AZƏRBAYCAN İNCİSİ – QƏBƏLƏ MÖCÜZƏSİ
və ya
TARİXLƏŞƏN ANLARIN HEKAYƏTİ
ətənin
tarixi bir evin, bir ailənin, bir küçənin, bir kəndin tarixindən
başlayır. Bəzən mütəxəssislərin illərlə arxivlərdə axtardığı ələdüşməz bir faktı
hər hansı bir bölgənin yaşlı adamlarından asanlıqla öyrənmək olur. Sinədəftər
ağsaqqallar, ağzıdualı ağbirçəklər heç gözlənilmədən elə məqamlardan söz açır, elə
mətləbləri çözələyirlər ki, əsrlər boyunca qaranlıq qalan gizlinlərin sirri bir andaca
açılır, qatı zülmətlərə nur çilənir. Ona görə də dünya təcrübəsində şifahi tarixlə yazılı
tarix qoşa qanad kimi həmişə paralel öyrənilir.
Bu baxımdan son zamanlar Azərbaycanın ayrı-ayrı bölgələri ilə bağlı tarixçilərlə
yanaşı müxtəlif peşə adamlarının yazıb nəşr etdirdikləri kitablar mühüm əhəmiyyət
kəsb edir.
Öz zəngin tarixi keçmişi, misilsiz təbii gözəllikləri, əlverişli coğrafi
mövqeyi ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Qəbələdir.
Arxeoloqlar Qəbələ xarabalıqlarında apardıqları qazıntılar zamanı çoxlu yaşayış
evləri, məbədlər, mühafizə divarları üzə çıxarmışlar. Qədim şəhərin küçələrinə daş
döşənməsi, evlərin damının kirəmitlə örtülməsi kimi maraqlı faktların aşkarlanması isə
antik dövr alimi Plininin “Kabala Albaniyanın ən üstün şəhəridir” fikrini bir daha
əyani şəkildə sübuta yetirmişdir. Bununla yanaşı, zaman-zaman üst-üstə qalanmış
torpaq laylarının altından boy göstərən çiy kərpicdən tikili evlər, sütunlu binalardan
ibarət
saray kompleksi, ellinizm dövrünə məxsus iri pul dəfinəsi, böyük taxıl anbarları
da qədim Qəbələnin şöhrətli tarixinin açılmamış qatlarına işıq salır.
Bu gün sahəsi 1548,6 kvadrat kilometr olan, əhalisinin sayı isə 93 min nəfəri ötən
müasir Qəbələ Böyük Qafqaz dağlarının cənub yamacına sığınmış al-əlvan təbiət
xalısına bənzəyir. Bazardüzü, Bazaryurd, Tufan zirvələrində qanad çalan qartalların
məğrurluqla süzdüyü bu bənzərsiz yurdun qoynu ana Azərbaycana dünyanın hər
yerində başucalığı gətirən nadir incilər, təbii sərvətlər, tükənməz xəzinələr saxlancıdır.
Onların arasında, tarixi qalaların,
mədəniyyət abidələrinin, füsunkar mənzərələrin,
lacivərd meşələrin, bir sözlə, flora və fauna aləminin hər birinin özünəxas üstünlüyü
var.
Qəbələni şərəfləndirən şair Molla Gülü, general və yazıçı İsmayıl bəy Qutqaşınlı,
yazıçı-pedaqoq İbrahim bəy Musabəyov kimi görkəmli şəxsiyyətlər hər bir
azərbaycanlının qəlbini qürurla doldurub. Onların varisləri olan dünya şöhrətli alimlər
– Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvləri, əməkdar elm xadimləri,
professorlar Umnisə Musabəyova, Yusif Musabəyov, Məcid Mərdanov, Xəlil
Əlimirzəyev, Cahangir Qəhrəmanov, Dursun Hüseynov, Firudin Haşımzadə, Qara
Əhmədov və neçə-neçə başqa ziyalılar milli elmimizin beynəlxalq miqyasda tanınması
naminə çoxlu uğurlara imza atıblar. Bu yurdcanlı insanların sırasında maarifpərvərlər,
V
müəllimlər, söz adamları,
həkimlər, kənd təsərrüfatı mütəxəssisləri, sənətkarlar,
incəsənət ustaları və digərləri də havasını udub, çörəyini yeyib, suyunu içdikləri,
doğma qoynunda boya-başa çatdıqları Qəbələyə bir ömür boyunca öz övladlıq
borclarını verməyə çalışırlar.
Bu baxımdan istedadlı jurnalist Şəlalə Məhyəddinqızının oxuculara ünvanladığı bu
kitab da doğma yurda dəyərli mənəvi borclardan biri kimi qəbul edilə bilər. Bəri
başdan deyim ki, hələ Bakı Dövlət Universitetində təhsil aldığımız illərdən
vətənpərvər bir qız kimi yaxşı tanıdığım, o zamandan bəri Azərbaycan radiosunda
səsini və sözünü ardıcıl olaraq rəğbətlə dinlədiyim Şəlalə xanımın ustalıqla qələmə
aldığı vətən duyğulu toplu Azərbaycanın əsrarəngiz
bölgələrindən olan Qəbələ
haqqında publisistik simfoniya təsiri bağışlayır.
Kitab son zamanlar Azərbaycan dövlətinin qayğısı sayəsində sözün həqiqi
anlamında sürətlə inkişaf edən, öz zahiri görkəmini gündən-günə yaxşılığa doğru
dəyişən, kəndə məxsusluğunu qorumaqla müəyyən qədər şəhərləşən Qəbələnin çağdaş
tarixinə ayna tutur. Müəllif haqlı olaraq öz əsərində bu ulu yurd barədə məlumatı az və
ya yanlış olan oxucuları da nəzərə alaraq Qəbələnin şanlı-şöhrətli keçmişinə də
vüqarla üz tutur. O, minilliklərin o üzündən bəri zamanın keşməkeşlərindən alnıaçıq-
üzüağ çıxan qədim vətən torpağının yaddaşına hopmuş köhnə yazıların tozunu alır,
ürəyində Azərbaycan sevgisi yaşadan hər bir vətəndaşın iftixarına çevrilə biləcək tarixi
faktları yığcam şəkildə bircə-bircə yenidən xatırladır.
Şəlalə Məhyəddinqızının kitabında Qəbələ rayonunun sosial-iqtisadi inkişafı
müstəqil Azərbaycan Respublikasının hərtərəfli tərəqqisi fonunda aydınca
işıqlandırılır. Xüsusilə ümummilli lider Heydər Əliyevin, ölkə prezidenti İlham
Əliyevin bölgəyə səfərlərinin ətraflı işıqlandırılması maraq doğurur. Müəllif onların
yerli sakinlərlə görüşlərini, səmimi şəkildə söhbətləşmələrini, qarşıya çıxan
müxtəlif
səpkili problemlərin həlli yönümündə yerindəcə düzgün qərarlar çıxarıb tapşırıqlar
vermələrini anbaan izləyir. O, bu görüşlərin nəticə baxımından bir sıra çətinliklərin
üstündən qələm çəkdiyini, camaatın dövlət başçısına inamını artırdığını görülmüş işləri
sadalamaqla, konkret örnəklər gətirməklə təsdiqləyir.
Qəbələdən millət vəkili seçilmiş Fəttah Heydərovun son zamanlar bu bölgənin daha
da çiçəklənməsi naminə səmərəli xidmət göstərdiyi də kitabın səhifələrində aydın
boyalarla verilmişdir. Sözün həqiqi mənasında el ağsaqqalına çevrilmiş bu görkəmli
ziyalının xüsusi qayğısı sayəsində həyata keçirilmiş tədbirləri minnətdarlıqla sadalayan
müəllif haqlı olaraq Milli Məclisin başqa üzvlərini də bu cəhətdən ondan nümunə
götürməyə, başqa sözlə, seçicilərə verdikləri şirin vədlərə əməl etməyə çağırır.
Kitabda Qəbələ rayonunda təhsilin
və səhiyyənin vəziyyəti, mədəniyyət və idman
həyatı haqqında da geniş söhbət açılır, bu mühüm sahələrdə qazanılan uğurların
səbəbləri açıqlanır. Qəbələnin kəndləri, müqəddəs türbələri, inanc yerləri, abidələri,
tarixi şəxsiyyətləri və s. haqqında məlumatlar da oxucuların marağına səbəb olacaq
amillərdəndir.