Mühazirə№9: Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri


Davamlı və inklüziv inkişafın əldə olunmasında multikulturalizm siyasətinin rolu



Yüklə 37,21 Kb.
səhifə2/3
tarix07.06.2022
ölçüsü37,21 Kb.
#89022
növüMühazirə
1   2   3
Multikulturalizmə giriş. Mühazirə№9

Davamlı və inklüziv inkişafın əldə olunmasında multikulturalizm siyasətinin rolu.
Multikulturalizmin tədqiq olunmasının mühüm nəzəri məsələlərindən biri də onun davamlı və inkluziv inkişafa təsiri məsələsidir. Müasir dövrdə bu məsələ olduqca aktualdır. Müasir dövrdə etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasət modeli digər siyasət modellərindən üstün olduğu kimi, inkişafın davamlı və inkluziv modellərinin də digər inkişaf modellərinə münasibətdə üstün olduqları bəllidir. Buna görə də davamlı və inklüziv inkişafa nail olmaqda multikulturalizm siyasətinin əhəmiyyətini müəyyən etmək vacibdir. Əvvəlcə “davamlı inkişaf” və “inkluziv inkişaf” məfhumlarının məzmununu müəyyən edək. Davamlı inkişaf elə bir inkişaf modelidir ki, o, indiki nəsillərin maddi tələbatlarını ödəməklə yanaşı gələcək nəsillərin də tələbatlarının ödənilməsi üçün lazımi şərait yaradır. Gələcək nəsillərin tələbatlarının ödənilməsi üçün inkişaf tək iqtisadi artımın təmin edilməsinə deyil, ətraf mühitin və təbii ehtiyatların qorunmasına, cəmiyyətdəki sosial problemlərin həll edilməsinə də yönəldilməlidir. Məlum olduğu kimi, əgər iqtisadi artım ətraf mühitin və təbii ehtiyatların qorunmasını təmin etmirsə, bu, gələcəkdə iqtisadi artıma, ümumiyyətlə, inkişafa nail olmağı çətinləşdirir. Bununla yanaşı qeyd etmək lazımdır ki, dövlətin həyata keçirdiyi iqtisadi artım, inkişaf proqramı cəmiyyətdəki sosial vəziyyətin gərginləşməsinin qarşısını almalıdır.
Multikulturalizm daxili siyasətinin tərkib hissəsi kimi cəmiyyətdəki etnik-mədəni müxtəlifliyi tənzimləyərək inteqrasiya proseslərinin dərinləşməsinə səbəb olur. Dərinləşən inteqrasiya prosesləri isə öz növbəsində etnik və dini zəmində baş verə biləcək münaqişələrin qarşısını alır. Bütün bunlar nəticə etibarı ilə inkişafın davamlı olmasına səbəb olur. Bundan başqa multikulturalizm siyasətinin nəticəsində əldə olunan inteqrasiya prosesləri inkişafın inkluzivliyini də təmin edir. Məlum olduğu kimi, inkluziv inkişaf cinsindən, fiziki vəziyyətindən, siyasi baxışlarından, iqtisadi durumundan, yaşadığı ərazidən, etnik, dini, mədəni və digər mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin hər bir üzvünün inkişaf prosesinə qoşulmasına yönəlmişdir. İnkluziv inkişaf özü-özlüyündə məqsəd deyil. O, inkluziv cəmiyyətin qurulması üçün mühüm bir vasitədir. İnkluziv cəmiyyət isə şəxsin cinsi, fiziki, siyasi, iqtisadi, etnik, dini, mədəni və digər müxtəlifliklərindən asılı olmayaraq onun hüquq və azadlıqlarının tam şəkildə təmin edildiyi, heç bir ayrıseçkiliyin olmadığı bir cəmiyyətdir. Cəmiyyətin inkluziv olması inkişafın davamlı olması üçün əlverişli şərait yaradır. Multikulturalizm siyasətinin inkluziv inkişafa təsirinə gəldikdə, bir sıra ölkələrin təcrübəsi bu təsirin müsbət xarakter daşıdığını göstərir. Multikulturalizm siyasətinin inkluziv inkişafa müsbət təsirinin bariz nümunəsi kimi Dünya İqtisadi Forumunun vacib indeksi sayılan “İnklüziv İnkişaf İndeksi” üzrə 2018-ci ildə Azərbaycan Respublikasının inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdə olmasını göstərmək olar. İnklüziv inkişaf hesabatında Azərbaycan Avropa İttifaqına daxil olan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub. İnklüziv İnkişaf İndeksi Ümumdaxili məhsul ilə yanaşı ölkələrin iqtisadi inkişafını ölçmək üçün də istifadə edilir. İnklüziv İnkişaf İndeksinin üç əsas göstəricisi vardır: 1). “Artım və inkişaf”, 2). “İnklüzivlik”, 3). “Nəsillərarası bərabərlik və dayanıqlılıq”. Bu göstəricilər əsasında ölkələrin iqtisadi inkişaf səviyyəsi müəyyən edilir. Qeyd etmək lazımdır ki, Ümumdaxili məhsul göstəricisi ilə müqayisədə İnklüziv İnkişaf İndeksi ölkələrin iqtisadi inkişaf səviyyəsini daha dəqiq göstərir. Belə ki, ölkənin iqtisadi inkişafının göstəricisi kimi Ümumdaxili məhsulun adambaşına düşən pay əsasında ölçülməsi ölkədaxili sosial bərabərsizlikdən, əhalinin təhsili, sosial rifahı, sağlamlığı, həyat səviyyəsindən xəbər vermir. Ümumdaxili məhsulun həcmi dövlətin daxili siyasətinin sosial yönümlü olub–olmamasını göstərmir. Ümumiyyətlə, Ümumdaxili məhsul göstəricisi inkişafda həlledici rol oynayan insandan, onun inkişafına səbəb olan faktorlardan məlumat vermir. İnklüziv İnkişaf İndeksi yuxarıda qeyd etdiyimiz “Artım və inkişaf”, “İnklüzivlik”, “Nəsillərarası bərabərlik və dayanıqlılıq” kimi əsas göstəricilərlə yanaşı sağlam həyat gözləntiləri, məşğulluq, əmək məhsuldarlığı, yoxsulluq dərəcəsi, və digər göstəriciləri də ehtiva edir. Bu göstəricilər isə ölkənin iqtisadi inkişafı ilə yanaşı insanın sosial rifahından, həyat səviyyəsindən ətraflı məlumat verir. ÜDM ilə İİİ arasındakı fərqi bir misal kimi Ekvatorial Qvineya ilə Rumıniya arasında göstərmək olar. BMT-nin İnkişaf Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatına əsasən, Ekvatorial Qvineyada ÜDM-un adambaşına düşən payı 21056 ABŞ dolları, Rumıniyada isə 18108 ABŞ dolları təşkil etməsinə baxmayaraq, Ekvatorial Qvineyada vətəndaşların orta ömür müddəti 57,6 il, Rumıniyada isə 74 il təşkil edir. Bu misal ÜDM-un səviyyəsinin bir indikator kimi ölkə əhalisinin həyat səviyyəsinin yüksək olmasında kifayət olmadığını göstərir. Buna görə də, heç təsadüfi deyil ki, BMTnin İnkişaf Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatında Rumıniya 52-ci, Ekvatorial Qvineya isə 138-ci yerdədir.
Beləliklə, multikulturalizm siyasəti etnik, dini və mədəni zəmində yarana biləcək münaqişələrin qarşısını alaraq indiki, eləcə də gələcək nəsillərin maddi tələbatlarının ödənilməsi üçün şərait yaradır. İctimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə multikulturalizm siyasətinin bu funksiyası inkişafın inkluzivliyini təmin edən mühüm amillərdən biridir.

Yüklə 37,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə