Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə2/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Bioloji xüsusiyyətləri. Pambıq toxumu 10-12 0C temperaturda cücərməyə başlayır. 20-25 0C-də isə daha sürətlə cücərirlər. Çıxışların alınması üçün minimal temperatur 14-15 0C-dir. Generativ orqanların formalaşması və çiçəkləmə üçün 20 0C lazımdır. Bitkinin normal inkişafı üçün optimal temperatur 25 0C-dir. Çiçəkləmə və qönçələmə dövründə daha çox temperatur (25-30 0C) tələb olunur. Faydalı temperaturun cəmi 34000 - dir.

Pambıq nisbətən quraqlığa davamlıdır. Dərinə işləyən kök sistemi torpaqaltı sulardan istifadə etməyə imkan verir. Transpirasiya əmsalı 500-600 - dür. Suvarmaya tələbkar bitkidir. Yaxşı məhsul verdikdə hektara 5-8 min ton su sərf edir. İşıqsevən qısa gün (9-10 saat) bitkisidir.

Boz torpaqlar, tünd-şabalıdı, şabalıdı, açıq-şabalıdı, çəmən torpaqlar pambıq üçün yararlıdır. Qrunt suyu yaxın olan və turş torpaqlar pambıq üçün yararsızdır.

Qida elementlərinin mənimsənilməsi ayrı-ayrı inkişaf dövrlərində müxtəlif olur. Çıxış dövründə bitki qida maddəsini az mənimsəməklə qönçələmə fazasına qədər güclənir. Qönçələmədən yetişməyə qədər qida elementlərinin mənimsənilməsi çox sürətlənir və sonradan yenə də zəifləyir. (Hektardan 50 kq N, 17 kq P, 50 kq K aparır.)



Növbəli əkində yeri. Pambıq becərilən bölgələrdə pambıq-yonca növbəli əkini (6, 7, 8 və s. tarlalı) daha geniş yayılmışdır. Yonca bitkisi şoran torpaqları duzdan yaxşı yuyub təmizlədiyinə görə ona fitomelarator adı verilmişdir. Bu bitki qısa müddətdə torpaq səthini örtdüyünə görə yaranmış təbəqə torpaqaltı suyun torpağın səthinə çıxmasının qarşısını alır.

Yoncanın torpağın dərin qatlarına və yanlara gedən kökləri vardır. Torpaqları yuyarkən suda həll olan duzlar həmin köklərin açdığı izlərlə aşağı qatlara asanlıqla axır.

Viltlə sirayətlənmiş tarlalarda yoncanın rolu xüsusilə böyükdür. Belə ki, viltin törədicisi yoncanın kökündə inkişaf edə bilmir və onun miqdarı əhəmiyyətli dərəcədə azalır.

Gübrələmə sistemi. Pambıq gübrəyə tələbkar bitkidir. Bir ton məhsulla torpaqdan 50 kq azot, 17 kq fosfor və 50 kq kalium elementi aparır.

Qönçələmə fazasına qədər qida elementlərini eyni bərabərdə mənimsəmir. Qönçələmə fazasına qədər qida maddələrinin ümumi miqdarının – azot və fosfor 3-5 %, kalium 2-3 %, qönçələmənin başlanğıncından çiçəkləməyə qədər azot və fosforun 25-30 %-ni, kaliumun 15-20 %-ni çiçəkləmədən meyvəəmələgəlməyə qədər azot və fosfor 65-70 %, kaliumun 75-80 %-ni mənimsəyir.

Gübrələmədə üzvi və mineral gübrələrdən istifadə olunur. Onu da nəzərə almaq lazımdır ki, yoncadan sonra əkilmiş pambıq torpaqda toplanmış qida elementlərindən yaxşı istifadə edir və üzvi gübrəyə tələbatı çox az olur. Adətən yoncadan 2-3 il sonra torpağa üzvi gübrə verilmir, yalnız mineral gübrədən istifadə olunur. Mineral gübrələrin norması və verilmə üsulları torpaq tipindən, gübrənin formasından və pambıq tarlasının növbəli əkində yerləşməsindən asılı olaraq dəyişə bilər.

Azot gübrəsinin illik normasının 25 %-i səpinqabağı, 75 %-i isə səpin zamanı və qönçələmə və çiçəkləmənin əvvəlində 3-4 yarpaq fazasında yemləmə şəklində verilir. Birinci yemləməni cərgədən 15 sm aralı 12 sm dərinlikdə, II yemləməni qönçələmə fazasında cərgədən 2 sm aralı tirədən 3-4 sm dərinə və üçüncü yemləməni cərgə aralarının ortasına vermək lazımdır.

Azot çatmadıqda bitki zəif inkişaf edir, vilt xəstəliyinə tutulması sürətlənir.

Fosforun 60-70 %-i əsas şum altına, qönçələmə fazasında hektara 20 kq fosfor isə yemləmə şəklində verilir.

Kalium elementi çatışmadıqda sulu karbonların mübadiləsi pozulur, qozaların formalaşması güclü surətdə pisləşir, lifin texnoloji göstəriciləri nəzərə çarpan dərəcədə aşağı enir.

Azot, fosfor və kaliumdan başqa pambıq bitkisinin inkişafında kükürd, kalsium və maqnezium da əhəmiyyətli rol oynayır.

Kükürd çatışmadıqda bitkinin boyu gecikir, yarpaqlar sarı rəng alır.

Kalsium və maqneziumun miqdarı pambıqçılıq rayonlarının torpaqlarında kifayət qədərdir. Pambıq əkən bölgələr üçün bor, manqan, mis, sink və molibdenli gübrələrdən istifadə edilməsi səmərəlidir.



Torpağın becərilməsi. Dondurma şumu (payız şumu) əkinçilik mədəniyyətini yüksəltməkdə əsas vasitədir. Torpaq payızda şumlandıqda, havalar gecələr şaxtalı, gündüzlər isə mülayim keçdiyindən torpaq məsamələrində su gecələr donur, gündüzlər isə əriyir. Bu prosesin nəticəsi olaraq torpaq dağılıb dənəvərləşir və yumşalır.

Dondurma şumunun əsas göstəricilərindən biri onun dərinliyidir. Dərinlik torpağın qranulometrik tərkibindən, qrunt suyunun səviyyəsindən, humus qatı və əkin qatın qalınlığından asılıdır. Pambıqçılıq bölgələrində dondurma şumu əsasən 28-30 sm dərinliyində aparılır.

Şum qatı dərin olmayan, çınqıllı və qumsal torpaqlarda 25 sm-dən dərin şum aparılması məsləhət görülmür.

Şirvanın şorlaşmış və şorakətvarı çəmən torpaqlarında şum qatının qalınlığı 20 sm-dir. Sonra torpağın yapışqanlı qatı gəlir. Burada şum qatını 2 sm artırmaq üçün hər hektar sahəyə 30-40 ton peyin vermək lazımdır. Dərin şum apardıqda torpaqda üzvi maddələrin toplanması və çürüməsi üçün əlverişli şərait yaranır. Əmələ gələn çürüntü torpağın xırda və toz halında olan hissəciklərini bir-birinə yapışdıraraq iri dənəli torpaq hissəciklərinin əmələ gəlməsinə səbəb olur.

Pambıq bitkisini özü ilə növbələndirən zaman sahəni pambıq çöplərindən azad edərək tirələri düzləndirmək lazımdır. Pambıq gövdələrinin təmizlənməsini noyabrın birinci ongünlüyündə başa çatdırmaq lazımdır. Viltlə sirayətlənmiş bitki şaxlarını diqqətlə sahədən təmizləmək vacibdir. Sağlam gövdələri xırdalayıb üzvi gübrə kimi torpağa qarışdırmaq olar.

Əgər pambıq yoncadan sonra növbələnirsə oktyabrın ikinci yarısında sahəni 28-30 sm dərinlikdə ön kotancıqlı kotanla şumlamaq lazımdır. Şumdan əvvəl yoncanın kök boğazlarını kəsmək üçün 5-6 sm dərinliyində üzləmə aparılır.

Tarlanın vəziyyətindən asılı olaraq erkən yazda səpinqabağı, şumun iki iz malalanması həyata keçirilir. Səpinə 5-10 gün qalmış malalama aparılır.

Səpin – Səpin üçün çiyidlərin təmizliyi 97 %, cücərmə qabiliyyəti isə 85 % olmalıdır. Səpin keyfiyyətinə görə ilk açılmış qozalardan alınmış toxumlar daha yaxşı hesab olunur.

Adətən çiyid zavodlarda dərmanlanır əvvəlcə üçxlorfenolyat mislə (TXFM), sonra heksaxloranla 1 ton toxuma 7 kq hesabı ilə dərmanlanır. Çiyid 20 sm qalınlıqda sərilir və kürəklə yaxşı qarışdırılır.

Çiyidi islatmaq üçün sement və ya asfalt döşənmiş meydançalarda 20-30 sm qalınlığında və 1,0-1,5 m enində sərirlər. Bir ton çiyidə bir dəfəyə 250-300 litr su çilənməlidir. İsladılmış çiyid 60-70 sm tığa yığılır. Suyun çilənməsi və tığın qarışdırılması 3-4 saatdan bir təkrar olunur. İsladılma müddətində 1 ton quru çiyid 500-800 litr su uda bilir.

Kökçürümə xəstəliyi və hommoza qarşı 1 ton toxuma 10-12 kq 65%-li fentiuramla dərmanlanır.



Səpin müddəti, üsulu və norması. İstər faraş, istərsə də gecikdirilmiş səpinlər yaxşı nəticə vermir.

Ən yaxşı səpin müddəti torpaqda temperatur 11-120 C havanın temperaturu 13-140 C olduğu vaxtdır. Torpaqda normal havalanma getdikdə və çiyid yaxşı nəmləndikdə 10-15 günə normal çıxışlar alınır.

Səpin müddəti torpaq tipindən asılıdır. Qranulometrik tərkibi yüngül olan torpaqlar (çınqıl qatı səthə yaxın) tez qızdığına görə səpin tez, ağır və gilli torpaqlarda isə nisbətən gec aparılmalıdır.

Pambıq cərgəvi, kvadrat-yuva, və yuva üsulu ilə səpilir. Ən sadəsi cərgəvi səpin üsuludur. Kvadrat-yuva üsulunda çiyid sərfi, 2 dəfə azalır və maşınla iki istiqamətdə sahənin eninə və uzununa becərmə aparmaq mümkün olur.

Pambıqçılıqda cərgəarası 60 və 90 sm bitki arası məsafə isə 10-30 sm götürülür.

Son dövrlərdə tirəyə səpin üsulu tətbiq edilir. Bu vaxt 20-30 sm hündürlüyündə tirələr yaranır. Həmin tirələrdə torpaq yaxşı qızır, məsamələr yaranır və nəmlik saxlanılır ki, bu da yaxşı çıxışların alınmasını təmin edir.

Hər hektara səpin norması cərgəarası məsafədən, toxumun keyfiyyətindən asılı olaraq, 40-50 kq-dan 70-80 kq-a qədər dəyişir. Bitki sıxlığı hər hektarda 100-120 min olmalıdır. Toxumun basdırılma dərinliyi 4-5 sm-dir.

Qulluq işləri. Hektarda olan bitki sıxlığını müəyyən etmək üçün qidalanma sahəsini bilmək lazımdır. Bir hektarı (10 000 m2) həmin ədədə bölərək yuvadakı bitkilərin sayına vururuq (məs. 60 x 60 sxemində bir yuvada qidalanma sahəsi 0,6 m x 0,6 m = 0,36 m2 ; 10 000 m2 : 0,36 m2 = 27777 yuva, hər yuvada 3 bitki saxlanarsa onda 27777 x 3 = 83333 bitki olmasını tapırıq).

Çıxışlar alınana qədər əgər qaysaq varsa yüngül mala ilə dağıtmaq lazımdır. Çıxışlar alındıqdan sonra cərgəaralarının becərilməsinə başlanılır. Birinci kultivasiya 6-8 sm dərinliyində cərgələrin hər tərəfindən 10-12 sm müdafiə zolağı saxlanılmaqla aparılır. İkinci kultivasiyanı birinci vegetasiya suvarmasından 2-3 gün sonra aparırlar. İkinci yaxud üçüncü kultivasiyadan başlayaraq müdafiə zonasını 15-16 sm çatdırırlar.



Suvarma - Pambığın nəmliyə olan tələbatını ödəmək üçün torpağın köklər qidalanan qatında tarla rütubət tutumunu 65-70 %-də saxlamaq zəruridir. Arat və vegetasiya suvarmaları mövcuddur. Torpaqda nəmlik ehtiyatının toplanması, toxumun cücərməsi və çıxışların alınması üçün payız-qış dövründə ehtiyat suvarması tətbiq edilir. Suvarma norması hektara 1000-1500 m3-dir.

Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpaq 1-2 iz malalanır.

Vegetasiya suvarmaları qönçələməyə qədər (2 dəfə), qönçələmə dövründə (3-4 dəfə) və yetişmə dövründə (1 dəfə) aparılır. Ümumiyyətlə vegetasiya dövründə torpaq tipindən və qrunt sularının səviyyəsindən asılı olaraq pambıq 2-10 dəfəyə qədər suvarılır. Torpağın vəziyyəti və çıxışlardan asılı olaraq birinci suvarmanı 3-4 həftədən sonra həyata keçirmək lazımdır.

Qulluq işlərindən daha əhəmiyyətlisi alaqlarla mübarizədir. Hektara 1-1,5 kq herbisid 200 litr suda həll edilərək 20-30 sm enində cərgələrə çilənir.

Ucvurma da mühüm qulluq işlərindəndir. Bitkinin boy nöqtəsi qırılıb atılır, bu üsul qönçələrin və çiçəklərin tökülməsinin qarşısını alır, bitkinin işıqlanması və qidalanması üçün əlverişli şərait yaranır.

Xəstəlik və zərərvericiləri. Xəstəlikləri göbələklər, bakteriyalar və viruslar törədir. Ən qorxulu xəstəliklər soluxma və hommozdur.

Vilt (soluxma) xəstəliyini Verticillium dahli göbələyi törədir (bu xəstəliyə pomidor, kartof, günəbaxan, xiyar, badımcan, bibər, şaftalı, gilas, çiyələk, ətirşah, payızgülü və s. tutulur). Bitki əsasən bu xəstəliyə qönçələmə və çiçəkləmə fazasında tutularaq vegetasiyanın sonuna qədər davam edir. Xəstəliyə tutulmuş bitkinin yarpaqlarının üzərində dilim şəkildə solğun-sarı ləkələr görünür, sonra bu ləkələr qonurlaşır və quruyaraq tökülür. Bu hal boy tumurcuqlarında da olur. Gövdəni bıçaqla çəpəki kəsdikdə boruların tam qəhvəyi rəngdə olması və toxumanın parçalanması aydın görünür.

Hommoz – Xanthomonas malvacearum bakteriyası törədir. Pambıq cücərtisi torpaq səthinə çıxdıqda ləpə yarpaqlarında tünd-yaşıl, şəffaf yağlı ləkələr olur. Ləkə tədricən tündləşir və üst tərəfini ağ pərdə örtür.

Qoza üzərində dairəvi, batıq şəkildə olur. Gövdə üzərində uzunsov yarıq əmələ gətirir, yarıq artdıqca bitki həmin yerdən nazilir, qaralır və nəhayət qırılır. Qozalarda ləkələr çox olduqda qozanın yarı hissəsi açılır yaxud bəzən də tamamilə açılmır. Qarşısını almaq üçün bir ton toxuma 7 kq 20 %-li misüçxlorfenolyat preparatı işlədilir.



Kökçürüməsi – əsasən yeni cücərtilərdə olur və 6 əsl yarpaq əmələ gələnə qədər bitkini zədələyə bilir (törədicisi Rhisoctonia Aderholdii göbələyidir). Bitkinin kök boğazında tünd qəhvəyi ləkə şəklində əmələ gəlir. Qabıq çatlayır, dağılır, gövdə çox nazilir, köklər xəstəliyə tutulur və bitki məhv olur. Cərgəaralarını erkən becərmək nəmliyi azaltmaqla torpaqda qarşısını almaq mümkündür.

Yarpaqların qıvrılması. Bu xəstəliyi viruslar törədir. Yarpaqların kənarları yuxarıya və aşağıya doğru qıvrılır. Qönçələmə fazasından başlayaraq vegetasiyanın sonuna qədər davam edir. Bəzən yarpaq dilimlərində qıvrılma boruşəkilli olur. Yarpaq saplaqları və gövdə qırmızı rəng alır və yapışqanlı olur. Bu xəstəlik məhsuldarlığı 50 %-ə qədər azalda bilir.

Pambığa 17 növ həşərat ziyan vurur. Ən qorxulusu pambıq sovkasıdır. Tor gənəciyi, mənənə trips və s. də məhsuldarlığa xeyli ziyan vurur.


Pambıq sovkası – əsasən dörd nəsil verir. Bu nəsillər biri digərinin daxilində əmələ gəlir. Torpaqda pup halında qışladıqdan sonra, aprelin axırı mayın əvvəllərində puplardan kəpənəklər çıxıb uçaraq alaq otları və mədəni bitkilərin (qarğıdalı, pomidor, noxud) üzərinə yumurtalarını qoyurlar. Sonrakı üç nəsil isə pambıq bitkisinə ziyan vurur. (digərləri, tor gənəciyi (çor), payız sovkası, pambıq mənənəsi, tütün tripsi və s. ).

Məhsulun yığılması. Qozalar eyni zamanda yetişmir. Onların yetişərək açılması iki aya qədər (don düşənə qədər) davam edir.

Pambıq həm əllə, həm də maşınla yığılır. Birinci yığım maşınla aparılır. Qabaqcadan yarpaqların tökülməsi üçün defolyasiya edilir, hər hektara 8-12 kq maqnezium xlorat çilənir. Yarpaqlar tam tökülmədikdə bitkinin gövdəsini tam qurutmaq üçün desikasiya, yəni hektara 25-30 kq maqnezium xlorat yaxud 50 kq kalium xlorid-xlorat çilənir.

Toxumluq məhsulun əl ilə yığılmasına kolun aşağı və orta hissəsində 5-6 qoza açıldıqda başlanılır.

Yığılmış pambığı asfalt döşəmələrə 10 sm qalınlığında sərərək qurudurlar. Bu zaman kürəklə qarışdırmaq lazımdır. Yağmurlu günlərdə qurutma qurğusu olan binalarda 60-80 0C-də qurudulur. Yüksək temperaturda qovurula və yana bilər.


MÖVZU: 3. LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ
Mühazirənin planı:


  1. Kətanın əhəmiyyəti.

  2. Tarixi, mənşəyi və yayılması.

  3. Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  4. Növbəli əkində yeri.

  5. Gübrələmə sistemi.

  6. Torpağın becərilməsi.

  7. Qulluq işləri və məhsul yığımı.

  8. Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri.




Ədəbiyyat



  1. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  2. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.

  3. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  4. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.

  5. Лен - долгунец / Под ред. Труша М. М. М.: «Колос», 1976, 87 с.

  6. Объедков М. Г. Лен-долгунец. М.: Россельхозиздат, 1979, 169 с.

  7. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397

  8. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506.

  9. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

GÖVDƏSI LİFLİ BİTKİLƏR. KƏTAN BİTKİSİNİN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI
Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara kətan, kənaf, çətənə, kəndir otu, cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli krotalariya və s. aiddir.

Əhəmiyyəti. Kətan ən yaxşı lifli bitkilər sırasına aiddir. Əsas etibarilə bu bitki təbii lif və toxumundan yağ almaq üçün becərilir. Gövdəsində yağlıq kətana nisbətən 2 dəfə artıq, 18-33% lif var. Kətan lifi yüksək texnoloji keyfiyyətlərinə görə fərqlənir və toxuculuq sənayesinin əsas xammal mənbəyi hesab edilir. O, iki dəfə pambıq lifindən, üç dəfə yundan möhkəmdir və ipək sapdan bir qədər geri qalır. Ondan ən yaxşı müxtəlif məişət, texniki, qablaşdırma və s. materiallar hazırlanır. Kətandan hazırlanmış məmulatlar keyfiyyətli, davamlı, gözəl, yüngül və gigiyenikdir. Orta hesabla bir kq kətan lifindən 10 m2 batist, 2,4 m2 parça yaxud 1,6 m2 su keçirməyən parça (brezent) alınır. Toxuculuq sənayesi kətandan texniki və məişət təyinatlı geniş çeşidli mallar: məhrəba, alt paltarı, ağ, geyim, yorğan, qayış, qalın kətan parça (parusin), qablaşdırma materialı, kəndir, sap, qalın kəndir və s. istehsal edir. Kətandan suya və odadavamlı divar kağızı hazırlanır. Texniki parçalar çürüməyə qarşı yaxşı davamlıdır, onlar tədricən köhnəlib xarab olurlar.

Kətan lifinə tələbat hədsiz böyükdür. Kətan lifi pambıq və kimyəvi liflərlə birgə tətbiq olunan ən yaxşı komponentlərdən biridir.

Kətanın toxumu böyük əhəmiyyət kəsb edir. Onun tərkibində 35-39%, yağlıq kətanın toxumunda isə 42-44% yağ vardır. Toxumun tərkibində zülalın miqdarı 23%-dir. Toxumdan alınan yağ əsasən texniki məqsədlər üçün istifadə edilir. Yağı möhkəm, nazik və elastiki təbəqə əmələ gətirir, tez qurumaq qabiliyyətinə malikdir. Ondan yüksək keyfiyyətli əlif yağı, eləcə də lak və mina (emal, mina çəkmək) hazırlanmasında istifadə olunur. Kətan yağı istehsal həcminə görə texniki yağlar içərisində dünyada birinci yeri tutur. O, elektrotexnika, kağız və sabunbişirmə sənayesində, eləcə də ətriyyat və təbabətdə geniş tətbiq olunur. Kətan yağı təbabətdə məlhəm və sürtgü dərmanları hazırlamaq üçü işlədilir. Yeyintidə də az miqdarda istifadə edilir.

Yağ emalından sonra yerdə qalan tullantı (cecə, jmıx) yüksək zülallı qiymətli yemdir. Onun tərkibində 6-12% yağ, 30%-ə qədər xam zülal var. Bir kq kətan cecəsinin yemlik dəyəri 1,15 yem vahidinə bərabərdir.

Kətanın emalı zamanı alınan qısa liflər əsasən kobud parçaların hazırlanmasında istifadə olunur. Gövdə oduncağının tərkibində 64% sellüloza vardır ki, ondan sıxılmış (presləmək) tikinti lövhələri, texniki karton, etil spirti, aseton və digər materiallar hazırlanmasında xam mal kimi istifadə edilir.

Tarixi, mənşəyi və yayılması. Kətan bitkisi çox qədim zamanlardan becərilir. Onun vətəni haqqında dəqiq fikir söyləmək çətindir. Kətan bizim eradan 4-5 min il əvvəl Hindistan, Çin, Misir və Zaqafqaziyada məlum olub.

Təxminən kətanın vətəninin Hindistanın dağlıq rayonları, Çin və Aralıq dənizi ölkələri (Zaqafqaziya, Anatoliya, Qərbi İran) olduğu güman edilir. Kətan bitkisi asanlıqla yabanı formaya keçir. Bir çox ölkələrdə o cümlədən də cənubi Rusiyada özünü yabanı bitki kimi göstərir. Rusiya ərazisinə Asiyadan keçmişdir. Hazırda kətanı Avropanın, Asiyanın və şimali Amerikanın isti yerlərində və Şimali Afrikada becərilir.

Bu günə kimi kətanın mənşəyi haqqında heç bir düzgün fikir söylənməyib. Ancaq bir neçə hipotez irəli sürülmüşdür. Bu hipotezlərin bəzilərində daryarpaq kətanın yabanı halda İran körfəzi dövlətləri ərazilərindən başlayaraq Xəzər və Qara dəniz sahillərinə qədər gəlib çıxdığı göstərilir. Başqaları isə göstərirlər ki, mədəni kətan ilk dəfə öz başlanğıcını Hindistanın dağlıq ərazisindən götürmüşdür. Burada bizim eradan 9 min il qabaq kətan bitkisinin becərilməsi haqqında arxeoloji qazıntılar məlumat verir. Bəziləri isə kətanın ilk əkin sahələrinin Yaxın şərq, Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkələri olduğunu qeyd edirlər. Bu yerlərdə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən kətan qalıqlarına əsaslanaraq alimlər onun Daş dövründə əkildiyini söyləyirlər.

Kətanın becərilməsinə Rusiya ərazisində qədim dövrlərdən başlanılıb. III-V əsrlərdə kətan Rusiyanın Yaroslavl və Kostroma vilayətində becərilib. Artıq X əsrdə Rusiyada kətandan istehsal olunan parça, iplik, lif və yağ yalnız ölkənin öz ehtiyaclarını ödəmək üçün deyil, hətta xarici ölkələrə də satılırdı.

Kətanın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkələrində cəmləşmişdir. Rusiya, Ukrayna və Belarus dövlətlərində əkin sahəsi daha çoxdur. Polşa, Rumıniya, Fransa, Çexiya, Hollandiya və s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir.

Yer kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan çox, yağlıq kətanınkı isə təxminən 1 mln. hektardır. Yağlıq kətanın əkinləri Argentina, ABŞ, Kanada və Hindistanda daha çoxdur. Rusiya ərazisində əkin sahəsi 200 min hektardır.

Kətanın lif məhsuldarlığı orta hesabla hektardan 0,4 tondur, lakin potensial imkanı 1,6 və daha çoxdur.

“Tarixin atası” hesab edilən Herodot göstərir ki, Kolxididə kətandan hazırlanan parça məmulatları ilə təkcə daxili tələbi ödəmir, onları bir çox Şərq və Qərb dövlətlərinə də ixrac edirdilər.

Herodot qeyd edir ki, Dnepr və Dnestr çayları ətrafında yaşamış qədim skiflər buğda, mərcimək, soğan, sarımsaqla yanaşı, kətan və çətənə də əkərək onlardan əla keyfiyyətli parçalar toxuyarlarmış. Herodotun bu fikirlərini Dnepr çayı sahillərində arxeoloji qazıntılar nəticəsində əldə edilmiş materiallar da təsdiq edir. Müəyyən etmişlər ki, o dövrlərdə indiki Litva xalqları da kətançılıqla geniş surətdə məşğul olmuşlar. Ərəb səyyahı İbn-Faldan 901-ci ildə Volqa və Ural ətrafı ərazilərdə olan zaman kətandan hazırlanmış parçadan tikilmiş paltarda gəzənlərə rast gəlmişdir.

Xalq arasında kətanla bağlı bir çox əfsanələr, nağıllar uydurulmuş, xüsusi təntənəli bayram günləri qeyd edilmişdir. Məhsulu topladıqdan sonra hər il 3 İyunda təntənəli bayram keçirirlərmiş.

Azərbaycan da kətanın qədim vətənlərindən biri sayılır. Lakin imperiyanın əsarəti altına düşdükdən sonra Azərbaycanda bir çox sahələr kimi, kətançılıq da unudulmuşdur. İndi Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etmişdir. Ona görə yaxın vaxtlarda sap istehsalını artırmaq və respublikanın tələbatını ödəmək üçün Azərbaycanda kətançılığın inkişafı haqqında düşünmək lazım gələcəkdir.

Botaniki təsviri. Kətan bitkisi bitkilər aləminin, çiçəkli bitkilər şöbəsinin, ikiləpəlilər sinfinin, malpigiçiçəklilər sırasının kətankimilər (Linaceae) fəsiləsinin, kətan (Linium L.) cinsinə daxil olan birillik və çoxillik ot tipli bitkidir. Müxtəlif mənbələrə əsasən demək olar ki, kətan cinsinin dünyada 100-dən 200-ə qədər növü məlumdur. Hazırda bunlardan lifinin uzunluğuna, keyfiyyətinə, davamlılığına və toxumlarının yağvermə qabiliyyətinə görə daha məhsuldar olan bir növü elmi əsaslarla müəyyən edib, mədəni hala keçirmişlər. Bu uzunlifli kətan – L. usitalissimum adlandırılmışdır və əksər ölkələrdə geniş surətdə əkilib becərilir. Hazırda onun beşə qədər növmüxtəlfliyi əldə edilmişdir. Bunlardan uzunlifli və yaxud iplik L. elongata; lül – maşın ipliyi və yaxud aralıq təşkil edən L. intermedia, qıvrım və ya yağtəbiətli (yağlı) L. brevimulicaulina, iritoxumlu L. macrospermum və əyilən yarım qışlayan L. prostratanı göstərə bilərik.

Kətançılıq təsərrüfatı lif və yağ almaq məqsədilə inkişaf etdirilir. Liflik məqsədilə uzunlifli kətandan, yağ məqsədləri üçün isə qıvrım və yaxud yağtəbiətli (yağlı) kətandan (L. brevimulicaulina) istifadə edilir.

Mədəni kətan, əkilən və yaxud adi kətan (L. usitatissimum L.) hündürlüyü 30-150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə məs: Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur.

Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3-4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır. Yarpaqları tükcüklərlə örtülmüş və ya çılpaq, kənarları bütövdür. Çiçəkləri gövdənin nəhayətində yalançı çətir (dixazi) şəklində toplanmışdır. Çiçək qrupu seyrək, əyri, bəzən qıvrım olmaqla çiçəkaltlığı lansetvaridir. Çiçəkləri nisbətən az üzvlü, çox hissəsi orta irilikdə və yaxud xırda 1,5-2,4 sm diametrində, kifayət qədər uzun saplaqlı, yuxarı hissələrdə yaxınlaşmışdır. Kasa yarpaqları 5-6 mm uzunluqda ot tipli, yumurtavari və ya yumurtavari-lansetavri, uzunsov yumurtavari, yuxarı hissələrdə sivri və ya qısa sivri, 2-5 əksər hallarda 3 damarlı, daxildə nisbətən geniş, ağ örtüklə haşiyələnmiş, yuxarı hissədə kənarları kələ-kötür, nazik kirpiklidir. Ləçəkləri 12-15 sm uzunluqda pazşəkilli, tərs yumurtavari, yuxarı hissələrdə bir neçəsi çəp dairəvi və ya kütləşmiş, tam kənarlı, hamar və ya yüngül büzmələnən, mavi və ya göy rəngli, nisbətən tünd damarlı, bəzən isə ağ, çəhrayı və ya qırmızı -bənövşəyi, aşağıya doğru qurumuş ağ rəngli, əsasında sarı damarı olan və tez tökülən olur. Erkəkcikləri xətvari, ağ rəngli, yuxarı hissəsi tikanlı göy saplıdır (damarlıdır). Erkəkcik borusu qısa, həlqə şəkillidir. Tozluqları uzunsov, əsasən göy, bəzən isə sarı və ya çəhrayı rəngli olur.

Dişiciyi bir ədəd, dairəvi, beş sütuncuqdan ibarətdir. Yumurtalığı (toxumluğu) yumurta şəkilli, yaşıl rəngli, sütuncuğu pazşəkilli-xətvari, ağızcığı tünd göydən bənövşəyi rəngə qədər dəyişilir. İyun və iyul aylarında çiçəkləyir.

Çiçəkləri sübh tezdən ilk günəş şüası dəyən kimi açılır, günortadan sonra yumularaq tökülməyə başlayır. Nəmli və yağışlı günlərdə çiçək açmır. Mayalanması ancaq həşəratlar vasitəsilə – çarpaz üsulla gedir. Meyvəsi 6-8 mm uzunluğunda, 5,7-6,8 mm diametrdə, yastılaşmış şarşəkilli və ya şarşəkilli - yumurtavarı olmaqla beş yuvalı qutucuqdur. Üzərində kasacığın izi qalmışdır. Yuxarı hissəsi azacıq sivri, sarımtıl rəngli, əsas hissəsi antosian rənglə örtülməmiş, bəzən yetişmədən əvvəl zəif rəngli, çatlamayan, yalançı arakəsməli, tüksüz (hamar) bəzən isə kirpikli olur. Meyvəsi iyul-avqust aylarında yetişir

Bitkidə adətən 10 ədəd, bəzən isə az sayda toxum olur. Toxumları 3,3-5,0 mm uzunluqda, yumurtavarı və ya uzunsov ellipsvarı, yanları qeyri-bərabər, güclü yastılaşmış, əsasında dairəvi, yuxarısı sivri, açıq-qəhvəyi rəngdən tünd boz rəngə qədər dəyişən, az hallarda yaşılımtıl-sarı, tamamilə hamar və parlaq olur.

Toxumun qabığı suya dəydikdə yumşalır, selikli maddəyə çevrilir. Uzunlifli kətanın 1000 ədəd toxumunun kütləsi 4-5 qr. (12-13 qr.) gəldiyi halda, yağlıq sortlarınkı 8-15 qram olur.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə