Yerdən səslər: Taxıldır, qarğıdalıdır.
Heydər Əliyev: Mal-qaranız var?
Yerdən səslər: Var.
Heydər Əliyev: İndi kolxoz, sovxoz ləğv olundu. Vaxtilə,
o illərdə mən işləyəndə,
yadınızdadır, bunların hamısı vardı. İndi hər şey dəyişilibdir. Biz müstəqil olduq, bazar
iqtisadiyyatı yolu ilə gedirik. Şəxsi mülkiyyəti təmin etmişik, torpağı, mal-qaranı
kəndlilərə paylamışıq, insanlara sərbəstlik vermişik. Kim bundan istifadə etməyi
bacarırsa, işləyirsə, vəziyyəti də yaxşıdır. Amma kim bunu bacarmırsa?
Keçmişdə, bizim o sistemdə, - mən özüm 25-30 il həmin sistemin rəhbəri olmuşam, -
belə idi ki, 15-i işləyirdi, 15-i də onların hesabına yaşayırdı. Elədirmi? İndi o yoxdur. İndi
hər şey insanların özünə verilibdir. Kim bunlardan
istifadə edə bilirsə, yaxşı yaşayır. Kim
istifadə edə bilmirsə, yaxşı yaşamır. O ki, qaldı rayon mərkəzlərinə, şəhərlərə, bəli,
buralarda torpaq, heyvan yoxdur, belə yerlərdə işsizlik var, bu, təbiidir. Bunun da
səbəbləri var. Amma biz çalışırıq ki, rayon mərkəzində, şəhərlərdə iş yerləri açaq. Bu da
asan deyildir. Çünki indi dövlət müəssisələrini yaratmaq olmaz. Olanların da, bilirsiniz ki,
bir hissəsi dağılıb getdi, bir hissəsi istənilən səviyyədə işləmir. Çünki onların hamısı sovet
sosialist sisteminə uyğunlaşdırılmışdı. İndiki bazar iqtisadiyyatı şəraitində və bütün başqa
ölkələrlə, yəni kapitalist ölkələri ilə əlaqələrə girmişik, biz onların yaşadıqları kimi
yaşamalıyıq və yaşamaq istəyirik.
Ona görə də, əlbəttə ki, indi çətinliklər var.
Asif Haşımov (kənd bələdiyyəsinin başçısı): Cənab prezident, Sizə məlumat üçün
bildirmək istəyirəm ki, islahatdan əvvəl kəndimizdə 6 kombayn vardı, indi 8 kombayn
var. Qonşu kənddə iki xarici kombayn da var. Taxıl yığımı zamanı kombayn sarıdan bir az
çətinlik olur, amma təcili də aradan qaldırılır. Yadıma gəlir ki, kolxoz dövründə biçin
kampaniyası avqust ayının axırına qədər davam edirdi. İndi biçin iyulun ortalarında
qurtarır. Keçən il Qəbələ rayonu 42 min ton taxıl istehsal etmişdi. Bu il də Qəbələnin
ehtiyacını ikiqat, üçqat ödəyəcək taxılımız var.
Heydər Əliyev: Qəbələ rayonu nə qədər taxıl verir?
Asif Haşımov: Keçən il 42 min ton taxıl istehsal etmişik.
Bu il isə üç ay dalbadal
yağış yağdığına, hava şəraiti əlverişsiz keçdiyinə görə taxıl qismən az oldu. Amma Qəbələ
camaatının ehtiyacından çoxdur. Burada çörək problemi yoxdur. Camaat arzu edərdi ki,
burada turizmin inkişafı sahəsində iş görülsün. Bizim çox gəzməli, görməli yerlərimiz var.
O yerlərə müəyyən investisiya qoyulsa, özümüz də bacardıqca kömək edib problemləri
aradan qaldıracağıq. Hər halda, kəndimizin 4-5 il bundan əvvəlki vəziyyəti ilə bugünkü
görünüşünü
müqayisə edənlər bilirlər ki, burada gündən-günə inkişaf var. İndi bizim
kəndimizdə mobil telefon xidmətindən istifadə etmək üçün gördüyünüz bu qurğu da
quraşdırılmışdır. Bu AZƏRCELL rabitə xidməti üçündür.
Heydər Əliyev: Bu, sənin cib telefonun üçündür? Burada neçə adamda cib telefonu
var?
Asif Haşımov: Kəndimizdə 400-500 nəfərdə cib telefonu var.
Heydər Əliyev: Bir kənddə?
Yerdən səslər: Bəli.
Heydər Əliyev: Əhalinin vəsaiti olmasa, cib telefonu saxlaya bilər? Məsələlər var,
bunları həll etmək olar. Məsələn, televiziya ötürücüsü məsələsini həll etmək mümkündür.
Elektrik enerjisində bir neçə ildir ki, çətinliklər var. Amma siz təsəvvür edin, əgər vaxtilə
biz
- bunu deyirəm ki, siz bir də biləsiniz, bunları əvvəllər Azərbaycanda işləyəndə mən
özüm etmişəm, - böyük elektrik stansiyalarını tikməsəydik, Sovet İttifaqı dağılandan və
biz müstəqil olandan sonra elektrik enerjisi heç olmazdı. O vaxtlar tikmişik, indi onlardan
istifadə olunur. Ancaq onların bəziləri artıq köhnəlir, bəzisini təmir etmək lazımdır.
Amma siz indi az-çox elektrik enerjisi alırsınız. Pulunu verirsinizmi?
Yerdən səslər: Qismən veririk.
Heydər Əliyev: Amma siz bilməlisiniz ki, Azərbaycan üzrə bütün əhali işıq və qaz
pulu, su pulu vermədiyinə görə,
hökumət məcbur olur ki, büdcədən 350 milyon dolları
həmin elektrik enerjisini istehsal etmək, qaz almaq üçün, - biz qazı Rusiyadan da alırıq, -
su üçün vəsait ayırır. Gələn il üçün bizim büdcəmizin ümumi həcmi 1 milyard 200 milyon
dollar nəzərdə tutulur. İndi təsəvvür edin, əgər biz qaz, işıq, su pulunu əhalidən ala
bilsəydik, bu 350 milyon dolları biz ora xərcləməzdik, camaatın vəziyyətinin
yaxşılaşdırılmasına yönəldə bilərdik.
Siz bilməlisiniz, biz elektrik enerjisini istehsal
edirik, onun dəyərinin əksər hissəsini ala bilmirik. Təbii qazı Rusiyadan da alırıq,
paylayırıq, pulunu yığa bilmirik. Keçid dövrünün bu cür çətinlikləri var. Sizin kəndə qaz
gəlir, yoxsa yox?
Yerdən səslər: Rayon mərkəzinə qaz gəlir.
Heydər Əliyev: Mənə dair başqa sözünüz varmı?
Yerdən səslər: Sizin sağlığınızı istəyirik, yolunuz açıq olsun! Bizimlə görüşdüyünüzə
görə çox sağ olun.
Heydər Əliyev: Yaxşı, bu dediyiniz sözlərdən savayı, hökumətə deyiləsi sözünüz,
hökumətin fəaliyyəti haqqında nə kimi fikriniz var?
Yerdən səslər: Qəbələ rayonunda tütün istehsalına kömək etmək lazımdır.
Heydər Əliyev: Keçmişdə tütün fabrikləri vardı. Onlar bu tütündən o keyfiyyətdə
siqaret istehsal edə bilmirlər. Buna görə vəziyyət belədir. Başa düşürsünüzmü? Amma
bununla mən onu demək istəyirəm ki, biz çıxılmaz vəziyyətdəyik. Biz məsələni həll
edəcəyik. Amma bunun səbəblərini bilməlisiniz. Səbəbləri nədir? Əvvəllər, sovet vaxtı,
ola
bilərdi ki, adamların 1 faizi xarici siqaret çəkirdi. İndi kimi görürsən, xarici siqaret
çəkir. Ona görə siz bunları bilməlisiniz. Amma mən də bilirəm. Bu işləri vaxtilə mən
təşkil etmişəm. Mən 1969-cu ildə Azərbaycanda rəhbər işə başlayanda ildə cəmi 8 min ton
tütün istehsal olunurdu. Mən isə onu 50 min tona qaldırdım. Başa düşürsünüzmü? Bu
sahədən də çoxlu gəlir götürülürdü. Tütündən gələn gəliri başqa sahələrin heç birindən
almaq mümkün deyildi. Çalışacağıq ki, bunları da həll edək. Siz öz imkanlarınızdan
maksimum istifadə etməyə çalışın, biz bu dövrü keçəcəyik və hamı üçün hər şey yaxşı
olacaqdır. Baxıram, maşallah, hamınız sağ-salamatsınız, gümrahsınız, gözəlsiniz. Ac-
susuz yoxdur.
Yerdən səslər: Ömrünüz uzun olsun, sağ olun.