AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Nəsibli Fəxri Fəxrəddin oğlu
Maliyyə nəticələrinin formalaşmasi: onun uçotu və təhlili problemləri
MAGİSTR DİSSERTASİYASI
İxtisasin şifri və adı: İM – 060402 “Mühasibat uçotu və audit”
İxtisaslaşma: “İstehsal sferasında mühasibat uçotu”
Elmi rəhbər: dos.N.M.İsmayılov
Proqram rəhbəri: dos.H.A.Cəfərli
Kafedra müdiri: prof.S.M.Səbzəliyev
B A K I - 2017
MÜNDƏRİCAT
səh
GİRİŞ
|
........................................................................................................
|
3
|
I FƏSİL
|
MALİYYƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİNİN İNFORMA-SİYA BAZASI SAYILAN “MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQİNDA” HESABATIN FORMALAŞMASI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ......................
|
9
|
1.1.
|
Bazar şəraitində təsərrüfat subyektlərinin idarə edilməsi siste-mində maliyyə hesabatının rolu....................................................
|
9
|
1.2.
|
Maliyyə hesabatının tərkibi və onun formalaşdırılmasının meto-diki problemləri..............................................................................
|
20
|
1.3.
|
Maliyyə hesabatının tərkibi və maliyyə hesabatı sistemlərinin təsnifatı..........................................................................................
|
41
|
II FƏSİL:
|
MALİYYƏ NƏTİCƏLƏRİNİN FORMALAŞMASININ UÇOTU VƏ TƏHLİLİ, ONLARIN TƏKMİLLƏŞDİRİL-MƏSİ İSTİQAMƏTLƏRİ..........................................................
|
57
|
2.1.
|
Müasir dövrdə mənfəətin uçotu və maliyyə hesabatının təşkili problemləri.....................................................................................
|
57
|
2.2.
|
Milli mühasibat uçotu standartlarının tətbiqi şəraitində mənfəətin təhlili metodikası............................................................................
|
75
|
2.3.
|
«Məsrəf-satışın həcmi-mənfəət» göstəriciləri arasındakı funksio-nal əlaqənin təhlili..........................................................................
|
80
|
|
NƏTİCƏ........................................................................................
|
92
|
|
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI..................
|
97
|
G İ R İ Ş
Mövzunun aktuallığı. Bazar şəraitində təsərrüfat subyektlərinin fəaliyyət mexanizminin şərtləri dəyişir və ona yeni aspektlər əlavə olunur. Müasir dövrdə idarəetmə və maliyyə menecmenti sisteminin kökündən dəyişməsi, maliyyə resurslarının formalaşdırılması, yerləşdirilməsi və istifadəsi prosesində yaranan pul münasibətlərinin yeni iqtisadi məzmun daşıması «təsərrüfat subyektlərinin maliyyə nəticələri» anlayışına sistemli və kompleks yanaşmağı tələb edir. Məhz buna görə də müasir dövrdə müəssisənin maliyyə nəticələri maliyyə resurslarının, məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin, satışla əlaqədar olmayan gəlir və ikilərin formalaşdırılması, yerləşdirilməsi və istifadəsi kimi xarakterizə olunur. Məsələyə bu aspektdən yanaşdıqda müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin kompleks proses olduğu və mənfəətdən istifadənin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının müəyyən edilməsinə əlverişli şərait yaratdığı bilavasitə aydın görünür. Məhz buna görə də müasir dövrdə müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat subyektlərinin maliyyə sabitliyinin möhkəmləndirilməsi və rentabelliyin yüksəldilməsi yollarının axtarılması probleminin həlli aktual bir vəzifə kimi qarşıda durur. Xüsusi vurğulamaq yerinə düşər ki, iqtisadi münasibətlərin tənzimlənməsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, müəssisələrin fəaliyyət sferasının genişləndirilməsi və onların xarici ticarət əlaqələrinin sərbəst subyektinə çevrilməsi mühasibat uçotu, hesabat və kompleks maliyyə təhlili sisteminin yenidən qurulmasının vacibliyini və əhəmiyyətini xeyli artırır. Bu isə, öz növbəsində, beynəlxalq təcrübədən istifadə etməklə müəssisənin istehsal və kommersiya fəaliyyətinin uçotu və kompleks təhlilinin mərkəzi bloku sayılan təsərrüfat subyektlərinin maliyyə nəticələrinin uçotu, təhlili və qiymətləndirilməsi metodikasının təkmilləşdirilməsini və ona yeni istiqamətlərin əlavə olunmasını bir daha tələb edir.
Müasir dövrdə müəssisənin maliyyə nəticələrinin uçotu, kompleks təhlili və qiymətləndirilməsi metodikası maliyyə uçotu və təhlilinin ayrılmaz bir hissəsi sayılır. Nəzəriyyə və praktikadan məlumdur ki, müəssisənin maliyyə nəticələrinin kompleks təhlili və qiymətləndirilməsi metodikası maliyyə uçotu və hesabatının məlumatlarına, onun istehsal, kommersiya və investisiya fəaliyyətinin nəticələrinin real qiymətləndirilməsini təmin edən və düzgün idarəetmə qərarlarının qəbul edilməsinə imkan verən iqtisadi parametrlər sisteminə əsaslanır. Lakin, mühasibat uçotu, maliyyə və statistik hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması, onlardakı çoxlu sayda göstəricilərin ixtisar edilməsi ənənəvi qaydalardan fərqli olan və bazar iqtisadiyyatının tələblərinə adekvat cavab verən maliyyə uçotu və təhlilinin yeni metodikasının işlənib hazırlanması, onun təşkilinin konseptual, metodoloji və praktiki əsaslarının müəyyənləşdirilməsi obyektiv zərurətə çevrilir. Aydındır ki, müasir bazar şəraitində belə bir metodikanın işlənib hazırlanması maliyyə menecmentində strateji və taktiki problemlərin həll edilməsi, bazarın tələbatına və özünün istehsal potensialına uyğun məhsul (iş və xidmətlər) istehsalı və satışı prosesində işgüzar tərəfdaşın düzgün seçilməsi, mühasibat balansının likvidliyinin müəyyən olunması və təsərrüfat subyektlərinin maliyyə sabitliyinin qiymətləndirilməsində müstəsna əhəmiyyət daşıyır.
Məlumdur ki, təsərrüfat subyektlərinin istehsal, kommersiya və maliyyə fəaliyyətinin nəticələri müəssisənin maliyyə vəziyyətinə bilavasitə təsir göstərir. Belə ki, həmin fəaliyyətin müsbət nəticələri müəssisənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırır. Əgər bu proses əks istiqamətdə baş verərsə, onda müəssisənin istehsal prosesində boş dayanmalar baş verir, məhsulun (iş və xidmətlərin) keyfiyyətinin aşağı düşməsinə şərait yaranır və son nəticədə təsərrüfat subyektlərinin hesabına daxil olan pul gəlirlərinin həcmi azalır və onun ödəmə qabiliyyəti pisləşir. Təcrübədə bəzən yaxşı işləyən müəssisələrin maliyyə çətinlikləri ilə qarşılaşması halları müşahidə olunur. Məhz buna görə də müasir dövrdə təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin müəssisənin maliyyə resurslarının sistematik daxil olması və səmərəli istifadəsinin təmin edilməsinə yönəldilməsi tamamilə qanunauyğun və məntiqi görünür. Deməli, bazar şəraitində müəssisənin maliyyə nəticələri yalnız iqtisadi amillərin məcmusu deyil, həmçinin onun maliyyə münasibətlərinin bütün elementlərinin qarşılıqlı təsirinin nəticəsi kimi çıxış edir.
Göründüyü kimi, təsərrüfat subyektlərinin maliyyə nəticələri və onun mənfəətinin formalaşdırılması maliyyə fəaliyyətinin mühüm xarakteristikası hesab olunur. O müəssisənin rəqabətədavamlılığını və işgüzar əməkdaşlıqda onun potensialını müəyyən edir, maliyyə münasibətlərinin bütün iştirakçılarının iqtisadi maraqlarının səmərəli realizə olunmasına bilavasitə şərait yaradır. Deyilənlərdən bir daha aydın olur ki, biznesin vəziyyətinin və iqtisadiyyatın sistemli təhlili nəzəriyyəsi «maliyyə nəticələri və mənfəət» anlayışını yalnız müəssisənin maliyyəsinin keyfiyyət xarakteristikası kimi deyil, eləcə də həmin vəziyyətin kəmiyyətcə qiymətləndirilməsini nəzərdə tutur. Bu prinsipial nəticə müəssisənin maliyyə nəticələrinin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılmış metodikasının ümumi prinsiplərini, onun metodoloji və konseptual əsaslarını formalaşdırmağa imkan verir.
Problemin öyrənilmə səviyyəsi: Qeyd etmək lazımdır ki, maliyyə uçotu və təhlili, eləcə də onun tərkib hissəsi hesab olunan mənfəətin uçotu və təhlilinin metodiki və praktiki problemləri Q.Ə.Abbasovun, R.B.Əliyevin, V.Q.Artemenkonun, M.İ.Bakanovun, İ.T.Balabanovun, H.A.Cəfərlinin, O.V.Yefimovanın, R.N.Kazımovun, V.V.Kovolyovun, V.M.Quliyevin, N.A.Rusakın, Y.V.Neqaşevin, H.İ.Namazəliyevin, İ.M.Mahmudovun, N.M.İsmayılovun, Q.V.Saviskayanın, R.S.Sayfulinin, S.M.Səbzəliyevin, A.D.Şeremetin və başqalarının əsərlərində öz əksini tapmışdır. Xüsusi vurğulamaq yerinə düşər ki, iqtisadi ədəbiyyatlarda və elmi-tədqiqat işlərində yuxarıda sadalanan müəlliflər tərəfindən geniş şərh olunan və praktiki aprobasiyadan keçən (ölkə və xarici təcrübə) müəssisənin maliyyə nəticələrinin uçotu və təhlili metodikasını fəaliyyətdə olan müəssisələrin iş təcrübəsində mexaniki surətdə tətbiqi nəzəri və metodoloji cəhətdən yanlış sayılmaqla, praktiki baxımdan effektli olmur. Çünki, müxtəlif mülkiyyət münasibətlərinə mənsub milli müəssisələrin spesifik xüsusiyyətləri nəzərə alınmadıqda həmin metodikanın səmərəsi xeyli azalır, bu və ya digər maliyyə əmsalının mümkün hədd səviyyəsi «işləmir». Ona görə də dövlət və qeyri-dövlət müəssisələrinin fəaliyyəti ilə bilavasitə bağlı olan və onların spesifikasını nəzərə alan metodikanın işlənməsi və istifadə olunması müasir dövrdə məqsədəuyğun sayıla bilər. Bundan başqa, dövlət və qeyri-dövlət müəssisələrinin istehsal və kommersiya fəaliyyətinin maliyyə uçotu və təhlilinin konseptual, metodoloji, metodiki və praktiki əsaslarının sistemli tədqiqinin kifayətedici səviyyədə olmaması və hesabatın təhlili prosesində yaranan çətinliklər həmin problemin həllinin zəruriliyini daha da artırır. Bütün bunlar magistr dissertasiya işi üzrə mövzunun seçilməsi və tədqiqat dairəsinin müəyyənləşdirilməsində əsas amil olmuşdur.
Tədqiqatın məqsədi və vəzifələri. Aparılan tədqiqat işində əsas məqsəd müəssisənin maliyyə nəticələrinin uçotu, təhlili və qiymətləndirilməsi metodikasını yeni aspektdə işləyib hazırlamaqdan və beynəlxalq təcrübə baxımından onun təkmilləşdirilməsinə dair nəzəri və praktiki əhəmiyyətə malik, elmi cəhətdən əsaslandırılmış təkliflər paketini işləyib hazırlanmaqdan ibarətdir. Məhz buna görə də magistr dissertasiya işində tədqiqatın məqsədinə müvafiq olaraq aşağıdakı vəzifələr kompleksinin həlli nəzərdə tutulmuşdur:
- təsərrüfat subyektlərinin idarə edilməsi sistemində əsas informasiya mənbəyi sayılan maliyyə hesabatının yeri və rolunun qiymətləndirilməsi;
- uçot və hesabatın beynəlxalq və milli standartlarının tələbləri nəzərə alınmaqla «Mənfəət və zərərlər haqqında» hesabatının təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təkliflər paketinin işlənib hazırlanması;
- beynəlxalq və milli təcrübə nəzərə alınmaqla müəssisənin maliyyə nəticələrinin uçotu və təhlili metodikasının metodoloji və praktiki əsaslarının işlənib hazırlanması;
- müəssisənin fəaliyyətinin son nəticəsi sayılan mənfəətin təhlili üçün zəruri olan göstəricilər sisteminin işlənib hazırlanması və onların müxtəlif əlamətlər üzrə təsnifləşdirilməsi;
- müəssisənin istehsal və kommersiya fəaliyyətinin son nəticəsi sayılan mənfəətin beynəlxalq təcrübəyə uyğun təhlili metodikasının işlənib hazırlanması;
Tədqiqatın predmeti və obyekti. Yerinə yetirilən magistr dissertasiya işinin predmeti müəssisənin fəaliyyətinin son maliyyə nəticəsi sayılan mənfəətin uçotu və təhlili metodikasının yeni aspektdə işlənib hazırlanması və beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi hesab olunur. Bazar şəraitində müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin nəzəriyyəsi, metodologiyası, ölkə və xarici təcrübəsi tədqiqatın obyektini təşkil edir.
Tədqiqatın metodologiyası və metodikası. Tədqiqatın nəzəri və metodolji əsasını Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Mülki və Vergi Məcəlləsi, «Mühasibat uçotu haqqında» Qanun, Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin normativ-hüquqi sənədləri, Azərbaycan, xarici və post-sovet məkanı ölkələrinin görkəmli iqtisadçı alimlərinin müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinə dair elmi-tədqiqat işləri təşkil edir. Magistr dissertasiya işində obyektiv gerçəkliyin dərk olunma metodundan, iqtisadi təhlilin qruplaşdırma, müşahidə, müqayisə, ümumiləşdirmə və digər üsullarından geniş istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla maliyyə uçotu və təhlilinin təşkili metodologiyası, mövcud təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və müqayisəsi əsasında mənfəətin formalaşması, uçotu və təhlili metodikasının təkmilləşdirilməsi üzrə təkliflər paketinin işlənib hazırlanması ilə xarakterizə olunur. Aparılan tədqiqat nəticəsində elmi yeniliyə malik bir sıra nəzəri və praktiki nəticələr əldə edilmişdir:
- mənfəətin formalaşması, təhlili və qiymətləndirilməsi prosesində əsas informasiya mənbələrindən biri hesab edilən maliyyə hesabatının strukturu və məzmunu sistemli və kompleks şəkildə tədqiq edilir;
- mənfəətin formaaşması, uçotu və təhlili metodikasının beynəlxalq və milli standartların tələblərinə uyğunlaşdırılmasına imkan verən dəyişikliklərin edilməsi üzrə təkliflər irəli sürülür;
- maliyyə hesabatının formalaşmasına və inkişafına təsir edən amillər əsaslandırılır;
- maliyyə hesabatının beynəlxalq təsnifatı sistemində ölkə hesabat sisteminin yeri müəyyənləşdirilir;
- mənfəətin formalaşmasının beynəlxalq və milli təcrübə nəzərə alınmaqla uçotu və sistemli təhlili metodikası işlənib hazırlanır;
- beynəlxalq təcrübə nəzərə alınmaqla müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin təkmilləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış və praktiki əhəmiyyətə malik təkliflər paketi işlənib hazırlanır.
İşin praktiki əhəmiyyəti. Magistr dissaertasiya işinin nəticələrinin təcrübədə reallaşdırılması müəssisənin maliyyə nəticələrinin uçotu və kompleks təhlili metodikasının nəzəri və metodoloji səviyyəsinin artırılmasına imkan verə bilər. Yerinə yetirilmiş dissertasiya işi təşkilati-metodiki əsas kimi müxtəlif mülkiyyət münasibətlərinə mənsub müəssisələrin maliyyə nəticələrinin uçotu və təhlilində tətbiq oluna bilər. Belə təhlil dövlət və qeyri-dövlət müəssisələrinin maliyyə nəticələrini daha real qiymətləndirməyə, uçot sferasında mövcud olan çatışmazlıqları aradan qaldırmağa, qəbul edilən maliyyə qərarlarının əsaslandırılması səviyyəsini yüksəltməyə əlverişli şərait yaradır.
İşin quruluşu və həcmi. Magistr dissertasiya işi giriş, iki fəsil, nəticədən və işin sonunda verilən istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
I FƏSİL. MALİYYƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİNİN İNFORMASİYA BAZASI SAYILAN “MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQİNDA” HESABATIN FORMALAŞMASI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
1.1. Bazar şəraitində təsərrüfat subyektlərinin idarə edilməsi sistemində maliyyə hesabatının rolu
Müasir bazar şəraitində təsərrüfat subyektlərinin idarə edilməsinin mühüm elmentlərindən biri sayılan maliyyə hesabatı müəssisə ilə cəmiyyət arasında əlaqələndirici informasiya həlqəsi funksiyasında çıxış edir. İdarəetmə tsiklinin bütün mərhələlərinin həyata keçirilməsində başlıca rol oynayan maliyyə hesabatı informasiyası və onun menecmentlə bilavasitə bağlı olan hissəsi idarəetmə qərarlarının hazırlanması və qəbul edilməsi üçün ilkin material və baza hesab olunur. Xüsusi vurğulamaq yerinə düşər ki, idarəetmə qərarlarının işlənib hazırlanması üçün zəruri olan iqtisadi informasiya öz tərkibinə və həcminə görə çoxşaxəli olmaqla müəssisənin maliyyə nəticələrinin təhlili və qiymətləndirilməsi prosesində istifadə olunan məlumatların bütün spektrini əhatə edir. Təcrübədən məlumdur ki, əsaslandırılmış idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas informasiya mənbəyi hesab edilən mvaliyyə hesabatında əmlakın, fondların, dövriyyə aktivlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital qoyuluşlarının, sair aktiv və passivlərin hərəkəti, maliyyə vəziyyəti və təsərrüfat subyektlərinin istehsal və kommersiya fəaliyyətinin nəticələri artan yekunla əks etdirilir və sözügedən elementlər hər bir pozisiya üzrə maliyyə (mühasibat) uçotunun məlumatları əsasında formalaşır. Məsələyə bu prizmadan yanaşdıqda maliyyə hesabatının müəssisədə mühasibat uçotunun son məhsulu və yekun mərhələsi olduğu tamamilə aydın görünür. Zənnimizcə, yekun informasiya sintez olunmuş iqtisadi parametrlər formasında müvafiq hesabat formalarında əks etdirildikdə mühasibat uçotu ilə maliyyə hesabatı arasında üzvi əlaqə yaranır.
Beynəlxalq təcrübədə maliyyə hesabatı maliyyə (mühasibat) uçotunun məlumatları əsasında formalaşan mühasibat hesabatlarının məcmusu kimi xarakterizə edilir. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununda «müəssisələrin maliyyə hesabatları mühasibat balansı və ona əlavə edilən «Mənfəət və zərərlər haqqında», «Kapitalda dəyişikliklər haqqında» və «Pul vəsaitlərinin hərəkəti haqqında» hesabatların cəmi» şəklində traktovka olunur. Müəssisənin maliyyə hesabatlarının hüquqi və fiziki şəxslər, habelə bütün marağı olan istifadəçilər, iştirakçılar və başqa orqanlar üçün açıq nəşr edilə bilməsi faktı «Mühasibat uçotu haqqında» Qanunda xüsusi vurğulanır. Beynəlxalq uçot standartları üzrə komitənin (IASC-International Accounting Standards Committee) konsepsiyasına uyğun olaraq müasir bazar şəraitində maliyyə hesabatının məqsədi xarici və daxili istifadəçilər bloku üçün təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyəti, onlardakı dəyişikliklər haqqında dürüst və aydın formada informasiyanın təqdim edilməsi prosesi kimi şərh olunur. Zənnimizcə, nəzəriyyə və praktikada maliyyə hesabatının mahiyyəti, məqsədi, onun tərtib edilməsi və yerinə yetirdiyi funksiyalar haqqında müxtəlif konsepsiyaların mövcudluğu sözügedən problem haqqında vahid fikrin formalaşmasına mane olur. İqtisadi ədəbiyyatlarda aparılan disskusiyalar, eləcə də maliyyə hesabatının formatını və tərkibini nizamlayan vahid beynəlxalq standartın olmaması bunu bir daha təsdiq edir. Maliyyə hesabatının tərtib edilməsi və nəşr olunması konsepsiyası bu gün də beynəlxalq uçot və hesabat sisteminin başlıca problemi olaraq qalır. Qeyd etmək yerinə düşər ki, hələ 1973-cü ildə maliyyə hesabatının mahiyyətini, məqsədini və onun yerinə yetirdiyi funksiyaları öyrənən bir qrup iqtisadçı «Maliyyə hesabatının məqsədi» əsərində iki mühüm funksiyanı xüsusi vurğulayır: «1) pul axınlarının hərəkətinin proqnozlaşdırılması, müqayisəli təhlili və qiymətləndirilməsi zamanı investor və kreditorların yararlı informasiyalarla təmin edilməsi; 2) müəssisənin istehsal və kommersiya fəaliyyətinin gəlirliliyinin proqnozlaşdırılması, müqayisəli təhlili və qiymətləndirilməsi məqsədilə marağı olan istifadəçilərə zəruri informasiyaların verilməsi».
Aydındır ki, iqtisad elmləri inkişaf etdikcə müəssisənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin marağı olan müxtəlif istifadəçilər bloku (səhmdarlar, kreditorlar, sahibkarlar, mülkiyyətçilər, dövlət orqanları) üçün müəyyən edilmiş formalarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmusu kimi xarakterizə olunan maliyyə hesabatı anlayışı da deformasiyaya uğrayır. Bir faktı qeyd etmək yerinə düşər ki, XIX əsrin sonu XX əsrin əvvəllərində İ.Şer, P.Qerstner, F.Lyaytner, A.Roşaxovski tərəfindən inkişaf etdirilən və uçotda orjinal istiqamət sayılan balansşünaslıq konsepsiyası nəzəri və metodoloji cəhətdən dəyişikliyə məruz qalır. A.Roşaxovski «lazımi anda faydalı informasiya vermək və istehsalın səmərəlilik səviyyəsi haqqında obyektiv təsəvvür yaratmaq qabiliyyətinə malik olan balansı» müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən əsas mühasibat hesabatı forması kimi şərh edir. Sonrakı dövrlərdə bu tezisə əsaslanan N.Blatov, A.Usaçev, A.Rudanovski, P.Xudyakov və digər iqtisadçı alimlərin əsərlərində təsərrüfat subyektlərinin hesabatı onun əmlak və maliyyə vəziyyəti haqqında başlıca informasiya mənbəyi kimi nəzərdən keçirilir, balansın əsas iqtisadi göstəriciləri və maddələri arasındakı qarşılıqlı əlaqə və asılılıqların xarakteri müəssisənin maliyyə vəziyyətinin təhlili və qiymətləndirilməsi prizmasından izah olunur. Buradan belə bir nəticə çıxarmaq olar ki, maliyyə menecmentinin və müəssisənin idarə edilməsi sisteminin əsas elementi sayılan maliyyə hesabatı ilk dəfə post-sovet alimlərinin əsərlərində öz tənqidi qiymətini almışdır. Lakin, bütün bunlara baxmayaraq xüsusi vurğulamaq yerinə düşər ki, müasir uçot və hesabat nəzəriyyəsində müxtəlif istifadəçilər blokunun işgüzar qərarlar qəbul etməsi üçün onların müəssisənin əmlak vəziyyəti haqqında daha dolğun və lazımi informasiya ilə təmin olunması və mühasibat uçotunun harmonizasiyası meyli nəzərə alınmaqla maliyyə hesabatının optimal strukturu və tərkibinin müəyyən edilməsi problemi hələ də həll edilməmiş qalır.
Məlumdur ki, müasir bazar şəraitində ayrı-ayrı istifadəçilər qrupu maliyyə hesabatı informasiyasını öz maraqları baxımından təhlil edir və qiymətləndirir. Məsələyə bu prizmadan yanaşan iqtisadçılar elmi-tədqiqat işlərində maliyyə hesabatı informasiyasının istifadəçilər blokunu müxtəlif əlamətlər üzrə təsnifləşdirir və bunun praktikada böyük effekt verdiyi xüsusi vurğulanır. V.V.Kovalyevun əsərlərində müxtəlif istifadəçilər bloku üç qrupa bölünür: «1) konkret müəssisəyə münasibətdə kənar istifadəçilər bloku; 2) müəssisənin idarə heyəti; 3) mühasiblər». V.V.Kovolyovun fikrincə, mühasibat informasiyası istifadəçilərinin müxtəlif qruplarının maraqlarının qarşılıqlı əlaqəsi aşağıdakı şəkil vasitəsilə daha prinsipial formada açıla bilər.
Şəkil 1.1 Mühasibat informasiyası istifadəçilərinin müxtəlif qruplarının maraqlarının qarşılıqlı əlaqəsi
Şəkildən göründüyü kimi, yalnız bir oblastı mühasibat informasiyasının bütün istifadəçilər qrupunun ümumi maraqlarının məcmusunu əks etdirir. Bununla əlaqədar olaraq V.V.Kovolyov maliyyə hesabatının məqsədini müxtəlif istifadəçilər blokunun maraqlarının maksimum uzlaşdırılması kimi formalaşdırır. A.S.Bakayev, T.B.Krılova, V.D.Novodvorski, A.N.Xorin, S.M.Səbzəliyev və A.D.Şeremet kimi iqtisadçı alimlər maliyyə hesabatı informasiyası istifadəçilərinin müxtəlif qruplarının təsnifləşdirilməsinin başqa variantını təklif edir. Zənnimizcə, iqtisadi ədəbiyyatlarda verilən həmin təsnifat maliyyə hesabatı informasiyasının istifadəçiləri və onların maraqları haqqında daha dolğun təsəvvür yaradır. Sözügedən müəlliflər tərəfindən verilən təsnifatda mühasibat informasiyası istifadəçiləri daxili və xarici olmaqla iki qrupa bölünür. Xüsusi vurğulamaq yerinə düşər ki, maliyyə hesabatı informasiyası istifadəçilərinin bu təsnifatı xarici təcrübə üçün nümunəvi hesab olunur. Bu zaman müəssisənin rəhbərliyi, mühasiblər, menecerlər, iqtisadçılar və s. daxili istifadəçilər blokunda birləşdirilir. Rəhbərliyin təsərrüfat subyektlərinin maliyyə vəziyyətinə, onun istehsal və kommersiya fəaliyyətinin gəlirliliyinə və inkişaf perspektivinə marağı müəssisənin bütün fəaliyyət sferasını əhatə edir. Daxili istifadəçilər qrupu müəssisədə mürəkkəb maliyyə situasiyalarının idarə olunması, qiymətləndirilməsi və ona sistemli nəzarəti təmin etmək məqsədilə bütün mümkün vasitə və metodlardan istifadəni məqbul sayır. Müəssisənin idarə heyəti tərəfindən həyata keçirilən maliyyə təhlilinin informasiya bazası geniş məlumatlar spektrindən ibarət olmaqla təsərrüfat subyektlərinin daxilində sirkulyasiya edən bütün informasiyanı öz tərkibində birləşdirir. Bu zaman, investorlar və kreditorlar üçün investisiya cəlbediciliyini təmin edən informasiyanın əldə olunması müəssisə rəhbərliyinin prioritet vəzifəsinə çevrilir.
Zənnimizcə, maliyyə hesabatı informasiyasının xarici istifadəçilərini də iki qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər: 1) müəssisənin istehsal və kommersiya fəaliyyətinin nəticələrinə birbaşa marağı olan istifadəçilər bloku; 2) təsərrüfat subyektlərinin fəaliyyətində dolayı marağı olan istifadəçilər qrupu; Adətən, birinci qrupa müəssisə əmlakının mülkiyyətçiləri, səhmdarlar, kreditorlar, investorlar, vergi orqanları, işgüzar tərəfdaşlar və təsərrüfat subyektlərinin istehsal heyəti daxil edilir. Bunun əksinə olaraq ikinci qrupda təsərrüfat subyektlərinin istehsal və kommersiya fəaliyyətində dolayı marağı olan, lakin müqavilə əsasında birinci qrup istifadəçilərin maraqlarını qoruyan subyektlər (auditor firmaları, fond birjaları, dövlət orqanları, informasiya agentlikləri, mətbuat nümayəndələri, həmkarlar ittifaqları) birləşdirilir. Aydındır ki, mühasibat informasiyası istifadəçilərinin çoxspektrliliyi maliyyə hesabatı informasiyasına olan tələblərin məzmununu dəyişir. Zənnimizcə, təhlil zamanı maliyyə hesabatı informasiyası istifadəçilərinin özlərinin konkret maraqlarına cavab verən müxtəlif məqsədlər güdməsi bu tezisin doğruluğunu bir daha sübut edir. Məsələn, səhmdarlar müəssisənin istehsal və kommersiya fəaliyyətinin gəlirliliyini qiymətləndirmək və ümumi əmlakın tərkibində xüsusi kapitalın çəkisinin dəyişməsi haqqında informasiya əldə etmək məqsədilə maliyyə hesabatının təhlilini həyata keçirir. Səhm sahibləri potensial gəlir kimi səhmin bazar dəyərinin artması hesabına dividend formasında mənfəət əldə etmək imkanlarını araşdırır. Kreditorlar və investorlar müəssisənin ödəmə qabiliyyətini, maliyyə sabitliyini, kreditqaytarma bacarığını və işgüzar tərəfdaşlıqda onun etibarlılığını qiymətləndirmək və kreditlərin verilməsi şərtlərini müəyyən etmək üçün maliyyə hesabatı informasiyasından istifadə edir. Müəssisənin istehsal və kommersiya fəaliyyətinin gəlirliliyi kreditorlar və investorlar üçün təminat olduğundan onun sistemli və kompleks təhlilinə xüsusi fikir verilir. Xüsusi vurğulamaq yerinə düşər ki, maliyyə hesabatı informasiyasının qiymətləndirilməsi prosesində kreditorların və investorların tətbiq etdikləri iqtisadi parametrlərin reallığı kreditin müddəti, təminatı, məqsədi və istifadə istiqaməti kimi faktorlardan bilavasitə asılı olur. Qısamüddətli kreditlərin verilməsi zamanı kreditorları müəssisə aktivlərinin likvidliyi, onların dövranı və dövriyyəsi ilə xarakterizə olunan cari maliyyə vəziyyəti maraqlandırır. Uzunmüddətli kreditləşdirmə zamanı risk amili və inflyasiya təhlükəsi mövcud olduğuna görə daha ətraflı informasiyaya ehtiyac yaranır və təhlilin nəticələrindən istifadə etməklə idarəetmə qərarlarının əsaslandırılması obyektiv zərurətə çevrilir. Bu zaman pul vəsaitlərinin axını, proqnozlaşdırılması, müəssisənin fondları və kapitalın strukturu sistemli və kompleks şəkildə nəzərdən keçirilir. Deyilənlərin əksinə olaraq investorlar məsələyə başqa prizmadan yanaşır və öz vəsaitlərinin konkret müəssisəyə yönəldilməsinin əlverişliliyi və etibarlılığının qiymətləndirilməsi baxımından maliyyə hesabatını nəzərdən keçirir. Qeyd olunan istiqamətdə aparılan təhlil prosesində müəssisənin fəaliyyəti haqqında geniş maliyyə informasiyaları, yəni müəssisənin rentabelliyi, kapitalın strukturu, maliyyə sabitliyi, dividend və vergi siyasəti investorların maraq dairəsinə düşür. Vergi orqanları isə hesablanmış və ödənilmiş vergilər və onların məbləği haqqında məlumatlara kompleks nəzarəti həyata keçirir. Müəssisənin maliyyə hesabatının təhlili zamanı fəhlə və qulluqçuları əmək haqqının səviyyəsi, sosial müdafiə məsələləri və iş şəraiti maraqlandırır. Məhz buna görə də fəhlə və qulluqçular müəssisənin maliyyə sabitliyini, onun istehsal və kommersiya fəaliyyətinin gəlirliliyini sosial məsələlər fonunda təhlil edir və qiymətləndirir. Biznes üzrə potensial tərəfdaşlar, müəssisə ilə işgüzar əlaqədə olan firmalar qiymətin dinamikasını proqnozlaşdırmaq, əməkdaşlığın yeni formalarını və imkanlarını axtarmaq məqsədi ilə müəssisənin maliyyə vəziyyətini qiymətləndirir, onun hesabatını dərindən öyrənir. Fond birjaları müəssisənin birjada qeydə alınması, onun fəaliyyətinin dayandırılması, mühasibat uçotunun təşkili və hesabatın tərtibi metodlarının dəyişdirilməsi haqqında qərarların qəbul edilməsi üçün maliyyə hesabatı informasiyasından istifadə edir. Məsləhətçi firmalar isə, bunun əksinə olaraq müqavilə əsasında maliyyə hesabatı informasiyasından istifadə etməklə kapitalın formalaşdırılması, strukturu və yerləşdirilməsi haqqında öz müştərilərinə praktiki əhəmiyyətə malik və məsləhət xarakteri daşıyan təkliflər paketi işləyib hazırlayır. Auditor təşkilatları əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərinin təqdim etdiyi mühasibat və maliyyə hesabatlarının tərtibinin doğruluğu və düzgünlüyü haqqında rəy verir və müəssisədə uçotun təşkilinin dürüstlüyünü yoxlayır. Auditor rəyi audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verilən qiyməti əks etdirən rəsmi sənəd kimi maliyyə təhlilinin metodlarından istifadə olunmaqla tərtib edilir. Xüsusi vurğulamaq yerinə düşər ki, maliyyə təhlilinin metodlarından istifadə edən auditor müəssisədə mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanları aşkara çıxarmaq imkanına malik olur. Dövlət orqanları qiymətlərin dinamikasına və səhmlərin hərəkətinə nəzarətin təşkili, iqtisadi planlaşdırmanın, auditin və kompleks təhlilin həyata keçirilməsi, mühasibat uçotunun yekun mərhələsi sayılan hesabatın tərtib edilməsi metodlarının təkmilləşdirilməsi məqsədi ilə maliyyə hesabatlarını öyrənir. İnformasiya agentlikləri və mətbuat nümayəndələri dövlət və qeyri-dövlət müəssisələrinin və ayrı-ayrı sahələrin inkişaf meylinin öyrənilməsi, müxtəlif firmaların istehsal və kommersiya fəaliyyətinin nəticələrinin müqayisəli təhlili və qiymətləndirilməsi, mikro səviyyəli göstəricilərin hesablanması üçün maliyyə hesabatı informasiyasından istifadə edir. Həmkarlar ittifaqı əmək haqqının ödənilməsi, əmək müqavilələrinin tələblərinin gözlənilməsi və sosial məsələlərin həlli baxımından mühasibat və maliyyə hesabatlarını öyrənir. Bütövlükdə götürdükdə xarici istifadəçilər bütün hallarda müəssisənin nəşr etdirdiyi maliyyə hesabatına əsaslanır. Bir faktı qeyd etmək yerinə düşər ki, bəzi hallarda həmin məlumatlar müəyyən problemin həlli üçün kifayət etmir və bu zaman əlavə göstəricilərdən istifadə zərurəti yaranır.
Yuxarıda deyilənlərdən göründüyü kimi, maliyyə hesabatı bütün istifadəçilər blokunda müəssisənin əmlak vəziyyəti, onun istehsal və kommersiya fəaliyyətinin nəticələri haqqında tam təsəvvür yaradır. Məhz buna görə də müasir bazar şəraitində maliyyə hesabatı informasiyasının açıqlığına və əldə edilməsinin mümkünlüyünə ciddi fikir verilir. Müəssisənin maliyə (mühasibat) hesabatlarının marağı olan istifadəçilər, iştirakçılar və başqa orqanlar üçün açıq nəşr edilməsi və onların həmin hesabatlarla tanış olmasına əlverişli şəraitin yaradılması faktı «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununda xüsusi vurğulanır. Praktikada, maliyyə hesabatının açıqlığı onun kütləvi informasiya vasitələrində (auditor rəyi əlavə olunmaqla) nəşr edilməsi yolu ilə həyata keçirilir. Bir faktı qeyd etmək yerinə düşər ki, Müstəqil Dövlətlər Birliyi ölkələrindən fərqli olaraq beynəlxalq uçot təcrübəsində maliyyə hesabatının açıqlığı və əlavə informasiya probleminə ciddi fikir verilmir. ABŞ-da əlavə informasiya «Dun and Bradstreet» agentliyi tərəfindən nəşr edilir. İri müəssisələr və transmilli korporasiyalar haqqında müvafiq informasiyalar müxtəlif broker firmaları tərəfindən «Moody’s Investors Service», «Standard and Poor’s Corporations» kimi şirkətlərin çox cildli məlumat kitabçalarında dərc olunur. Maliyyə informasiyaları gündəlik Wall Street Journal qəzetində və digər dövrü mətbuat orqanlarında (Forbes, Barron’s, Fortune, Cammercial and Financial Chronicle) nəşr edilir. Amerika Birləşmiş Ştatlarında əlavə informasiyanın digər mühüm mənbələrindən biri xalq təsərrüfatının 223 sahəsi üzrə çoxlu məlumatlar və nisbi göstəricilər əks etdirilən Robert Morris Associated şirkətinin nəşr etdirdiyi Annual Statement Studies məcmuəsi hesab olunur. Müxtəlif şirkətlər və korporasiyalar haqqında əlavə maliyyə informasiyalarını ABŞ qiymətli kağızlar Komissiyasının və ABŞ Ticarət Nazirliyinin Vergi Bürosunun hesabatlarından da əldə etmək olar. Eyni məzmunlu kitabçalar və jurnallar İngiltərə, Fransa, Belçika, Almaniya və digər ölkələrdə dərc edilir. Məhz buna görə də beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında da maliyyə hesabatı informasiyasının açıqlığı və nəşr edilməsi problemlərinin həllini təmin edən ortimal sistemin yaradılması mühüm bir vəzifə kimi qarşıda durur.
Bir faktı qeyd etmək yerinə düşər ki, hal-hazırda dövlət və qeyri-dövlət müəssisələrində tərtib olunan maliyyə hesabatının mövcud formaları xarici istifadəçilər və onların maraqları baxımından o qədər də informatik sayılmır. Məsələ burasındadır ki, bazar şəraitində maliyyə hesabatı informasiyasından istifadə edənlərin dairəsi planlı iqtisadiyyat dövrünə nisbətən xeyli geniş olduğuna görə onun tərtib edilməsi mexanizmi, mühasibat hesabatı formalarının sayı və yerinə yetirdiyi funksiyalar tamamilə dəyişir. Müasir dövrdə yeni məzmun daşıyan maliyyə hesabatı təsərrüfat subyektlərinin bazarla qarşılıqlı əlaqə vasitəsi kimi çıxış edir. Bazar xarici istifadəçilər blokunun simasında müəssisənin istehsal və kommersiya fəaliyyəti haqqında müvafiq informasiyalara malik olduqda, bu əlaqələrin səmərəliliyi daha da yüksəlir. Aparılan nəzəri təhlil işləri göstərir ki, uzun illər post-sovet məkanı ölkələrində dövlət vergi və statistika xidməti orqanlarının maliyyə hesabatı informasiyasının yeganə istifadəçisi olması və bu ənənənin hələ də saxlanması mühasibat uçotunun təşkili və hesabatın tərtibi proseduralarını beynəlxalq standartların tələblərinə uyğun formalaşdırmağa mane olur. Lakin, beynəlxalq uçot praktikasında maliyyə hesabatlarının tərtib edilməsi qaydalarının və proseduralarının ciddi nizamlanması «maliyyə hesabatının harmonizasiyası» probleminə yeni tələblər baxımından yanaşmağı zəruri edir. Bu nostalji hisslərə qapılan bəzi alimlər tərəfindən ciddi tənqid edilir və əsas arqument kimi müəssisə rəhbərliyinin hesabatın tərtib edilməsi qaydasına və məzmununa təsir etmək imkanının olmaması göstərilir.
Qeyd etmək lazımdır ki, hal-hazırda dövlət və qeyri-dövlət müəssisələrində tərtib olunan maliyyə hesabatı özünün strukturu və daşıdığı informasiyanın dəqiqliyi baxımından beynəlxalq standartların tələblərindən xeyli geri qalır. Bu vəziyyəti A.D.Şeremet daha aydın görür və müəssisənin maliyyə hesabatını uçot proseduralarının yerinə yetirilməsi prosesində hazırlanmış «çiy informasiya» kimi xarakterizə edir. Məhz buna görə də istehsal, satış, maliyyə, investisiya və innovasiya sahəsində idarəetmə qərarlarının qəbul edilməsi prosesində rəhbərlik daim natamam informasiyaların seçilməsi, təhlili və qiymətləndirilməsi dilemması ilə üzləşir. Xüsusi vurğulamaq yerinə düşər ki, müasir dövrdə maliyyə hesabatı informasiyasının şərhi və istifadə edilməsi problemi müəyyən dərəcədə idarəetmə qərarlarını qəbul edən şəxsin öhdəsinə düşür və o, öz maraqlarına uyğun məlumatların seçilməsi, sistemləşdirilməsi və qruplaşdırılması problemini həll edir. Məsələyə bu prizmadan yanaşan məşhur iqtisadçı Paul Qerstner özünün «Balansın təhlili» əsərində «dərc edilmiş balansdan hər kəs bacardığı və istədiyi informasiyanı oxumaq hüququna malik olması» faktını xüsusi vurğulayır. Zənnimizcə, bazar şəraitində maliyyə hesabatı informasiyasının açıqlığı və dolğunluğu problemi onun formalaşması qarşısında qoyulan tələblər və istifadəçilərin maraqları baxımından daha düzgün şərh oluna bilər. Məlumdur ki, idarəetmə fəaliyyətinin informasiya ilə təmin olunması mövqeyindən maliyyə hesabatı bütün istifadəçilər blokunun marağına cavab verən aşağıdakı əsas tələbləri ödəməsi müasir dövrdə onun formalaşmasının zəruri şərti sayılır: 1) investisiya siyasəti sahəsində optimal idarəetmə qərarlarının qəbul olunması üçün informasiyanın mövcudluğu; 2) istehsal resurslarından istifadənin səmərəliliyinin təhlili və qiymətləndirilməsini təmin edən məlumatların hesabatda əks etdirilməsi; 3) mənfəət və rentabelliyin dinamikasını və dəyişmə meylini öyrənməyə imkan verən zəruri informasiyanın hesabatda öz əksini tapması; 4) müəssisənin inkişaf perspektivinin və bazar situasiyalarının qiymətləndirilməsi üçün zəruri informasiyanın mövcudluğu; Göründüyü kimi, bazar şəraitində səmərəli informasiya axınının formalaşdırılması maliyyə hesabatının bir sıra keyfiyyət xarakteristikasına əsaslanır. Belə bir şəraitdə, informasiyanın yararlılıq (faydalılıq) meyarı optimal idarəetmə qərarlarının qəbul edilməsi prosesində ön plana çıxır.
Göründüyü kimi, bazar şəraitində maliyyə hesabatının tərkibi, onun tərtib edilməsi, unifikasiyası və təqdim olunması qaydalarının təkmilləşdirilməsi istifadəçilərin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq yerinə düşər ki, post-sovet məkanı ölkələrində hesabat maddələrinin strukturu, məzmunu və qiymətləndirilməsi üsullarına dair elmi-tədqiqat işləri XX əsrin əvvəllərində yerinə yetirilməyə başlanmışdır. A.K.Roşaxovski 1910-cu ildə «Səhmdar müəssisələrin balansları» adlı əsərində mühasibat balansının nümunəvi formasını təklif etmiş, onun əsas maddələrinin xarakteristikasını vermiş, maliyyə hesabatının strukturlaşdırılması və unifikasiyasının zəruriliyi haqqında nəzəri və praktiki əhəmiyyətə malik konkret fikir söyləmişdir. Lakin, müasir dövrdə maliyyə hesabatının tərkibi, formatı, onun tərtib edilməsi və təqdim olunması qaydalarında baş vermiş dəyişikliklər XX əsrin əvvəllərindən başlamış evolyusiya dövründə irəli sürülmüş təkliflərin nəzəri və praktiki əhəmiyyətini xeyli aşağı salır. Zənnimizcə, maliyyə hesabatının strukturu, formatı və məzmunu ilə bağlı problemlər, eləcə də onun sadələşdirilməsi, unifikasiyası, təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması kimi aktual məsələlər ölkə və xarici təcrübə nəzərə alınmaqla mühasibat hesabatının tərtib edilməsinin mövcud nəzəriyyə və praktikasına əsaslandıqda müvəffəqiyyətlə həll oluna bilər. Lakin, sadələşdirmə, təkmilləşdirmə və beynəlxalq standartlara uyğunlaşdırma adı ilə «qeyri-maddi aktivlər», «müəssisənin uçot siyasəti», «qiymətli kağızlar» kimi anlayışların uçot praktikasına daxil edilməsi və onun yenilik kimi qələmə verilməsini mütəxəssislər elə də ciddi qəbul etmir. Nəzəri və praktiki ədəbiyyatların tarixi aspektdə tənqidi təhlili göstərir ki, həmin anlayışlar və hesabat maddələri artıq XX əsrin 30-cu illərində ölkənin uçot təcrübəsində özünəməxsus yer tutmuşdur. Xüsusi vurğulamaq yerinə düşər ki, milli uçot standartlarının hüquqi bazası sayılan «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununda ilk dəfə rəsmi olaraq mühasibat balansı müəyyən tarixə müəssisənin əmlak və maliyyə vəziyyətini əks etdirən göstəricilər sistemi kimi xarakterizə olunur. Zənnimizcə, həmin qanuna əsasən mühasibat hesabatının məzmunu, quruluşu, formatı və onun təqdim edilməsi prosedurası qarşısında qoyulan tələblər Avropa İqtisadi Birliyinin 25.07.1978-ci il tarixli Dördüncü Direktivi ilə təsdiq olunmuş maliyyə hesabatının strukturuna maksimum yaxınlaşdırmağa imkan verə bilər.
Məlumdur ki, istər post-sovet məkanı və istərsə də Qərb ölkələrində əsas maliyyə institutlarının və qanunvericilik sisteminin komponentləri, cəmiyyətdə baş verən iqtisadi, siyasi və tarixi proseslər, eləcə də uçot və hesabatın standartlaşdırılması və peşəkar mühasiblərin statusunun gücləndirilməsi kimi amillər milli uçot sisteminin və maliyyə hesabatının inkişafına təsir göstərən başlıca faktorlar hesab olunur. Fikrimizcə, yuxarıda sadalanan amillər Azərbaycan Respublikasında və xarici ölkələrdə tərtib olunan maliyyə hesabatları arasında fərqlərin olmasını şərtləndirir. Məsələyə bu prizmadan yanaşan bəzi tədqiqatçılar müxtəlif ölkələr arasında differensasiya yaratmaq üçün həmin amilləri, digərləri isə müxtəlif ölkələrin maliyyə hesabatlarında aşkar edilmiş fərqlərin sözügedən faktorlara təsirini öyrənir və qiymətləndirir.
Dostları ilə paylaş: |