Orxan bahadirsoy


Hersoq: Xanım? Mənim yanımda hansı xanım var? Gördüyünüz kimi qarşınızda tək dayanmışam! Şanel



Yüklə 321,04 Kb.
səhifə3/4
tarix11.04.2018
ölçüsü321,04 Kb.
#37872
1   2   3   4

Hersoq: Xanım? Mənim yanımda hansı xanım var? Gördüyünüz kimi qarşınızda tək dayanmışam!

Şanel:(az öncə hesoqun yanında duran xanımı göstərir) O xanım sizin nəyinizdir?

Hersoq: Hə, o? O, bizim qulluqçudur.

Şanel: Qulluqçunu partiyə gətirmisiz?

Hersoq: Bəli, madmuazel! Mən çox təmizkaram. O, mənim paltarlarımı öz yanında gəzdirir ki, paltarlarım, ayaqqabım çirklənəndə dəyişə bilim. (həmin qadına yaxınlaşır) Artıq gedə bilərsən! Görünür, madmuazel Şanel məni qısqanır!

Şanel: Yox, yox! Hersoq, mən sizin sevgiliniz ya da məşuqəniz deyiləm. Sizi qısqanmıram da. Sadəcə, mən o xanımı sizin sevgiliniz zənn etdim. Amma bu gecə şərik ola bilərəm.

Hersoq: Əla! Beləliklə, xanımlar və cənablar, musiqi səslənsin! (əlini Şanelə uzadır) Xahiş edirəm ki, mənə bu rəqsi çox görməyəsiniz.

Şanel onun əlindən tutur. Musiqi səslənir. Öndə Vestminster və Şanel, arxada isə digər cütlüklər rəqs edirlər. Bu vaxt gözündə qara eynəklə zadəgan geyimli və olduqca yaşı bir kişi daxil olub hamını diqqətlə süzür. Şaneli görən kimi onu daha diqqətlə süzməyə başlayır. Şanel bu kişinin baxışlarının öz üstündə olduğunu hiss edib hersoqa daha möhkəm sarılır. Yaşlı kişi Şanelə yaxınlaşır. Bu vaxt bir mühafizəçi içəri daxil olub əli ilə musiqinin kəsilməsini işarə edir. Musiqi dayanır.

Mühafizəçi: Diqqət! Bağçada əlləri və ayaqları, ağzı bağlanmış çılpaq bir kişi tapılıb. İndi hamınız o insana baxın və əgər o şəxs sizdən birinin tanışıdırsa, soyğunçunu tapmağımıza kömək edin.

İki mühafizəçi ağzı, əlləri və ayaqları bağlanmış kişini gətirir. Hersoq diqqətlə baxır və cəld ona doğru cumur.

Hersoq: Qardaşım! Bu mənim qardaşımdır! Onu kim bu hala salıb?

Muhafizəçi: O, huşunu itirib. Hər-halda cinayətkar onun bütün pulunu, geyimini oğurlayıb.

Hersoq ətrafa baxır. Yaşlı kişi onun diqqətini çəkir və o yaşlı kişiyə yaxınlaşır. Geyiminə diqqətlə baxır.

Hersoq: Tutun bunu! (mühafizəçilər yaşlı kişini tutur) Bu kişi mənim qardaşımın paltarlarını geyinib! (yaşlı kişiyə) İndi de görüm qardaşımı niyə soymusan!

Yaşlı kişi:(gözündən eynəyi çıxarır) Mən Albertəm!

Hersoq: Albert! Çox böyük adamsan? Mən belə bir adam tanımıram!

Yaşlı kişi: Bəli! Məni heç qızım da tanımır.

Hersoq: Qızın? Sənin qızın kimdir?

Yaşlı kişi: O, sizin məftun olduğunuz, həsəd apardığınız məhşur Koko Şaneldir!

Ətrafa təəccüb səsləri yayılır. Şanelin təşvişdən donmuş halda yaşlı kişiyə baxır.

Hersoq:(Şanelə) Bu doğrudur, madmuazel? Bu yaşlı kişi və soyğunçu qoca sizin atanızdır?

Şanel: Yox, yox! Bu doğru deyil! Mən belə fırıldaqçılar çox görmüşəm. Onlar atamın itkin düşdüyünü hesab edib şöhrətimə və puluma görə mənə atam olduqlarını deyirlər. Bunları həbs etmək lazımdır!

Yaşlı kişi: Bilirəm, Şanel! Sən məni qəbul etmək istəmirsən! Mənim sənin pulunda və şöhrətində gözüm yoxdur. Mən sadəcə məni bağışlamağını istəyirəm.

Şanel: Rədd edin bu adamı burdan! Bu soyğunçudur, cinayətkardır, həm də yalan danışan fırıldaqçıdır. O, zindana salınmalıdır.

Hersoq:(yaşlı kişiyə) Siz kimi soyduğunuzu bilirsiz? Hersoq Vestminsterin qardaşını soymusuz. Mən sizi öldürə bilərəm.

Yaşlı kişi: Buna gərək yoxdur, hersoq! (mədəsi yanır) Mən heç kəsi soymamışam. Mən adi bir dilənçiyəm. Bu geyimi geyinməsəydim məni bura buraxmazdılar. Qızımı görmək üçün buna məcbur oldum.

Hersoq: Madmuazel Şanel sizin iddianızın yalan olduğunu deyir. Hər bir halda – siz onun atası olsanız belə, o sizi qəbul etmir.

Yaşlı kişi: Mən qəbul edilmək yox, bağışlanmaq istəyirəm.

Şanel: Bu cəfəngiyyat nə qədər çəkəcək? Bu adamı burdan aparın! Zinadan atın, ya da öldürün! Mən bunu dinləmək istəmirəm!

Yaşlı kişi: Bağışla məni qızım, yalvarıram, bağışla! (əlini ürəyinin üstünə qoyur və zorla nəfəs aldığı məlumdur)

Hersoq: Bu yaşlı qocanı zindana atın və həkim çağırın qardaşımı müayinə etsin. Məclisin dadını qaçırmayaq.

Mühafizəçilər yaşlı kişini çıxarmaq istəyəndə, o, qəfildən tappıltı ilə yerə yıxılır. Hamı diqqətlə ona baxır. Mühafizəçilər kişinin ürəyini yoxlayır və təəccüblə hersoqa baxırlar.

Hersoq: Nə baş verir?

Mühafizəçi: Onun ürəyi dayandı?

Şanel:(təlaşla) O, öldü?

Mühafizəçi: Bəli, o, öldü.

Hersoq:(hirslə) Aparın burdan. Kimsəsizlər məzarlığında basdırın. Tez olun!

Şanel:(fikirli və qəmli halda bir kənara çəkilib düşünür) Albert! Artıq yoxsan və mən də daha rahatam. Dünya bir əclafdan təmizləndi və əfsus ki, bu əclaf mənim atam idi.

Hersoq:(əlinin onun çiyninə qoyur) Belə yalançılar çoxdur, madmuazel. Əhvalınızı korlamayın. Biz rəqsimizə davam edə bilərik?

Şanel: Mən getmək istəyirəm, hersoq. İcazənizlə...

Hersoq: Siz hara gedirsiz?

Şanel: Bağışlayın, heç nəyə həvəsim yoxdur.

Hersoq: İcazə verin, mən də sizinlə gəlim.

Şanel: Siz əyləncənizə davam edin. Mənə görə...

Hersoq:(onun sözünü kəsir) Sizə görə ölmək də şərəfdir. İcazə verin gəlim.

Şanel: Gəlin, hersoq!

Şanel və hersoq çıxırlar. Ətrafda danışıq səsləri yayılır və işıq sönür. Pərdə enir.

2-ci Hissə

14 il sonra. Şanelin evi. Şanel artıq qismən yaşlanmış görünsə də, əvvəlki zərif və şux görünüşünü itirməyib. Evi isə heç dəyişilməyib. Salonda geniş kresloda oturub siqaret çəkir. Olduqca üzgün görünür. Hersoq Vestminster daxil olur.

Hersoq: Salam, madmauzel! (Şanel işarə ilə salamı alır) Ümidvaram məni sevindirəcəksən.

Şanel: Necə sevindirim səni?

Hersoq: Anlamadım. 14 ildir mən səndən nə gözləyirəm? 14 ildir səninlə hər gün, hər gecə bir yerdəyəm. Bu vaxt ərzində sən nə istəsən mən etmişəm. Amma mənim bir istəyimi sən etməmisən.

Şanel: Hersoq, mən Koko Şaneləm! Mən indiyə qədər heç kəsin istəyini etməmişəm. Özüm nə istəmişəmsə, onu etmişəm. Amma etiraf edim ki, sənin bu istəyini etməyə 14 ildə çox cəhd etdim. Bilirsən niyə? Çünki bunu səndən çox mən özüm istəyirdim.

Hersoq: İstəyirdin? Məgər indi istəmirsən?

Şanel: İstəməklə düzəlmir, hersoq! Getmədiyim həkim qalmadı. Parisin ən məhşur həkimləri məni müayinə etdi. Amma hamısı bir sözü dedi ki, mən heç vaxt ana ola bilməyəcəyəm!

Hersoq:(əlini yumruqlayıb masanın üstünə çırpır) Lənətə gələsən! Axı niyə? ,

Şanel: Bu sualı mənə yox, Tanrıya ver. Görünür, o, mənim ana olmağımı istəmir. Ya da mən də Məryəm ana kimi bir möcüzə ilə qəfildən hamilə qalacağam. Həyat sürprizlərlə doludur.

Hersoq: Axı mən səninlə evlənmək, səninlə bir ömür paylaşmaq istəyirəm. Amma sən bilirsən, mən hersoqam. Övladımın olması ən vacib şərtdir. O, mənim varisim olmalıdır.

Şanel: Mən sənin varisin olması üçün yox, sadəcə ana olmaq üçün övlad istəyirəm.

Hersoq: Mən hersoqam, madmauzel! Bu bilirsən nə deməkdir? Əgər sən məndən övlad dünyaya gətirsən, o, bir şahzadə olacaq, sən isə hersoq xanımı və şahzadə anası!

Şanel:(qəh-qəhə çəkib gülür) Vestminster, bilirsən, sənə bir sirr açım? Bir hersoq xanımı, ya da bir şahzadə anası bu dünayaya indiyə qədər də çox gəlib, bundan sonra da çox gələcək. Amma bir Koko Şanel bundan öncə də dünyaya gəlməyib, bundan sonra da gəlməyəcək!

Hersoq: Bu eqoistlik səni məhv edəcək!

Şanel: Yox, əzizim. Mən qazandıqlarımı sənin bu eqoistlik adlandırdığın özgüvənə borcluyam.

Hersoq: Bütün bunları bir kənara qoyaq. Sən şərtləri bilirsən.

Şanel: Hə, bilirəm. Əgər mən bu hersoqdan övlad dünyaya gətirməsəm, bu hersoqun xanımı ola bilməyəcəm!

Hersoq: Elədir ki, var! Mən başqa bir xanımla, ana ola biləcək bir qadınla evlənməliyəm. Amma sən məşuqəm olaraq qala bilərsən!

Şanel:(hirsli siması ilə ona yaxınlaşıb gözlərinin içinə baxır) Məşuqən? Mən sənin məşuqən olacağam?

Hersoq: Bəli, bəli! Burda nə var ki? Hersoqun arvadı olmağı bacarmadın, heç olmasa məşuqəsi olmağı bacar!

Şanel:(hirslə ona bir şillə vurur) Mən sənin üçün ucuz fahişəyəm? Rədd ol burdan!

Hersoq: Madmauzel, kiminlə danışdığını unutma!

Şanel:(qışqıırır) Rədd ol dedim sənə! Hersoqluğun da rədd olsun! Taxtın da, var-dövlətin də! İtil!

Hersoq: Sən ağlını itirmisən, madmauzel! Artıq o cavan Şanel yoxdur. Artıq o koko deyil, artıq o qoca bir toyuqdur.

Şanel:(hersoqun üstünə cumub yumruğuyla sinəsinə vurur) Çıx get dedim! Eşitmirsən? Rədd ol burdan! Bir də gözlərimə görünmə...

Hersoq:(Şanelin əllərindən tutub kənara itələyir) Ehh! Məni çox axtararsan!

Vestminster hirslə salonu tərk edir. Şanel hönkürtü ilə ağlayaraq kresloya əyləşir. Qulluqçu həyəcanla daxil olur və əlində güllər var.

Qulluqçu: Bağışlayın, madmauzel! Sizə gül göndəriblər.

Şanel:(gözlərinin yaşını silir) Güldana qoy onları.

Qulluqçu: İçində sizə yazılmış bir kağız da var.

Şanel: Kağızı aç və oxu.

Qulluqçu:(güllərin arasından kağızı götürür və oxuyur) Salam, sevimli Paris gözəli. Bütün Avropanı sadə, incə, zərif, ecazkar bir gözəlliyə bürüyən, bütün ürəkləri fəth edən füsunkar madmauzel! Sizə bu gülləri göndərən və sizə bu məktubu yazan Fransadakı Almaniya səfirliyinin attaşesi Qans fon Dinkdir! Bu güllər sizin gözəlliyinizin önündə aciz olsa da, onları mənim kiçik bir ərməğanım kimi qəbul edin. Bir də əgər razı olarsanız, sabah sizi mənimlə bir şam yeməyinə dəvət edirəm. Bu təklifi qəbul etməyiniz məni hədsiz sevindirəcəkdir! (qulluqçu kağızı büküb Şanelə baxır)

Şanel: Bu da növbəti hiyləgər, bu da növbəti yalançı! Əclaf! Fırıldaqçı! Ah, kişilər, kişilər! (qulluqçuya) Covanna, məktubun gəldiyi ünvana cavab məktubu göndər və yaz ki, Şanel sizin şam yeməyi təklifinizi qəbul edir. Amma mütləq qeyd et ki, Şanel ana ola bilməyəcək!

Qulluqçu: Oldu madmauzel! (qulluqçu çıxır)

Şanel: Qans fon Dink! Almaniya səfirliyinin nümayəndəsi və Koko Şanel!

Salondan çıxır. İşıq sönür.

İşıq yanır restoranda. Şam yeməyi süfrəsində. Masa kənarında Şanel və Qans fon Dink əyləşib. Musiqi çalınır. Onlar qədəh toqquşdurub şərab içirlər.

Qans: Bunu sizin şərəfinizə içək!

Şanel:(gülümsəyir) İçək!

Qans:(qədəhi başına çəkdikdən sonra) Necə oldu ki, Qabriel Şanel məşhur Koko Şanelə çevrildi?

Şanel: Bu sualın çox uzun, qarışıq cavabı var. Bu gecə vaxtımızı buna sərf etməyi istəmərəm, misyö!

Qans: Mən isə sizi yaxından tanımaq istəyirəm.

Şanel: Şaneli bütün dünya yaxından tanıyır. Əgər siz də məni tanımasaydınız, bu gün burada mənimlə şam yeməyi yemək üçün məktub yazmazdınız.

Qans: Doğrudur, madmauzel! Lakin...

Şanel:(onun sözünü kəsir) Bunu lakini, amması yoxdur. Sadə bir cavab var. Siz kişilər həmişə özünüzü qadınların üzərində hökmran bilirsiz. Əslində, bu gün Şanel kimi nüfuzlu bir xanımla bir süfrədə şam etmək sizə fəxarətdir. Sadəcə, siz bunu gizlətməyə, özünüzü yüksəltməyə və elə indidən mənim üzərimə hökm etməyə çalışırsız.

Qans: Əsla, madmauzel! Siz yanlış düşünürsüz. Görünür, sizinlə bütün kişilər bu cür rəftar edib!?

Şanel: Əgər siz də kişisinizsə, onlardan birisiniz. Bu rəftarınız da təkcə mənə qarşı deyil, bütün qadınlara qarşıdır. Bunu etiraf edin, misyö Qans fon Dink!

Qans: Mən sadəcə sizi tanımaq üçün o sualı verdim.

Şanel: Əslində, siz məni yaxşı tanıyırsız. Amma mən sizin adınızdan və işinizdən başqa heç nə bilmirəm.

Qans: Elə mən də sizin adınızı və işinizi bilirəm, madmauzel. Başqa heç nə.

Şanel: Yalan danışırsız, misyö. Siz mənim yetimxanada böyüdüyümü, monstrdan qaçdığımı, düzəltdiyim sadə şlyapalarla məşhurlaşdığımı, 9 il İngiltərə zadəganı ilə, 14 il də hersoq Vestminsterlə sevgili olduğumu, anamın öldüyünü, atamın da dilənçi kimi bir müddət itkin düşüb sonradan tapılmasını və daha sonra da ölməsini və başqa daha nələr nələr bilirsiz. Elə deyil?

Qans: Bunları təkcə mən bilmirəm, madmauzel! Bunları hamı bilir.

Şanel: Bildiyiniz şeyləri niyə soruşursuz ki? Mənim öz dilimdən eşitməyə? Məşhur Koko Şaneli yazıq, aciz görmək üçün?

Qans:(heyranlıqla) Siz sərxoşsuz, madmauzel!

Şanel: Ay, ayy! Misyö, Qans fon Dink! Sizin baxışlarınızda bir heyranlıq var. Olmaya...

Qans:(onun sözünü kəsir) Aşiq oluram, madmauzel! Sizə aşiq olmamaq mümkün deyil!

Şanel: Mənim ilk sevgilim Etten Balsan deyirdi ki, məni heç vaxt heç bir kişi sevə bilməyəcək. Amma zaman Balsanın dediyini inkar etdi. Əslində, mən etiraf edim ki, sevilməyə layiq bir qadın deyiləm. Çünki bu bədəndə mən öz ölən sevgilimin və ürəkdən sevdiyim yeganə kişinin, İngiltərə zadəganı Artur Keypellin ruhunu gəzdirirəm. Mən onu heç vaxt unutmamışam. Ona hələ də, özü də əvvəlkindən qat-qat çox aşiqəm.

Qans: Amma Arturdan sonra həyatınızda başqa kişilər də olub.

Şanel: Doğrdur. Bir qadın bir kişini sevər və əgər o kişini itirərsə onda həmin qadın ölər. O bədəndə başqa bir qadın başqa bir kişi üçün dirilər. Sonra o kişi itəndə həmin qadın da ölər və yenə başqa bir kişi üçün başqa bir qadın dirilər amma eyni bədəndə...

Qans: Bu çox maraqlı fəlsəfədir, amma bunun doğru olduğuna inanmıram. Ya da bu sizdən başqa heç bir qadın üçün keçərli deyil.

Şanel: Elədir ki, var, misyö! Bu gecə mənim evimdə qonaq ola bilərsiz.

Qans: Bu çox gözəl təklifdir!

Şanel: Deməli, qəbul edirsiniz?!

Qans: Əlbəttə, madmauzel!

Şanel: Onda gedək...

İkisi də qalxıb restoranı tərk edirlər. Musiqi davam edir. İşıq sönür.

İşıq yanır Şanelin evində. Qulluqçu evi təmizləyir. Masanın üstündə qəzetlər var. Qulluqçunun yorulduğu hiss olunur və o dincini almaq üçün Şanelin kreslosuna oturur. Masanın üstündən qəzetləri götürüb oxuyur.

Qulluqçu: Vaaayyyy! Qəzetdəki başlığa bax! “Hallivud Koko Şaneldən danışır”! Əla! Merlin Monro! Müsahibəsində deyir ki, hər gecə bir damcı Koko Şanel ətri vurmasam yata bilmirəm! Aman, Tanrım! Madmauzel necə də xoşbəxtdir! Sən bir buna bax! Jaklin Kennedi deyir ki, mənim ən çox sevdiyim ətir Şanel ətridir. (qəzetləri masanın üstünə qoyur) Bu ətir hardadır görəsən? (ətrafa baxır) Güzgünün qabağındakı siyirmədə ola bilər. İlahi! Birdən madmauzel görər!? Elə bilər ki mən oğurluq edirəm. Amma bu ətirib intizarı məni öldürəcək. Onu mütləq qoxlamalıyam.

Qulluqçu güzgüyə yaxınlaşır. Siyirməni açıb baxır və ətiri görüncə sevincək götürür. Üzərinə bol-bol səpməyə başlayır. Sonra sevincindən uğunub evin hər tərəfinə ətir səpərək qəh-qəhə çəkir. Bu vaxt İqor Stravinski daxil olur. O təəccüblə qulluqçuya baxır. Qulluqçu isə o qədər fırlanır ki, başı hərlənir və yıxlanda İqor onu tutur. Qulluqçu diksinib atılır və əlindəki ətir şüşəsi yerə düşür.

Qulluqçu: Bağışlayın, misyö! Mən...

İqor:(gülür) Sərxoşsunuz!

Qulluqçu: Xeyir, sərxoş deyiləm, sadəcə...

İqor: Bəli, bəli! Sərxoşsunuz. Şanelin ətri sizi sərxoş edib. Lakin, mən elə bilirdim ki, bu ətir ancaq kişiləri sərxoş edir. Sən demə qadınlar da sərxoş olurmuş bu qoxuya.

Qulluqçu: Doğru deyirsiz. Hətta Merlin Monro və Jaklin Kennedi də sərxoş olublar.

İqor: Bu ətirə?

Qulluqçu: Elədir ki, var. Qəzetlərə baxın. Özləri deyirlər.

İqor: Bu ki, adi haldır. Şanel dünyanı sərxoş edə bilər.

Qulluqçu: Bağışlayın, mən heç soruşmadım, siz nə üçün gəlmisiniz?

İqor: Siz məni tanımadınız?

Qulluqçu: Yox, tanımadım, misyö.

İqor: Təqribən on beş il əvvəl, bu evə bir bəstəkar gəlmişdi Rusiyadan. Məhz Şanel üçün mahnı bəstələməyə. O bəstəkar hətta Şanellə qısa bir eşq də yaşamışdı, amma madmauzel onu vaxtsız tərk edib hersoqu seçmişdi.

Qulluqçu: Bəli. Tanıdım. Üzür istəyirəm. Bəs indi nə üçün gəlmisiz?

İqor: Şaneli görmək istəyirəm. Onunla həm çox vacib işim var, həm də darıxmışam.

Qulluqçu: Madmauzel hal-hazırda öz otağında cənab Qans fon Dinklədir. Onu narahat etməməyimi tapşırıb.

İqor: Yaxşı, mən elə burdaca gözləyərəm.

Qulluqçu: İçmək üçün nə istəyirsiz?

İqor: Likör yaxşı olardı.

Qulluqçu: Bu dəqiqə. (çıxır)

İqor:(ətrafa baxır) Bu ev mənə necə də doğmadır. Hər tərəfdən onun ətri gəlir. (royalın arxasına keçir və Şanel üçün bəstələdiyi mahnını ifa etməyə başlayır) O, bəlkə də bu mahnını unudub! (Şanel pilləkənlərlə salona enir amma İqor onu görmür) Elə məni də yadından çıxarıb bəlkə...

Şanel: Yox, İqor Stravinski! Mən səni də, o mahnını da unutmamışam! Xoş gəlmisən!

İqor: Ah, madmauzel! Sən mənim gəldiyimi hardan bildin?

Şanel: Mahnının səsindən. Sənin ifanı dərhal tanıya bilirəm.

İqor: Bu məni çox sevindirdi. Məni unutduğunu düşünürdüm.

Şanel:(biraz düşünür) De görüm, niyə gəlmisən?

İqor: Çox darıxmışdım. Həm də bu ətir bütün dünyaya səs salıb. Bir də bu yaxınlarda oxudum ki, Koko Şanel kişilər üçün ətir təqdim edəcək. Bu doğrudur?

Şanel: Bəli, doğrudur.

İqor: Ətirin adını bilmək olar?

Şanel: “Şanel Eqoist” olacaq ətirin adı.

İqor: Niyə kişilər üçün olan ətirin adı “Eqoist”, amma qadınlar üçün olan ətirin adı “nömrə 5”dir?

Şanel: Çünki, İqor, siz kişilər, hamınız eqoistsiniz. Hərçənd ki, hersoq Vestminster məni eqoist hesab edirdi. “Şanel nömrə 5” isə ona görədir ki, 5 mənim ən uğurlu rəqəmimdir. Məlumundur ki, mən öz bütün butiklərimin açılşını da hər il may ayının 5-də etmişəm.

İqor: Hə, indi aydın oldu bu “5” müəmması. Deyəsən, hersoqla yollarınızı ayırmısız.

Şanel: Bəli, artıq bitib. Çoxdandır ki, həyatımda başqa biri var.

İqor: Adı Qans fin Dinkdir, hə?

Şanel: Bunu hardan bilirsən? Yoxsa artıq qəzetlər yazıb və mənim bundan xəbərim yoxdur, hə?

İqor: Qulluqçu dedi. O, almandır?

Şanel: Bəli, almandır. (yerdəki ətir şüşəsini görür) Bu ətir şüşəsi yerdə nə gəzir?

İqor: Mən içəri girəndə qulluqçu bu ətir şüşəsi ilə rəqs edirdi.

Şanel:(qışqırır) Covanna! (biraz sükut və yenidən qışqırır) Covanna!

Qulluqçu: (əlində likör şüşəsi və qədəhlə tələsik daxil olur) Bəli, madmauzel!

Şanel: Bu nə hoqqadır burda? Bu ətir şüşəsi yerdə nə gəzir?

Qulluqçu: Üzür istəyirəm, madmauzel! Mən sadəcə onu qoxlamaq istəmişdim.

Şanel:(qapının yanında asılmış çantasını götürür və içindən bir ətir çıxarıb qulluqçuya uzadır) Al bu ətiri. Bir də mənim siyirmələrimi qarışdırma.

Qulluqçu: (ətiri qoxlayır və sevinclə) Təşəkkür edirəm, madmauzel! Minnətdaram.

Şanel: Bir də ki, sevgililərimin hesabatını başqasına vermə.

Qulluqçu: (utancla) Üzür istəyirəm, madmauzel!

Şanel: Çıxa bilərsən!

Qulluqçu: (İqora) Likörünüz!

İqor: (yaxınlaşıb içkini alır) Təşəkkür edirəm, Covanna!

Qulluqçu: Buyurun... (çıxır)

Şanel: Əcəb işdir də!

İqor: Niyə hirslənirsən? O da sənə heyrandır.

Şanel: Nə isə... Bura gəlməyinin tək səbəbi mənim üçün darıxmağındır?

İqor: Bir də sənə bir adamı gətirmişəm. Onu bəlkə də tanımayacaqsan.

Şanel: Kimdir ki, o?

İqor: Gözlə, madmauzel! (İqor tələsik çıxır)

Şanel: Görəsən, indi hansı sürpriz gözləyir məni! Yoxsa Albert təzədən dirilib! İlahi, bu adam mənim yaxamdan niyə düşmür axı?

İqor:(daxil olur) Hazırsan, madmauzel?

Şanel: Tez ol, İqor. Sərbim tükənir...

İqor:(qapıya tərəf yüksək səslə) Gəl içəri...

Tör-töküntülü əyin-başla, saç-saqqal içində orta yaşlı bir kişi daxil olur. Şanel təəccüblə ona baxır. Kişi də Şanelin gözlərinə diqqətlə baxır və Şanel təəccüb içində donub qalır.

İqor: Tanıdın, madmauzel?

Şanel: Etten Balsan!

İqor: Balsan! Özüdür ki, var!

Şanel: Etten, sənə nə olub?

Balsan: Nələr olmayıb ki, Şanel?

İqor: O, müflis olub, madmauzel! Atasını öldürüblər. Anası da itkin düşüb. Bir də ki.... (susur)

Şanel: Nə olub? Bir də nə İqor? (sükut) Nə olub axı? Danışın da. Etten, sənə nə olub?

İqor: O, heç nə görmür. Kor olub.

Şanel: Aman tanrım! Niyə Etten? Mən səni gözlərindən tanıdım. Çünki sənin çox qəşəng gözlərin var. İllər ötsə də o gözlər öz yaraşığını itirməyib, Etten.

Balsan: Amma heç nə görmürəm, Şanel. Səni görmək istəyirəm. Sənə toxunmaq istəyirəm. Yaxın gəl, mənim kokom. (Şanel ona yaxınlaşır və Etten onun əllərini tutur) Ətrin dəyişib, Şanel! Səni şöhrət və pul çox dəyişib. Bunu hiss edirəm.

Şanel: Səni də kasıblıq və şikəstlik çox dəyişib, Etten. Mən bunu həm hiss edirəm, həm də görürəm.

İqor: (əlini ağzına qoyub eyhamla öskürür) Madmauzel!

Balsan baxışlarını yerə dikib utancla dayanır. İqor isə Şanelə müxtəlif işarələr edir. Şanel isə İqorun nə dediyini anlamır və daha sonra Balsanı qucaqlayıb kresloya oturdur. Qapıya tərəf yüksək səslə...

Şanel: Covanna! (Balsana) Nə içmək istəyirsən, Etten?

Balsan: Biraz su istəyirəm. Ürəyim yanır..

Qulluqçu:(daxil olur) Buyurun, madmauzel!

Şanel: Etten üçün su gətir və yemək hazırla.

Qulluqçu: Bu dəqiqə madmauzel! (çıxmaq istəyir)

Şanel: Covanna! Bir də Ettenin əyninə münasib bir neçə paltar seç gətir kişi qarderobundan.

Qulluqçu: Oldu, madmauzel! (çıxmaq istəyir, lakin geri qayıdıb başını aşağı dikərək durur)

Şanel: Nə oldu Covanna?

Qulluqçu: Madmauzel, hersoq Vistminster gəlib. Bir neçə dəqiqə olar ki, qapıda dayanıb. Onu evə buraxmamağımı tapşırdığı üçün içəri buraxmadım, lakin qapıdan çəkilmir. Sizinlə çox vacib danışmalı olduğunu deyir.

Yüklə 321,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə