Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


XX əsrin əvvəllərində Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyəti. Aqrar qanunlar



Yüklə 148,95 Kb.
səhifə2/12
tarix23.12.2023
ölçüsü148,95 Kb.
#157144
1   2   3   4   5   6   7   8   9   ...   12
X mövzu

XX əsrin əvvəllərində Şimali Azərbaycanın sosial-iqtisadi vəziyyəti. Aqrar qanunlar.
1900-1903-cü illər dünya iqtisadi böhranı Rusiyaya da öz təsirini göstərdi. Böhran neft sənayesinin bütün sahələrinə-neft çıxarılmasına, onun emalına, yeni quyuların qazılmasına, neftin və neft məhsullarının ixracına, kəşfiyyat işlərinin aparılmasına ağır zərbə endirdi. Böhran illərində xirda və orta müəssisələrin iflasa uğraması nəticəsində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi. Təkcə 1899-1900-cü ildə Bakıda olan 208 şirkətdən 90-ı iflasa uğradı, iri inhisarların ixtiyarına keçdi. İnhisarlar neftin istehsalı, emalı, daşınması və satışını öz əllərində cəmləşdirirdi.Neft ixracı Nobel qardaşları, Rotşild kimi inhisarçıların əllərində cəmləşdi. Bakıda 20 iri neft sənayesi şirkəti sırasına Azərbaycan kapitalının nümayəndələri Musa Nağıyev və Şəmsi Əsədullayevin şirkətləri də daxil idilər.
1903-cü ilədək ingilis kompaniyaları Bakının neft müəssisələrinə 60 mln. manat kapital qoymuşdular. İngiltərə, Fransa və ABŞ ağ neftə olan tələbatlarının xeyli hissəsini Bakının hesabına ödəyirdi. İnhisarçılar texniki geriliyin qarşısını almaq üçün tədbirlər görmür, süni surətdə inkişafın qarşısını alır, neftin qiymətini qaldırırdılar. 1912-ci ildə yaradılmış “Oyl”inhisarının tərkibində 1913-cü ildə “Tovuz” portland sementi və digər tikinti materialları istehsalı səhmdar cəmiyyəti təsis edildi. I Dünya müharibəsi ərəfəsində İngiltərə, Fransa, Almaniya inhisarları arasında mübarizə daha da gücləndi. XX əsrin əvvəlində kapitalist münasibətləri təkcə Bakıda deyil, Azərbaycanın qəzalarında da inkişaf edirdi. Ölkə sənayesi təkcə neft hasilatından ibarət olmayıb, sənayenin digər sahələri-dağ- mədən, mexaniki istehsal, energetika, toxuculuq, pambıqtəmizləmə, ipək emalı, yeyinti sənayesi, nəqliyyat, rabitə, bank-kredit sistemı və ticarət də inkişaf edirdi.
Neft sənayesi ilə yanaşı, Azərbaycanda əlvan metallurgiya sənayesi də inkişaf edirdi. Gəncə quberniyasındakı 8 mis zavodu içərisində Gədəbəydəki “Simens qardaşları”səhmdar cəmiyyətinə məxsus olan zavodlar fərqlənirdi. Gədəbəy misi dünyada ən təmiz və qiymətli mis hesab edilirdi.
XX əsrin əvvəlində Azərbaycanda yeni mis filizi ehtiyatları aşkar edildikdən sonra Qalakənd çayı üzərində iki turbinli elektrik stansiyası ilk su-elektrik stansiyası tikildi. Moskvada yeni zavodlar tikildiyi üçün 1906-cı ildə Qalakənd missaflaşdırma zavodu istehsalı dayandırmışdı. Mis sənayesində 1900-cü ildə başlanan inhisarlaşma prosesi 1913-cü ildə başa çatdı. “Simens qardaşları və K`”1914-cü ildə Almaniyanın 6 nəhəng metallurgiya zavodunu xammalla təmin edən “Ştuden Gezelşaft” inhisarı ilə 30 il müddətinə müqavilə bağlamışdı.
İpək sənayesi ölkəmizin şimal-qərb və cənub-qərb hissəsində yayilmışdı. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa şəhəri idi.
1900-cü ildə xırda müəssisələr nəzərə alınmasa, Nuxa- Zaqatalada 46 fabrik var idi. Qarabağda və Naxçıvanda xeyli ipək fabriki işləyirdi. Nuxada istehsal edilən xam ipək beynəlxalq sərgilərdə qızıl və gümüş medallar almışdı.
XX əsrin əvvəllərində pambıqçılığın inkişafı ilə əlaqədar pambıqtəmizləmə sənayesi də inkişaf edirdi. Bu dövrdə 100-dən çox pambıqtəmizləmə zavodu vardı. Bu sahədə Gəncə quberniyası birinci yerdə idi. Pambıqtəmizləmə sənayesinə qoyulan sərmayənin 80%-i milli kapitala- H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və Məstanzadəyə məxsus idi.
Azərbaycanda maldarlığın geniş yayılması gön-dəri istehsalı üçün əlverişli şərait yaradırdı. Azərbaycanın yeyinti sənayesinin mühüm sahələrini şərabçılıq, spirt, konyak istehsalı təşkil edirdi. Tütünçülük Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şamaxı qəzalarında yayılmışdı.
Azərbaycanda ilk tənbəki fabriki XIX əsrin ikinci yarısında Nuxada fəaliyyətə başlamışdı.
XX əsrin əvvəllərində Azərbaycanın 7 qəzasında balıqçılıqla məşğul olurdular. Xəzər dənizində siyənək ovlanırdı. Kür çayı boyunca yerləşmiş iri vətəgələrdə ovlanmış balıqlar duzlanır, konservləşdirilirdi. Balıq sənayesində də milli kapital - H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və b. üstünlük təşkil edirdi. Şimali Azərbaycanda istehsal olunan məhsulların ümumi dəyəri və fəhlələrin sayına görə balıq sənayesi neft sənayesindən sonra ikinci yerdə dururdu.
XX əsrin əvvəllərində Azərbaycanda biyan köku istehsalının inkişafı ingilis kapitalı ilə bağlı idi. Gəncə, Kürdəmir, Ucar və Ləkidə biyan emalı zavodları var idi. Emal prosesində alınan maye-cövhər əsasən yeyinti sənayesində istifadə olunurdu. 1902-ci ildə Şəkidə çiyid yağı zavodu tikildi. 1906-cı ildə bu müəssisənin əsasinda “Qafqaz yağ zavodu” səhmdar cəmiyyəti təsis edilmişdi. Daşduz Naxçıvan qəzasında, şor duz Abşeronda və Cavad qəzasında çıxarılırdı.
“Kəlbalıxanov qardaşları və K`” şirkətinin Sust mədənlərində daş duz əldə edilirdi.
XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin inkişafı şəhər təsərrüfatının, ticarətin, nəqliyyatın, rabitənin inkişafına güclü təsir göstərdi. Nuxa ölkədə ikinci sənaye və ticarət mərkəzi, Bakı isə yük dövriyyəsinə görə Rusiyada birinci liman şəhəri idi.
Bakıdakı iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z.Tağıyev, M.Nağıyev kimi milli burjuaziyanın nümayəndələri var idi.
XX əsrin əvvəllərində kənd təsərrüfatında kapitalizmin inkişafı əkinçilikdə təkmil alətlərin tətbiqini xeyli genişləndirmişdi. Kapitalistcəsinə təşkil edilmiş qolçomaq və mülkədar təsərrüfatlarında taxılın müəyyən bir hissəsi bazar üçün istehsal edilirdi. Kəndlilərin bir hissəsinin torpağı yox idi, əksəriyyəti isə az torpaqlı idi. Kənd təsərrüfatında texnika ləng tətbiq edilməsinin əsas səbəbləri bunlar idi: 1)Azərbaycanın özündə kənd təsərrüfatı alətləri və maşınları istehsal edən zavodların olmaması; 2)ixtisaslı mütəxəssislərin az olması. Taxıl və texniki bitkilərə tələbatın artması suvarılan torpaq sahələrinin genişləndirilməsini tələb edirdi. Əsrin əvvəllərində Kür və Araz çayları sahilində 150-yə qədər suvuran qurğu qurulmuşdu. Azərbaycanda texniki bitkilər əkini xeyli genişlənmişdi. Taxılçılıq sahəsində Lənkəran, Gəncə, Nuxa, Ərəş, Şuşa qəzaları daha çox fərqlənirdi. Azərbaycanda texniki bitkilər əkini xeyli genişlənmişdi. Onların içərisində sənaye pambıqçılığı xüsusilə fərqlənirdi. Pambıq əkinində kotanla bərabər traktordan da istifadə olunurdu. 1913-cü ildə Rusiyada əkinçilikdə istifadəedilən 152 traktordan 6-sı Azərbaycanda idi. Cənubi Qafqazdakı pambıq əkin sahələrinin 70%-dən çoxu Azərbaycanın payına düşürdü. Pambıqçılıq təsərrüfatlarında cərgəli əkin üsulu üstünlük təşkil edirdi.
1909-cu ildən etibarən Azərbaycanda borc-kredit şirkətlərinin təşkili bu sahədə möhtəkirliyə mane olurdu. 1913-cü ildə burada 129-dan artıq kredit şirkəti və borc-əmanət kassaları fəaliyyət göstərirdi. Bunlar kəndlilərə əlverişli şərtlərlə kredit verirdilər.
XX əsrin əvvəllərində Azərbaycanda ipəkçiliklə-kümdarlıqla məşğul olan kəndlilərin sayı artır, çəkil plantasiyalarının ümumi sahələri genişlənirdi. İpəkçilik kapitalist əmtəə istehsalının inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1914-cü ildə Cənubi Qafqazda əldə edilən baramanın 81%-i Azərbaycanın payına düşürdü. Azərbaycanda becərilən baramanın hamısı yerli ipək fabriklərində emaldan keçirilirdi. İpək fabriklərindəki mövcud texnika aşağı növ baramanı emal etməyə imkan vermədiyinə görə onu İtaliya və Fransanın Milan, Marsel, Lion şəhərlərinə ixrac edirdilər.
Sənaye tütünçülüyü XX əsrin əvvəllərində geniş vüsət almışdı. Tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şuşa, Quba və Şamaxı qəzalarında intişar tapmışdı. Zaqatalada sarı Trabzon və Samsun tütün növləri yetişdirilirdi. Cənubi Qafqazda ən böyük tütün plantasiyası (40 desyatin) Zaqatalada yerləşirdi. Azərbaycanda yığılan tütün yarpağı əsasən yerli fabriklərdəemal edilir, az bir qismi İrana ixrac olunurdu. 1902-ci ildə ixraca göndərilən tütünə yüksək gömrük haqqının tətbiq edilməsi və istehsal üzərinə yüksək aksiz vergisi qoyulmsı tütünçülüyün inkişafına əngəl törədirdi.
Azərbaycanda üzümçülük də geniş yayılmışdı. Onun böyük hissəsi mülkədarların, qolçomaqların və ayrı-ayrı şirkətlərin əlində cəmlənmişdi. İri şirkətlər üzüm və şərab istehsalında həlledici rol oynayırdılar. Məhsulun bir hissəsi yeyinti məhsulu kimi satışa çıxarılır, digər hissəsi isə ölkədəki çoxsaylı şərab zavodlarına satılırdı.
Azərbaycan ərazilərində maldarlıq bu və ya digər dərəcədə inkişaf etmişdi. Maldarlıqla müntəzəm məşğul olanlar üçün əmtəə maldarlığı xüsusi əhəmiyyətə malik idi. İri maldarlıq təsərrüfatında əmtəə südçülüyü və əmtəə mal-qara bəslənməsi geniş miqyas almışdı. Yenə də köçmə maldarlığı maldarların əsas məşğuliyyəti olaraq qalırdı. Yundan toxunan Azərbaycan xalçaları, gəbələri dünya bazarlarında məşhur idi. Azərbaycanda meyvəçilik də inkişaf etmişdi. Rusiyanın daxili bazarlarında quru meyvəyə olan tələbat bu sahənin inkişafına şərait yaradırdı.
Azərbaycanda kəndlilərin aztorpaqlı olmasına baxmayaraq Rusiyadan buraya köçürülənlərin sayı getdikcə artırdı. 1905-ci ildən etibarən ruslar Muğanda məskunlaşmağa başladılar. Hesablamalara görə, XX əsrin əvvəllərində təkcə Bakı quberniyasına köçürülənlər üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. 1908-1910-cu illərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana üç mindən artıq kəndli ailəsi köçürülmüşdü. 1912-ci ildə Bakı quberniyasında 60, Gəncə quberniyasında 29 rus kəndi salınmışdı.
1870-ci il kəndli islahatı Azərbaycanda aqrar məsələni yarımçıq həll etdi. Kəndlilərəpay torpağı verilməsi məsələsi həll edilmədi. 1882-ci ildə kəndli torpaq bankı təşkil edildikdən sonra kəndlilərin az-çox bir qismimüəyyən qədər torpaq payı almağa müvəffəq oldu. Kəndlilərin özpay torpaqlarını satın almasını çətinləşdirən amillərdən biri də Azərbaycanda pay torpaqlarının satınalma qiymətinin Rusiyadakından dəfələrlə yüksək olması idi. İslahatdan sonra kəndlilər istifadə etdikləri pay torpağı əvəzində islahataqədərki vergiləri verməyə və mükəlləfiyyətləri daşımağa məcbur idilər. Başqa sözlə, Azərbaycanda “müvəqqəti mükəlləfiyyətli” münasibətlər 40 ildən çox davam etdi. Kənd təsərrüfatında kapitalist əmtəə istehsalı artdıqca torpağın qiyməti də sürətlə yüksəlirdi. Torpağın çox hissəsi dövlətin əlində idi. Kəndlilərin 68%-ni dövlət kəndlisi təşkil edirdi.
1900-cü il mayın 1-də hökümət dövlət kəndlilərinin torpaq münasibətlərini qaydaya salmaq üçün qanun verdi. “Cənubi Qafqazdadövlət kəndlilərinin torpaq quruluşu” haqqında bu qanun dövlət kəndlilərinə kənd icması yığıncaqlarının razılığı ilə icma torpaqlarından nəsli istifadə hüququ verirdi. Qanunun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vurdu.”Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında”əsasnamə 1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna görə, pay torpaqlarının planı hazırlanarkən istifadə edilən mövcud sərhədlər əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndlilərə əlavə pay torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay ayrılması qaydalarından ibarət idi. Lakin nə qanun, nə də əsasnamə dövlət kəndlilərinin torpaq quruluşu məsələsini tam həll etmədi. Kəndlilərin istifadəsində olan pay torpaqları əsasən yenə də dövlət mülkiyyətində idi.
1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyasında torpaqların məcburi surətdə satın alınması haqqında” qanun verildi. Qanunla birlikdə onun həyata keçirilməsi üçün “Qaydalar”təsdiq edildi. “Qaydalara” görə, Azərbaycandakı sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olunurdular. Kəndlilər pay torpaqlarını məcburi şəkildə satın almalı idilər. Onlar yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. İcarəyə verilən torpaqlar mülkədarın mülkiyyətində qalırdı. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi. O, həmin yerlərdən yalnız torpaq sahibinin razılığı ilə istifadə edə bilərdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti olaraq qalırdı. Dövlət xəzinəsi torpağın haqqını 20 il ərzində kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdı.
1912-ci il aqrar qanunu Zaqatala dairəsi kəndlilərinə şamil edilmədi. 1913-cü il iyulun 7-də hökumət Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin ləğv olunması haqqında qanun qəbul etdi. 1912-1913-cü illər aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi mülkiyyətinə çevrilməsinə, onların “müvəqqəti mülkiyyətli” münasibətlərdən azad edilməsinə imkan verdi. Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafı və ictimai təbəqələşmə getdikcə sürətlənirdi.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə