Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə3/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   78
Mühazirələr 2021

Azərbaycan ədəbi dili. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir. Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fərqlənir. Həmin dövrün Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

  • ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər);

  • klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

  • ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr);

  • milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli);

  • müasir mərhələ (XX əsri 1-ci rübündən sonra).

Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də ("Сравнительный словарь турецко-татарских языков") var. M.Əfşarın Azərbaycan dilinə aid "Fənni-sərfi-türki" ("Türk dilinin qrammatikası") adlı dəyərli əsəri isə azərbaycancadır. Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyl, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyl, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu "Füyuzat" və "Həyat" kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A. Şaiq, C. Cabbarlı, S. Hüseyn, A. Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi. Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə