Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


Cənubi Azərbaycan 1914-1920-ci illərdə: sosial-iqtisadi, hərbi-siyasi vəziyyət, milli-azadlıq hərəkatı. Şeyx Məhəmməd Xiyabani



Yüklə 148,95 Kb.
səhifə12/12
tarix23.12.2023
ölçüsü148,95 Kb.
#157144
1   ...   4   5   6   7   8   9   10   11   12
X mövzu

Cənubi Azərbaycan 1914-1920-ci illərdə: sosial-iqtisadi, hərbi-siyasi vəziyyət, milli-azadlıq hərəkatı. Şeyx Məhəmməd Xiyabani.
İran Məşrutə inqilabı məğlub edildikdən sonra, 1912-ci ilin əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin İran hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Saziş əsasən İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən şimaldakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər Abbas-Kirman-Bircəd-Qazik xəttindən cənub-şərqindəki 355 min kv. km hissəsi İngiltərənin, İranın bu xətlər arasındakı ərazisi isə “bitərəf” zona elan edildi.Birinci Dünya müharibəsi başlayanda İranın rəsmi surətdə öz bitərəfliyini kobudcasına pozaraq ərazisində hərbi əməliyyatlara başladılar.
Cənubi Azərbaycan 1914-cü il dekabrın sonlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları tərəfindən işğal edilərək hərb və zorakılıq meydanına çevrildi, yerli əhalinin 15%-i həlak oldu. Bu zaman İran Demokrat partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq edirdi.
1917-ci ildə Rusiyada baş verən Fevral burjua-demokratik inqilabının təsiri ilə İran Demokrat partiyası (İDP) və onun Azərbaycan Əyalət Komitəsinin fəaliyyəti xeyli canlandı. Azərbaycan demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o cümlədən məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların İrandan çıxarılmasını tələb edirdilər, Azərbaycana muxtariyyət almaq uğrunda mübarizəyə çağırırdı.
Müharibənin Cənubi Azərbaycanda yaratdığı qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri aysorlarla birlikdə Xoy, Salmas, Urmiya, Soucbulaq və s. başqa şəhərlərdə azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşiliklər etdilər. Yalnız türk ordusunun bölgəyə daxil olması Azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin qarşısını aldı. Lakin türk qoşunları bölgəni tərk etdikdən sonra erməni, aysor və kurd hərbi dəstələri azərbaycanlıları yenidən qırmağa başladılar. Bu qırğınlar rus hərbi hissələrinin 1918-ci ilin əvvəllərində İrandan çıxarıldığı vaxt daha faciəli şəkil aldı.
1917-ci ilin mayından başlayaraq Cənubi Azərbaycan Əyalət Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (İran Demokratik Partiyası) halında birləşməyi qərara aldı, burada “Təccəddüd” qəzetinin mühüm rolu oldu. 1917-ci il avqust ayının 24-də Əyalət Komitəsinin geniş konfransı oldu, Azərbaycan Demokratik Firqəsi (ADF) müstəqil elan edildi və Şeyx Məhəmməd Xiyabani başda olmaqla ADF-nin MK-sı seçildi, qətnamələr qəbul edildi. Rusiyada Oktyabr hadisələri İranın Dövlət müstəqilliyinə və suverenliyinə ciddi ziyan vurdu.
1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyanə, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Bu vaxt Cənubi Azərbaycanın şimal-qərbində erməni, aysor və kürd quldur dəstələri azərbaycanlılara qarşı əsl soyqırım törətdilər. Cənubi Azərbaycanın çox hissəsi Osmanlı Türkiyəsinin qoşunları tərəfindən işğal edildi. ADF belə vəziyyətdə ingilis və türk qoşunlarına, yerli irtica hökumətinə qarşı mübarizə aparırdı. ADF-nin rəhbərləri, o cümlədən Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar. Şimaldakı hadisələr cənubda da öz əks-sədasını tapmışdı. Təbriz, Urmiya və Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı çıxışlar baş verirdi. Çıxışlara Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə İran Demokratik Partiyasının (İDP) Azərbaycan Əyalət Komitəsi istiqamət verirdi.
1917-ci ilin payızında Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncanda keçirilən mitinqlərdə əhali hökumətin istefa verməsini, İranda Demokratik Hökumət təşkil olunmasını tələb edirdi. 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti istefa verməyə məcbur oldu, lakin o, tezliklə ingilislərin köməyi ilə hakimiyyətə gətirildi.
1919-cu il avqustun 9-da ingilislərin İran hökuməti ilə imzaladıqları saziş İranı siyasi və iqtisadi cəhətdən Böyük Britaniyadan asılı vəziyyətə salırdı. Bu, Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi. İran hökuməti demokratik qüvvələrə qarşı şiddətli tədbirlərə əl atdı. ADF gizli fəaliyyətə keçdi. Lakin, çıxışlar 1920-ci ilin əvvəllərinədək davam etmişdi. Təbrizdəki ingilis komandanlığı nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxarmalı olmuşdu.
1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə təkan verdi. 1920-ci il aprelin 7-də Təbrizdə üsyanın başlanması ilə Cənubi Azərbaycan milli-azadlıq hərəkatı silahlı üsyan xarakteri aldı. Üsyana rəhbərlik etmək üçün Xiyabaninin başçılığı ilə İctimai İdarə Heyəti (İİH) təşkil olundu. İki gün müddətində bütün dövlət idarələrini ələ keçirdilər, polis dəstələri şəhəri tərk etməyə məcbur oldular. Üsyan dinc yolla qələbə çaldı. Aprelin 7-də Xiyabani Təbriz əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın adını Azadıstana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik”. O, bu adın rəsmən tanınmasını İran dövlətindən tələb etdi. Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini qəbul etdikdən sonra, ona Təbrizə daxil olmağa icazə verildi. O, demokratlara qarşı qiyam təşkil etməyə çalışırdı. Lakin həmin planı həyata keçirməyə çalışan şəxslər demokratlar tərəfindən həbs edildilər. Xoy mahalında, Ərdəbildə, Astarada, Marağada, Əhərdə, Zəncanda da üsyanlar baş verdi.
1920-ci ilin iyunun 23-də ADF İİH əsasında Milli Hökumət (MH) yaratdı. Milli Hökumətin tələbi ilə vali Eynuddövlə və onun aparatı Təbrizi tərk etdi. Hərəkat rəhbərləri İranda şahlığın ləğvinə və respublika yaradılmasına çalışırdılar. Milli hökumət sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, və digər sahələrdə islahatlar həyata keçirməyə başladı. Milli Hökumətin bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradılmışdı. Təbrizdə pulsuz qız məktəbi açıldı. Milli müdafiə qüvvələrinin təşkili üçün də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisindən və Təbrizə gəlmiş kəndlilərdən ümumi sayı 12 minə çatdırılacaq milli qvardiya təşkilinə başlanıldı, eyni zamanda şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil edildi. Təlim üçün xüsusi polis məktəbləri açıldı.
İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin köməyi ilə üsyançılara hücum etmək üçün hazırlığa başladı. Hidayət Müxbirüssəltənə sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi vəBaş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışığa” başladı. O, Təbrizin kənarında düşərgə salaraq, tərk-silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi, Təbrizə süvari dəstələr çağırıldı. Jandarm dəstəsinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı. O ətrafdakı quldur dəstələrilə mübarizə aparmaq bəhanəsilə MH razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı. Sentyabrın 12-də əksinqilabi qüvvələr üsyançılar üzərinə hücuma keçdilər. Üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər vuruşdular, Xiyabani öldürüldü, üsyançılara divan tutuldu.
Beləliklə, bütün Cənubi Azərbaycandakı azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı.Təbriz üsyanının nəticəsi olaraq 1920-ci il iyunun 25-də Vüsuquddövlə istefaya çıxdı, 1919-cu ildə imzalanan İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi.
Təbriz üsyanının dərsləri Yaxın və Orta Şərq xalqlarının daxili irticaya, xarici dövlətlərin özbaşınalığına və ağalığına qarşı mübarizədə bir örnək oldu.
Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə