saralmağa başlayan parka geniş bir mənzərə açılırdı. Uinton uzun müddət və inadla müalicə olundu.
Cip Markinin müşaiyyəti ilə hər gün atla Neroberqə gəzintiyə çıxırdı,
burada onu hər cür qaydalar
hövsələdən çıxarırdı, bu qaydalara görə ucsuz-bucaqsız meşədə, yalnız nəzərdə tutulan yollarla
gəzmək olardı. Gün ərzində bir, ya da iki dəfə atasıyla, yaxud da təkcə konsertlərə gedirdi.
Qız ilk dəfə Forsenin necə çaldığını eşidəndə tək idi. Bir çox skripkaçıdan fərqli olaraq, o, ucaboy,
arıq, elastiki bədənli və yüngül hərəkətli idi. Onun solğun sifəti, tutqun qızılı gur saçları və bığları ilə
qəribə ahəng yaradırdı. Enli almacıq sümükləri olan batıq yanaqlarıyla balaca bakenbardları nazik xətt
kimi uzanırdı. O, Cipə kifayət qədər xoşagəlməz təsir bağışladı, ancaq ifası hansısa sehrli bir surətdə
onu sarsıdıb, bütün varlığına hakim kəsildi. Çox gözəl texnikası vardı, bunun hesabına
da onun
çalğısının dərin təsiri gah güclənir, gah da dayanırdı – bu yüksələn alovun birdən havada donmasına
bənzəyirdi. Salonu alqış dalğası titrədirdi, Cip isə diqqətlə skripkaçıya baxaraq, hərəkətsiz halda
oturmuşdu. O, əlinin hərəkəti ilə qızmış alnından qeyri-adi rəngli saçının bir hissəsini arxaya verdi,
sonra hansısa xoşagəlməz təbəssümlə yungülcə baş əydi. Onun gözləri qəribəydi, sanki,
böyük pişiyin
gözləri idi! Hə, əlbəttə, bu gözlər yaşıl, kinli, haradasa qapalı, hipnozedici idi! Gördüyü qəribə kişilərin
içərisində ən çox ondan qorxurdu. Qıza elə gəldi, ifaçı birbaşa ona baxır, gözlərini endirib o da əl
çalmağa başladı. Qız təzədən baxanda, onun sifəti kədərli göründü. O, bu dəfə birbaşa onun tərəfə baş
əydi və skripkasını çiyninə söykədi. «O, mənim üçün çalacaq», – gözlənilmədən qız düşündü. Hansısa
sadə, çox təsirli bir melodiyanı müşaiyyətsiz çalırdı. İndi qız ona baxmadan duydu ki, o, yenidən
etinasız halda baş əydi və getdi.
Axşam yemək vaxtı qız Uintona dedi:
– Ata, mən bu gün bir skripkaçıya qulaq asmışam, valehedici musiqiçidir, adı Qustav Forsendir. O,
isveçlidir, ya başqa millətdəndir?
– Ola bilər, – Uinton cavab verdi. – Bəs onun görünüşü necəydi? Mən
orduda bir isveçli
tanıyırdım, canlara dəyən oğlandı.
– Hündürboylu, arıq və solğundur, sümüklü batıq yanaqları, qəribə yaşıl gözləri var.
– Aman Allah! Bu həddən artıq çox oldu!
Qız gülümsəyərək, mızıldandı:
– Hə, elədi.
Sonrakı gün Cip skripkaçını parkda gördü. Qız atası ilə birlikdə Şillerin heykəlinin yanında
oturmuşdu, Uinton həmişə etiraf elədiyindən daha böyük səbirsizliklə gözlədiyi «Tayms» qəzetini
oxuyurdu. Qızının onu əldən salan üzüntüsünü duymasını istəmirdi, bu, ona istədiyi kimi yaşamağa
mane olardı. Nyumarketdəki yığıncaq haqdakı materialları oxuyarkən gizlincə qızına baxırdı.
Qız heç vaxt belə gözəl, qəşəng görünməmişdi, öz nəslinə məxsusluq onda heç vaxt burada,
Allahın unutduğu bu yerdə, kosmopolit kütlənin arasında olduğu kimi hiss edilməmişdi! Atasının ona
gizlicə göz qoyduğunu hiss eləməyən qız yanlarından keçib gedən hər kəsi aydın gözləri ilə müşaiyyət
eləyir, pırıltı ilə uçuşan quşlara, itlərə baxır, otların üzəriylə sürüşən, fıstıq və cökə ağaclarının, orada,
aşağıda, suyun kənarındakı hündür söyüd ağaclarının üzərində alışıb yanan günəş şüalarına sevinirdi.
Bir dəfə qızın başı ağrıyanda Mildenxemdən
dəvət edilmiş həkim dedi ki, onun gözləri, qüsursuz
görmə orqanlarıdır. Doğrudan da, hansı gözlər ətrafı belə seçə və əhatə eləyə bilərdi! İtlər ona doğru
can atır, qərarsız halda dayanırdılar ki, bu gənc qızın əlinə burnuları ilə toxunsunlar, ya yox? Nəhəng
daniya doqu ilə bir-birlərinə nəvaziş göstərmənin qızğın çağında qız birdən
Forseni gördü, alçaqboylu,
enlikürək, dəbdə olan çox qəşəng şalvar geymiş, enli kəmər bağlamış birisi ilə gedirdi. Ucaboy, arıq,
bir az ləng yeriyən skripkaçı açıq kofe rəngli kostyumdaydı, başına boz rəngli, ilgəyində ağ çiçək olan
geniş velür şlyapa qoymuşdu. Bağlı yarımçəkmələri laklanmış dəridəndi, yumşaq kətandan olan ağ
köynəyinin üzərində səliqəsiz bağlanmış qalstuku görünürdü,
bir sözlə, əsl modabaz! Onun qəribə
gözləri birdən qızın baxışları ilə rastlaşdı, o, əliylə şlyapasına toxunmaq istəyirmiş kimi hərəkət elədi.
«O, məni xatırlayır», – qız fikirləşdi. Onun incə bədəni, yüngülcə irəli uzanmış boynu, qalxmış
çiyinləri, geniş addımları – son dərəcə qəribəliklə bəbiri, ya da hansısa başqa bir çevik vəhşini
xatırladırdı. O, alçaqboylu yol yoldaşının qoluna toxunub ona nəsə dedi və geri boylandı. Cip
skripkaçının ona baxdığını hiss elədi, sanki, daha yaxşı gözdən keçirmək istəyirdi. Qız atasının
da hər
şeyi gördüyünü bilirdi və bu yaşıl gözlərin heç vaxt özünə hər şeylə maraqlanmaq həddinə qədər aşağı
enməyi rəva bilməyən, məlum dairələrin ingilisinin iti baxışlarıyla rastlaşarsa, təlaşa düşəcəyinə
əvvəlcədən əmin idi.
Hər ikisi yenidən onların yanından keçdilər. Cip Forsenin yol yoldaşına tərəf dönüb başının
hərəkəti ilə onu göstərməsini gördü və sonra da yoldaşının necə güldüyünü eşitdi. Qız yanaqlarının
qızarmağa başladığını hiss elədi.
– Burada ay məzəli modabazlara rast gəlirsən ha! – Uinton dedi.
– Bu sənə haqqında danışdığım skripkaçıdı, Forsen.
– Belə de! Hə, hə!.. – Ancaq atası, şübhəsiz ki, aralarındakı bu söhbəti unutmuşdu.
Forsenin bütün tamaşaçıların içindən onu xatırlaması, qıza yüngülcə təskinlik verirdi, inciklik hissi
yoxa çıxdı. Atası ola bilsin ki, Forsenin kostyumunu
dəyərsiz hesab eləyir, əslində isə, ona yaraşırdı.
Ciddi ingilis geyimində o, daha pis görünərdi.
Sonrakı iki gündə də parkda Forsenin yol yoldaşı olan həmin alçaqboylu cavan oğlanı gördü və bu
oğlanın yenidən baxışları ilə onu izlədiyini hiss elədi.
Sonra Rozamunda bibinin tanışı, əri alman olan, yarı holland, yarı fransız kosmopolti baronessa
fon Maysen ondan soruşdu, isveçli skripkaçı Forsenə qulaq asıbsanmı? O, bizim günlərin ən yaxşı
skripkaçısı ola bilərdi, əgər… – Baronesse başını yırğaladı. Təsirli jestin izah tələb eləmədiyini
düşünüb fikirlərini ucadan deməyə başladı:
– Ax, bu musiqiçilər! Ona özünü özündən xilas eləmək lazımdır. Əgər ayılmasa, – məhv olacaq.
Təəssüflər olsun! Böyük istedaddır!
Cip ona sakitcə baxdı və soruşdu:
– Necə yəni, içir?
– Pas mal! ( Hətta həddindən artıq! (Frans.) Ancaq burada içkidən əlavə də nəsə var…
İnstinkt və Uintonla uzun müddət bir yerdə yaşamaq Cipə deyirdi ki, qəzəblənmək onun
ləyaqətinə yaraşan iş deyil. O, skripkaçının həyatının bəzi məqamlarını öyrənməyə can atmadı, ancaq