16
çuvalların da evdədi, gədəyə deyərəm gətirər". Ya da "Qardaş, malın tələf olan
deyil, qiymət də ucuz idi deyin satdırmadım, dedim sən gələnə bəlkəm qiymət
dəyişdi, gəlib özün yerbəyer elərsən, odu vurdurmuşam, dörd çuvalını anbara, adə,
Əlmərdan, ağanın mallarını çəkin qapana". Hamı bilir ki, Ağa Rəsul namus üstə,
şərəf üstə, təmiz ad üstə diri gözlü ölümə gedər, adının ləkələnməsinə razı olmaz.
İsmayılın dükanından aşağıda Bəzzazbazar çayçısı Əlmuxtarın çayxana və
pitixanası yerləşir. Əlmuxtar çayçılıqda şöhrət qazanıb, çox səliqəli, təmizkar və
mömin kişidir. Seyfi adında bircə şəyirdi var. Qapıdakı o nəhəng samovarları Seyfi
qaynadır, tacirlərin "Ağa Əlmuxtar, bir çay" çağırışına Seyfi cavab verir, cəld
çaydan və piyalələri, fincanları, lahıc işi parlaq mis siniyə düzüb aparır. Qab-
qacağı da Seyfi yuyur, Əlmuxtar bir çay dəmləməklə məşğuldur, bir də haqqı
yığmaqla. Dal otaqdakı köməkçisi pitiləri bardaqlarda hazırlayıb təndirə qoyur və
lazım olduqca, Əlmuxtarın tələbilə, Seyfiyə verib göndərir. Əlmuxtar bəstəboy olsa
da, çox qüvvətli kişidir, nəhəng samovarları tək-başına qaldırır, qaynar-qaynar
taxtabəndin üstünə qoyur. Güləş həvəskarıdır. Hacı Qədir demişkən "Qolunda
Əliyyəlmürtəza gücündə bir zərrə var". Cavanlığında toylarda cox guləşib, indi
şəninə və yaşına yaraşdırmır. Bircə arzusu var: lazımınca pul toplayıb ağanın
ziyarətinə getmək və üzünü o Həzrətin türbətinə sürtmək. Bu eşq ilə kişi hər
məhərrəmdə elə şurnan sinə vurur ki, bir ay qarası sinəsindən getmir.
Tələsməyin, bir dükançını da sizə nişan verməliyəm, onun da bizə dəxli var.
Bəzzazbazarın orta göbəyində ipək, arşınmalı ticarəti ilə heç bir əlaqəsi olmayan o
xırdaca dükan kitabfüruş Məşədi Qulama məxsusdur. Bu balaca, səliqəli və təmiz
dükan, onun qəribə sakini çox maraqlıdır. Buraya o qədər şair və şeir həvəskarı
gəlir ki! Gəlin biz də onu nəzərdən qaçırmayaq, qalan tüccarın dükanları ilə işimiz
olmayacaq, Bəzzazbazar böyük, tacir çox, nə işimizə qalıb. Məşədi Qulam indilik
bu aləmdə yeganə adamdır ki, onun dükanı burda dissonans kimi səslənir.
Hamıya bir ləqəb qoşmağa həvəsli Şamaxı camaatı onu Qırmızı Qulam
adlandırır. Kişinin sözü qızıl-qırmızı, düz müsahibinin gözünün içinə deməsinə
görə. Ətraf kəndlərdə onu tanıyanlar hörmətlə Məşədi Qulam deyə müraciət edir.
Uzaq şəhərlərin kitab və şeir həvəskarları üçün o, "kitabfuruş Məşədi Qulam"dır.
Şərqin ən mötəbər şəhərlərindəki xəttatlar, əlyazma divanları, zəngin ornamentli,
zərrin və qiymətli Quranlar tərtib edən və satan şəxslər Qulam kişini, qiyabi də
olsa, tanıyır, sarvanlar vasitəsilə ona satmaq üçün müntəxəb məcmuələr,
17
risalələr, "Şahnamə" və "Xəmsə"lər, təfsirlər, "Qisəsül-əmbiya", "Qisəsül-övliya",
İncə ornamentli divanlar göndərir və Şamaxı, Gəncə, Şuşa qalası və başqa.
Şəhərlərdə çalışan xəttat və nəqqaşların əsərlərini də onun köməkliyi ilə əldə
edirlər. Şeir həvəskarları - tacirbaşı və sarvanlar Şamaxıya gələndə Məşədi Qulama
dəyməyi mütləq vacibatdan sayarlar. Məşədi Qulam Şərqin müxtəlif cəhətlərilə
əlaqə saxlayan müştərilərin səliqəsinə yaxşı bələddir. Hər birinin istəyinə görə,
gələcəyi günü təxminən də olsa müəyyənləşdirib, istəyə biləcəyi əsəri əl altında
hazır saxlayır. Məşədi Qulamın qazancı böyük olmasa da, bazarı kasad deyil,
rəvacdır. Bəzzazbazar qış aylarında satıcıdan xali olanda şeir həvəskarı olan
dükançıların bəzisi Məşədi Qulamın dükanına yığışır, onun həvəslə oxuduğu
şeirləri dinləyirlər. Məşədi Qulamın da bir azarı var: yaman həcviyyatpərəst, həcv
aludəsidir. Kimə həcv qoşulsa, gizlicə "xəttat və azurğu şair" adlandırdığı
Nəcəfquluya üzünü köçürtdürüb saxlayacaq, alıcı düşəndə yüz and-aman eləyib
"bax, sən imam, mənim adım olmasın", deyib satacaq.
Bununla da bizim Bəzzazbazarın əsas sakinlərindən bir qismi ilə tanışlığımız
qurtarır. Vay, vay, bağışlayın, lap yadımdan çıxmışdı, Bəzzazbazarda daim dükanı
olmasa da, bir nəfərin işi, həyatı bütünlüklə buraya bağlıdır: bu suçu-Sərçə Bağıdır
ki, evlərə su daşıyır və dükan sahiblərinin aftafa-səhənglərinə gərək olan miqdarda
bulaq suyu gətirir. Xırdaboy, cılız adamdır Sərçə Bağı. İl uzunu yalın ayaqları,
cadar-cadar olmuş dabanları qıpqırmızı olar. Çox üzüyola bir eşşəyi var, suyu
güyümlərə doldurub, iri xurcunun hər iki gözünə qoyur, agzını qapayıb gətirir.
Bazar başında Sərçə Bağının cır - "hoşşə" səsini eşidən kimi, dükançı şəyirdləri
cəld su üçün qapıya qab çıxarırlar.
Hə, indi, deyəsən, doğrudan da, tanışlığımız qurtardı. Bircə Bəzzazbazarın
ayağındakı o ikimərtəbəli iri bina qaldı. Onun haqqında ayrıca danışacağıq:
Mahmud ağaya məxsus olan karvansara həmin odur. Gəlin həmin binanı ötüb üzü
dağa - Cuma məsciddən aşağıda Laləzarın yerləşdiyi təpə ilə qabaq-qənşər küçənin
sol tərəfinə dönək. Bu, Gürcübazardır. Burada bizi bazarın başlanğıcındakı tək
bircə bina maraqlandırır: əczaxana iki mərtəbəlidir, görürsünüzmü, iri otaqları,
böyük, işıqlı pəncərələri var. Üst qatdakı əczaxana bir gurcü xanımına məxsusdur,
nüsxəbənddir, özünü hələ ki, görən olmayıb, buranı bir erməni icarədar idarə edir,
alt mərtəbə isə şərabxanadır. Şamaxının