə çevrilmiş xidmətindən - onun
hakimiyyətpərəstlik yükündən də ağır olan xidmətindən azad edir. «Sakit olun,
148