47
barmaqlarını qarnın arxa divarına söykənənə kimi qarın boşluğuna
tərəf yeridir, sol əl isə bel nahiyəsinə təzyiq edərək onu sağ ələ tərəf
yaxınlaşdırır. Əlləri yaxınlaşdırandan sonra həkim bildirir ki, xəstə
qarınla dərindən, sakit nəfəs almalıdır (qarın presini gərginləşdirmə-
mək şərti ilə). Bu zaman böyrəyin aşağı qütbü tam aşağı düşür və
əgər o böyümüşdürsə, yaxud sallanmışdırsa sağ əlin barmaqları
altına keçir və əllənir. Böyrəyin əllənməsini hiss edən həkim sağ əlin
barmaqları ilə onu bir qədər qarın boşluğunun arxa divarına sıxır və
barmaqlarını böyrəyin ön səthi üzərində sürüşdürür, aşağı qütbə
keçir. Böyrəklər çox sallandıqda onların hər iki qütbü, ön səthi
əllənilir. Bu zaman həkim böyrəyin forması, ölçüsü, səthinin vəziy-
yəti (hamar, kələ-kötür), ağrılı olub-olmaması, hərəkətliliyi, konsis-
tensiyası haqqında məlumat əldə edir. Bimanual əllənməni xəstə
böyrü üstə uzandığı vəziyyətdə də aparmaq olar. Yuxarıda göstəril-
miş palpasiya üsulu V.P. Obraztsov və N.D.Strajesko metoduna
əsasən aparılır.
Bu metodikadan fərqli olaraq sol böyrəyin əllənməsi üçün təklif
etdiyimiz üsul sadəliyi və həmçinin həkim üçün rahatlığı ilə fərqlənir.
Üsulun aparılması qaydası belədir: sağ əl sol qabırğa - onurğa küncü-
nə arxadan qoyulur və sol əlin barmaqları sol qabırğaaltı sahəyə daxil
olaraq qarnın arxa divarına doğru sıxılır və böyrək əllənir.
Başqa üzvlərdən fərqli olaraq böyümüş, yaxud sallanmış böyrək
ballotasiya edir. Bu üsul Qyuyon tərəfindən təklif olunmuşdur.
Bunu yoxlamaq üçün böyrək sağ əllə əlləndikdə sol əlin barmaqları
ilə bel nahiyəsinə (qabırğa qövsü ilə uzun bel əzələsi arasında) qısa,
cəld təkanlı zərbələr edilir. Bu zaman sağ əlin barmaqları
böyrəklərin özünəməxsus hərəkətini hiss edir. Böyrək ləyəni həddən
artıq irin, sidiklə dolduqda, onun böyüyüb gərginləşməsi nəticəsində
bəzən maye möhtəviyyatının fluktuasiyası da hiss oluna bilər.
Böyrək nahiyəsində hər hansı bir törəməni əllədikdə mütləq bu
törəmənin böyrək olmasını dəqiqləşdirmək lazımdır, çünki bəzən
möhtəviyyatla dolu yoğun bağırsağı, böyrəkətrafı toxumaların
şişlərini (lipoma, fibroma və s.), qaraciyərin böyümüş sağ payını,
48
böyümüş öd kisəsini (sağ böyrəklə), böyümüş və yerini dəyişmiş
dalağı (sol böyrəklə) böyümüş böyrək kimi qəbul edib səhvə yol
verilir. Bunların qarşısını almaq üçün nəzərdə tutmaq lazımdır ki,
böyrək lobya formasında olub, səthi hamardır, əllədikdə yuxarı
sürüşür və yenidən yerinə qayıdır (hərəkətlidir), ballotasiya edir,
böyrək üzərində perkussiya zamanı timpanik səs alınır (bağırsaq
ilgəkləri ilə örtüldüyü üçün) və böyrəyi əllədikdən sonra sidikdə
zülal və eritrositlər peyda olur. Amma qeyd olunan əlamətlər
nisbidir, çünki böyrəyin bədxassəli şişləri zamanı və şişin ətraf
toxumaya yayılması nəticəsində böyrək hərəkətliliyini itirir,
konsistensiyası bərkiyir, səthi kələ-kötür olur, çox böyük ölçülərdə
şiş ətraf toxumaları kənara itələdiyi üçün perkussiyada küt səs alınır.
Böyrəklərin ayaq üstə əllənməsini S.P. Botkin təklif etmişdir.
Xəstə üzü həkimə doğru ayaq üstə dayanır (həkim kətildə oturur),
qarın presi əzələləri boşaldılır, gövdəni bir qədər önə əyir. Belə
palpasiya böyrək sallanmasını (nefroptoz) aşkar etməyə imkan verir.
Nefroptozun üç dərəcəsi ayırd edilir:
I dərəcə - böyrəyin aşaqı qütbü əllənir;
II dərəcə - bütün böyrək əllənir;
III dərəcə - böyrək hədsiz dərəcədə hərəkətli olur, onurğa
sütununun əks tərəfinə və qarın boşluğunun aşağı hissələrinə yerini
dəyişir.
Palpasiya zamanı sidik kisəsi haqda da məlumat almaq olar.
Əgər qarnın ön divarı nazik və sidik kisəsi sidik ilə doludursa, onda
sidik kisəsi elastik fluktuasiya edən törəmə kimi əllənilir. Həddən
artıq böyümüş sidik kisəsi bəzən göbək nahiyəsinə çatır.
Bəzən böyrəyin proyeksiya olduğu nöqtədə bel nahiyəsində
(qabırğa - onurğa sütunu nöqtəsində) XII qabırğanın belin uzun
əzələləri ilə əmələ gətirdiyi bucaqda və sidik axarı boyunca ağrının
olması da klinik əhəmiyyət kəsb edir. Sidik axarının qarnın ön
divarına proyeksiya nöqtəsi yuxarıda (göbək nahiyəsində qarnın düz
əzələsi kənarında) və aşağıda (bispinal xəttin qasıq dağcığından
keçən vertikal xətlə kəsişdiyi yer) təyin edilir.
49
Tıqqıldatma (Percussio). Sağlam şəxslərdə böyrəkləri perkussiya
etmək mümkün deyil, çünki böyrəklərin yerləşmə xüsusiyyəti və
həm də öndən böyrəklərin bağırsaq ilgəkləri ilə örtülü olması buna
mane olur (bağırsaq perkussiyada timpanik səs verir). Böyrəklər
həddən artıq böyümüş olduqda bağırsaq ilgəklərini kənara itələyir və
onda böyrək üzərində küt səs eşidilir.
Döyəcləmə simptomu böyrək xəstəlikləri haqqında daha çox
məlumat verir. Həkim sol əlini xəstənin bel nahiyəsinə, böyrəyin
proyeksiyasına qoyur və sağ əlin barmaqları və ya kənarı ilə qısa,
çox da möhkəm olmayan zərbələr vurur. Əgər xəstə bu zaman ağrı
hiss edirsə, onda döyəcləmə simptomu müsbət sayılır və əsasən
böyrəkdaşı xəstəliyi, paranefrit, pielonefritdə və s. müşahidə olunur.
Döyəcləmə simptomunun müsbət olması çox zaman böyrək xəstə-
liklərinin olması kimi səhv fikrə səbəb olur, çünki miozit, radikulit
və s. xəstəliklərdə də bu simptom müsbət ola bilər.
Perkussiya vasitəsilə sidik kisəsində sidiyin olub-olmaması, onun
ölçülərini təyin etməklə çox lazımi məlumat almaq olur. Bunu təyin
etmək üçün barmaq plessimetri qasığa paralel qoyub göbəkdən aşağı
getməklə ağ xətt üzrə perkussiya edilir.
Dinləmə (Auscultatio). Böyrək xəstəliklərində az istifadə edilir.
Amma böyrək arteriyalarının stenozu zamanı göbək səviyyəsində
qarnın yan tərəflərində və yaxud böyrək arterio-venoz fistulası
zamanı sistolik küyün eşidilməsi həkimin diqqətindən yayınmama-
lıdır.
Dostları ilə paylaş: |