Orxan bahadirsoy


Şanel: Mən də bütün bunları səninlə etməyə razıyam. Bəs mane olan nədir ki? Artur



Yüklə 321,04 Kb.
səhifə2/4
tarix11.04.2018
ölçüsü321,04 Kb.
#37872
1   2   3   4

Şanel: Mən də bütün bunları səninlə etməyə razıyam. Bəs mane olan nədir ki?

Artur: İngiltərə zadəganları kasıb qızlarla evlənə bilməz. Buna heç bir zadəgan ailəsi razı olmaz.

Şanel: Sən onlara qarşı çıxa bilməzsən? Axı sən cəsarətlisən...

Artur: Məni artıq bir zadəgan qızına nişanlayıblar.

Şanel:(kövrəlir) Mən bilirəm ki, heç bir qadın sevdiyi kişinin arvadı olmayacaq. Amma mən səni həmişə sevəcəyəm. Başqa bir qadının əri olsan belə...(siqareti var gücü ilə sovurur, siqaret bitir və tullayır)

Artur: Mən səni heç vaxt atmayacağam. Həmişə sənin yanında olacağam. Sən başqasının arvadı olsan belə...

Şanel: Sən mənim yanımda olduğun müddətdə heç bir kişi mənim həyatıma daxil olmayacaq.

Artur: Mən tezliklə sənin üçün Parisin hər küçəsində mağazalar açacağam. Bütün dünya səni tanıyacaq. Dünyanın hər qitəsindən sənə təkliflər gələcək.

Şanel: Məni Hollivuda apar, Artur. Mən böyük filmlərdə oynamaq istəyirəm.

Artur: Bir müddət sonra Hollivud özü sənə yalavaracaq, əminəm.

Bu vaxt bir qadın onlara yaxınlaşır. Artur kənara çəklib nəzakətlə yol verir. Qadın mağazaya daxil olmaq istəyəndə birdən dayanır və diqqətlə Şanelə baxır.

Qadın: Siz Koko Şanelsiz?

Şanel utanaraq başını yerə dikir və gülümsəyən simasından sevinci məlumdur. Artur onun həyəcanını hiss edib qadına cavab verir.

Artur: Özüdür ki, var, miss.

Qadın: Sizin şlyapalarınız məni valeh edib. Bu yaxınlarda köməkçim sizdən üç şlyapa almışdı. Mən restoranda müğənni işləyirəm. Səhnədə çox ecazkar görünür sizin şlyapalarınız.

Şanel: Təşəkkür edirəm.

Artur: Tezliklə Şanelin qadınlar üçün şalvar və donlardan ibarət mağazası da açılacaq.

Qadın:(təəccüblə) Qadınlar üçün şalvar?

Şanel:(biraz hirslə) Bəli. Yoxsa siz də elə hesab edirsiz ki, qadınlar şalvar geyinə bilməz?!

Qadın: Mən sizin təfəkkürünüzə artıq bələdəm və əminəm ki, bu bütün qadın dünyasını valeh edəcək. Əmin olun ki, ilk müştəriniz mən olcağam.

Şanel: Sizin kimi qadınları tanıyanda mənim həvəsim artır.

Qadın: Şlyapalarınıza baxa bilərəm?

Şanel: Əlbəttə, keçin içəri, mən indi gəlirəm.

Qadın mağazaya girir. Şanel sevinclə Artura baxır.

Artur: Görürsən, artıq sən sənət adamların diqqətini çəkirsən.

Şanel: Hə, elədir. Və bu mənim xoşuma gəlməyə başlayır. Sənə çox minnətdaram, sevgilim. (ona sarılır)

Artur: Axşam səni evdə gözləyəcəyəm. Sabah isə İngiltərəyə getməliyəm.

Şanel:(kədərlə) Nişanlının yanına?

Artur: Buna məcburam, Şanel. Getməliyəm. Amma ürəyim sənin yanında qalacaq.

Şanel: Yaxşı, Artur. (uzaqdan bir dilənçinin gəldiyini görür) Artur, bir o kişinin halına bax!

Artur: Görürəm. Bayaq bura gələndə də gördüm. Mənə yaxınlaşdı və pul istədi. Mən də verdim. Ürəyim acıyır.

Şanel: Mənim də. Gözlə mən də pul gətirim ona vermək üçün.

Artur: Girmə içəri. Məndə var. (cibindən pul çıxarıb ona verir) Yaxınlaşanda verərsən.

Dilənçi kişi onlara yaxınlaşır. Şanel Arturun verdiyi əskinazı dilənçinin ovucuna qoyur və dilənçi onun əlini öz ovucunda sıxır.

Şanel: Siz neyləyirsiz? (dilənçi iki əli ilə Şanelin əlini öz ovucunda sıxıb onun gözlərinə baxır)

Artur: Siz nə etmək fikrindəsiz? (Şanelin əlini dilənçinin ovucundan çəkir)

Dilənçi: Mən Albertəm.

Şanel: Albert?(gözləri dəhşətdən bərəlir)

Artur: Sən onu tanıyırsan Şanel?

Dilənçi: (Şanelə) Hə, Albert. Sənin atan!

Artur: Nə? Şanel, o nə danışır?

Şanel: (həyəcan içində) O səhv danışır, yalan danışır! Mənim atam ölüb. Adı da Albert deyildi.

Dilənçi: Məni qəbul etmək istəmirsən, qızım?

Şanel:(gözləri dolmuş halda qışqırır) Mənə qızım demə! Mən səni tanımıram. Mənim atam ölüb. Artur, onu burdan rədd elə! O, yalançıdır.

Artur: (dilənçiyə) Gedin burdan! Yalan danışmayın. Ayıb deyil sizə? Siz onun şöhrətindən istifadə edirsiz!

Dilənçi: Yox, mən onun atasıyam. (Şanelə) Şanel, qızım, sən məni istəmirsən? Məni bağışlamırsan? Mən səni monastra ona görə verdim ki, orda daha yaxşı baxarlar sənə. Mən sənə baxa bilməzdim.

Şanel:(cumub onun yaxasından tutur) Rədd ol burdan! İtil dedim sənə!

Artur: Şanel, Şanel! Sən neyləyirsən? (Şaneli kənara çəkir və dilənçiyə hirslə baxır) Gedin burdan! Tez gedin burdan. Bir də sizi görməyim burda.

Dilənçi: Yaxşı, qızım, mən gedirəm. Məni qəbul etməsən də, bağışla, Şanel. Yalvarıram, bağışla.

Şanel:(qışqırır) Rədd ol dedim sənə.

Şanel başını Arturun köksünə qoyub ağlayır. Qadın mağazadan çıxır və Şanelin ağladığını görür. Dilənçi uzaqlaşır.

Qadın: Mən içəridə sizi gözləyirdim.

Şanel:(gözlərinin yaşını silir) Bağışlayın, keçək içəri.

Qadın: Əgər halınız yaxşı deyilsə, mən sonra da gələ bilərəm.

Şanel: Yox, hər şey qaydasındadır. Sevgilim İngiltərəyə gedir və onun üçün darıxcağıma görə ağlayıram.

Qadın: Sağ-salamat! Yaxşı, mən artıq seçim etmişəm. Sizi gözləyirəm. (mağazaya girir)

Artur: Sən yaxşısan?

Şanel: Hə, yaxşıyam.

Artur: O sənin atan idi?

Şanel: Bəlkə də o idi. Bilmirəm, Artur, mən heç nə bilmirəm.

Artur: Yaxşı. Mən artıq gedim.

Şanel: Yaxşı, səni sevirəm. Axşam görüşərik.

Artur: Hələlik.

Artur onu öpür. Daha sonra Şanel mağazaya girir, Artur onun arxasıyca biraz baxdıqdan sonra gedir, işıq sönür.

İşıq yanır Şanelin villasında. Şanel bir əlində dirsəyinə qədər uzanan qara əlcək və həmin əlində içi şərabla dolu qədəh tutmuş, digər əlində siqaret, qara rəngli qısa don və üzərində iki qara lələk olan şlyapa geyinmiş halda salonda durub ətrafa baxaraq gah siqaret tüstülədir, gah şərab içir. Bu vaxt araxadan Artur daxil olur və səssizcə yaxınlaşıb Şaneli arxadan qucaqlayır.

Şanel:(diksinir) Oyyy, Artur, lap qorxutdun məni.

Artur: Bağışlayın məni, madmuazel. Öpmək istəmişdim sadəcə. Romantiklik qatmaq istədim, deyəsən alınmadı.

Şanel: İstəyinə mane olduğum üçün üzür istəyirəm, bağışla məni, sevgilim.

Artur:(onu qucaqlayır) Eybi yoxdur... (dodaqlarından öpür) Sənə nə demişdim hə? Demişdim ki, tezliklə bütün dünya səndən danışacaq?! İndi bütün Avropa, Asiya sənin hazırladığın şalvarları, donları, şlyapaları geyinir. İndi sənin bir xeyli şöhrətin və pulun var.

Şanel: Hə, Artur, elədir. Amma mənim fikrim hələ də Hollivuddadır. (üzülür) İçimdə səhnə yanğısı var.

Artur: Yox, Şanel, artıq sən məşhur modelyersən. Sənin dərzilərin, sexlərin, mağazaların var.

Şanel:(biraz sükutdan sonra) Bəlkə biraz da özümüzdən danışaq. Artur, biz çox gec-gec görüşürük. Bilirəm, sən İngiltərədən bura hər gün gedib-gələ bilməzsən. Mənim üçün çətin olsa da, anlayıram ki, sənin orda arvadın var. Amma mən burda sənin üçün çox darıxıram.

Artur: Bilirəm, mənim Kokom...

Şanel: Mənə bir də belə müraciət eləmə.

Artur: Niyə?

Şanel: Çünki bu mənə Etten Balsanı xatırladır.

Artur: Yaxşı. Anlayıram səni amma mən də məcburam. Bezmişəm o həyatdan. Hərdən üsyan edib demək istəyirəm ki, cəhənnəm olsun sizin pulunuz, malikanəniz, zadəganlığınız, amma cəsarətim çatmır.

Şanel: Mən səni elə sevirəm ki, səni ömür boyu gözləyə bilərəm. Bilirsən, mən elə düşünürdüm ki, bütün aşiqlər acizdir. Doğrudur, acizdir. Amma sənin üçün aciz olmaq da əsl xoşbəxtlikdir.

Artur:(ona möhkəm sarılır) Belə demə... Sən mənim üçün əsl baş tacısan. Sən mənim zadəganlığım, qürurumsan. Səni sevirəm, Şanel!

Şanel:(onu möhkəm bağrına basır) Mən də səni sevirəm, Artur!

Artur: Bu gecə səninlə dəli kimi sevişmək istəyirəm.

Şanel: Elə mən də...

Şanel əlindəki qədəhi masanın üstünə qoyur, şlyapasını çıxarıb kənara tullayır, arxasını Artura çevirir, Artur onun donunun düymələrini açır, don onun ayaqlarına düşür və Şanel ayaqlarını donun içindən çıxarıb Artura tətəf çevrilir, onun köynəyinin düymələrini və şalvarının kəmərini açır və onlar öpüşərək bir-birinə sarılır. Artur onun qucağına götürüb öpüşərək səhnədən çıxarkən işıq sönür.

İşıq yanır yenidən Şanelin villasında. Bir neçə qara geyimli insanlar – kişilər və qadınlar, gözlərində qara eynəklə səssiz halda durmuşlar, hüzünlü bir müsiqi səslənir. Etten Balsan qara geyimdə daxil olur, dik duruşu ilə ətrafa boylanıb eynəyini çıxarır və tərs-tərs insanlara baxır. Qonaqlara şərab paylayan qulluqçu daxil olur və Etten Balsan ona yaxınlaşıb yaxasından tutub kənara çəkir.

Qulluqçu:(hirslə) Siz neyləyirsiz, misyö?

Balsan: Mənimlə belə danışma, hey! De görüm Şanel hardadır?

Qulluqçu: Otağındadır.

Balsan: Niyə qonaqları qarşılamır?

Qulluqçu: Heç kəslə danışmaq istəmir!

Balsan: Get ona de ki, çox önəmli qonağı gəlib, onu görmək istəyir.

Qulluqçu: Mənə tapşırıb ki, onu narahat etməyim.

Balsan:(cibindən pul çıxarıb qulluqçuya uzadır) Get, çağır dedim!

Qulluqçu:(pulu sevinclə alır) Baş üstə, misyö! (sevincək qaçır)

Balsan:(öz-özünə) Şanel yetimxanadan çıxan arıq, cılız, zəif bir qızcığaz olduğunu, bar səhnələrində varlı kişilər üçün şən mahnılar oxuyan bir fahişə olduğunu unudub deyəsən! İndi şöhrət və pul onu qudurdub! Hətta evinə gələn qonaqları da qarşılamaq istəmir. Əhsən! Daha ona sözüm yoxdur.

Bu vaxt sarışın, olduqca ağ, hündür boylu bir kişi daxil olub ətrafa boylanır, bu rus bəstəkarı İqor Stravinskidir. O, Etten Balsana yaxınlaşır.

İqor: Bağışlayın, Koko Şanel hardadır?

Balsan: Siz Kokonu neyləyirsiz?

İqor: Mən o məşhur madmuazelin pərəstişkarıyam. Onunla görüşmək üçün gəlmişəm.

Balsan: Bildiyim qədəri ilə Şanel qadınlar üçün geyimlər hazırlayır, belə ki, onun pərəstişkarları da qadınlar olmalıdır.

İqor: Mən Rusiyadan gəlmişəm. O, qadınların daxili kitabını oxuyub onları gözəlliyə bürüyən, görkəmi və xasiyyətləri ilə kişiləri özünə aşiq edən bir xanımdır. Məncə, dünyada hamı onun pərəstişkarı olmalıdır.

Balsan: Siz Rusiyadan məhz Şaneli görmək üçün gəlmisiz?

İqor: Bəli. Mən bəstəkaram, madmuazel üçün mahnı bəstələmək istəyirəm.

Balsan: Əhsən!

İqor: Axı demədiniz, o hardadır?

Balsan: İndi gələcək, biraz səbr edin!

Bu vaxt Şanel qara uzun donda, qara əlcəkdə, qara şlyapada, üzündən qara tül asılmış halda hüzünlə daxil olur. Onu görən qonaqlar ehtiramla kənara çəkilir, hamı məftunluqla ona baxır. İqor Stravinski cəld ona yaxınlaşır.

İqor: Madmuazel, sizi görmək nə böyük şərəfdir! (əlindən öpür)

Şanel:(laqeydliklə) Minnətdaram!

Balsan:(yaxınlaşıb əlini öpür) Yəqin məni tanımazsınız, madmuazel!

Şanel:(Balsana diqqətlə baxır) Etten Balsan? Siz burda nə gəzirsiz?

Balsan: Dərdinizə şərik olmağa gəlmişəm, madmuazel!

Şanel: Təşəkkür edirəm! (sonra ətrafdakı qonaqlara baxır) Gəldiyiniz üçün hər birinizə minnətdaram! Bu ağır və çətin gündə yanımda olduğunuz üçün çox sağ olun!

İqor:(təəccüblə) Bağışlayın, madmuazel, bu gün sizin üçün niyə çətin və ağır gündür?

Şanel: Siz kimsiniz?

İqor: Mən rus bəstəkarı İqor Stravinskiyəm.

Şanel: Hörmətli bəstəkar, əvvəla təşrifiniz üçün məmnunam, onu da deyim ki, dünən axşam mənim doqquz ildir ki, birlikdə olduğum sevgilim, tək sevdiyim insan Artur Keypell yol qəzasında vəfat edib. Bu gün onun İngiltərədə dəfni olub.

İqor: Başınız sağ olsun! Mən bilmirdim, bağışlayın!

Şanel:(qonaqlara) Fəqət mən bu çətin gündə özümlə baş-başa qalıb Artura yas saxlamaq istəyirəm! Odur ki, sizdən ricam, məni bu gün tək buraxın!

Qonaqlar bir-birlərinə baxıb hamısı Şanelin istəyini anlayışla qarşılayaraq ona baş sağlığı diləyir və bir-bir dağılışırlar. Şanel də öz növbəsində onların hamısına təşəkkür edərək sağollaşır. Qonaqlar gedəndən sonra salonda Şanel, İqor və Balsan qalır.

Balsan: Sevgilinizin vəfatına görə çox üzgünəm. Başınız sağ olsun! Lakin sizdən bir ricam olacaq.

Şanel: Buyurun...

Balsan: Siz hamı üçün məşhur modelyer madmuazel ola bilərsiz, mənim üçün monastrdan qaçan, yetimxanada böyüyən, barlarda mahnı oxuyan bir Kokosunuz. Bunu unutmayın!

Şanel: Mən kim olduğumu heç vaxt unutmaram, misyö! Sizdən də ricam, siz bir qadının zəif və bədbəxt həyatını hər dəfə onun üzünə vuran əclaf olduğunuzu unutmayasınız!

Balsan əlin qaldırıb ona şillə vurmaq istəyəndə İqor onun əlindən tutur, bu vaxt Balsan İqora yumruq vurmaq istəyir lakin, İqor onu qabaqlayır və bir yumruğuna Balsanı yerə sərir.

İqor: Bir xanıma əl qaldırmaq kişiyə yaraşmaz!

Balsan:(hər ikisinə tərs-tərs baxır) Mən bir də sizə yaxın da durmaram! Bir fahişənin malikanəsində olmaq bir zadəgan oğluna yaraşmaz! Sadəcə, baş sağlığı vermək üçün gəlmişdim!

Şanel: İndi rədd ola bilərsiz!

Balsan:(hirslə tüpürür) Tfu! (qəzəblə çıxır)

Şanel:(xəfif bir təbəssümlə İqora baxır) Qayğınız üçün minnətdaram!

İqor: Borcumdur, madmuazel! Bir daha başınız sağ olsun! Görünür, həmin şəxs sizin üçün çox dəyərli imiş!

Şanel: Elədir ki, var! Mən bu gün bütün uğurlarımı ona və onun məhəbbətinə borcluyam.

İqor: Bu gün həyatda olmasa belə, onun ruhu da xoşbəxtdir! Sizin kimi bir xanımın könlünə sahib olmaq insana cənnətin qapıların açar!

Şanel: Təşəkkür edirəm!

İqor: Sizə bir təklifim var...

Şanel: Buyurun.

İqor: Mən sizin üçün bir mahnı bəstələmək istəyirəm!

Şanel: Bu çox gözəl təklifdir. Diqqətiniz üçün minnətdaram, lakin, sizdən xahiş edirəm ki, bu mahnını mənim hüzünlü eşqimə həsr edəsiniz!

İqor: Ürəyimdə sizə qarşı elə bir alovlu sevgi baş qaldırıb ki, bu hislər yalnız bir sevgi mahnısını ərsəyə gətirə bilər! Elə bir mahnı yazacağam ki, həm sizin mərhum sevgilinizə bir matəm mahnısı, həm də mənim sizə olan məhəbbətimə bir eşq nəğməsi olacaq.

Şanel: O mahnını sevə-sevə oxuyacağam!

İqor: Sizə eşq elan etsəm, qəbul edərsiz?

Şanel: Mən hələ ki, bir sevginin matəmi içindəyəm! Sevgilimin ruhu məndən inciyər.

İqor: Qəlbinizdə boş qalan yeri dolduracaq birinə ehtiyacınız olacaq!

Şanel: Bundan sonra həyatıma çox kişi daxil ola bilər, lakin heç kəs onun yerini doldura bilməyəcək!

İqor: Sizin eşqinizə çoxlu sevgi nəğmələri yazacağam...

Şanel: Və tarix danışacaq – məşhur rus bəstəkarı İqor Stravinski Koko Şanelin eşqinə nəğmələr bəstələyirdi.

İqor: Bu mənim üçün fəxr olacaq!

Bu vaxtı qulluqçu həyəcanla daxil olur, İqor və Şanel təlaşla çönüb qulluqçuya baxırlar.

Qulluqçu: Bağışlayın, madmuazel...

Şanel: Nə baş verib?

Qulluqçu: Qapıda çoxlu jurnalistlər var. Onların hamısı sizinlə danışmaq istəyir.

Şanel: Get onlara mənim danışmaq istəmədiyimi de! Dərin bir hüzünün içində olduğumu, bir müddət səssiz qalmaq istədiyimi çatdır. Və açıqla ki, Şanel yas mərasimində geyindiyi qara uzun donunu və üzü tüllə örtülü şlyapasını tezliklə sərgiləyəcək. Qoy bütün dünya qadınları qaraya bürünüb mənim sevgilimə yas saxlasın!

Qulluqçu: Baş üstə, madmuazel! (çıxır)

İqor: Bu çox böyük bir eşq olmalıdır! Siz həqiqətən xoşbəxtsiz! Bütün dünya qadınları sizin sevgilinizə yas saxlayacaq!

Şanel: İnsanlar xoşbəxtliyin içində gizlənən bədbəxtlikdən xəbərsiz olur həmişə! Siz bütün dünya qadınlarının qara geyinib mənim sevgilimə yas saxlamasını xoşbəxtlik hesab edirsiniz, amma mən həyatın toy-büsatı içində dünya qadınlarına ağ gəlinlik geyindirə bilmədiyim üçün özümü bədbəxt hesab edirəm!

İqor: Siz dediyiniz hər sözdə haqlısınız!

Şanel: Mənim Artura yas saxlamağa hüquqi icazəm yoxdur. Amma məhəbbətin önünü qanunlar da kəsə bilməz! Qoy bütün qadınlar Arturun yasını saxlasın!

İqor: İradənizə heyranam!

Şanel:Təşəkkür edirəm. (biraz sükut)Franasaya nə vaxt gəlmisiz?

İqor: Bu gün.

Şanel: Burda qalacaq yeriniz var?

İqor: Yoxdur.

Şanel: Onda ürəyiniz istədiyi müddətə qədər mənim qonağım ola bilərsiniz. Yuxarı mərtəbədə royal da var. Əgər təbiniz gələrsə burda bəstələr edə bilərsiz.

İqor: Diqqətiniz və qayğınız üçün təşəkkür edirəm.

Şanel: Məni bağışlayın, biraz yatacağam! Qulluqçuya xidmətinizdə durması üçün tapşırıq verəcəyəm. Gecəniz xeyrə qalsın!

İqor: Xeyrə qarşı, madmuazel!

Şanel ağır addımlarla gedir. İqor heyranlıqla onun arxasıyca baxır, siqaret yandıraraq masa arxasına əyləşib fikrə dalır, işıq sönür.

İşıq yanır yenidən Şanelin malikanəsində. Şanel hüzün içində oturub. İqor əlində bir kağızla daxil olur.

İqor: Madmuazel!

Şanel: Bəli, misyö.

İqor: Mahnı demək olar ki, hazırdır.

Şanel: Dinləməyi səbrsizliklə gözləyirəm.

İqor: Aha...

İqor royalın arxasına keçib oturur. Kağıza diqqətlə baxır və bəstələdiyi musiqini ifa etməyə başlayır. Şanel həvəslə onu dinləyir. Musiqi bitəndən sonra İqor həyəcanlı baxışlarını Şanelə dikir.

Şanel: Əla, İqor! Möhtəşəm! Mən bunu çox bəyəndim.

İqor: Nə danışırsız? Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz!

Şanel: Baramaqlarınızdan inci tökülür! Bu halımda mənə bu mahnı o qədər mənəvi dəstək oldu ki, bunu ifadə edə bilmərəm!

İqor:(yerindən qalxıb ona yaxınlaşır) Mən bütün yaradıcılığımı sizə həsr edə bilərəm.

Şanel: Yox, İqor. Məndən sədaqət gözləməyin. Məhəbbətlə küsülüyük. Amma siz çox romantik və nəzakətlisiz.

İqor: Madmuazel, axı siz niyə anlamırsız ki, mən sizə sevirəm! Sizə dəlilər kimi aşiqəm.!

Şanel: Ah, İqor! Bu şablon eşq-məhəbbət etirafları, bu ucuz sevgi təklifləri sizin istedadınıza yaraşmır!

İqor: Siz mənim məhəbbətimi saxta hesab edirsiz?

Şanel: Yox, mən sizin məhəbbətinizin saxta olduğunu demədim. Bu sevgi etirafınızın şablon olduğunu və bunların çox saxta göründüyünü dedim.

İqor: Anladım, madmuazel. Siz mənim sevgimə inanmırsız. Amma siz əmin olmalıydız ki, mən sevmədiyim insana mahnı bəstələyə bilməzdim. Bir tərəfdən də sizi anlayıram. Axı siz yas içindəsiz. Bağışlayın məni. Bunu deməməli idim.

Şanel: Üzürxahlıq etməyin, misyö. Mən indi ürəyimi heç kəslə bölüşə bilmərəm.

Qulluqçu həyəcanla daxil olur. Əlində qəzetlər var. Şanel təəcccüblə ona baxır. Qulluqçu isə üzgün baxışlarını yerə dikib və danışmır.

Şanel: Nə olub? Danışacaqsan ya yox? (qulluqçu yenə susur) Axı nə olub? Əlindəkilər nədir?

Qulluqçu: Qəzetlərdir, madmuazel.

Şanel:(yerindən dik atılır) Nəsə yazıblar? (qulluqçuya yaxınlaşıb qəzetləri alır) Nə yazıblar? (qəzetləri açır və oxuyur) O, əslində bir kəndlinin öz məşuqəsindən qeyri-qanuni olaraq həyata gətirdiyi uşaqdır. Yəni, sizin məşhur madelyer, Avropa və eləcə də digər qitələrin qadınlarının geyimlərində inqilab edən madauzel Koko Şanel səyyar satıcının 6-cı məşuqəsindən olan övladıdır. Əsl adı Qabriel Şaneldir. Onun dünyaya gəlməsindən bir müddət sonra anası astma xəstəliyindən ölür. Atası da zavallı qızcığazı katolik monastrına verir. Əgər atasının aqibətini bilmək istəyirsizsə, bunu çətin öyrənəsiz. Çünki atasının harada və nə halda olduğunu heç Şanel özü də bilmir. (əlindəki qəzetləri ovucunda sıxaraq gözlərindən yaş tökür)

İqor: Siz yaxşısız, madmuazel?

Şanel: (qışqırır) Rədd olun!

İqor: Madmuazel!

Şanel: Sizə rədd olun dedim! Məni tək buraxın.

İqor və qulluqçu çıxır. Şanel əlindəki qəzetleri parça-parça cırıb bir kənara tullayır. Sonra kresloya oturub hönkürtü ilə ağlayır.

Şanel: Axı bu insan məndən nə istəyir? Hə, harda olduğunu bilmirəm. Heç bilmək də istəmirəm. Bunu yazmaq sizə nə qazandırır, nə? (qışqırır) Başınıza dəysin sizin bütün qəzetləriniz, jurnallarınız! İnqilab! Nə inqilab, hə? Hansı inqilab? (yerindən qalxıb kənardakı qəzet parçalarını ağlayaraq təpikləyir) Niyə yazırsınız axı, niyə? Zibil!

Şanelin qəzəbli və hıçqırıqlı səsi ilə işıq sönür.

İşıq yananda əlində qədəhlər tutan insanlar görünür. Musiqi səsi və insanların danışıqları bir-birinə qarışıb. Burada ecazkar geyimli hersoqlar, knyazlar öz xanımları ilə içki içir və söhbət edirlər. Musiqinin səsi altında rəqs edən zadəgan uşaqları da görünməkdədir. Hersoq Vestminster yanında gözəl bir xanımla şərab içərək söhbət edir. Bu vaxt Koko Şanel qısa ətəkli qara donu ilə, sadə qara şlyapası və bir əlindən dirsəyinə qədər uzunan qara əlcəyi ilə, sol əlində tutmuş kiçik çantası, orta ölçüdə topuqlu ayaqqabısı və qara gözlüyü diqqət çəkən bir geyimdə daxil olur. Hamı onu təpədən dırnağa süzməkdədir. Şanel əli ilə işarə edib hamını gülümsəyərək salamlayır. Hersoq Vestminster yanındakı xanımın əlini buraxıb Şanelə yaxınlaşır.

Hersoq: Xoş gəlmisiniz, madmuazel! Sizi burda görməyə çox şadıq!

Şanel: Təşəkkür edirəm, hersoq Vestminster! Mən də şadam!

Hersoq: Gələcəyinizi güman etmirdik!

Şanel: Mən Lambardininin partisini qaçıra bilməzdim. Bu günah olardı.

Hersoq: Nə içmək istəyirsiz?

Şanel: İndi əsl Paris şərabının yeri var!

Hersoq: Əla! Madmuazel Şanel üçün Paris şərabı gətirin! (Şanelə) Bu gecə mənə şərik olarsız?

Şanel: Gördüyüm qədəri ilə sizin yanınızda xanım var. Axı mən aranıza girmək istəmərəm!

Yüklə 321,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə