Orxan bahadirsoy


Şanel: Hersoq Vestminster? (təəccüblə)



Yüklə 321,04 Kb.
səhifə4/4
tarix11.04.2018
ölçüsü321,04 Kb.
#37872
1   2   3   4

Şanel: Hersoq Vestminster? (təəccüblə) O, boş yerə gəlməz. Burax içəri gəlsin.

Qulluqçu: Yaxşı, madmauzel!

Qans: (pilləkənlərdən enir) Əhsən, Şanlel! Bütün köhnə sevgililərin yığılır yavaş-yavaş!

Şanel: Ah, Qans! Belə danışma.

İqor: Salam, misyö Qans fon Dink. (əlini ona uzadır)

Qans:(İqorun əlini sıxır) Salam, misyö! Siz də madmauzelin keçmiş sevgililərindən biri olmalısınız. (Balsana baxır) Siz də Şanelin sevgilisisiz? Əhsən! (Şanelə) Madmauzel, mən sənin dilənçilərə aşiq olduğunu bilmirdim!

Şanel: Qans! (hirslə) Belə danışma dedim axı...

Hersoq:(həyəcanla daxil olur və birdən digər adamları görüb durur) Şanel!

Şanel: Xoş gəlmisən hersoq! Nə olub?

Qans: Ooohhoo! Hersoq Vestminster! Sizi görməyimə şad oldum!

Hersoq:(hirslə cumub onun yaxasından tutur) Bu əclaf burda nə gəzir? Şanel, o burda neyləyir?

Qans: Sakit olun, hersoq!

Hersoq: Kəs səsini, əclaf! Səni bu saat öldürəcəyəm!

Şanel: Hersoq, nə baş verir? Nə istəyirsən ondan?

Hersoq: Bu əclaflar Parisi işğal etmək istəyirlər. Almanlar bütün dünyayla savaşa başlayıb. Sən fil yuxusundasan. Sənin də bütün mağazalarını, butiklərini, moda evlərini bağlayırlar! Müflis olursan, madmauzel! Başın eşqbazlığa qarışıb, özündən xəbərin yoxdur!

İqor: Siz nə danışırsız, hersoq!

Şanel: (təəccübündən donub qalıb) Ola bilməz!

Qans:(hersoqa) Buraxın məni hersoq! Mən ki, sizə bir şey etməmişəm!

Hersoq: Sən mənimlə gedəcəksən, əclaf! Səni əsir alırıq!

Şanel: Hersoq! (hirslə) Burax onu!

Hersoq: Sənə xəbərdarlıq etdim! Müflis olacaqsan. Sən təcili burdan getməlisən. Hər şeyi atıb getməlisən. Bu işğalçı düşmənlə münasibətinə görə həbs də oluna bilərsən. Özünü qoru, Şanel! (Qans yaxasından tutub arxasıyca sürüyərək qapıya tərəf gedir)

Qans: Buraxın məni! Şanel, kömək et! Onlar məni öldürəcəkələr!

Şanel: Hersoq, burax onu!

Hersoq: Burdan getməlisən, Şanel!

Hersoq Qansı sürüyərək çıxarır. Qansın qışqırıq səsləri, imdad diləməsi eşidilir və getdikcə səs itir. Şanelin başı hərlənir, İqor onun əlindən tutub stula oturdur. Qulluqçu əlində su və bir neçə kişi paltarı ilə daxil olur. Suyu Ettenin önünə qoyur və Ettenin suyu içməsinə kömək edir. Şanel əli ilə işarə edir ki, paltarları divanın üstünə qoysun. Qulluqçu paltarları da qoyub çıxır.

İqor: Madmauzel, gəl mənimlə gedək Rusiyaya!

Şanel: Sən nə danışırsan, İqor? Almanların müharibəsi elə Rusiyayladır. Mən sənin də ora getməyini istəmirəm.

İqor: Mən getməliyəm, Şanel! Yoxsa məni vətən xaini hesab edərlər. Amma sən mənimlə gəlsən, mən səni orda qoruyaram. Sənə heç nə olmaz!

Şanel: Yox, yox, İqor! (əli ilə başını tutur) İlahi, mən ağlımı itirirəm! Mən müflis oluram, İqor! Batıram mən. Hətta, həbs oluna bilərəm!

İqor: Onlar səni həbs edə bilməzlər. Buna görə narahat olma. Amma sən burdan qaçıb qurtulmalısan.

Şanel:(düşünür) İsveçrə! Hə, hə! İsveçrəyə gedəcəyəm! Orda qalacağam bir müddət! (Ettenə baxır) O, yatıb? (yaxınlaşıb ona toxunur) Etten!

İqor: Deyəsən, yatıb?!

Şanel: Ona necə kömək edək?

İqor: Mən heç nə bilmirəm. Rusiyaya qayıtmalıyam! Belə bir vaxtda mənim Avropada olmağım çox təhlükəlidir. Onlar məni əsir götürə, hətta, öldürə də bilərlər.

Şanel: Sənə görə də narahatam İqor! Aman, tanrım! (çağırır) Covanna!

İqor: Nə fikirləşirsən?

Şanel: Burdan getməyi düşünürəm!

Qulluqçu:(daxil olur) Buyurun, madmuazel!

Şanel: Evdə nə varsa, hər şeyi topla. Yığ çamadanlara. İkimiz də elə bu axşam İsveçrəyə gedirik.

Qulluqçu: Oldu, madmauzel! (çıxır)

Şanel: İqor, sən də get. Nə qədər ki, gec deyil çıx get burdan!

İqor: (Balsanı göstərir) Bəs onu neyləyəcəksən?

Şanel: O burda qalacaq. Bu evdə. Mən də Covanna ilə birlikdə çıxıb İsveçrəyə gedirəm.

İqor: Sağlıqla qal, madmauzel! Ömür əta edərsə, görüşərik haçansa...

Şanel: Çox sağ ol, İqor, hər şeyə görə çox sağ ol!

Onlar qucaqlaşıb vidalaşırlar. Sonra İqor çıxır. Şanel fikirli halda kresloya əyləşir və düşünür. Gözlərindən yaş süzülür. Bu vaxt qulluqçunun qışqırıq səsi eşdilir. Şanel yerindən dik atılır.

Şanel: Orda nə olub? Covanna! (öz-özünə) Aman, tanrım! Nə baş verir?

Bu vaxt iki polis məmuru əlində silahla qulluqçunu əssir almış halda daxil olur. Qulluqçu qorxu içində ağlayır.

Şanel: Siz neyləyirsiz?

1-ci polis: Hə, madmauzel, Şanel! Nəhayət ki, səni tapdıq!

Şanel: Məni niyə axtarırsız?

Qulluqçu: Kömək edin, madmauzel!

Şanel:(hirslə) Buraxın onu! Onun nə günahı var?

Balsan:(yuxudan ayılır) Burda nə baş verir? Şanel! Nə olub?

Şanel: Offf! Tanrım! (köks ötürür) Heç nə, Etten!

2-ci polis: Bəli, madmauzel! Onun günahı yoxdur! Biz onu yox, səni axtarırdıq.

1-ci polis: Səni həbs edəcəyik. Çünki, sən Parisi işğal etmək istəyən işğalçı bir dövlətin vətəndaşının məşuqəsisən.

2-ci polis: Sən satqınsan, madmauzel! Buna görə sənin cəzan ölümdür!

Şanel: Mən satqın deyiləm. Cənab Qans fon Dinklə bizim beş il əvvəl münasibətimiz başlayıb.

Balsan: Şanel, onlar səndən nə istəyir!

Şanel: Bəsdir, Etten! Sus! Xahiş edirəm, sus!

1-ci polis: Amma bu gün hersoq Vestminster o əclafı sənin evindən tapıb.

2-ci polis: Onu burda gizlədirdin?

Şanel: Mən heç kəsi gizlətmirdim. Mənim heç nədən xəbərim yox idi. Mən hər şeyi hersoqdan öyrəndim.

1-ci polis: Çox gec öyrənmisən, madmauzel! Bizimlə gəlməlisən.

Şanel: Mən heç yerə gəlməyəcəyəm. Sizin məni aparmağa ixtiyarınız yoxdur.

2-ci polis: Gəlməzsən, apararıq!

Balsan: Onlar səni hara aparır, Şanel?

Onlar qulluqçunu buraxıb Şanelin qollarından tuturlar. Qulluqçu qorxu içində divara qısılıb ağlayır.

Şanel: Buraxın məni!

1-ci polis: Bizə mane olma, madmauzel! Bütün izahatını müstəntiqə danışarsan.

Şanel: Buraxın dedim sənə. (qulluqçuya) Covanna dediklərimi et, mən evə qayıdacağam! Mütləq qayıdacağam. Məni gözlə Covanna.

Polislər Şaneli aparır. Qulluqçu həminki divara qısılmış halda hönkürtü ilə ağlayır. Etten ətrafa boylanır.

Balsan: Kimdir ağlayan? Nə olub? Ağlayan kimdir axı?

Qulluqçu: Mənəm!

Balsan: Sən kimsən?

Qulluqçu: Covanna. Madmauzelin qulluqçusu.

Balsan: Nə olub, Covanna? Burda nə baş verdi? Onlar Şaneli hara apardılar?

Qulluqçu:(ağlayaraq) Onlar madmauzeli həbs edəcəklər.

Balsan: Niyə axı?

Qulluqçu: Almanlar Parisi işğal etmək istəyirlər. Madmauzelin sevgilisi cənab Qans fon Dink də alman səfirliyinin attaşesi idi. Onunla münasibətinə görə madmauzeli satqın hesab edib zindana atacaqlar.

Balsan: Şaneli heç kəs həbs edə bilməz! O, mütləq qurtulacaq! Görəcəksən! Mənim tanıdığım Şanel zindana atıla bilməz. O, azadlığın canlı simvoludur. Mən buna qətiyyən inanmıram. Görəcəksən, Covanna. Elə bu axşam Şanel gələcək.

Balsan masanın üstündə su axtarır. Qulluqçu yerindən qalxıb onun su içməsinə kömək edir. İşıq sönür.

İşıq yanır yenidən Şanelin evində. Qulluqçu salonda fikirli halda oturub və gözləri yol çəkir. Etten Balsan da həminki yerində yenidən yuxuya dalıb. Bu vaxt Şanel sərt və tələsik addımlarla daxil olur.

Şanel: Covann!

Qulluqçu:(qalxıb ona doğru qaçır) Madmauzel! (onu qucaqlayıb öpür)

Şanel: Vaxtımız yoxdur, Covanna. Sən hər şeyi hazırla. Nə qədər tez çıxıb getsək o qədər yaxşıdır.

Qulluqçu: Mən nigaran qaldım, madmuazel! Onlar sizə nə etdilər? Sizi niyə apardılar?

Şanel: Güya həbs edəcəkdilər. Amma bu işə baxan Çörçil hersoq Vestminsterin ən yaxın dostudur. Hersoq məni buraxmağını tapşırmışdı. O da məni buraxıb tezliklə Fransadan çıxmağımı tapşırdı.

Qulluqçu: Bəs cənab Qans fon Dink?

Şanel: Onu əsir götürüblər. Almanlar əməlli-başlı müharibəyə başlayıb. Parisi işğal etmək istəyirlər, Covanna. (düşünür) Mən İqor Stravinskiyə görə narahatam. Görən, o, Rusiyaya gedə biləcəkmi?

Qulluqçu: Madmauzel...

Şanel: Nədir?

Qulluqçu:(Balsanı göstərir) Bəs o?

Şanel: Ah! Tamam unutmuşam! (Balsana yaxınlaşıb onun üzünü sığallayır) Etten!

Balsan:(mürgüləyir) Hmmmm...

Şanel: Oyan, Etten! Sənə sözüm var.

Balsan:(oyanır) Ah, madmauzel, sən qayıtdın? Bax, Covanna, mən sənə nə demişdim? Demişdim ki, o, qayıdacaq. (Şanelin əlini tutub öpür) Nə yaxşı ki, qayıtdın, Şanel!

Qulluqçu: Mən hazırlıq işləri görüm, madmauzel! (çıxır)

Şanel: Hə, qayıtdım, Etten. Amma mən getməliyəm. Elə bu axşam getməliyəm burdan.

Balsan: Hara gedirsən, Şanel?

Şanel: İsveçrəyə.

Balsan: Haçan qayıdacaqsan bəs?

Şanel: Onu bilmirəm, Etten. Bəlkə müharibə bitəndən sonra, bəlkə çox uzun bir müddətdən sonra, bəlkə də heç vaxt.

Balsan: Niyə getməlisən ki?

Şanel: Mən müflis oldum. Mənim bütün mağazalarımı, butiklərimi, moda evlərimi bağlayıblar. Bütün sərvətimə əl qoyublar və məni vətən xaini elan ediblər. Onlar, hətta, məni həbs etmək istəyirlər. Mən ölkəni tərk etməsəm məni ya həbs edəcəklər, ya da öldürəcəklər, Etten!

Balsan: Aman tanrım! Madmuazel, sən nə danışırsan? Bunu ağlına da gətirmə. Dünyada heç kəs sənin azadlığını səndən alacaq qədər güclü deyil, hətta, qanunlar belə!

Şanel: Ah, Etten! Sən necə də dəyişilmisən. Tamam başqa biri olmusan! Zaman səni çox dəyişib.

Balsan: Bilirəm. (biraz sükut) Bəs mən nə edəcəyəm Şanel?

Şanel: Bu evdə qal. Covannaya deyəcəyəm sənin üçün rahat şərait yaradar burda. Hətta bir qulluqçu da tapıb göndərəcəyəm sənə xidmət etməsi üçün. Mən sənə ancaq bu qədər kömək edə bilərəm, Etten, bağışla məni.

Balsan: Yox, yox, madmauzel, bağışlamalı olan mən deyiləm, sənsən. Sən məni bağışla. Sənə göstərdiyim kobud, pis rəftara görə, səni sənə layiq sevə bilmədiyimə görə bağışla məni, Şanel!

Şanel: Tanrı bağışlasın ikimizi də!

Balsan:(onun əllərini sıxır və qucaqlayır) Yolun açıq olsun! Sənin qayıtmağını gözləyəcəyəm!

Şanel də onu qucaqlayır. Bir anlıq gözləri dolur və əli ilə cəld göz yaşlarını silir. İşıq sönür. İşıq yananda Şanelin malikanəsinin önündə Şanel və qulluqçu görünür. Şanel hüzn içində öz evinə baxır. Qulluqçu da gizlicə gözündən axan yaşı təmizləyir.

Şanel: Bu ev mənə Artur Keypelldən qalmışdı. Parisə gəldiyim gündən bu evdə yaşamışam və indi həyat məni məcbur edir ki, bu doğma malikanəni tərk edim. Əlvidə mənim Arturumun xatirəsi, əlvida mənim əziz evim, əlvidə Paris!

Qulluqçu və Şanel tələsik addımlarla uzaqlaşır. İşıq sönür.

14 il sonra. Paris. Küçələrdə vurulmuş Kristian Dior ətirlərinin və geyimlərinin reklamları görünür. Qadınlar yenidən uzun, enli, tüllü, narahat geyimlərdə, köhnə dəbdə bəzəniblər. İnsanlar arasında danışıq səsləri eşidilir.

1-ci səs: Xəbəriniz var ki, Şanel yenidən Parisə qayıdır.

2-ci səs: Doğrudan? Mənim bundan xəbərim yox idi.

3-cü səs: Hə, mən bilirəm. Qayıdır Parisə. Kristian Diorun kəşfləri madmauzel Şaneli narahat edib. O, Avropa qadınlarını yenidən qısa ətəklərə, dar şalvarlara, qısa saçlara, qara uzun donlara bürümək istəyir.

1-ci səs: 14 il az müddət deyil. Madmauzel sanki, qeybə çəkildi. Heç bilmədik harda idi və neyləyirdi?

2-ci səs: İsveçrədə idi. On dörd qulluqçusu ilə bərabər orada yaşadı. İndi Parisə qayıtdığına sevindim.

3-cü səs: Hə, mən də sevindim. Ona bütün dünyanın ehtiyacı var. (sevinclə qışqırır) Eşdirsiz? Madmauzelin haqqı yoxdur bizi özündən məhrum etməyə! Ona bütün dünyanın ehtiyacı var.

1-ci səs: Məncə, yanılırsız. Kristian Dior daha çox maraqlıdır mənim üçün.

2-ci səs: Görəcəksən, Şanel bir müddətdən sonra Dioru dəbdən salacaq və yenidən dünyaya meydan oxuyacaq.

4-cü səs: Madmauzel gəlir! Alqışlayın! Alqışlayın!

Hamı alqışla Şaneli qarşılayır. Küçədə böyük bir izdiham var. Şanel bir əlində kiçik çantası, digər əlində çemodanla daxil olur. Onun arxasıyca qulluqçusu Covanna əlində tutduğu iki böyük çanta ilə daxil olur. Şanel onu alqışlayanlara gülümsəyir və öpüş göndərir.

2-ci səs: Xoş gəlmisiz, madmuazel!

3-cü səs: Sizi yenidən görməyimizə şadıq!

4-cü səs: Gəlişiniz bizi xoşbəxt etdi, madmuazel!

Şanel: Təşəkkür edirəm, dostlar! Şox sağ olun! (ətrafa sevinclə baxır) Ah, Paris! Paris! Necə də darıxmışam mən bu yerlər üçün. (qulluqçuya) Covanna, görəsən mənim evim necədir?

Qulluqçu: Gedib görək, madmuazel! O ev üçün mən də darıxmışam!

Şanel: Gedək, Covanna! (üzünü insanlara tutur) Məni belə xoş qarşıladığınıza görə sizə təşəkkür edirəm, dostlar! Yol bizi yorub. İcazənizlə biz gedək!

Səslər: Buyurun, madmuazel! Sizə xoş istirahətlər!

Şanel qulluqçusu ilə birlikdə çıxmaq istərkən ətrafda Kristian Dior reklamlarını görür və afişalara hirslə baxıb iti addımlarla çıxır. İnsanlar onu alqışlarla yola salır. İşıq sönür.

İşıq yanır Şanelin evində. Ev köhnəlib və toz basıb. Qulluqçu əşyaları silib təmizləməklər, döşəməni süpürməklər, divarların tozunu almaqla məşğuldur. Şanel isə salondakı əşyalarına həsrətlə toxunaraq gəzişir.

Şanel: Bu ev mənə çox şeylə verdir və bu ev məndən çox şeyləri aldı. (kresloya toxunur) Mən gedəndən sonra bu kresloda Etten Balsan oturdu və o, elə bu kresloda da öldü. (qulluqçuya tərəf) Covanna!

Qulluqçu: Bəli, madmauzel!

Şanel: Etten Balsana baxan qulluqçunun adı nə idi?

Qulluqçu: Violetta idi. O, mənim uşaqlıq rəfiqəm idi.

Şanel: Bəs indi hardadır?

Qulluqçu: Etten Balsan öləndən sonra o da başqa bir iş tapmışdı özünə. Sonra da heç bir xəbər ala bilmədim. Başqa bir tanışım dedi ki, Viloetta Parisi tərk edib.

Şanel: Onunla görüşmək istərdim. Ettenin son günlərini, onun davranışlarını və ölmünü mənə danışsın deyə...

Qulluqçu: Madmuazel! (susur)

Şanel: Hə, Covanna! Nə olub?

Qulluqçu: Sizdən gizlədə bilmərəm. O.... (yenə susur)

Şanel: Tez ol, Covanna. De görək..

Qulluqçu: Violetta Etten Balsana vurulmuşdu, madmuazel! O, aşiq olmuşdu. Etten Balsanın ölümündən sonra Violetta çox böyük sarsıntı keçirmişdi.

Şanel: Sən nə danışırsan, Covanna? Etten Balsanı biz son dəfə görəndə o tör-töküntü içində kor bir dilənçi idi.

Qulluqçu: Elədir, madmuazel! Violetta onu həmin halı ilə sevmişdi!

Şanel: Xoşbəxt imiş o Violetta! Necə də o təmiz, ülvi məhəbbəti özündə qoruya bilib. Mən elə düşnürdüm ki, qadınlar zəif kişiləri sevə bilməzlər.

Qulluqçu: Violetta mənə yazdığı məktublarda deyirdi ki, Balsan xeyli sağalıb. Hətta bəzən zəif də olsa görə bilirmiş.

Şanel: Bəs Balsan da Violettanı sevib?

Qulluqçu: Onu heç Violetta da anlamayıb. Məktublarında yazırdı ki, Balsan tez-tez madmuazelin adını çəkir, Şaneldən danışır.

Şanel:(gülür) Yəqin Violetta qısqanıb?

Qulluqçu: Doğrusu, mən qısqandığını hiss edirdim, amma özü bunu etiraf etmirdi.

Şanel:(biraz pauza) Covanna! Bəs onlar heç sevişiblər?

Qulluqçu: (biraz susur) Madmuazel...!

Şanel: Ah, Covanna, Covanna! Mən Balsana aşiq deyiləm, narahat olma. Onların arasında nəyinsə yaşanması məni narahat etmir. Sadəcə, Balsana o cür məhəbbəti və qayğını bəxş edən qadın, yəni, Violetta onun qolları arasında xoşbəxt ola bilibmi? Bundan nigaranam.

Qulluqçu: Bəli, madmuazel! Violetta yazırdı ki, hətta onlar hər gecə sevişirlər.

Şanel:(qəh-qəhə çəkib gülür) Ah, Balsan! O, gəncliyində də elə idi. Hər gün sevişmək istəyərdi. Deməli, qocalıq ona heç bir təsir etməyib.

Araya yenə sükut çökür. Şanel yenidən ətrafa hüznlə baxır. Qulluqçu da təmizlik işləri görür. Birdən qulluqçu dayanır və diqqətlə Şanelə baxır.

Qulluqçu: Madmuazel!

Şanel: Hə, Covanna!

Qulluqçu: İndi nə etmək firiniz var? Biz burada qalacağıq?

Şanel: Bəli. Artıq ömrümün sonuna qədər burada qalacağam. Sən də ki, əlbəttə, əgər qalmaq istəsən mənimlə qala bilərsən. Amma getmək istəsən etiraz etmirəm. Sən mənim ən sadiq rəfiqəm olmusan, Covanna!

Qulluqçu: O nə sözdür, madmuazel! Mən ölənəcən sizin yanınızda qalmaq istəyirəm.

Şanel: Bax buna ürəkdən sevindim, Covanna! (onu qucaqlayıb öpür) Amma mən artıq işə başlamalıyam. Görürsən, meydanı boş buraxmışam və Kristian Dior dəbə düşüb. İndi işləmək vaxtıdır. 14 illik məzuniyyət bitdi! (bərkdən) İşə başlayaq, Covanna!

Şanel qəh-qəhə ilə gülərək yuxarı mərtəbəyə qalxır. Qulluqçu da sevinclə işə davam edir. İşıq sönür. Musiqi səsi eşidilir.

İşıq yananda Paris küçələrində Şanel geyimlərinin və ətirlərinin afişaları görünür. Paris qadınları yenidən sadə, rahat geyimlərdə gözə dəyir. İşıq sönür.

İşıq yanır Şanelin yataq otağında və Şanel çarpayıda uzanıb. Çarpayının bir küncündə qulluqçusu oturub onun əlini tutub və göz yaşları axıdır. Şanel son taqəti ilə qulluqçunun gözlərinə baxır və gözlərini yumur. Qulluqçu isə onun əlini sinəsinə sıxıb hönkürtü ilə ağlayır.

Xəyali səs: Şanel müharibə başlayanda İsveçrəyə getdi və 14 il inzivaya çəkildi. 14 il sonra Parisə qayıdışı izdihama çevrildi. Bütün Paris qadınları sanki, həsrətlə Şanelin yolunu gözləyirdi. Onun qayıdışı Kristian Dioru dəbdən saldı. Böyük kütlə Kristian Diordan imtina edib yenidən Şaneli seçdi. Lakin Şanelin ömrünün son illəri idi və o, ömrünün sonunacan öz ixtiraları ilə təkcə Avropanı deyil, bütün ölkələri, qitələri, materikləri – bir sözlə, bütün dünyanı fəth etdi. Ömrünün son günündə isə o, öz yataq otağında can verdi və öləndə onun yanında təkcə qulluqçusu vardı.

Ölümündən sonra Şanelin qarderobundan cəmi üç paltar tapıldı. Bir də yazıb kiçik masasının üstünə qoyduğu kağız. O kağızda bu sözlər yazılmışdı: Həyatımda çox insanlar oldu, amma mən ömrümün sonunda onu anladım ki, bütün həyatım boyu tək olmuşam.



Ölərkən özünü yalnız hiss edirdi, madmuazel Şanel! O, bütün əzmi, iradəsi, mübarizəsi və istedadı, fərqliliyi ilə bütün kişilərin ideal qadınına, eləcə də bütün qadınların ideal qadın xarakterinə çevrildi. Şanel dünyaya gəlmiş getmiş ən böyük qadınlardan biri idi və heç vaxt unudulmadı, həmişə sevildi, bundan sonra da seviləcək. Və dodaqlardan heç vaxt düşməyəcək: Madmuazel Şanel!

İşıq sönür. Pərdə enir.

SON

Bakı, 2013-2014


Yüklə 321,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə