Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

Linqvistik  tipologiya
5
dillərin formalaşmasında eynizamanlılıq və eynixətlilik mövcud 
olmamışdır. Ancaq genetik təbiətindən və tipoloji quruluşundan 
asılı olmayaraq müxtəlif dillərdə oxşar elementlərin mövcudlu-
ğu onu göstərir ki, dillərin formalaşmasında insan təfəkkürünün 
ətraf aləmlə əlaqəsi və onun qavranılması prosesində oxşar imi-
tasiyalar istisna olmamışdır. Məhz dünyanın ayrı-ayrı nöqtələ-
rində mövcud olmuş insan qruplarının təbiəti (ətraf aləmi) dər-
ketmə prosesindəki oxşar imitasiyalar oxşar (müştərək) genetik 
köklərin  yaranmasının  təməlinə  çevrilmişdir.  Bu  imitasiyalar 
daim birmənalı və eynizamanlı olmadığı üçün genetik köklər-
də də daimi müştərəklik baş verə bilməmişdir. Onu da nəzərə 
almaq lazımdır ki, insan cəmiyyətləri inkişaf etdikcə, artdıqca, 
çoxaldıqca, yayıldıqca ilkin elementlərdə dəyişmə, fərqlənmə, 
müxtəlifləşmə də artmaqda davam etmişdir. Həm də fərqlənmə 
təkcə strukturda yox, eyni zamanda sözün məna tutumunda da 
baş vermişdir. Burada məcazlaşmanın, köhnəlmənin, genişlən-
mə və daralmanın da mühüm təsiri olmuşdur. Bu da dillərarası 
müştərəkliyin aydınlaşdırılmasında çətinliklərin baş verməsinə 
səbəb olmuşdur.
Dillərin  quruluşundakı  dəyişmələrin  baş  verməsində  nitq 
prosesi aparıcı rol oynadığından areal genişlənmələrində fərqlər 
daha  da  artmağa  başlamışdır.  Bu  isə  dillərdə  həm  də  tipoloji 
quruluş  dəyişmələrinin  baş  verməsinə  səbəb  olmuşdur. Ancaq 
dillər arasında tipoloji quruluş fərqlərinin çoxalmasına baxma-
yaraq genetik köklərdəki müştərəklik öz izlərini qoruya-qoruya 
indiyə kimi gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, dil öz 
ənənələrini varisliklə ötürə-ötürə həm də onların izlərini yaşadır. 
Bu izləri tutub həqiqət arxasınca getmək isə ciddi səy və yorul-
maz əmək tələb edir. Dillərin genetik mühitində köksözlülük il-
kin əlamət olduğu üçün sonradan onların tipoloji cəhətdən necə 
dəyişməsindən  asılıl  olmayaraq  izləri  tutub  həqiqətləri  bərpa 


Mübariz Yusifov
6
etmək çox da çətinlik yaratmır. Çətinlik odur ki, bu faktları ax-
tarmaq üçün dünyanın bütün dillərinə baş vurmaq praktik cəhət-
dən imkan xaricindədir. Ona görə də ayrı-ayrı dillərin material-
larından istifadə etməklə oxşar genetik köklər barədə mülahizə 
yürütmək olar. Ancaq bu istiqamətdə görülən işlərin şəbəkəsini 
genişləndirməklə köklərin genetik müştərəkliyi barədəki fikir və 
mülahizələrə daha artıq medyan yaratmaq mümkündür.
Müxtəlifsistemli dillərdə kök müştərəkliyi barədəki fərziy-
yə və nəzəriyyələrdə həm ağlabatan və həm də özünü doğrult-
mayan fikirlər vardır. Oxuculara təqdim olunan bu əsərdə həmin 
fikirlərdəki düzgün hesab edilən və nöqsanlı cəhətlərin təhlilinə 
xüsusi diqqət yetirilir. Çünki həqiqəti ortaya çıxarmaq üçün zid-
diyyətlərin özünün də əhəmiyyəti böyükdür.
Daha sonra köklərin müqayisəsinin anlaşılmasında çətinlik 
baş verməsinin aradan qaldırılması məqsədi ilə burada Azərbay-
can dilinin özünün genetik köklərinin quruluşu və formalaşma-
sı barədə məlumat vermək məqsədəuyğun hesab edilmişdir. Bu 
əsərdə həmçinin birhecalı köklərin və kök-şəkilçi tərkibli sözlə-
rin müştərəkliyi, eyni zamanda paralelliklər və motivasiya ox-
şarlıqları barədə təhlillər aparılır.
Söz  yox  ki,  dillərin  genetik  və  tipoloji  təbiəti  barədə  bir 
əsərdə tam və bitkin anlayışlar vermək imkan xaricindədir. Bu 
sahədə aparılan tədqiqatlarda isə nöqsan və çatışmazlıqların ol-
ması istisna deyildir. Ona görə də hörmətli oxucuların bu əsər 
barədəki  rəylərini,  təkliflərini  və  qeydlərini  müəllif  özü  üçün 
qiymətli bir tövsiyə kimi qəbul edəcəkdir. 


Linqvistik  tipologiya
7
BİRİNCİ BÖLMƏ
Dünya dillərinin yaranmasına, 
quruluşuna və tədqiqinə dair xülasələr
Dünya dillərinin yaranması barədəki  
fikirlərin xülasəsi
Dillərin  yaranması  məsələsi  ta  qədim  zamanlardan  müd-
rik insanları düşündürmüşdür. İnsanların dünya haqqında, ətraf 
aləm haqqında, cəmiyyət həyatının mürəkkəb məsələləri barə-
dəki təsəvvürləri genişləndikcə informasiya mübadiləsində apa-
rıcı bir vasitə olan dil və onun yaranması ilə bağlı məsələlərin 
aydınlaşdırılması da daim alimlərin, filosofların və mütəxəssis-
lərin diqqətini cəlb etməyə başlamışdır. Ancaq dil elə bir mürək-
kəb fonemendir ki, insan zəkası kosmosu yarıb keçərək bir çox 
gizli sirləri açmağa qadir olsa da dil və onun yaranması, mən-
şəyi,  müxtəlif  dillərin  mövcudluğu,  dil  qohumluqları,  qohum 
olmayan  dillərin  arasındakı  genetik  əlaqələr  məsələsi  hələ  də 
öyrənilməmiş qalmaqdadır. Bu məsələlər barəsində qədim dün-
ya filosoflarından tutmuş müasir dövrə kimi çox-çox məşhur in-
sanlar baş sındırmışlar. Ancaq “dilin sirrini” açmaq hələ ki, heç 
bir filosofa, heç bir psixoloqa və heç bir mütəxəssisə müyəssər 
olmamışdır. Ancaq dil var, mövcuddur və öz qədim ənənələri-
ni yaşada – yaşada, ilkin izlərini qoruya-qoruya həm də daxili 
izlərini  gizli-gizli  saxlamaqdadır.  Bu  gizli  sirlərin  açılmasına 
yönələn cəhdlərin bəziləri öz həllini tapa bilsə də bir çoxu sirli 


Mübariz Yusifov
8
qapı arxasında qalmaqda davam edir və əlbəttə ki, qapının özü 
də açar sahibini gözləməkdədir.
Dillərin yaranması barədə qarşıya qoyulan suallara dəqiq, ay-
dın, konkret cavab tapılmadığına görə bu barədə bir-birini təkzib 
edən müxtəlif fikir və mülahizələr söylənmiş, ayrı-ayrı rəvayət-
lər, əfsanələr və uydurmalar baş alıb getmişdir. Ancaq bu sahədə 
aparılan  araşdırmaların  özü  dilçiliyin  bir  çox  vacib  məsələləri-
nin həll edilməsində təsirsiz qalmamışdır. Bütün araşdırmaların 
nəticəsi dilçilik genealogiyası və dilçilik tipologiyası tədqiqatla-
rında ümumiləşmişdir. Başqa sözlə, dillərin mənşəyi ilə əlaqədar 
aparılan  təhlillərin  nəticəsi  olaraq  genealoji  dilçilik  və  tipoloji 
dilçilik  sahələri  kimi  müstəqil  tədqiqat  istiqamətləri  yaranmış-
dır. Genealogiya termini yunan mənşəlidir. Mənası şəcərə, nəsil 
qolları, kök qohumluğu deməkdir. Tipologiya termini də yunan 
mənşəlidir.  Mənası  müxtəlif  hadisə  və  şeylərin  tipləri  arasında 
qarşılıqlı əlaqəni təmsil edən təsnifat, bu cür qarşılıqlı əlaqələrin 
tədqiqi mənasını bildirir. Dilçilikdə genealogiya termini dillərin 
kök qohumluğu, dil ailələrinin qohumluğu, tipologiya isə dillərin 
struktur tərkibi mənasında işlədilir. Dillərin genealogiyaya görə 
qruplaşdırılması sahəsində bir çox işlər görülmüş, müvafiq pa-
rametrlər əsasında dil ailələri və dil ailələri içərisinə daxil olan 
dil qrupları barədə məlumatlar verilmişdir. Dillərin tipologiyası 
məsələsi barədə də faktik material əsasında bir çox təhlillər apa-
rılmışdır. Ancaq dillərin tipologiyasını ayırd edən dəlillər hələ-
lik tam şəkildə müəyyən olunmamış qalır. Çünki bir dil ailəsinə 
məxsus olan tipoloji əlamətləri başqa dil ailələrində də aşkar et-
mək olur. Digər tərəfdən bu təhlillər nəticəsində elə faktlar da üzə 
çıxarılmışdır ki, bunlar dillərin genealogiyasına və tipologiyasına 
aid olan bütün parametrləri dağıdır. Belə ki, dillərin genealogiya-
sına aid parametrlərdə dünya dilləri kök qohumluğuna, dil ailələ-
rinə və dil qruplarına görə fərqləndirilir, ayrılır. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə